Yəhudi diasporasının dünyaya yayılma tarixi
E.ə. XI əsr – 930-cu illərdə mövcud olmuş birləşmiş İsrail və İuda Krallığının bir hissəsi olan İsrail Krallığı (Samaria) Assuriya kralı III Tiglat-Palasarın dövründə işğal edilmişdi. Yəhudilərin yaşadıqları yerlərdən kütləvi şəkildə qovulmasının başlanğıcı da məhz bu dövrə təsadüf edir. E.ə. 733-cü ildə başlayan bu sürgün e.ə. 722-ci ildə II Sargonun dövründə başa çatmış, V Salmanasar isə Samarianı tamamilə yerlə yeksan etmişdi.
E.ə. 930-586-cı illərdə mövcudiyyətini qoruyan İuda krallığından yəhudilərin növbəti köçü Yeni Babilistan kralı II Navuxodonosor dövründə ərazinin babillər tərəfindən işğal edilməsi ilə – e.ə. 597-ci ildə başlamış və e.ə. 586-cı ildə başa çatmışdı. Məhz həmin ildə (e.ə. 586) yəhudilərin Yerusəlimdəki (müsəlmanlar onu Qüds adlandırırlar) müqəddəs məbədi (birinci məbəd) dağıdılmış, əhalisinin böyük əksəriyyəti isə Mesopotamiyaya köç etmək məcburiyyətində qalmışdı.
Yəhudilərin çoxu Yeni Babilistan Krallığı Əhəmənilərin (e.ə. 550-330-cu illərdə mövcud olmuş dövlət) kralı II Kir tərəfindən işğal edildikdən sonra öz torpaqlarına (İudaya) qayıtmış, e.ə. 539-332-ci illərdə əhəmənilərin hakimiyyəti altında yaşamış, e.ə. 516-cı ildə müqəddəs məbədlərini (ikinci məbəd) bərpa etmişdilər. Maraqlıdır ki, digər torpaqlara köç edərək orda varlanmış yəhudilərin çoxu vətənlərinə qayıtmaqdan imtina etmiş və yaşadıqları yerdə diaspora şəklində qalmağı üstün tutmuşdular. Bunun əsas səbəblərindən biri fars idarəçiləri olan Əhəmənilər, Parfiyalılar və Sasanilərin hakimiyyəti altında yəhudilərin özlərini təhlükəsiz hiss etməsi, hətta müəyyən siyasi haqlara (yerli özünüidarəetmə) sahib olmaları idi.
Yəhudilərin qədim tarixçisi Josephusa görə, yunan əsilli Makedoniyalı İsgəndərin tarixçisi, daha sonra makedoniyalılar tərəfindən işğal edilən Misirin fironu təyin olunmuş I Ptolomeyin dövründə yəhudilərin məskunlaşdığı İuda işğal olunmuş (e.ə. 332-ci il), bundan sonra 120 min yəhudi əsir alınaraq Misirə sürgün olunmuşdu. Bir çox tarixçilər isə Ptolomeyin liberal və tolerant siyasətinə görə yəhudilərin bir çoxunun Misirə könüllü şəkildə getdiyini yazır. İuda e.ə. 332-305-ci illərdə Makedoniya İmperiyası, e.ə. 305-198-ci illərdə Ptolomey sülaləsi, e.ə. 198-141-ci illərdə yunanların Anadoluda (Asia Minor) qurduğu Selevkilər dövləti tərəfindən idarə olunmuşdu. Selevkilərin vassalı olan İudada e.ə. 167-160-cı illərdə mərkəzi hakimiyyətə qarşı Makkabin üsyanı baş vermişdi. Üsyanın səbəbi mərkəzi hakimiyyətin yəhudilərin yerli idarəetməsinə qarışmaq cəhdi idi. Üsyan nəticəsində e.ə. 141-eramızın 37-ci illərdə Hasmonea sülaləsinin idarə etdiyi yəhudi dövləti yarı-müstəqilliyini qorumuşdu.
Eramızın 6-cı ilində yəhudilərin yaşadıqları torpaqlar romalılar tərəfindən işğal edilmiş və burada eyniadlı İuda vilayəti formalaşdırılmışdı. Yerli yəhudiləri idarə edən Hasmonea sülaləsi eramızın 63-cü ilində Roma protektoratını qəbul etdikdən sonra yəhudi köçləri təkrar canlanmışdı. 66-cı ildə baş verən ilk yəhudi-Roma müharibəsi 70-ci ildə Yerusəlimin dağıdılması ilə nəticələnmiş və daha öncə bərpa olunan müqəddəs məbəd təkrar məhv edilmişdi. 117-138-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Hadrianın dövründə Yerusəlimin adı Aelia Capitolina olaraq dəyişdirilmiş, daha sonra Roma idarəçiliyinə keçmiş Suriyaya birləşdirilərək Suriya Fələstini (Syria Palaestina) adlandırılmışdı. Yerusəlimin adının romanlılar tərəfindən dəyişdirilməsinə etiraz olaraq yəhudilər 132-ci ildə Bar Koxbanın başcılığı altında üsyan qaldırmış, bu üsyandan sonra onların Yerusəlimə girişi tamamilə qadağan edilmişdi.
Beləliklə, eramızın I əsrində yəhudi diasporası romalıların idarəçiliyinə keçmiş torpaqlarda – Suriya Fələstini, Misir, Krete və Sirenaika (müasir Liviya ərazilərini əhatə edir) və Romanın özündə məskunlaşmışdı. Bringmann (2005: 202) Sezar Avqustun dövründə Romada 8 min yəhudinin yaşadığını və onların şəhərin ümumi əhalisinin 10%-ni təşkil etdiyini bildirir. XIII əsr tarixçisi Bar Hebraeus isə Roma İmperiyasının idarə etdiyi ərazilərdə ümumilikdə 6,9 milyon yəhudinin yaşadığını yazırdı. Lakin bir çox müasir tarixçilər bu rəqəmin doğru olmadığını ifadə edirlər.
VII əsrdə Levant (müasir Fələstin, İsrail, Suriya, İordaniya, Livan və cənub-şərqi Anadolu ərazilərini əhatə edirdi) ərəblər tərəfindən tutulmuş və Suriya Fələstinində Bizans (Şərqi Romalılar) hakimiyyətinə son qoyulmuşdu. Beləliklə, XI-XII əsrlərdəki Xaç Yürüşləri zamanı ara-sıra xristian idarəçiliyi altına düşən Fələstin, əsasən, müsəlman ərəblərin idarəsində qalmış, 1517-ci ildə isə Osmanlı İmperiyasının idarəçiliyinə keçmişdi.
Dünyaya yayılmağa başlayan yəhudi diasporası orta əsrlər dövründə iki hissəyə ayrılmışdı: Şimali və Şərqi Avropaya köç edən yəhudilər Aşkenazi, İspaniya (həmçinin Portuqaliya), Şimali Afrika və Yaxın Şərq ölkələrinə köç edən yəhudilər isə Sefarad (Sephardic) adlandırılmağa başlamışdı. Aşkenazi yəhudiləri ilk olaraq orta əsr Roma işğalları dövründə Almaniya və Fransaya köç etmişdilər. Onlar həm də qədim dövrdə Babilistan, fars dövlətləri (Əhəmənilər, Sasanilər və s.) və Şimali Afrikadan Avropaya köç edən yəhudi nəsillərinin davamçılarıdır. Bəzi aşkenazilər isə İspaniyada XI-XII əsrlərdə İslam dövlətinin qurulması, XIII-XV əsrlərdə isə xristianların ərazini işğal etməsi və ən əsası, XV-XVI əsrlərdə dini görüşlərinə görə İspaniya İnkvizisiya məhkəməsi tərəfindən təqib olunmaları səbəbiylə sürgün olunmuş Sefarad yəhudilərinin davamçılarıdır. XV əsrdə başlayan İspan inkvizisiyalarından öncə burada 300 min yəhudi yaşayırdı. Dinlərini dəyişməyə məcbur edilən yəhudilərin bəziləri buna razı olmuş, razı olmayan 40-100 min arası yəhudi isə İspaniyadan sürgün olunmuşdu. Beləliklə, yəhudilər 1290-cı ildə İngiltərədən, 1492-ci ildə İspaniyadan qovulmuşdular. Sefarad yəhudilərinin əksəriyyəti Şimali Afrika (Mağrip), xristian Avropa ölkələri (Niderland, İngiltərə, Fransa və Polşa), Osmanlı İmperiyası (xüsusilə onun Avropa hissəsi), hətta Latın Amerikası ərazilərinə yayılmışdılar.
İki əsas yəhudi qrupundan başqa Mizrahi yəhudiləri, Yəmən yəhudiləri və Karaim yəhudiləri də var. Mizrahi yəhudiləri- müsəlmanların idarə etdiyi dövlətlərin ərazilərində, xüsusilə, müasir İraq, Suriya, Livan, İran, Əfqanıstan, Buxara, Kürd, Dağlı (Azərbaycan ərazisindəki), Gürcü yəhudilərinə deyilir. Yəmən yəhudiləri – Babillərin dövründən etibarən sürgünə məruz qalaraq Yəmənə köç edən, burada kompakt şəkildə yaşadığı üçün əksər yəhudi icmalarından din, dil və mədəni cəhətdən xeyli fərqlənən Temanim adlı qrupdur. Karaim yəhudilərinin isə müasir yəhudi icması ilə sadəcə dini bağlılığı var. Karaimlər etnik baxımdan yəhudi deyillər, sadəcə dini xüsusiyyətlərini müəyyən fərqlərlə saxlayırlar, yəni iudaizmə inanırlar. Karaimlərin əsas yaşayış arealı Misir, İraq və Krım əraziləridir.
Aşkenazilərin bir çoxu XIX-XX əsrlər ərzində Amerikaya, xüsusilə, ABŞ-a köç edərək burada güclü bir diaspora yaradıblar. İran və Mizrahi yəhudiləri də onlara qatılıblar. Yəhudilərin qeyri-yəhudilərlə qaynayıb-qarışması, ailə həyatı qurması ən çox ABŞ-da müşahidə olunur. Bu səbəblə özünü yəhudi hesab edən, əslində, tam yəhudi olmayan bir nəsil yetişib. Pew Araşdırma Mərkəzinin 2019-cu ilə aid məlumatlarına görə, ABŞ-da 7,5 milyon yəhudi yaşayır[1].
Yəhudilər arasında milli oyanış və Zionizm hərəkatının yaranması da məhz XIX əsrə təsadüf edir. Zionizm hərəkatının mahiyyəti dünyaya yayılan yəhudi diasporasının “aliyah” adlandırdığı İsrail torpaqlarına-Yerusəlimə qayıdışdır. Beləliklə, XIX əsrdə, daha dəqiq desək, 1882-ci ildə diaspora yəhudilərinin Fələstinə immiqrasiyası başlayıb.
1947-ci ildə BMT Fələstinin iki yerə bölünməsi, burada müstəqil ərəb və yəhudi dövlətləri yaradılması, Yerusəlimdə isə beynəlxalq idarəetmənin təşkili haqqında plan hazırlayır. Bu plan yəhudilər tərəfindən qəbul edilsə də, ərəblər ona qəti etiraz edirlər. Nəticədə 14 may 1948-ci ildə BMT-nin planında qeyd edilən ərazidə İsrail dövlətinin yaradıldığı elan edilir. Bununla da günümüzə qədər davam edən İsrail-Ərəb müharibələri başlayır. Bu müharibələr nəticəsində yəhudilər BMT planına əsasən ərəblərin yaşadığı Fələstin dövlətinə veriləcək ərazilərin bir çoxunu tuturlar. 1948-1967-ci illər arasında davam edən müharibələr nəticəsində yəhudilər qədim İuda krallığına aid olduğunu iddia etdikləri torpaqları (İordan çayının qərb sahili) İordaniyadan alaraq İsrailə birləşdirirlər. Hazırda bu ərazi İsrailin administrativ ərazisi olaraq qalır və “Judea (İuda) və Samaria Ərazisi” olaraq adlandırılır. 1967-ci ildəki “6 günlük müharibə” nəticəsində Qərb sahilindən başqa, Qəzza və Qolan təpələri də yəhudi idarəçiliyinə keçir. Lakin fələstinlilər, xüsusilə, digər ərəb və müsəlman ölkələri bununla razılaşmırlar və günümüzə qədər davam edən mübarizələri 2000-ci ildə ilk intifadanın yaradılması ilə mütəşəkkil forma alır. İsrailin qonşu ərəb ölkələri ilə müharibələri nəticə etibarilə 1948-1973-cü illər arasında yəhudilərin Yaxın Şərqdəki Ərəb ölkələrindən qovulmasına səbəb olur. İsrailə qarşı davamlı mübarizə (yəhudilər bunu terror aktları adlandırırlar) yəhudiləri fələstinlilərdən ayıran divarın hörülməsinə və nəhayət, 2005-ci ildə qəbul edilən qanunla Qəzza zolağında məskunlaşmış yəhudilərin ərazini tərk etməsinə, bölgənin idarəsinin Fələstin Milli Təşkilatına təhvil verilməsinə gətirib çıxarır. Fələstin Milli Təşkilatı Fələstinin bütün dünyada azad dövlət olaraq tanıdılmasına çalışsa da, hələlik bu istəyinə nail ola bilməyib.
1948-ci ildə İsrail Dövləti yaradılanda artıq 3 milyon yəhudi vətəninə qayıtmışdı. 2018-ci ilin məlumatlarına görə, dünyada tamamilə yəhudi olan 14,6 milyon, yarıyəhudi olan 17,8 milyon insan var. Bu insanların 51%-i ABŞ-da, 30%-i İsraildə, 2%-i İordan çayının qərb sahilində, qalanı isə digər ölkələrdə (Fransa, Kanada, Rusiya, Birləşmiş Krallıq, Argentina, Almaniya, Avstraliya, Braziliya, Ukrayna, Macarıstan, vs.) yaşayır. 5 iyul 1950-ci ildə qəbul edilən qanuna görə, diasporadakı hər bir yəhudi istədiyi zaman İsrailə qayıtmaq, burada yaşamaq və vətəndaşlıq almaq haqqına sahibdir. Odur ki, İsrail-yəhudi diasporası dünyanın ən qədim və ən çox (2 min il) vətənsiz yaşamağa məhkum olunmuş diasporası olaraq dəyərləndirilə bilər.
Beləliklə, diaspora sözünün başlanğıcda yəhudilərin “müqəddəs torpaq”dan qovulmasını ifadə etdiyi üçün mənfi məna daşıdığını, lakin zamanla həm də öz xoşuyla dünyaya səpələnən insanları ifadə etdiyini və ifadənin bütün dünyada istifadə olunmağa başladığını deyə bilərik.
Yəhudi diasporasının dünya siyasi arenasındakı fəaliyyəti və rolu
Yəhudi diasporasını “ideal tip” olaraq təqdim edənlər, əsasən, onun beş xüsusiyyətini önə çəkirlər: diasporanın formalaşmasına səbəb olan tarixi-faciəvi bir hadisə-mədəni travma; diaspora üzvləri olaraq iki və ya daha çox ölkə ərazisinə səpələnmə; bir ana vətənə bağlılıq hissi; etnik bir millət hissi və güclü təşkilatlanma.
Charles King (2010: 149) diasporaların təşkilati fəaliyyətini, iqtisadi qaynaq-gəlir səviyyələrini və sosial həmrəylik dərəcələrini diaspora siyasətini şəkilləndirən əsas faktorlar kimi dəyərləndirir. Bu faktorların cəmləşdiyi güclü diasporalar həm ana vətəndəki yerli elitlərə, həm də onları qəbul edən dövlətin cari siyasətinə təsir etmək gücünə sahib olub, beynəlxalq siyasətdə daha ciddi rol oynaya bilirlər (Rutland, 2015).
Diaspora siyasəti, adətən, “etnik lobbiçilik”, mühacir, emiqrant, xaricdəki soydaşlarla bağlı müxtəlif panellərdə araşdırılıb-öyrənilir. Məsələn, ABŞ-da kubalı, irland, polyak, erməni, yəhudi diasporaları yerli siyasətdə xüsusilə aktiv iştirak edir, maraq qrupları yaradır, lobbiçilik fəaliyyəti ilə məşğul olur, həmçinin ana vətənləri ilə bağlı nəzəri çərçivələrin dəyişdirilməsində xüsusi rol oynayırlar (Adamson, 2016: 291).
Yəhudi diasporasının əldə etdiyi ən ciddi uğurlardan biri 1917-ci ildə İngiltərənin Balfur Bəyannaməsini qəbul etməsidir. Məhz bu sənəd 1948-ci ildə Fələstin ərazisində yəhudi dövlətinin yaradılmasının əsasını təşkil etmişdi. Bir çoxları məhz buna görə Yaxın Şərq regionunda anti-qərb münasibətinin yaranmasında yəhudi diasporasını günahlandırırlar.
İsrail diasporasının növbəti uğuru Amerika administrasiyasını 1948-ci ildə yenicə qurulmuş, iqtisadi yardıma möhtac olan İsrail dövlətinə yardım etməyə inandırmaq idi. O yəhudilərin bir çoxu daha öncə Fələstini-İsraili heç görməmişdi belə. Onlar öz fəaliyyətlərinin mahiyyətini “mənəvi bağ”la izah edirdilər. Beləliklə, İsrail dövlətinin siyasi orientasiyasının ABŞ-a heç bəlli olmadığı bir vaxtda (belə ki, İsrailin müstəqilliyini de-jure tanıyan ilk dövlət SSRİ idi. ABŞ isə o vaxt artıq SSRİ ilə “soyuq müharibə” aparırdı) Amerikan administrasiyası ABŞ İxrac-İdxal Bankı vasitəsilə İsrailə 100 milyon dollarlıq bir kredit ayırmışdı. Maraqlıdır ki, yenicə qurulan İsrail dövləti ABŞ-ın bu krediti ayırmaq üçün tələb etdiyi bütün kriteriyalara “uyğun gəlirdi”, amma ərəb ölkələri yox. Yəhudilər bu yardımı əldə etməkdən ötrü özlərinin demokratik idarəetmə qurduqlarını, ərəb ölkələrində isə demokratiyanın olmadığını nümunə gətirirdilər. İsrailin ABŞ Konqressini inandırmaq üçün həyata keçirdiyi ictimai diplomatiyanın qələbəsidir ki, mövcudiyyətinin ilk 10 illiyində ABŞ İsrailə külli miqdarda maddi yardım etmişdi (Aridan, 2019: 131-132).
2016-cı ilə aid (qeyri-rəsmi) məlumatlara görə, ABŞ hər il İsrailə 3 milyard dollar yardım edir ki, bu da onun illik xarici yardım büdcəsinin 9%-i deməkdir. 1948-2016-cı illər arasında sözügedən yardımın ümumi miqdarı 250 milyard dollar olub (Smith, 2016: 4).
İsrailin ABŞ və BMT-dəki səfiri olmuş Abba Eban, “lobbi” sözünün tez-tez istifadə edilməsinə qarşı idi, çünki bu ifadə Amerikanın demokratik sisteminin bir parçası olsa da, o qədər də “məşhur” (yaxşı mənada) deyildi. O, ümumiyyətlə, lobbiçilik fəaliyyəti ilə məşğul olanların İsraildən əvvəl özlərinə dəstək göstərmək lazım gəldiyini vurğulamışdı. Yəni İsrailə faydalı olmaq istəyirlərsə, ABŞ-dakı yəhudilərin birinci özlərinə faydalı olmaları, inkişaf etmələri, daha güclü təsir gücünə malik alətlərə sahib olmaları gərəkirdi. Onlar İsrailin “peykləri” deyil, İsrail tərəfindən kifayət qədər məlumatlandırıldıqdan sonra ana vətənin lehinə sərbəst qərar vermək qabiliyyətinə malik olan aktorlar kimi yetişməliydilər. Bu aktorların ABŞ siyasətinə təsirini ən çox tənqid edənlərdən biri Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, Demokrat Partiyasından olan William Fulbright idi ki, o, “İsrail Senatı idarə edir” (1973) ifadəsi ilə tanınır (Aridan, 2019: 134) (Həmin Fulbright 1946-cı ildən etibarən öz adını daşıyan təqaüd proqramının – ABŞ-ın yumşaq güc strategiyasının əsas alətlərindən birinin təşkilatçısı idi. Günümüzədək davam edən bu proqramı başa vuran gənclərin bir çoxu ölkələrinə qayıtdıqdan sonra ABŞ yönümlü çıxışları, ictimai-siyasi fəaliyyətləri ilə məşhurdurlar).
Bütün bunlar ABŞ siyasi sisteminin qarışıq bir mexanizm olduğunu, birmənalı şəkildə İsrail maraqlarına xidmət etmədiyini, İsrail maraqlarını qoruyanların zaman-zaman müxtəlif siyasilər tərəfindən tənqid olunduğunu deməyimizə əsas verir. Məsələn, keçmiş ABŞ prezidenti Jimmy Carterin 2006-cı ildə nəşr olunan “Fələstin sülhü Aparteid deyil” (“Palestine Peace Not Aparteid”) kitabındakı anti-İsrail mövqeyi də bunu sübut edir. Yəhudilər Freeman, Harvard Universitetinin Kennedy Dövlət İdarəetməsi Məktəbinin Professoru Stephen Walt və Çikaqo Universitetinin Siyasi Elmlər Professoru John Mearsheimer kimi siyasi nəzəriyyəçilərin də Fulbrigtın fikirlərini təkrarladıqlarını iddia edirlər[2].
Bu iki professor 2006-cı ildə birlikdə “İsrail lobbisi və ABŞ-ın xarici siyasəti” (“The Israel Lobby and US Foreign Policy”) kitabını ictimaiyyətə təqdim etmişdilər. ABŞ-da anti-İsrail mövqeyinin, xüsusilə, ABŞ maraqlarının İsrail maraqları ilə tutuşmadığı zamanlarda önə çıxdığını görə bilərik. Məsələn, ABŞ, İsraillə Misir arasındakı müharibədə (1973) Sovet təhdidinə və onun regional təsirinin yayılmasına qarşı dura biləcək Misiri itirməmək üçün öz İsrail maraqlarını müəyyən qədər arxa plana atmalı idi. Ki, bu da yəhudilərə xoş deyildi. Bu müharibəni tamamlayan Camp David anlaşmasına (1978) əsasən, İsrail daha öncə (1956-da) işğal etdiyi Süveyş Kanalını Misirə geri qaytarmışdı. Burda təşkil olunan yəhudi yaşayış məskənləri isə dağıdılmışdı (1982). Beləliklə, İsrail maraqlarının qlobal ABŞ maraqları ilə kəsişmədiyi zamanlar istisna olmaq, əsasən paralel getdiyini, bir-birini dəstəklədiyini, bir-birinə xidmət etdiyini və bunun üçün yəhudilərin böyük miqyasda ABŞ (aşağıdan-yuxarıya bütün instansiyalarda) – Amerikan cəmiyyətinə inteqrasiya etdiyini deyə bilərik.
Yəhudi diasporasının maddi gücü onun siyasi gücünü təmin edən əsas vasitələrdən biridir.
Yəhudi diasporasının güclü cəhətlərindən biri də sosial həmrəylikdir. Dünyanın hansı nöqtəsində olmağından asılı olmayaraq, yəhudilər bir-birilərinə qarşı sosial məsuliyyət hiss edirlər. Bütün sosial tədbirlərdə səsləndirdikləri “Kol Yisrael Arevim Zeh Baze” şüarının mahiyyəti məhz budur. Bu mənada filantropiya, mənəvi məsuliyyət (mitsva) artıq onların həyat tərzinə çevrilıb. Məsələn, Yəhudi Agentliyi (Jewish Agency) və Yəhudi Milli Fondu (Jewish National Fund) ana vətənə yardım məqsədilə diaspora yəhudilərinin yaratdığı təşkilatlardandır.
Bəzən dövlətin deyə və edə bilmədiyini diaspora edir, çünki onun heç bir rəsmi-hüquqi öhdəliyi və məsuliyyəti yoxdur. Məsələn, İsrail dövləti Almaniya ilə münasibətlərin inkişafında maraqlıdır. Lakin Holokostu unutmaq və unutdurmaq qətiyyən olmaz. Odur ki, Holokostla, xüsusilə, anti-semitizmlə bağlı təbliğat işləri, əsasən, diasporaya həvalə edilib.
İsrail hökuməti, təbii ki, dünyadakı yəhudi diasporasının gücündən xəbərdardır. Lakin Ben Gurionun 1950-ci ildəki maraqlı bir bəyanatı İsrailin yəhudi diasporasına münasibətini ifadə edir: “İsrailin xaricdəki yəhudi diasporalarına və onların yaşadığı ölkələrin daxili işlərinə təsir etmək niyyəti yoxdur… Bizim nailiyyət və ya məğlubiyyətimiz diaspora ilə əməkdaşlığımızdan, xüsusilə, ABŞ-dakı diasporamızdan asılıdır. Buna görə də Amerikan yəhudilərinin təhlükəsizliyi və sabitliyini pozacaq heç bir söz deyilə, heç bir fəaliyyət həyata keçirilə bilməz”.
Nəticə
Diaspora və siyasət arasındakı münasibət diasporanın həm ana vətənlə, həm də onu qəbul edən ölkə ilə qurduğu münasibətlərin fonunda formalaşır. Beləliklə də diasporanın özü siyasət mövzusu halına gəlir. Bu mənada diasporanın lobbiçilik fəaliyyəti dövlətlərarası münasibətlərin sərhədlərini aşaraq dövlətüstü hal alır. Başqa ifadə ilə, diaspora dünya siyasətindəki qeyri-hökumət, qeyri-dövlət aktoru halına gəlir. Bu güclü aktorun dövlət maraqları çərçivəsində tam məlumatlandırılması, yerləşdikləri ölkədə iqtisadi və siyasi inteqrasiya ilə müşayiət olunan inkişafının dəstəklənməsi, iqtisadi gücünün artırılması, daha sonra bu gücün eyni etnik kimliyi daşıyan soydaşların rifahının yüksəldilməsi və ana vətənin maraqlarının təmini yönündə istiqamətləndirilməsi önəm daşıyır. Bu fəaliyyət qətiyyən diasporanın yerləşdiyi ölkə içərisində separatizmə, bölücülük və ayrımçılığa yönəlməyib, əksinə, dövlətlə inteqrasiya, yəhudilərin dövlət idarəçiliyində və iqtisadi fəaliyyətlərdə iştirakının stimullaşdırılması ilə paralel həyata keçirilir.
Xüsusilə qeyd etmək lazımdır ki, hər bir uğurlu layihənin arxasında bir ideya, gələcəyə dair bir arzu dayanır. Belə ki, yəhudi dövləti ideyasını ilk dəfə 1896-cı ildə ortaya atan Theodor Herzl (The Jewish State adlı əsərində) gələcəkdə bir yəhudi dövlətinin yaradılması zərurətini aydın görür və bunun bir gün reallaşacağını düşünürdü. Belə də oldu. Yəhudi diasporasının fəaliyyətinin mahiyyəti də məhz budur: ideya – dəstək – uğur!
[1] https://ajpp.brandeis.edu/aboutestimates
[2] https://www.jpost.com/features/washingtons-elders-of-anti-zion