“Pərdə” trilogiyasının iki hissəsinə baxdım, oxşar mövzuları araşdırırlar. Rejissor Emil Quliyevin dediyinə görə “Üçüncü Pərdə”nin mövzusu, bir-birinə daha yaxın olan əvvəlki iki pərdədən fərqlənir. Üçüncü hissəni hələ görmədiyimə, trilogiyanın ilk iki hissəsindəki mövzu daha oxşar olduğuna və zənnimcə hətta daha uğurlu alındığına görə ikinci hissə haqqında qısa fikirlər bildirmək niyyətindəyəm. Niyyətim qüsurları qabartmaq deyil, daha təmkinli, daha da (məncə heyətin layiq olduğu) ruhlandırıcı fikirlərlə məqsədəuyğunluq axtarışıdır.
“İkinci Pərdə” dostluq, məşğulluq, evlilik müstəvilərində müasir Azərbaycanda təxminən eyni sosial təbəqəni bölüşən gənc insanlar tərəfindən yaşanılan xəyanət haqqında bir filmdir. Xüsusilə də cinslər, nəsillərin onlara ötürdüyü dəyər-qərar-əməl və bu üçlüyün mühakiməsini filmin ana xətti hesab edirəm – film hətta bununla da sonlanır.
Aktyor oyunu dedikdə böyük ehtiramla Günay Əhməd yadıma düşür – tanımadığı bir qadının faciəsini canında yaşadacaq bacarığa malik, bədəninə (səs daxil), ağlına və hisslərinə hakim Günay Əhməd. Öhdəliyindən mükəmməl gələn bu çətin antaqonist oyunu ehtimalıma görə Azərbaycan aktyorluq məktəbində dərslik olaraq istifadə edilə bilər. “Nədir, tüfəngi götürüb düşmüsən ortalığa?” monoloqunu, özü kimi səhnələr üçün nümunə hesab edirəm. Əlinə tüfəng götürməklə ədalət axtaran, sərhəddi kövrək, insan olaraq zəruriyyətdən yox, məcburiyyətdən dəyişmək kimi çətin tapşırığın öhdəsindən gəlmək isə Hikmət Rəhimovda kifayət qədər uğurlu alınıb. Əgər “Sənə demişəm axı bunun qollarına xətt qoyma!” yazılmamış deyilibsə, İrana mülaciə səyahətini əliylə bitirmək yazılmamış ortaya çıxıbsa, demək işimiz zəngin təsəvvürə malik bir aktyorladır. “Ağsaqqalın birinci elçisi” gücün rahatlıqda olduğunu tapıb və oynadığı kiçik epizodu mükəmməl anlayıb. “İbiş” və “həyat yoldaşı” (“Arifin bacısı”nı oynayan aktrisa) da başqa bir əfsanədir. “İbiş” rolu böyük bir qəhrəman, o sima isə böyük bir aktyorun simasıdır məncə. Adları bilmədiyimə görə üzr istəyirəm.
Gözüyumulu ard-arda çəkilən absurd sürreal komediyalardan sonra bu film zənnimcə Azərbaycan kinosunda keyfiyyət sarsıntısına səbəb ola bilən sanballı filmlərdəndir – ümumiyyətlə keyfiyyətə yeni, əvvəlkinə qarşı duran qütb gətirdiyinə görə. O komediyalar da qıcıqlandırmaqla, bərbad keyfiyyətilə tamaşaçı kütləsini doyuzdurmaqla tamaşaçının yeni zövq tələbatı və yaradıcının, bacarığı üzərinda daha da ciddi işləməsi niyyətinə göründüyü kimi böyük təsir etdiyinə görə öz tapşırıqlarını uğurla yerinə yetiriblər. Səhnəni rahatlıqla tərk edə bilərlər artıq, növbəti film nəsli gəlsin deyə. Müəllif (Emil Quliyev) Pərdəni göstərməklə, sanki, pərdə arxasında gizlənmiş kino potensialının da yerini göstərir.
Filmin adı da sadə deyil. Pərdə həm gizlədən örtüklə, həm insan münasibətilə, həm də bilənlərçün yunanca “hymen” deyilən qadın cinsi orqanının bir hissəsi – bakirəlik pərdəsi ilə əlaqələndirilə bilir. Yunan mifologiyasında hətta Hymen adlı ruhlandırıcı toy, bayram və mahnı Tanrısı var. Günəş, bahar, saflıq, incəsənət Tanrısı Apollonun, muzalardan biri ilə törəməsi, Zevsin də nəvəsidir. Təkallah mədəniyyətlərdə isə bakirəlik qadının saflığı və etibarlılığı ilə əlaqələndirilib, ailə səadətinin sütunu və kişilik imtahanlarından hesab edilib. Bəzi cəmiyyətlərdə bakirəlik pərdəsi kişi və qadın həyatında ən vacib və dəyərli hesab edilən, həyatın axarını təyin edə bilən məqamlardan biri və xoşbəxtliyə aparan qıl körpüdür. Bir-birini tanımayan insanlar arasında (adətən məcburi) ailə qurmağı mümkün edir, azyaşlı qız uşağının evliliyinə, ailə faciələrinə və hətta ölüm hadisələrinə gətirib çıxarır. Digər tərəfdən də bu adət arxayınlıq verdiyinə görə sevilir və dəyər verilir. Bəzi cəmiyyətlərdə isə bakirəlik sübutunun dəyəri yoxdur. Bu da ailə həyatının formasını, insan haqqında təsəvvürü, o təsəvvürə uyğun həyat tərzini, o həyat tərzini təmin edən iqtisadiyyatı, bunu tənzimləyən siyasəti, səhiyyəsi və bütün bunları ədalət sorğusuna çəkə bilən incəsənəti, fəlsəfəsi dəyişir. Hansının yaxşı, hansının pis olduğunu bilmirəm. Bilirəm ki, həm də pərdəyə görədir… Bu cür mövzunu araşdıran film üçün məncə kifayət qədər yüklü və sanballı ad seçilib.
Fiqurların təxminən eyni sosial təbəqədə bulunmalarına rəğmən, filmin yığcamlığı və mövzunun bu filmdəki fiqurlar üçün subyektivliyinə görə onların hər birinə ayrılıqda bağlanmaq, bununla da onların hisslər dünyasına girmək mümkündür. Maraqlıdır ki, Tima yalnız Samirə ilə yaşadığı öz evində, dostları arasında və iş mühitində görünür. İddiası böyük olmayan, axarına görə “camaatdan” fərqlənməyən, diqqətiylə xoşbəxtliyi xırdalıqlarda tapan Tima, cəmiyyətin orta təbəqədəsində qəbul edilən bir asayişlə sıravi həyat sürür. Qəbul olunmaq Timanın həyatında ən aydın tapşırıqlardan biridir, buna görə də “camaatın” ondan tələb etdiyini həmişə doğru hesab edir. Güman ki, həyatındakı arzusu yaxşı ər, yaxşı dost, işinə diqqətlə yanaşan rəis və yaxşı ata olmaqdır. Göründüyü kimi bütün diqqətini yönəltdiyi bu xoşbəxtliyin qarşısını qəhrəmanımızın qərarlarından asılı olmayan böyük bir çətinlik alır: uşağı olmur. Güman ki, Tima bir tərəfdən atalıq hissini yaşamağı bacarmadığından, digər tərəfdənsə “gözlənti” təzyiqi altında əslində təbiətcə gülərüz olan bir şəxsdən daxili yorğun bir insana çevrilib. Xoşbəxtliyin astanasındakı bu çətinliyi qət etmək üçün İranda müalicədən keçmək niyyəti var, gecə növbəsində işləyib pul yığır. Qayğıkeşdir.
Qumarbaz Arifin həyatı isə daha gizlidir, müxtəlif müstəvilərdə “pərdəarxası” işlər gördüyü duyulur və buna görə də həyatından yalnız qırıntılar görünür: bacısı, uşağını ər evində yataqda qoyub qaçır ata evinə, boşanmaq istəyir. Arif həm bacısına qəzəblənir, həm də bacısını hətta dua ilə qorumağa çalışan anasına əsəbləşir. Məkanda ailə üzvlərinin bölüşdüyü bir dəyər hiss olunmur, insan münasibətləri sürreallaşıb, bir-birindən ayrılıb, hərə öz tanıdığı dəyərlə ədalət və xoşbəxtlik axtarışındadır – aydın idarə sistemi yoxdur, asayiş qaibdir. Arifin müdirlik etdiyi kafe, onun Dünyasının taxt-tacıdır: işçilərə pis münasibət, özü içinə girmədiyi pinti mətbəxdə kartofa sürülən xəstəlik, pul. Arif, sinəsini qabağa verib gəlir kafeyə ki, yeznəsi İbişi bacısının qaçdığına görə tənbeh etsin. İnandığı ədalət uğrunda mübarizə aparmaq üçün kafeyə gələn Arifi borclu olduğu Ağsaqqalın elçiləri gözləyir. Onlar da öz inandıqları ədalət dalınca gəliblərmiş. Bu səhnədə həm də güc balansı dəyişir, gözəgörünməz Ağsaqqalın gücü qarşısında Arif cılızlaşır, sanki təhlükə altına düşür, adam az qalır dərdini bölüşsün, amma: elçilər gedəndən sonra isə açıq-aydın özündən asılı olan İbişi tənbeh etmək qərarına görə, elçilərin Arifə edilən vahiməli təzyiqi (ikinci elçinin, əslində geniş bacarığa malik Əlixan Rəcəbovun ucadan hədələdiyi hissəni nəzərə almasaq) qəfildən zərərsizləşir, sanki buna layiq olduğunu təsdiqləyir. İbiş də özündən vəzifəcə daha cılız qulluqçunu tənbeh edir, sanki Arifə uyğun qulluqçu kimi, lakin tərəddüdlə, özünü sübut etməyə çalışır – işsizlik qorxusundan. Qulluqçu da (film istehsalçısının oynadığı) xəstə aşbaza şikayətlənir – bu kiçik, özünəməxsus sosial sistem sanki cəmiyyətin təbəqələrini göstərən modelə çevrilir. Yalnız qurbanlar, sonuncu cəzalananlar, aralarında pul dövriyyəsi olmayanlar müstəqilləşir. Səhnə, puldan sallanan əmr, şikayət və cəza asılılığından ibarətdir. Oyunbaz Arifin həyatıdır, içində itir, zatən bundan başqa məqsədi də yoxdur. Öz kafesində keçirilən, yeznəsi və işçisi İbişin ad günü məclisinə belə Tima gecə növbəsinə gecikib gəlir, bu gəlmir. Hardadır bəs?
Arifin olduğu yer dörd dəqiqəlik sükutla başlayır və filmin uğurlu və həlledici hissəsidir. Zaman, bu daralan məkanın içində dayanır. Qəhrəman, dostluq və sevgisini bayırda qoyub, bizi salır özünü pərdə ilə “camaat”dan gizlədən mənzilə və qapını bağlayır. Tüfəngi gətirdiyindən sonra da hamını xilas edə biləcək açarla heç kimin qurtula bilməyəcəyi tətik arasında seçim qoyur. Samirə açarı seçir, Arif isə boş tüfəngin tətiyini çəkərək Samirənin kişi haqqında dəyər-qərar-əməl təsəvvürünü dağıdır, duyğularını gizlədən pərdəni cırır və məkanı, ədalətin üçüncü siması ilə bürüyür. Biz isə bütün bunlarla tanış olandan sonra qəhrəmanın seçimində ya təskinlik, ya da məyusluq qərarı veririk.
Filmin bu yarısında yaşanılanları rejissor, bu mətndə yazılanlardan müqayisə olunmaz qədər yaxşı təsvir edib. Bu hissə özü ayrı bir filmdir, arzu edirəm İncəsənət Universitetinin rejissorluq və aktyorluq dərslərində nəzərə alınsın.
Filmdə ən maraqlı fiqurlardan biri də “camaat”dır – yorğun, amma ictimai qınaq qədər gücü olan, həyat formasını təyin edən, açarla tətik arasında qalmış “camaat”.
Filmi görəndə, xüsusilə də buna xoş təəccübləndiyimə, çox sevindim. İşıq və səs işləri çox yaxşıdı. Filmə görə heyətə təşəkkür edirəm, amma filmin quruluşunu təəssüf ki, arxayın tərifləyə bilmirəm, çünki zənnimcə qəhrəmanın faciəsi bitməyib. Digər tərəfdən filmdə hakim rolunu oynayan “camaat”ın bizim qəhrəmana verdiyi hökmü və onun bu hökmə münasibətini görə bilmədim. Yaşadıqları, gördükləri və etdiklərindən sonra özünə qəsd etməyibsə, düşdüyü güzəranı, yaxud yeni mənzilə necə yollandığını görmək zənnimcə bu filmi daha bitmiş formaya salardı. Məncə film (həm də zaman bölümünə görə) iki hissədən ibarətdir: mühakimə və buna gətirib çıxaran inkişafdan. Oxuduğuma görə “məqsəd belə imiş”. Belə olduğu halda bildiriləsi fikir də bitir.
Filmin istehsalçısı Orxan Mərdanın başına qüvvət, arzusuna şücaət, əməlinə ibrət diləyirəm.