Dünyanın bütün (ya da az qalsın bütün) dini liderləri təzədən Bakıda toplaşıb bir-birinin sözünü kəsə-kəsə bizə və dünyaya sübut etməyə çalışdılar ki, belə tədbirlər çox vacibdir, bizim narahat və güvənsiz dünyamızda dini liderlərin səsi, rəyi çox şeyi həll edə bilər.
Öz çıxışında bu cür tədbirlərin əhəmiyyətindən və dini liderlərin böyük rolundan danışan Patriarx Kirill isə bildirib ki (bəlkə özü də istəmədən), Bakıda keçirilən birinci dinlərarası sammitdən sonra (2009), dünyada vəziyyət daha da pisləşib.
Deməli, belə çıxır ki, dini liderlər toplanırlar, amma nəticə əldə olunmur, hətta vəziyyət əvvəlkinə görə daha da pisləşir?
Obyektiv faktorların – terrorun, dini ekstremizmin, milliyyətçi tendensiyaların artmasının bir yığın siyasi, iqtisadi səbəbləri var və dini liderlər prinsipcə, hətta çox istəsələr belə, vəziyyətə ciddi şəkildə təsir edə bilməzlər. Lakin həmin bu liderlər, bir vacib məsələ ilə bağlı susurlar: bəşəriyyətin ən düşünən, ən üsyankar, aktiv, axtarışda olan təbəqəsi – gənclərin nəzərində bu dini liderlərin ümumiləşdirilmiş obrazı müxtəlif dövlət tədbirlərində əl meymunluğu edən toy generalı obrazıdır. Qınamalı da deyil, bundan artığı əllərindən gəlmir. Real nüfuzları yoxdur, çünki həqiqəti, düşündüklərini olduğu kimi demirlər. Nitqlərində həyatın döyüntüsünü eşidə bilməzsiniz.
Belə olan halda, bu və ya digər sammitlərdə, simpoziumlarda muzey eksponatı kimi vaxtaşırı sərgilənməkdən başqa seçimləri qalmır.
İnsanların sualları var. Hər kəsin – müsəlmanın, xristianın, yəhudinin, ateistin – ağrılı, əzablı sualları var… Müasir insaların bu gün bir-biri ilə pozitiv, ya da neqativ ünsiyyət təcrübəsi yaranır, dini və s. baxışların təması, toqquşması baş verir və bütün bunlar real təcrübədir. Bəs siz dini liderlərin nitqlərində, bu təcrübəyə dair nəsə eşitmisinizmi? Qətiyyən.
Halbuki dini liderlər, dinlərinin tələb etdiyi qaydada nitqlərinə, heç olmazsa, 30% həqiqət, əhəmiyyətli məsələlər qatsalar, «mənəvi sağlamlıq»larına görə narahat olduqları (öz dediklərinə görə) gənclik, onlara daha çox hörmət edər. Bəlkə gənclik ayaq saxlayıb onlara beş dəqiqə qulaq asar, ola bilsin özünün həyatı, davranışları, hədəfləri, nəyə inanması haqda düşünərdi.
Əcaib libaslara bürünüb hər 10 ildə, bir yerə toplaşan və faktiki olaraq vacib heç bir şey danışmayan adamların ümumi rəsmi qəribə bir hüzn yaradır. Adətən tərk edilmiş, boş, təyinatı üzrə xidmət göstərməyən məbədlər belə kədərli görünürlər.