Azərbaycanda insan haqlarının pozulmasına, təbii sərvətlərin oğurlanmasına, qeyri-döyüş şəraitindəki itkilərə, kasıb balalarının cəbhə xəttində həlak olmasına və s. kimi ədalətsizliklərə etiraz edən, mübarizə aparan fədakar insanlara hörmətim var. Kimi ömrünü, kimi illərini, kimi gəncliyini xərcləyib bu yolda. Onların haqqına girmək, zəhmətlərini yerə vurmaq olmaz, bu, vicdansızlıq olardı.
Amma təəssüf ki, bəzən öz əməllərini, zorakılığını, murdar işlərini “müxalifətçilik” pərdəsi altında gizləyən, “rejimə etiraz edirəm” kamuflyajına bürünüb, müxalifətçiliyi ilə öz əməllərini legallaşdıran adamlar da olub illərlə. Bəzən onların əməllərini bilən, höküməti tiranlıqda ittiham edib, öz evində, öz yaxınlarına qarşı tiranlıq edənlərin işlərindən xəbərdar adamlar “xain”, “hakimiyyətə işləyən” damğası vurulmasın deyə susmalı olublar.
Cəmi beş il bundan qabaq kimin nə həddinə idi ki, Əli Kərimlini tənqid etsin, Fuad Qəhrəmanlıya güldən ağır söz desin. Kişilər mübarizə aparır, rejimlə savaşır, onlara söz deyən adamı daşqalaq edər, imicini yerlə bir edər, boynuna qoyardılar ki, hakimiyyətə işləyir. Özü də təmiz adamı ləkələmək su içimi qədər asan. Linç etməyənlər də söyər, ana-bacı söhbətinə girər, ordan vurardı. Alqoritm çox uğurlu işləyirdi. Hamı da razı idi.
Amma zaman artıq o zaman deyil. Dəyərlər dəyişir. Dünyaya baxış dəyişir. Dəyərləri, dünyagörüşləri, mədəniyyət səviyyələri arasında heç bir ciddi fərq olmayan, Xalq-müxalifət-hakimiyyət müqəddəs üçlüyündən başqa da qüvvə çıxır ortalığa. Bu, idarəçilik, sistem, dövlətdən çox patriarxal dəyərlərə, zorakılığa, qanunsuzluğa, rüşvəti legallaşdıran dəyərlər sisteminə qarşı, mədəni-mənəvi müxalifətdə duran insanlardı – Feministlər, LGBTİQ aktivistlər, ekoaktivistlər…
Bu sizin alışdığınız tər iyli, danışığından adamın ürəyi bulanan, ana-bacı qeyrətli, qəlbi həsrətli, azərbaycan dilinin bir bölgə ləhcəsindən başqa dil bilməyən, qadının mitinqə çıxmasına pis baxan, yaxşı oğlanlara qoşulub, protiv gedəni razborkaya çağıran, mitinqdə erməni bayrağını tapdayan, toyunda yengə əskik olmayan müxalifətçi tipi deyil. Öz opponentinə qarşı onun ailəsinin qadın üzvlərinin cinsi aktivliyini arqument kimi qoyan müxalifətçi tipi deyil. Mübarizədə kişiliyi, brutallığı, patriarxallığı əsas bilən müxalifətçi tipi deyil.
Yeni, mədəni-mənəvi müxalifətdə duranların dalğası insanın təməl haqlarını yalandan deyil, mental səviyyədə qəbul edən, rus, ingilis, bəzən də alman və fransız dillərini bilən, dünyada nə baş verdiyindən xəbərdar, dünyada insan haqları profilli təşkilatlarla ünsiyyət quran, intellektual dalğadır. Bu dalğanın üzvlərinə qarşı “sən hökümətə işləyirsən”, “sən xainsən”, “sənin anan-bacın belə” kimi illərlə işlənən silahlar artıq keçmir.
Bax, bu dalğa idi Selcanı yetişdirən, onu ürəkləndirən, bu dalğaya aid olmağın verdiyi cəsarət idi Selcanı atasına qarşı çıxmağa, rejimi tiranlıqda ittiham edib, öz uşaqlarına qan udduran tiran atanı ifşa etməyə ruh verən. Bu dalğanın sayəsində məsələ belə asanlıqla bitmədi, bu dalğanın aktivliyi idi Fuad Qəhrəmanlıya istefa verdirən, Əli Kərimlini özünü müdafiə etməyə məcbur edən, məsələnin ölkə çapında qalmayıb, xarici mediaya çıxmağına səbəb olan.
Burda bir haşiyə çıxım ki, qardaşım, sən nəyin mübarizəsini aparırdın? Hansı ədaləti bərpa etmək istəyirdin, insanlara hansı həyatı vermək istəyirdin? Sən əlinə üç qadına işgəncə etmək imkanı verildiyi üçün, üçünə də işgəncə edən adam; bir müxalifətçi imici ilə, o imicə güvənərək zorbalıq edən adam əlində milyonlar, ordu, pul, güc olan adamları ittiham edirdin? O güc, o pul, o ordu sənin əlində olsaydı bəs nə edərdin? Allah göstərməsin, birdən AXCP hakimiyyətə gəlib, səni müdafiə ya da daxili işlər naziri təyin edəydi, onda neynəyərdin?
Nəsə. Çox ritorik suallar verməyək. Cavabları onsuz da məlumdur.
Amma özünüzə əl gəzdirin, cənablar. Danışığınıza, çıxışlarınıza, hərəkətlərinizə nəzarət edin. Xüsusilə də, siyasi iddianız filan varsa.
Feminizm fil addımları ilə ölkəmizə gəlir, cənablar!