1 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında de-yure „müharibəsiz şərait“ olsa da, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər və oradakı separatçı rejimlə məsələ həll edilməmiş qalır. De-fakto „Artsax republikası“ Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran, eləcə də 1-2 kənd istisna olmaqla, Şuşanın demək olar ki, bütün kəndlərinə hələ də nəzarət edir.
Azərbaycanın az qala ortasında mövcud olan, 25-30 minlik erməni əhalisinin müqəddəratı 30 ildir bötövlüklə Azərbaycan və region üçün baş bəlasına çevrilib. Hətta vəziyyət o yerə çatmışdı ki, Azərbaycanın 7 rayonu və o rayonların bir milyona qədər etnik azərbaycanlı əhalisi Qarabağın bir neçə minlik erməni əhalisinin „təhlükəsizliyi“ üçün qurban verilmiş, ətraf rayonlar silah yolu ilə, zor gücünə boşaldılmış, Qarabağın 25-30 minlik etnik erməni əhalisi üçün „bufer zonası“ yaradılmışdı.
Ermənistanda yaşayan, rəsmən Ermənistan Respublikasının vətəndaşı olan 215 mindən çox etnik azərbaycanlı 1987-1991-ci illərdə Azərbaycana deportasiya edilsə də, Azərbaycan ərazisində etnik ermənilər qaldı və separatizm meylləri güclənərək, Ermənistanın da birbaşa dəstəyi ilə genişmiqyaslı, on minlərlə qurbanı olan faciəvi və dəhşətli I Qarabağ müharibəsinə təkan verdi.
1988-1991-ci illərdə etnik zəmində əhali mübadiləsi baş tutsaydı, nə Azərbaycan və Ermənistan, nə də bütünlüklə Qarfaz regionu 30 ildən çox davam edən böyük bir münaqişəyə də girməmiş olacaqdı. Erməni cəmiyyətində „Miatsum“ – Qarabağın Ermənistana birləşməsi ideyasının dərin siyasi-ideoloji kök saldığını nəzərə alaraq, bu münaqişənin 10 noyabr 2020-ci ildə növbəti dəfə dondurulması gələcəkdə III, IV, V Qarabağ müharibələri üçün zəmin hazırlamışdır.
Tarixdə və yaxın keçmişdə müharibə və münaqişələrin sonunda, eləcə də gələcəkdə bu zəmində münaqişələrin baş verməməsi üçün önləyici, preventiv tədbir kimi əhali mübadiləsi təcrübəsi mövcuddur. Bu praktikaların uzunmüddətli sülh üçün əhəmiyyəti artıq sübut edilmişdir.
Son yüz ilin təcrübəsnə baxsaq, I Dünya müharibəsindən sonra, Türkiyə və Yunanstan arasındakı müqavilələrə əsasən əhali mübadiləsi baş verib. Etnik yunanlar Yunanstana, etnik türklər də Türkiyəyə, Trakya və İzmir ərazisinə köçürülmüşdü.
II Dünya müharibəsi ərəfəsində Hitlerin „Anschluss“ siyasətinin davamı olaraq, Avstriyanı və Çexoslovakiyanın etnik almanlar yaşayan Sudet bölgəsini işğal edərək, zorakı yollarla Almaniya ərazisinə qatması təcrübəsi də mövcuddur. Almaniyanın məğlubiyyətindən sonra, Çexoslovakiya ilə müharibəsinə səbəb olmuş, 2 milliona yaxın Sudet almanı Çexoslovakiya ərazisindən Almaniyaya köçürüldü və Sudet bölgəsi Çexoslovakiyaya geri qaytarıldı. Bunula əlaqədar məşhur “Beneşov dekretləri” hələ də hüquqi cəhətdən qüvvədədir. (5 mart 1946-cı ildə Çexoslovakiya prezidenti Eduard Beneşin alman əhalisinin köçürülməsi ilə əlaqədar imzaladığı fərmanlar toplusu). Bu addım nə qədər ağrılı olsa da, gələcəkdə baş verə biləcək analoji münaqişələrin qarşısını almağa yönəlmişdi.
Hətta Çexiyanın Avropa Birliyinə üzv olduğu 2004-cü ildə, üzvlük sənədlərində Çexiyanın Sudet bölgəsindən köçürülmüş almanların və onların qanuni varislərinin Çexiyaya qarşı hər hansı bir təzminat iddiaları və hüquqları da istisna edilmişdi. Yəni, 1948-ci ilə qədər Almaniyaya məcburi köçürülmüş Çexolovakiya vətəndaşı olan etnik almanlar və onların varisləri Avropa məhkəmələrində Çexiyaya qarşı təzminat davaları açmaq hüququndan məhrum edilmişdilər.
Kirpdə keçən əsrin 70-ci illərində baş verən yunan-türk münaqişəsi də, vaxtı ilə Kipr adasında tətbiq edilməyən əhali mübadiləsinin acı nəticəsi idi.
I Dünya müharibəsindən sonra İngiltərə və sonradan BMT-nin vasitəçiliyi ilə Kiprdə süni surətdə yaradılmış yunan və türk etnik qruplarının təmsil olunduğu hibrid parlament və hökumət sistemi çökdü. Kiprin etnik türklərinin etirazlarına baxmayaraq, Kipr yunanlarının adanın bütünlüklə Yunanstanla birləşməsi – Enosis ideyası yekunda 1974-cü ildə Türkiyənin Kipr adasına ordu çıxartmasına, adanın iki yerə bölünərək şimal hissəsinin etnik türklər, cənub hissənin isə etnik yunanlara ayrılmasına səbəb oldu. Hətta bir neçə il öncə keçirilən ümum-Kipr referendumunda türklərdən fərqli olaraq, yunanlar yenidən birləşməyə “yox” dedilər.
Keçən əsrin 90-cı illərində Yuqoslaviya ərazisindəki etnik-dini müharibələr zəminində hal-hazırda Avropa Birliyin üzvü olan Xorvatiya öz ərazisindəki separatçı, etnik serblərin yaşadığı “Srbska krayina” bölgəsindən etnik serbləri Serbiyaya deportasiya edərək, orada alovlanmaqda olan, növbəti, potensial böyük münaqişəyə birdəfəlik son qoydu.
Yəni müasir dünyada artıq bir-biri ilə tarixən yola getməyən, daima münaqişə və müharibə şəraitində olan, millətçi, irqçi ideologiyalarla zəhərlənən etnik qrupların bir-birindən fiziki ayrılması praktikası ən yaxşı, praqmatik həll yolu olaraq tətbiq edilməsi var və bu üsul alternativsizdir. Gələcəkdə baş verəcək faciələrin, müharibələrin, qırğınların qarşısının alınmasında əhali mübadiləsi preventiv həll yoludur.
Regionumuzda, Azərbaycanla Ermənistan arasında 30 il əvvəl oxşar, amma zorakı əhali mübadiləsi qismən baş verib. Ermənistandan 215 mindən çox etnik azərbaycanlı zor gücü ilə köçürülsə də, Azərbaycanın de-yure Qarabağ ərazisində etnik ermənilər qalıb.
Bu münaqişənin yeganə həll yolu 0:0 prinsipi olmalıdır. Qarşılıqlı anklavlardan imtina etməklə, Qarabağdakı 25 min erməni də Ermənistana köçürülməlidir, hətta humanist addım kimi, onlara təzminat da təklif etmək olar. Necə ki, Ermənistanda azərbaycanlı yaşamır, Azərbaycan ərazisində də ermənilərin toplu şəkildə yaşamaması hər iki dövlət üçün də gələcək sülhün təməli ola bilər. Əhali mübadiləsi gələcəkdə baş verəcək 3-cü, 4-cü, 5-ci Qarabağ müharibələrinin qarşısını ala bilər. Həm də 1905-ci ildən başlayaraq, 100 illik erməni-türk etnik müharibəsinə də son qoya bilər. Tarix göstərir ki, iç-içə yaşadıqca, münaqişələr səngiməyəcək. Əhali mübadiləsini sonlandırmaq yeganə həll yoludur.
Fikrimcə, Azərbaycan tərəfi Dağlıq Qarabağ ərazisində yaşayan etnik ermənilərin Ermənistana köçürülməsinin yolları haqqında fikirləşməli, bunun üçün Avropadan və dünya praktikasından yararlanmalıdır. Ermənistanda siyasi iradə və Azərbaycanla uzunmüddətli sülhə meyillilik olarsa, əhali mübadiləsini daha ağrısız, daha operativ təşkil etmək mümkün olacaq.