Terrorçu Tamerlan Musayev üçün
nağıl kimi xarici səfər necə pis zarafata çevrildi
Terrorçu Tamerlan Musayevin qeyri-adi, amansız taleyi var. O, 1993-cü ildə Tümen-Peterburq reysi ilə uçan təyyarəni İsveçə qaçırıb. Hadisənin davam etdiyi 14 saat ərzində ovcunda həlqəsi qopardılmış qumbara tutub. Tamerlanın ailəsi – həyat yoldaşı və yeddi yaşlı qızı da göyərtədə olub. Ailə düz dörd ay İsveç telekanallarından, qəzetlərin manşetlərindən düşməyib, sonra onları Rusiyaya ekstradisiya ediblər.
Tamerlan FTX-nin Liteyni 4-də yerləşən təcrid kamerasında Sobçakın məşhur köməkçisi və qatillər dəstəsinin lideri Yuriy Şutovun yerini tutub, başqa “avtoritetlər”lə – Dövlət Dumasının gələcək deputatı, sonralar Kiprdə vəhşicəsinə qətlə yetirilmiş Vyaçeslav Şevçenko ilə şahmat oynayıb. Təyyarəni qaçırdığına görə, 90-cı illərdə 12 illik həbsə məhkum edilib. Bu müddət ərzində ailəsini itirib, “zon”da vərəm xəstəliyinə yoluxub.
Həbsdən çıxandan sonra başına gələnlər barədə kitab yazıb, Piterin restoranlarında musiqiçi kimi çalışıb, bir az pul yığandan sonra… köhnə vərdişinə qayıdıb.
“Əbədi qəzəbli qala bilmərəm”
Belə ki, 2014-cü ildə Kopenhagen-Oslo reysi ilə uçan təyyarənin stüartına göyərtədə bomba olduğunu deyərək təyyarəni İsveçin Göteborq şəhərinə endirib. Buna görə, bir il İsveç həbsxanasında yatıb.
2015-ci ildə isə partlayış hədəsi ilə Stokholm-Helsinki reysini ləğv etdirib. Yenə həbs olunub.
Tamerlan bu yaxınlarda azadlığa çıxıb, amma müvəqqəti. Yenə nəsə eləyib İsveç həbsxanasına düşməyə hazırlaşır.
Dəli… Onun barəsində düşünəndə ağıla gələn ilk söz budur. Ancaq o, dəli deyil. Tamerlanın öz haqq-hesabı var. O, məhv olmuş taleyinə görə İsveçdən qisas alır. Və bunun üçün orijinal, əcaib üsul seçib: İsveç hökumətini onunla mübarizəyə böyük məbləğlər xərcləməyə vadar eləyib vəziyyəti gülünclük həddinə çatdırır.
“Əgər biz iki il əvvəl qarşılaşsaydıq və siz İsveç barədə soruşsaydınız, cavab verərdim ki, ora əfsanəvi ölkədir, – Tamerlan deyir. – Çünki iyirmi il əvvəlki İsveçi hələ unutmamışam. Amma indi orda hər şey dəyişib”.
Son iki il ərzində Musayev, İsveçin bir neçə həbsxanasında yatıb, bu ölkənin ən məşhur cinayətkarları ilə – bank soyğunçuları, narkodilerlər, isveçlilər və mühacirlər – tanış olub və İsveçin əsl üzünü tanıyıb. Onun fikrincə, “cənnətməkan İsveçdə” baş verənlər üçün “ikili standartlar” birləşməsi həddindən artıq yumşaq ifadədir.
Mən, Tamerlan Musayev haqqında bir neçə dəfə yazmışam, onun birinci dəfə qaçırdığı təyyarənin stüardessaları, Tamerlanın həbsdən çıxmasını gözləməyən arvadı Marina, artıq böyümüş qızı Sabina ilə danışmışam. Ancaq Tamerlanın özü ilə hələ indi görüşdüm. Hərçənd yaxşı ki belə gec oldu. Bir vaxtlar nifrət elədiyi “sovetlərdən” qaçmağa çalışan Musayev indi, az qala, əsl vətənpərvərə çevrilib. İnsan heç vaxt özündən qaça bilmir.Tamerlanın sözlərinə görə, bugünkü İsveç – zombiləşdirilmiş əhali, qanunsuzluq, xəbərçilik, mühacirlər və “rus təhlükəsi” ilə bağlı qorxu deməkdir.
O da bütün ölkəmizin keçdiyi yolu keçib. Dəhşətli, düzəlməsi imkansız səhvlər eləyəndən, onların bədəlini xeyli ağır ödəyəndən sonra Tamerlan Musayev çox şeyi başa düşüb.
İndi o, İsveçə müharibə elan edib: “Onlar daima məni mühakimə eləməkdən, həbsxanada saxlamaqdan, özəl təyyarələrlə deportasiya etməkdən yorulacaqlar”.
İlk baxışda adamın Tamerlana yazığı gəlir –özü öz həyatını məhv eləyib. Ancaq Tamerlanla söhbət elədikcə anlayırsan ki, onun mərhəmətə ehtiyacı yoxdur, başı da yaxşı işləyir və qətiyyən sındırılmış insan təsiri bağışlamır.
“Heç vaxt ağlıma gəlməzdi ki, İsveçdəki rus səfirliyinə bu qədər minnətdar olaram. Səfirlik olmasaydı, indi sizinlə söhbət eləməzdim, – Musayev deyir. Mənim axırıncı həbs müddətim aprelin 10-da bitmişdi, amma İsveç hökuməti bütün qanunları pozaraq məni iki ay artıq – iyulun 9-a qədər həbsdə saxladı. Əgər o çarəsiz vəziyyətimdə Rusiya səfirliyinə zəng eləməsəydim, onlar məni əlavə iki il də saxlaya bilərdilər. Belə bir şeyin İsveçdə mümkün olduğuna heç kim inanmır, başda elə səfirlikdəkilər də inanmadılar. Çünki İsveç hökuməti həyasızcasına, rəsmi blankda yazılı şəkildə rus diplomatlarını aldadırdı, deyirdi ki, mən artıq həbsxanadan çıxmışam…
Bax, belə gözəl, “demokratik və humanist” ölkədir İsveç. Amma eybi yox, mən İsveçi hüquqi dövlət olmağa məcbur eləyəcəyəm”.
Parnik effekti
Deyə bilərsiniz, İsveç həbsxanasında yatmaq sizin nəyinizə lazımdır?
Gəlin, mən əhvalatı lap başdan danışım. 1993-cü ildə mənim 27 yaşım vardı. Bakıda yaşayırdım, restoranlarda musiqiçi işləyirdim, fəhlənin zavodda bir aya qazandığını bir-iki gecədə qazanırdım və hər şey yaxşı idi. Gənc, gözəl arvadım vardı, qızımız doğulmuşdu. Məndən olsaydı, bu gün də orda yaşayardım – ev tikərdim, “mersedes” alardım.
Amma Qarabağ müharibəsi başladı və vəziyyət pisləşdi. Ümumi səfərbərlik gedirdi: hamı kimi mənə də çağırış gəlmişdi. Ancaq mənim üçün bu, vətəndaş müharibəsiydi. Mən özüm azərbaycanlı deyiləm, lakam. Laklar dağıstan xalqlarından biridir, cəmi 90 mindilər. Mən heç vaxt onların arasında yaşamamışam. Əgər indi Dağıstana getsəm, onlar məni “parnik uşağı” adlandırarlar, yəni əsl lak hesab eləməzlər. Mən beynəlmiləl şəhər olan Bakının beynəlmiləl bir həyətində böyümüşəm, erməni dostlarım vardı. Mən Qarabağda döyüşmək istəmirdim.
Elə həmin vaxt Yeltsin elan elədi ki, keçmiş sovet respublikalarında yaşayan rusdillilərin hamısına Rusiya vətəndaşlığı verməyə hazırdır – bircə müraciət yazmaqları kifayətdir. Mən də onlardan idim, rus dilindən başqa dil bilmirdim. Ailəmiz Rusiya vətəndaşlığı üçün müraciət elədi, amma rədd cavabı aldı – dedilər, Bakıda rus səfirliyi qurulana qədər gözləyin. Milisdə isə mənə dedilər ki: “Gedib döyüşməsən, həbsxanaya göndərəcəyik. Amma fərariliyə görə yox. Başqa bir cinayət işini seçəcəyik – məsələn, zorlama – və səni ora təqsirləndirilən şəxs kimi yazacağıq”.
Cavabında pul verməyə razılaşdım. Çoxları belə eləyirdi. Məbləği toplamaq üçün mənə iki həftə vaxt verdilər. Elə onda Qərbdən sığınacaq istəmək qərarına gəldim. Ancaq ora çatmaq problem idi. Köçkünlərin Avropaya çatdırılması ilə bağlı böyük biznes indi yaranıb, o vaxtlar isə neynəyəcəyimi bilmirdim. Xaricdə tanışlarım yox idi, amma əvəzində tanış təyyarəçilər vardı. O təyyarəni qaçırmağa da onlardan biri kömək elədi.
Yəni o hadisə yalançı qaçırma idi?
Əlbəttə. Moskva Dövlət Universitetindəki kurs yoldaşlarımdan biri Xantı-Mansiyskidə yaşayırdı. Mən bir müddət ona işləmişdim, məkik ustası kimi Türkiyəyə gedib-gəlirdim. Dəfələrlə Tümendən uçmuşdum, o peterburqlu pilotla da orda tanış olmuşdum. Hətta sonralar o, biletsiz sərnişinlərdən pul alıb təyyarəyə mindirdiyinə görə istintaqa da cəlb edilmişdi. Həmin reysdə bizimlə birlikdə on bir qaçaq vardı. Təyyarəni qaçırmağım sayəsində çox şeyin üstü açılmışdı, amma mən o pilotu satmadım. Yeri gəlmişkən, mənim 30 min rublluq (denominasiya olunmamış; yəni, təxminən, beş dollarlıq) qumbara ilə dolu çantamı təyyarəyə yükdaşıyanların briqadiri salmışdı və çanta trapın yanında məni gözləyirdi…
Siz MDU-da oxuduğunu dediniz.
Mexanika-riyaziyyatda. Amma birinci kursdan sonra atdım.
Niyə?
Əslində, məktəbdə əlaçı idim. Riyaziyyatla ciddi məşğul olurdum, ümumittifaq olimpiadalarında qalib gəlirdim. Mən sizə istənilən üçbucağın düzbucaqlı olduğunu sübut eləyərəm və harda hiylə işlətdiyimi tapa bilməzsiniz. Belə oyunları sevirəm. Ancaq MDU-ya gələndə təhsildən də, kurs yoldaşlarımdan da zövq almadım. Əksəriyyəti bu dünyanın adamları deyildi: yöndəmsizdilər, pis geyinirdilər.
Mənim böyük qardaşım Ömər də belədir. O, MDU-nun fizika-riyaziyyatını bitirib, artıq 25 ildi ki, Amerikada yaşayır, 90-cı illərdə gedib. Kanzas şəhərinin universitetində fizikadan dərs deyir. Üç doktorluq dərəcəsi var, Amerikada ən kasıb professordur. Çünki orada fizikadan başqa bir də pul qazanmağın yollarını bilmək, hökumətdən elm üçün qrantları inandırıcı şəkildə istəməyi bacarmaq lazımdır. Qardaşım bacarmır. Amma onun buna ehtiyacı da yoxdur. O, Kupçinoda yaşayan piterli məşhur riyaziyyatçı Perelman kimidir. Sutkada cəmi dörd saat yatır, iyirmi saat işləyir. Heç vaxt ailəsi olmayıb. Onun ailəsi elmdir. Mənsə elə deyiləm. Mən “dəli” Perelmana çevrilmək istəmirdim.
Macəra kimi təyyarə qaçırma əməliyyatı
Əvəzində, sizdən fərqli olaraq qardaşınız Amerikaya gedə bilib, sizin arzunuzu o reallaşdırıb. Deyəsən, başlanğıcda siz də təyyarəni, məhz, ora qaçırmaq istəyirdiniz?
Hə, Tümendən sonra yanacaq doldurmaq üçün Finlandiyaya enmək, sonra İslandiyaya, ordan da Nyu-Yorka uçmağı düşünürdüm. Ancaq elə alınmadı. Yanacaq üçün Tallinə endik, marşrutun son məntəqəsi isə Stokholm oldu.
Dediniz ki, bu, əsl qaçırma deyildi. Bəs əlinizdəki qumbara? Axı, bütün hallarda sərnişinlərin həyatını təhlükəyə atırdınız.
Qumbaraları sinif yoldaşımın kiçik qardaşından götürmüşdüm. O da bir çoxları kimi Qarabağ müharibəsindən qaçmışdı. Əməliyyatdan əvvəl məşq eləyirdim – həlqəsi çıxarılmış qumbaranın fitilini sıxıb uzun müddət əlimdə saxlayırdım. Odur ki, bir barmağım da qımıldamazdı. O ki qaldı sərnişinlərə… Bəziləri üçün bu, səyahət macəra kimiydi. O vaxtlar sovet insanlarının az qismi xaricdə olmuşdu. Tallində on neş nəfəri buraxmağa razılaşdım – əsasən, yaşlı insanları. Amma təyyarə havaya qalxanda onlardan birini göyərtədə gördüm. “Siz niyə düşmədiniz?” deyə soruşdum, cavab verdi ki, “Avropaya uçmaq istəyirəm”. Tallində stüardessalar gizlicə daha on beş nəfəri buraxmışdılar, onlar yük bölməsindən hoppanıb çıxmışdılar. Amma sonra, qalan sərnişinlərin Stokholmda yaxşı vaxt keçirdiklərini öyrənəndə çox peşman olmuşdular. Stokholmda sərnişinlərin hamısını mehmanxanaya yerləşdirib yedizdirmişdilər, sonra da şəhərə ekskursiyaya çıxartmışdılar. Bəziləri özlərini pis aparırdılar. Tallində göyərtəyə yemək göndərdilər. Bir dəstə sərxoş gənc dedi ki, Terrorçu, konyak da sifariş elə! Onları təyyarədən qovdum – yola davam eləməyə, İsveçə getməyə layiq deyildilər.
Niyə Stokholmda “düşmək” qərarına gəldiniz?
Çünki hava limanındakı danışıqçılar İsveçin bizə sığınacaq verə biləcəyini demişdilər. Marina artıq yorulmuşdu, Sabinanın isə təmiz bezləri bitmişdi və o, ağlamağa başlamışdı…
İsveç həbsxanasında xoşbəxt günlər
İsveçlilər sizi necə qarşıladılar?
Əfsanəvi. Kamera sanatoriya otağını xatırladırdı, dondurma, şirniyyat, meyvə verirdilər. Həbsxanada böyük hamamlar, hovuz və idman zalı vardı, Bakıya – anama pulsuz zəng eləyə bilirdim. Kiçik xərclər üçün həftədə 10 dollar verirdilər. Marinanı şəhərdə gəzdirirdilər, uşaq arabası ilə həbsxanadan küçəyə buraxırdılar. İnsanlar onu tanıyırdılar, yaxınlaşıb “Dünən sizi televizorda görmüşük” deyirdilər. Bizə çoxlu məktub, bağlamalar gəlirdi. Onlardan biri çox gülməliydi. Stokholmdakı dəlixanadan piterli bir ailə yazmışdı. O dəlixanada yaşamaq xoşlarına gəlirmiş. İkinci uşaqları orda doğulmuşdu. Həkimlər onlara klinikadan çıxmağı təklif eləyiblər, amma onlar təkidlə hələ dəli olduqlarını, bir müddət də ruhi xəstəxanada qalıb müalicə almağa ehtiyac duyduqlarını deyiblər… Vəkilim mənə deyirdi ki: “80% sizi Rusiyaya verməyəcəklər. Qəzetlər sənin barəndə yaxşı şeylər yazırlar, sərnişinlər müsahibələrdə gözəl sözlər söyləyirlər”. “Deməli, mənim nəsə eləməyimə ehtiyac yoxdur?” deyə soruşurdum, cavab verirdi ki, otur, bananını ye. Və qəflətən elə bil arxadan zərbə aldım. Vəkil gəlib dedi ki, sizi qovurlar, siz uduzdunuz.
İsveçdə cinayətkarı başqa ölkəyə verməyi yasaqlayan qanun var. Əgər həmin ölkədə eyni cinayətə görə İsveçdə nəzərdə tutulandan xeyli çox cəza alacağı ehtimalı varsa, cinayətkarı başqa ölkəyə vermək olmaz. Məsələn, İranda ərinə xəyanətə görə qadınları sərt cəzalandırırlar, İsveçdə isə yox. Buna görə də, qadını İrana vermək olmaz. İsveçin ali məhkəməsi bizim taleyimizlə bağlı qərar verəndə prokuror elan elədi ki, Musayevlə bağlı disproporsional cəza riski yoxdur. Və 1990-cı ilə qədər SSRİ-dən İsveçə və Finlandiyaya qaçırılan təyyarələrin statistikasını göstərdi. İsveç qanunlarına görə, cinayətkarlara (əgər ağırlaşdırıcı hallar yoxdursa) dörd il iş verilir, ancaq onlar iki ildən sonra vaxtından əvvəl-şərti azadlığa buraxılırlar. Rusiyaya ekstradisiya edilənlər isə orda beş ildən çox almır, iki il yarımdan sonra da çıxırdılar. Yəni hər iki ölkədə nəzərdə tutulan cəza, təxminən, eynidir. Hərçənd prokuror saxlanma şərtləri barədə heç nə söyləmədi. Məsələn, o vaxtlar istənilən rusun bir il rusiya həbsxanasında yatmaqdansa, beş il isveç həbsxanasında yatmaq istədiyi barədə. (Hərçənd, hər kəs istəməzdi. Pulu olana bura daha yaxşıdır: hamını satın ala bilmisənsə, kameranda hətta internet də olacaq. Ancaq pulun yoxdursa – orda lüks həyat var, Rusiyada isə çox ağır olur. Mən Kareliyada yatanda bizə heç nə vermirdilər – nə paltar, nə tualet kağızı, nə yemək. Yemək adıyla iylənmiş kələm və arpa yarması olurdu, çay əvəzinə də qaynanmış su içirdik).
Uzun sözün qısası, isveçlilər məni ekstradisiya etmək qərarı vermişdilər. Prosedur iki ay çəkməliydi, odur ki, mən hərəkət eləmək qərarına gəldim. Vəkildən xahiş elədim ki, televiziyanı həbsxanaya çağırsın. Çəkiliş qrupu gələndə Sabinanı qucağıma aldım və “İsveç vətəndaşları, əzizlərim! Sizə çox təşəkkür eləyirəm! Bu gün mən məhkəmənin qərarını aldım. Bizi ekstradisiya edirlər. Amma evimizə- Azərbaycana yox, Rusiyaya göndərirlər! Orda bizim qohumlarımız yoxdur. Bizi həbsə atacaqlar, qızımızı isə uşaq evinə verəcəklər. Rusiyadakı uşaq evləri – Oliver Tvistin məktəbi kimidir. Ona görə də, sizdən xahiş eləyirəm, Sabinanı müvəqqəti öz ailənizə qəbul eləyəsiniz. Biz azadlığa çıxanda onu götürəcəyik!” dedim.
Efirə çıxandan sonra hər beş dəqiqədən bir həbsxanaya kimsə zəng vurub qızımı götürməyi təklif edirdi. Ertəsi gün müxbirlərin hüzurunda siyahıdakı ən mötəbər ailəni seçdik. O, hansısa partiyanın lideri idi: üç balaca övladı, böyük evi vardı… Videokameraların önündə sənədləri imzaladıq və o, Sabinanı apardı.
Bir gün sonra isə qalmaqal oldu. Müxbirlər Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib nazirə “İsveçdə əcaib şeylər baş verir: valideynlər həbs olunurlar və övladlarını başqalarına verirlər. Bəlkə nəsə çıxış yolu var? Məgər cinayətkarların təhvil verilməsi haqqında qanun qızcığaza da aiddir? O, cinayətkar deyil, axı”, – demişdilər. Nazir də düşünmədən “elə şey yoxdur, balaca qız da valdeynləri kimi cinayətkardır”, – deyə ağzından qaçırtmışdı. Ertəsi gün Stokholmun 144 hüquqşünası bu bəyanatın əleyhinə etirazı imzalamış, qalmaqal başlamışdı.
Bəs hökumət bu vəziyyətdə neynədi? Qızımı verdiyimiz adamın evinə gedib Sabinanı elə uşaq arabasından götürdülər. Mənim saçlarımdan yapışıb kamerada olduğum vəziyyətdə, ayaqyalın təyyarəyə mindirdilər – iki aylıq prosedurun əksinə olaraq, ailəmizin bütün üzvlərini dərhal Rusiyaya qovdular. Hər şey də qalmaqalı kökündən həll etməkdən ötrü. Bu hadisədən sonra mən iki şeyi başa düşdüm. Birinci: İsveç krallığında nəsə düz deyil. İkinci – İsveç qalmaqallardan qorxur, deməli, mən də ona qarşı bu silahla döyüşəcəyəm.
Göydən gələn işarələr
İsveçlə savaşmaq nəyinizə lazım idi?
Çünki mən onların məhkəmə xətasının qurbanıyam. İsveçin ali məhkəməsi Rusiyada beş il cəza alacağımı, əslində isə üç ildən də az yatacağımı düşündüyü üçün məni bura verdi. Amma mən on iki il aldım və doqquz il yarım yatdım! Mən istəyirəm ki, İsveç ədliyyəsi öz səhvini etiraf eləsin və məndən üzr istəsin.
Niyə sizə elə çox cəza verdilər?
Yəqin, özümü çox fəal apardığıma görə – əvvəlcə istintaq nümayəndələrindən, sonra da hakimdən şikayət yazmışdım. FTX-nin baş müstəntiqi, o məşhur filmdəki Qleb Jeqlova çox bənzəyən Maksimenkov mənə dərhal xəbərdarlıq eləmişdi: “Siyasəti bu işə qarışdırmaq lazım deyil. İsveç məhkəməsində dediyin hər şey – Qarabağ, Rusiya vətəndaşlığından imtina… Bizim məhkəmədə “zarafat eləyirdim, sərxoş idim, ya da çəkmişdim, neynədiyimi bilmirdim” deyəcəksən”. Cavabında ona dedim ki: “Alınmayacaq. Əgər siz razılaşma təklif etsəydiniz – zonda beş il yox, şərti iki il – bir az fikirləşərdim. Amma indiki halda bir stəkan dolusu zəhər içmişəm, ya stəkanın 10%-i qədər, fərqi yoxdur. Hər iki variant ölümcüldür. Mənim əhvalatımı bilən və mənə inanan insanlar nə deyərlər? “Ayıb olsun, Musayev!””
Əgər bütün bunların gələcəkdə başınıza nə işlər açacağını bilsəydiniz, yenə eyni şeyi təkrarlayardınız?
Qətiyyən. Mən elə bilirdim, hər şey başqa cür olacaq. Nə qazandım, axı?! Üstəlik, mənə göydən işarələr gəlmişdi ki, bu işi eləmək lazım deyil. Əlimizdə təyyarə biletləri olmasına baxmayaraq, biz üç dəfə Bakıdan Tümenə uça bilməmişdik. Əvvəlcə bizim reysi təxirə saldılar. İkinci dəfə hava limanından qayıtdıq, evdə nəyisə unutmuşduq. Üçüncü dəfə isə ümumiyyətlə, reysi cədvəldən sildilər. Nəticədə biz Tümenə dolayı yollarla getməli olduq – Xəzər dənizindən gəmi ilə Krasnovodska, ordan qatarla Aşqabada, orda da təyyarə ilə Tümenə.
“Mənim yaxşı arvadım vardı”
O hadisədən sonra həyatınız, demək olar ki, faciəvi olub. Amma bəlkə hansısa, həqiqətən, xoşbəxt anlar da yaşamısınız?
Evlənəndən sonra ilk aylar ağlımda bir fikir vardı: “Toya qədər düşünürdüm ki, sən yaxşı qadınsan, amma indi başa düşürəm ki, super qadınsan”. Mən həbs olunanda Marina gəlib baş çəkirdi. Əvvəlcə Piter yaxınlığındakı Yablonevkadaydım. Uşaqla birlikdə hər gün gəlirdi, mən onu yuxarı mərtəbədən görürdüm, bir-birimizə əl eləyirdik. Düşərgənin rəisi də onu görmüşdü. Bir dəfə yaxınlaşıb soruşmuşdu ki, siz niyə burda veyillənirsiniz? – “Ərim burdadır”. -“Nə olsun? Hamının əri burdadır”. – “O burdaykən mən evdə otura bilmərəm”.
Onun sədaqəti zonun sahibinin xoşuna gəlmişdi, bizə daha çox görüş verməyə başlamışdı. Vərəmə tutulandan sonra məni Kareliyaya köçürdülər. Marina yanıma ərzaq bağlamalari ilə gəlirdi. Məndə distrofiya yaranmışdı, amma arvadıma baxırdım və xoşbəxt idim. Fikirləşirdim ki, belə bir qadın üçün 12 il yatmağa dəyər. Fikirləşirdim ki, arvadım əsl almazdır… O, məni atanda özümü müflisləşmiş kimi hiss elədim. Fikirləşdim ki, o, saxta, şüşə almaz imiş. Depressiyaya düşmüşdüm, düz bir il ağladım. Bəziləri deyirlər ki, Marina sənə xəyanət elədi. Amma o, bunu altı ildən sonra elədi! Başqaları bir ili güclə dözürdülər. Və kim nə deyir-desin, mənim arvadım yaxşı insandır. Qızımıza elə tərbiyə verib ki, o, atasının qəhrəman olduğuna əmindir.
Marina Musayevanın müsahibəsindən. 1990-cı illər:
“Daha telefonlu görüşlərə getmirik. Sabina atasına toxunmaq istəyirdi, amma balaca əlləri şüşəyə ilişdi. Onun “niyə ataya toxunmaq olmaz” sualından sonra özümü saxlaya bilməyib hönkürdüm…”
“Dözməyə gücümüz qalmayanda, ya da “sabah başımıza nələr gələcək” sualından dəhşətə düşəndə qızımla həbsxanaya gedirik və onun ətrafında dolaşırıq”.
Əsgərlik kimi həbsxana
Tamerlan, həbsxanadan qorxurdunuz?
Hə. Anamla atam demişdilər ki, mən xasiyyətdə adamlar sovet həbsxanasında iki aydan çox yaşamırlar. Mən elə bilirdim ki, orda “blatnoy” olmaq, bıçağı qarına soxmağı bacarmaq lazımdır. Amma yanılmışdım. Sən demə, həbsxana olmaq əsgərlikdə olmaqdan daha asan imiş. Düzdür, həbsxananın yeməyi dadsızdır. Ancaq arvadın, ya da anan bağlama göndərirsə, normal qidalanmaq mümkündür. Ora çox tünlükdür, amma heç kim səni dilinlə ayaqyolunu təmizləməyə zorlamır. Mən həbsxanada sadizm görmədim.
Əslində, mən möhkəm çıxdım. Bilirsiniz, atam uşaq vaxtı mənə necə tərbiyə vermişdi? Cizgi filmləri qadağandır, şahmat oyna, ya da “Aşkar və inanılmaz” («Очевидное-невероятное») kimi ağıllı verilişlərə bax. Yeddi yaşımda mənə oyuncaq maşın almalarını istədim. Atam dedi ki: “Sən də axmaq kimi ona kəndir bağlayıb dartacaqsan? Yox, mən sənə gitara alacam”. -“Başqa oğlanların maşınları var, axı?!” – “Deməli, onlar kütbeyindilər. Sən isə inkişaf eləyəcəksən.” Məni idmana, musiqiyə qoymuşdu. Uzun sözün qısası, uşaqlığım Suvorov məktəbində keçib elə bil. Amma belə tərbiyə sayəsində əsgərlikdə də, həbsxanada da mənə asan olub. Cinayətkarlar, əsasən, itaət eləmək istəməyən insanlardır. Onları hətta işıqforun qırmızı işığı da təhqir eləyir. Mən isə intizamlıyam. İslah düşərgələrində rastlaşdığım o narkodilerlərin, onların qardaşlarının hamısı məni həvəslə öz dəstələrinə götürərdilər.
Digər tərəfdən həbsxanada çoxlu faydalı tanışlıqlar qurmaq mümkündür. Məsələn, Marinanı işə mənim kamera qonşum, Baltik zavodunun təchizat şöbəsinin keçmiş rəisi Vitaliy Kulik düzəltmişdi. (Yeri gəlmişkən, o, Yuriy Şutovun həmmüəllifi idi – elə həmin kamerada onunla birlikdə “İt ürəyi” kitabını yazdı, o biri də öz “Lendrover”ini ona bağışladı).
İsveçin “Slavyan missiyası” adlı xeyriyyə cəmiyyəti də müstəntiq Maksimenkovu Marinanı şəhərdən çıxmamaq şərtilə buraxmağa razı salanda onun bir qohumu mənzilini Marinaya kirayə vermişdi. “Slavyan missiyası” iki il həmin mənzilin kirayə haqqını ödədi.
Yeri gəlmişkən, qaçırılmış təyyarədəki stüardessalardan biri də Marinanı (onlar təyyarədə dostlaşmışdılar) qeydiyyata saldırmağa hazır idi. Amma müstəntiq icazə vermədi, qorxdu ki, məhkəmədə üstü açılar, hökmə təsir eləyər. Bax, bizim əhvalatda hər şey beləcə bir-birinə qarışmışdı.
Həbsxanada sizi ən çox nə təəccübləndirdi?
Heç vaxt inanmazdım ki, kanalizasiya boruları ilə kiçik əşyaları müxtəlif kameralara göndərmək mümkündür, özü də fərqli mərtəbələrə. Əşyanı ya prezervativə, ya da polietilen lentə kibritlə lehimləyirlər. Üzgəclər bağlayırlar – pinq-ponq şarları. Sonra həmin konstruksiyanı möhkəm kapron, ya da ipək sapla sarıyıb unitaza atırlar və suyu açırlar.
O biri kamerada da eyni şəkildə unitaza “hörümçək” – məftillərdən düzəldilmiş tutucu-lövbər buraxırlar. Gec-tez konteynerlə lövbər qarşılaşacaq və onların ipləri dolaşacaq. Onda bağlamanın sahibi ipi dartır, göndərən də öz tərəfində buraxır.
Səkkiz il pasportsuz
Doqquz il yarımdan sonra təkrar azadlığa çıxanda hiss etdikləriniz yadınızdadır? Neynədiniz?
Bir neçə ay sadəcə küçədə rahat gəzdiyimə görə xoşbəxt idim. Marina ilk vaxtlar onun evində yaşamağı təklif elədi. Dərhal da statusumla bağlı absurd vəziyyət yarandı. Mən həbsxanaya sovet pasportu ilə girmişdim, orda yatdığım müddətdə keçmiş SSRİ-nin bütün vətəndaşları pasportlarını dəyişib müstəqil respublikaların pasportlarını almışdılar. Məsələn, Rusiyada belə mübadiləyə görə, beş il verirdilər. Mən birbaşa Peterburqdakı miqrasiya xidmətinə getdim və Rusiya ərazisində qeyri-qanuni qaldığımı etiraf elədim. “Onda sizi ölkədən qovmalıyıq”- deyə cavab verdilər. Etiraz eləmədim. Sonra “Biz ölkədən çərşənbə günləri çıxarırıq. Əşyalarınızla birlikdə gəlin” dedilər. Amma sual yarandı – məni hara qovacaqlar? Azərbaycan vətəndaşı deyildim, hətta bununla əlaqədar Azərbaycan konsulluğundan arayış da vermişdilər.
Onda Miqrasiya məsələləri üzrə baş idarədə izah elədilər ki, əgər heç bir vətəndaşlığınız yoxdursa, sizi Rusiyaya hansı ölkədən gəlmisinizsə, ora göndərəcəyik, anketə adını yazın. Mən də İsveçin adını yazdım. İdarənin əməkdaşı müdriyyətə qaçdı, qayıdanda “Bu blankı cırırıq. Bizim miqrantları Özbəkistana, Tacikistana göndərməklə bağlı böyük təcrübəmiz var, amma heç vaxt heç kimi İsveçə göndərməmişik” dedi. Biz bir neçə dəqiqə deyişdik, sonra qadın məni qovdu: “Məkanı tərk elə. Sənin ucbatından böyük növbə yaranıb”. Bundan sonra mən İsveç konsulluğuna faks göndərdim. Yazdım ki, belə-belə, həbsdən çıxmışam, indi vətəndaşlığı olmayan şəxsəm, neynəyim, hara gedim, bilmirəm. Eyni zamanda 1993-cü ildə İsveçə rus vətəndaşı kimi gəlməmişdim, odur ki, mənim İsveçdən Rusiyaya göndərilməyim deportasiya yox, ekstradisiya idi. Odur ki, indi, məhz, sizin ölkə mənim taleyimə görə məsuliyyət daşımalıdır.
Bir həftədən sonra konsulluqdan zəng elədilər və sınıq-salxaq rus dilində qısa şəkildə “Konsul sizin müraciətinizi nəzərdən keçirdi və xahiş elədi, sizə çatdırım ki, İsveç sizin taleyinizlə məşğul olmağa məcbur deyil” dedilər. Bundan sonra da İsveçin müxtəlif rəsmi idarələrinə – ədliyyə nazirindən tutmuş ombudsmana qədər – bir yığın məktub yazdım, amma heç birinə cavab almadım. Qəribədir! Hətta Rusiyada da hökumət formal da olsa, məktublara cavab verir. İsveçlilər isə sənin məktublarını zibil yeşiyinə tullayırlar. Bəxtim onda gətirmişdi ki, mən musiqiçi idim. Riyaziyyat müəllimi olsaydım, pasportsuz heç bir məktəbə yaxın buraxmazdılar. Musiqiçidən isə sənəd istəmirlər. Düz səkkiz il Peterburqda pasportsuz işlədim. Bu, daha uzun çəkə bilərdi, amma Marina ilə rəsmən hələ evli idik və o, boşanmaq üçün kabinetləri gəzməyə, Azərbaycana saysız-hesabsız sorğular göndərməyə razılıq verdi. Onun sayəsində mən, nəhayət, Rusiya vətəndaşı oldum. …və yenə İsveçə yollandım.
Malaxovun qarşısında… Tövbə?
Anladığım qədərilə, keçmişiniz sizi rahat buraxmaq istəmirdi.
Mən “Mən təyyarə qaçırmışam” adlı kitab yazdım və onu öz hesabıma nəşr etdirdim. Kitab çıxandan sonra televiziyadan – Malaxovun adından zəng gəldi: “Siz “Qoy danışsınlar” verilişinə gələ bilərsiniz?” Redaktordan “Sizdə, həqiqətən, hər şeyi göstərirlər, yoxsa hamısı tamaşadır? Əgər ikincidirsə, mən iştirak eləməyəcəyəm”, – deyə soruşdum, cavab verdi ki, yox, hamısı gerçəkdir, biz sizə pul da verəcəyik – sizinlə gələn hər kəsə 200 dollar. Marina getmək istəmədi, Sabina razılaşdı – onun 14 yaşı vardı.
Onda Malaxov verilişində tez-tez “Biz canlı efirdəyik” deyə təkrarlayırdı. Mən buna inanmışdım. Səhər studiyaya gələndə bizə “İndi verilişi yazacağıq, axşam da göstərəcəyik. Amma əvvəlcə gəlin, məşq eləyək. Bir də, qızınız, əvvəl planladığımız kimi aşağıda sizin yanınızda yox, zalda tamaşaçıların arasında oturacaq”, deyə söylədilər. Uzun sözün qısası, məni aldatdılar, ancaq bir halda ki gəlmişdik, mən verilişdə iştirak eləməyə razı oldum. Nəticəsi də bu oldu ki, Sabinanı, ümumiyyətlə, danışmağa qoymadılar. Mənim çıxışım isə o qədər xoşlarına gəlməmişdi ki, 40 dəqiqənin təkcə 10 dəqiqəsini verdilər, efirdə yaranan boşluğu isə başqa süjetlə doldurdular. Üstəlik, söz verdikləri pulu da ödəmədilər. Düşünürəm ki, onlar məni studiyaya tövbə etməyə, girovlardan üzr istəməyə gəlmiş yırtıcı kimi göstərmək istəyirdilər. Ona görə də, Sabinanı yanımdan uzaqlaşdırdılar – 14 yaşlı ağıllı qız tamaşaçılarda mərhəmət hissi oyada bilərdi. Axı, mən nəyə görə üzr istəməliydim? Təyyarə qaçırdığıma görə, özümdən başqa heç kim zərər görməmişdi, mən doqquz il yarım həbsdə yatmışdım. Bu, bəs deyildi? Hələ nə qədər tövbə eləməliydim?
İndi də istəyirsiniz ki, İsveç sizin qarşınızda tövbə eləsin?
Mən istəyirəm ki, İsveç mənə olan borcunu qaytarsın. Təsəvvür eləyin: sizdən borc alıblar və geri qaytarmırlar, zəng vurursunuz, xatırladırsınız, amma yenə də vermirlər. Belə vəziyyətdə ən yaxşı çıxış yolu – məsələni ictimailəşdirmək, qalmaqal salmaqdır. Mən də İsveçə bunu eləmək istəyirəm. Mən istəyirəm ki, İsveç, onun ali məhkəməsinin səhvi ucbatından mənim çox böyük zərər gördüyümü etiraf eləsin. İsveçdə əksər insanlar bundan daha kiçik səhvlərə görə təzminat alırlar. Məsələn, axırıncı dəfə isveç həbsxanasında olanda mənə bir litvalı sürücü haqqında danışmışdılar. Onun yük maşınında narkotiklə dolu gizli yer tapmışdılar. İsveçlilər Litvanın əlindən beziblər. Həddindən çox litvalı İsveçə və Norveçə narkotik daşıyır. İş o yerə çatıb ki, bir isveçli yolda litva nömrəli maşın görəndə hər ehtimala qarşı dərhal polisə zəng vurur, çünki litvalılar ora adi turist kimi getmirlər. Məsələn, qəhvənin 5 avro, siqaretin 12 avro olduğu son dərəcə bahalı, üstəlik bir də soyuq Norveçdə onlar neynəyəcəklər, axı?! Nə isə. Deməli, həmin litvalını səkkiz ay istintaq təcridxanasında saxlamışdılar, amma təqsirini sübut eləyə bilməmişdilər. Deyirmiş ki, maşınında tapılan gizli yeri başqası düzəldib, barmaq izləri də yox imiş. Nəticədə o narkotik alverçisinə 40 min avro, üstəgəl “itirilmiş gəlirə” görə təzminat ödəmişdilər. Mənsə heç kimi öldürməmişəm, qarət eləməmişəm, narkotikə otuzdurmamışam və onların ucbatından əlavə yeddi il yatmışam, amma məni heç dinləmək belə istəmirlər.
Nə qədər təzminat almaq istəyirsiniz?
Mənim məbləğim 1 dollardır. Bu, prinsip məsələsidir. Qoy heç olmazsa, işi araşdırmağa başlasınlar.
İkinci təyyarə
Siz 2002-ci ildə azadlığa çıxmısınız. İsveçlə isə yenidən 2014-cü ildə məşğul olmağa başladınız. Niyə bu qədər çox gözlədiniz?
– Əvvəllər buna imkanım yox idi. Nə pulum vardı, nə pasportum. Pasport alan kimi xarici pasport aldım. O vaxta artıq pul da yığmışdım. 2014-cü ildə Danimarkaya getdim, İsveçin üzərindən keçən Kopenhagen-Oslo reysinə mindim, bort bələdçisini çağırdım və “mənə elə gəlir ki, sizin yük yerinizdə bomba var” dedim. O inanmadı: “Belə zarafat eləməyin, işim-gücüm var – qəhvə paylayıram”. Sonra stüardessa yaxınlaşıb yanımda oturdu və məni sakitləşdirməyə başladı: “Narahat olmayın, bomba-filan yoxdur”. Ona “Var, var!” deyə cavab verdim, az qala, ağlayırdım. Nəhayət, marşrutu dəyişdilər və Göteborqa endilər. Polis gəldi, qolumdan yapışıb məni trapdan düşürtdülər, üst-başımı axtardılar, qandal taxıb maşına mindirdilər. Amma hərəkət eləmədilər, nəsə gözləyirdilər. Qəflətən qara geyimli, maskalı, avtomatlı adamlar gəldilər. Mən əllərim qandallı halda polis maşınında sakitcə oturmuşdum. Onlar videokameranı işə saldılar, “Onu götürürük!” qışqıra-qışqıra üstümə atılıb maşından çıxartdılar, kapota yatırdılar və nədənsə nümayişkaranə şəkildə arxadan köynəyimi cırdılar. Sən demə, bu, İsveçin terror əleyhinə dəstəsinin əbəs yerə mövcud olmadığını isbatlamaqdan ötrü münasib fürsət imiş.
Əsl lətifədir! Mənim İsveçi ikinci kəşfim belə başladı. Və davam elədikcə ölkəni daha az tanıyırdım, anlaya bilmirdim. Ya mən iyirmi il əvvəl sadəlövh olmuşam, ya da İsveç 1993-cü ildən bu yana xeyli dəyişib. Gözəl nağıldan səfeh lətifəyə çevrilib.
İlk sualları o oldu ki, niyə təyyarədə “fake alarm” – saxta təlaş yaratmışam? “Həbsxanaya düşmək üçün”, – deyə cavab verdim.
-Dəlisən?
-İsveç hökuməti öz səhvini boynuna almalıdır. Amma o, heç mənim yazılı müraciətlərimə də cavab vermir. Başqa neynəyə bilərdim? Mən sizin həbsxanaya sizin hökumətinizə etiraz əlaməti olaraq gedirəm. Bu, bir növ aclıq aksiyası kimi bir şeydir.”
Onlar neynədilər?
Əqli sağlamlığımı yoxlamaq qərarına gəldilər, böyük bir psixoloji ekspertizaya apardılar. Quyu şəklində, solyarisi və idman zalı olan nəhəng ikimərtəbəli bina idi. Orda iyirmi nəfərdən ibarət personal dörd dəlini qoruyur, onlar üçün piroq bişirirlər və axşamlar qonaq edirlər. Bütün günü bilyard oynaya bilirsən. Oyun yoldaşına ehtiyacın varsa, personala müraciət eləyirsən. Dəlilərlə oyun oynamaq onların borcudur.
Ancaq ekspertiza mənim normal olduğumu təsbit eləyəndə isveçlilər dərhal məni o gözəl klinikadan çıxarıb təzyiq eləməyə başladılar. Məhkəməni mətbuatın üzünə bağladılar, qətiyyən məni dinləmək istəmirdilər. Elə bir vəkil verdilər ki, kömək eləmək əvəzinə işi yubadırdı.
Qızım şokdaydı – vəkilə zəng vururdu, o isə dəstəyi atırdı. Vəkilimin dəyişdirilməsini, ya da özüm-özümü müdafiə üçün mənə icazə vermələrini xahiş elədim, amma rədd cavabı aldım. Çox qəzəblənmişdim. “O, məni müdafiə eləmir!” deyirdim, hakim isə cavab verirdi ki: “Yaxşı, onda yerində otursun və sussun”. – “Niyə? Qoy zaldan çıxsın”. – “Yox, o, burda oturacaq”.
Axırda mənə verilən hökmdə deyilirdi ki, vəkilim olub (heç dinmədiyi barədə bir kəlmə də yox idi) və onun qonorarı sutkası 2000 avrodur. Məhkəmənin axırıncı iclasında reqlamentə əsasən, mənim ifadəmə iki saat ayrılmışdı. Məndən sonra da prokuror çıxış eləməliydi. Təzəcə danışmağa başlamışdım ki, hakim sözümü kəsdi: “Musayev, gəlin, indi sizi yox, prokuroru dinləyək, siz ondan sonra çıxış eləyərsiniz”. – “Səbəb? O zaman reqlament niyə tərtib olunub?” – “Heç bir səbəbi yoxdur”. – “Onda mən razı deyiləm”. – “Yaxşı. Bir halda ki razı deyilsiniz, onda sizə çıxış üçün cəmi 10 dəqiqə vaxt verirəm”. – “Axı, burda iki saat yazılıb?!” – “Məhkəmənin sədri mənəm. Mənim qərarım – 10 dəqiqədir”.
Əgər mən iclasın sonunda çıxış eləməyə razılıq versəydim, hakim məni sözdən məhrum edərdi. O, 1993-cü ildə olanları danışmağımı istəmirdi. Elə eləmişdilər ki, o hadisə cinayət işində, ümumiyyətlə, göstərilməmişdi.
“Bu, necə ola bilər? Axı, sizin qanunlarda aydın yazılıb: məhkəmə cinayətin səbəbini aydınlaşdırmalıdır. Mən səbəbi sizə deyirəm, siz isə məni dinləmək istəmirsiniz. Mən sizin ucbatınızdan neçə il artıq yatmışam! Gəlin, qorxaq kimi həmin hadisədən gizlənməyək və məhkəməni mətbuata bağlamayaq. 1993-cü ildə sizin bütün telekanallarınız məni göstərirdi. İsveçlilərdən yüzlərlə məktub alırdım. Yəqin ki, onlar, bütün İsveçin hay-küylə müzakirə elədiyi əhvalatın necə bitdiyini bilmək istəyərlər: Bu insanın məqsədi nədir, niyə özünü belə əcaib aparır? Amma bu gün siz deyirsiniz ki, o iş barədə bir kəlmə də demə, gəl, konkret son hadisəni – “fake alarmı” araşdıraq. Çıxış üçün on dəqiqən var… Əgər məni dinləməsəniz, sizə tez-tez belə saxta təlaşlar yaradacam və İsveç pul itirəcək. O pulları faydalı bir şeyə yönəltmək yerinə, mənimlə mübarizəyə sərf eləyəcək.”
Onlar böyük məmnuniyyətlə “təyyarə qaçırmağı” ayağıma yazardılar, amma bu dəfə mən heyətə “Göteborqa uçuruq” deməmişdim, sadəcə yük yerində bomba ola bilər deyə, narahatlığımı bildirmişdim. Fikirləşirdim ki, yeddi aydan çox almaram. Ancaq onlar mənə il yarım verdilər, hətta “bunker”ə də saldılar.
Bunker manyaklar – doktor Lektorlar üçün nəzərdə tutulmuş həbsxana içində həbsxanadır, orda 14 ilə qədər yatanlar var. Tam təcrid. Başqa insanlara ünsiyyətdə olmaq qadağandır. Hə, bir də məni cərimə təcridxanasına salmışdılar. Bu yolla qorxutmağa, mübarizədən çəkindirməyə çalışırdılar. Sadəlövh insanlar. Mən doqquz il yarım rus həbsxanalarında yatmışam. Orda “zek”lər etiraz əlaməti olaraq kütləvi şəkildə venalarını kəsirdilər, narazı adamları cərimə təcridxanasında (ŞİZO) xlorla zəhərləyirdilər, yəni kameranın döşəməsini gündə bir neçə dəfə xlorla silirdilər…
Kriminal İsveç
İsveçli dustaqlar sizin əhvalata necə reaksiya verirdilər?
“Bunker”də isveçlilər az idi – orda əsasən, bu ölkəyə cinayət törətməyə gələn əcnəbilər yatırdılar. İsveçlilər, məhz, buna görə gəlmələri sevmirlər. Amma mənə normal yanaşırdılar. Deyirdilər ki, bizim hökumətdə oturanlar axmaqdılar, ayda 10 min avro xərcləyirlər ki, bizdən fərqli olaraq, çəkməyən, içməyən, bank soymayan adamı həbsxanada saxlasınlar.
Məgər sakit İsveçdə bank soyğunları olur?
Mənim kamera yoldaşım 50 bank soymuş və üst-üstə 30 il həbsxanada keçirmiş adam idi. Ortağı ilə birlikdə dinamitlə seyfləri partladırmışlar. 10 il əvvəl növbəti qarətdən sonra bankdan çıxanda kiminsə həyəcan düyməsini basması nəticəsində gələn polislər bayırda onları gözləyirmiş. Polislərin təkcə tapançaları, soyğunçuların isə avtomatları varmış. Təlimata görə, polisin çox silahlı insanlarla döyüşə girməyə, hətta onları təqib eləməyə ixtiyarları yoxdur, mütləq xüsusi təyinatlıları çağırmalıdılar. Bunu bilən qarətçilər sadəcə avtomatdan havaya yaylım atəşi açıblar, çıxartdıqları pulla birlikdə maşına minib sakitcə uzaqlaşıblar. Ancaq ordakılardan bir kişi öz idman maşını ilə qarətçiləri izləmək qərarına gəlib. Təqibçi əl çəksin deyə quldurlar ona atəş açıblar – amma sürücüyə yox, onun sağ tərəfindəki, boş olduğunu düşündükləri oturacağa. Əslində isə orda sürücünün altı yaşlı oğlu oturubmuş. Güllə düz alnından dəyib. Qarətçilər həbs olunublar, ancaq uşağın qətlinə görə hələ də heç biri mühakimə edilməyib. Çünki polis uşağa gülləni, məhz, kimin atdığını aydınlaşdıra bilmir.
İsveç həbsxanasında sizi başqa nələr təəccübləndirdi?
“Bunker”dəki digər “həmkarım” ona görə həbs olunmuşdu ki, avtomatlı dostları onu birbaşa məhkəmə zalından xilas eləmişdilər. Üzlərinə maska taxıb məhkəməyə soxulublar, gözətçiləri döşəməyə yatırdıblar. Adam azadlığa çıxan kimi İspaniyaya yollanıb, orda öz taksi şirkəti varmış. Sonra rahatlayıb, boynundan alnına saç əkdirib və İsveçə qayıdıb – fikirləşib ki, belə onu tanıyan olmaz. Ancaq həbs edilib.
İsveçdə belə şeylərin baş verdiyini öyrənəndə sarsılmışdım. Ölkəyə çoxlu əcnəbilər gəlib, etnik quldur dəstələri arasında ərazi uğrunda müharibələr gedir. Həbsxanalarda o qədər litvalı yatır ki, onlar cəzalarını öz vətənlərində çəksinlər deyə İsveç Litvaya pul ödəyir. Belə olanda İsveçin daha az xərci çıxır. Bir dustağın saxlanması İsveçə ayda on min avroya başa gəlir. İndi onlar Litvaya beş min ödəyirlər və beləcə qənaət edirlər. Bu, litvalılara da sərf eləyir – hər litvalı cinayətkara görə ayda beş min avro alırlar, onun həbsxanada saxlanmasına iki min xərcləyirlər, üç min də gəlir qalır.
İsveç artıq çoxdan dinc ölkə deyil. İndi orda istənilən qətlə görə ömürlük cəza verirlər. Düzdür, özünü yaxşı aparsan, cəzanı iyirmi bir ilə qədər azalda bilərlər və daha tez çıxarsan. “Bunker”də İsveçdə sığınacaq almış iraqlı keçmiş hərbçi, dəli killer vardı, beş min avro qarşılığında öz xidmətlərini təklif eləyirdi. Ona artıq ikinci dəfə ömürlük vermişdilər.
1993-cü illə müqayisədə isveç həbsxanaları da korlanıb. Əvəllər kameralar beş ulduzlu otellərə bənzəyirdi, indi isə xidmət səviyyəsi üç ulduza düşüb. Ancaq yenə də kamerada şərait indi mənim Peterburqda kirayə qaldığım otaqdan daha yaxşıdır. Sənə ayda 200 avro limit verirlər və o məbləğə mağazadan istədiyin yeməyi sifariş verirsən. Mən azadlıqda heç vaxt isveç həbsxanasında yediyim qədər yeməmişəm…
İnsan və Pişik
Sizə deməyi unutdum: mən ikinci təyyarəni pişiklə birlikdə “qaçırmışdım”. O, təyyarədə yanımdaydı. Polis məni həbs eləyəndə pişiyi də həbsxanaya gətirdilər. Mənə xəbərdarlıq elədilər ki, ona yer tapmasam, pişiyimə iynə vuracaqlar. Xoşbəxtlikdən, həbsxananın işçiləri onun üçün özəl pişik evi tapdılar. Artıq iki il yarımdır ki, onun Göteborqdakı pişik evində saxlanılması üçün ayda yüz avro ödəyirəm. Bizi ayıranda ikimiz də depressiyaya düşmüşdük. Pişik evinin sahibəsi mənə yazmışdı ki, ilk vaxtlar heyvan heç kimi yaxın buraxmırmış, düz bir il pəncərənin qabağında oturub bayıra baxıb.
Ümumiyyətlə, mənim pişiyim ayrıca mövzudur. Mən Peterburqda otaq kirayələyəndə qonşu qızın tayland pişiyi vardı, tez-tez mənim otağıma gəlirdi. İnsanlar qəhvə, ya da pivəyə necə alışırlarsa, mən də, tədricən, o pişiyə elə alışdım.
Bir neçə aydan sonra qonşu qız pişiyi ilə birlikdə ordan köçəndə özümü pis hiss elədim, amma səbəbini anlamırdım. Naxoşluğumun səbəbinin pişik olduğunu ilk dəfə qızım Sabina başa düşdü. Pişiyin şəklini internetə yerləşdirdik və ona bənzəyən iki aylıq pişik balası aldıq. Mən dərhal sağaldım. İsveçə getməyə hazırlaşanda pişiyi tapşıra biləcəyim heç kim yox idi. Digər tərəfdən ikinci hadisədən sonra İsveç həbsxanasından çıxanda pişiyi özümlə Peterburqa gətirə bilmədim – çünki artıq mütəmadi olaraq belə etiraz aksiyaları keçirib İsveç həbsxanalarına düşəcəyəm.
Amma pişiyi ata bilmərəm. Yüz avro isə elə bir məbləğdir ki, hələlik onu ödəyə bilirəm. Axırıncı olduğum isveç həbsxanasında ayda 160 avro qazanırdım. 60-nı özümə, 100-nü isə pişiyə xərcləyirdim.
Tərbiyəsiz insanlar
İkinci təyyarədən sonra sizin Avropa İttifaqına girişinizə qadağa qoydular?
On illik. Onlara dedim ki, istəyirsiniz, lap 100 il qadağan eləyin, bunun sizə heç bir köməyi olmayacaq, bir aydan sonra görüşəcəyik. “Görək, bunu necə eləyəcəksən”, – deyib güldülər. Son dərəcə asanlıqla elədim. Helsinki üzərindən Türkiyəyə bilet aldım. Belə uçuş zamanı şengen vizasına ehtiyac yoxdur. Helsinkiyə çatandan sonra hava limanının tranzit bölgəsində fin polislərinə yaxınlaşdım və dedim: “Məndə olan məlumata görə, yarım saatdan sonra Stokholm hava limanından Finlandiyaya uçacaq təyyarəyə bomba qoyulub. Mən terror aktının qarşısını almağa çalışıram. Təcili İsveçə zəng eləyin”.
Polislər zəng elədilər. Stokholmda həmin təyyarəni başqası ilə dəyişdilər, “minalı” təyyarəni isə yoxlamağa apardılar. 20 dəqiqəlik gecikmə oldu. Və bazaya “Musayev” soyadını daxil eləyən kimi mənim həbs olunmağımı tələb etdilər. İsveçlilər məmnuniyyətlə məni Finlandiyada qoymaq istəyirdilər. Fin vəkilləri “sən buna sevinməlisən. İsveçdə “yalandan təşviş yaratmaq” maddəsi üzrə dörd ilə qədər iş verirlər, Finlandiyada isə bu müddət cəmi bir ilə qədərdir, əslində isə, uzağı, iki ay yatacaqsan” dedilər. Cavabında onlara “Təşəkkür eləyirəm, amma bu, prinsip məsələsidir. Hətta məni elektrik stulu gözləsə belə, mən yenə də İsveçə gedəcəm” söylədim.
Uzun sözün qısası, söz verdiyim kimi, isveçlilər məni öz ölkələrinə apardılar. Və yenə də mənim məhkəməm mətbuata qapalı şəkildə keçirildi. Ancaq iki il əvvəl Göteborqda təyyarədə bomba olduğunu uydurduğumu demişdimsə, bu dəfə fərqli davrandım.
Hakim məndə soruşdu: “Nədir, yenə yalandan təşviş yaratmısan?” O mənim etiraf eləyəcəyimi gözləyirdi: hər şeyi qəsdən eləmişəm, sizi ələ salıram-filan. Mən: “Yox, bu dəfə əsl həyəcan siqnalı idi. Mən insanları xilas elədim. Hazırlanan terror aktı barədə məlumat almışdım və qanunlara tabe olan bir adam kimi polisə xəbər verdim”. Prokuror: “Siz belə məlumat almamısınız, onu özünüzdən uydurmusunuz”. Mən: “Sübut eləyin”. Onun sübutu yoxdur. Odur ki, deyir: “Məlumatı kimdən aldığınızı bildirin”. “Əlbəttə, ancaq əvvəlcə məni şahidlərin qorunması proqramına daxil eləyin. Onu tətbiq eləmək sizin borcunuzdur. Əks halda cinayətkarlar – hələlik onları şərti olaraq “tərbiyəsiz adamlar” adlandıraq – mənim bütün qohumlarımı öldürəcəklər”.
Hakim: “Siz keçən dəfə söz vermişdiniz ki, yalan panikalar yaradacaqsınız”. Mən: “Nə olsun? Hərdən belə olur: keçən dəfə mağazaya oğurluq eləmək üçün girmişdim, bu dəfə nəsə almaq üçün. Keçən dəfə oğurluq elədiyimə görə, bu dəfə mağazadan çıxanda məni tuta bilməzsiniz. Mən hər həftə yağış yağdıracağıma da söz ver bilərəm. Onda yağış yağacaq?” Mən əmin idim ki, keçən dəfəkindən daha çox cəza alacam- hər halda söhbət residivdən gedirdi. Ancaq mənə cəmi doqquz ay verdilər. Çünki keçən dəfədən fərqli olaraq, bu dəfə etiraf eləməmişdim, onlarda isə bunu qəsdən elədiyimi isbatlayan dəlil yox idi. Axırda onlara daha bir şey vəd elədim: “Gələn dəfə hava limanında bomba olmayacaq. Məsələn, ağacda pişik olacaq. Mən heyvanları xilasetmə xidmətinə zəng vuracam. Onlar göstərilən ünvana gələcəklər və pişiyi tapmayacaqlar. Sonra zəng vurub yalan məlumat verdiyimi etiraf eləyəcəm. Buna görə, mənə nə cəza düşür? Yüz avro cərimə və ya bir həftə həbs? Əlbəttə! Ardımca təyyarə göndərin. Biz ayda iki dəfə həmin təyyarə ilə uçacağıq. Və gec-tez hər kəs bundan xəbər tutacaq. İsveç hökuməti bu adamın nə istədiyini jurnalistlərə açıqlamağa məcbur qalacaq”.
İsveçlilər bu vədinizə necə cavab verdilər?
Məni ən ağır şərtli həbsxanalarına – “Saltvik”ə saldılar. Ordakı insanlar ömürlük cəza alanlardı. Qızımla telefonla danışmağa icazə vermirdilər. Hamıya icazə verirdilər, mənə yox. Bəhanə uydurmuşdular ki, Sabina onlara mühakimə olunmadığını göstərən sənədin əslini yox, surətini göndərib. Halbuki Belçika vətəndaşı olan həmkarım Uolter nəinki mühakimə olunmuş arvadı ilə danışırdı, hətta birbaş onun yatdığı həbsxanaya zəng eləyirdi. Onlar qaçaqmalçı idilər. Treyler kirayələyib narkotik yükləmişdilər, sonra da Avropanı gəzməyə çıxmışdılar… Hərəsi beş il almışdı.
İsveçlilər mənimlə çirkli mübarizə aparırlar. Azadlığa çıxacağım ərəfədə kamerama naməlum bir adam gəldi və aramızda belə bir söhbət oldu:
-Elə bilirsən, sabah səni buraxacağıq?
-Hə, mənim cəza müddətim bitib, məni buraxmağa məcbursunuz. Qanun belədir.
-Çıxandan sonra yenə ora-bura uçacaqsan?
-Hə. Əgər mən xaricdə yalan məlumat göndərsəm, siz İnterpol vasitəsilə ardımca təyyarə göndərməyə və məni İsveç məhkəməsinə gətirməyə məcbursunuz. Sizin qanunlar bunu tələb eləyir.
-Biz buna yol verməyəcəyik, qanuna tüpürəcəyik. Sən illərlə burda yatacaqsan, biz səni heç vaxt buraxmayacağıq. Elə bilmə ki, sənin üçün burda demokratiya olacaq. Şimali koreyadakılardan daha pis vəziyyətə düşəcəksən.
Həqiqətən də, müddətim bitdi, amma məni buraxmadılar. Günlər keçir, mənsə hələ də həbsxanadayam. Onlar əmin idilər ki, mən Rusiyadan kömək istəməyəcəm, çünki birinci dəfə təyyarə qaçıranda çox qəzəbliydim, Rusiya haqqında çoxlu pis şeylər deyib-yazmışdım. Ancaq mən Rusiya səfirliyinə zəng vurdum. Orda isveçlilərin məni buraxmadıqlarına inanmadılar, hərçənd söz verdilər ki, “Saltvik” həbsxanasına rəsmi sorğu göndərəcəklər. Və sorğularına belə bir rəsmi cavab aldılar: “Tamerlan Musayev “Saltvik”də olduğu barədə yalan deyir. O, aprelin 10-da həbsxanadan buraxılıb. Lakin ona İsveç ərazisində olmaq qadağan edildiyinə görə, hazırda Musayev xüsusi deportasiya mərkəzindədir və xüsusi özəl təyyarəni gözləyir. Çünki onu adi təyyarə il deportasiya etmək olmaz- o, sərnişinlər üçün son dərəcə təhlükəlidir. Bizdə cəmi bir dənə xüsusi özəl təyyarə olduğuna görə, ona növbə var. Bir sözlə, gələn kimi dərhal…”
Konsula deyirəm, bu, yalandır, mən deportasiya mərkəzində-filan deyiləm, hələ də kameradayam, eyni işə gedirəm, cavabında “Yox, belə şey mümkün deyil. Çox güman ki, zəng vurub yalan danışan sizsiniz. Biz imzalı kağızlara inanmağa məcburuq” deyir.
Tamerlan Musayev İsveç Həbsxanasında
İsveçli vəkilinizlə əlaqə saxlamağa cəhd eləmədiniz?
Elədim. Ondan qəzetlərə xəbər verməsini xahiş elədim. Dedi ki, bu, qəzetlər üçün maraqlı olmayacaq. Mən: “Dəlisən? Belə şey heç vaxt olmayıb. Belə şey heç Rusiyada da yoxdur! Ki, cəza müddəti bitmiş insanı “zon”da saxlasınlar. Mən doqquz il yarım yatmışam və heç vaxt belə şey eşitməmişəm. Əksinə, müddəti bitən adamı düşərgə rəisi boynundan tutub bayıra çıxardır.”
Mənim bircə çarəm qalırdı – hələ də həbsxanada olduğumu Rusiya səfirliyinə sübut etmək. “Saltvik”dəki hər dustaq kimi mənə də “kontakt-persona” – necə deyərlər, tərbiyəçi təhkim olunmuşdu. Onun mənə yazığı gəlirdi, “sənin başına gələnlər – İsveç üçün rüsvayçılıqdır. Mən heç vaxt belə şey görməmişəm” deyirdi.
Onun vasitəsilə bizim səfirliyə faksla sim-kart üçün qəbzin surətini – guya azad olunandan sonra həbsxana dükanından almışdım – və maaş sənədinin surətini – mənim hələ də işə getdiyimi təsdiqləyən sənəd – göndərdim.
Sonra nə baş verdi?
Səfirliyin növbəti sorğusundan sonra isveçlilər artıq inkar eləyə bilmədilər – onların yalanının üstü açılmışdı. Dərhal ardımca təyyarə gəldi. Rusiya səfirliyinin öz vətəndaşlarını müdafiə etməsi mənim üçün gözlənilməz və xoş oldu. Düzdür, səfirliyin əməkdaşları belə vəziyyətlərdə almanların, ya da amerikalıların etdikləri kimi ertəsi gün məni görməyə gəlmədilər. Amma sağ olsunlar, ən azı, mütəmadi sorğu göndərirdilər. Müqayisə üçün deyim ki, mənimlə birlikdə litvalılar da yatırdılar. Onlardan hansısa öz səfirliyinə zəng eləyəndə həmişə eyni cavabı eşidirdi: həbsxanada qal və rəhbərliyin əmrlərindən çıxma. Çünki Litva hökuməti Avropa ilə dostluq xatirinə öz vətəndaşlarına laqeydlik göstərir.
Yaxşı ki, Rusiya ilə Avropa hazırda düşməndir. Bunun sayəsində, Rusiya özününküləri müdafiə eləyə bilər. Əks halda mənim xarici pasportumu alıb deyərdilər ki, isveçlilərdən əl çək! Amma indi məncə, Rusiya hökuməti belə fikirləşir: “Aa! Sən isveçliləri narahat eləyirsən? Afərin sənə! O homosekləri bezdirməyə davam elə”.
Amma onlar həqiqətən homosekdilər. İsveçdə göyqurşağı rənglərindəki bayrağa rast gəlmədən yüz metr yerimək mümkün deyil. Son vaxtlar təbliğat çox sərtləşib. İndi uşaq bağçalarında uşaqlara iki yox, daha çox cinslər olduğu barədə danışırlar. Sən demə, indi İsveç ədaləti də son dərəcə seçici davranır. Özününkülər üçün – qanun, özgələr üçün – qanunsuzluq. “Saltvik”də – onların ən sərt həbsxanasında yüz adam yatır – onlardan onu isveçli, qalanı əcnəbilərdir. İsveçliləri “Saltvik”ə ömürlük alanda göndərirlər, əcnəbiləri isə cüzi müddətlərlə, məsələn, mağazadan ayaqqabı oğurluğuna görə, iki aylıq cəzayla.
Eyni şeyə görə iki ay alan özününküləri- isveçliləri tamamilə fərqli həbsxanalarda, gözəl şəraitdə saxlayırlar, orda dustaqlar balığa gedirlər, bilyard oynayırlar və s. Əslində, bunun adı diskriminasiyadır. Əgər indi isveçlilərdən soruşsan ki, sizin həbsxanalarda insanları məhkəmənin hökmü olmadan saxlaya bilərlərmi? Onlar qəti şəkildə “yox” deyəcəklər. Amma, məsələn, məni əlavə iki ay barmaqlıqlar arxasında saxladılar. Bəziləri illərlə yatırlar. Elələrindən, ən azı, ikisini şəxsən tanıyıram. Biri nigeriyalıdır, digəri azərbaycanlı. Onların pasportları yoxdur, polis kimliklərini təsbit edə bilmir, özləri də adlarını demirlər. Əvvəllər isveçlilər belələrinə “yaxşı, bizim ölkədə qalın, burda yaşayın” deyirdilər və onlara sənəd, pasport verirdilər. İndi isə belə insanları illərlə – öz adlarını deyənə qədər həbsxanada saxlayırlar.
İsveç qanunlarına görə, məhbus qapalı kamerada sutkada 12 saatdan çox qalmamalıdır. Ancaq o ikisini 16 saata qədər saxlayırlar. Məncə, Rusiyada onların başına polietilen paket salardılar və o adamlar bir dəqiqədən sonra öz adlarını xatırlayardılar. Amma hər iki üsulun- həm rus, həm isveç – mahiyyəti eynidir – qanunsuzluq.
İsveçliləri başa düşmək olar, onlarda vəziyyət ağırdır. Onlar sığınacaq verilməsi ilə bağlı humanist qanunlarını tətbiq eləyəndə düşünürdülər ki, ölkələrinə ildə 100 nəfər gələcək –niyə ölkəyə buraxmasınlar ki?! Qaçqın və mühacirlərə çox yazıqları gəlirdi. Bu, sahibsiz pişiyi yemləməyə bənzəyir.
Amma bir evə 100 sahibsiz pişik – həddindən çoxdur, axı?! Hazırda Türkiyənin Avropaya bir milyon qaçqın göndərdiyi dövrdə isveçlilər artıq qanuna riayət edə bilmirlər. Yaxşı, əgər bunu eləyə bilmirsinizsə, onda qanunu dəyişin, vəssalam!
Amma onlar belə dürüst davranmaq əvəzinə televizorda üzlərinə təbəssüm taxıb mühacirlərə “welcоmе” deyirlər. Baxmayaraq ki, o mühacirlərin əksəriyyəti ora düşünülmüş şəkildə cinayət törətməyə gedir.
İsveçlilər heç vaxt birbaşa onların üzlərinə “siz bizi bezdirmisiniz” deməzlər. Hərçənd o qədər beziblər ki, daha gücləri qalmayıb. Onda niyə yalan danışırsınız, riyakarlıq eləyirsiniz?
İsveçlilər qaçqınlarla eyni məhəllədə yaşamaq istəmirlər, onları xüsusi rayonlara yerləşdirirlər. O qaçqınlar da bir müddət sonra şikayətlənməyə başlayırlar: “Niyə öz isveç rayonlarınızda hovuzlar tikirsiniz, bizimkində yox? Bizim övladlarımız küçələrdə veyillənməyə məcbur qalırlar. Bu, rasizmdir!”
İsveçlilər “Nə danışırsınız, rasizm hardan çıxdı?” – deyə cavab verirlər və heç nə eləmirlər. İsveçlilər çox nəzakətlidirlər, hər beş dəqiqədən bir “çox təşəkkür eləyirəm” deyirlər, amma bu sözlərin səmimiyyətinə inanmayın.
Əvvəl-axır mühacirlərin səbri daşır və onlar maşınları yandırmağa başlayırlar. Yalnız bundan sonra isveçlilər onlar üçün də hovuz tikirlər.
Həqiqətəbənzər yalan
Bu situasiyada onlara başqa nə qalır?
Qalır bütün təqsirləri Rusiyanın boynuna qoymaq. Bilirsiniz, bu gün İsveç televiziyası, demək olar ki, tənqidi yanaşma sərgiləmir. Mən heç vaxt rusiyasevər olmamışam, ancaq indi görürəm ki, beyin yumaq məsələsində İsveç lap Sovet İttifaqına bənzəyir, əhalini zombiləşdirir – “bizdə hər şey yaxşıdır, qonşularda isə hər şey pisdir”. Mənim uşaqlığım bununla keçib. Televizorda danışırdılar ki, Amerikada hamı küçələrdə karton qutularda yatır. Bir dəfə xeyirxah bir mühafizəçidən internetə girib mənim üçün ölkənin aparıcı qəzetlərinin ünvanlarını götürməsini xahiş eləmişdim (vəkilim mənə bu işdə kömək eləmək istəməmişdi). O, ünvanları çap edib mənə gətirdi. “Avtonbladet”ə, “Ekspressen”ə – cəmi 5-6 qəzetə – məktub yazdım: mən, 23 il əvvəl haqqında yazdığınız həmin o təyyarə qaçıran adamam. O əhvalatın maraqlı davamı var”. Heç biri cavab vermədi. Səssizlik.
Ümumiyyətlə, bu gün məni niyə dinləsinlər, axı? O vaxt mən Rusiyadan təyyarə qaçırmışdım və Rusiyanın necə pis yer olduğunu danışırdım, ona görə də, bütün telekanallar məni göstərirdi. Bu gün başqa şey danışacam, axı! Bu gün deyəcəm ki, siz 1993-cü ildə məhkəmə xətasına yol vermisiniz. Deyəcəm ki, mənim isveçli vəkillərimin hamısı -yalançı və satqındır. Deyəcəm ki, bir il cəza almış insanı 14 illik cəzayla yatanları yığdığınız bunkerə salmaq olmaz. Deyəcəm ki, İsveç hökuməti məni qanunsuz şəkildə həbsdə saxlayıb və mənim barəmdə Rusiya səfirliyinə yalan məlumat verib…
Bu gün mən əsl siyasi məhbusam. İsveçdə isə siyasi məhbuslar yoxdur. Necə ki, vaxtilə SSRİ-də yox idi – tutulan hər kəs cinayətkar olurdu.
Əvəzində isveçlilər hər həftə Rusiya haqqında ancaq neqativ şeylərdən ibarət böyük-böyük məqalələr yazırlar. Hələ də “Pussi Rayt”ın dərdini çəkirlər, halbuki Rusiyada onları çoxdan unudublar. Hə, başqa “əbədi” mövzular da var – Maqnitskiy, mifik rus sualtı qayıqları…
Ya da belə bir üsuldan istifadə eləyirlər: Rusiyanın ən pis həbsxanasını seçirlər və onun haqqında veriliş hazırlayırlar. Kontrast yaratmaq üçün də ertəsi gün Norveçin ən yaxşı həbsxanasını göstərirlər: hasarları yoxdur, hər yer otluqdur, dustaqlar da otların üstündə oturub pişikləri sığallayırlar. Böyük salon göstərirlər, kompyuter göstərirlər… Amma Norveçdə bu tipli həbsxana bircə dənədir. Axı, sizin də iki-üç qatlı hasarları olan, cəmi bir saatlıq gəzinti verilən, hər şeyin qadağan olunduğu həbsxanalarınız var. Öz növbəsində Rusiyada da Peterburq yaxınlığında qəsəbə-düşərgələr var ki, onların da hasarları yoxdur. Siz niyə Rusiyanın ən pis, Norveçin ən yaxşı həbsxanasını seçmisiniz? Niyə Rusiyanın hansısa xaraba qalmış kəndi barədə film çəkirsiniz? Moskvanı, Rublyovskiy şossesini göstərin də! Rusiya rəngarəngdir. Bəziləri qəpiyi qəpiyə calaya bilmirlər, bəziləri də “Bentli”də gəzirlər və elə yaşayırlar ki, siz isveçlilər elə həyatı heç yuxuda da görməmisiniz. Yaxşısı budur, siz öz İsveçinizin problemlərindən yazın. Məsələn, həbsxanalardakı gizli korrupsiyadan.
Bax, biz dəri məmulatları istehsal eləyirdik – qayışlar, itlər üçün xaltalar, təkbarmaq əlcəklər. Özü də çox baha qiymətə. Bir cütü 30 avro. Eyni məhsulun Çində istehsal olunanı 3 avroya başa gəlir. Amma isveç şirkətləri o məhsulları bizə sifariş verirdilər. Öz növbəsində həbsxana da həmin şirkətlərdən nələrsə satın alırdı – məsələn, elektriklə işləyən “Elektrolyuks” isveç plitələri. Hərçənd koreyalıların “Samsunq”ları “Elektrolyuks”dan iki dəfə ucuzdur. Orda sistem belə işləyir. Həbsxanalarda qiymətlər qəsdən şişirdilir. Divanlar – dədələrinin qiymətinə, gəzinti həyətini bəzəyən daş parçası – yeddi min avro, divarlardakı İKEA mağazasından alınmış abstraksiyalar – 500 avro..
Tamerlan, qardaşınız Amerikadadır, hətta pişiyiniz də artıq İsveçdə yaşayır, ancaq siz hələ də xaricdə deyilsiniz. Bu, sizə toxunmur? Yoxsa daha orda yaşamaq istəmirsiniz?
İsveç artıq əvvəlki kimi deyil. Elə oranın xalqı da əcaibdir. İsveçlilər ruslar kimi sözü üzə deyə bilmirlər. Həbsxananın bir əməkdaşı o birindən gizlincə donos yazır. Onların mədəniyyəti belədir. İsveçliləri uşaq bağçasından donos yazıb polisə göndərməyə alışdırırlar. İndi mən həmin ölkəyə orda qalmaq üçün getmirəm, sadəcə ədalətə nail olmaq istəyirəm. Artıq mən İsveçdə tez-tez xırda pozuntular eləyəcəyəm. Aviasiyanın yox, xilasetmə xidmətinin rahatlığını pozacağam və gec-tez onların televiziyası mənim haqqımda danışmağa başlayacaq. Mən öz planlarımı isveçlilərdən gizlətmirəm. Mən öz hüquqlarım uğrunda mübarizə aparıram, ancaq onlar mənimlə heç danışmaq da istəmirlər. İki qoç- mən və İsveç- körpüdə qarşılaşmışıq və heç birimiz geri çəkilmək istəmirik. Onları başa düşürəm: Rusiyadan gəlmiş bir qastarbayterin onları sıxışdırmağı xətirlərinə dəyir. Amma bu gün mən həm də istəyirəm ki, İsveç Rusiya vətəndaşının üzünə tüpürməsin. İstəyirəm ki, rus pasportu görəndə onların qorxudan əlləri əssin.
Yaxşı yaşamaq üçün sonuncu cəhd
Siz, xoşbəxt insansınız, həyatda çatmaq istədiyiniz bir hədəfiniz var. Hətta bir neçə hədəfiniz var.
Kitabımı yazandan sonra mənimlə iki məşhur insan – Oleq Sofyanik və Şamil Əlimuradov əlaqə saxladı. Hər ikisi durğunluq dövrünün dissidentləridir.
Oleq Sofyanik – üzgüçüdür, Qara Dənizdə teploxoddan suya tullanıb və Türkiyəyə doğru uzun müddət üzüb, lakin gecə sərhədçilər onu görüb tutublar, sonra da dəlixanada yatıb. İndi Simferopolda yaşayır.
Şamil Əlimuradov pilotdur. Təyyarənin komandiri ayaqyoluna gedəndə qapını bağlayaraq onu kabinəyə geri buraxmayıb və təyyarəni Çində yerə endirib. Orda sığınacaq alıb, amma sonra ÇXR ilə Rusiyanın münasibətləri düzəlib və çinlilər onu təhvil veriblər. Hazırda Əlimuradov Moskvada yaşayır, bizneslə məşğul olur.
Keçən yay onlar məni Türkiyəyə istirahətə dəvət eləmişdilər. Deyirdilər ki, sən çox zirəksən, nə istədiyini bilirsən, biz isə sıxıntıdan özümüzü asmaq istəyirik.
Etiraf eləyirdilər ki, artıq həyatda heç bir hədəfləri yoxdur, onları daha heç nə maraqlandırmır. Mənə həsəd aparırdılar.
Mənim Aşqabadda əmim vardı. Durğunluq dövründə ekspedisiya rəisi işləyirdi, Türkmənistanda qaz axtarırdı. Böyük bir mədən də tapmışdı. Buna görə, ona dövlət mükafatı, böyük məbləğdə pul, Sosialist Əməyi Qəhrəmanı adı və “Volqa” avtomobili düşürdü.
Amma əmimdən xahiş eləyirlər ki, öz kəşfinin həmmüəllifi kimi türkmən rəisin adını yazsın, üstəlik onu birinci sıraya qoysun. Mənim əmim prinsipial adam idi, odur ki, təklifdən imtina eləyir. Onu Rayon partiya komitəsinə (raykom) çağırırlar və izah eləyirlər ki, bəs Türkmənistanda qayda belədir, o da bu respublikanın yerli sakini deyil. Əvəzində əmimə söz verirlər ki, onun da xətrinə dəyməyəcəklər, bir “Moskviç” bağışlayacaqlar.
Cavabında əmim onlara “siz məni “Moskviç”lə satın ala bilməzsiniz, mən sizdən qorxmuram və həqiqətin qələbəsinə nail olacam” deyir və vilayət komitəsinə yollanır. Ancaq orda da ona “Hay-küy salma. Müdriyyətə hörmət eləmək lazımdır, yoxsa heç o “Moskviç”i də görməyəcəksən” deyirlər. Bundan sonra əmim partiya biletini cırır. Əməlli-başlı qalmaqal olur, o, hər şeyini itirir. Amma bütün qohumları onunla fəxr eləyirdilər. Toyda, yasda onu görəndə yalnız onun haqqında pıçıldaşırdılar. Onun elədiyini eləməyə heç kimin cəsarəti çatmazdı.
Atam da mənə “Gör, bir necə qohumumuz var? Əmin kimi yaxşı yaşa” deyirdi. Bəlkə də atamın verdiyi tərbiyə mənimlə belə pis zarafat elədi.
Mənim atam Leninqrad Radiotexniki Rabitə İnstitunu qırmızı diplomla bitirib, on altı müəllif şəhadətnaməsi var. Atam iliklərinə qədər kommunist idi. SSRİ-də yaşadığına görə elə sevinirdi ki! İməciliklərə həvəslə gedirdi, məni Bakıda keçirilən nümayişlərə aparırdı – biz şar alırdıq və Heydər Əliyev tribunadan bizə əl eləyirdi. Mənim atam belə insan idi. İndi onu əfəl adlandırardılar.
Qardaşım Moskvada oxuduğu dövrdə – 80-ci illərin sonlarında Puşkin meydanına gedirdi, Novodvorskayanı dinləyirdi, sonra da atama deyirdi: “Ata, mənə elə gəlir ki, sən aldadılmısan”. Aşkarlıq dövrü başlayanda atam çox pis olmuşdu və 1988-ci ildə təqaüdə çıxmağına bir il qalmış vəfat elədi. Onun 59 yaşı vardı.
İndi hərdən düşünürəm ki, kaş, o aşkarlıq heç gəlməyəydi, onda atam sağ olardı. Mən isə o vaxtlar – təkcə mən yox, çoxları – sadəlövh idim, səfeh, mənasız ümidlərlə yaşayırdım və səhvlər elədim. Elə səhvlər ki, bədəlini çox baha ödədim, boş yerə o qədər il itirdim!
Ancaq bu gün həqiqətən bir hədəfim var. İsveç televiziyasında kinosəyahətlər klubu tipli bir veriliş var. Orda qarşılarına həlli çətin hədəflər qoyan insanları göstərirlər. Məsələn, alpinistləri. Onların əlləri donur, bəziləri həlak olurlar, amma zirvəni fəth etmək kimi bir hədəfləri var. Və alpinistlər hədəflərinə doğru gedəndə xoşbəxtdirlər.
Əgər mən qalib gələ, İsveç hökumətindən ədalətin bərpasına nail ola bilsəm, mənim üçün bu, Everestə qalxmaq kimi bir şey olacaq. Və onda biləcəyəm ki, bütün bu illəri əbəs yerə sərf eləməmişəm.
Söhbətləşdi: Vladlen Çertinov
Фонтанка.Ру