1999-cu ilin yayında ekranlara amerikan mafiyasının həyatından bəhs edən teledramın – “Soprano klanı” serialının birinci seriyası çıxıb. Həmin tarixdən 22 il keçir və artıq serialın dünya mədəniyyəti və televiziyasına təsirini aydın şəkildə dəyərləndirmək mümkündür.
Uolter Uayt, Don Dreyper, Strinqer Bell (və digər anti-igidlik nümunələri) kimi personajların ekranlarda peyda olması məhz “Soprano klanı” və onun əsas qəhrəmanı sayəsində mümkün olmuşdu. Toni Soprano, teleseriallar dünyasının ilk real və “canlı” personajı idi. Ona qədər kişi qəhrəmanlar fantaziyalar aləmindən çıxan varlıqlar – əxlaq prinsipləri və əməlləri seriyadan seriyaya təkrarlanan cəsur polislər, mükəmməl atalar idilər. “Soprano klanı” bu qaydanı həmişəlik dəyişdirdi. Onun sayəsində televiziya yetkinləşdi. Devid Çeyz və HBO sübut etdilər ki, əslində, tamaşaçılar televiziya şeflərinin düşündüklərindən daha ağıllıdılar. Məhz “Soprano” sayəsində daha seriallara kinoya düşmək yolunda zəruri aralıq həlqə kimi yanaşmadılar. İstedadlı və iddialı aktyorlar başa düşdülər ki, serialda çəkilmək də karyeranın inkişafı üçün yeni üfüqlər aça bilər.
“Soprano klanı”, sadəcə televiziya tarixində ən çox bəyənilən seriallardan biri olmadı, həm də televiziyada yeni, üçüncü eranın başlanğıcını qoydu. Bu eranın əsas özəlliyi – anti-qəhrəmanlardan bəhs edən dramların yaranması idi. Belə dramlarda pis adamların çətin həyatları detallı şəkildə araşdırılırdı. Bütün o anti-qəhrəmanların babası isə Toni Soprano idi. Üstəlik, bu serial 20 il ərzində öz aktuallığını qətiyyən itirməyib.
“Soprano klanı” serialının yaradıcıları, onun kino olmadığını yaxşı anlayırdılar. Serialın ssenari müəllifi Devid Çeyz “Soprano”ya qədər 20 il televiziyada işləmişdi, ancaq məhz bu ideyasını film kimi reallaşdırmaq istəyirdi. Lakin 1995-ci ildə bir həmkarı onu bu fikrindən daşındırdı. Bununla belə, üç il yarımdan sonra serial HBO kabel kanalında ekranlara çıxanda tamaşaçıların əksəriyyəti onun “lap kino kimi” çəkildiyini söyləyirdilər. Ki, bu, əslində, iltifat kimi deyilsə də, eyni zamanda cari qızıl eranın özəlliklərindən birinə çevrildi.
“Kino kimi” birləşməsi altında çəkiliş keyfiyyəti, aktyorların ifası, dramaturji inkişafın mürəkkəbliyi və ümumiyyətlə, personajların inkişaf etdirilməsi nəzərdə tutulur – həqiqətən də, “Soprano klanı” ekranlara çıxana qədər yuxarıda sadalanan xüsusiyyətlər bir televiziya məhsulu üçün nadir hal hesab olunurdu.
Amma bütün hallarda “Soprano” – strukturuna görə də, personajlarla iş sisteminə görə də bir serialdır. Elə müəlliflərin təcrübəsi baxımından da belədir: Çeyzin ilk komandası uzun illər boyu televiziyada işləmişdi və seriallar haqqında daha çox şey bilirdi, nəinki kino haqqında. “Soprano”nun uğur qazanmasının bir səbəbi də məhz bu idi. Ona görə yox ki, HBO tamaşaçılara çox uzun bir film göstərmək qərarına gəlmişdi. Ona görə ki, burada dramatik sənətin ayrıca bir növü qismində serialların potensialından maksimum istifadə olunmuşdu.
“Soprano klanı”nda mürəkkəb xarakterlərin dərindən araşdırılması üçün ilk dəfə seriallaşdırmanın bütün potensialı üzə çıxarılmışdı. Bu, elə bir şey idi ki, kinofilmlərin klassik üçaktlı strukturunda qətiyyən işə yaramazdı; əslində, burada vahid əhvalat yoxdur, sadəcə bir personaj var və o, müxtəlif situasiyalarda fərqli şəkildə davranır, hər dəfə müxtəlif rollar oynayır və bu rollar hər zaman baş rol olmur. Məhz bu xüsusiyyətinə görə, seriallar get-gedə anti-qəhrəmanlardan bəhs edən hekayələr üçün mükəmməl mediuma çevrilmişdi.
Digər tərəfdən, “kino kimi” yarlığı həm tamaşaçılar, həm də industriya üçün kifayət qədər zərərli rol oynadı. Belə ki, yeni qızıl eranın əvvəllərində tamaşaçılar serialları “kino kimi” olanlara – alqışa layiq olanlara və adi seriallara – yəni ötəri məhsula – bölməyə davam edirdilər. Belə elitizm və snobizm ayrıca bir janr olan serialların əhəmiyyətini haqsız yerə azaldırdı. Eyni zamanda sözügedən kontentin istehsalçıları tezliklə başa düşmüşdülər ki, serialları satmaq daha asandır və bir çox film layihələrini seriallaşdırmağa başlamışdılar. Məsələn, “Tanrı tərəfindən unudulanlar” vesterni bu taleyi yaşamışdı. Bu ekran əsəri, az qala, yenidən yazılaraq filmdən, Netflix üçün mini-seriala çevrilmişdi. Tənqidçilər serialın əsas xəttinin normal, amma ikinci dərəcəli süjetlərin – yəni layihəni seriallaşdırmaq məqsədilə sonradan əlavə olunan xətlərin zəif olduğunu yazırdılar. Çox güman ki, layihə film formatında daha uğurlu alınardı, amma “nüfuzlu” televiziya məhsulunu – “kino kimi, ancaq uzun olmalıdır” ideyası məhv etmişdi.
Təbii ki, işlərin belə getməyində “Soprano klanı”nın birbaşa təqsiri yox idi. Üstəlik, bu gün ona yenidən baxanda orda kinodan, demək olar ki, əsər-əlamət olmadığı, məhz serial kimi daha yaxşı işlədiyi aydın görünür.
“Soprano klanı”nın tamaşaçıları düz yeddi il qəhrəmanlarla birlikdə nəfəs almışdılar.
Teleserialların özəlliklərindən biri də odur ki, onlar, adətən, tamaşaçını öz əhvalatlarının bir parçasına çevirirlər. Tamaşaçı həmişə Tvin-Piksdə yaşayırdı, “Dostlar”da yeddinci dost idi və əlbəttə, Soprano ailəsinin bir üzvüydü. Ona görə, “Soprano klanı”nda məişətə çox yer ayrılırdı: ailəvi şam yeməkləri, bazar günü naharları, qəfildən peyda olan qohumlar və s. O cümlədən, xəstəliklərə də – xəstəxana səhnələrinin sayına görə, “Soprano” serialı həkimlər haqqında seriallarla rəqabətə girə bilər. Özü də burada sözügedən səhnələrin çox az hissəsi serialın mafiya xətti ilə əlaqəli olurdu, onlar daha çox qəhrəmanların adi həyatına aid idi.
Yeri gəlmişkən, “Soprano klanı”nın əksər ardıcılları bu “ailəyə düşmək2 sınağından keçə bilməmişdi. “Dəlilər” və “Yeraltı imperiya” seriallarında (hər ikisi “Soprano”nun ssenaristlərinin layihəsidir) personajların həyatları ən xırda detallarına qədər dəqiqliklə göstərilsə də, həddindən artıq qlamur təsir bağışlayır – tamaşaçı gördüyü gözəlliyin iştirakçısı ola bilmir, onu kənardan izləyirdi.
Tamaşaçını öz ailə üzvünə çevirmək bacarığı ilə “Soprano klanı” klassik sitkomların iziylə gedir, amma bircə fərqlə – burada ailə başçısı əsl qatil və zülmkardır və bu, gülməli deyil. Sitkomlar tamaşaçını gülməli olması, rahatlıq gətirməsilə öz ailəsində saxlaya bilir. Amma Soprano ailəsində vəziyyət fərqlidir, bacı-qardaş bir-birini qəddar valideynlərin yanında niyə tək qoymaq istəmirsə, Soprano ailəsindən də tamaşaçı bu səbəbdən qaçmır.
Bu yanaşmanın ən müsbət cəhətlərindən biri də odur ki, “Soprano” serialının yaradıcıları uşaq personajları ilə necə davranacaqlarını lap başdan çox yaxşı bilirdilər. Məsələn, “Çox əcaib işlər” serialında müəlliflər balaca aktyorlarda cinsi yetkinlik əlamətlərini gizlətməyə çalışırdılarsa, “Soprano klanı”nda balaca qəhrəmanların böyüməsi və böyüdükdən sonra oynayacaqları rolun cücərtiləri lap əvvəldən atılmışdı. Bu, sadə bir qaydadır: uşaqlar böyüyürlər və süjetləri planlayarkən bunu nəzərə almaq lazımdır. “Soprano”nun ardıcıllarının əksəriyyəti nədənsə bu qaydaya əməl edə bilməmişdi. Amma Çeyzin televiziyada keçirdiyi 20 il belə nüansları öncədən planlamağa kömək etmişdi.
“Soprano klanı” öz anti-qəhrəmanının öhdəsindən gəlməyi bacaran yeganə serialdır.
Valideyn qəddarlığından söz düşmüşkən: bəli, Toni Soprano ilk böyük televiziya anti-qəhrəmanı idi, amma deyəsən, o, yeganə gerçək cani olaraq qalır.
“Soprano”nun bir çox ardıcılları – “Var-gücünlə”, “Amerikalılar”, “Anarxiyanın övladları”, “Ayağısürüşkən Kaliforniya”, “Rey Donovan”, “Barri” – ətraflarındakı hər şeyi alt-üst edən anti-qəhrəmanların çoxqatlı obrazlarını yaratmağa cəhd ediblər, amma hansısa məqamda onların, demək olar ki, hamısı yorulur və personajlarla həmdərd olmaq üçün tamaşaçıya səbəb verirlər.
Toni isə sona qədər zülmkar olaraq qalırdı və ona mərhəmət göstərməyə vadar eləyən hər səbəbə yeni, daha amansız pisliklə reaksiya verirdi. “Soprano klanı”, heç vaxt əxlaqi relyativizmlə məşğul olmurdu, Toninin əməllərinə bəraət qazandırmağa çalışmırdı, sadəcə onun niyə belə bir insana çevrildiyini araşdırırdı.
Hərçənd Toni obrazı əksər tamaşaçılara daha mübahisəli təsir bağışlayırdı, bəziləri isə hələ də belə hesab edir. Məsələn, lap bu yaxınlarda “Harvard Business Review”nun rus versiyası “Soprano klanı”nı “düzgün təşkil olunmuş biznes”ə ən yaxşı nümunə göstərmişdi. Təəccüblü deyil ki, teledramın bir çox xələfləri onu mürəkkəb şəxsiyyətlərə oda kimi qavrayırdılar və öz anti-qəhrəmanlarını bu düşüncəyə söykənərək yaradırdılar. Ardıcılları, Çeyzin qurğusundan bircə şeyi çıxarırdılar – onların qəhrəmanları mütləq şər olmurdu. Ancaq bu, o demək deyil ki, onlar serialı “yanlış anlamışdılar”. Bu, daha çox “Soprano klanı”nın niyə hələ də aktual olduğundan və qızıl eranın başqa “nüfuzlu” seriallarına necə istiqamət verdiyindən danışır.
“Soprano klanı” bir çox sosial problemləri gündəmə gətirmişdi və onlar indiyə qədər TV-nin diqqət mərkəzində qalmaqda davam edir.
İlk seriyalardan birində Toni Sopranonun həmkarları onun psixoterapevtə getdiyini öyrənirlər. Toninin özü isə əmisi (və mafiyanın onlara məxsus qolunun başçısı) Cuniorun öz sevgilisinə kunnilinqus etməyi sevdiyindən xəbər tutur. Psixoterapevt yanına getmək də, kunnilinqus da “kişiyə yaraşmayan” hərəkətlərdir. Gün işığına çıxan bu həqiqət hər iki mafiozinin nüfuzunu zədələyir və uzun kədərli hadisələr zəncirinin başlamasına səbəb olur.
“Soprano klanı” serialı son on ildə kəskin dəyişmiş müasir əxlaq normalarına uyğunluq testindən çox yaxşı keçir. “Toksik maskulinlik” ifadəsinin işlək terminə və onlarla müasir serialın əsas mövzusuna çevrilməsindən uzun illər əvvəl “Soprano klanı” artıq bu mövzunu araşdırmağa başlamışdı. O cümlədən basdırılmış cinsəlliyi də, ksenofobiyanı da (serialda Toninin rasistliyinə xüsusi diqqət ayrılır – ital-amerikanların amerikan mədəniyyətində yalnız XX əsrin ortalarında ağ adam kimi qəbul olunması fonunda onun rasistliyi əcaib görünür), zorakılıq mədəniyyəti və feminizmi də – bu baxımdan Toninin arvadı Karmela personajı çox əhəmiyyətli (və faciəvi) xarakter daşıyır. Eynilə, məsələn, “Dəlilər”, “Horas və Piter”, ya da hətta “Qulluqçunun hekayəsi”ndə olduğu kimi, “Soprano klanı” da öz cəmiyyətinin normalarına xüsusi diqqət ayırır. O normalara ki, onlara görə, öz arvadını və sevgililərini döymək adi haldır. O normalara ki, onlara görə, kişinin mütləq məşuqəsi olmalıdır. Əgər yoxdursa, o, eyni zamanda həm unikal insandır, həm də bir az “arvaddanqorxan”dır. Əlbəttə ki, Tonini anası korlayıb və onun olduğu kimi olmağında ən çox anası məsuliyyət daşıyır. Digər tərəfdən isə Toninin yaşlı dostları, onun atasının həyat yoldaşının saçlarının arasından necə güllə keçirdiyini gülə-gülə, sanki tamamilə zərərsiz bir lətifəymiş kimi xatırlayırlar.
Üstəlik, müasirlərimizdən fərqli olaraq, “Soprano” bu mövzulara daha səliqəli və diqqətli yanaşmağı bacarır. Bu serialda hansısa mövzulardan söz açmaqdan ötrü xüsusi qurulmuş vəziyyətlər yoxdur. Serial ekranlara ilk çıxdığı dövrdə bu və ya digər əxlaq normalarına uyğun gəlib-gəlmədiyi ilə bağlı diskussiyalardan qaçmağa nail olmuşdu. O zamanlar hələ #MeToo-nun izi-tozu da yox idi, amma müəlliflərin əxlaq barədə təsəvvürləri kifayət qədər müasirdir.
“Soprano klanı”nın finalı televiziya tarixindəki ən yaxşı finaldır.
Bu, “Soprano”nun öz xələflərinə etdiyi ən böyük pislikdir – artıq heç kim öz dramını eyni şəkildə bitirə bilməyəcək – ossilloqrafda qəfil qırılan xətt, yarıda kəsilən söz və adi qara ekranla.
Serialları kinodan əsas fərqlərindən cəhətlərdən biri odur ki, onlar üçün final məfhumu məqbul deyil, seriallar bitməməlidir. Çətin ki, bu dünyada hansısa final “Sağ qalmaq”, ya da “Taxt-tac oyunları” seriallarının tamaşaçılarını qane edə bilər.
“Soprano klanı” serialının finalı Toninin ölüb-ölmədiyi haqqında deyil. Burda ən vacibi odur ki, bizə Toninin islaholunmaz olduğunu, heç vaxt dəyişməyəcəyini başa salırlar. Ondan qurtulmağın ancaq bir yolu var- qaçmaq.
“Soprano klanı”nın dünyası o finalla yox olmur.
“Soprano”nun finalı – sonuncu uğurlu mövsümdə qəflətən sona çatdırılmış sevimli sitkom kimidir; bu final, özünü kino kimi qələmə vermək istəməyən, eyni zamanda da anlamlı finala sahib olmaq istəyən hər teleserial üçün ən yaxşı sondur. Hər halda hər şeyin həmişə daha çox olduğu – hadisələrin, personajların, anlamların və s. – bir janrda üç nöqtədən yaxşı nöqtə ola bilməz.
“Soprano klanı” serialının ən yaxşı 15 səhnəsi
Pussinin qətli (ikinci mövsüm)
Sal “Biq Pussi” Bonpensyero FTB-nin casusu çıxır. Bunu öyrənən Toni Soprano onu öz qayığında öldürür. Pussinin ölümü sonrakı seriyalara təsir etmişdi və əyani olaraq göstərmişdi ki, ssenarini Çeyz yazdığı müddətdə bütün personajların üzərində Damokl qılıncı asılacaq.
Toni əvvəlki kimi liderdir (altıncı mövsüm)
Toni aldığı ağır güllə yarasından sağalar-sağalmaz öz nüfuzunu bərpa etməyə çalışır. O, cangüdəni, çılğın Perri Annunsiatunu davaya təhrik edir və gəncin burnunu qıraraq ona qalib gəlir. Davadan sonra Toni ayaqyoluna girib qan qusur. Daha sonra başını qaldırıb güzgüyə baxır və gülümsəyir. Yaşlı aslan, hər şeyin zorakılıqla idarə olunduğu, insanın geyiminə görə qarşılandığı dünyada sürünün lideri olduğunu hamıya sübut edə bilmişdi.
Ralf Treysini öldürür (üçüncü mövsüm)
Ralfi Sifarettonun öz sevgilisini ölənə qədər döydüyü səhnə hələ də serialın ən ziddiyyətli və ağır anlarından biri olaraq qalır. Digər tərəfdən, bu hadisə Toni obrazına fərqli baxmaq fürsəti verir. Belə ki, Toni mafiya qaydalarını pozur və Ralfini özü döyür. Bu seriya sadəcə Toninin dəyərlərinin dəyişdiyini göstərmirdi, həm də ikinci dərəcəli personaj olsa da, tamaşaçıların sevgisini qazanmağa macal tapmış Treysinin süjet xəttinin son hissəsi idi.
Kömək (dördüncü mövsüm)
“Soprano klanı”, nadir hallarda komediya janrına yaxınlaşmağı bacarırdı. Belə səhnələrdən biri də köhnə nəsil koza-nostra ilə Nyu-York liberalizminin toqquşduğu anlardır. Klanın, heroin asılılığından qurtulmaq üçün Krissiyə kömək etmək cəhdləri həm əsas səkkiz personajın eyni vaxtda iştirak etdikləri nadir səhnələrdəndir. Həm də serialın gözəl yumor hissinə malik olduğunun nümunəsidir.
Toni köstəbəyi öldürür (birinci mövsüm)
“Kollec”, əsasən, məhz bu səhnə sayəsində birinci mövsümün əsas seriyalarından birinə çevrilmişdi: Toni qızı Medou ilə birlikdə məktəbə – Açıq qapılar Gününə gedir və təsadüfən “köstəbəyi” görür. O, vaxt itirməmək və satqının işini elə ordaca bitirmək qərarına gəlir. HBO rəhbərliyi, Çeyzin ağ elədiyindən, bu həllin reytinqləri aşağı salacağından narahat idi. Amma elə olmadı. Maraqlıdır ki, epizodun sonunda Toni səmada uçan ördək sürüsünə baxır və başa düşür ki, onun yaşadığı iki dünya bir-birilə münaqişəyə girmək üzrədir (bir vaxtlar Toninin hovuzunda ördək ailəsi yaşayırdı və onlar Toni üçün öz ailəsinin simvoluna çevrilmişdilər).
Cenis Riçini öldürür (ikinci mövsüm)
İkinci mövsümdə Riçi April həbsdən çıxır və Toni üçün əsl təhlükəyə çevrilir. Bu səhnədə Riçi nişanlısı, Toninin bacısı Cenisə əl qaldırır. Həqarətə dözməyən Cenis onu öz tapançası ilə öldürür və Toninin problemlərindən biri azalır. Bu səhnə həm də Soprano ailəsində öldürmək instinktinin təkcə kişilərdə olmadığını xatırladır.
Kiçik sevincləri xatırlayın (birinci mövsüm)
“Mən sağlıq demək istəyirəm. Ailəmin şərəfinə! Uşaqlar, nə vaxtsa sizin öz ailəniz olacaq. Ümid eləyirəm ki, hətta onda da siz bugünkü kimi anları yada salacaqsınız. Hamımızın xoşbəxt və sağlam olduğu anları”. Toni Sopranonu filosof adlandırmaq çətindir, amma hərdən ona ilham gəlir. O, bu sözləri birinci mövsümün final seriyasındakı qızğın hadisələrdən sonra, “Vezuvi” restoranında Karmela, Medou və kiçik Entoni ilə şam edərkən söyləyir. Sonralar Medou və Entoni onun bu sözlərini bu və ya digər şəkildə təkrarlayacaqlar. Altıncı müövsümdə komadan çıxandan sonra da Toni eyni şeyləri düşünür. Başqa sözlərlə, Devid Çeyz lap əvvəldən teledramı və onun personajlarını təxmini necə görmək istədiyini bilirdi və onların nitqlərinə əsas ideyaları lap başdan qoymağa başlamışdı.
Adriananın qətli (beşinci mövsüm)
Başlanğıcda Adriana La Serva ikinci dərəcəli personaj kimi düşünülmüşdü, ancaq Drei De Matteonun, Kristoferin zirək və həddindən artıq sadəlövh sevgilisi rolunda sərgilədiyi ifa ona beşinci mövsümdə daha geniş yer verilməsinə səbəb olmuşdu. Belə ki, beşinci mövsümdə Adriana məcburən FTB-nin casusuna çevrilirdi. Serialın fanatları həmin məqamda Adriananın ölümə məhkum olduğunu artıq anlamışdılar, amma yenə də onun, Silvonun gülləsindən qurtulmaq cəhdlərini izləmək asan deyildi.
Krislə Polinin yoxa çıxması (üçüncü mövsüm)
“Payn Barrens” seriyasından ən yaddaqalan səhnəni seçmək, demək olar ki, imkansızdır. Fanatlar, Stiv Buşeminin rejissorluğu çəkilmiş bu seriyanı serialın ən yaxşı bölümlərindən biri hesab edirlər. Seriyanın davam etdiyi əlli dəqiqə boyunca ekranda məzəli nəsə baş verir: gah Poli səbəbsiz yerə rus mafiyasını təhrik edir (ki, bu da Onun Krislə birlikdə Nyu-Cersi meşələrində azmasına gətirib çıxarır), gah da tamaşaçı onların mənasız mübahisələrinə şahidlik edir.
Ey Cey intihara cəhd edir (altıncı mövsüm)
Balaca Entoninin məzəli uşaqdan depressiv yeniyetməyə çevrilmə yolu Sopranoların evinin hovuzunda uğursuz intihar cəhdi ilə sona çatır. Toni son anda oğlunu görür və hovuza atılır. Bu səhnə (elə bütün mövsüm) diqqətləri Ey Cey rolunun ifaçısı Robert Aylerə cəmləyir və sübut edir ki, uzun illər əvvəl kastinq zamanı prodüserlər doğru seçim ediblər.
Adriananın etirafı (beşinci mövsüm)
Maykl İmperioli (Krissi), ən azı, bu səhnəyə görə, aldığı “Emmi”yə layiq idi. Sözügedən səhnədə sevgilisi Adriana ona FTB-yə məlumat ötürdüyünü etiraf edir. Səhnənin davam etdiyi ağır üç dəqiqə ərzində şok, qorxu və amansız təcavüz bir-birini əvəzləyir.
Toni “maşın oğruları” ilə mübarizə aparır (birinci mövsüm)
“Soprano klanı” serialının musiqi tərtibatı möhtəşəmdir. “İzabella” bölümündə yorğun Toni mağazadan bir qutu portağal şirəsi alır (“Xaç atası”na göndərmə) və “Tindersticks” qrupunun “Tiny Tears” mahnısının melodramatik sədaları altında maşınının yanına qayıdır. Növbəti kadrda silahlı iki quldur Tonini güllələməyə çalışır və musiqi qəfil kəsilir. Toni quldurlardan xilas olmağı bacarır. Bir qədər sonra o, psixoterapevti Melfiyə “Mən başa düşdüm ki, ölmək istəmirəm. Mən bədənimin hər zərrəciyi ilə sağ qalmaqdan ötrü döyüşürdüm” deyəcək.
Melfi, az qala, Toniyə „hə“ deyəcəkdi (üçüncü mövsüm)
Psixoterapevt Melfinin ofisi – əsasən, Toni tərəfindən saysız etirafların səsləndirildiyi bir yerdir. Amma “İlin əməkdaşı” seriyasının sonunda pasientlə psixoterapevtin rolları dəyişir və bu, qorxunc effekt yaradır. Təcavüzə məruz qalan Melfi, polis cinayətkarı azad buraxandan sonra özünə gəlməyə, psixoterapiya seanslarını bərpa eləməyə çalışır. Ancaq seans zamanı özünə nəzarəti itirir, histerika başlayır və Melfi karıxmış Tonidən kömək istəyir. Melfi çox yaxşı başa düşür ki, təcavüzkarı məhv eləmək üçün onun bircə sözü kifayətdir. Araya uzun bir sükut çökür. Tamaşaçı səbirsizliklə Melfinin “hə” deməyini gözləyir, amma o, “yox” deyir. Bundan sonra ekran qaralır və seriya bitir. Bu səhnə ilə Çeyz serialın iki ən vacib elementini qoruyur: birinci, Melfi – bütün serialın mənəvi mayakıdır. O, Toniylə işləməklə özünü böyük təhlükəyə atdığını çox gözəl anlayır. Amma bütün digər personajlardan fərqli olaraq, o, prinsiplərə sadiqliyi öz arzu və istəklərindən üstün tutur. İkincisi isə, “Soprano klanı”nda heç vaxt tamaşaçının istədiyi şeyi göstərmirlər –həmçinin sözügedən situasiyada Melfinin qisasını. Serialın müəllifləri bu prinsipə əvvəldən-axıra qədər riayət edirlər.
Final səhnə (altıncı mövsüm)
Gəlin, açıq danışaq: əgər bu səhnəni bəyənməmisinizsə, ya da serialın yaradıcılarının sizi aldatdıqlarını düşünürsünüzsə, çox güman ki, siz, ümumiyyətlə, serialı bəyənməmisiniz.
Toninin qəhrəmancasına həlak olduğu dinamik atışma səhnəsi, ya da “sonra onlar uzun, xoşbəxt ömür sürdülər” tipli sonluq Çeyz üçün, “Soprano klanı”nını bənzərsiz layihəyə çevirən hər şeydən imtina demək olardı. Buna görə də, biz heç vaxt Toninin sağ qalıb-qalmadığını, ya da ağırlaşmış paranoyadan əziyyət çəkə-çəkə miskin həyat sürüb-sürmədiyini bilməyəcəyik. Sadə həllər, tövbələr, ibrət dərsləri olmayacaq, çünki gerçək həyatda belə olmur.
Əslində, “Soprano klanı”nın final səhnəsi öz sirliliyi ilə gözəl incəsənət əsəridir, o, gizli simvollarla, eyhamlar və işarələrlə zəngindir. Tamaşaçı onların hər birini özünə xas tərzdə anlayır. Bu, televiziyanın simasını həmişəlik dəyişən dahiyanə serial üçün dahiyanə bir finaldır.
Toni ilə Karmelanın mübahisəsi (dördüncü mövsüm)
Toninin iki ailəsi arasında tamaşaçıları ən çox əyləndirəni mafiyadır. Lakin ilk 86 seriyanı izləmiş və seriala olan marağını itirməmiş hər kəsi Toninin evində, şəxsi ailəsində baş verənlərin emosional tərkibi də maraqlandırır.
Bir vaxtlar Toni ilə Karmela bir-birilərini dəlicəsinə sevirdilər. Ancaq indi ən xırda şeyə görə mübahisə eləyirlər: pula görə, sirlərə görə, amma ən əsası, Toninin sədaqətsizliyinə görə. Bəziləri elə hesab edir ki, dördüncü mövsüm o qədər dinamik deyil. Amma bu yanlış fikirdir. Sopranoların nigahı məntiqi sonluğa çatır. On il çəkən və qədər də asan olmayan birlik bitmək üzrədir. Odur ki, məhz bu hissə, serialın ən dramatik “ölümü”dür. Qandolfini və Falko məhz “Ağ kepkalar” seriyasındakı bu səhnəyə görə – yalnız uzun illər birlikdə yaşamış insanlar arasında yarana biləcək, bütün inciklikləri, bütün gileyləri üzə çıxaran mübahisə səhnəsi – “Emmi”yə layiq görülmüşdülər. İki nəhəng aktyor bu səhnəni o qədər realist və səmimi oynayırlar ki, Soprano cütlüyünün gerçək insanlar olmadığına inana bilmirsən.
Məhz belə detalların sayəsində, “Soprano klanı” mafiya haqqında adi kriminal serialdan qat-qat əhəmiyyətli bir şeyə çevrilmişdi.
***
Xatırladaq ki, “Soprano klanı”nın yaradıcısı Devid Çeyz serialın prikveli üzərində işləyir. “Deadline” xəbər verir ki, filmdə hadisələr 1960-cı illərdə Nyu-Arkda italyanlarla afro-amerikalılar arasında ixtişaşların başladığı dövrə cərəyan edir.
Filmin ssenarisinin müəlliflik hüquqlarını “New Line Cinema” alıb, lakin istehsalat prosesində HBO kanalı da iştirak edəcək.
“Soprano klanı” ekranlara çıxdığı illər ərzində -1997-2007 – 21 dəfə “Emmi”yə və “Qızıl Qlobus”un beş mükafatına layiq görülüb.
Esquire