Kinorejissor Çingiz Rəsulzadənin gözlənilməz itkisi xüsusən, onu yaxından tanıyanları sarsıtdı. Onun yeganə tammetrajlı “Kuklalar” bədii filminin final səhnəsinin məmur qayçısına məruz qalmasından, rejissorun filmi uğrunda mübarizəsindən bir neçə dəfə yazmışam. Xatırladım ki, onda kinematoqrafiya şöbəsinin müdiri Cəmil Fərəcov idi. Bununla Cəmil müəllimi hədəf göstərmək niyyətində deyiləm. Sadəcə onu demək istəyirəm ki, kinoidarəçiliyində həmişə problemlər olub. Adlar dəyişsə də mahiyyət dəyişməyib.
Çingizin sabiq şöbə müdiri Cahangir Məmmədovla da problemi vardı. Kino aləmində əksəriyyət bilir ki, C. Məmmədovun ona şəxsi antipatiyası vardı. Məhz buna görə də C.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Çingizin “İkinəfərlik səadət” (baş rolları Qorqud Cəfərlə, gürcü aktyoru Avtandil Maxaradze oynamalıydı) adlı sseanrisinin maliyyələşdirilməsinə əngəl oldu. C. Məmmədovdan söhbət düşmüşkən, o, eyni münasibəti Nicat Feyzullayevə də göstərmişdi. Onun ssenarilərini yaxın buraxmadı, etinasız yanaşdı və axırda Nicat müəllimin ürəyi dözmədi. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın reallaşmamasının əsas səbəbkarlarından biri də elə C. Məmmədovdur.

…Bu yaxınlarda C. Məmmədovun xələfi Rüfət Həsənovun və “Azərbaycanfilm”in direktoru Fariz Əhmədovun “Film aç” kanalına müsahibəsini dinlədim. Musahibələrdən belə anladm ki, kino sahəsində yaxın vaxtlara qədər ciddi dəyişiklik baş verməyəcək. Çünki ya bu şəxslər üzləşdikləri çətinliklərdən dolayı, doğrudan da nəyi necə edəcəklərini bilmirlər, ya da sələflərinin yoluyla getməyə üstünlük verirlər.
Həsənovun maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki məşhur çıxışına verdiyi açıqlamada da, müsahibəsində də “Böyük Qayıdış”dakı film layihələrinin ilk dəfə pitçinq yolu ilə seçilməsi mexanizmini dönə-dönə vurğulaması əslində onun uğurundan çox çarəsizliyi kimi görünür. Çünki ortada daha əhəmiyyətli işlər görülməyib. “Böyük Qayıdış”ın funksionallığı o zaman olacaq ki, çəkiləcək filmlər festivallara gedəcək, Qarabağ müharibəsinin hekayələri dünyaya çıxacaq, uğur qazanacaq, nəhayət, ən vacibi bu filmlər gəlir əldə edəcək. Əks halda hansısa uğurdan söhbət gedə bilməz. Elə bu layihədən söz düşmüşkən, rejissor Tahir Tahiroviçin təzəlikcə çox müzakirə olunan “Fulya” sənədli filmi haqda da bir neçə kəlmə deyim. Tahirin yaxın dostum olmağı bəzi məsələləri gözardı etməyimə əsas vermir. Fulya haqda filmi niyə çəkilir? Bildiyimiz həqiqətlərə, özümüz çəkib özümüzmü baxacağıq? Əgər film yalnız Tükiyədə və Azərbaycanda göstəriləcəksə, Qərb tv-lərinə çıxmayacaqsa, onda çəkilməsinin nə mənası var?! Üstəlik də, maliyyənin bir qismi dövlət büdcəsi hesabınadırsa.
Həsənov müsahibəsində bir neçə tammetrajlı bədii filmin istehsalata buraxılmasını yenidən qeyd elədi. Ötən yazılarımda Vaqif Mustafayevin, Elçin Musaoğlunun filmlərinin hansı şərtlərdə istehsalata buraxılması ilə bağlı sual vermişdim. Lap deyək ki, Musaoğlunun filmi müştərək olduğundan istehsalatdadır. Onda Vaqif Mustafayevin “Həyat deyəsən, gözəldir” ssenarisi hansı prinsiplə, hansı müsabiqədə seçilib? Əgər bu film məhz, məxsusi olaraq Vaqif Mustafayevin nüfuzuna görə istehsalata buraxılıbsa, bütün hallarda kino şöbəsi qaydaları dəqiq elan etməlidir. Tutalım, nüfuzlu rejissorların ssenariləri müsabiqədənkənar istehsalata buraxılır. Hərçənd, hətta Vaqif Mustafayev “markası” mütləq şəkildə onun ən yaxşı ssenari müəllifi və rejissor olması mənasına gəlmir. Ümumiyyətlə, kino şöbəsi film layihələrinin necə, hansı mexanizmlə seçilməsi haqda öz qaydalarını bəyan eləməlidir. Yoxsa, səhər oyanıb görürük ki, məsələn, Asif Rüstəmovun “Mərmər soyuğu” adlı filmi də istehsalata buraxılmaq üzrədir. Məlum deyil ki, “Mərmər soyuğu” ssenarisi hansı layihələrin içərisindən və necə seçildi? Seçim prosesi necə baş verdi, rəqibləri kim oldu? Bəlkə Rüstəmov kinostudiyanın beynəlxalq şöbəsinin əməkdaşı olduğundan xüsusi imitiyaza sahibdir? Hərçənd, arqument bundan ibarətdir ki, “Mərmər soyuğu” Fransanın Arizona Production-u ilə müştərək layihədir. Məsələ odur ki, bu qurum bir qayda olaraq, filmin istehsalına yox, postprodakşına (filmin çəkiliş sonrası prosesi nəzərdə tutulur- montaj, səsləndirilmə və s.) maliyyə ayırır. O, da maliyyə tapacağı halda. Yəni Arizona Production əlavə vəsait tapmaya da bilər. Bundan başqa yerli flimimizin xaricdən maliyyə dəstəyi alması üçün ilk növbədə nazirlik vəsait ayırmasına təminat verməlidir. Bu halda sual yaranır ki, o zaman niyə, Mariya İbrahimovanın “Alagöz” layihəsi (ssenari müəllifləri Çingiz Rəsulzadə, Mariya İbrahimova, Lalə Əliyeva-Kliçkova) dəstəklənməyib? 70-ci Berlin kinofestivalı çərçivəsində təqdim olunan “Alagöz” layihəsinin prodüserlərindən biri Zeynəb Atakandır. Atakan Nuri Bilgə Ceylanın filmlərinin prodüseri, Kann festivalının mükafatçısıdır. Film iki kinoşirkətin birgə əməkdaşlığı ilə baş tutmalıydı: Azəbaycandan Cinex (M.İbrahimova prodüser və rejissor), Türkiyədən ZeynoFilm. Lakin niyəsə kino şöbəsi nüfuzlu prodüserin qatıldığı və mövzusu Qarabağ olan layihəyə maliyyə dəstəyi verməkdən imtina eləyib. Hətta R.Həsənov dövlətin, bu layihəni, misal üçün, bir il sonra dəstəkləyəcəyi barədə məktub verə bilərdi ki, onu da yalnız özünə məlum olan səbəblərdən etməyib. Amma hansısa ortabab, pul verib-verməyəcəyi hələ bəlli olmayan (yəni nisyə söhbət) fransız prodüserini bəh-bəhlə təqdim edir.
Digər önəmli məsələ: istehsalatda olan bütün filmlərin büdcələri açıqlanmalıdır.
Qısası, Rüfət Həsənovun bir saatlıq müsahibəsində xeyli sual doğuran məqamlar var. Lakin hava çox istidir, həvəsim yoxdur ki, qiymətli ömrümün hər anını kino şöbəsinin yarıtmaz fəaliyyətinin təhlilinə həsr edim. Ona görə müsahibənin digər məqamlarını həvəsli vaxtlarıma saxlayıram. R.Həsənovdan isə xahiş edirəm: azərbaycan dilini ingilis vurğuları ilə eybəcərləşdirməsin.

Fariz Əhmədovun müsahibəsinə gəlincə, o, qürurla qeyd edir ki, biz dövlət büdcəsindən maliyyələşmirik. Onda niyə dövlət büdcəsindən 3 milyonluq texnika alırsınız?! Ümumiyyətlə, F.Əhmədov qeyri-dəqiq informasiya verir. Çünki “Azərbaycanfilm” birbaşa olmasa da dolayısı ilə dövlətdən maliyyələşir. Onun kirayəyə verdiyi pavilyonlar dövlətin mülkiyyətidir. Hətta Əhmədovun oturduğu kreslo da dövlətindir. Amma niyəsə müsahibəsində Əhmədov özünü bu mülkiyyətin sahibi kimi aparır. Daha pisi odur ki, dövlətin maliyyələşdirdiyi bütün tammametrajlı bədii filmlər niyəsə “Azərbaycanfilm”də istehsal olunur. Biz sabiq rəhbərliyi həm də ona görə tənqid edirdik ki, “Azərbaycanfilm” film istehsalını monopliyaya götürüb və nəticədə özəl studiyalar istehsalatdan kənarda qalır. Və “Azərbaycanfilm” iri layihələri qamarlamaq (üstəlik, “Böyük Qayıdış” müsabiqəsində iki layihə udub, bundan başqa nazirlik məhz “Azərbaycanfilm”in sənədli filmlərinə də maliyyə ayırır) hesabına həm rəqabətin qarşısını alır, həm də dövlət sifarişləri hesabına asan yolla studiyanı dolandırır. Sonra da bəyan olunur ki, biz dövlət hesabına maliyyələşmirik. Əhmədovun problemi odur ki, o, yeni konsepsiya, yeni standartlar təklifi ilə gəlməyib (hər halda biz bunu görməmişik), hələ ki, özündən əvvəlki rəhbərliyin siyasətini yürüdür. Halbuki, “Azərbaycanfilm”in maliyyə baxımından özünü tam təmin etməsi üçün ortada, film istehsalından imtina etmiş “Mosfilm” nümunəsi var (“Mosfilm” modelinin nədən ibarət olduğunu bilmək istəyənlər zəhmət çəkib, Google-da axtarış versinlər). Ona görə Samir Şərifov “konsepsiyada dəyişiklik yoxdur” deyəndə incimək lazım deyil. Ümumiyyətlə isə “Azərbaycanfilm”i dirçəltmək üçün Fariz Əhmədovun yerinə, məsələn, prodüser və ssenarist, ölkədə kommersiya film istehsalatının qurucularından biri Fariz Əliyev təyin olunmalıydı.
Yeri gəlmişkən, Həsənov və Əhmədov müsahibələrində manipulyativ çıxışlar edərək tez-tez vurğulayırlar ki, istehsalda olan filmlər müştərəkdir, yəni biz dövlətin yükünü azaldırıq. Müştərək film çəkilsə belə, bütün hallarda istehsalçıda məsuliyyət formalaşdırmaq məqsədilə dövlətin büdcəsindən ayrılan vəsaiti qaytarmaq lazımdır. Elə maddi texnikaya sərf olunmuş 3 milyonu da.
Əhmədov onu da deyir ki, Sevda Sultanova bir il əvvəlki məqaləsində nazirliyin niyə maddi texniki bazası olmadığını deyir, indi isə texnikanın kirayəsinin vacibliyini vurğulayır. Məqaləmdə nəzərdə tutulan fikir budur: “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən 2008-2012-ci illər ərzində “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir tələblərə uyğun təchiz edilməsi nəzərdə tutulmuşdu və bunun üçün büdcə ayrılmışdı. Nazirliyin kino sektorunun sabiq əməkdaşı Yusif Şeyxov Meydan TV-yə açıqlamasında Proqrama ayrılan maliyyənin təxmini 50-60 milyon manat olduğunu demişdi. Yəni pulun bol olan vaxtı maddi-texniki bazanın alınması normal idi. Lakin görünən budur ki, ayrılan pul təyinatı üzrə xərclənməyib. Əvəzində ehtimal ola bilər ki, şişirdilmiş xərclərlə texnika icarəyə götürülüb. İndi durum fərqlidir. Pul azalıb. 3 mliyona texnika almaqdansa (hələ bu, məlum deyil ki, pul dürüst xərclənibmi) kirayə xərcləri də daxil olmaqla tutalım, 10 film çəkmək olardı. Əlbəttə ki, dürüst idarəçilik varsa, uyğun kirayə də tapmaq mümkündür.
Anladığım odur ki, proqressiv, yenilikçi şəxslər əslində mahiyyətcə feodal düşüncəyə sahibdirlər. Hətta bəyənmədiyiniz Müşfiq Hətəmov bu qədər feodal düşüncəyə sahibi deyildi.
…“Birdman” filmində məşhur ifadə var: “Bir adamla nə baş verməlidir ki, o, kinotənqidçi olsun”. Azərbaycan reallığında vəziyyət belədir: Bunun üçün kino idarəçiliyinin başında işi bilməyən adamlar durmalıdır.