Müsahibimiz, DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının təsisçisi və direktoru, rejissor İmam Həsənovdur. İmamla bu il üçüncüsü keçirilən festivalın nəticələri və perspektivləri haqqında danışmışıq.
İmam, festival necə keçdi, qarşınıza qoyduğunuz məqsədlərə nail oldunuzmu?
Hal-hazırda qonaqlar, xərclərimiz, iştirakçıların, gələnlərin sayı ilə bağlı hesabat hazırlayıram və görürəm ki, əvvəlki illərlə müqayisədə ikiqat böyümüşük. İzləyicilərimizin sayı artıb, halbuki məkanlarımız dəyişmişdi, artıq ötən illərdəki kimi kafelərdə keçirmirik nümayişləri. Əslində filmləri kafelərdə göstərmək bir sınaq təcrübəsi idi.
Hansı daha effektiv idi?
Əlbəttə ki, filmləri rahat zallarda göstərmək daha effektiv və asan idi. Demirəm ki, o zallarda super kinoteatrlara xas bütün şərait var. Amma Kino Evinin də, Kapellhausun da, Landmarkın da çox yaxşı zalları var. Və “Salaam Cinema”. Ora hamı heyran qalmışdı. Uzun sözün qısası, hər şey çox yaxşı keçdi. Səfirliklərdən nümayəndələr, yaxud səfirlərin özləri gəlmişdi. Məsələn, İsveçrə səfiri özü gəlmişdi. Hətta filmdən sonra qalıb müzakirədə də iştirak elədi. Almaniya, Meksika səfirliklərinin nümayəndələri gəlmişdi. Demək istəyirəm ki, artıq səfirliklər özləri festivala maraq göstərirlər. Hər dəfə zəng vururdular ki, açılış nə vaxtdır, filmlər hansı saatlarda göstəriləcək və s. Bu il həm Goethe mərkəzinin dəstəyi, həm də öz əlaqələrimiz sayəsində beynəlxalq münsiflər heyətinin bütün tərkibi burdaydı, bir neçə filmin rejissoru gəlmişdi. Nümayiş saatlarına qədər qonaqlarımızın vaxtlarını maraqlı keçirmələri üçün xüsusi proqram hazırlamışdıq. Yəni əlimizdən gələni elədik ki, hər kəs bizdən razı qalsın. Keçən illərə nisbətən bu il seçdiyimiz filmlər, mövzumuz həm texniki, həm ideya, həm art-hause janrı baxımından çox qəşəng idi. Bütün proqramı mirvari dənələri kimi düzmüşdük və hər kəs də böyük zövq aldı. Festivalın bayram əhval-ruhiyyəsi yaratdığını özümüz də hiss elədik.
DokuBaku festivalında bütün dünyada qəbul edilmiş, bizdə isə hələlik yeni olan təcrübə var: nümayişlər simvolik qiymətə də olsa, biletlədir. Bunu ilk dəfə tətbiq eləyən sizsiniz. Bu təcrübə işə yarayırmı və lazımdımı? Çünki biz kinoya, tamaşaya toya gedər kimi dəvətnamə ilə getməyə alışmışıq, bəd ayaqda giriş havayı olmalıdı.
Mənə elə gəlir ki, bu, labüddür. Birinci, o pulu cibimizə qoymuruq, qismən də olsa, müəyyən xərclərimizi ödəyirik. Məsələn, üç ildi festival keçiririk, bu üç ildə həmişə filmləri azərbaycan və ingilis dilində subtitrlərlə göstərmişik. Bu isə xərc tələb eləyir. Elə filmlər var ki, əvvəldən sona qədər danışırlar, bu, 1-2 saatlıq böyük mətn deməkdir. Bunun tərcüməsi, subtitrlərin yazılması vəsait tələb eləyir. Amma bütün xərclərə baxmayaraq, biletlərimizin qiyməti simvolikdir- 3-4 manat. Ona görə də, gələn pul da çox cüzi olur. İkincisi isə, mənə elə gəlir ki, bu təcrübəni mütləq tətbiq eləmək lazımdır. İnsanlar artıq buna alışmalıdılar. Sən səhərdən axşama kimi işləyirsən və hər ayın sonunda əməyinin qarşılığında müəyyən məbləğ alırsan. O filmləri çəkən, festivalları ərsəyə gətirən insanlar da zəhmət çəkirlər, gecəni-gündüzə qatırlar. Bu da insanlar üçündür. Yəni insanlar özləri anlayışlı olmalıdılar. Biz professional komandayıq, hər kəs burda nəsə dəyişsin deyə işə canını qoyur. Əslində biz ianə qutusu qoymaq istəyərdik. Bu da qəbul olunmuş təcrübədir. Anlayışlı insanlar özləri gətirib pul salırlar ora.
Variantlar çoxdur. Məsələn, Sarayevo festivalında “festivalın dostları” adlı aksiya var. Orda da biletlər baha deyil, amma könüllü şəkildə festivalın piarında iştirak eləyən insanlara daha da ucuz satılır.
Bizim festivalda da belə şeylər var. Məsələn, tələbələr, jurnalistlər, festivalın müəyyən dostları və qonaqlar üçün güzəştlər nəzərdə tutulub, sadəcə onlayn qeydiyyatdan keçib festivalın tədbirlərinə güzəştli (pulsuz) akkreditasiya əldə etmək lazım idi. Bu təcrübəni hər il tədbiq edirik. Bundan başqa, festivalın qonaqları üçün beyciklər hazırlamışdıq. Elə adamlar var ki, bizə dostcasına kömək eləyib, ya da eləyir. Onlara şərait yaratmışdıq ki, gəlib filmlərə baxa bilsinlər. Əlbəttə, biz də istəyirik ki, zalda on nəfər dəvətli, 20 nəfər bilet almış insan yox, 150 bilet almış, 3 nəfər dəvətli olsun. İndi festival bitəndən, kənardan baxıb bütün səhvlərimizi görəndən sonra başa düşürsən ki, reklamı daha tez başlamaq lazım idi. Məsələn, bu il ilk dəfə biletlərimizi iticketə yerləşdirdik, hardasa beş-yeddi gün orda qaldı və qısa müddət ərzində, ən azı, 130-dan çox bilet satıldı. Bu, o deməkdir ki, əgər biletləri iki ay əvvəl yerləşdirsəydik, effekti daha çox olardı. Təbii ki, bu işdə medianın da böyük rolu var. Media özü könüllü olaraq bizə dəstək verməlidir. Yeri gəlmişkən, əvvəlki illərlə müqayisədə bu il media festivala daha çox maraq göstərdi. Yazdılar, müzakirə etdilər, bizi kanallara çağırdılar. DokuBaku haqqında, az da olsa, məlumat vermək imkanımız yarandı. Bu, çox vacibdir. Çünki başqa cür insanlara informasiya çatmır. Onsuz da informasiya bolluğundayıq, sosial şəbəkələrdə o qədər gərəksiz informasiya var ki… Əcnəbi bir dostumuz deyir ki, sizdə insanlar elektron poçtdan çox feysbukdan istifadə eləyirlər. Bizdə hələ də e-maildən istifadə ənənə halını almayıb, insanların çoxu hələ də mail.ru-dadır. Halbuki rəsmi işlərdə elektron poçtdan istifadə olunmalıdır. Çünki orda hər şey sənəd kimi qalır və sabah işlə bağlı problem yarananda onu göstərə bilirsən. İş qaydası bunu tələb eləyir. Ancaq yenə deyirəm: bunların hamısı cüzi problemlərdir, yavaş-yavaş həll olunacaq. Bu il vaxtımız az idi. İnanıram ki, gələn il hər şey daha fərqli olacaq, artıq gələn ilin mövzusunu, festivalın tarixini müəyyənləşdirmişik.
Yeri gəlmişkən, ilin əvvəlində DokuBaku festivalının artıq keçirilməyəcəyi ilə bağlı xəbər çıxmışdı. Doğrudan, festivalın ləğv olunmaq təhlükəsi vardı?
Amerikalılar heç vaxt problem haqqında danışmırlar, onları gözləyən uğurlu, gözəl gələcək haqqında danışırlar. Mən də o problemlər haqqında danışmaq istəmirəm. Olan-olub, keçən keçib. Mən sadəcə istəyirəm ki, DokuBaku davam eləsin, ildən-ilə böyüsün və institutlaşsın. Ki, artıq bunu eləməyə başlamışıq. Festival bitər-bitməz laboratoriyamız fəaliyyətə başlayıb. İl ərzində bir neçə dəfə olacaq və ustad dərsləri keçirəcəyik. Bu, bizə sənədli film məktəbinin bünövrəsini qoymağa kömək eləyəcək. Çünki artıq formalaşmış komandamız olacaq, mentorlar dəvət eləyəcəyik. Yeri gəlmişkən, DokuBakuLab-a qoşulmaq üçün müraciət forması oktyabrın 30-a qədər açıqdır. Bura həm peşəkar, həm qeyri-peşəkarlar, həm filmsevərlər, sadəcə ideyası olan və onu necə reallaşdıracağını bilməyən, yaşından, cinsindən, irqindən asılı olmayaraq hər kəs müraciət edə bilər. Onların arasından on nəfər iştirakçı seçiləcək- daha yaxşı film ideyası, ən azından, “görmə” qabiliyyəti olanlar. Və seçilmiş adamlar noyabrın 6-dan 11-nə kimi Xorvatiyadan dəvət olunmuş mentor İqor Bezinović-in rəhbərliyi altında bir həftə təlim keçəcəklər. Birinci gündən beşinci günə kimi, saat 10-dan axşam saat 5-ə qədər. Təbii ki, arada çay-qəhvə fasilələri ilə. Elə mən özüm də yeni nəsə öyrənmək üçün orda olacağam. Hazırda sənədli kinoya maraq artmağa başlayıb, hətta heç gözləmədiyim adam da sənədli film çəkir, amma bilmir ki, əhvalatı necə danışsın, hekayəsini necə qursun, ya da necə montaj eləsin. Belə insanlar hazır filmlərini götürüb gələ bilərlər. O filmlər əvvəlcə IV DokuBaku festivalında nümayiş olunacaq. Daha sonra qalib film olarsa, “Current time” kanalında yayımlanacaq. Məncə, bu, çox möhtəşəm bir şeydir.
Məşğələlər ödənişlidir?
Tamamilə pulsuzdur. Hətta gəlib dinləyici kimi də otura, mane olmadan iştirak eləyə bilərsiniz. DokuBakuLab, Xorvatiyanın “Restart Film School” Kino məktəbi və “DokuBaku”nun birgə layihəsidir və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçirilir. Həmçinin Çexiyanın Kino və Tv məktəbindən, Budapeştin, Londonun kino məktəblərindən əməkdaşlıqla bağlı təkliflər almışıq və onları da dəyərləndirmək istəyirik. Belə ki, sonra DokuBakulab-da iştirak etmiş istedadlı gəncləri təhsillərini həmin kino məktəblərində davam etdirmələri üçün istiqamətləndirə bilərik.
İmam, DokuBaku festivalında hər il yerli filmlər az olur, məsələn, bu il cəmi dörd sənədli film vardı. Hərçənd dördü də çox maraqlı filmlər idi. Müraciət edənlər elə dörd nəfər idi, yoxsa seçimdən sonra o qədər qaldı?
Əslində DokuBaku festivalı yerli filmmeykerləri dəstəkləmək üçün yaradılıb. Hətta göndərilən filmlər zəif olsa belə. Amma bu ildən festivalın reqlamenti tərtib olundu, şərtlərimiz daha da sərtləşdi. Məsələn, açıq linkləri, filmləri, videoları götürmürük artıq.
Yutubda, ya da digər platformalarda hər kəsə açıq olan linklər nəzərdə tutulur?
Bəli. Əvvəllər dəstək məqsədilə belə filmləri qəbul eləyirdik, amma bu ildən artıq dayandırdıq. Çünki bu, çox qeyri-professional yanaşmadır. Ola bilsin, özləri bunu bilmirlər, festivallarda iştirak eləməyiblər və s. Səbirsizlik eləyib, sadəcə dostlar layk qoysun, səni “dahisən-filan” deyib tərifləsinlər, qızlar mesaj yazsınlar deyə açıq platformalara yükləyirlər. Halbuki bu, qeyri-peşəkarlığın göstəricisidir. Sənin izləyicilərin təkcə sosial şəbəkələrdə çoxalır və bu, sadəcə sənin öz balaca dünyanda, balaca şismiş egonun sakitləşməsi üçün vacibdir. Ancaq peşəkar dünyada, əgər böyük rejissor olmaq istəyirsənsə, işin professional tərəflərini öyrənməlisən, bilmirsənsə, soruşmalısan. Mən özüm də soruşuram.
Bu il festivala 22 yerli film göndərilmişdi. Hətta iki film göndərənlər də vardı. Təəssüf ki, çoxu televiziya formatındaydı. Ən böyük ayıb – və bu, təkcə gənclərə aid deyil, peşəkarlarda da var – öyrənmək istəməməkdir. Əgər həmkarlarınızdan soruşmaq istəmirsinizsə, “o kimdir ki, mən ondan nəsə soruşum?” deyirsinizsə, internetdə ən axmaq sualın da cavabı var. İkinci problem bayaq dediyim televiziya formatıdır: danışan başlar, ordan-burdan oğurlanmış musiqi – ki, heç birinin hüquqları alınmayıb, o filmləri hansısa festivala göndərsən, səni cərimələyəcəklər. Bunlar çox vacib detallardır, bütün dünyada qəbul olunmuş şərtlərdir. Yenə deyirəm: mövzu o qədər çoxdur ki… solmuş güldən də film çəkə bilərsən, qarışqanı da çəkə bilərsən. Amma mütləq vurğulamalısan ki, bu, azərbaycan qarışqasıdır, başqa cür düşünür. Bir rejissorun o birindən üstünlüyü bunda olur. Məsələ sadəcə onun bəxtinin gətirməsində deyil, bir az başqa cür görüb-bilməsində, fərqli baxış göstərə bilməsindədir. Məsələn, film üçün qəhrəman seçdiyin adamlar, bir qayda olaraq, qapalı olur, heç vaxt kameraya hazır olmur. Azərbaycanda bu iş, ümumiyyətlə, çətindir. Məsələn, Bakı-Tbilisi qatarında yolçular haqqında film çəkmək istədin, kameranı götürdün, mindin qatara, polisindən tutmuş sərnişininə qədər hər kəs sənə mane olur.
Sənədli film rejissorunun, ümumiyyətlə, rejissorun birinci işi odur ki, hər şeyə rəğmən, mütləq nəsə çəkə bilsin, ortaya maraqlı film çıxartsın. Dilində sənədli deyirsən – deməli, hansısa problemi, konflikti göstərirsən. Bax, bu yaxınlarda izlədiyim filmlərdən biri “Oskara” namizəd oldu. Biz o filmin rejissoru ilə eyni festivalda iştirak etmişdik. Filmi İŞİD üzvü haqqında idi. Qəhrəman minalanmış zonada gəzir, rejissor da kamerası ilə birlikdə onu izləyir. Bu, o qədər riskli işdir ki! Baxan da başa düşür ki, rejissor həyatını riskə atır və bunu qiymətləndirməmək mümkün deyil. Yəni bu işlər risk eləmədən, can atmadan heç vaxt mümkün deyil. Təbii ki, bir də düşüncə. Yəni hekayəni özünəməxsus danışmağı bacarmalısan. Bizdə isə fərqli danışmaq alınmır. Və təbii ki, əsas problemlərdən biri də oxumamaq, mütaliə etməməkdir. Hamı mütaliə etdiyini, filmlərə baxdığını deyir. Amma sadəcə baxmaq, oxumaq kifayət deyil. Oxuyub-izlədiyini içində bişirmək, anlamaq, nəticələr çıxarmaq lazımdır. Məsələn, mən indi oxuduğum kitabları, baxdığım filmləri təkrar dərk eləməkdən ötrü yenidən baxmaq, izləmək istəyirəm. Ki, görüm, nə gedəcək, nə qalacaq. Bunlar son dərəcə vacib nüanslardır və bilmək lazımdır.
Hər il festivalda fərqli mövzular olur, filmlər ona uyğun seçilir. Bu ilki mövzu nə idi?
Həqiqət. Birinci il mövzumuz “Reallığı sınayaraq” idi. Azərbaycan reallığını sınamaq, gözdən keçirmək istəyirdik. İkinci il “Kəsişmələr” oldu. Bu il mövzu olaraq “həqiqət”, “həqiqiliy”i seçdik. Əslində söhbət parçalanmış həqiqətdən gedir. Yəni hər kəsin öz inandığı bir həqiqəti, öz baxış bucağı var. Hamı həqiqəti eyni cür hiss eləyib eyni cür anlamır. Dərketmə qabiliyyətindən asılı olaraq hər kəsin baxış bucağı ya daralır, ya da genişlənir. Burda məqsəd kiməsə nəyisə sübut eləmək, “mənim düşüncəm düzdür” demək deyil, sadəcə baxış bucağıdır. Elə buna görə də, Azərbaycan filmləri bölməsinin adını “Baxış” qoymuşduq. Çünki seçdiyimiz filmlər ölkəmizdə baş verən hadisələrə fərqli baxışlar sərgiləyirdi. Kimsə öz baxışlarını Sovetskinin dağılmasını göstərərək bildirib, kimsə “Salaam” uğrunda gedən mübarizəni göstərməklə. Bu, onların gördükləri həqiqətlərdir və müzakirələr də həmin həqiqətlər üzərindən aparılırdı, insanlar bilmədikləri şeyləri bir-biri ilə paylaşırdılar. Bizim fikirlərimiz çox vaxt üst-üstə düşmür, çünki hərənin öz həqiqəti var. Şair demiş: “Səninki uydurulmuş fəlsəfədir, səfsətədir, mənimki xətkeşə gəlməz – həqiqətdir”.
Amma üst-üstə düşən həqiqətləri də paylaşmaqdan ötrü təhlükəsiz zona yaratmaq lazımdır ki, onu da festivalda yarada bildik və buna görə çox sevinirəm. Gələn il mövzumuz “Dəyişikliklər” olacaq. Dünyada gedən dəyişikliklər, qəhrəmanın, ya da lap elə rejissorun özünün dəyişmək istəyi. Ya da heç nəyin dəyişməməsi. Ötürmək istədiyimiz mesaj da bu olacaq: artıq dəyişmək vaxtıdır. Məsələn, mənim ailəm məndən narazıdır. Anam deyir ki, evlənmək vaxtın keçir, qocalırsan. Həyatım sanki dənizdə üzən taxta parçası kimidir. Çünki bu vaxta qədər heç kim mənə deməyib ki, həyat dəyişir, hisslər, dərketmə, bədənin dəyişir.
Bu, deyilməklə olan şey deyil ki. Özün təcrübədən keçirərək öyrənə bilərsən ancaq.
Düzdür, amma deyən də olsaydı, yaxşı olardı. Əlbəttə ki, hərə öz yolunu keçir və öz təcrübəsini bölüşür. Amma mütləq hardasa bir məsləhətçin, müdrik adam, ustad olmalıdır ki, sənə “oğlum, bu, belə deyil, elədir” desin.
Tipik şərqli düşüncəsi.
Yox, bu, sadəcə istiqamətdi. Hər şeyi ondan gözləmirsən. Bizim həyatımızda elə ustadımız yoxdur. Məsələn, indi rejissorlar arasında Kiarüstəmi kimi bir ustad olsa, ən azından, baxıb öyrənə bilərdilər. İstiqamət göstərən bu baxımdan lazımdır bizə. O da bizdə yoxdur. Krılovun təmsilindəki kimi hərə bir tərəfə dartır yorğanı. Hamı istəyir, birinci olsun, ona desinlər ki, biz sənə inanırdıq, sən möhtəşəmsən filan. Halbuki özünü tapmaq üçün müzakirələr çox vacibdir. Mənə elə gəlir ki, bu da vacib amillərdən biridir – özünü tapmaq. Özünü tapmaq da belə bir şeydir ki, müzakirə eləyə-eləyə, axtara-axtara tapırsan. Ən azından, özünü tək hiss eləməmək üçün qabaqda bilən bir adam olmalıdır ki, ondan ibrət götürəsən. Məsələn, özümü deyim. Keçən il hiss eləyirdim ki, mistik qapılar mənim üzümə bağlıdır, özümü öldürsəm də, açılmır. Amma indi çox rahatam. Yeni nəfəs hiss eləyirəm, hiss eləyirəm ki, o qapılar özü açılıb. Və o dəyişiklikləri ki mən özümdə hiss eləyirəm, istəyərdim, bizim fesitvalın iştirakçıları, tamaşaçılarında da həmin o hiss yaransın. Ən azından, bu söz onların beynini qurdalasın. Bir söz belə açardı. Bir söz hər şeyi dəyişə bilər.
Bu il festivalın bir yeniliyi də oldu- 1927-ci ildə çəkilmiş səssiz “Berlin, böyük şəhərin simfoniyası” sənədli filmini göstərdiniz. Ki, inanılmaz bir film idi – mən filmboyu 27-ci ildə çəkildiyini unudurdum. Təqdimatı da çox orijinal idi –məxsusi o film üçün yazılmış musiqinin canlı müşayiəti ilə. Elə qiymətli filmi necə ala bildiniz? Və bu bölməni növbəti festivallara da daşımaq fikriniz varmı?
Bu il Qərbi və Şərqi Almaniyanın birləşməsinin otuz illiyidir. Biz də Goethe institutunun rəhbəri Alfons Hugla görüşümüzdə dəstəkləri qarşılığında sözügedən hadisənin yubileyi münasibətilə bir neçə alman filmi göstərməyi təklif elədik. O da bizə dedi ki, institutun saytındakı hüquqları onlarda olan filmlərdən seçə bilərik. Həmkarım Veronika ilə məsləhətləşəndən “Berlin simfoniyası”nı göstərmək qərarına gəldik. Mənə elə gəlir ki, təşəbbüsümüz alındı, tamaşaçıları da çox oldu, film də möhtəşəm idi. Canlı musiqinin müşayiəti də bir eksperiment idi. Amma bu ənənəni davam etdirmək… Bu vaxta kimi bizim “ən yaxşı sənədli film”, “ən yaxşı qısa film” mükafatlarımız yox idi, sadəcə birinci, ikinci, üçün yer verirdik. İndi isə “ən yaxşı qısa film”, “ən yaxşı tammetrajlı film”, “tamaşaçı rəğbəti” nominasiyası, jürinin xüsusi mükafatı oldu. Pul mükafatımız yenə yoxdur, amma məsələn, Almaniyanın Visbaden şəhərində keçirilən “GoEast” kinofestivalı ilə əməkdaşlıq eləyirik. Və “ən yaxşı yerli qısa sənədli film” nominasiyasının qalibi, “Bir zamanlar Şanxayda” filminin rejissoru Leyli Qafarova sözügedən festivalın “East-West Talent Lab”ında iştirak eləyəcək. Leylinin bütün xərclərini festival özü qarşılayacaq. Orda prodüserlərlə görüşürsən, öz layihəni təqdim eləyirsən və qalib olsan, 5 000 avro pul mükafatı qazanırsan.
Yəni demək istəyirəm ki, biz həmişə hansısa yeniliklər tətbiq eləyirik. Ola bilər ki, gələn qonaq ölkə olmasın, hansısa ölkənin filmləri günü olsun. Çünki biz hələ o qədər böyük festival deyilik, maliyyəmiz də elə çox deyil, komandamız o qədər böyük deyil. Hərçənd gələn il komandanı böyütmək və məkanları azaltmağı düşünürük. İstəyirik, proqram elə qurulsun ki, tamaşaçılar daha çox film izləyə bilsinlər. Düzdü, başqa ölkələrdə sənədli film izləyicilər bizə nisbətən daha çoxdu, amma bu, o demək deyil ki, bizdə yoxdur. Var və ildən-ilə artır.
İmam, bir az da sizin yaradıcılığınızdan danışaq. “Müqəddəs inək” filmi lap bu yaxınlarda “Realnoye kino” kanalında nümayiş olundu. Bilmirəm, şərhləri oxumusunuz, ya yox, ancaq filmi izləyən həmyerlilərimiz sizi separatçılıqdan, vətənə xəyanətdən tutmuş inəklər barədə heç nə bilməməyə qədər hər şeydə ittiham elədilər. Cəmi bir nəfər filmi başa düşmüşdü, qalan hər kəs söyürdü sizi.
Möhtəşəm.
Siz bu qədər mürəkkəb film çəkmisiniz? Niyə həmvətənlərimiz o filmi anlaya bilmirlər?
Mən yüz ildən sonra üçün film çəkmişəm desəm, ağ eləyərəm, amma.. Film əslində mürəkkəb deyil.
O filmi bizim rayonlarda da göstərmisiniz, deyəsən. Orda reaksiyalar necəydi?
Məsələn, bir qadın filmə baxandan sonra qəhrəman haqqında dedi ki, nə yaxşı kişidir bu, nömrəsini mənə verin. Elə adamlar da vardı ki, “siz Avropa inəklərini reklam eləyirsiz, istəyirsiz, biz də alaq o inəkdən” deyirdi. Yəni insanlar ötəri baxırlar əslində. Amma maraq vardı. Təbii ki, insanlar daha çox ekşn istəyir, bədii, dinamik film istəyir. Amma mənim filmim elə deyil. Bilmirəm, buna təəssüf eləyim, yoxsa yox. Bəyənməyənləri də başa düşmək olar. Elə onların bəyənməməyi filmdə qaldırılan problemin – yeniliyə qarşı açıq olmamaq – var olduğunun təsdiqidir. Vacib deyil sən inək alırsan, yoxsa vertolyot, vacib olan odur ki, sən bunun həyatına gətirəcəyi dəyişiklikləri qəbul eləyə, dərk eləyə bilirsən, ya yox. O şərhlər də bunu təsdiqləyir: biz yeniliklərə açıq deyilik. Ona görə də, kommentlər çox vaxt ana-bacı, qeyrət-namus, ayırma və s. kimi ittihamlardan ibarət olur. Ya da ən çox yazdıqları: niyə bizi dünyada biabır eləyirsiniz, biz belə deyilik, çox əla yaşayırıq, kreditlərimiz yoxdur və sair və ilaxır.
Söz düşmüşkən, siz çox festivallarda olursunuz, müxtəlif ölkələrə aid filmləri izləyirsiniz. Təkcə bizik özümüzü “biabır” eləyən, problemlərdən danışan?
Bizim millət olaraq psixoloji bir problemimiz var: nəbadə bizi pis görsünlər. Yəni biz özümüzü, öz reallığımızı qəbul eləmirik. Mən demirəm ki, biz pisik. Mən deyirəm ki, biz yaxşıyıq, amma qüsurlarımız var və onları düzəltməyə çalışmırıq. Daha çox görünən bir tərəfimiz varsa, həmişə ordan parlamaq, başqa yerimizi parıldatmaq istəmirik. Elə bil beynimizdə bir qat var. O qatda biz həmişə yaxşıyıq, biz adam öldürmürük, biz söyüş söymürük, biz sevişmirik, ümumiyyətlə, heç vaxt sekslə məşğul olmuruq və sair. Mələk kimiyik də, qısası. Amma belə deyil, axı. Hər kəsin bir qüsuru var.
Yaxşı, o qüsurları göstərmək lazımdırmı?
Əlbəttə, lazımdır. Bu, özünüdərkdir. Biz özümüzü dərk eləyə bilmirik, çünki mental qatda problemimiz var. Ona görə də, bu vəziyyətdəyik, mədəniyyətimiz inkişaf eləmir, yerində sayır. Mənə Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan, Qara Qarayevdən sonra böyük bir bəstəkar göstərin. İndi. İstedadlı insanlar var, əlbəttə, demirəm ki, yoxdular. Amma maestro deyə biləcəyimiz heç kim yoxdur. Problem ondadır ki, istedadlılar özlərinə istedadlı demir, istedadsızlar da “mənəm tək istedadlı” deyib özlərini atırlar ortaya, müəyyən vaxta qədər bəxtləri gətirir, amma sonra yox olub gedirlər. Odur ki, özümüz özümüzü tanımağa çalışmalıyıq, özümüz özümüzü açmalıyıq.
Bizimki kimi problemli cəmiyyətlərdə bunu kim bacarır? Yaradıcı insanlar. Çünki həyat güzgüdür. Adətən, “həyat güzgüdür” və ya “kino həyatın güzgüsüdür” kimi fikirlər səsləndirirlər və bu, şablonlaşıb. Amma bunu dərk eləsən, həqiqətən, görərsən ki, həyat güzgüdür, sən özünü qıraqdan görməyi bacarmalısan. Həyat özü sənin qabağına hər şeyi çıxardır. Sən kimsənsə, fikirlərin necədirsə, özünü həyatda elə görürsən. Elə adamlar var ki, bunu anlamır, heç nə görmür. Elə adamlar var ki, bəsirət gözü açılır və görür ki, bax, mən indiyə qədər belə fikirləşdiyimə görə, belə yaşamışam. Əgər başqa cür fikirləşsəydim, başqa cür olardım. Məsələn, məndə özünüdərk gedəndə mən ağlayıram, çünki özünüdərkin gətirdiyi xoşbəxtliyi hiss eləyirəm, özümü tapa bilirəm, rahat oluram, məni heç nə narahat eləmir. Amma əksəriyyətimizi narahat eləyən o qədər şey var ki! Başqasının tumanı, maşını, evi.. Öz həyatımızdan başqa, hamının həyatı bizi narahat eləyir və həmin vaxt öz həyatımız yanımızdan ötüb keçir. Onlar özləri bunu hiss eləmirlər, çünki özlərini analiz eləmək ağıllarına gəlmir.
Mənim filmim də açıqfikirli olmaq haqqındadır. Hər şeyə qarşı- bütün şikayətlərə, dəyişikliklərə, yeniliklərə, qüsurlara, hər şeyə açıq olmaq. Ki, dəyişib inkişaf eləyə bilək. Xəstə cəmiyyəti sağaltmaq ziyalı, elmli, işıqlı adamların işidir, şou-biznes əhlinin yox. Onlar zatən öz həyatlarını qurban veriblər. Onlara elə yaşamaq maraqlıdır: qeybət, çoxlu pul, onun-bunun dalınca danışmaq, məşhur olmaq. Çox ucuz həyat. Onlara görə, bu, çox bahalıdır. Bu insanlar heç vaxt heç bir ölkədə etalon olmayıb və nəyisə dəyişməyib. Dəyişənlər ziyalı, işıqlı insanlar olub. Artıq bizim cəmiyyətdə də elə insanlar formalaşmağa başlayır. Əgər bir az da müstəqilliklərini qoruyub-saxlaya bilsələr və təbii ki, bir az daha cəsarətli olsalar, hər şey alına bilər. Məncə, cəsarət istedadın 90%-dir. Şair burda yaxşı deyib: işıq qaranlığındır, qaranlıq işığın deyil. Əzəli olan qaranlıqdır ki, var… İşıq da onun kölgəsidir.
Elə burda da müsahibəmizi bitirmək istəyirəm və “yeni film nə vaxt olacaq” deyə soruşmuram.
Soruş. Bir də “Müqəddəs inək” haqda nə yazın, nə soruşun, utanıram. Artıq yeni nəsə eləməliyəm. Məsələn, təzə filmə başlamaq istəyirəm. Sadəcə gedib qəhrəmanlarımı görməliyəm, onlarla daha yaxından tanış olmalıyam. Sonra çəkilişlərə başlayacağam. “Çıxış” teatrını bərpa eləmək istəyirəm. Başqa ideyalarım da var. Görək, alınacaqmı?! Dəqiq bildiyim bircə şey var. Hiss eləyirəm ki, çoxlu işləməliyəm.
Söhbətləşdi: Aygün Aslanlı