Bir neçə gün öncə Ali Baş Komandan işğaldan azad olunmuş əraziləri sadalayarkən “Vəng” kəndinin də alındığını xəbər verdi və sonra bildirdi ki, kəndin adını dəyişib “Çinarlı” qoyur.
Bildiyim qədərilə, işğal altındakı torpaqlarda iki Vəng kəndi vardı. Biri Kəlbəcər ərazisində, Bağlı Pəyə kəndi tərəflərdə, digəri də bizim Xaçın boyunda, “Gəncəsər” monastırının olduğu yerdə. Prezidentin sayəsində söhbətin cənub cəbhəsindəki Zəngilan-Cəbrayıl tərəflərdən getdiyini, orda da eyniadlı kəndin olduğunu öyrəndim.
Toponimin dəyişdirilməsi həm yerli tənqidəmüntəzirlər, həm də uzaqdandöyüşəbaxanlar arasında fürsət kimi göydə qapıldı.
Dərhal “Azərbaycan mədəni genosid həyata keçirir” janrında “düdük püfləmələri” başladı. Guya “Vəng” adı erməni (?) mədəniyyətinə aidmiş və dəyişdirilməsi Qarabağdan erməni izlərinin silinməsi, bir növ mədəni zəmində “təmizləmə” işiymiş.
Bu toponimin qonşuluğumuzdakı haylarla nə qədər əlaqəsi olduğu barədə aşağıda qeydlər edəcəm. Burada isə demək istədiyim budur: Azərbaycan respublikası suveren, müstəqil ölkədir və öz ərazilərində hər hansı inzibati, demoqrafik dəyişiklik etmək, məsələn, yer adlarının dəyişdirilməsi, yeni adların verilməsi müstəsna olaraq Azərbaycan Respublikasının daxili işidir, dövlət başçısının və digər səlahiyyətli orqanların kompetensiyasındadır.
Bundan öncə də ölkəmizdə bir çox rayon və şəhərlərin adları dəyişdirilib, sözügedən ərazidə yaşayan xalqın tarixi, mədəniyyəti ilə əlaqəli adlarla əvəzlənib. Məsələn, Şirvan şəhəri, Şabran, Göygöl rayonlarının adları buna örnək ola bilər. Bu rayonların əvvəlki adlarının toponim olaraq erməni mədəniyyətinə bir aidiyyatı yox idi ki?! Demək, adların dəyişdirilməsi heç də o adın hansısa bir topluma məxsus olması zərurətindən irəli gəlmir və yuxarıdakı misallardan yola çıxaraq bu tip dəyişikliklərin arxasında mütləq bir siyasi məqsəd axtarmaq gülüncdür. “Xanları” dəyişib “Göygöl” etmişiksə, “Dəvəçi”nin “Şabran” adını özünə qaytarmışıqsa, Azərbaycanda bir-iki dəfə istifadə olunmuş bir toponimi dəyişdirmək üçün ölkə başçısı kimdənsə izn almalıdır? Əsla yox!
Xarici müşahidəçilər arasında bizim hamımıza tanış olan bir ad diqqətimi çəkdi. Məşhur “Qarabağ – Qara bağ” (“Black Garden”) kitabının yazarı, konfliktin ilk mərhələsində bölgədə olmuş və Ermənistanın Azərbaycana qarşı aqressiyasını öz gözləriylə görmüş, bədnam erməni prezidenti S.Sərkisyanın ağzından qaçırdığı “Xocalıyadək azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz, Xocalı ilə biz bu stereotipi sındırdıq” etirafını qələmə almış britaniyalı araşdırmaçı jurnalist Thomas de Waal.
De Waal qardaş indi valın o biri üzünü çevirib, bir toponim dəyişikliyini Azərbaycan tərəfinin “mədəni genosid”i kimi konstatasiya edib. Bunu həm də Xocalıda hansı növ genosidin həyata keçirildiyini icraçının birbaşa öz dilindən dinləyib qələmə almış şəxs iddia edir. Təəssüf!
Bizim “Vəng” haqqında (keçmiş Ağdərə rayonu) bir essemdə yazmışam.
“Vəng” sözü xristian albanların dilində monastır deməkmiş. Yəni tapınaq olan, qutsal sayılan yer. Xristian albanlar, əsasən, gəliş-gediş yolunun üstündə, çaylara yaxın yerlərdə monastırlar inşa edirdilər və bu yerlərə də tapınaq anlamında “vəng” adı verirdilər. O ərazidə və ona yaxın yaşayış yerlərində yaşayan xristian albanlar da dini ibadət üçün həmin kilsələrə gəlirdilər və tədricən, monastırların olduğu yerlər yaşayış məskənlərinə çevrilir, ətrafında kəndlər, qəsəbələr yaranırdı.
Həmin monastırın yerində əvvəllər də hansısa qədim kilsənin olmasıyla bağlı fikrlər səsləndirilir. Bunu monastır ətrafında öncəki əsrlərə aid xaçlı daşların olması da sübut edir. Mümkündür ki, öncəki kilsə Xaçın knyazlığının ailə ad-sanına layiq olmayıb və knyaz Həsən Calal öz cəlalına uyğun daha möhtəşəm bir monastır inşa etdirmək fikrinə düşüb. Yerli əhalinin inancına görə, İsanı da vəftiz etmiş Vəftizçi İohannın (islamda Yəhya ibn Zəkəriyyə kimi tanınır) Herodun göstərişiylə kəsilmiş başı Gəncəsər monastrı ərazisində dəfn edilib. Alban tarixçisi Moisey Kolankatli bu barədə belə yazır: “…Ondan sonra İohannın başı bir knyazın əlinə keçdi və İstampola gətirildi. Katoliklər onu oğurlayaraq qərbə aparmaq istəyirdilər. Lakin knyaz onu götürərək şimala – İveriyaya qaçdı. Burada o, Artsak hakimi Cəlal Dövlənin qardaşının əlinə keçdi”.
1211-ci ildə qardaşının yanına gedən Calal Dövlə müqəddəs başın ona verilməsini xahiş etsə də, qardaşı könüllü şəkildə onu verməkdən imtina edir. Onda Cəlal Dövlə onu zorla alaraq Qandzak əyalətinin Artsak havarına, ailə məqbərəsinə gətirir. Başı burada basdırır və üzərində Tanrı Məsih və onun vəftizçi müqəddəs İohann adına Gəncəsər kilsəsini inşa etdirir.
Bu tarixin sonradangəlmə haylarla heç bir əlaqəsi yoxdur və onların bölgəyə gəlməsindən çox-çox əvvəllərə aiddir.
“Gəncəsər” monastırı XIII əsrə aiddir, hayların bu tərəflərə yolu isə XIX əsrin əvvəllərində açılıb.
Həmin monastır tikiləndə artıq 200 ilə yaxın idi ki, o bölgəyə Səlcuqlu türkləri hökmdarlıq edirdilər. Monastırın inşası Böyük Səlcuqlu dövləti zamanı – 1216-cı ildə başlanıb, monqolların Azərbaycana ilk yürüş etdikləri illərdə davam edib – fasilələrlə 22 il – 1238-ci ildə yekunlaşdırılıb. Tarixi dönəmi, Səlcuqlu dövləti və o dövlətin təmsil etdiyi titulyar xalq və inancın dövlətin ərazisində fərqli din və inancdan olanlara heç bir basqı həyata keçirmədiyini, əksinə digər inanclara da ifadə imkanları yaratdığını diqqətə çatdırmaq üçün qeyd edirəm.
Monastır, tikintisi başa çatdıqdan iki il sonra istifadəyə verilir və 1240-cı ildən 1836-cı ilədək Alban Həvari Kilsəsinin (Alban Katalikosluğunun) baş məbədi olur. Son tarix, necə deyərlər, manidardır, deyilmi? “Türkmənçay” müqaviləsi bağlandıqdan 8 il sonra…
Bu illər ərzində gəlmə haylar o qədər artırlar ki, bölgədə dini konfessional balans gəlmə erməni qriqorian inancı tərəfdarlarının xeyrinə pozulur. Gəlmələr daha çox radikal, bir başqa deyimlə, həyasız camaat idi və yerli müsəlman xalqlarla konfliktə meylli idilər. Bu ənənəni özləriylə yeni yaşayış yerlərinə də gətirmişdilər və ilk vaxtlar gəlmə xristianların orada olan fərqli inanclılara münasibəti yerli albanlarda da etirazlara səbəb olurdu.
Yəni adamları İrandan, Anadoludan daşıyıb töküblər Qarabağın xristian məlikliklərinin ərazisinə. Hərəsi bir ağılda, bir xasiyyətdədi. Biri farsla iç-içə olub, biri osmanlı təbəəsidir, bir qismi də ərəblə görüşüb. Hərəsi bir tip sosial əxlaqa, yaşam tərzinə mənsub olan və sadəcə bənzər bir dildə danışan ayrı-ayrı insanlar… Beləliklə, gəlmə və yerli xristianlar arasındakı anlaşılmazlıq monastır divarları arasına da daşınır və içəridə sözün əsl mənasında dini mərəkələr yaşanmağa başlanılır.
Əslində erməni cəmiyyətinə xas olan ağlayıb-sızlamaq, özünü məzlum göstərmək ruhu da həmin gəlmə hayların gətirdiyi mərəzdir. İndi də başqa mövzu keçib əllərinə – “genosid”. Əvvəllər qovulmuş idilər, indi üstünə həm də qırılmış xalq olmaq psixozu yaranıb və ondan yaranan nifrət duyğusu ətrafında dinə bınzər bir sekta qurub adını da qoyublar Erməni Qriqoryan Kilsəsi (inancı).
Guya bunları xristian inancından dolayı yaşadığı yerdən qovublar. Buna görə də, yerli camaatın üzərində bir az dilləri uzun olur, yəni “siz anlamazsınız, xristianlıq nədir, biz sizə öyrədərik” sayağı basqıçı radikallıqla yerli inancı sıxışdırmağa başlayırlar. Yerlilər abırlarına bükülüb səslərini çıxartmırlar, haylarsa yavaş-yavaş kilsələrdə təşəbbüsü ələ alırlar.
Gəlmələr orada olan yerli xristianların, fərqli inanclı yerli xalqlarla münasibətlərinin ruhundan bixəbər idilər. Onlar digər inancda olanlarla, lap elə ortodoks gürcülərlə də konfliklərə girirdilər və bu yaşadığımız günlər də həmin kin, nifrət ruhunun döyüş meydanında başı əzilənədək mərhələsinə çatmış halıdır.
Bu bölgəyə bu mərəzi şimal qonşularımız ordan-burdan toplayıb yığmışdı.
Sonra nə oldu…
Bizim bu Alban katalikosluğu “İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırır”.
Sonda bütün vətəndaşlarımız üçün bir daha vurğulayaq, təkrarda fayda var: Azərbaycan respublikası suveren, müstəqil ölkədir və öz ərazilərində hər hansı inzibati, demoqrafik dəyişiklik etmək, məsələn, yer adlarının dəyişdirilməsi, yeni adların verilməsi müstəsna olaraq Azərbaycan Respublikasının daxili işidir, dövlət başçısının və digər səlahiyyətli orqanların kompetensiyasındadır.