2019-cu ilin dekabrın əvvəlində, heç kim gözləmədiyi halda, Milli Məclis birdən birə özünü buraxdı. Daha dəqiq desək, deputatlar parlamenti buraxmaq xahişi ilə prezidentə müraciət etdilər. Prezident də bu müraciət ilə razılaşdı. Nəticədə ilk dəfə Konstitusiyanın 98 maddəsi tətbiq olundu. Bu barədə çoxlu sayda yazılar gedib və mövzu özü-özlüyündə çox da maraqlı deyil. Amma bu addımın maraqlı tərəfləri də var idi.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147-ci maddəsinə görə deputatlığa namizədin qeydiyyatı üçün, irəli sürüldüyü dairənin ərazisində ən azı 450 imza toplanmalıdır. Seçiqabağı prosesdə təbliğat dövrü ilə bərabər məhz bu prosedur ən çox vaxt aparan mərhələdir. Bir çox namizədlər məhz bu mərhələdə mübarizəni dayandırırlar. Amma bu dəfə vəziyyət başqa idi. Hamı birdən-birə imza toplanmasına yönəldi və keçən illərə nisbətdə insanlar həddindən artıq çox imza verdilər. Əgər qeydiyyata alınan 1300 namizədi nəzərə alsaq, bu hardasa 650 min imza deməkdir. Düzdür eyni şəxs bir neçə namizədə imza verə bilər (misal üçün, mən topladığım dövrdə vətəndaşlardan biri xəbər vermişdi ki, məndən əvvəl artıq 2 namizədə imza verib). Amma adətən insanlar bir imzadan sonra başqalarına imza vermirlər və faktiki olaraq bu, imza prosesində ən azı 500 min insanın iştirak etməsi deməkdir.
İmzayığma prosesi həm maraqlıdır, həm də çətindir. Bu proses dövründə həm namizəd, həm də onun komandası müxtəlif insanlarla rastlaşır. Dairə Seçki Komissiyası adətən 10 imza vərəqi verir. Bir imza vərəqində 50 imza yerləşir və bu o deməkdir ki, namizəd yalnız 500 imza yığa bilər. Bu imzalar arasında da maksimum 50 etibarsız ola bilər. Bu da işi çətinləşdirir. Təkbaşına bu imzaları yığmaq mümkün deyil. Şəraitdən və bölgədən asılı olaraq 500 imza üçün hardasa 1000-1500 mənzil gəzmək lazımdır. Bunu da ən tez bir zamanda etmək lazımdır. Əks halda DSK ilə problemlər yarana bilər. DSK bir çox hallarda etibarlı imzaların sayını aşağı göstərir və bu məsələnin mübahisələndirilməsi də vaxt aparır. Növbədənkənar seçkilər olduğunu nəzərə alsaq, bu müddət daha da daralır.
Mənim seçdiyim dairə – 23 saylı Nəsimi-Səbail seçki dairəsidir. Bu dairəyə həm şəhərin ən gözəoxşayan yerləri (“Torqoviy” adlandırılan Nizami küçəsinin böyük hissəsi, Fəvvarələr meydanı, İçərişəhər, Bulvar), həm də ən kasıb bölgələri (“Kubinka”, yahudi məhəlləsi və s.) daxildir. Eyni zamanda bu dairədə yaşayış da çox azdır. Belə ki, yaşayan insanların böyük hissəsi ya məcburi köçkünlərdir, ya da icarədardılar. Bu da işi ciddi olaraq çətinləşdirir. İmzayığımı prosesində yalnız 3 qapıdan birində yerli qeydiyyatda olan insan olurdu, onlardan da 50%-i imza verməyə razılaşırdı.
Eyni zamanda imza yığımı vaxtı ən tez-tez rastlanan hadisələrdən biri də qapının bağlı olmasıdır. Adətən qadınlar qapını açmırdılar. Əsas səbəb kimi də “yoldaşım evdə yoxdur” göstərirdilər. Bu da müəyyən qədər Azərbaycan cəmiyyətində mövcud olan qaydalara dair bir göstəricidir. Amma bundan başqa onlarla digər səbəb də eşitdim. Bu səbəblər arasında
- Evdə heç kim yoxdur – bu cavabı adətən qadınlardan eşidirdik. Hardasa onuncu ya da 20-ci dəfə eşidəndə, artıq “sən də insansan” cavabı vermək istəyirdim, amma seçici olduğunu nəzərə alaraq mübahisəyə girmək istəmirdim.
- Evdə ümumiyyətlə heç kəs yoxdur;
- Mən indi tərliyəm, sonra gəlin;
- Ev yiyəsi yoxdur, axşam gəlin;
- Biz siyasətlə məşğul olmuruq;
- Qapını açar ilə bağlayıblar;
- Evdə hamı namaz qılır;
- Biz maraqlanmırıq;
- Mən bu evdə qonağam və s. və i.a.
Ən çox təəccübləndirən səbəblərdən biri də “mən bu evdə qonağam” səbəbi idi. Heç vaxt təsəvvür edə bilməzdim ki, evin qonağı qapını aça bilər. Yəni qonaq niyə qapını açsın ki? Amma dəqiqləşdirici suallardan sonra bəlli olurdu ki, bu insan əslində elə qonaqdır. Nəyə görə qapını açıb– bəlli deyil.
Başqa tərəfdən qapı açılanda belə, bir sıra problemlər ilə üzləşirdik. Misal üçün, “Kubinka” ərazisində həyət evində çətinliklə ikinci mərtəbəyə qalxıb (pilləkən yerinə əndirəbadi bir nərdivan idi), qapını döydük. Qapını əlində iynə-sap olan, 35-40 yaşlı qadın açdı:
– Salam! Mən, Toğrul Vəliyev, parlament seçkilərinə namizəd olmaq üçün imza toplayıram. Mümkündürmü siz də bizə dəstək olasınız?
– Hə, yaxşı. Harada imza çəkməliyəm?
– İmza ilə birlikdə şəxsiyyət vəsiqənizi də olarmı?
Vəsiqəni verəndən sonra:
– Amma uşaqlar bir az tez olun. Ərim öyrənsə, öldürər.
…
– Ərin xəbəri olmadan açmışam. Bir az tez olun..
…
– O bir az zəhmli kişidir. Belə şeyləri sevmir. Tələsin bir az, tələsin.
– Budur vəsiqəniz. Burada da imza çəkin, çox sağ olun!
– Uğurlar, amma bir az tez gedin!
İmza verəndən sonra mənimlə birlikdə olan dostum əlavə etdi ki, “sonda onun yerinə, mən qorxmağa başladım”.
Bundan başqa imzatoplama vaxtı insanların qeydiyyatda olub-olmadığını da öyrənmək çətin idi. Aşağıda bizim standart dialoqumuz təsvir olunub:
– Bağışlayın, siz burada qeydiyyatdasız?
– Hə
– Dəqiq burada propiskadasız?
– Yox, propiskada deyiləm…
Nəticədə 500 imzadan 12 imzanı özüm silməli oldum. Çünki insan bu bölgədə qeydiyyatda olduğunu israrla deyirdi, yazanda isə məlum olurdu ki, o ya Yasamal rayon polis idarəsində, ya da Salyan şossesində qeydiyyatdadır. Bu da işimizi pozurdu. Yeni şəxsiyyət vəsiqələrində ünvanın əks olunmamasını nəzərə alsaq, işimiz ikiqat çətinləşirdi.
Amma bütün bu çətinliklərə baxmayaraq, bizim komanda dairə üzrə ən tez imza yığıb təhvil verən komanda oldu. Düzdür, DSK bu imzaların 38-ni etibarsız saydı, amma bu artıq başqa mövzudur.