Şuşada dahi Azərbaycan şairi, Qarabağ xanının vəziri, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin bərpa olunub, açılışının edilməsi, bəzi yoldaşların Vaqiflə bağlı qəribə, mənşəyi bəlli olmayan (əslində yelin haralardan əsdiyi məlumdur) iddialar səsləndirməsinə yol açıb. Bəzi dostlar Vaqifi top qabağına qoyub, az qala xain çıxartmağa qərarlıdırlar.
Guya Vaqifin xanlıqda “Rusiyanın siyasətini yeritməsi”, “çariçanın ona əsa bağışlaması”, indiki dillə desək, onun Rusiyanın adamı olması, “xaçpərəstlərə meyl etməsi(?)” demək imiş və bu fakt, onun xain olduğuna dəlalət edirmiş.
Bu ittihamları nəzərə alaraq böyük mütəfəkkir və dövlət xadimi haqda oxuduqlarımız, eşitdiklərimiz və bildiklərimiz silsiləsindən bəzi məqamları dəyərli diqqətinizə çatdırmağı zəruri bildim.
Vaqifin Qarabağ xanlığına vəzir gətirilməsi ilə bağlı el arasında bir neçə əfsanə, yayğın rəvayət var. Mən nəql edim, siz də hansı daha ağılabatandır, oxuyub özünüz qərar verin:
Belə nəql edilir ki, bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsiylə ovdan dönərkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, atı əyləyir.
Çobanlardan birinə səslənib:
– A bala, o itin boynundakı nədir? – soruşur.
Çoban cəld cavab verir:
– Xan sağ olsun, duadır, göz dəyməsin deyə yazdırmışam.
İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanın əhvalındakı bu dəyişikliyin səbəbini anlamayan çoban başlayır iti tərifləməyə…
– Bəs duanı harada yazdırmısan?
– Şişə qalasında. (Şuşa qalasında)
Bərk əsəbiləşən xan xilafi-şər iş görən, dini ələ salan mollanı cəzalandırmaq üçün çobanı da, iti ilə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, qarşısında diz çökmüş mollaya qəzəblənir:
– Quran sənə qənim olsun, nə cürətlə dinimizi ələ salıb, itə dua yazarsan?
– Xan sağ olsun, əgər siz deyənlər doğru isə əmr buyurun, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır (mazax, zarafat), çobanla zarafat etmişəm.
– Necə yəni məzahdır?
Molla ürəklənir:
– Xan, qalalıların təbiətinə bələdsiniz. Kimsə çobana deyir ki, belə pəncəli köpəyə dua yazdırmasan göz dəyər, tez ölər. Çoban da sürüdən bir qoç kəsib, cəmdəyini bir kisəyə salıb atır qatırın belinə, şəhərə gəlib dua yazan axtarır. Onu müxtəlif yerlərə göndərirlər. Qəssab əttara, əttar baqqala, baqqal çaqqala, çaqqal da mənim üstümə. Mən də qalalıların kələyini duyub əvəzinə bir məzah yazdım.
Xan itin boynundakı bükməni açdırır və saralmış kağızda yazılanı oxumaq üçün vəzirinə verir. Vəzir kağızı alıb oxuyur amma orada yazılanı ucadan oxumaq əvəzinə,
– Xan sağ olsun, məni məzur tutun, amma mən burada yazılanı oxuya bilmərəm, deyir.
Xan kağızı alıb özü oxuyur.
Kağızdakı məzahda belə bir bənd yazılıbmış:
Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açarsa,
… onun …
Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir, özünə mirzə götürür, saraya gətirir. Həmin molla məşhur şair və dövlət adamı Vaqif olub.
Başqa bir rəvayətdə Vaqifin Qarabağ xanlığına gətirilməsi belə nəql edilir.
Molla Pənah Daş Salahlıda məşhur Şəfi əfəndidən elm təhsil edirmiş. Daş Salahlıda Pənahdan bir xəta baş verir, orada qala bilməyib, gedir yaylağa.
Şəfi əfəndi onun dağa getməsindən xəbər tutub təəssüf edir ki, Pənah elmini tamamlamadı və həyat yoldaşına deyir ki, sən bir gün eşidərsən, bu Pənah böyük bir şəxs olacaqdır, çünki o, çox zirək və cövhərli adamdır.
El dağdan enəndə Molla Pənah vətəninə qayıtmayıb, Gəncəyə gedir və orada Şah Abbas məscidində hücrələrin birində elm və təhsillə məşğul olmağa başlayır. Həmin vaxtlarda qazax mahalından bir qarının oğlu Cavad xanın əmriylə Gəncə zindanında dustaq imiş. Qarı oğlunu azad etdirmək üçün ərizə yazdırmağa məscidə gəlir. Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, ərizəni kimin yazdığını deməsin.
Qarının ərizəsi Cavad xanın çox xoşuna gəlir və ondan soruşur ki, bunu kim yazıb. Qarı əvvəlcə demək istəmir, amma xan təkid etdikdən sonra mollanı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırtdırıb ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli mən yazmışam. Xan ona tapşırıq verir ki, bundan sonra mənə yazılan ərizələrin hamısını sən yazarsan və hərəsinə də, qələm haqqı olaraq bir qızıl al.
Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xana qonaq gəlibmiş. İbrahim xan Cavad xandan bir qabil mirzə istəyir. Cavad xan da Molla Pənahın elm və məharətini ona tərifləyir. İbrahim xan çox hörmətlə onu qəbul edib özü ilə Qarabağa aparır. Orada Molla Pənah az vaxt ərzində öz bacarığını nümayiş etdirir və xanın ən yaxın sirdaşına çevrilir.
Vaqifin Qarabağ xanının sarayına gəlməsinin üçüncü tarixçəsi belə nəql edilir:
Vaqif Təbasarandan Şuşaya gəlir. Şəhərin Saatlı məhəlləsində məktəb açır. Öz savadı və uzaqgörənliyi, şirin şerləriylə tez bir zamanda ətrafdakıların hörmətini qazanır. Novruz bayramı münasibətiylə şairin yazdığı “Bayram oldu” şeri əl-əl gəzib, axırda gedib İbrahim xana çatır. Xan onun hazırcavab, zirək və itiağıllı olduğunu görüb saraya dəvət edir.
Vaqifin xanın sarayına gəlməsiylə bağlı söylənən dördüncü rəvayət də maraqlıdır.
Vaqif Şuşada bir çox adamlarla yaxınlıq edib, ülfət qurarmış. Onlardan biri İbrahim xanın yaxın adamı, sarayda mötəbər şəxs Mirzə Vəli Baharlı imiş. Vaqifin ayın tutulmasını və zəlzələ olacağını qabaqcadan xəbər verməsi Mirzə Vəlini heyrətə salır və o, bu əhvalatı xana danışır. İbrahim xan Vaqiflə şəxsən görüşüb onu saraya dəvət edir. Vaqif sarayda əvvəl eşikağası və sonra baş vəzir olur. Otuz ilə yaxın bir müddətdə, yəni ömrünün sonunadək Qarabağ sarayının ən mötəbər və uzaqgörən xadimi kimi şöhrət qazanır. Bir sıra elmlərdə, xüsusilə nücum (astronomiya) və mühəndislikdə səriştəsi varmış. Şuşada bəzi binaların, şəhərin ətrafında çəkilmiş hasar və barının naziri və mübaşiri Molla Pənah imiş. Onun hər cəhətcə qabil və kamil olduğunu görən İbrahim xan da şairin məsləhət və təklifinə qulaq asar, tökdüyü tədbirə diqqətlə yanaşarmış. Bu səbəbdən Qarabağda bir məsəl yaranır və dillərdə əzbərə çevrilir: “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”.
Vaqif astronomiyanı yaxşı bildiyi üçün xan hər cür addım atmadan, hərbi səfərə çıxmadan öncə onunla məsləhət və istişarə edərmiş. Bir dəfə İbrahim xan Xoylu Əhməd xanla müharibəyə başlayıb-başlamamaq haqqında vəzirlə məsləhətləşir. Vaqif ulduzların düzülüş vəziyyətindən belə bir nəticə çıxarır ki, yaxın vaxtlarda o Xoyda olmalıdır, deməli səfər başarıyla nəticələnəcək. Vaqifin münəccimliyi düz çıxır. Lakin şair Xoya qalib sifətiylə deyil, əsir sifətiylə varid olur.
Tezliklə hər şey sülh yoluyla həll olunur, Vaqif əsirlikdən azad olur və aşağıdakı beyti deyir:
Vaqifəm, sağu-səlamət bu səfərdən qayıdam,
Mən olam bir də çıxam ruzi-qiyamət Qaladan.
İbrahim xan, Quba xanı Fətəli xanın Şuşaya hücum edəcəyini ehtimal edərək qoşunun başında Əsgəran qalasında dayanıbmış. Vaqif də baş vəzir olaraq xanın hüzurunda olmaq məcburiyyətində idi.
Cismi Əsgəranda olan şairin ruhu Qalada, sevimli Mədinəsinin yanında imiş. Ayrılığa dözə bilməyib, gecələrin birində bir qoşma yazır. Qoşmanı şair belə qurtarır:
Ləblərin bağrımı pürxan eyləmiş,
Axıtmış göz yaşımı Ceyhun eyləmiş,
Həsrətin Vaqifi Məcnun eyləmiş,
Onun üçün gəzər, çöllər dolanır.
Şair nökəri çağırıb kağızı verib deyir:
– Atı min, bu kağızı bu saat apar Qalaya, Mədinə xanıma ver, tez qayıt.
Çapar tez gedib, tez də Mədinə xanımdan cavab gətirir. Məktubda yalnız bircə bayatı yazılıbmış:
Ahular mələr gələr,
Dağları dələr gələr,
Yar yarını istərsə,
Gecəni yarar gələr.
Vaqif elə o saat atı yəhərlədib, Qalaya, gözəl Mədinəsinin görüşünə yollanır.
Vaqifin iki həyat yoldaşı olub. Birincinin adı Mədinə, ikincisinin adı Qızxanım imiş. Mədinə vəfat etdikdən sonra şair ikinci xanımıyla evlənibmiş. Mədinənin ölümü Vaqifi çox mütəəssir etmiş, hətta bu vəsilə ilə qazaxlı şairlərdən İsrafil Sail mərsiyə də yazmışdı.
Biçarə Vaqifin, Molla Pənahın,
Hayıf oldu, Mədinəsi yıxıldı.
Şahsevənli Fərəculla xan, Ibrahim xanın kiçik qızı Kiçik Bəyimlə evlənmişdi. Bir gün o, qayınatası İbrahim xanı qonaq çağırır. Lakin xan başqa işlə məşğul olduğundan Molla Pənahı qonaqlığa göndərir. Uzaqdan atlıların gəlməsini görən Fərəculla xan onların pişvazına çıxır, dəstənin başında İbrahim xanı görmədikdə tutulur:
– Məgər xanın bir adamı yoxdurmu mənim yanıma göndərsin?!
Vaqif dərhal cavab verir:
– Xeyr, xanın adamı çox idi, adamı adam yanına, bizi də sənin yanına göndərdi.
Fərəculla xan Vaqifi tanıyıb pərt olur, ondan üzr istəyir.
Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı günlərin birində, İbrahim xanı qorxutmaq məqsədiylə saray şairi Seyid Məhəmməd Şirazinin yazdığı aşağıdakı beyti məktub vasitəsiylə xana göndərir.
Zi məncəniqe-fələk sənge-fitnə mibarəd,
To əbləhane giriftari-miyane-şişə qərar,
(Fələyin mancanağından fitnə daşları yağır,
Sən əbləhcəsinə şişə içərisində qərar tutmusan)
Bu kağız xana yetişən kimi, Vaqifə verir. Vaqif cəld həmin məktubun arxasına aşağıdakı beyti yazıb İbrahim xana verir.
Gər nigəhdare-mən anəst ke, mən midanəm,
Şişare dər bəğale-səng nigəh midarəd.
(Məni qoruyan əgər mənim tanıdığımdırsa,
Şişəni belə daş qoynunda salamat saxlar).
Şer xanın xoşuna gəlir və məktubu geriyə göndərir. Cavabı oxuyan qəsbkar şah qəzəbindən daha da alovlanır. 1797-ci ildə Ağa Məhəmmədin qoşunları mühasirədə qalıb aclıqdan taqətdən düşmüş Şuşaya daxil olur. İbrahim xanın özü Car-Balakənə qaçır, yaxın adamları və Vaqif ələ keçir. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir:
– Mən nə şahın üzünü görəcəyəm, nə də qətl ediləcəyəm. Səni bilmirəm.
O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğundan o gün qan tökməyi günah sayır və deyir:
– Sabah elə bir siyasət eləyim ki, tarixlərdə deyilsin. Başlardan bir minarə qurduracağam, şair Molla Pənahın da başını lap yuxarıdan asdıracağam. Qoy sabah açılsın! Gedin dəmirçilərə deyin, çoxlu mıx qayırsınlar!…
Vaqif saraya gətiriləndə qüruba bir, ya iki saat qalıbmış. Sərkeşbaşı Məhəmmədhüseyn xan Vaqifi qapıda əlibağlı görüb soruşur:
– Bu kimdir?
Cavabında deyirlər:
– Bu haman Molla Pənahdır ki, eşidibsiniz.
Həmən vaxt, sərkeşbaşı Vaqifə nalayiq söyüşlər yağdırır:
– Ay pədərsüxtə! Qoca köpək!
Vaqif öz ləyaqətinin tapdanmasına yol verməyərək qürurla sakitcə cavab verir:
– Ey xan, siz şəxsi-dövlətsiniz, dəstgir və giriftar olanlara yaman kəlmələr, hədyan sözlər buyurmaq sizin rütbə və məratibinizə şayistə deyil…
Lakin, sərkeşbaşıya bu sözlər zərrəcə təsir göstərmir. O Vaqifi yenə də təhqir edir. Vaqif yenə də soyuqqanlılıqla onun cavabını verir.
– Ey xani-nanəcib! Mən əgər dustağəm, dustaği-şahəm. Sən nəçisən ki, mənə bir zərrəcə asib yetirə biləsən. Həmin cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir. Bəlkə sabah şah məni azad edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar qeyri bir yol gedəcəkdir. Gecə hamilədir, kim bilir sabah nə doğacaq.
Məhəmmədhüseyn xanın göstərişiylə Vaqifi zindana salırlar.
Molla Pənah gecə yarısı zindanbaşından soruşur:
– Şəhərdə təzə bir əhvalat və şuriş yoxdur?
O cavab verir ki, bir şey bilmir. Şairin gözünə yuxu getməyib sübh tezdən yenə zindanbaşından soruşur:
– Şəhərdə nə xəbər var?
Zindan böyüyü şairin ürəyini sakit edəcək bir cavab vermir, bir şey eşitmədiyini bildirir.
Az keçmir Ağa Məhəmməd şahın gecəykən qətlə yetirilməsi xəbəri şəhərə yayılır. Dəmirçilərə xəbər gəlir ki, mıx lazım olmadı, şahın tabutunu mismarlamaq üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:
– Ey mıxı mismara döndərən Tanrı! – deyib, üzünü göylərə çevirir.
Dustaqlıqdan azad edilən Vaqif öz şair dostu Molla Vəli Vidadiyə məşhur “Ey Vidadi, gərdişi-dövrani-kəcriftarə bax” məktubunu yazır.
Əhli-zülmü necə bərbad eylədi bir gecədə,
Hökmü-adil padişahi-qadiru-qəhharə bax!
Sübhü söndü şəb ki, xəlqə qiblə idi bir çirağ,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
Ağa Məhəmməd şah Şuşada öldürüldükdən sonra hakimiyyət onun az öncə qalabəyi təyin etdiyi İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin (Batmanqınıc) əlinə keçir. Məhəmməd bəylə baş vəzirin köhnədən qalma hüsumətləri olduğundan, düşməni Vaqifi, onun oğlu Qasım ağanı və xanın digər yaxın adamlarını yenidən həbsə atdırır.
…Molla Pənahı oğlu Qasım ağa ilə qətlgaha aparırlarmış. Qətlgah isə Cıdır düzünün qurtaracağındakı Xəzinə qayası idi. Bura dəhşətli və sıldırım bir qayadır ki, müqəssirləri oradan dərə ilə aşağı atarlarmış. Yolda Molla Pənah qətlgaha aparıldıqlarını anlayır. O duyduğunun həqiqət olub-olmamasını anlamaq üçüb tənginəfəs halda oğlundan soruşur:
– Qasım, bizi hara aparırlar?
Oğlu soyuqqanlılıqla cavab verir:
– Ağa, bizi bu yolla o yerə aparırlar ki, çoxlarını həmin yolla o yerə sən yollamısan…
Yaşlı Vaqif Cıdır düzünə çıxan bir yamacda yerə oturur. Onda irəliyə getməyə taqət qalmamışdı. Cəllad bir-iki dəfə qolundan dartsa da onu yerindən tərpədə bilmir. Vaqif zəif, lakin qürurlu səslə deyir:
– Nə edəcəksinizsə burada eləyin, heç yerə getməyəcəm!
Cəlladlardan biri qəməsini çıxarıb Qasım ağaya yaxınlaşanda Vaqif yalvarır:
– Amandır! Əvvəl məni qətl edin! Mənə oğul dağı göstərməyim!
Cəlladlar şairin yalvarışına məhəl qoymayıb əvvəl Qasım ağanın başını kəsib edamı atasına izlədib, sonra da Vaqifi öldürüb cəsədini yaxınlıqdakı qayadan üzüaşağı yuvarlayırlar…