1991-ci ilin sonları üçün Azərbaycan üçün ağır keçdi. Azərbaycan dövlət nümayəndələrinin olduğu hərbi helikopterin Qarakənd ərazisində vurulmasından sonra ölkədə vəziyyət daha da gərginləşdi. Bu hadisədən 6 gün sonra DQMV ləğv olundu. Ermənilər buna cavab olaraq, dekabrın 8-da “müstəqillik” haqqında referendum keçirdilər. Azərbaycanlı əhalinin boykot etdiyi bu referendumda 108.615 nəfər “müstəqilliyin” lehinə, 24 nəfər isə əleyhinə səs verdi (De Vaal, 2008:190). Hökumət get-gedə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan bütün məntəqələri itirirdi. Bu səbəbdən müdafiə naziri güclü təzyiqə məruz qaldı. Müxalifət general-leytenant Valeh Bərşadlının hərbi bacarığından daha çox azərbaycanca danışa bilməməsini tənqid edirdi. Son nəticədə hökumət təzyiqlərdən sonra geri çəkildi. Dekabrın 11-də Valeh Bərşadlı istefaya göndərildi, onun yerinə isə general-mayor Tacəddin Mehdiyev yeni müdafiə naziri təyin olundu. Yeni müdafiə naziri vəzifəyə gəldikdən sonra böyük çətinliklərlə üzləşdi. Həmin dövrdə Kərkicahan uğrunda müharibə başlandı. Azərbaycan bölmələri dekabrın ortalarında ciddi itkilər versə də ilin sonuna yaxın qəsəbəni yenidən ələ keçirə bildilər. Buna baxmayaraq, yanvarın ortalarında ermənilər Kərkicahanı, eləcə də onun ətrafındakı Keybalı kəndini tuta bildi. Bununla da Şuşa üçün təhlükə yarandı.
Əməliyyat ərəfəsində hərbi vəziyyət
Yanvarın ortalarında ermənilərin Şuşa istiqamətində irəliləməsi şəhərin müdafiəsində ciddi problemlər yaratdı. Həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəş altında saxlanılırdı. Əsas təhlükə mənbəyi Daşaltı idi. Daşaltı kəndi Şuşadan 3-4 kilometr aralıda yerləşir. Bura Şuşa rayonunda həyata keçirilən “Halqa əməliyyatı” zamanı deportasiyaya məruz qalmamış yeganə erməni kəndi idi. Şuşa-Laçın yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin mütəmadi atəşə məruz qalması şəhərdə yerləşən Azərbaycan hərbçilərinin təchizatında çətinliklər yaradırdı (Əliyev,2014:5). Şuşanın su ehtiyatları Daşaltıdan gəldiyi üçün getdikcə tükənirdi (De Vaal, 2008:206). Digər bir amil isə Şuşanın Malıbəyli və Quşçular kəndləri ilə bağlı idi. Belə ki, Azərbaycan Ordusu Daşaltı, daha sonra isə Şuşakəndi və Daşkəndi tutmaqla həmin kəndləri blokadadan çıxarda bilərdi. Eyni zamanda Əsgəran istiqamətində hücumla Xocalını blokadadan çıxarmaq haqqında plan var idi.
İlkin olaraq əsas döyüş əməliyyatı kimi Daşaltı nəzərdə tutuldu. Müdafiə naziri Tacəddin Mehdiyev əməliyyatdan əvvəlki vəziyyəti belə təsvir edir: “Daşaltı əməliyyatı başlamazdan əvvəl bizim iki batalyonumuz var idi. Lakin daxili işlər naziri Tofiq Kərimov və DTK sədri İlhüseyn Hüseynov prezidenti inandırmağa başladılar ki, bu batalyonlardakı əsgərlər Xalq Cəbhəsinin üzvləridir, onlar Qarabağdan çıxarılıb, yenidən komplektləşdirilməlidir. Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin müdafiəsi isə DİN tərəfindən təmin ediləcəkdi. Prezidentin sərəncamı əsasında hər iki batalyon ləğv edildi. 5-6 gündən sonra prezident mənə zəng edib dedi:
– Şuşada vəziyyət ağırdır, təcili Şuşaya getmək lazımdır.
– Hansı qüvvələrlə Şuşaya gedəcəm? Batalyonlar hələ tamamlanmayıb və DİN müdafiəni təmin edəcəyinə söz verib.
– Yaxşı, nə edək? İndi bir sözə görə Qarabağı ermənilərə verirsiniz?
Bundan sonra mən mövcud olan 1-ci batalyonun qalıqlarını götürüb Şuşaya getməyə məcbur oldum.” 1992-ci il yanvarın 19-da Tacəddin Mehdiyev Şuşaya getdi. Bundan əvvəl o, Baş Qərargah rəisi general-mayor Şahin Musayevə aşağıdakı tapşırıqları verdi:
- Müdafiə nazirinin müavini, general-mayor Dadaş Rzayevin sərəncamında olan zirehli texnikanın yarısı Goranboy rayonundan Şuşaya köçürülməlidir.
- Kəşfiyyatçı, polkovnik-leytenant Sabir Cəfərov təcili Şuşaya göndərilməlidir
- Bütün cəbhə xətti boyunca erməni qoşunlarına qarşı təxribatçı zərbələr hazırlamaq lazımdır.Əsas zərbələr Daşaltı və Əsgərana vurulmalıdır.Bu məntəqələr alındıqdan sonra Qarabağ iki yerə bölünəcəkdi ki, bu da düşməni hissə-hissə məhv etməyə imkan verəcəkdi (Velimamedov, 2021:279).
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər hərbçi ayrıldı (Qaraca, 2013:6). Bundan başqa, Riad Əhmədovun rəhbərliyi ilə 10 nəfərdən ibarət ayrıca qrup yaradıldı (Əliyev,2014:5). Bu qrup Əfqanıstanda xidmət etmişdi və professionallığı ilə seçilirdi. 1992-ci il yanvarın 22-də polkovnik-leytenant Nurəddin Abdullayevin komandanlığı ilə 18110 saylı hərbi hissənin 1-ci desant briqadasının 1-ci desant-hücum batalyonunun əsgərləri Şuşaya gəldilər. Gecə saatlarında Tacəddin Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini polkovnik-leytenant Riad Əhmədovla birlikdə Topxana ərazisində kəşfiyyat apardı, bu zaman düşmənin atəş nöqtələri müəyyənləşdirildi. Ertəsi gün səhər Tacəddin Mehdiyev şəhər icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, MTN və Daxili İşlər nazirliklərinin rayon şöbələrinin rəislərinin iştirakı ilə müşavirə keçirdi. O, bütün qüvvələri birləşdirməyi təklif etdi. Lakin şəhərdəki qüvvələrin hər biri ayrıca klanlara tabe olduğu üçün Mehdiyevin təklifi rədd edildi. Hətta bu müşavirədə Mehdiyevi bu məsələdə israr edəcəyi halda öldürülmüş Şuşa icra hakimiyyəti başçısı Mikayıl Gözəlovun taleyinin gözləyə biləcəyi bildirildi. Bu, həmin dövrdəki siyasi hərc-mərcliyi göstərirdi. Həmin iclasda şəhərin atəşə tutulmasını və Şuşa-Laçın yolunun bağlanması ehtimalını qarşısını almaq məqsədilə Daşaltıda əməliyyat keçirilməsi barədə qərar qəbul edildi. Fərman Xəlilovun rəhbərliyində Şuşa milisinin xüsusi təyinatlı dəstəsi onlara kömək etməli idi. Azərbaycan MN döyüş iştirakçılarının qarda gözə dəyməməsi üçün 200 geyim dəsti hazırlatdırmışdı (Harutyunyan,2020:120-121).
Yanvarın 24-dən 25-ə keçən gecə əməliyyat başlamalı idi. Yanvarın 24-də səhər saatlarında Tacəddin Mehdiyev Vahid Bayramovla kəşfiyyat-diversiya qrupu üçün 4 bələdçi istədi. Mehdiyev, Əhmədov və onun bölməsinin zabitləri bələdçilərə əməliyyatın təfərrüatlarını izah etdilər. Daha sonra bələdçilər getmək üçün icazə istədilər. Lakin təyin olunmuş vaxtda yalnız iki bələdçi geri qayıtdı. Tacəddin Mehdiyev polis rəisinə zəng edərək yerdə qalan iki bələdçini tapıb gətirməyi tələb etdi. Amma bu iki bələdçini tapmaq mümkün olmadı (Velimamedov,2021:280). Gecə saatlarında əməliyyatın təxirə salınmasına qərar verildi. Həmin gecə Riad Əhmədov bir neçə döyüşçü ilə birlikdə müstəqil olaraq Topxana ərazisindəki erməni qoşunlarının atəş nöqtələrinə çatdı. Nurəddin Abdullayevin yeni bələdçilər təyin olunmasından sonra yanvarın 25-dən 26-a keçən gecə Daşaltıya hücuma qərar verildi. Əməliyyat planı aşağıdakı kimi idi.
- Birinci taqım Köhnə Nəbilərdən keçib Qızılqaya yüksəkliyinə qalxmalı və oradan enərək Sığnaxdan Daşaltıya gedən yolu kəsməli idi.
- İkinci taqım birinci taqımın köməyi ilə Şuşakənddən Daşaltıya gedən yolu bağlamalı idi.
- Bu taqımların qabağında yoldan 400-500 metr aralıda sağa və sola üçüncü və dördüncü taqımlar yerləşib komandanın hücuma keçməsini gözləməli idi.
- OMON döyüşçülərindən ibarət beşinci taqım ehtiyat qüvvə kimi nəzərdə tutulmuşdu.
- Nəbilərdəki 1-ci taqım nəzərdə tutulan xətləri tutduqdan sonra Daşaltını atəşə tutmağa başlamalı idi.Buna cavab olaraq, erməni qoşunları Azərbaycan mövqelərini atəşə tutmağa başlayacaqdı.Bu zaman üçüncü və dördüncü taqımlar kəndə yaxınlaşmalı və düşmənin atəş nöqtələrini məhv etməli idi.Bu taqımların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi daha sonra 3-cü və 4-cü taqımların atəş dəstəyi ilə Daşaltıya daxil olmalı və kənddəki erməni dəstəsinin bazasını məhv etməli idi.Şuşakənd yaxınlığındakı yolda yerləşdirilmiş ikinci taqım kənd əhalisinin Daşaltıdan Şuşakəndə çıxışını təmin etməli idi.Əsas qüvvələri dəstəkləmək üçün kəndin ətrafında bəzi yüksəkliklərdə snayperlər yerləşdirilməsi planlaşdırılmışdı.Buradakı mövqeyə iki bələdçi və iki kəşfiyyatçıdan ibarət patrul nəzərdə tutulmuşdu. Bütün komandirlərə bələdçilərə ciddi nəzarət etmək tapşırılmışdı. (Velimamedov, 2021:282).
Əməliyyat planına görə, əhalinin kənddən çıxması üçün sadəcə çay yatağı açıq buraxılmışdı. Həmin istiqamətə Nurəddin Abdullayev nəzarət etməli idi. Ehtiyatda saxlanılan 5-ci taqım 3-cü və 4-cü taqımların hücum istiqamətlərindən erməniləri yayındırmaq üçün Cıdır düzündən yanan təkərlər, iri çay daşları yuvarlamalı idi. Əməliyyat planı qüsursuz şəkildə tərtib edilmişdi. (Harutyunyan,2020:116).
Daşaltıdakı kənd özünümüdafiə dəstəsinə Vaqarşak Aruşanyan rəhbərlik edirdi. Daşaltı və ümumiyyətlə Şuşa ətrafındakı kəndlərin ümumi müdafiəsini polkovnik Arkadi Ter-Tadevosyan həyata keçirirdi. O, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində oxumuşdu və Azərbaycan müdafiə naziri Tacəddin Mehdiyevin qrup yoldaşı olmuşdu (Akopyan, 2010:126). Daşaltı özünümüdafiə dəstəsinin komandir müavini Artur Arakelyan kənddəki qüvvələrin sayı ilə bağlı bunu deyirdi: “1992-ci ildə yanvarın əvvəlində dəstəmiz yeni silah və döyüş sursatı təminatı aldı. Yanvarın 18-də İrəvandan 7 minə yaxın müxtəlif çaplı güllə gətirən 4 könüllü gəldi. Heyətə daxil olan döyüşçülərin sayı 45-ə çatdı.” (Harutyunyan,2020:120). Arkadi Ter-Tadevosyan isə döyüşlə bağlı bunları yazıb: “Daşaltı Stepanakertin müdafiə sistemində mühüm rol oynayırdı. Özünümüdafiə qoşunlarının komandanlığı düşmənin Stepanakertə qarşı böyük hücuma hazırlaşdığından xəbər tutdu, bundan əvvəl Daşaltı tutulmalı idi. Kəndin müdafiəsini gücləndirmək üçün kəndə bir neçə təcrübəli dəstə göndərdim. Kəndi 70-ə qədər erməni döyüşçüsü müdafiə edirdi ki, onlardan 20-yə yaxını kənd sakini, qalanları isə Özünümüdafiə Qüvvələri komandanlığının tabeliyində olan dəstələrin döyüşçüləri idi. Tankların keçə biləcəyi yerlər minalanmış, kəndin özündə səngərlər qazılmışdı.” (Ter-Tadevosyan, 2007:567). Polkovnik Vahan Arsenyan da Azərbaycan Ordusunun Daşaltı əməliyyatından qabaqcadan xəbərdar olduqlarını, bu səbəbdən ona hazırlaşdıqlarını qeyd etmişdi.
Əməliyyatın başlanması
Daşaltıdakı erməni dəstəsinin komandir müavini Artur Arakelyan xatırlayırdı: “Yanvarın ortalarında kanyonda hərəkətlilik hiss olunurdu, lakin bunun nə olduğunu başa düşmürdük. Döyüşün başlanmasından 1 gün əvvəl xeyli sayda avtomobil Şuşaya gəlmişdi. Onlar artıq səhər saat 05:40-da hücuma başladılar. Hər dəqiqə Azərbaycan silahlı qüvvələrinin hücumunu gözləyirdik, ancaq belə miqyasda gözlənilməz idi.” İlk taqım Nəbilərə gəldi və orada 10 nəfərlik dəstə ilə görüşdü. Bu dəstənin əsgərləri birinci taqıma Sığnaxa ən qısa yolu göstərdilər. Bələdçilər bildirdilər ki, bu yol ilə irəliləmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə də birinci taqım daha uzun yolla – 3 kilometr əvəzinə 15 kilometrə qədər məsafə qət etdi. Nəticədə həmin taqım lazım olan məntəqəyə vaxtından gec çatdı (Əliyev,2014:5). Əməliyyat dərin qar örtüyü, şaxtalı hava şəraitində həyata keçirilirdi, bundan əlavə, əsgərlər çoxlu sayda silah-sursat daşıyırdılar. Hərbi rabitənin çox zəif təşkili nəticəsində bölmələr arasında məlumat mübadiləsi təmin edilmədi. Sığnaxdan Daşaltı istiqamətində yol boyu təyin olunmuş mövqelərə çatan 1-ci taqım qısamüddətli istirahət üçün dayandı. Bu zaman bələdçilər taqım komandirini inandırmağa başlayırlar ki, burada dayanmaq üçün heç bir səbəb yoxdur, ermənilər Sığnaxdan keçməyəcək, kəndə hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onlarla razılaşdı. Altı əsgər Daşaltı-Sığnax yolunun yaxınlığındakı mövqelərdə qaldı, taqımın qalan hissəsi mövqelərini tərk edərək Daşaltı tərəfə getdilər (Qaraca, 2013:6).
Səhər saat 6 radələrində Sığnaxdan Daşaltıya göndərilən erməni əsgərləri ilə 6 Azərbaycan əsgəri arasında qanlı döyüş oldu. Güclü müqavimət göstərən Milli Ordu əsgərləri Syoma Hayriyan, Roma Simonyan, Syoma Apresyan, Aşot İşxanyan, Narven Avetisyan, Qrişa Mikayelyan, Rafael Arzumanyan və Arsen Şumanyanı öldürə bildi (Harutyunyan,2020:117). Lakin sayca çox olan erməni bölmələri ilə döyüşdə iki Azərbaycan əsgəri həlak oldu, biri isə yaralandı. Sağ qalan üç əsgər ölü və yaralıları götürərək geri çəkilməyə məcbur oldu. Kənd özünümüdafiə dəstəsinin üzvü Arsen Hovannesyan xatırlayıb:“Yanvarın 26-da səhər azərbaycanlılar müxtəlif tərəfdən qrup halında hücuma keçdilər. Kənd mühasirəyə alınanda və hər tərəfdən hücuma məruz qalanda qonşu kəndlərin sakinləri köməyimizə gəldi.” Erməni dəstəsi 1-ci taqımın geri çəkilməsindən sonra Sığnaxa gedən yolun yaxınlığında mövqeləri tutdu və bununla da 3-cü və 4-cü taqımların arxasına keçdi. Şuşakənd yolunu kəsməli olan ikinci taqım pusquya düşdü. Ermənilər bu taqımı mühasirəyə alıb, demək olar ki, hamısını məhv etdilər. Yalnız iki yaralı əsgər sağ qaldı (Velimamedov, 2021:283). Sağ qalan əsgərlərdən biri olan Azər taqımı pusquya doğru aparan Məhiş Muradov adlı bələdçinin ermənilərlə danışığını eşitmişdi (Qaraca,2013:6). Ərazidə döyüşən batalyonla bağlı ermənilər xeyli məlumatlı idi. Kənd özünümüdafiə dəstəsinin üzvü Artyuşa Hovannisyan xatırlayıb: “Onlar Bakıdan gəlmişdi, ərazini tanımırdılar. Onların bələdçiləri hara gedəcəklərini, nə edəcəyini çox yaxşı bilirdi, amma bir neçə nəfər, qalanlarının regiondan xəbərləri yox idi.”
Üçüncü və dördüncü taqım yol boyu saparaq, planlaşdırılmış xətlərdən 2 km aralıda mövqe tutdu. Buna görə də onlar Sığnax və Şuşakəndə gedən yollarda əsgərlərə kömək edə bilmədi. 5-ci tağımın hücumda istifadə etdiyi yeganə hərbi texnika “BRDM-2” Daşaltının girişində minaya düşdü və sıradan çıxdı.

1-ci taborun əsgəri Sərxan Mehdiyev xatırlayıb: “Cıdır düzündəki bir qrup Topxana tərəfdən 40 pilləkən deyilən ərazidə hücum edən qrupa dəstək verdi. 8-10 əsgərimizin mühasirəyə alınmasının qarşısını alıb döyüş meydanından çıxardıq. Lakin artıq məlum idi ki, uğursuzluğa düçar olmuşuq və hamı saat 6 radələrində geri çəkilməli idi”. (Harutyunyan,2020:119). Başlanğıcın pis olmasına baxmayaraq, əməliyyat planlaşdırıldığı kimi davam etdirildi. Nəbilərdəki dəstə Daşaltını atəşə tutmağa başladı, bunun müqabilində Daşaltıdakı erməni dəstələri atəş açdı. 3-cü və 4-cü taqımların atəş dəstəyi ilə Riad Əhmədovun dəstəsi kəndə doğru irəliləməyə başladı. Döyüşün gedişində Azərbaycan əsgərləri Daşaltı kəndindəki erməni dəstəsinin komandiri Vaqarşak Aruşanyanı öldürməyə nail oldu. Aruşanyanın ölümündən sonra Artur Arakelyan komandanlığı ələ aldı. Onun rəhbərliyindəki dəstə Kələmlik deyilən yerdə Riad Əhmədovun qrupunu pusquya saldı. Döyüş başlayanda radiostansiyası olan bələdçi Sahib Həsənov isə yoxa çıxdı. Ermənilərin təslim olmaları barədə təklifindən imtina edən polkovnik-leytenant Riad Əhmədov döyüşçülərə dedi: “Qoy bu bizim son döyüşümüz olsun, biz heç olmasa qanımızın əvəzini ödəməliyik”. (Velimamedov, 2021:284). 5 saata yaxın davam edən döyüş zamanı demək olar ki, bütün dəstə həlak oldu. Yalnız ağır yaralı İlyas İsmayılov Azərbaycan qoşunlarının mövqelərinə çata bildi. Riad Əhmədovun özü isə itkin düşdü. Bir müddətdən sonra 3-cü və 4-cü taqımlar Daşaltının kənarına daxil oldu və erməni dəstələri ilə döyüşə başladı. Lakin bu zaman Sığnax yaxınlığındakı yolda özbaşına mövqelərini tərk edən baş leytenant Hidayət Əliyevin rəhbərliyindəki 1-ci taqım “Ura!” qışqıraraq 3-cü və 4-cü taqımların arxasından kəndə girdi. Bu taqımlar səhvən birinci taqımın döyüşçülərini düşmən hesab etdi və onların arasında atışma başladı (Qaraca, 2013:6). Nəticədə hər üç taqım itki verdi, həm Daşaltı tərəfdən, həm də Sığnax tərəfdən erməni dəstələrinin güclü atəşi altına düşdü. Bundan əlavə, Sığnaxdan yaxınlaşan erməni dəstəsi Azərbaycan qoşunlarının arxa cəbhəsinə zərbələr endirdi. Azərbaycan dəstələri Daşaltı və Sığnax tərəfdən mühasirəyə düşüb atəş altına düşmələrinə baxmayaraq, şiddətli müqavimət göstərdilər. Artur Arakelyan xatırlayırdı: “Şuşakənd, Çanaqçı, Sığnax və Yuxarı Yemişcan kəndlərindən gələn kömək vəziyyəti dəyişdirdi. Bizim üçün çətin idi. Kəndin ətrafında sərbəst hərəkət edə bilmirdik, hər yerdə adam görünürdü, yuxarıdan atəş açırdılar. Azərbaycanlılar pulemyot yerləşdirilən yerə hücumu gücləndirmişdi. Hiss etdik ki, oradakı uşaqlar pis vəziyyətdədir, 4-5 nəfərlə köməyə getdik. Yol boyu kolların arasından keçdik. Bizə kolların arxasından atmağa başladılar. Həmin istiqamətdə 9 nəfəri öldürdük. Onlardan biri (Rövşən Xəlilov) qarnı üstə uzanmışdı, hələ də nəfəs alırdı. Bizimkilərdən biri onu ayağı ilə itələyib çevirdi, azərbaycanlının əlində qumbara var idi. Partlayış nəticəsində Heno ağır yaralandı, xəstəxanaya aparılarkən yolda keçindi.” Digər əsgər Zaur Cəfərov əsir düşməmək üçün özünü öldürdü. Günortadan sonra Aşot Gulyanın göndərdiyi əlavə qüvvələr Daşaltıya gəlib çatdı. Vəziyyətin kritik olduğunu görən Tacəddin Mehdiyev OMON döyüşçülərindən ibarət 5-ci taqımı onlara köməyə göndərdi. Arsen Hovannesyan xatırlayıb: “Ümumilikdə azərbaycanlılar iki hücum həyata keçirdi, hər ikisi uğursuz oldu, ancaq ikinci hücum çox güclü idi.” 500-600 metr irəliləyən 5-ci taqım şiddətli müqavimətə rast gəldiyi üçün dayandı. Əməliyyatın uğursuzluğa düçar olduğunu başa düşən Tacəddin Mehdiyev geri çəkilmək əmrini verdi (Əliyev,2014:5). Azərbaycan əsgərlərinin tamamilə məhv olunmasının qarşısını qatı duman aldı. Dumandan istifadə edən bölmələr yanvarın 27-si gecə saat 1-2 radələrinə qədər Şuşaya geri çəkildi. 1992-ci il yanvarın 28-də Azərbaycan qoşunları yaxınlaşan zirehli texnika və artilleriya qurğularından istifadə edərək Daşaltını güclü atəşə tutdular (Velimamedov, 2021:285).
Əməliyyatın uğursuz olmasının səbəbləri
Əməliyyatın uğursuz olmasında bütün hərbçilərin ortaq fikirlərindən biri rabitə sisteminin zəif qurulmasıdır. Rabitə sisteminin yaxşı qurulmaması bölmələrin hərəkətlərində uyğunsuzluğa səbəb oldu, həmçinin komandanlığı tabeliyində olan qoşunların nəyə ehtiyacı olduğu və vaxtında məlumat almaq imkanından məhrum etdi. Müdafiə Nazirliyinin bölmələrinin kifayət qədər rabitə vasitələri olmadığından Şuşa milisinin rəisi əməliyyatı həyata keçirmək üçün “Viola” radiostansiyaları ayırmışdı. Bu radiostansiyalar köhnə idi və müasir tələblərə cavab vermirdi. Ermənilər Azərbaycan bölmələri arasında rabitə əlaqəsinə tez-tez müdaxilə edirdilər (Velimamedov,2021:285). Daşaltı əməliyyatında iştirak etmiş taqım komandiri Füzuli Rzaquliyev məğlubiyyəti daha çox səriştəsizlik və siyasi ambisiyalarla əlaqələndirib: “ O vaxt Rəhim Qazıyev müdafiə naziri olmaq istəyirdi, Tacəddin Mehdiyev isə hansısa bir uğurlu əməliyyat keçirməklə ondan üstün olduğunu sübut etməyə çalışırdı. Ona elə gəlmişdi ki, Bakıda təşkil edilmiş ilk batalyonu Şuşaya gətirib, şəhərə gələn yolu nəzarətdə saxlayan kiçik Daşaltı kəndini asanlıqla zərərsizləşdirə biləcək. Lakin hər şey gözlənildiyinin əksinə alındı. Bunun bir sıra səbəbləri var idi ki, müdafiə naziri bunları nəzərə ala bilməmişdi.” (“Xalq” qəzeti, 26.01.2020).
Bundan əlavə, müdafiə naziri ilə qərargah, eləcə də digər bölgə komandirləri arasında koordinasiyanın olmaması ümumi vəziyyətə təsir göstərdi. Belə ki, əməliyyatdan əvvəl Tacəddin Mehdiyev Dadaş Rzayevin sərəncamında olan zirehli texnikanın Goranboy rayonundan Şuşaya aparılması barədə Şahin Musayevə şifahi göstəriş verdi. Lakin Dadaş Rzayev nazirin şifahi əmrini yerinə yetirmədi, bu səbəbdən Şahin Musayev yazılı əmrlə onun yanına zabit göndərdi. Dadaş Rzayev bu əmri zabitin əlindən qopararaq zibil qutusuna atmışdı. Daşaltıda baş verənlərdən guya Şahin Musayevin özü televiziyadan xəbər tutub. Bir gün sonra Tacəddin Mehdiyev ona zəng edərək ehtiyat və əlavə silah göndərməsini xahiş edib. Öz növbəsində Dadaş Rzayev iddia edir ki, guya onun Daşaltıdakı əməliyyatdan heç nə xəbəri olmayıb və bilsəydi, bu əməliyyatın keçirilməsinə icazə verməzdi. O, iddia edir ki, əməliyyat zamanı o, Lənkəranda olub. Bu cür ziddiyyətli ifadələr zabitlərin məsuliyyətdən özlərini qurtarmaq məqsədi daşıyırdı. (Velimamedov, 2021:280). Daşaltı əməliyyatında iştirak edən əsgərlərin özü isə uğursuzluğun səbəbi kimi vahid komandanlığın olmamasında görürdü. Daşaltı əməliyyatında ən çox sorğulanan məqam isə bələdçilərlə bağlıdır. Tacəddin Mehdiyev 1992-ci ilin aprel tarixli müsahibəsində deyir ki, onu batalyon komandiri Nurəddin Abdullayev bələdçilərlə təmin edib. ANS-in Daşaltı əməliyyatının 20 illiyinə həsr olunmuş verilişində o, artıq polis rəisi Vahid Bayramovun ona bələdçilər verdiyini deyib. 1-ci desant-hücum batalyonunun komandiri Nurəddin Abdullayev iddia edir ki, bələdçiləri Şuşa özünümüdafiə batalyonu komandiri Məmməd Abdullayev və polis rəisi Vahid Bayramov ayırıb. Həmin verilişdə Şuşa batalyonunun komandir müavini Möhtəşəm Məhərrəmov Şuşa batalyonundan bələdçilərin verilmədiyini bildirib. Şuşa milis rəisi Vahid Bayramovun özü iddia edir ki, o, Tacəddin Mehdiyev üçün heç bir bələdçi verməyib. Tacəddin Mehdiyev və əməliyyatı hazırlayanlardan biri olan Nurəddin Abdullayev ümumi uğursuzluğun bələdçilərin satqın olmasında və hərbçilərin plana uyğun hərəkət etməməsində görür. Batalyon komandiri Nurəddin Abdullayev hücum planının çox bacarıqla təşkil edildiyini və düzgün əməl olunacağı təqdirdə uğurlu nəticənin əldə olunacağını qeyd edib. O, 1-ci və 4-cü tağımlarla naməlum dəstələr arasında qəfil başlayan atışmanın tapşırıqların icrasına mane olan əsas səbəb kimi görür (Harutyunyan,2020:118). Tacəddin Mehdiyev Daşaltı əməliyyatının uğursuzluğunu həmin zaman belə ifadə etmişdi: “Mən şokdayam. Bizi satıblar. Biz, sanki, “ətçəkən maşına” düşdük. Onlar bizi gözləyirmişlər. Onlar əvvəlcədən bizim hücum edəcəyimizi bilirmişlər.”(“Xalq” qəzeti, 26.01.2020). Daşaltı əməliyyatı ilə bağlı Baş Qərargah rəisinin müavini polkovnik-leytenant Şikar Şikarov yoxlama apararaq əməliyyatın uğursuz olması səbəblərini belə açıqlayıb.
- Düşmənin və ərazinin kəşfiyyatı dərindən aparılmayıb. Düşmənin bilavasitə ehtiyat qüvvələrinin yeri və mümkün hərəkət üsulları müəyyən olunmamışdı.
- Əməliyyatda iştirak edən tərəflərin qüvvə və vasitələrinin nisbəti tam nəzərə alınmamışdı.
- Top və zirehli texnika kifayət qədər deyildi. Texnika və silahlar döyüş əməliyyatlarına hazır deyildi.
- Hücum aparılmasının əsasları pozulmuşdu. Şəxsi heyət artilleriya atəşi aparılmadan hücuma keçmişdi.
- Döyüş bölmələri arasında idarəolunma yox idi.
- Yerli əhali arasından seçilmiş bələdçilər ərazini hərbi nöqteyi nəzərdən zəif tanıyırdı. Ehtiyat qüvvəsi üçün müəyyən qüvvə və vasitələr ayrılmamışdı.
- Əməliyyat planı, döyüş əmrləri və sərəncamları sənədləşdirilməmişdi.
İtkilər
Azərbaycan Ordusu Daşaltı əməliyyatı zamanı ağır itkilərə məruz qaldı. Əməliyyat bitdikən sonra hadisə yerinə gələn jurnalist Con Cons cəsədlərin səpələndiyi qarlı dağ yamacının fotolarını çəkmişdi (De Vaal, 2008:206). Bu ərazi daha sonra əhali tərəfindən “Qanlıdərə” adlandırıldı (Akopyan, 2010:125). Əməliyyat zamanı itkilərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar verilib. 220-dən çox hərbçinin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılır. Tacəddin Mehdiyevə görə, Azərbaycan Ordusu kənd uğrunda gedən döyüşlərdə 1-ci batalyondan 49, xususi təyinatlı dəstədən isə 8 nəfər itki verib. Batalyon komandiri Nürəddin Abdullayevin sözlərinə görə, döyüş zamanı 3-cü və 2-ci taqımlar 5-6 şəhid və bir o qədər də yaralı ilə döyüş meydanını tərk ediblər, 1-ci və 4-cü taqımlardan 5-6 nəfər sağ qalıb, qalanları isə ya ölüb, ya da itkin düşüb (Harutyunyan,2020:118). Daşaltı əməliyyatında təxminən 70-ə yaxın əsgər və zabitin həlak olduğu, 55 hərbçinin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var (Qaraca, 2013:6). Ermənilərin region üzrə komandanı Arkadi Ter-Tadevosyan Azərbaycan Ordusunun 92 nəfəri itirdiyini qeyd edir, əsir götürülənlər barədə isə heç bir məlumat vermir. Onun hazırladığı hesabatda döyüş zamanı 10 nəfər Daşaltı, 12 nəfər isə kənar kəndlərdən gələn dəstə üzvünün həlak olduğu qeyd edilib (Ter-Tadevosyan, 2007:567).
Həlak olan hərbçilərin bəzilərin nəşi döyüş gedə-gedə Daşaltıdan çıxarılmışdı. Həmin prosesdə gizir Nurcahan Hüseynova iştirak etmişdi. Füzuli Rzaquliyev xatırlayırdı: “Biz döyüşə-döyüşə geri çəkilərkən bir də baxdım ki, başqa bir istiqamətdən Daşaltı kəndindən bir qadın əsgər meyitini var gücü ilə darta-darta atışma altında çıxarır. Mən əsgərlərdən bir neçəsini ona köməyə göndərdim. Məlum oldu ki, Nurcahan adlı bu xanım həlak olmuş Şuşa polisi Nazimin meyitini çıxarır.” (“Həftə içi” qəzeti, 27.01.14:4). Döyüşlərin bitməsindən sonra meyitlərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıqlara başlandı. Həlak olan hərbçilərin meyitlərinin geri verilməsi ilə bağlı proses ilkin olaraq uzandı. Bir müddət sonra meyitlər girov götürülmüş 2 erməni uşaqla dəyişdirildi. Daşaltı özünümüdafiə dəstəsinin müavini Artur Arakelyan xatırlayırdı: “Kənd ərazisində 136 Azərbaycan əsgərinin cəsədini tapdıq. Meyitlər girovlarla dəyişdirilməli idi. Dedik ki, fotoları göndərin, meyitləri tapsaq, dəyişdirərik. Fotolar gətiriləndə meyitlər artıq qaralmışdı. Biz də onları yığıb basdırmağa məcbur olduq.” Kənddə itkin düşənlərin taleyi barədə Artyuşa Hovannesyan belə deyib: “Bizə tapşırıldı ki, bu meyitləri toplayıb basdıraq ki, epidemiya başlamasın. Getdik, yığdıq, daşıdıq, bir qəbirdə 5-6 meyit basdırdıq. Həmin ərazi buradan çox uzaqdadır, kəndin kənarındadır.” Beləliklə, danışıqlar zamanı 72 nəfərin cəsədi Azərbaycana təhvil verildi. Onların bir qismi Vaqifin türbəsi yaxınlığındakı məzarlıqda dəfn edildi, digərləri isə Bakıya göndərildi. Meyiti təhvil verilməyən 64 nəfər isə ermənilər tərəfindən Daşaltı kəndindəki toplu məzarlıqda basdırıldı. Azərbaycan Ordusu 2020-ci ildə apardığı hərbi əməliyyatlar zamanı Daşaltı kəndini ələ keçirdi. 2 il sonra, yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşmüş əsgərlərin basdırıldığı ehtimal olunan ərazidə eksqumasiya işləri aparıldı. 1 il ərzində nəticələrin açıqlanmadığını nəzərə alsaq, həmin ərazinin hələ də tapılmadığını qeyd etmək olar. Hərbçilərin qalıqları hələ də Daşaltı kəndində qalmaqdadır.
Nəticə
Daşaltı əməliyyatındakı uğursuzluq Azərbaycan Ordusunun ümumi əhval ruhiyyəsinə, eləcə də ölkədəki siyasi vəziyyətə ciddi təsir göstərdi. Əməliyyatın bitməsindən 1 gün sonra, saat 16:20 radələrində Şuşa şəhərinə yaxınlaşan mülki helikopterin erməni bölmələri tərəfindən vurulması ikinci ağır zərbə idi. (“İzvestiya” qəzeti, 29.01.92:1). Hadisə zamanı içərisində əsasən mülki şəxslərin olduğu 47 nəfər həlak oldu. Bu hadisədən sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov İsveçrəyə nəzərdə tutulan rəsmi səfərini təxirə saldı və Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı (“Xalq” qəzeti, 30.01.92:1). Burada Xocalı şəhərinin blokadadan çıxarılması üçün Əsgəran istiqamətində əməliyyat planlaşdırıldı. Ancaq bu əməliyyatlar da Daşaltı kimi uğursuzluqla nəticələndi. Qarşıda Azərbaycanı Malıbəyli, Qaradağlı və Xocalı faciələri gözləyirdi.
İstifadə edilən ədəbiyyat
Kitablar və məqalələr
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Harutyunyan, M. (2020) Military aspects of the heroic defense of Karintak according to Azerbaijani sources, Dizak Plus. p.113-128.
Акопян, Т. (2010). Карабахский дневник. Антарес.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус.
Тер-Тадевосян, А. (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.
Qəzetlər
“Xalq qəzeti”, 1992, 2014, 2020-ci il.
“Azərbaycan” qəzeti, 2013-cü il.
“Həftə içi” qəzeti, 2014-cü il.