20-ci əsrə qədər Ukrayna kimliyi
XX əsrin əvvəllərində müasir Ukrayna torpaqları iki imperiya arasında bölünmüşdü. Dnepr çayının sol və sağ sahilləri, Qara dəniz boyunca ərazilər və Novorossiyaya Çar Rusiyası, Karpat Ukraynası , Şərqi Qalisiya və Şimali Bukovinaya isə Avstriya-Macarıstan nəzarət edirdi (Andrusiak,1966:155).
Rusiya imperiyasında yaşayan ukraynalı əhaliyə “malorus” (kiçik rus) deyilirdi. Rəsmi siyahıyaalınmalar zamanı ruslar “velikorus” (böyük rus), belaruslar isə “belayarus” (ağ rus) adlandırılıb. Bu üç etnik qrup birlikdə ümumi rus xalqını təşkil edirdi. 19-cu əsrdə Rusiyaya Avropadan gələn millətçilik dalğası Ukrayna ziyalılarına ciddi təsir etdi. Bu dövrdə ukraynalıların ümumrusiya konsepsiyasını inkar edən və ukrayna kimliyini ortaya atan ziyalılar formalaşmağa başladı. 20-ci əsrə qədər hər iki konsepsiyanın davamçıları arasında dövri nəşrlərin səhifələrində şiddətli mübahisələr gedirdi. Lakin ukraynalıların rus xalqının bir parçası olduğunu dəstəkləyənlərin sayı çoxluqda qaldı. Bu özünü 1917-ci il seçkilərində göstərdi. 1917-ci ilin yayında yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə Ukrayna partiyaları sadəcə 5 şəhərdə (Mirqorod, Konotop, Yelizavetqrad, Romnı, Loxvitsa) qalib gəldilər. Bu partiyalar Xarkov, Poltava, Çerniqov, Çerkassı, Proskurovda səslərin 30%-ni, Kiyevdə 20%-ni, Yekaterinoslavda[1] 10%-ni, Odessada isə 4%-ni qazanmışdı (Şevelyov, 1998:58).
Həmin dövrdə Avstriya-Macarıstan imperiyasında təxminən eyni proses baş verdi. Habsburqların hakimiyyəti dövründə ukraynalılar “rusinlər” və ya “rutenlər” adlandırılıb. Siyahıyaalınmada bəzən ukraynalılara dini konfessiyaya uyğun “yunan katolikləri” də deyilirdi. Ukrayna hərəkatının liderləri isə özlərini əvvəlcə “ukrayn-rus xalqı”, sonra isə “ukrayn xalqı” kimi identifikasiya edirdilər. Ümumilikdə etnonimlərin müxtəlifliyi və uyğunsuzluğu 19-cu əsrin ikinci yarısı – 20-ci əsrin əvvəllərində regionda şərqi slavyan əhalisinin milli kimliyinin formalaşması prosesi tam başa çatmadığını göstərirdi. Avstriya-Macarıstan imperiyası tərkibində yaşayan ukraynalılar birinci dünya müharibəsi ərəfəsində ölkə əhalisinin 8,5%-ni təşkil edirdi. Müqayisə üçün qeyd edək ki, 1917-ci ilə qədər Rusiya imperiyasında ümumi əhalinin 18,1%-i ukraynalılardan ibarət idi. Avstriya-Macarıstan imperiyasında ukraynalıların ən çox yaşadığı bölgə Şərqi Qalisiya idi. Bu regionda sadəcə Lvovda ukraynalılar azlıq (19,1%) təşkil edirdi. Bukovinanın 38,1, Zakarpatiyanın 15,7 faizi ukraynalılardan ibarət olub (Borisyonok, 2018:27).
Birinci dünya müharibəsi zamanı Qərbi Ukrayna
Birinci dünya müharibəsi illərində Qərbi Ukrayna ərazisi hərbi əməliyyatların başlandığı ilk ərazilərdən biri idi. Avstriya-Macarıstan imperiyası müharibə başladıqdan dərhal sonra Rusiyaya qarşı vuruşmaq üçün regionda yaşayan ukraynalıların atıcı diviziyasını fornalaşdırdı. 1914-cü il avqust ayında isə Avstriya komandanlığı Pilsudskinin başçılıq etdiyi Polşa legionunu yaratdı. Müharibənin ilk ayları Çar Rusiyası üçün uğurlu başladı. 1914-cü ilin payızında rus qoşunları Qərbi Ukraynanın şərq hissəsini tamamilə və qərb hissəsini isə qismən ələ keçirdi. Lvovun tutulmasından bir gün sonra, 1914-cü il sentyabrın 5-də regionda Bobrinskinin rəhbərlik etdiyi hərbi general-qubernatorluq yaradıldı. Rusiya hökuməti gələcəkdə Qərbi Ukraynanın şərq hissəsini özünə, əsasən polyakların məskunlaşdığı qərb hissəsini isə Polşa krallığına birləşdirmək istəyirdi. Lakin regiondakı rus hakimiyyəti bir ildən az davam etdi. Almanların hücumu nəticəsində 1915-ci ildə Çar qoşunları ərazini tərk etmək məcburiyyətində qaldı. Çar komandanlığı Qərbi Ukrayna əhalisinin Avstriya-Macarıstan ordusuna səfərbər olmasının qarşısını almaq üçün 18 yaşdan 50 yaşa qədər olan bütün kişi əhalisini Volın vilayətinə sürgün etmək əmri verdi. 1915-ci ilin avqustuna qədər Rusiyaya Qərbi Ukraynadan 95 minə yaxın insan sürgün edildi (Mixalev və Pyankov, 2015:98).
1916-cı ildə general Brusilovun təşkil etdiyi hərbi kampaniya zamanı Çar Rusiyası yenidən Qərbi Ukraynanı ələ keçirdi. Lakin bu uğur da müvəqqəti oldu. 1917-ci ildə Rusiyada baş verən inqilab nəticəsində monarxiyaya son qoyuldu. Yeni formalaşdırılan Kerenski hökuməti müharibəni davam etdirmək qərarına gəldi. İyulda rus bölmələrinin həyata keçirdiyi hücum əməliyyatı uğursuz alındı. Şərq istiqamətində cəbhənin çökməsindən istifadə edən Avstriya-Macarıstan və Almaniya imperiyası qoşunları Qərbi və Mərkəzi Ukrayna ərazisinə daxil oldular. 1917-ci ilin noyabrında Rusiyada iqtidarı ələ keçirən bolşeviklər hakimiyyətini bütün ərazilərə yaymağa çalışdı. Ukraynadakı formalaşdırılan Mərkəzi Rada hökuməti isə bolşevik iqtidarını tanımadı. RSFSR-in hakimiyyətini Ukraynada yaymağa çalışması ilə UXR müstəqilliyini elan etdi və yardım üçün Almaniyaya müraciət etdi. Beləliklə, 1918-ci ilin martında aparılan danışıqlardan sonra RSFSR sülh müqaviləsi imzalayaraq müharibədən geri çəkildi. Avstriya-Macarıstan və Almaniya isə Ukraynanı yalnız Çar Rusiyasına daxil olmuş ərazilər çərçivəsində müstəqilliyini tanıdı. Mərkəzi Rada Qərbi Ukraynanı Avstriya-Macarıstan ərazisi kimi q’bul etməyə məcbur oldu (Magocsi, 1993:104). Bu vəziyyət 1918-ci ilin noyabrına qədər dəyişmədi. Lakin müharibədə məğlub olan Almaniya və Avstriya qoşunlarının Ukraynanı tərk etməsi yeni bir geopolitik vəziyyət formalaşdırdı. 1918-ci ilin dekabrında rus hərəkatını leqallaşdırmaq üçün Lvovda anti-bolşevik Rusiya icraiyyə komitəsi yaradıldı. Bu komitənin niyyəti ağqvardiyaçılarla birlikdə bolşeviklərə qarşı mübarizə aparmaqdan ibarət idi. Ancaq Qərbi Ukraynanın Avstriya təsirindən çıxması ilə regionda 4 dövlətin maraqları toqquşdu. Bununla da konflikt yeni mərhələyə qədəm qoydu.
Qərbi Ukrayna Xalq Respublikasının (ZNUR) yaradılması
1918-ci ilin payızında imperiyanın müxtəlif yerlərində artan milli hərəkatlar Avstriya-Macarıstanın parçalanmasına səbəb oldu. Oktyabrın 7-də Polşa krallığının Regent Şurası Polşa xalqına müraciətini dərc edərək dənizə çıxışı olan bütün Polşa torpaqlarını əhatə edən müstəqil dövlətin yaradılmasını tələb etdi. Oktyabrın 10-da Polşa siyasətçiləri Qərbi Ukraynanın Avstriya-Macarıstandan çıxarıldığını və Polşa dövlətinin tərkibinə daxil olduğunu elan etdilər (Kondratiuk, 1979:24-27). Lakin hadisələrin bu cür inkişafı Ukrayna hərəkatı üzvlərində narazılıq yaratdı. Oktyabrın 18-19-da Lvovda Qalisiya Regional Seymi və Bukovina Regional Seyminin Ukrayna deputatlarının iclasında müvəqqəti Ukrayna parlamenti – Ukrayna Milli Radası seçildi. Həmin gün Avstriya-Macarıstan imperiyası ərazisində yaşayan ukraynalılar haqqında Ukrayna Milli Radasının nizamnaməsi qəbul edildi. Bu nizamnamədə imperiya ərazisində yaşayan ukraynalıların öz müqəddəratını təyin etmək hüququ olduğu bildirildi.
Noyabrın 1-də Ukrayna Milli Radası Lvovda və bütün Qərbi Ukrayna ərazisində hakimiyyəti ələ keçirdi. Rəsmi bildirişdə Ukrayna dövlətinin gələcək taleyini həll etmək üçün Müəssislər Məclisinin çağırılması nəzərdə tutulurdu. Bu addım Polşa hökuməti tərəfindən narazılıqla qarşılandı. Noyabrın 2-də Polşa nümayəndə heyəti Lvova gəldi. Polşa tərəfi Przemışl, Lvov və digər şəhərlərin Polşa dövlətinin tərkibinə daxil edilməsini təklif etdi. Lakin bu danışıqlar nəticəsiz yekunlaşdı. Noyabrın 9-da Ukrayna Milli Radası Qərbi Ukrayna Xalq Respublikasının (ZNUR) qurulduğunu elan etdi. Həmin gün dövlət katibliyi yaradıldı, noyabrın 13-də isə Müvəqqəti Əsas Qanun qəbul edildi. Müstəqilliyinin ilk ayları ZNUR hökuməti üçün çətin keçdi. Polşanın hərbi təzyiqindən sonra noyabrın 21-də Qərbi Ukrayna ordusu Lvovu tərk etdi, hökumət əvvəlcə Zloçevə, sonra Ternopola, 3 yanvar 1919-cu ildə isə Stanislava köçürüldü. (Andrusiak,1966:157). 3 yanvar 1919-cu ildə ZNUR rəhbərliyi UXR-ə müraciət edərək vahid Ukrayna respublikasının yaradılmasını təklif etdi. Yanvarın 22-də Kiyevin Sofiya meydanında iki respublikanın təntənəli birləşmə mərasimi keçirildi. ZNUR rəhbərliyi bu birləşmədən sonra dövlətçilik institutlarının formalaşdırılmasına başladı. Dövlətin ilk başçısı Yevgeni Petruşeviç idi. 1919-cu il fevralın 15-də “Qərbi Ukrayna Xalq Respublikasının ictimai qurumların və dövlət müəssisələrinin daxili və xarici idarə olunmasında ukrayn dilindən istifadə edilməsi haqqında” qanun təsdiq edildi. Ukraynca dövlət dili elan edildi (Terlyuk, 2019:46). ZNUR əvvəlcə polyaklar, yəhudilər və almanların öz dilində məktəb açması haqqını tanıdı. Lakin bir müddət sonra bu qanun ləğv edildi və məcburi fənn kimi ukrayn dili tətbiq edildi.
Bu birləşməyə baxmayaraq Kiyev və Stanislav hökumətinin xarici siyasətində fərqliliklər mövcud idi. UXR hökuməti Polşa ilə münasibətləri pozulmasını istəmirdi və onları bolşeviklərə qarşı mübarizədə əsas müttəfiq kimi görürdü. Polşa hökuməti də öz növbəsində Qərbi Ukraynanın itirilməsi ilə razılaşmadı. Paris sülh konfransında 1919-cu il aprelin əvvəlinə kimi Dmovski, sonra isə Paderevskinin rəhbərlik edən Polşa diplomatik nümayəndəliyi fəal işləyirdi. Diplomatik danışıqlar fayda vermədiyi üçün polyaklar ərazini müharibə yolu ilə geri almaq üçün mübarizəyə başladılar. Bununla bağlı Polşa və Rumıniya arasında müttəfiqlik anlaşması imzalandı. Rumıniya Qərbi Ukraynaya daxil olan Şimali Bukovinaya, Macarıstan isə Karpat Ukraynasına iddia edirdi. Fransa həm Polşa, həm də Rumıniyanı RSFSR və ZNUR-yə qarşı dəstəkləyirdi. Mayın sonunda Antanta Rumıniya qoşunlarının Polşa-Ukrayna müharibəsinə müdaxiləsinə razılıq verdi. Rumıniya hökuməti Macarıstan Sovet Respublikasına qarşı mübarizə bəhanəsi ilə ZNUR-dən Voroxta-Snyatın dəmir yolunu öz nəzarətinə verilməsini tələb etdi (Lucian, 2019:115). ZNUR rəhbərliyi Rumıniya tərəfinin işğal bəhanəsi olan bu təklifə razı olmadı. Mayın 24-də 8-ci Rumıniya diviziyası Dnestr çayını keçərək döyüşsüz Kolomiya, Snyatın və Kosivə daxil oldu. Bukovinada gedən döyüşlərdən sonra rumınlar mayın sonunda Ukrayna bölmələrinin bir hissəsini əsir aldılar.
Polşa-Ukrayna münaqişəsinin həlli üçün cəhdlərdən sonra 1919-cu il iyunun 25-də Paris sülh konfransı Polşaya Qərbi Ukraynanı işğal etməyə icazə verdi. 1919-cu ilin iyulunda hərbi əməliyyatlar başlandı. Polyakların hücumuna Ukrayna Qalisiya Ordusu (UQA) müqavimət göstərə bilmədi və iyulun 16-17-də Zbruç çayına doğru geri çəkilməyə başladı (Borisyonok,2018:47). 16 iyul 1919-cu ildə 50.000-ə yaxın əsgərdən ibarət qalan ordu Kamenets-Podolskidə hökumət formalaşdırdı. Lakin UXR artıq Polşanın ZUNR ərazisini işğal etməsi ilə razılaşdı və onunla müttəfiqlik haqqında müqavilə imzaladı. Kiyev hökumətinin Polşa ilə diplomatik danışıqlarına cavab olaraq Qərbi Ukrayna hökuməti 12-ci Sovet Ordusuna nümayəndə heyəti göndərdi, lakin sonda Sovet şərtlərini rədd etdi. 1919-cu ilin avqustunda Qərbi Ukrayna dövlət katibliyinin rəhbəri Kost Levitski Denikinə Rusiya daxilində muxtariyyət şərti ilə bolşeviklərə qarşı alyans yaradılmasını təklif verdi. 1919-cu ilin noyabrında Ukrayna Qalisiya Ordusu öz hökumətinin icazəsi olmadan Denikinlə atəşkəs imzaladı və ağqvardiyaçılarının tərəfinə keçdi (Andrusiak,1966:158).
Beləliklə, Qərbi Ukrayna əraziləri 1919-cu ilin iyul ayında tam olaraq Polşa qoşunları tərəfindən ələ keçirildi. Müharibə bitdikdən sonra Bukovina Rumıniyanın, Karpat Ukraynası isə Çexoslovakiyanın bir hissəsi oldu. 21 aprel 1920-ci ildə UXR rəhbəri Simon Petlyura Polşa ilə Zbruç çayı boyunca dövlətlər arasında sərhəd haqqında razılığa gəldi (Plazova, 2012:113).
Bolşeviklərə qarşı UXR və Polşa alyansı
21 aprel 1920-ci ildə Simon Petlyura UXR adından Polşa ilə Sovet qoşunlarına qarşı mübarizə haqqında müqavilə imzaladı. Müqavilənin şərtləri UXR üçün ağır idi. Petlyura Qalisiya və Volının, Lemkivşina Xolmşinanın Polşa ərazisi kimi tanımaq məcburiyyətində qaldı. Müttəfiqlik müqaviləsindən sonra Polşa bölmələri Ukraynaya daxil oldu. Mayın 7-də polyaklar Kiyevi işğal etdilər. Lakin may ayının ikinci yarısında Qırmızı Ordunun Kiyev əməliyyatı nəticəsində Polşa qoşunları Dnestr çayı boyunca qədər geri çəkilməyə məcbur oldu (Kruszyński, 2020:93).
İyunda UXR-in demək olar ki, bütün ərazisi Ukrayna SSR və RSFSR qoşunları tərəfindən ələ keçirildi. Qırmızı Ordu hücum əməliyyatlarına davam edərək 1920-ci ilin iyulunda Ukrayna və Belarusdakı Polşa qruplaşmasını məğlub etdi. Bolşeviklərin əsas məqsədi Varşava, daha sonra isə Berlin idi. Lenin Pilsudskinin məğlub edilməsindən sonra Almaniyada proletar inqilabının başlanacağına ümid edirdi. Qırmızı Ordunun Polşada irəliləməsi ilə əlaqədar Rusiya KP(b) rəhbərliyi Polşada, Macarıstanda, Çexoslovakiyada, Rumıniyada və İtaliyada fəhlələrin mümkün nümayişlərini nəzərdən keçirdi. Polşanın “sovetləşdirilməsi”nə arxalanan Lenin ərazi güzəştlərinə getməyə hazır idi. 1920-ci il iyulun 11-də Böyük Britaniyanın xarici işlər naziri Kerzon Sovet hökumətindən Antantanın Ali Şurasının 1919-cu ilin dekabrında Polşanın şərq sərhədi kimi təyin etdiyi xətt üzrə hücumu dayandırmağı tələb etdi. Polşa və Litvanın proletariatına və əməkçi kütlələrinə dəstək üçün Lenin 1920-ci il iyulun 15-də polyak kommunist İosif Unşlixtə teleqram göndərdi. Teleqramda Polşa fəhlə və kəndlilərinə Kerzon və Antanta tərəfindən verilən sərhəd çərçivəsində müstəqillik veriləcəyi qeyd edilmişdi.
Bolşeviklər Qərbi Ukraynadakı proletariatı öz tərəfinə çəkmək üçün Qalisiya Sovet Sosialist Respublikasını (QSSR) qurdu. Paytaxtı Ternopol olan bu dövlət sadəcə Qızıl Ordunun varlığının nəticəsi idi və xalq arasında heç bir dəstək görmədi. Qalisiya kommunist hərəkatının başqa bir ciddi çatışmazlığı ondan ibarət idi ki, uzun müddət onların vahid mərkəzi və əlaqələndirilmiş fəaliyyəti yox idi. Qalisiya Sovet Sosialist Respublikasının mövcud olduğu iki ay ərzində (1920-ci ilin iyul-avqust aylarında) mütəşəkkil dövlət strukturu kimi formalaşa bilmədi (Solchanyk, 1971:783).
Bolşeviklərin Polşa və Qərbi Ukrayna ilə bağlı hesablamaları özünü doğrultmadı. Rusiya KP (b)-nin IX Konfransındakı məruzəsində Lenin Polşanın sosialist inqilabına hazır olmadığını etiraf etdi. Qırmızı Ordunun Polşa torpaqlarında hərəkəti xalq tərəfindən inqilabçıdan daha ziyadə işğalçı kimi qəbul edildi. Məhz bu səbəbdən Polşa proletariatına arxayın olan Qırmızı Ordu Varşavada ağır məğlubiyyətə uğradı. Avqustdakı qələbədən ruhlanan Polşa bölmələrinin əks-hücumlarından sonra bolşeviklər Lvovda və Neman çayı ətrafında ciddi itkilər verdi. Qoyulan hədəflərə nail olunmadığı üçün Lenin müharibəni dayandırmağa razılaşdı. Sovet-Polşa müharibəsi 1921-ci ilin martında Riqada imzalanan sülh müqaviləsi ilə başa çatdı. Müqavilənin şərtlərinə görə Qərbi Ukrayna və Qərbi Belarus Polşaya verildi. Polşa rəsmi olaraq Belarus SSR və Ukrayna SSR-i tanıdı.
Ukrayna SSR-in xəritəsi, 1927-ci il
Müqavilədə hər iki tərəfə qarşı silahlı mübarizə aparan və ya onun ərazi bütövlüyünə qəsd edən təşkilatlara dəstək verməkdən imtina edilməsi haqqında maddə var idi. Eyni zamanda, Polşa hökuməti ərazisində yaşayan ukraynalılar və belarusların dil və mədəni haqlarını qoruyacağını haqqında öhdəlik götürdü (Borisyonok,2018:44).
Karpat Ukraynasının muxtariyyəti (1938-1939)
1919-cu ildə Sen-Jermen sülh müqaviləsinin qərarı ilə Karpat Ukraynası “Subkarpat Rus” adı altında Çexoslovakiya tərkibinə daxil oldu. Sen-Jermen müqaviləsinin 53-cü bəndi bilavasitə Zakarpatiyaya aid idi, burada deyilirdi: “Avstriya Karpatların cənubundakı Rusin muxtar ərazisini daxil edəcək Çexoslovakiya dövlətinin tam müstəqilliyini tanıyır.” (Roman, 2018:35). Zakarpatın Çexoslovakiyaya daxil olması Praqada Avqustin Voloşinin başçılıq etdiyi yüz nəfərdən ibarət Ukrayna nümayəndə heyətinin imzası ilə rəsmiləşdirildi. 1930-cu ilin Çexoslovakiya statistikasına görə Karpat Ukraynasında 549 min ukraynalı yaşayırdı, bunların təxminən 80% -i Transkarpat, digər 15% -i isə Prekarpat (Slovakiya) ərazisində məskunlaşmışdı. Bundan əlavə, Praqanın özündə mərkəzi və qərbi Ukraynadan gələn mühacirlərdən ibarət böyük və fəal Ukrayna diasporu var idi (Babişeviç, 2011:25).
20 il ərzində bu diaspora Çexoslovakiyada ukraynalılar muxtariyyət üçün mübarizə apardı. Bunun üçün əlverişli imkan Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra yarandı. 1938-ci ildə Çexoslovakiya İngiltərə, Fransa və İtaliyanın vasitəçiliyi ilə Münhendə aparılan danışıqlardan sonra Sudet vilayətini Almaniyaya vermək məcburiyyətində qaldı. Bu hadisə ölkədə böyük böhran formalaşdırdı. Ölkədəki Slovakiya və Ukrayna diasporası bundan dərhal istifadə etdi. Oktyabrın 7-də Slovakiya hökuməti muxtariyyətini elan etdi. 2 gün sonra Karpat Ukraynası rəhbərliyi Çexoslovakiya ilə danışıqlar aparmaq üçün Praqaya getdi. Oktyabrın 10-da axşam saatlarında Praqa radiosu Çexoslovakiya Respublikasının çexlər, slovaklar və ukraynalılardan ibarət olan üç dövlətin federasiyasına çevrildiyini elan etdi (Petrovskaya və Borisyonok, 2020:32).
Oktyabrın 11-də Karpat Ukraynasında hökumət formalaşdırıldı. Andrey Brodiyin baş nazir olduğu muxtar hökumət cəmi 15 gün (1938-ci il oktyabrın 11-dən oktyabrın 26-dək) fəaliyyət göstərdi və üç iclas keçirdi. Hökumətin əsas vəzifəsi Slovakiya ilə sərhədləri müəyyənləşdirmək və ukraynalıların, rusların məskunlaşdığı Şərqi Slovakiya bölgələrini ilhaq etmək idi. Oktyabrın 15-də Ujqorodda hökumətin ilk iclası keçirildi. 26 oktyabr 1938-ci ildə Çexoslovakiya hökuməti Avqustin Voloşini Karpat Ukraynasının yeni baş naziri vəzifəsinə təsdiqlədi. Yeni hökumətin formalaşması təkcə Çexiyada deyil, eyni zamanda Polşa tərkibində olan Qalisiyada böyük dəstək topladı. Yeni hökumətin qurulmasına baxmayaraq Karpat Ukraynasının siyasi və iqtisadi gücü zəif idi. Bundan isə Hitlerin müttəfiqi olan qonşu Macarıstan istifadə etdi. Sərhəd məsələlərinin həlli üçün 1938-ci ildə Almaniyanın xarici işlər naziri Ribbentrop Slovakiyanın baş naziri Tiso və onun ukraynalı həmkarı Baçinskini Münhenə dəvət etdi. Burdakı danışıqlarda razılıq əldə olunmadı. Bütün iştirakçılar mübahisəli məsələlərin Almaniya, İtaliya və Çexoslovakiya nümayəndələrindən ibarət Vyanada arbitraj komissiyası tərəfindən həllinə razılıq verdilər. 2 noyabr 1938-ci ildə arbitraj komissiyasının qərarından əvvəl Ribbentrop verdiyi açıqlamada yekun sənədin həm Macarıstan, həm də Çexoslovakiya üçün məcburi və qəti olduğunu bildirən açıqlama verdi. Arbitrajın qərarı ilə Slovakiyanın cənub bölgələrinin və Karpat Ukraynasının (Ujqorod, Mukaçevo və Bereqovo şəhərləri ) Macarıstana verilməsi qərara alındı. Noyabrın 3-də Karpat Ukraynası verilən qərarın ağır olduğunu bildirdi, buna baxmayaraq komissiyanın nəticəsinə etiraz etmədi. Beləliklə, paytaxtdan məhrum olan ukraynalılar mərkəzi şəhəri Ujqoroddan Xusta köçürmək məcburiyyətində qaldılar. (Şkandri, 2014:195).
1919-1938-ci illərdə Çexoslovakiya, 1938-1945-ci illərdə Macarıstanın nəzarətində olan Zakarpatiya regionu
Avropada siyasi vəziyyətin dəyişməsi özünü 1939-cu ilin əvvəlində göstərməyə başladı. Karpat Ukraynasının bir hissəsini Macarıstana güzəştə gedən Almaniya rəhbərliyi yanvarda Polşa ilə aparılan danışıqlarda Karpat Ukraynasını bir subyekt kimi saxlanmasında maraqlı olmadıqlarını bildirdi. Almaniyanın Ukrayna dövlətçiliyində maraqlı olmamasında əsas səbəb SSRİ ilə yaxınlaşma idi. Hitler SSRİ ilə yaxınlaşmaq üçün Moskvanın Ukrayna dövlətçiliyinə mənfi münasibətini nəzərə almışdı. Nəticədə 1939-cu il martın 12-də Hitler Macarıstan səfirinə Slovakiyanın müstəqilliyini dəstəkləməyə hazır olduğunu, macarların isə Karpat Ukraynası ilə bağlı məsələdə sərbəst hərəkət etmə icazəsinin olduğunu bildirdi. Çexoslovakiyanın dağılması tez bir zamanda baş verdi. Martın 14-də Slovakiya öz dövlət müstəqilliyini elan etdi, Almaniya isə Çexiyanı ələ keçirdi. Həmin gün martın 14-də sərhəddə macar qoşunlarının cəmlənməsindən xəbərdar olan Avqustin Voloşin Karpat Ukraynasının dövlət müstəqilliyini elan etdi və bununla bağlı Berlinə teleqram göndərdi. Lakin bu teleqrama cavab gəlmədi. Bu əsnada macar qoşunları artıq Karpat Ukraynasının sərhəddini keçmişdi. Martın 15-i səhər Almaniya XİN-dən gələn məktubda Voloşinə Macarıstan işğalına müqavimət göstərməmə tövsiyə olundu (Fedinec, 2016:184). Beləliklə, cəmi 3 gün müstəqil olan Karpat Ukraynası Macarıstan bölmələri tərəfindən ələ keçirildi. Prezident Voloşin və hökuməti isə mühacirət etməyə məcbur oldu.
1921-1939-cu illərdə Qərbi Ukrayna
Riqa müqaviləsinin şərtlərinə əsasən Polşa ukraynalılar yaşayan ərazilərdə Polşa milli mədəni inkişafa zəmanət verməyi, dil hüquqları verməli idi. Lakin Polşa hökumətinin götürdüyü bu öhdəliklərin heç biri yerinə yetirilmədi. Polşanın Şərqi Qalisiya, Volın, Xolmşinada yaşayan ukraynalıların çoxluq təşkil etdiyi ərazilərdə assimilyasiya etməyə yönəlmiş siyasət formalaşdırdı (Babişeviç, 2005:303). Polşanın bu siyasəti ukraynalılar yaşayan bölgələrdə güclü millətçilik formalaşdırdı. 1920-ci illərdə Qərbi Ukraynada Ukrayna Hərbi Təşkilatı (UVO), 1930-cu illərin əvvəllərində isə Ukrayna Millətçiləri Təşkilatı (OUN) etnik ukraynalıları birləşdirən əsas təşkilatlara çevrildi (Parfiryev,2016:99). Onların Polşada həyata keçirdikləri terror və təxribatlar cəmiyyətdə böyük rezonansa səbəb oldu.
1930-cu ilin ikinci yarısında bu təşkilatlar Polşada böyük bir terror dalğası yaratdı. OUN və UVO-nun əsas hədəfi Qərbi Ukraynadakı dövlət qurumlarına hücum və polyakların regionda əmlaklarının yanadırılması idi. Sui-qəsd və terrorların artmasından sonra Polşa lideri Pilsudski sərt formada tədbirlər (pasifikasiya) görməyə başladı. 1931-ci il avqustun 29-da Truskavetsdə ukraynalı millətçilər Polşa-Ukrayna kompromisinin tərəfdarı olan deputat Tadeuş Qoluvkonu öldürdülər. 1934-cü ildə Polşanın daxili işlər naziri Bronislav Pyeraçkinin öldürülməsindən sonra UVO-OUN-un Qərbi Ukraynadakı bütün rəhbərliyi həbs olundu (Skora,1997:119). OUN-un rəhbəri Konovalets təşkilatın mühacir hissəsinin ekstradisiyasından ehtiyat etdiyi üçün Polşa ərazisində terror hücumlarını dayandırmağı əmr etdi. Lakin hücumlar davam etdi. Lvovda Ukrayna gimnaziyasının direktoru Babinin qətli ölkədə böyük rezonans doğurdu.
UVO-OUN üzvləri Polşa hökumətindən başqa ukraynalı kommunistlər və Sovet diplomatlarına da hücum edirdi. 1933-cü ilin yanvarında Qərbi Ukraynada OUN rəhbəri vəzifəsinə Stepan Bandera keçdi. Banderanın OUN rəhbərliyinə gəlişi ilə təşkilatın apardığı siyasət də dəyişdi. Bandera terror aktları üçün namizədləri şəxsən özü seçir və bəzən hücumların qurbanına çevriləcək şəxslərin adını da özü verirdi. Hücumların hədəfi kimi Qərbi Ukraynadakı kommunist fəallar seçildi. 3 iyun 1933-cü ildə Berlində Ukrayna millətçilərinin iştirakı ilə keçirilən konfransda Lvovdakı Sovet konsuluna sui-qəsd təşkil etmək qərara alındı. Təxminən eyni vaxtda millətçilər ukraynalı kommunist Anton Kruşelnitskiyə sui-qəsd hazırladılar, lakin o, ailəsi ilə birlikdə SSRİ-yə mühacirət edə bildi. 1933-cü il oktyabrın 21-də 18 yaşlı tələbə Nikolay Lemik həmin Sovet konsulu Andrey Maylovu güllələdi (Ostapchuk, 2015:57). Bu hadisə SSRİ ilə Polşanın münasibətlərini pisləşdirdi. UVO-OUN-a qarşı aparılan cəza tədbirləri zamanı Lemik, Bandera və Şuxeviç həbs olundu. 1936-cı il yanvarın 13-də Stepan Bandera, Mikola Lebed və Yaroslav Karpinets ölüm, qalanları isə 7 ildən 15 ilədək həbs cəzasına məhkum edildi. Lakin etirazların böyük üsyana çevrilməsindən çəkinən Polşa hökuməti Banderanın cəzasını ömürlük həbslə əvəzlədi.
1939-cu ildə Ukrayna SSR-ə birləşdirilən Polşa əraziləri
3 illik fasilədən sonra OUN Polşada yenidən aktivləşməyə başladı. Bunun əsas səbəbi Nasist Almaniyasının ukraynalı millətçilərə dəstəyi idi. Hitler ukraynalıları Polşanı daxildən məhv etmək üçün “beşinci kolon” kimi istifadə edirdi, lakin onlara hansısa dövlətçilik institutu vermək niyyəti yox idi. 1939-cu il avqustun 23-də Moskvada Almaniya ilə Sovet İttifaqı arasında bitərəflik haqqında müqavilə imzalandı. Müqavilədəki məxfi protokola əsasən, Polşa tərkibində olan Qərbi Ukraynanın SSRİ-nin maraq dairəsinə daxil edildiyi təsdiqləndi. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumundan 16 gün sonra Sovet qoşunları Polşaya daxil oldular. 1939-cu il sentyabrın 28-də SSRİ ilə Almaniya arasında dostluq və sərhəd müqaviləsinə uyğun olaraq Şərqi Qalisiya və Qərbi Volın Ukrayna SSR-in tərkibinə daxil edildi.
SSRİ-nin ələ keçirdiyi Rumıniya əraziləri. Şimalda Bukovina əyaləti və indiki Moldovanın cənub-şərqindəki bütün ərazilər Ukrayna SSR-ə birləşdirilib.
1940-cı ildə SSRİ Rumıniyadan 1919-cu ildə özünə birləşdirdiyi Şimali Bukovina və Bessarabiya ərazisini geri istədi. Almaniyanın təzyiqindən sonra Rumıniya Bessarabiya və Şimali Bukovinadan imtina etməyə məcbur oldu (Solonari, 2007:755). Bununla da Macarıstana daxil olan Karpat Ukraynası istisna Qərbi Ukraynanın digər əraziləri Ukrayna SSR-ə birləşdirildi.
Böyük Vətən müharibəsi illərində Qərbi Ukrayna
Qalisiya və Bukovinanın Ukrayna SSR-ə birləşdirilməsindən sonra 1940-cı ildə OUN-un fəaliyyəti xeyli gücləndi. NKVD və KQB-nin müqavimətinə baxmayaraq sərhəddi keçən millətçilər qoşunların yerləşdiyi ərazi, zabitlərin yaşayış yerləri ilə bağlı vacib məlumatlar topladılar. 1941-ci ilin yazında Lvovda OUN dəstələri ilə rayon polisi və KQB üzvləri arasında toqquşmalar baş verdi. Regionda millətçilərin güclü nüfuzundən çəkinən SSRİ rəhbərliyi sərt tədbirlər görməyə başladı. 1941-ci ilin iyun ayına qədər Qərbi Ukraynada 11.097 nəfər siyasi səbəblərlə ərazidən deportasiya edildi, 11.020 nəfər isə həbs olundu. 1940-1941-ci illərdə polyaklar, yəhudilər və almanların regiondan deportasiyası həyata keçirildi. Bu deportasiyadan ən çox əziyyət çəkən polyaklar oldu. NKVD 1 il ərzində 380 minə yaxın polyakı Qazaxıstana, Sibirə və Uzaq Şərqə sürgün etdi (Polian, 2003:118). OUN-un Qərbi Ukraynadakı fəaliyyətinə Bandera və Melnik rəhbərlik edirdi. Onların hər ikisi Polşanın 1939-cu ilə bölüşdürülməsi ilə həbsxanadan qaçmışdı. Nasist Almaniyası SSRİ-yə qarşı planlarında onlardan istifadə etməyə qərar verdi. Nürnberq məhkəməsində şahid kimi dindirilən polkovnik Ervin Ştolze bunu etiraf etmişdi.[2] (Heer və Lauterwein, 2003:83).
1941-ci ilin iyunun 22-də Nasist Almaniyası müharibə elan etmədən 4 milyonluq ordu ilə SSRİ-yə qarşı əməliyyata başladı. Hücumun başladığı əsas istiqamət Qərbi Ukrayna və Qərbi Belarus idi. Alman qoşunlarının hücumları istiqamətində bir sıra yaşayış məntəqələrində OUN-nun təşəbbüsü ilə silahlı üsyanlar baş verdi. Kənd yerlərində OUN dəstələri yerli Ukrayna əhalisinin bir hissəsinin dəstəyi ilə Qırmızı Ordunun hissələrinə hücum etdi. Nasistlərin Qərbi Ukraynaya daxil olması bir çox yaşayış məntəqələrində böyük sevinclə qarşılandı.[3]
Nasistlər 8 gün ərzində davam edən döyüşlərdən sonra Lvovu ələ keçirdilər. İyunun 30-da OUN-un ikinci şəxsi sayılan Yaroslav Stetsko “Ukrayna dövlətinin elan edilməsi haqqında Akt”ı elan etdi (Veqeş və Qorvat, 2000:59). İyulun 3-də Hitler və bir çox Avropa liderinə məktub yazaraq Ukrayna dövlətinin tanınmasına çağırdı. Lakin Almaniya, eləcə də Rumıniya və Macarıstan Ukraynanın müstəqil dövlət kimi varlığını qəbul etmək istəmirdi. Macarıstan bölmələri müharibənin ilk illərində Stanislav bölgəsi, Rumıniya qoşunu isə Çernivtsi vilayətini ələ keçirib özünə birləşdirdi. Hitler də Ukraynanın müstəqil dövlət kimi varlığını qəbul etmədi, Gestaponun xüsusi üzvləri iyulun 5-də Banderanı, 4 gün sonra isə Stetskonu həbs etdi. OUN rəhbərliyinin həbslərinə baxmayaraq təşkilatın mühafizəkar qanadında duran millətçilər Almaniyanı dəstəkləməyə davam etdi. 1941-ci ilin iyul ayında Lvovda baş verən poqromlarda Ukrayna millətçiləri 2 min yəhudini qətlə yetirdi (Heer və Lauterwein, 2003:100). 1941-ci il avqustun əvvəlində Qərbi Ukraynada Almaniya tərkibində Qalisiya rayonu formalaşdırıldı. OUN-un radikal qanadında duran banderaçılar isə 1942-ci ildə keçirilən üçüncü konfransda Ukrayna Üsyançı Ordusunu (UPA) formalaşdırdı (Veqeş və Qorvat, 2000:73). UPA-nın əsas düşməni kimi nasistlər, polyaklar və Sovet partizanları qeyd edilirdi.
1943-cü il martın əvvəlində Nasist Almaniyası Qərbi Ukraynada 80 mindən çox üzvü olan “Qalisiya” diviziyası formalaşdırdı. 1943-cü ilin ortalarına qədər Qərbi Ukrayna Nasist Almaniyasının ən sakit regionlarından biri idi. Lakin 1943-cü ilin payızından etibarən vəziyyət dəyişdi. Sovet bölmələrinin Kursk döyüşündə qalibiyyətindən sonra Qərbi Ukraynada sovet partizanlarının fəaliyyəti gücləndi. Bununla əlaqədar Ukrayna millətçiləri Ukrayna Xalq Özünümüdafiəsi (UNS) qrupunu formalaşdırmağa başladı. 1944-cü ilin əvvəlində bu qrup UPA-ya birləşdi. OUN və UPA dəstələrinin əsas hədəfi polyaklar idi. 1943-cü ilin payızından etibarən polyaklara qarşı aktiv əməliyyatlar başlandı. 1945-ci ilə qədər davam edən sistematik qətliamlarda 100 minə yaxın mülki polyak öldürüldü.[4] Bundan başqa Ukrayna millətçiləri 1943-cü ildə Rivnedə 23 min, Lutskda 19 min, Volında 19 min və digər ərazilərdə 18 minə qədər yəhudinin kütləvi qətlində iştirak etdi (Katchanovski, 2014).
Sovet qoşunları 1944-cü ildə Qərbi Ukrayna ərazisinə yaxınlaşdıqdan sonra UPA-nın Sovet bölmələrinə qarşı hücumları başladı. Sovet qoşunları ilə toqquşmaların əksəriyyəti kiçik UPA birləşmələrinin qələbəsi ilə başa çatdı. Təkcə 1944-cü ilin yanvar-fevral aylarında Rovno vilayətində Qırmızı Ordunun hissələrinə 154 hücum zamanı 439 Sovet hərbçisi həlak oldu. Bu hücumlardan biri 1-ci Ukrayna Cəbhəsinin komandiri, Qırmızı Ordunun generalı Nikolay Vatutin öldürüldü. 1944-cü ilin iyulunda Sovet qoşunları 10 minə yaxın OUN üzvünü alman dəstələri ilə birlikdə əsir aldı. İlin sonuna kimi bütün region Sovet bölmələrinin nəzarətində idi. Sovet Ordusunun Qərbi Ukraynanı ələ keçirməsindən sonra UPA partizan müharibəsinə başladı. Müharibə bitdikdən sonra Potsdam konfransında Kerzon xətti boyunca ərazilərin Ukrayna SSR-ə birləşdirilməsi təsdiqləndi (Wawryniuk, 2019:110). 1939-cu ildə Karpat Ukraynasını işğal edən Macarıstan isə ərazini Çexoslovakiyaya geri qaytardı. 1945-ci ilin iyununda Çexoslovakiya və SSRİ arasında aparılan danışıqlardan sonra Karpat Ukraynası Ukrayna SSR-ə birləşdirildi (Magocsi, 2015:585). Bununla da Qərbi Ukraynanın Ukraynanın digər hissələrinə birləşdirilməsi prosesi başa çatdı. Bu vəziyyət UPA-nın regionda aktivliyini daha da artırdı. 1945-ci ildən sonra Polşada qurulan kommunist hökumət və SSRİ UPA-ya qarşı birlikdə mübarizə aparmağa başladı. UPA-nın Polşa ərazisində əsas dayaqlarının məhv edilməsi üçün 1947-ci ildə 500 minə yaxın ukraynalı Ukrayna SSR-ə köçürüldü. Ümumilikdə, UPA 1944-cü ildən 1947-ci ilə qədər kommunist Polşa ilə döyüşlərdə 4 min əsgərini itirdi. 1944-1957-ci illərdə SSRİ-nin UPA-ya qarşı əməliyyatları zamanı 155.108 ukraynalı millətçi öldürüldü (Hybskyi, 2017:329). Beləliklə, Ukrayna millətçilərinin 15 ilə yaxın davam edən mübarizəsi bolşeviklərin qələbəsi ilə başa çatdı.
Nəticə
1917-1956-cı illər ərzində Qərbi Ukraynada baş verən qarşıdurmalar SSRİ-nin regionda zorakı hakimiyyət qurması ilə bitdi. Lakin burada yaşayan əhalinin anti-kommunist və anti-rus fikri 1991-ci ilə qədərki dövr ərzində azalmadı. Sovet dövründə belə bu antipatiya hiss edilirdi. Ümumiləşdirilmiş formada region əhalisinin bu düşüncədə olmasına səbəb kimi onların heç vaxt Rusiya imperiyasında yaşamaması, eyni zamanda digər ukraynalılardan fərqli olaraq katolik olması ilə əlaqələndirmək mümkündür. Bu xüsusiyyət Qərbi Ukraynada yaşayan əhalini xüsusi etnik qrup kimi ələ almağa imkan verir.(Yuqoslav müsəlmanların boşnak, katoliklərin xorvat, pravoslavların serb olması kimi). 2014-cü ilə qədərki seçkilərdə region əhalisinin hər zaman millətçi namizədlərə səs verməsi bu tarixi prosesin nəticəsidir. Bu xüsusiyyət onları ölkənin şərqində yaşayan Donbass və cənubdakı Krımdan xeyli fərqləndirir. Bu iki zidd qrupun ölkə siyasətinə yön vermək uğrunda mübarizəsi 2014-cü ildən başlayan siyasi böhrana və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə nəticələndi. Bu müdaxilənin nəticəsindən asılı olaraq Ukraynada yeni bir kimlik formalaşacaq. Bunu yaxın zamanda görə biləcəyik.
İstifadə edilən ədəbiyyat
İngilis dilində
Andrusiak, N. (1966). Ukraine in the Twentieth Century: a brief survey. The Ukrainian quarterly, 22(2), 152-163
Heer, H., & Lauterwein, A. (2003). Entraînement pour la Shoah: Lemberg juin-juillet 1941. Revue dHistoire de la Shoah, 179(3), 74-100.
Katchanovski, I. (2014). Ethnic cleansing, genocide or Ukrainian-Polish conflict? The mass murder of poles by the OUN and the UPA in Volhynia. The Mass Murder of Poles by the OUN and the UPA in Volhynia (April 24, 2014).
Kondratiuk, L. (1979). The Ukrainian Galician Army in the Ukrainian-Polish War, 1918-1919.
Kruszyński, B. (2020). The Kiev operation and Tukhachevsky’s two offensives in 1920 as attempts at undertaking strategic and operational initiative during the Polish-Soviet War of 1919-1920. Open Military Studies, 1(1), 88-103.
Luchian, M. (2019). THE PEACE MISSION FULFILLED BY THE ROMANIAN ARMY IN GALICIA IN 1919. International Journal of Communication Research, 9(2).
Magocsi, P. R. (1993). The Ukrainian Question Between Poland and Czechoslovakia: The Lemko Rusyn Republic (1918-1920) and Political Thought in Western Rus’-Ukraine. Nationalities Papers, 21(2), 95-105.
Magocsi, P. R. (2015). The heritage of autonomy in Carpathian Rus’ and Ukraine’s Transcarpathian region. Nationalities Papers, 43(4), 577-594.
Ostapchuk, M. R. (2015). ” Glory to Ukraine! Glory to the heroes!” The Portrayal of the Organization of Ukrainian Nationalists (OUN) in the Museums of Lviv.
Polian, P. (2003). Against their will: the history and geography of forced migrations in the USSR. Central European University Press.
Roman, A. (2018). The state auto determination from Europe 1918: Czechoslovakia’s independence and her place in the international system. In 100 de ani de la proclamarea independenţei Cehoslovaciei (pp. 29-38).
Solchanyk, R. (1971). The Foundation of the Communist Movement in Eastern Galicia, 1919-1921. Slavic Review, 30(4), 774-794.
Solonari, V. (2007). Patterns of Violence: The Local Population and the Mass Murder of Jews in Bessarabia and Northern Bukovina, July–August 1941. Kritika: Explorations in Russian and Eurasian History, 8(4), 749-787.
Wawryniuk, A. (2019). The Shaping of the Eastern Polish Border Along the Section with Ukraine as one of the Factors Influencing on the Post-War European System. Wschodni Rocznik Humanistyczny, 16(4: Kampania i wybory do parlamentu europejskiego w kontekście problemów historii najnowszej), 101-112.
Ukrayn və polyak dilində
Hubskyi, S. (2017). Діяльність структур ОУН і УПА на Київщині в 1941–1952 роках в історіографічному дискурсі. Вісник Львівського університету. Серія історична, (53).
Skóra, W. (1997). Niemiecki aspekt sprawy zabójstwa ministra Bronisława Pierackiego,„. Słupskie Studia Historyczne, (5), 119-138.
Вегеш, М. М., & Горват, І. (2000). Українська державність у ХХ столітті.
Плазова, Т. (2012). ” Українське питання” під час підписання Ризького мирного договору 1921 року. Українська національна ідея: реалії та перспективи розвитку.
ТЕРЛЮК, І. Законодавство українських національних державних формацій 1917-1921 рр. щодо забезпечення рівності прав і свобод людини і громадянина. Адреса оргкомітету, 43.
Шевельов, Ю. (1998). Україньска мова в першiй половинi ХХ столiття (1900-1941). Стан i статус.
Rus dilində
Fedinec, C. (2016). Славянское население Закарпатья в венгерской политической риторике периода ревизии [Slavjanskoe naselenie Zakarpat’ja v vengerskoj politicheskoj ritorike perioda revizii].
Борисёнок, Е. (2018). Несоветская украинизация: власти Польши, Чехословакии и Румынии и «украинский вопрос» в межвоенный период. Litres.
Вабищевич, А. Н. (2005). ОБЩЕСТВЕННО-КУЛЬТУРНАЯ ЖИЗНЬ УКРАИНЦЕВ В ПОЛЕССКОМ ВОЕВОДСТВЕ В 1921-1939 гг.
Вабищевич, А. Н. (2011). Этнокультурное положение и этнополитические отношения на западнобелорусских землях накануне сентября 1939 года.
Михалев, Н. А., & Пьянков, С. А. (2015). Беженцы Первой мировой войны в Российской империи: численность, размещение, состав. Уральский исторический вестник, (4), 95-105.)
Парфирьев, Д. С. (2016). Антипольское сотрудничество Литвы и УВО-ОУН в межвоенный период. Славянский альманах, (1-2).
Петровская, О. В., & Борисёнок, Е. (Eds.). (2020). Западная Белоруссия и Западная Украина в 1939-1941 гг: люди, события, документы. Aleteĭi︠a︡.
Шкандрий, М. Радио Вена: радиопередачи Организации Украинских Националистов (1938-1939 гг.).
[1] İndiki Dneprdə
[2] Polkovnik Ştolzenin etirafları 231 nömrəli sənəddə qeyd edilib.
[3] Britaniyanın çəkdiyi “II Dünya Müharibəsi rəngli” sənədli filmində bu kadrlara yer verilib. Əhalinin Nasist Almaniyasına münasibətinə 8:50-9:00 intervalında izləmək mümkündü.
[4] Polşa hökuməti 2016-cı ildə bu qətliamların soyqırım olması barədə qərar qəbul edib.