2014-cü ildə Ukraynada baş verən Maydan hərəkatından sonra prezident Viktor Yanukoviç ölkədən qaçdı. Kiyevdə baş verən bu proseslər ölkənin mərkəzi, şərqi və Krım Respublikasında yaşayan əhalisi tərəfindən narazılıqla qarşılandı. Xüsusilə Krım və Donbassda yaşayan əhali bu çevrilişin öz seçki hüquqlarının pozulması kimi dəyərləndirdi. Krımın 2014-cü ilin martında Rusiya Federasiyası tərəfindən anneksiya edilməsindən sonra Şərqi Ukraynada qarşıdurmalar başlandı. Bu regionda yaşayan qruplaşmaların Rusiya tərəfindən iqtisadi və hərbi yolla dəstəklənməsi son nəticədə Ukrayna ordusu ilə ciddi konfliktə gətirib çıxardı.[1] Donbass regionunda 2014-cü ilin yaz aylarında Donetsk və Luqansk respublikalarının qurulması ilə regionun iqtisadi baxımdan məhvi ilə nəticələnən müharibə başlandı. Təxminən 1 il davam edən müharibə Minsk-1 və Minsk-2 müqavilələrinin imzalanması ilə nəticələndi. Beləliklə, Ukrayna de-fakto Donetsk və Luqansk oblastlarının müəyyən hissələrində yeni qurulmuş federal (separatçı) respublikaların legitimliyini tanımış oldu. Donbass müharibəsi çox ciddi insani itkilərlə yekunlaşdı. Lakin atəşkəsin imzalanması mülki insanların ölümü ilə nəticələnən aqressiv davranışları azaltmadı. 2022-ci ilin fevral ayında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə etməsində əsas səbəblərdən biri kimi bu amili göstərmişdi. Putinin iddiasına əsasən, 2014-cü ildən bəri Donbassda 13-14 minə qədər mülki şəxs həlak olub. Rusiya lideri 8 illik bu prosesi “soyqırım” adlandırır və Ukraynaya müdaxilə etmək üçün “casus belli” kimi qeyd edir. Bu iddialarla bağlı 2014-2022-ci illərdə regionda “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatların hesabatları mövcuddur. Yazıda həmin hesabatların vacib hissələri ilə bağlı məlumatlar qeyd olunacaq və Putinin iddiasına cavab veriləcək.
Ukrayna hərbçilərinin işgəncələri
Donbass müharibəsi zamanı hər iki tərəfin müharibə cinayətləri etməsi barədə hesabatlar mövcuddur. Ukrayna ordusunda bu cinayətlərdə iştirak edən əsas millətçi qruplaşmalar “Azov”, “Aydar”, “Dnipro-1”, “Dnipro-2”, “Donbass”[2], “Sağ sektor” üzvləri olub.
BMT-nin Ukraynadakı vəziyyətlə bağlı 6-cı hesabatda 1000-dən çox adamın Ukrayna birləşmələri tərəfindən “üsyançı və ya diversant” olmaqda şübhəli bilinərək saxlanıldığı bildirilir. Birinci Minsk müqaviləsindən sonra azadlığa çıxanlar həbs zamanı döyüldüyünü, zorakılığa məruz qaldığını, günlərlə ac saxlandığını və onlara heç bir tibbi yardım göstərilmədiyini bildiriblər. Həmin ilin sentyabrın 13-də Kommunist Partiyasının üzvü olan Donetsk sakini saxlanılıb. Dnepropetrovsk şəhərində “Sağ sektor” üzvləri tərəfindən günlərlə işgəncə verildikdən sonra həmin şəxsin əli kəsilib, yalnız yüksək rübəli Ukrayna ordusunun zabiti hadisə barədə öyrəndikdən sonra işgəncə dayandırılıb. 2016-cı ilin mayında BMT-nin İnsan Hüquqları üzrə Müvəkkili Ofisinin Ukraynadakı humanitar vəziyyəti təsvir edən hesabatında Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən işgəncələrin sistemli və kütləvi şəkildə tətbiq edildiyini bildirib. UTX-nin BMT nümayəndələrinin həbs yerlərinə çıxışını təmin etməkdən imtina etdiyi üçün BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsinin nümayəndə heyəti 25 may 2016-cı il tarixində Ukrayna ərazisində fəaliyyətini dayandırıb. 2017-ci il aprelin 30-da Ukrayna tərəfində döyüşən 25 yaşlı Avstriya vətəndaşı Polşa-Ukrayna sərhədində Avstriya prokurorluğu tərəfindən məhbusların və mülki şəxslərin öldürülməsində şübhəli bilinərək saxlanılıb. Müharibə bitdikdən sonra Ukraynada işgəncələrdə iştirak edən bir qisim hərbçilər həbs edilib. 2015-ci ildə əsirlərə işgəncə verən və zorlayan “Tornado” qrupunun 8 üzvü saxlanılıb. Ukraynanın Baş prokuroru Vitali Yaremanın bildirdiyinə görə, 2014-cü ilin noyabrına qədər 3 mindən çox Ukrayna hərbçisinə qarşı cinayət işi açılıb.
Yaşayış məntəqələrinin atəşə tutulması
Donbass müharibəsində mülki itkilərin çox olmasının əsas səbəbi hərbi əməliyyatların ölkənin ən çox insan yaşayan bölgələrində getməsi idi. Ukrayna bölmələri federalistlərin (separatçıların) müqavimətini qırmaq üçün qadağan edilmiş silahlardan istifadə etməkdən də çəkinmirdi. Bu barədə “Human Rights Watch” (HRW) təşkilatı 2014-cü ilin iyun ayında hazırladığı rəsmi hesabatda qeyd edib. “HRW” əməkdaşları mayın 21-də minaatan atəşi nəticəsində Slavyanskın kənarındakı Semyonovka kəndində yaşayış binasına ciddi ziyan dəydiyini, bu atəşin Ukrayna hərbi bazasının yerləşdiyi Qaraçun təpəsindən açıldığını bildirdi. “HRW” 2 ay sonra “Şərqi Ukrayna: Müharibə qanunlarına dair suallar və cavablar” hesabatını dərc etdi. Burada hökumət qoşunlarının minaatanlardan, hərbi aviasiyadan və ağır artilleriya silahlarından istifadəsindən sonra baş verən mülki ölümlərin statistikası qeyd edilib.
Loran Du Paskyer – Donetskdə öldürülən Beynəlxalq Qırmızı Xaç Təşkilatının əməkdaşı
İyulun 24-də “HRW” Ukrayna hərbçiləri və Ukrayna tərəfində vuruşan muzdlular tərəfindən ölkənin şərqindəki yaşayış məntəqələrini atəşə tutmaq üçün “Qrad” reaktiv yaylım atəşi sistemlərindən istifadə olunduğunu bildirdi. Aparılan araşdırmada “Qrad” atəşi nəticəsində iyulun 12-dən 21-dək ən azı 16 mülki şəxsin öldürülməsi aydınlaşdı. Donbassdakı əməliyyatlarda “Qrad” raketləri ilə yanaşı kassetli bombalardan istifadə edilirdi. Oktyabrın 20-də Ukrayna hərbçilərinin kassetli silahlarla Donetsk şəhərini bombalaması nəticəsində Beynəlxalq Qırmızı Xaç Təşkilatının işçisi Loran Du Paskyer həlak oldu.
Jurnalistlərin ölümləri və həbsləri
Donbass münaqişəsi zamanı mətbuat işçiləri də ciddi ölüm təhlükəsi ilə öz işini görürdü. Münaqişə zamanı cəmiyyətdə ən çox rezonans doğuran hadisə 2014-cü ilin may ayında italyan jurnalist Andrea Rokkelli və onun tərcüməçisi Andrey Mironovun Slavyansk yaxınlığında minaatan zərbələri ilə öldürülməsi idi. İtaliyanın Milan məhkəməsinin istintaqı və şahid ifadələrinin nəticəsində jurnalistlər olan avtomobilin Ukrayna hərbçiləri tərəfindən atəşə tutulduğu təsdiqləndi. 1 ay sonra, iyunun 17-də bu dəfə “Rossiya” telekanalının çəkiliş qrupu Luqansk yaxınlığındakı Mirnı kəndi yaxınlığında Ukrayna tərəfindən vuruşan muzdlular tərəfindən atəşə tutuldu.
Andrea Rokkelli – Donbassda öldürülən italyan jurnalist
Minaatan zərbələri nəticəsində videomühəndis Anton Voloşin və müxbir İqor Kornelyuk həlak olur. Avqust ayında “Aydar” batalyonu üzvləri “Luqansk” qəzetinin qadın redaktorunu, sentyabr ayında isə “Sağ Sektor” üzvləri 2 jurnalisti oğurlayır. Bu jurnalistlərin taleyi haqqında hələ də bir məlumat yoxdur. 18 iyunda isə Mariupoldan olan jurnalist Sergey Dolqov “Dnipro-1” batalyonu tərəfindən oğurlandı və 1 ay sonra öldürüldü.[3]
“Human Rights Watch” avqustun 22-də Almaniya kansleri Angela Merkelə müraciətində onu Ukraynada rusiyalı jurnalistlərin silsilə həbslərini qəti şəkildə pisləməyə və avqustun 5-də Donbassda yoxa çıxan “Rossiya Seqodnya” qəzetinin fotomüxbiri Andrey Steninin yerini aydınlaşdırması üçün Ukraynaya təzyiq etməyə çağırdı. Lakin bu çağırışın faydası olmadı. Steninin Ukrayna hərbçiləri tərəfindən qətlə yetirildiyi 3 sentyabrda həyata keçirilən DNT analizləri nəticəsində bəlli oldu. “HRW”, bu müraciətdə Almaniya dövlət başçısından insanları oğurlayan və işgəncələr verən “Radikal” partiyasının lideri Oleq Lyaşkonun ekstremist hərəkətləri barədə rəsmi açıqlama verməsini xahiş etdi. Avqust ayında “Amnesty International” Lyaşkonun insanlara verdiyi işgəncələr barədə rəsmi açıqlama verdi.
İqtisadi blokada
Ukrayna prezidenti Petro Poroşenko 2014-cü ilin noyabrın sonunda Donbassda federalist(separatçı) hərəkatı tam olaraq boğmaq üçün iqtisadi blokada həyata keçirməyə başladı. Bu blokada nəticəsində DNR və LNR nəzarətində olan əhalinin pensiya və sosial müavinətləri, səhiyyə, təhsil, energetika sahəsində çalışan işçilərə ödənilən əmək haqqı dayandırıldı.[4] Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən pensiyaçılar və digər sosial müavinətlər almaq hüququ olan şəxslər isə dekabrın 1-dək Ukraynanın digər regionlarında məcburi köçkün kimi qeydiyyatdan keçməli idilər. Bu tədbirlərlə birlikdə əraziyə gedən dəmir yolları kəsildi, ölkənin bankları isə Donetsk və Luqansk oblastlarının Ukrayna nəzarətində olan hissələrə köçürüldü. Bu ərazilərə Ukraynanın digər regionlarından sərnişinlərin hərəkətinə qadağa tətbiq olundu, Ukrayna və Donbass regionu arasında əlaqə saxlamaq üçün isə 7 keçid məntəqəsi müəyyən edildi. Bu iqtisadi blokada regionda yaşayan 4 milyon yaxın əhalinin tamamilə humanitar yardımlardan asılı olmasına gətirib çıxardı. Bu qərardan 1 ay sonra isə Ukrayna ərazisindən gələn humanitar yardım karvanları “Dnipro-1”, “Aydar” və “Sağ sektor” üzvləri tərəfindən regiona buraxılmadı. “Amnesty International”-ın verdiyi məlumatda əraziyə gedən 11 yolun bağlandığını, Ukraynanın ən varlı adamlarından biri olan Rinat Ahmetovun humanitar fondunun göndərdiyi ən azı dörd karvanının “Dnepr-1” batalyonu tərəfindən əraziyə buraxılmadığını qeydə aldı. Noyabr ayında isə Luqansk şəhərinə verilən su xətti dayandırıldı. Beləliklə, iqtisadi blokadadan 1 ay sonra regionda aclıq başladı. 2015-ci ildən regionda yaşayan əhali Rusiya və Belarusdan gətirilən humanitar yardımlar hesabına yaşamağa başladı. Minsk müqaviləsindən sonra Rusiya Donbassı Ukrayna ərazisi kimi tanısa da blokada aradan qaldırılmadı. Ukrayna yurisdiksiyasında qalan regionun iqtisadi vəziyyəti daha da pisləşdi. Mərkəzi hökumətin bu addımı Donbassdakı əhalidə Kiyev rəhbərliyinə olan aqressiyasını daha da artırdı. 2017-ci ildə Ukrayna hökuməti regiona tam blokada tətbiq etdi.
Donbass federalistlərinin (separatçılarının) cinayətləri
2014-cü ildə Donbass ərazisində başlanan müharibədə Rusiya meylli qrupların törətdiyi cinayətlər barədə hesabatlar mövcuddur. “Human Rights Watch” münaqişənin başlanmasından 1 ay sonra Luqanskdakı qüvvələrin Ukrayna hökumətinə loyal olmasından şübhə duyduqları şəxslərin qaçırılıb döyülməsi haqqında məlumat verir. BMT baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviçin 29 avqust 2014-cü ildə dərc etdiyi hesabatda üsyançıların nəzarət etdikləri ərazilərdə mülki əhalini döyüşlərdə “canlı qalxan” kimi istifadə etdiyini qeyd edib. Bu hadisə İlovaysk yaxınlığındakı döyüşlər zamanı baş vermişdi. Bundan başqa, ATƏT-in faktaraşdırıcı missiyası üsyançıların döyüşlərdə uşaqlardan istifadə etməsini qeydə alıb.
Müharibə ərzində üsyançıların ən böyük cinayəti isə iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarının təyyarəsini Torez şəhəri yaxınlığındakı ərazidə vurması idi. Bu hadisə zamanı təyyarədə olan 298 nəfərin hamısı həlak oldu. Niderland və bir neçə dövlətin apardığı istintaq zamanı təyyarənin DNR qüvvələri tərəfindən “Buk” markalı zeit-raket kompleksi tərəfindən vurulduğu aydın olur.
Münaqişə ərzində üsyançıların Ukrayna əsgərlərinə işgəncə verməsi barədə hesabatlar mövcuddur. Münaqişə zamanı DNR tərəfində vuruşan “Somali” batalyonu lideri Mixail Tolstıxın (Givi ləqəbli) və “Sparta” batalyonu lideri Arsen Pavlovun (Motorola ləqəbli) Ukrayna əsgərlərinini işgəncə verdiyi təsbit edilib. Cəmiyyətdə ən çox rezonans doğuran hadisə 2014-cü il avqustun 24-də əsir Ukrayna əsgərlərinin Donetsk şəhərində paradı idi. “Amnesty International” bu hadisəyə görə rəsmi açıqlama verərək əsirlərin ictimai şəkildə alçaldılmasını tənqid etdi. Donbass üsyançılarının müharibə ərzində əsir götürdüyü ən məşhur Ukrayna hərbçisi “Aydar” batalyonunun üzvü Nadejda Savçenko idi. Savçenko daha sonra Rusiyaya gətirilərək onun haqqında cinayət işi açıldı. İstintaq zamanı jurnalistlər Kornelyuk və Voloşinin öldürülməsində günahlandırılan Ukrayna hərbçisinin günahı sübuta yetirilmədi. Savçenko 2016-cı ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edildi və təxminən eyni formada saxta ittihamlarla həbs edilən Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevlə dəyişdirildi.[5] 2017-ci ildə isə üsyançıların nəzarətində olan hissədə jurnalist Stanislav Aseyev oğurlandı. Təxminən 6 ay sonra DNR rəsmiləri onun casus kimi həbs edildiyini məlumat verdi. Jurnalist 2019-cu ildə baş tutan əsirlərin dəyişdirilməsi prosesi zamanı Ukrayna tərəfinə təhvil verildi.
Qaçqınlar və müharibə qurbanları
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, 2014-2015-ci illərdə sığınacaq üçün ölkəni tərk edən Ukrayna sakinlərinin ümumi sayı 777 min nəfərə çatmışdı. Bu əhalinin böyük əksəriyyəti Rusiyaya getmişdi. Ukraynanın hökumətinin verdiyi məlumata görə, 2014-2019-cu illərdə qeydə alınmış məcburi köçkünlərin sayı 1.361.912 nəfər olub. Rusiya Federasiyasının rəsmi məlumatına əsasən bu ölkədə 2014-2017-ci illərdə 1.039.977 nəfər ukraynalı qaçqın qeydə alınıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2016-cı ilin noyabrına qədər Ukraynanı 1,5 milyon nəfər qaçqının tərk etdiyini qeyd edib. Bu qaçqınlardan 1.154.212 nəfəri Rusiyaya, 148.549 nəfəri isə Belarusa sığınacaq üçün müraciət edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynada atəşkəsdən sonra insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatı– 16 fevral-15 may,2016-cı il
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin BMT monitorinq missiyasının işinin nəticələrinə əsasən hazırladığı hesabata əsasən, 2014-cü il aprelin 14-dən 2019-cu il fevralın 15-dək Donbassda azı 3321 mülki şəxs (münaqişənin ilk 10 ayı 2713, 2015-2019-cu illərdə 608 nəfər) həyatını itirib. Ümumilikdə, 2014-2019-cu illərdə Donbass müharibəsi zamanı 3321 mülki şəxs, 9500 isə hərbçi həlak olub, 27,5-30 min arası insan isə yaralanıb. Üsyançılar müharibə zamanı Ukrayna hərbçilərinə nisbətən daha çox itki vermişdi. 2021-ci il hesabatına əsasən təxminən 10 ay davam edən münaqişə zamanı 4200 Ukrayna, 5800 DNR və LNR hərbçisi həyatını itirib.
Donbass müharibəsində 2015-ci ildə atəşkəs elan olunsa da faktiki olaraq 2022-ci ilə qədər buna riayət edilmədi. Atəşkəsin daha çox Ukrayna hökumətinə məxsus hərbi birləşmələr tərəfindən pozulması hesabatlarda öz əksini tapıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2022-ci ildə açıqladığı rəqəmlərə görə, 2018-ci ildən 2021-ci ilə qədər Donbas müharibəsində mülki itkilərin 81,4%-i üsyançıların nəzarətində olan ərazilərdə olub. Ölənlər arasında xeyli sayda uşaqlar var idi.
Donbass müharibəsində həlak olan uşaqlar. Onların şərəfinə Donetsk şəhərində “Mələklər Xiyabanı” adlı memorial açılıb.
Mülki əhali arasında ölümlərin çox yüksək olması, iqtisadi və nəqliyyat blokadası Donbass regionunda yaşayan insanlar arasında Ukrayna hökumətinə qarşı aqressiyanı daha da gücləndirdi. Bu barədə hələ müharibə davam edərkən “The New York Times” qəzeti də məlumat paylaşmışdı.
Nəticə
Beləliklə, Donbass müharibəsi və ondan sonra atəşkəs rejimi zamanı BMT rəqəmlərinə əsasən təxminən 13,200-13,400 arası insan həlak olub. Bunlardan 3301 nəfəri mülki, digərləri isə hərbçi idi. Hesabata əsasən müharibə zamanı 7.000–9.000 arası mülki şəxs isə yaralanıb. Bu da Rusiya prezidenti Vladimir Putinin 13-14 min mülki şəxslərin həlak olması barədə iddiasını yalanlayır. Burada Putinin istinad etdiyi rəqəm müharibə zamanı həyatını itirmiş mülki və hərbi itkilərin cəmidir. Bu nəticələrdən 2014-2022-ci illər ərzində baş verən prosesi soyqırım adlandırmaq mümkün deyil. Buna baxmayaraq, Ukrayna hökumətinin əhaliyə qarşı tətbiq etdiyi iqtisadi blokada və mülki şəxslərin öldürülməsi faktları sabitdir və müharibə cinayəti hesab edilir. Lakin bu prosesin həmin dövrdə KİV tərəfindən yetərincə işıqlandırılmaması münaqişə ilə bağlı insanlarda yanlış təsəvvür formalaşdırdı. Bu da Şərqi Ukraynada yaşayan əhalidə aqressiyanı daha da gücləndirdi. Donbass regionunun üsyançıların nəzarətində olan hissələrində Qərb ölkələri tərəfindən sanksiyaların tətbiqi, eləcə də insanların humanitar yardımlardan asılı qalmasına baxmayaraq beynəlxalq arenada Ukraynaya heç bir təzyiqin edilməməsi ərazidə Rusiya mövqeyini daha da gücləndirdi. Ceyms Kardenin 2014-cü ildə “The National Interest” jurnalında yazdığı məqalədə bu faktı qeyd edir. Bu yazı KİV vasitələrinin insanların fikirləri üzərində necə bir manipulyasiya yaratdığını açıq formada göstərir. Bu məqalənin hazırda davam edən Rusiya-Ukrayna müharibəsi çərçivəsində analizi cəmiyyətdə Donbass müharibəsi qurbanlarına baxışın humanitar aspektdən daha çox siyasi formada baxıldığı qənaətini yaradır. Həmin amil isə münaqişənin neytral analizinə imkan verməməkdədir.
İstinadlar
[1] “Human Rights Watch” təşkilatı Ukraynanın şərqindəki münaqişəni daxili konflikt kimi qiymətləndirir.
[2] Bu qrupun 140 üzvü soyğunçuluq və işgəncə etdiyi üçün müharibə ərzində batalyondan qovulub.
[3] Jurnalistin cəsədi hələ də ailəsinə təhvil verilməyib. Ukrayna tərəfi Dolqovun öldürüldüyünü təkzib edir.
[4] 2014-cü ilin may ayından etibarən faktiki olaraq maaşlar verilmirdi.
[5] Nadejda Savçenko 2015-ci ildə “Ukrayna qəhrəmanı” adına layiq görülüb. 2018-ci ildə isə Ukrayna hökuməti tərəfindən həbs edilib.