Bertrand Russell-in “Azad insanın ibadəti” (“A Free Man’s Worship”) adlı essesi ilk dəfə 1903-cü ildə, “The Independent Review” jurnalında çap edilmişdir. Esse Russel-in həyatında dönüş nöqtəsi olan bir məqamda yazılmışdı, özünün dediyi kimi, o bu dövrdə “qəfildən, insanların böyük çoxluğunun yaşadığı kimi, özünün də yalqızlıq içində olduğunu bütün aydınlığı ilə dərk etmiş” və “bu ayrılıqdan qurtulmaq üçün var gücü ilə yollar aramağa başlamışdı”. Bu dövrdə Russel artıq dinə inanmırdı, dinlə çoxdan üzülüşmüşdü, ancaq yeni, radikal ateist baxışlar onda yalnız hissiyat halında qərarlaşmışdı; ona görə də, filosof bu yazısında dini duyğuların dəyərini qeyd etməklə yanaşı, tanrıya inanmadan mövcud ola biləcək dinin mümkünlüyündən danışır.
Azad insanın ibadəti
Mephistopheles, yaradılışın tarixi barədə doktor Fausta bunları danışmışdı.
Mələklər xorunun oxuduğu sonsuz tərənnümlər yorucu olmuşdu; nəticə etibarı ilə, onun buna layiq olduğu aydın deyildimi? Məgər, onlara əbədi xoşbəxtliyi o verməmişdimi? Görəsən, layiq olmadığın tərifi eşitmək, əzab verdiyin varlıqdan hörmət görmək necə olur, ürəyə yatırmı? Düşündüyü bu ssenari ona əyləncəli gəldi və o, bu böyük dramın mütləq oynanılmalı olduğu barədə qərar verdi.
Sayagəlməz yüzilliklər boyunca, qaynar buxar məqsədsiz şəkildə fəzada fırlanmaqda idi. Zaman keçdikcə o müəyyən formalara düşməyə başladı, mərkəzi cisim və onun ətrafındakı planetlər yarandı, planetlərdəki qaynayan dənizlər və yanar dağlar gah kükrəyib qalxır, gah da enirdi; göydəki qara buludlardan yenicə soyumağa başlamış yerə qaynar yağış leysanı tökülürdü. Sonra okeanın dərinliklərində ilk həyat işartısı doğuldu və bu ilk canlılar, həyat üçün olduqca münasib olan isti mühitdə, çox tez inkişaf etməyə başladı, ardınca, nəm torpaqda böyük ağaclar, nəhəng qıjıkimilər boy göstərdi, dənizlərdə böyük bir sürətlə törəyib artan, biri-biri ilə savaşan, biri-birini yeyən və məhv edən qorxunc məxluqlar meydana çıxdı. Bu qorxunc məxluqlardan isə, dramın gedişində, düşünmək gücü olan, xeyir və şəri ayırd edə bilən, həmçinin, ifrat bir ibadət etmək yanğısı olan insan yarandı. Və insan gördü ki, bu ağılsız və qorxunc dünyada, onun ətrafında nə varsa hamısı, ölüm özünün amansız hökmünü çıxarmazdan öncə, birazca həyatda qalmaq şansı qazanmaq üçün, istənilən vasitələrlə mübarizə aparırlar. Onda insan dedi: “Bizim anlaya biləcəyimiz gizlin bir məqsəd vardır və o yaxşı bir məqsəddir; gözlə görünən dünyada diqqət yetirməyə layiq heç nə olmadığından, biz gərək hökmən hörmətlə yanaşmalı olduğumuz nəyisə tapmağa çalışaq”. İnsan belə bir fikrə gəldi ki, tanrının, insanın gücü ilə xaosdan harmoniya yaratmaq məqsədi vardır və beləliklə də, heyvanlararası mübarizədən qırağa çəkildi. Bu vaxt o, tanrının, yırtıcı əcdadlarından ona miras olaraq verdiyi instinktlərin yönəltdiyi yolu tutub getməyə başladı və bunu günah adlandırdı, sonra isə günahlarının bağışlanması üçün tanrıya dua edib yalvarmağa başladı. Ancaq o, ilahi hiddətin söndürülməsinə xidmət edəcək müqəddəs planı kəşf edənə kimi, özünün bağışlanacağına şübhə ilə yanaşırdı. Hazırkı gerçəkliyin pis olduğunu görən insan onu daha da pis hala saldı ki, gələcəyi yaxşılaşdıra bilsin. O, hətta, əli çatan sevinclərdən imtina edə bilmək imkanı verən bir gücü ona bağışladığı üçün tanrıya minnətdarlığını bildirdi. Tanrı gülümsündü; insanın imtina və ibadətində kamilliyə çatdığını görüb, göy üzünə insanın Günəşi ilə toqquşan daha bir Günəş göndərdi; və hər şey yenidən qatı dumana çevrildi.
“Bəli, – o sakitcə dedi, – bu pis tamaşa deyildi; ona bir də, yenidən baxmaq lazımdır”1
Elmin bizə təsvir etdiyi dünya, ümumi şəkildə götürsək, belədir, – o hətta, bundan da məqsədsiz və mənasızdır. Başqa heç bir yerdə deyil, məhz belə bir dünyada bizim ideallarımız yaranmalı, özünə yer etməli idi. Yəni, insan – yönəldiyi məqsədlərin doğruluğuna şübhə etməyən səbəblərin məhsuludur; onun doğuluşu, böyüməsi, ümidləri və qorxuları, sevgisi və inamı, yalnız atomların təsadüfi birləşməsinin nəticəsidir; heç bir qəhrəmanlıq, heç bir ilham və düşüncə ilə duyğuların gərginliyi insanı ölüm adlanan heçliyə yuvarlanmaqdan xilas edə bilməz; minillər boyunca görülmüş bütün işlər, bütün böyük xidmətlər, bütün ilhamlı yaradıcılıq örnəkləri, insan dühasının parlaq uğurları məhvə məhkumdur və Günəş sisteminin məhv olması ilə yoxluğa kömüləcəkdir; insan uğurlarından qurulan məbəd Kainatın uçqunları altında dəfn ediləcəkdir – bütün bunları müzakirə etmək, mübahisə mövzusuna çevirmək mümkün olsa da, ancaq onlar o qədər aydındır ki, heç bir fəlsəfə bunları inkar etmək gücündə deyildir. Yalnız bu həqiqətə arxalanmaqla, tam ümidsizlik üzərundə qurulan bu bünövrənin üzərində, indi, ruh üçün etibarlı bir sığınacaq qurmaq mümkündür.
İnsan, bu gücsüz varlıq, ona yad olan bu qeyri-insani dünyada öz ümidlərini necə qoruyub saxlaya bilər? Qüdrətli, ancaq özünün dibsiz kosmosdakı sonsuz tərpəniş və fırlanışlarında kor-koruna bir fəaliyyətdə olan təbiətin – belə bir övladını necə yaratması, hələ də, sirr olaraq qalır: o övlad ki, indilikdə ondan tam asılı olsa da, ancaq özünün müstəqil baxışı, xeyir və şərin nə olduğunu bilməsi və şüursuz materiyanın yaradıcılığı ilə bağlı nə varsa, hamısını mühakimə edə bilmək qabiliyyəti ilə seçilir. Təbiət adlı valideyinin, mütləq hakimiyyətinin göstəricisi və möhürü olan ölüm hadisəsinə baxmayaraq, insana, özünün qısa ömründə azad şəkildə araşdırmaq, tənqidi yanaşmaq, dərk etmək, habelə, öz təsəvvürlərini yaratmaq qabiliyyəti xasdır. Ona bəlli olan dünyada yalnız o, belə bir azadlığa malikdir və bu da, insana – onun zahiri həyatını idarə edən yenilməz güclər qarşısında üstünlük verir.
Vəhşilik çağını yaşayan insan, təbiət gücləri qarşısında özünün gücsüzlüyünü bütün aydınlığı ilə hiss edir; öz üzərində daha güclü hakimiyyətin olmasına hörmətlə yanaşmağa hazır olan bu vəhşi insan öz təsəvvüründə yaratdığı tanrının qarşısında ibadət edir və bu vaxt özündən, yaratdığı belə bir mövcudluğun bu ibadətə layiq olub-olmadığını soruşmaq onun ağlına gəlmir. Qısqanc tanrıları ovundurmaq və rəhmə gətirmək ümidi ilə verilən qurbanların çox uzun sürən, amansızlıq, işgəncə qarışıq, üzücü və qorxunc bir tarixi vardır: belə ki, qorxudan titrəyən inanclı şəxs özü üçün ən dəyərli olan şeyləri qurban verərkən, bununla tanrının qaniçənliyini aradan qaldıracağına və onun bir daha qan tökməyəcəyinə inanırdı. Molox dinində2, mahiyyətcə, insana alçaldıcı kölə təbiətinin aşılanması vardı, belə halında olan insan ağasının səcdəyə layiq ola bilməyəcəyi fikrini ağlına gətirmirdi. İdealların müstəqilliyi qəbul edilməyənədək, hakimiyyətə səcdə edilir – bu hakimiyyətin amansız və mənasız ağrı-acılar doğurması belə, ona qeyri-məhdud bir hörmətlə yanaşılmasına maneçilik törədə bilmir.
Ancaq tədricən, əxlaq özündə cürət tapmağa başladıqca, özünü biruzə verməyə və ideal dünyaya can atmağa başlayır; ona görə də, əgər ibadət bütünlüklə yox olmaq istəmirsə, onda o da, başqa tanrılara doğru yönəlməyə məcburdur. Bir çoxları, idealın tələblərini görüb anlasalar da, ancaq onu şüurlu şəkildə inkar edir, hakimiyyəti ibadətə daha çox layiq bilirlər. Bu cür münasibət Əyyuba (İova)3 verilən, onun küləyin səsindən duyduğu ilahi cavabda ifadə edilmişdir: burada ilahi hakimiyyət və hökmlər çox aydın duyulsa da, ancaq ilahi xeyirxahlıqdan əsər-əlamət yoxdur. Bu cür münasibətin daşıyıcılarına, bizim günlərdə, əxlaqı yaşamaq uğrunda mübarizə ilə bağlayıb, bu mübarizədən qalib çıxanların hökmən yaxşılar olduğunu təsdiq edənləri də aid etmək olar. Başqaları, bu cür diksindirici baxışları qəbul etməyərək, bizim spesifik dini baxışlar kimi yanaşmağa adət etdiyimiz mövqedə dayanırlar; onların düşüncəsinə görə, faktlar dünyası ideallar dünyası ilə gizli bir harmoniyadadır. Bu cür baxışlara əsaslanan insan, yenilməz qüdrəti və sonsuz xeyirxahlığı ilə tayı-bərabəri olmayan, bir mistik vahid kimi mövcud olan və varlığı şübhə doğurmayan tanrını yaratmış olur.
Ancaq faktlar dünyası hər halda, öz mahiyyətinə görə xeyirxahlığı əks etdirmir; mühakimələrimizdə ona əsaslanmaqla biz kölələliyə alışırıq və bundan yaxa qurtarmaq zərurətinə gəlib çıxırıq. Çünki, insan ləyaqətinin yüksəlməsini istəyiriksə, onu, mümkün qədər qeyri-insani hakimiyyətin tiranlığından azad etməyə çalışmalıyıq. Biz, hakimiyyətin – başlıca olaraq şər aləti, insanın – xeyir və şəri ayırd etmək bacarığına baxmayaraq, yalnız köməksiz bir atom olduğunu, həmçinin, dünyanın xeyir və şər deyilən hansısa bir xüsusiyyətinin olmadığını dərk etdikdən sonra, belə bir seçim qarşısında qalırıq: hakimiyyətə ibadət etməyə davam edəcəyik, yoxsa xeyirə ibadət etmək yolunu tutacağıq? Bizim tanrımız mövcud olmağa, şər yaratmağa davam edəcək, yoxsa biz onu öz şüurumuzun məhsulu hesab edəcəyik?
Bu sualın cavabı çox mühümdür və bu, əxlaqımızla bağlı bütün problemlərə toxunur. Carlyle-in, Nietzsche-nin və militaristlərin bizə öyrətdiyi: gücə ibadət etmək təlimi – insan ideallarının Kainatın düşmənçiliyi qarşısındakı iflasıdır: bu, şərə sözsüz itaət etməkdir və bu baxımdan, Moloxa qurban vermək, bu kimi düşüncələrdən daha yaxşı görünür. Əgər güc doğrudan da hörmətə layiqdirsə, onda gəlin, “faktların qəbul edilməsində” yalançı mövqe tutmayanların gücünə hörmət edək, bu adamların, faktların çox vaxt şər mahiyyətli olduğunu qəbul etmək istəməyənləri ifşa etməkdə göstərdiyi cürətdən ibrət götürək. Gəlin boynumuza alaq ki, bizə bəlli olan dünyadakı çoxlu şeylər indi olduğundan daha yaxşı ola bilərdi və bizim bağlı olduğumuz ideallar materiyanın hakim olduğu aləmdə gerçəkləşə bilməmişdir. Şüursuz Kainatın bunlardan heç birini təqdir etmədiyinə baxmayaraq, həqiətə, gözəlliyə, həyatda əlçatmaz olan kamillik idealına olan sayğımızı qoruyub saxlamaq üçün özümüzdə güc tapaq. Əgər hakimiyyət, onun bizdən tələb etdiyi itaət şərdirsə, onu ürəklərimizdən qoparıb ataq. İnsanın həqiqi azadlığı – yalnız, bizim xeyirə olan sevgimizdən yaranmış tanrıya ibadət etməyi qət etməsində, bizi ancaq yaxşı məqamlara ilhamlandıran göylərə sayğısındadır. Hərəkətlərimiz və arzularımızda biz həmişə, xarici qüvvələrin tiranlığına itaət edirik; ancaq düşüncələrimizdə, istəklərimizdə azadıq – başqa insanlardan, bədənimizin köməksiz halda yerlə süründüyü kiçik planetdən, hətta, nə qədər diriyiksə, ölümün tiranlığından belə azadıq. Məhz bu halda biz həmişə xeyirin işığında yaşamağa imkan yaradan inamın gücünü dərk edir, bu biliyimizin işıqlandırdığı faktlar dünyasında fəaliyyət göstəririk.
Nə vaxt, birinci dəfə, faktla idealın ziddiyətini görürüksə, onda bizə elə gəlir ki, azadlığı təsdiq etmək üçün çıxış yolu, tanrıya qarşı kəskin üsyan ruhu, qəzəbli bir nifrət ola bilər. Sanki, bizimlə düşmənçilik edən Kainata qarşı prometeysayağı bir sərtliklə dayanmaq, şəri daima xatırlamaq və ona nifrət etmək, şər hakimiyyətinin endirdiyi zərbələrin qarşısından qaçıb gizlənməmək – bu gücü təmsil edən amansızlığın qarşısında alçalmaq istəməyən hər bir kəsin borcudur. Ancaq bu nifrət də, hələlik, köləlik yaradan bir haldır, çünki bizim bütün düşüncələrimizi bu şər dolu dünyaya yönəldir və üsyankar ruh doğuran bu kəskin arzularda müdrik insanların öz mənliyində aşıb keçməli olduğu bir özünütəsdiq əhvalı vardır. Narazılıq arzularımızın deyil, düşüncələrimizin itaətidir; həyat sınaqlarına dözümlə yanaşan müdriklik isə düşüncələrin deyil, arzuların itaətinə əsaslanır. Arzuların itaətindən, təvazökarlığa gətirib çıxaran barışqanlıq qabiliyyəti törəyir; düşüncənin azadlığından isə, bütün incəsənət və fəlsəfi aləm, həmçinin gözəlliyi görə bilmək qabiliyyəti yaranır və bunların köməyi ilə biz nəhayət, ipə-sapa yatmayan dünyanın yarısını fəth etmiş oluruq. Ancaq gözəlliyi yalnız, buxovlardan azad olan duyğulara, səbirsiz arzularla yüklənməyən istəklərə yiyələnməklə görmək mümkündür; ona görə də, azadlıq həyatdan heç bir şəxsi xoşbəxtlik tələb etməyən insanların ömrünə gəlir.
Baxmayaraq ki, imtina zərurəti şərin mövcudluğunun sübutudur, ancaq bununla yanaşı olaraq, xristianlıq imtinanı təlim edərkən Promotey-in (Προμηθεύς) üsyan fəlsəfəsini üstələyən bir müdrikliyə çatır. Etiraf etməliyik ki, can atdığımız şeylərdən bir çoxu əlçatmaz görünsə də, hər halda real xeyirə çevrilə biləcək şeylərdir; yerdə qalanları isə, ümumiyyətlə sırf ideallarla bağlı deyildir. İmtinaya layiq olduğu deyilən şeylərin həmişə şərə aid olduğu barədəki rəy, heç də, bütün hallarda özünü doğrultmur, ancaq, hər halda, bu düşüncə cilovlanmayan ehtirasların rəyinə nisbətən daha çox doğrulur. Dinin heç vaxt yalan demədiyini sübut etməyə çalışmaqla ona inanmaq, çoxlu sayda acı həqiqətləri dərk etmək hesabına, ümidlərimizin saflaşmasına kömək edir.
İmtinanın zəruriliyini qəbul etməkdən doğan barışqanlığın yaratdığı daha bir insani ləyaqət vardır: hətta, real rifah elementləri əlçatmaz olanda belə onları arzulamağa dəyməz. Hər bir insan üçün, geci-tezi, belə bir barışqanlıq anı gəlib çıxır. Gəncliyin nəzərində əlçatmaz olan heç nə yoxdur; o, ehtirasın bütün gücü ilə arzu edilən və bununla yanaşı olaraq əlçatmaz qalan nəyinsə olduğunu təsəvvür edə bilmir. Ancaq ölüm, xəstəlik, yoxsulluq və vicdanın səsi bizə anladır ki, dünya heç də bizim xatirimizə yaradılmayıb və can atdığımız şeylər nə qədər gözəl olsa da, tale onlarla bağlı istəklərimizi özü bildiyi kimi həll edə bilər. Bədbəxtlik gələndə göstərilə bilən qəhrəmanlıq ondan ibarətdir ki, ümidlərinin puç olmasına dinməz-söyləməz dözəsən və düşüncələrinin dərin və sarsıdıcı təəsüf hissinə qapılmasına yol verməyəsən. Qeyri-insani güclərin hakimiyyətinə tabe olmağın bu səviyyəsi yalnız ədalətli olmaqla qalmayıb, həm də, doğrudur: o müdrikliyə gedən yolu açır.
Ancaq müdriklik təkcə passiv imtinadan ibarət deyildir; yalnız imtinadan istifadə etməklə, ideallarımızın ünvanı olan və ibadət edə biləcəyimiz məbəd tikmək mümkünsüzdür. Bu məbədə yönələn duyğular – təxəyyüllər, musiqi, memarlıq sferasından, həyəcandan arınmış ağlın hökmündən qaynaqlanır, lirikanın zər örtüklü sehrindən bir işıq şüası kimi süzülür və bu sferada – bədbəxtliklərdən, itirmək qorxusundan, uğursuzluq və ümidsizlik dəhşətindən uzaq olan belə duyğular parlaq bir işıq saçaraq dünyanı aydınlatmağa başlayır. Bütün bunları duyduqda ürəyimizdə səmavi bir öncəgörmə xüsusiyyəti yaranır və bu bizə ətrafımızdakı dünyanı mühakimə etmək üçün meyar verməklə yanaşı, həm də, bizim bütün istəklərimizi bu məbədin tikilməsinə yönəldən bir ilhamla coşdurur. Çox nadir hallarda doğulan günahsız ruhları çıxmaq şərti ilə, yerdə qalan hamı bu məbədə çatmaq üçün hökmən qaranlıq bir mağaradan keçməli olur. Mağaranın qapısı – ümidsizlikdir, döşəməsi isə məhv olmuş arzuların məzarlarının üzərinə düzlümüş lövhələrdən ibarətdir. “Mən” gərək hökmən orada ölsün; habelə, ehtiraslar, cilovlanmamış acgöz istəklər də öldürülməlidir, çünki ruh yalnız bunun hesabına taleyin hakimiyyətindən azad ola bilər. Buradakı tövbə və imtinadan qazandığımız barışqanlıq bizi mağaranın qaranlığından müdrikliyin işığına çıxarır və yolçunun ürəyini yeni idrak, yeni sevinc və gözəlliklərlə qarşılaşacağı ümidi ilə doldurur.
Nə vaxt ki, üsyanın bizi gücsüzləşdirən acılarından xilas oluruqsa, məhz onda, taleyin zahiri hakimiyyəti ilə barışqanlığa alışırıq və qeyri-insani dünyanın bizim ibadətimizə layiq olmadığını da anlayırıq, nəhayət belə bir dəyişikliyin baş verməsi mümkün olur və şüursuz Kainatın, təxəyyülün qarmaqarışıq fəaliyyəti nəticəsində qızıl kimi bərq vurmaqda olan obrazı yenidən öz əslinə, köhnə gil bütə çevrilir. Dünyanın bütün çoxobrazlılığında – ağacların, dağların və buludların kontur cizgilərində, insan hayatındakı hadisələrdə, hətta, ən güclü hadisə olan ölümdə də – yaradıcı idealizmin nüfuzedici baxışlarını duymaq, onun məxsusi düşüncəsinin yaratdığı gözəlliyin inikasını görmək mümkündür. Bu yolda ağıl özünün təbiətin düşüncəsiz gücləri üzərindəki arınıb nəfisləşmiş hakimiyyətini bütün aydınlığı ilə göstərir. Dünyada şər nə qədər çox olursa, o da, bir o qədər, acgöz istəklərə qarşı müqavimət yaradır və ağılın bu böyük uğurları artıqca, o ələkeçməz sayılan nüvəni açılmağa və özündə gizlənən sərvəti verməyə məcbur edir və bununla da o, özünün qalibiyyət yürüşünə maneçilik törətmək istəyən bütün rəqiblərini yenir. İncəsənət növlərindən ən dəyərlisi və böyüyü faciədir, çünki o özünün uca qalasını düşmən ölkəsinin düz ortasında, ən hündür dağın zirvəsində ucaldır; onun ələkeçməz bürclərində savaş meydançaları, silah anbarları, sütunlar və istehkamlar, açıq-aydın görünür; onun divarları arxasında azad həyat davam edir və ölüm alayları, ağrılar, ümidsizliklər, habelə, tiranlıq eləyən taleyin bütün sərkərdələri bu qorxubilməz şəhərin əhalisinin gözəlliklərdən həzz almasının qarşısını ala bilmir. Bu, bütün böyüklüklərin toplandığı məkanın xoşbəxt və müqəddəs müdafiəçiləri üçqat səadətə çatmışlar. Sayagəlməz yüzilliklər boyunca, bizim üçün azadlığın dəyərli irsini qotuyub saxlayan, məlun işğalçıların – köləliyə boyun əymək istəməyənlərin məskənini fəth edib dağıtmasına imkan verməyən bu cəsur döyüşçülər alıqışa layiqdir.
Faciədə üzə çıxan gözəllik, həyatın mahiyyətində həmişə və hər yerdə, onun istənilən təzahüründə vardır. Ölümdə, dözülməz ağrı-acılarda, keçmişin geriyə dönməzliyində, nə isə bir müqəddəslik var və onlar insana heyranlıq, genişlik və dərinlik duyğusu, varlığın sirlərinin sonsuzluğu hissini aşılamaqla, əzab çəkən insanı ağrıların və kədərin telləri ilə dünyaya bağlayır. Bu cür dərinliklərə daldığımız məqamlarda biz ötəri istəklərimizə olan ehtiraslarımızı itiririk, əhəmiyyətsiz məqsədlərə, gündəlik həyatın mənzərəsini yaradan kiçik qayğılara olan meyillərimizdən xilas oluruq; biz üzərində olduğumuz kiçik salın ətrafında, insanların yoldaşlığından saçılan işıqda, okeanın qaranlıq uzaqlıqlarını, bizi hansısa qısa müddətdə yırğalayan uca dalğaları görürük; uzun gecənin soyuq, sümüyə işləyən küləkləri əsir; ruhumuz düşmən adamların əhatəsindəki yalqızlığını hiss edir və hökmən bütün cəsarətini toplayıb, bizim ümidlərimizi və qorxularımızı vecinə almayan Kainatla təkbaşına döyüşməli olduğunu qət edir. Qaranlığın hakimiyyəti üzərindəki qələbə, şərəfli qəhrəmanlardan ibarət olan döyüş bölüyünün həqiqi müqəddəsliyə çatmasını ifadə edir, bu isə, özünü, fədakarcasına, insan mövcudluğunun gözəlliyi naminə mübarizə aparmağa həsr etməkdir. Ruhun xarici aləmlə görüşündən barışqanlıq, müdriklik və əzablar yaranır, onlarla isə yeni həyat başlayır. Oyuncağı olduğumuz hakim qüvvəni dərk etmək, ölümü və itkiləri, keçmişin geridönməzliyini, habelə insanın kor-koruna fırlanan Kainat qarşısında köməksizliyini duymaq və anlamaq, artıq onlar üzərində qələbə çalmaq deməkdir. Bax, elə buna görə də, keçmişin bu qədər əfsunlayıcı hakimiyyəti vardır. Onun tərpənməz və susqun şəkillərinin gözəlliyi, payızın sonundakı məftunedici saflığa bənzəyir: yarpaqlar, ilk bərk külək əsib onları budaqlardan qoparmayana kimi, qızılı bir alov rəngində işıq saçır. Keçmiş dəyişmir və heç yerə can atmır, o həyatın gətirdiyi qızdırma və titrəmələrdən keçib bərk yuxuya gedir; onun içindəki: acgöz ehtiraslarla, vurnuxmalarla, kiçik və ötəri şeylərlə bağlı olan nə varsa, hamısı, tədricən dağılıb yox olur, gözəl və əbədi şeyləri isə ulduz kimi, keçmişdən bugünə işıq saçmaqda davam edir. Aşağı səviyyəli ruhlar üçün keçmişin gözəlliyi dözülməzdir; ancaq taleyi fəth etmiş ruhlar üçün bu, dinə açılan qapının açarıdır.
Əgər kənardan baxılarsa, insanın həyatı təbiət gücləri ilə müqayisədə çox əhəmiyyətsiz görünür. Kölə: zamana, taleyə və ölümə itaət etməyə məhkumdur, çünki o özü üçün, onlardan daha böyük olan nəsə tapa bilmir və bunun bir səbəbi də odur ki, onun düşüncələri – onları yeyib bitirən şeylərə doğru yönəlmişdir. Onların bunca böyüklüyünə baxmayaraq, bu şeylər haqqında düşünə bilmək, onların duyğusuz böyüklüyünü duymaq, daha böyük bir işdir. Düşüncə bizi azadlığa çıxarır; biz zərurət qarşısında, şərqli sayağı, özümüzü kiçiltməkdən yan keçirik, əvəzində onu özümüzə hopdurur, ruhumuzun bir hissəsinə çeviririk. Şəxsi səadət uğrunda savaşdan imtina, bu andakı ötəri istəklərə qapılmaqdan xilas olmaq və əbədi ehtirasların alovunda yanmaq – bax, azadlıq bu deməkdir və azad insan məhz buna ibadət edir. Azadlıq, taleyini dərk etməkdən yaranır; çünki, artıq taleyin özü ağıla tabe olunmuşdur, ağıl isə zamanın alovunda təmizlənməmiş heç nəyi özündə saxlamır.
Başqa adamlarla möhkəm bağlarla – ümumi qismət telləri ilə əlaqədə olan azad insan hər bir gündəlik adi işi sevgi işığı ilə aydınladaraq, bütün məqamlarda bu yeni biliyinin öz işinə yaradığına əmin olur. İnsanın həyatı – gecə gedilən uzun bir yoldur və bu yolda gözəgörünməz düşmənlər, yorğunluq və acılar onun pusqusuna dayanmışdır. Bu, məqsədə gedən yoldur və onu başa vurmaq çox az adamın bəxtinə düşür. Bu yolla gedən yoldaşlarımız biri-birinin ardınca, ölüm adlı bir qüdrətin eşidilməz əmrinə tabe olub sıradan çıxır, yox olurlar. Onların xoşbəxtliyi və ya bədbəxtliyi ilə bağlı məsələlər həll ediləndə, bu insanlara kömək edə bilmək üçün çox az vaxtımız olur. Qoy bizim əlimizdə, onların yolunu işıqladan günəş ola biləcək, dərdlərini duymaqla yüngülləşdirə bilən, sarsılmaz bir həmrəyliklə onlara işıqlı bir sevinc bəxş edən, zəif iradələrini gücləndirən, ümidsizlik anlarında onlara inam verən bir səlahiyyət olsun. Onların ləyaqətini və nöqsanını xırdaçılıqla dəyərləndirməyək, yalnız onların ehtiyacları barədə düşünək – dərdlərini, çətinliklərini, ola bilsin, onları bədbəxtliyə düçar edən korluqlarını anlamağa çalışaq; anlamağa çalışaq ki, onlar da eyni ilə bizim kimi, adamların yaratdığı qaranlıq mühitdən əzab çəkirlər, bizimlə eyni bir faciənin aktyorlarıdır. Ona görə də, ömürləri qırılandan sonra, həyatlarında olan xeyir və şər əbədi və ölümsüz keçmişə çevriləndən sonra, biz deyə bilərik ki, onların yaşadıqları əzablarda və uğursuzluqlarda bizim heç bir günahımız yoxdur – əksinə, onların ürəyində ilahi alovun qığılcımları çaxmayanda biz həmişə onlara həmrəyliyimiz, rəğbətimiz və sölərimizlə kömək etməyə hazır olmuşduq.
İnsanın həyatı çox qısa və acizdir; onun və mənsub olduğu soyun üzərinə tədricən və qarşısıalınmaz bir şəkildə, amansız və qaranlıq bir qismətin ağırlığı çökür. Xeyirə və şərə məhəl qoymayan, şüursuz bir dağıldıcılıq və yenilməz bir qüdrət yiyəsi olan materiya, özünün qarşısıalınmaz yoluna davam edir; bugün özü üçün ən dəyərli olan şeyləri itirməyə, sabah isə özü də bu qaranlıq dibsizliyə aparan qapıdan keçməyə məhkum olan insana, yalnız, nə qədər ki, bu ölümcül zərbəni almayıb, onun qısa ömrünü işıqlandıran aydın düşüncələrlə, gələcəyə ümid bəsləməklə yaşamaq qalır; öz əli ilə yaratdığı müqəddəsliyə ibadət etməklə taleyin qolubağlı quluna çevrilməyə həqarətlə baxmaq; təsadüflərin hökmlərindən qorxmamaq, ağlını – onun zahiri həyatı üzərində ağalıq edən mənasız tiranlığın təsirinə qapılmaqdan qorumaq; hələ də onun biliyinin və lənətinin hayqırtısına dözən amansız və qarşısıalınmaz güclərə meydan oxumaq, dünyanı, yorulmuş, ancaq yenilməzliklə duruş gətirməkdə davam edən Atlas4 sayağı öz çiyinlərində saxlaya bilmək: belə bir insan ömrünü yaşamağı bacarmaq, ləyaqət meyarına çevrilir. Bununla da insan – öz yolu üzərində nə varsa, hamısını, özünün şüursuz gücü ilə basıb əzən dünyanı, yaratdığı idealların gücü ilə, başı üzərində saxlayıb yaşamalı olur.
Tərcümə: Araz Gündüz
Şərhlər
1Göte-nin “Faust” əsərində belə bir yer yoxdur. Russel öz dövründə geniş yayılmış bədii priyomdan istifadə edir və sanki, ənənəvi olaraq inkarçı, skeptizm və ironiya ruhunu əks etdirən Mephistopheles-in adından danışır.
2Molox və ya Melex – İudey krsllığında, bizim eradan öncə, 622-ci ilədək olmuş dini inanca aid tanrıdır. Yəhudilər bu dövrdə ona öz uşaqlarını qurban verirdilər.
3Əyyub(İov) – Bibliyada adı keçən peyğəmbərlərdən biridir. Onu adı, tanrıya itaətin və onun sınaqlarına dözümün simvolu sayılır.
4Atlas (Atlant kimi də işlənir) – qədim yunan mifologiyasına görə, Zeus-a (Ζεύς) qarşı üsyan qaldıran titanlardan biri olmuş, Zevs onu cəzalandıraraq, “göy qübbəsini” çiynində saxlamağı hökm etmişdir.