Türkiyəli aktyor Haluk Bilginer nüfuzlu Beynəlxalq “Emmy” müsabiqəsində “ən yaxşı kişi aktyor” kimi mükafatlandırıldı. O, bu mükafatı rol aldığı “Şahsiyet” serialındakı perfomansına görə qazandı. Ustad aktyorun uğuru üçün sevindim.
Deməli, bir-iki ay öncə fikirləşdim ki, “Şahsiyet” serialına baxım. Silsilə qətllər törədən manyaklar barədə araşdırmam üçün faydalı olacağını düşündüyüm üçün bu qərara gəlmişdim. Baxdım da, ancaq bu çox çəkmədi.
Qeyd edim ki, “Şahsiyet” yaşlı bir kişinin Alzheimer xəstəliyinə tutulub, yaddaşını itirməsindən və bu imkanı “dəyərləndirib” acıqlı olduğu şəxsləri bir-bir öldürməsindən bəhs edir.
Birinci seriya məni həqiqətən çox cəlb elədi. Düşündüm ki, İlahi, nə maraqlı süjet və fərqli üslubla üz-üzəyəm. Ümid edirdim ki, serial belə cəlbedici olsa, sona qədər baxa biləcəyəm. Əlbəttə yanıldım.
Dişimi sıxıb, hardasa 5-6 seriya izlədim, sonra getmədi. Ancaq inanın nə ekran əsərindən alına biləcək mənəvi zövq, nə də araşdırma üçün öyrədici nəsə əldə edə bildim. Bilginerin və digər aktyorların oyununa söz ola bilməz. Doğurdan da serialda çox inandırıcı və yüksək səviyyəli perfomans nümayiş olunur. Rənglər, rekvizitlər, operator və rejissor işi keyfiyyəti ilə seçilir. Ancaq istədiyimi ala bilmədim. Gözləntim tez bir zamanda buxarlandı.
Ümumiyyətlə seriala baxmağı özüm üçün vaxt itkisi sayıram. Sözlərimi prinsipimi təbliğ etmək üçün xüsusi olaraq seçmirəm. Praktik nümunələr belə qənaətimə səbəb olub. Kim nəyə istəyir baxmaqda azaddır.
Kitab və bədii filmlər olan yerdə bu əyləncə mənə daha geniş məlumat və zövq ötürə bilmir. Hətta kitabla da bağlı subyektiv prinsipim var. Oxumağa başladığım kitabdan 50-60 səhifə ərzində enerji almasam, onu daha oxumuram. Keçirəm başqa kitaba. Dünyada sonsuz sayda kitab var hansı ki, onları oxumağa ömür bəs etməz. Odur ki, burda mühafizəkar yanaşmanı kənara qoyuram. Əvvəllər belə deyildim, kitab xoşuma gəlməsə də oxuyub, başa çatdırmalı idim. Zamanla zamanın qədrini daha yaxşı anlamağa başladım.
Nə isə, seriallardan danışırdıq.
Əksər adamların izlədiyi və çoxlu müzakirələrə səbəb olmuş “Game of Thrones” və “Chernobly”a da baxmamışam. Güman ki, həyati vacib məsələ olmasa heç baxmayacağam da. Uzun-uzadı müzakirələr məndə həmin seriallara qarşı nəsə ikrah hissi yaradıb. Qərəzdən söhbət gedə bilməz, eyni zamanda kütlədən özümü ayrı sayan “daha ağıllı” biri görünmək niyyətində deyiləm. Sadəcə ovqatım bunu diktə edir və mən də onun məziyyətinə uyğun davranıram. Əcəb də edirəm. Belə mühafizəkar yanaşmağıma səbəb var. İntuisiyalarım məni ədəbi, bədii və mədəni sənət nümunələrinə yanaşmada yanıltmır (istisnalar olur).
Dəfələrlə olub ki, çoxluğun sözünə baş qoşub hansısa filmlərə baxıb, kitabları oxumuşam. Sonda da peşman olmuşam. Bu sahədəki mühafizəkarlığımı qorumaqdayam.
Qərb istehsalı seriallarından ən çox dirəşib baxdığım “Criminal minds” olub (hardasa 18 seriyasına baxmışam). O da ki, qətllərdən və həmin qətlləri araşdıran FBI-dan bəhs edirdi deyə baxırdım… “Criminal Minds”-ın hər seriyası unikal olduğu üçün belə uzun vaxt “səbrli” ola bildim. Etiraf edim ki, həmin serialda öyrədici çox şey var. Bütün hallarda maraq və zövqlər müxtəlifdir.
“İn Treatment” serialının isə cəmi 7 seriyasına baxdım. Psixoterapevt və onun pasiyentlərlə konsultasiyasından bəhs edən seriala öyrənmək və çoxlu məlumat əldə etmək eqosu ilə baxırdım. Yeddi seriyadan o tərəfə gedə bilmədim, ürəyim sıxıldı.
İstisna hal kimi ayda-ildə bir dəfə gözəl ssenaridən zövq almaq niyyəti ilə NetfliX istehsalı olan “Black Mirror”un bir seriyasına baxıram. O da kı, hər seriya unikal olduğu üçün. “Black Mirror” süni zəkadan və onun zərərli tərəflərindən bəhs edir.
Yazını Haluk Bilginerin mükafatlandırma zamanı olan kiçik çıxışındakı mesajı ilə sonlandırıram: “Yaşadığınız toplumun yaddaşının itməməsi üçün əlinizdən gələni edin.”