Qarabağda məğlub erməni döyüşçülərinin çəkdiyi bir videoya baxırdım. Videoda əsgərlər onlara qarşı suriyalıların, talibanın, iranlıların, hətta afrikalıların döyüşdüyünü iddia edirdilər. Heç nəyi şişirtmirəm, erməni əsgərləri, həqiqətən, belə deyirdilər.
Bunun bir sıra səbəbləri ola bilər. Ola bilsin ki, bu əsgərlər psixoloji problemdən əziyyət çəkirlər. Amma bir toplumda başdan-ayağa, qocadan-cavana, məmə yeyəndən pəpə deyənə hər kəsin psixoloji problemləri ola bilərmi? Təbii ki, yox. Başqa səbəblər daha inandırıcı görünür, məsələn, Miatsum kimi neo-nasist bir ideya ilə zəhərlənmək və utanverici bir məğlubiyyəti etiraf etməkdən çəkinmək kimi. Biz ki, bunu yaxşı bilirik. İllərlə məğlubiyyətimizi boynumuza almaq yerinə çoxlu səbəblər istehsal etdik, “erməninin arxasında rus dayanıb” dedik, Bakıda böhran yaratdıq, yiyəmiz olmadı, hərc-mərclik oldu. Bu mütləq həqiqət illərlə şillə kimi üzümüzə dəydi, xaricdə olan tədbirlərin kofe-breyklərində bizi başqa millətlərin, xüsusən, gürcü və ermənilərin önündə utandırdı, onların qabağında qürurla çıxış edəndən sonra qaldığımız oteldə “Şuşadan yeni görüntülər” başlıqlı videolara baxıb ağladıq.
Lakin zamanla məğlubiyyətlə barışdıq, bunu qəbul etdik. Bu mənzərəni təsvir edərkən bol qara yumorlu “South Park” cizgi filmindən səhnə yadıma düşdü. Orada belə bir ifadə eşitmişdim: məğlub olduğunu qəbul etdiyin anda qalibsən. Bəli, biz məğlubiyyətimizi qəbul etdik və bu gün rahatlıqla deyə bilərik ki, qalibik.
Bəlkə də bu yazını oxuyan kimsə, dəyərli oxucu məni cəmiyyətin adından danışmaqda qınaya bilər. Məni qınayan narahat bəndənin arqumentlərini də bilirəm, sanki qulağıma bu sualları pıçıldayır: “Bəs Xankəndi? Bəs Arayik? Bəs rus bizi Bakıda zorlamayacaq? Belə qələbə olur?”
Bəli, bu suallarda çox ciddi narahatlıq, qorxu, histeriya var. Bilirsiniz, bunlar haradan doğur? Bu sualların narahat etdiyi kəslər məğlub olduqları ilə barışmamışdılar. Buradan başlayır yerlə, göylə əlləşmək. Onlar ümid edirdilər ki, Türkiyə bir su anbarını açacaq, Ermənistan suyun altında qalacaq. Onlar ümid edirdilər ki, İsgəndər Həmidovun atom silahı var. Bu narahat bəndələr həm də çox güclü geosiyasi biliklərə malikdirlər, hansı ölkə ilə necə danışmaq lazım olduğunu siyasi establişmentdən daha yaxşı bilirlər. Başqa özəllikləri də var, məsələn, beşqoşanı əldə öldürmürlər.
Bəli, dünya birliyi, Vikipediya, minlərlə ciddi mətbu orqanlar Azərbaycanın misilsiz bir qələbə qazandığını yazır. Rusiyalı, avropalı hərbi ekspertlər Şuşada qazanılan qələbəni ölkəsini sevən minlərlə qəhrəmanın yalın əllə reallaşdırdığına inana bilmirlər. Amma heç bir mütləq həqiqət, ciddi hərbi-siyasi ekspert rəyi narahat bio-kütlənin mənsublarını qane etmir. Onların mənəvi dünyasının qaranlıq, insan ayağı dəyməmiş yerində dərin bir sual yatır: “Bəs Xankəndi? Başa düşmədim, orda niyə erməni var?”
Bu narahatlıqların, qaliblik titulunu şüursuz şəkildə inkar etməyin bir səbəbi məğlubiyyətlə barışmamaq idisə, ikinci səbəb məqsədsizlikdir. Məqsəd və hədəf nə idi? Bütün dünya ermənilərini yer üzündən silmək? Biz bunu edə bilməzdik. Müharibə başlayanda belə bir hədəf qoyulmamışdı. Lakin narahat bəndələr “İrəvana kimi gedəcəyik!” şüarını qaldırmışdılar. O narahat bəndələr üçün cəbhədə insan həyatları məhv olmurdu, orada hərbi teatr gedirdi. Onlar müdafiə nazirliyindən “Harop videoları”, İlham Əliyevden tvit tələb edirdilər.
Müharibə bitdi, Kəlbəcər və Laçın kimi, xüsusən qışda hərbi yolla alınması qeyri-mümkün olan əraziləri bir güllə sərf etmədən azad etdik. Lakin “Harop” videoları”nın yoxluğu narahat bəndələri depressiyaya saldı.
“Bunlar necə insanlardı” deyib narahat olmayın, sadəcə bir mütləq həqiqəti dərk etmək lazımdır: xalqa rəğmən yox, xalq üçün sonuna qədər elitizm. Əgər bir istək reallığa adekvat deyilsə, onu iqnor etmək lazımdır, əks təqdirdə əlimizdə heç bir güc və gələcək olmayacaq.
Qalib gəlmək, bu titulu məğrur şəkildə daşımaq hər bəndəyə nəsib olmur. Vətənpərvər olduğunu iddia edib bu qədər ciddi bir qalibiyyəti görməməyi riyakarlıq hesab etmirəm. Sadəcə olaraq intellektləri yoxdur, vizyon isə heç vaxt olmayıb. Bu iki yoxluq da bir siyasi korluq yaradıb.
Bizə bu uğuru bəxş edən qəhrəmanların anım günündə, onları yad etdik. Bəli, dəyərli oxucu. Biz qalibik, bu qələbə siyasi xalq olmaq yolunda atılmış ilk addımdır. Lakin növbəti addımlar üçün hər birimiz rasionallığımızı qorumağa çalışmalıyıq.
P.S. Sosial şəbəkədə bir şəhid oğlu qardaşımızın yazdığı kimi “Ermənilərə məğlub olduqlarını, bizimkilərə isə qalib gəldiklərini sübut etmək çətindir”.