Prezident İlham Əliyev Rusiyanın zvezdaweekly.ru (Еженедельник Звезда) nəşrinə müsahibə verib və Azərbaycanın Rusiyadan aldığı silahlar, həmçinin Ermənistandakı son hərbi-siyasi böhran mövzularına da toxunub.
“Rusiya-Azərbaycan münasibətlərinin hərbi-texniki əməkdaşlıq sahəsindəki vəziyyətini necə qiymətləndirirsiniz? Dağlıq Qarabağdakı münaqişə bu münasibətlərə nə qədər təsir etdi?” sualına, dövlət başçısı belə cavab verib:
“Rusiya Federasiyası ilə gələcək hərbi-texniki əməkdaşlıq bizim üçün planlı xarakter daşıyır. Hərbi əməliyyatlar bitdikdən sonra Rusiya rəhbərliyi ilə bu mövzunu da müzakirə etmişik. Çünki təbii olaraq, həm resurslarımız, həm döyüş sursatımız sərf olunub və silah arsenalını müharibədən əvvəlki səviyyəyə çatdırmağa ehtiyac var. Bu istiqamətdə işlər davam etdirilir. Əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadır. Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayət etmədik. Çünki, birincisi, şikayət etmək üçün səbəb yox idi.
Rusiyanın hərbi texnikası – bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır və ümumiyyətlə, dünyanın ən yaxşılarındandır. Sadəcə, doğru əllərdə olmalıdır ki, sonradan, əslində, Ermənistanda hərbi-siyasi böhrana səbəb olan belə əsassız ittihamlar olmasın.
Bu yaxınlarda Ermənistan Müdafiə naziri Rusiyanın Ermənistan ordusunun modernləşdirilməsində iştirak edəcəyini açıqlayıb. Sual yaranır: nə üçün? Nəşriniz, sizinlə bugünkü görüşümüz vasitəsilə bu haqlı sualı səsləndirirəm: nə üçün? Buna ehtiyac yoxdur! Sülh istəyiriksə, məsuliyyətsiz insanların bu cür dağıdıcı vasitələrə sahib ola bilməyəcəyini də anlamalıyıq! Xaosun hökm sürdüyü, ordunun öz rəhbərliyinə tabe olmadığı, gah hərbi çevriliş etdikləri, gah da etmədikləri bir ölkədə… Bütün bunlar tragikomediyadır! Axı hərbi çevriliş ya baş verir, ya da yox! Tragikomik vəziyyətdə mikrofonlarla gəzən izdiham, küçələrdə çadırlar, evsiz insanlar bu, sadəcə biabırçılıqdır! Biabırçılıq! Bütün dünya onlara gülür – həm iqtidara, həm də müxalifətə! Bu cür əllərə təhlükəli silah vermək olarmı? Bu səbəbdən, gələcəkdə belə bir narahatlığın olmaması üçün, hər kəsə nə edilməli olduğunu təklif etmək istərdim.”