Xocalı Sovet dövründə
1912-ci il statistikasına əsasən Xocalıda 172 azərbaycanlı, 52 rus yaşayırdı. Xocalı 1923-cü ildə DQMV vilayətinə azərbaycanlıların yaşadığı kiçik bir kənd kimi daxil olmuşdu. Kəndin əhalisi Sovet dövründə sürətlə artmağa başladı. Kənddə ilkin dövrlərdə ermənilər də yaşasa da, zamanla onların sayı azaldı və 1980-lərin əvvəllərində sonuncu erməni də kəndi tərk etdi. 1988-ci ildə Xocalı kəndinin əhalisi 2000-ə qədər yaxınlaşmışdı.
Xocalının mərkəz Stepanakertə yaxınlığı və ərazinin düzən olması kəndin strateji əhəmiyyətini artırırdı. Bu amil özünü DQMV-nin Ermənistana birləşdirilməsi uğrunda başlanan “Miatsum” hərəkatından sonra daha açıq formada göstərdi. Sakinlərinin sayına görə Xocalı Şuşadan sonra Dağlıq Qarabağın ikinci böyük azərbaycanlı yaşayış məntəqəsi idi.
Stepanakertlə Əsgəranı birləşdirən və sonra Azərbaycanın böyük şəhəri Ağdama gedən yolun Xocalıdan keçməsi onun əhəmiyyətini artırırdı. Bundan başqa Dağlıq Qarabağın yeganə hava limanı da burada yerləşirdi. Erməni separatizminə qarşı dayaq yaratmaq üçün 1988-ci ildən etibarən Xocalıda intensiv tikinti işləri aparılmağa başladı. Bundan başqa regiona Ermənistan qaçqınlarının, Ahıska türklərinin yerləşdirilməsinə başlanıldı (Human Rights Watch/ Helsinki (formerly Helsinki Watch) Report, 1992:20).
Stepanakert və Dağlıq Qarabağın bəzi digər yaşayış məntəqələrindən gələn azərbaycanlı qaçqınlar hesabına kəndin əhalisi 1988-1991-ci illərdə 2135 nəfərdən 6300 nəfərə qədər yüksəldi.[1] Azərbaycan SSR Xocalıya şəhər statusu verdi. Şəhərin müdafiəsini təşkil etmək üçün 1990-cı ildən etibarən hava limanına OMON bölməsi nəzarət edirdi. Ancaq 1991-ci ildə Azərbaycanın, eləcə də Dağlıq Qarabağın özünü müstəqil elan etməsindən sonra regionda olan Sovet ordusu ərazini tərk etməyə başladı. Beləcə, DQMV içərisində qalan Xocalının quru yol ilə əlaqəsi kəsildi. 1991-ci ilin payızından etibarən Xocalı blokadada qaldı.
Hücumdan əvvəl Xocalının vəziyyəti
SSRİ daxili qoşunları Qarabağı tərk etdikdən sonra Xocalı Azərbaycanın digər yaşayış məntəqələri ilə yalnız helikopterlərlə əlaqə qura bilirdi. 1992-ci ilin yanvarından etibarən şəhərdə elektrik təchizatı da kəsildi.[2] Münaqişənin hərbi yolla həllinə hazırlaşan erməni tərəfi vaxt itirmədən hərəkətə keçdi. Fevral ayının əvvəllərindən etibarən azərbaycanlıların yaşadığı Malıbəyli, Qaradağlı və Ağdaban kəndləri işğal edildi. Bu ərazilərin işğalı zamanı ən az 99 dinc sakin öldürüldü və 140 nəfər yaralandı (Cornell, 2000:81).
Növbəti əsas hədəf isə Xocalı idi. Xocalıdan olan azərbaycanlı qadın həmin günləri belə xatırlayır: “Ermənilər Malıbəylini ələ keçirdikdən sonra Xocalıya ultimatum verdilər. Onlar ağ bayraqla şəhəri tərk etməmizi istəyirdi. Əlif Hacıyev bu barədə bizə 15 fevralda məlumat verdi. Ancaq bu məni və digər insanları qorxutmadı. Onların Xocalını işğal edə biləcəyinə heç inanmırdıq.” (Human Rights Watch/ Helsinki (formerly Helsinki Watch) Report, 1992:20). Xocalı əhalisi bu dövrdə sadəcə generatorla işləyən radiolar vasitəsi ilə ətraf aləmdən xəbər tuturdu. Normal bir həyat üçün ibtidai vasitələrdən məhrum olan Xocalı sakinləri 1992-ci ilin yanvarından etibarən şəhəri tərk etməyə başladı. Əhali ilə birlikdə dövlət işçiləri də şəhəri tərk edirdi. Şəhərdən Azərbaycanın digər ərazilərinə helikopterlərlə sonuncu uçuş 13 fevral 1992-ci ildə həyata keçirildi. Bu müddətdə 300-dən çox mülki şəxs şəhərdən çıxarıldı.
13 fevraldan sonra hər gün radioda Xocalı sakinlərinə helikopter vəd edilsə də bunlar həyata keçirilmədi. Bu müddət ərzində Xocalı atəş altında saxlanılırdı. 12 və 13 fevral tarixlərində erməni ordusu BMP ilə Təzəbinə və Mehdiabad istiqamətindən Xocalını atəşə tutdu. Bu zaman şəhərdə yaşayan 2 mülki şəxs ağır yaralandı, bir neçə ev isə dağıldı. 13 fevral tarixində erməni hərbi texnikalarının Daşbulaq, Təzəbinə, Əsgəran istiqamətində hərəkəti müşahidə olunmağa başladı. 16 fevral 1992-ci ildə Baş qərargah rəisi Şahin Musayevə bu barədə məlumat verildi: “Xocalı şəhərinin piyadaların döyüş maşınlarından və zirehli personal daşıyıcılarından kütləvi atəşi davam edir. Şəhərdəki vəziyyət kritikdir. Mülki şəxslərin evakuasiyasını həyata keçirmək və xüsusilə də strateji əhəmiyyətli bir obyekt olan hava limanını qorumaq üçün təcili tədbirlər görülməlidir.” (Vəliməmmədov, 2019:33).
Xocalını blokadadan çıxarma cəhdləri
Azərbaycanın rəsmi şəxsləri Xocalıdakı vəziyyətdən xəbərdar idi. 17 dekabr 1991-ci il tarixdə Xocalı şəhər icra hakimiyyətinin başçısı Elman Məmmədov prezident Ayaz Mütəllibova ünvanladığı teleqramında yazırdı: “Erməni silahlı birləşmələrinin hücumları nəticəsində azərbaycanlılar yaşayan Dağlıq Qarabağ kəndləri düşmənin nəzarətinə keçir. Stepanakert və Əsgəran arasındakı yolu açmaq üçün Xocalıya güclü hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Erməni helikopterlərinin tez-tez uçuşları bunu təsdiqləyir. Xocalının müdafiəsini təşkil etmək üçün dərhal lazımi tədbirləri görməyinizi xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji baxımdan vacib bir nöqtədir. Təcili yardım gözləyirik.”[3]
Bu teleqramı aldıqdan sonra Ayaz Mütəllibov dövlət katibi Midhət Abbasova lazımi tədbirlər görməyi tapşırdı. Midhət Abbasov bir müddətdən sonra prezidentə görüləcək tədbirlərlə bağlı məlumat verdi: “Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və digər dövlət idarələrinin rəhbərlərinə təlimat verilib. Görüləcək tədbirlər barədə ümumi qərar qəbul edildi”.
1991-ci il dekabr ayının sonunda Xocalı rayon prokuroru Atakişi Atakişiyev prezident Mütəllibova və baş prokuror Murad Babayevə teleqram göndərdi. Teleqramda deyilirdi: “Hər şey bizim üçün sona çatır, demək istədiklərimizi anlayın. Əhali Xocalını tərk etmək istəyir. Müdafiə nazirliyindən bizə heç bir kömək göstərilmədi. Cənab prezident, əhali Xocalını tərk edərsə o zaman Stepanakert – Əsgəran yolu açılacaqdır. Bizə kömək etməyinizi xahiş edirik. Xocalıda heç bir idarə, heç bir müəssisə, heç bir kolxoz və ya sovxoz fəaliyyət göstərmir. Yaralıların təcili müalicəsi üçün tibbi avadanlıq yoxdur. Sarğı yoxdur. Dərhal köməyinizi gözləyirik, sonra çox gec olacaq. Bizə təcili yardım edin”.[4]
Ayaz Mütəllibov bu dəfə də Müdafiə nazirliyi ilə əlaqə saxlayaraq lazımi köməkliyin göstərilməsini tələb etdi. Əhalinin Xocalıdan hava yolu ilə evakuasiyasında da problemlər yaşanmasından sonra mülki əhalinin Xocalıdan çıxarılmasının yeganə yolu kimi Ağdam – Əsgəran – Xocalı dəhlizi qalmışdı. Bu quru dəhlizini keçmək üçün böyük bir hərbi əməliyyata ehtiyac vardı. Yanvarın sonu – fevralın əvvəlində müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, general-mayor Dadaş Rzayev və qərargahı tərəfindən belə bir əməliyyat üçün plan hazırlandı.
6 fevral 1992-ci ildə hücum başladıldı, ancaq Azərbaycan qoşunları yalnız Əsgəran rayonuna aid Xramort və Fərrux kəndlərini azad etməyi bacardı.[5] Erməni qoşunlarının güclü müqaviməti ilə qarşılaşan Azərbaycan ordusu hücumu dayandırmaq məcburiyyətində qaldı. Bir neçə gündən sonra əks hücuma keçən erməni ordusu Xramort və Fərrux kəndlərini yenidən ələ keçirdilər. Xocalıdan quru dəhlizi yaratmaq üçün növbəti əməliyyat fevralın ortalarında keçirilməli idi. Artıq əməliyyat üçün yenidən hazırlıq tədbirləri görülmüş və Bakıdan əlavə hərbi texnika alınmışdı. Plana görə ordu Xocalıdan Əsgəran istiqamətində və Ağdamdan eyni istiqamətdə əks zərbələrlə ermənilərin cəbhə xəttini yarmalı, Xocalı və Ağdamdan irəliləyən qüvvələri birləşdirərək Ağdam-Əsgəran-Xocalı quru dəhlizi formalaşdırmalı idi. Lakin döyüşdə iştirak edəcək Fəhmin Hacıyevin vəzifədən çıxarılması ilə əməliyyat baş tutmadı.
14 fevralda MTN Xocalıdakı hərbi qüvvə və vasitələrlə bağlı prezidentə məlumat verdi: “Yerli batalyon – 80 nəfər; Milli ordunun hərbçiləri – 20 nəfər; Hava limanının təhlükəsizliyi ilə məşğul olan yerli polis zabitləri – 80 nəfər; Avtomatik silahlar – 200-250 ədəd; Alazan qurğuları – 2 ədəd; Artilleriya topu (çapı 102 mm) – 1 ədəd (mərmiləri tükənir); Avtomatik bombaatan (AGS-17) – 1 ədəd ; qumbaraatan (Pd-25) – 4 ədəd dörd. Şəhərdə elektrik enerjisi yoxdur, hərbi texnika, qumbaraatanlar və tank əleyhinə bombalar kəskin çatışmır.” (Vəliməmmədov, 2019:34).
Xocalının işğalı ərəfəsində ölkədə siyasi vəziyyət də sabit deyildi. 18 fevral 1992-ci ildə AXC Mütəlibova ultimatum verərək 10 gün ərzində istefa etməsini tələb etdi. Beləliklə, ölkədə daxili siyasi xaos vəziyyəti yaranmışdı. Ordu Xocalını blokadadan çıxarmaq üçün fevralın sonunda yeni əməliyyat hazırlamağa başladı. Bu ərəfədə Ağdamdan Xocalı ilə bağlı mənfi xəbərlər gəlməyə başlamışdı. 25 fevral 1992-ci ildə Ali Sovet sədrinin müavini Tamerlan Qarayev Ağdamdan prezident Ayaz Mütəllibova şifrəli bir məlumat göndərdi: “Xocalı və Umudludakı qüvvələr demək olar ki tükənib. Dəstək olmadığından (helikopterlər bir neçə gündür uçmur) erməni qoşunlarına müqavimət zəifdir. Xocalı və Umudlunu mühasirədən xilas olmaq üçün təcili tədbirlər görülməlidir. Bu məqsədlər üçün cavabdeh bir şəxsi Ağdama göndərmək və 24 saat ərzində bu tədbirləri təşkil etməsini tapşırmaq lazımdır. Qərarınızı gözləyirəm ” (Vəliməmmədov, 2019:35).
Lakin artıq gec idi.
Xocalıya hücum
Xocalıya hücumu planlaşdıran erməni general Arkadi Ter-Tadevosyan şəhərə hücumu 2 səbəblə əsaslandırırdı.
- Xocalıda Azərbaycan ordusuna aid BM-21 (Qrad) vasitəsi ilə mütəmadi olaraq Stepanakertin atəş altında tutulması.
- Döyüş əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar olaraq helikopterlərin yanacaq və hərbi texnika ilə bağlı artan tələbin öhdəsindən gələ bilməməsi. Təyyarələrin istifadəsi üçün Xocalıdakı hava limanı çox vacib idi (Ter Tadevosyan, 2007:568).
Tadevosyan əməliyyatı 3 həftə ərzində hazırlamışdı. Xocalı əməliyyatında ümumi 487 erməni əsgəri iştirak etmişdi. Qarabağ müharibəsində ilk dəfə olaraq erməni dəstələri zirehli texnikalardan – iki BRDM bölməsindən və bir ədəd 100 mm-lik Rapier tank əleyhinə silahdan istifadə edirdilər. Hücumun əsas istiqaməti Xocalı aeroportu ərazisinə yönəldiyi üçün ən şiddətli vuruşmalar burada başladı. Hava limanının ərazisini qoruyan Əlif Hacıyevin komandiri olduğu dəstə üstün düşmən qüvvələri ilə bir neçə saat döyüşdü. Demək olar ki, bütün heyət qeyri-bərabər döyüşdə həlak oldu. Sağ qalan döyüşçülər ermənilərin əlinə keçməməsi üçün hava limanının nəzarət qülləsini partlatmağa müvəffəq oldular. Əlif Hacıyev özü sağ qalan əsgərlərlə birlikdə Xocalı sakinlərinin Ağdam istiqamətinə doğru getməsinə kömək etdi (Human Rights Watch/ Helsinki (formerly Helsinki Watch) Report, 1992:21). Ancaq burada mülki şəxsləri xilas edərkən öldürüldü.
Xocalı özünümüdafiə batalyonunun komandiri, mayor Tofiq Hüseynov Ağdama doğru qaçan mülki şəxslərin müdafiəsini təşkil etmək üçün onlarla birlikdə şəhərdən çıxdı. Ağdama gedən yolda Tofiq Hüseynovun dəstəsi pusquya düşdü. Qeyri bərabər döyüşdə ağır yaralanan Tofiq Hüseynov düşmən əsgərlərinin ona yaxınlaşmasına icazə verərək özünü və yaxınlıqdakı erməni əsgərlərini qumbara ilə partlatdı (Vəliməmmədov, 2019:44).
Tadevosyan Xocalı döyüşü ilə bağlı bunları yazır: “Hücum saat 22:00-da başladı və döyüş əməliyyatları təxminən yarım gün davam etdi. Düşmən ən inadlı müqaviməti doqquzmərtəbəli binan ərazisində göstərdi. Müqaviməti yatırmaq üçün Xocalının özündə ələ keçirilmiş iki Alazan raket qurğusu və əvvəllər yaxınlıqdakı yüksəkliklərdə quraşdırılmış iki iri çaplı pulemyotdan istifadə etməyə məcbur qaldıq. Xocalı əməliyyatında 8 nəfər hərbi itki verdik, azərbaycanlıların isə 23 nəfər hərbi itkisi vardı.” (Ter-Tadevosyan, 2007: 569).
Hücumun başlanmasından sonra əhalinin bir hissəsi Ağdam istiqamətində hərəkət etməyə başladı. Qaçan bəzi qruplarda şəhər qarnizonunun silahlı əsgərləri də var idi. Qaçqınlar iki istiqamətdə hərəkət edirdi:
1) Əsgəranı solda buraxıb, şəhərin şərq kənarlarından şimal-şərqə doğru çay yatağı boyunca.
2) Əsgəranı sağda buraxıb şəhərin şimal kənarından şimal-şərqə doğru (qaçqınların kiçik hissəsi bu yolla getmişdi).[6]
Beləliklə, əhalinin əksəriyyəti Xocalıdan çıxdı, təxminən 200-300 nəfər evlərində və zirzəmilərdə gizləndi. Bundan əlavə 300-ə yaxın sakinin bir məktəbin zirzəmisində sığındığı bildirilir. Bəzi Xocalı sakinləri isə gecə saat 03:00-da zirzəmidən çıxaraq Ağdama doğru hərəkət etməyə qərar vermişdi. Bunun səbəbi şəhərə girən ermənilərin qaçqınlara təlimat verməsi idi (Human Rights Watch/ Helsinki (formerly Helsinki Watch) Report, 1992:21). Yolda 1-ci qrupu silahlı qarnizon əsgərləri müşayiət etdiyi üçün ermənilər “qaçqın karvanı”nı atəşə tutdu. Panikaya düşən qrupun bir hissəsi səhv səmtə, birbaşa erməni hərbi hissələrinin yerləşdiyi əraziyə yönəldi və burada öldürüldü. Ən çox insan ölümü isə Naxiçevanik kəndi istiqamətində baş verdi. Hələ də qaçqınların bir qisminin Qarqarçayı keçdikdən sonra niyə bu istiqamətdə hərəkət etməsi tam aydın deyil. İlkin olaraq bu ərazidə AXC batalyonunun insanları bilərəkdən ermənilərin üzərinə göndərdiyi güman edilir. Belə ki, daha çox mülki şəxsin ölümü Mütəllibovu devirmək üçün cəbhəçilərə əlavə imkan yaradacaqdı.[7]
Daha sonra ölkədə baş verən proseslər bunu doğruladı. Koridor verilməsinə baxmayaraq 2-ci istiqamətdə gedən qaçqınlar da atəşə tutulmuşdu. Burada itkilər birinci ilə müqayisədə az idi. Şəhər erməni silahlı qüvvələri tərəfindən işğal ediləndə orada 86-sı Axıska türkü olan, təxminən 300 mülki şəxs qalmışdı. 1992-ci il martın 28-nə qədər həm şəhərdə qalan, həm də Ağdam istiqamətində saxlanılan 700-dən çox Xocalı sakini Azərbaycan tərəfinə təhvil verildi.[8] Onların çoxu qadın və uşaqlar idi. 1992-ci il 26 mart tarixli Qarabağ qəzetinin yazdığına görə, Xocalıda ümumilikdə 476 nəfər mülki şəxs həyatını itirmişdi.[9] Girov götürülmüş 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Human Rights Watch hesabatına əsasən isə Xocalıda 200-dən çox mülki şəxs həyatını itirib. Bununla belə, təşkilat bu rəqəmlərin Ağdam morqundan əldə edildiyini bildirirərək ümumi ölü sayısının 500-1000 arasında olduğunu təxmin edir (Human Rights Watch, 1994:6).
366-cı motoatıcı alayın faciədə iştirakı
14 fevral 1992-ci il tarixində Minskdə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının konfransında MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması haqqında müqavilənin imzalanması gözlənilirdi.
Bu müqavilənin müzakirə ediləcəyi görüşdən əvvəl Azərbaycan parlamenti ölkənin bu müqaviləyə qoşulub-qoşulmaması barədə müzakirələr apardı. Mütəlibovun bu məsələ ilə bağlı millət vəkilləri qarşısında çıxışından əvvəl Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək 366-cı alayın Stepanakertdən çıxarılacağını vəd etdi. Yeltsin bunun üçün əsas şərti kimi Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması barədə müqaviləsini imzalamasını istədi.
Ancaq buna baxmayaraq AXCP-dən olan deputatların təzyiqi ilə parlament Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı razılaşmaya qoşulmama barədə qərar verdi.
14 fevral 1992-ci ildə Minskdə MDB dövlət başçılarının görüşündə prezident Ayaz Mütəllibov və MDB Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikov arasında mübahisə yaşandı. Mütəlibov Şapoşnikovdan dərhal 366-cı alayın Stepanakertdən çıxarılmasını tələb etdi. Lakin Şapoşnikov Mütəllibovun bütün tələblərinə məhəl qoymadı və ona belə bir cavab verdi: “366-cı alay lazım olduğu qədər Stepanakertdə qalacaq” (Vəliməmmədov, 2019:36). Bu görüşdən 11 gün sonra Xocalı əməliyyatında bu polkun iştirakı Azərbaycanı cəzalandırmaq niyyəti daşıyırdı. Polkun komandiri Xocalıya hücumda iştirak edilmədiyini bildirsə də hadisə şahidləri tamamilə əksini bildirir. Xocalıdakı əməliyyatda 366-cı alayın 2-ci və qismən 3-cü taboru iştirak etmişdi. Qismən iştirak edən 3-cü taborun komandiri, kapitan Yevgeni Nabokix 1,5 milyon dollar mükafat almışdı.[10] O Xocalı ələ keçiriləndən sonra valideynlərini və erməni həyat yoldaşı ilə birlikdə Cənubi Amerikaya qaçdı.
2-ci taborun komandiri, mayor Ohanyanın rəhbərlik etdiyi qrup isə əməliyyatda tam olaraq iştirak etmişdi. 2-ci taborun demək olar ki, hamısı ermənilərdən ibarət idi. 366-cı alayın zabiti, kapitan Markuşin yuxarıda sadalan hadisələrin hər birinə şahid olmuşdu. 366-cı alayın kapitanı olmuş Sergey Tuşov isə hadisələri belə xatırlayır: “Alayın 75-80 faizi ermənilərdən ibarət idi. 1991-ci ilin sonlarından etibarən alayda psixoloji vəziyyət pisləşməyə başlamışdı. Zabitlər demək olar ki, hər gün sərxoş vəziyyətdə olurdular. Pulsuzluqdan alaya aid silah, sursat və hərbi texnika ermənilərə satılırdı. 23 fevralda alayın taborlarının yeri dəyişdirildi. Birinci tabor Çanaqçı kəndinə, üçüncü tabor isə Xocalı şəhəri yaxınlığındakı Ballıca kəndində yerləşdirildi. 1 martda ermənilər alayı tamamilə tutdular. Mayor Ohanyanın komandanlıq etdiyi ikinci tabor könüllü olaraq bütün texnika və silahlarla birlikdə ermənilərin tərəfinə keçdi. 2 Martda 366-cı alayın bütün heyəti helikopterlərlə Gürcüstanın Vaziani şəhərinə aparıldı. Yerevana gedən mayor Arutyunov, kapitan Arutyunyan və zabit Petrosyan xaric bütün ermənilər Stepanakertdə qaldı.” (Axundova, 1993:53-54).
Rus mənbələrində də 366-cı alayın Xocalı əməliyyatında iştirak etməsi barədə məlumatlar verilir. “Krasnaya Zvezda” qəzetinin 11 mart saylı nömrəsində qeyd edilir: “Bölgə komandanlığının qəti əmrlərinə baxmayaraq 366-cı mexanikləşdirilmiş piyada diviziyasının bəzi hərbçilərinin Xocalı yaxınlığındakı döyüşlərdə Qarabağ ermənilərinin tərəfində iştirak etdiklərini söyləmək lazımdır. Bununla bağlı ən azı iki belə hal qeydə alınıb. Alayın Stepanakertdən çıxarılması zamanı desantçılar bir neçə hərbçinin ciblərini yoxladıqları zaman onlarda xarici valyuta da daxil olmaqla böyük miqdarda pul tapdılar ”(Axundova, 1993:61-62).
Prezident Mütəllibovun fikrincə, Xocalı faciəsi Rusiyanın Azərbaycana verdiyi cəza idi. Ona görə, AXC Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması barədə razılaşmaya qoşulmasına razılıq versəydi 366-cı alay Xankəndindən çəkilər və Xocalı faciəsi də baş verməzdi (Vəliməmmədov, 2019:46). Bununla belə indi də Rusiyanın bu prosesdə əli olması barədə konkret dəlil yoxdur. Human Rights Watch daxil bütün humanitar təşkilatlar hadisədə iştirak edən rus hərbçilərinin komandanlığın əmrindən çıxaraq bunu həyata keçirdiyini qeyd edir.
Ermənilərin məsuliyyəti Azərbaycanın üzərinə atma cəhdi
Ermənilər Xocalıya hücum zamanı mülki şəxslərin zərər çəkdiyini etiraf etsələr də bu hərbi cinayətləri törədənlər barədə heç bir tədbir görmədilər.[11] Onlar adətən azərbaycanlıları Xocalı sakinlərini canlı qalxan kimi istifadə etməkdə ittiham və həyatını itirən şəxslərin bir qisminin Azərbaycan bölmələri tərəfindən öldürüldüyü iddia edirlər.
Bu iddialar xüsusən də erməniyönümlü jurnalistlər və yazarlar tərəfindən müasir dövrdə də qabardılır. Ayaz Mütəllibov çex jurnalist Dana Mazalovaya verdiyi müsahibədə Ağdam yolunda qalan meyitlərin daha sonra eybəcər hala salındığını əsas gətirərək bunda müxalifəti günahlandırmışdı.
Ermənilərə duyduğu simpatiyanı gizlətməyən Mazalova, bu sözlərdən sonra Xocalı qətliamının azərbaycanlıların özü tərəfindən törədilməsi nəticəsinə varmış və müsahibəni bu formada tirajlamışdı. Ermənistan da eyni mövqedən çıxış edirdi. Hətta bu versiyanı rəsmi şəkildə Human Rights Watch-a ünvanladığı məktubla müdafiə edirdi.
Human Rights Watch Ermənistan hökümətinə göndərdiyi cavab məktubunda Qarabağ ermənilərinin etdiyi əməli azərbaycanlıların üzərinə atmaq cəhdinə təəccübləndiklərini, bu qətliamın məsuliyyətinin birbaşa Dağlıq Qarabağ ermənilərinin üzərində olduğunu bildirmişdi.[12]
Ayaz Mütəllibov isə Mazalovanın müsahibəni təhrif etdiyini demiş, Xocalıdakı qətliamın məsuliyyətini azərbaycanlıların üzərinə atmağı isə müstəsna həyasızlıq adlandırmışdı. Buna baxmayaraq həm Ermənistanın eks prezidenti Serj Sarkisyanın, həm də digər erməni hərbçilərinin açıqlamaları qətliamın bilərəkdən törədildiyini açıq şəkildə göstərir. Serj Sarkisyan Xocalı qırğını barədə bunları deyirdi: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik. Bax bu da baş verdi.” (De Vaal, 2008:201).
Bundan başqa Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıya hücumun 26 fevralda həyata keçirilməsini Sumqayıta hadisələri ilə bağlayırdı. Bu gün qisas almaq üçün seçilmişdi (Melkonian, 2005:214.) Elə Xocalıya hücumda iştirak edən ermənilərin bir qismi də Sumqayıt qaçqınları idi (De Vaal, 2008:199-201).
Svante Cornell Xocalı qətliamının ermənilər üçün əhəmiyyətini belə açıqlayır: “Ümumilikdə Xocalı qırğını erməni ordusunda düşmənlə bağlı qorxu və vahimə hissi yaratdı. Bu Qarabağ ermənilərini 1993-cü ildə işğal etdikləri regionlarda mülki şəxslərlə bağlı problemlərdən qurtardı. Erməni qoşunları yaşayış məntəqəsinə yaxınlaşanda dinc azərbaycanlılar Xocalı kimi qırğından qorxduqları üçün evlərini tez-tələsik tərk etdilər. Xocalı qətliamının məqsədi belə bir qorxu mühiti yaratmaq idi.” (Cornell, 2000:83).
Xocalı barədə Azərbaycan ictimaiyyətinə danışılan yalan
Xocalıda baş verənlər bir müddət Azərbaycan ictimaiyyətindən gizlədildi. Xocalı ilə bağlı ilk rəsmi məlumat daxili işlər naziri Tofiq Kərimov tərəfindən 26 fevral 1992-ci il tarixində axşam saat 18 radələrində yayımlandı: “Xocalıya ermənilər hücum edib, iki nəfər ölüb və bir neçə nəfər yaralanıb. Vəziyyət kritik olsa da çaxnaşmaya səbəb yoxdur”. Prezidentin mətbuat katibi Rasim Ağayev bu məlumatın üzərində bəzi dəyişikliklər edərək mediada yayımlanmasını təklif edir. Bir müddət sonra saat 19:00-da Kərimov başqa bir xəbər uydurur: “Bizimkilər Xocalıya iki helikopter endirməyi bacardı, Azərbaycan ordusu Əsgəran istiqamətində hücuma keçdi. Xocalı müdafiəçilərinin əhval-ruhiyyəsi yüksəkdir, şəhəri qorumağı bacardıq”. Bu məlumatlar əsasında Rasim Ağayev Xocalının nəzarət altında olduğunu və yalnız iki nəfərin öldüyü barədə rəsmi bir açıqlama yayımlayır. Xocalı hadisələrinin araşdırılması üzrə parlament komissiyasının hesabatında DİN sədri Tofiq Kərimov Xocalı ilə bağlı həqiqətləri gizlətmək cəhdini belə açıqlayırdı: “Prezidentin nə qədər xəstə olduğunu görürdüm, ona baxdım və əsəbiləşdirmək istəmədim. Buna görə də onu sakitləşdirmək üçün yalnız iki nəfərin öldüyünü söylədim” (Vəliməmmədov, 2019:45).
Xocalının geri qaytarmaq planları və Mütəllibovun istefası
Mütəllibov Xocalının işğalında Rusiya amilini nəzərə alaraq 28 fevral 1992-ci ildə marşal Şapoşnikova Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin qoşulması barədə teleqram göndərdi. Mütəlibovun sözlərinə görə, marşal Şapoşnikov Azərbaycan prezidentinin bu qərarını məmnunluqla qarşıladı. Şapoşnikov 366-cı alayın Stepanakertdən çıxarılmasına və Xocalının yenidən Azərbaycana qaytarılmasına söz verdi. Şapoşnikovla danışıqlarda 23-cü motoatıcı diviziya və 104-cü hava-desant diviziyasının köməyi ilə Əsgəranı və Xocalını azad etmək üçün ortaq əməliyyat keçirilməsinə qərar verildi. Bu danışıqlardan sonra 23-cü motoatıcı diviziya və 104-cü hava-desant diviziyası bölmələrinin Ağdama köçürülməsinə başlandı. Martın 3-də ordu generalı Nikolay Popov Ağdama gəldi. Ağdam rayonunun nümayəndələri ilə görüşdə general Popov ona tapşırılan vəzifəni yerinə yetirəcəyini və Azərbaycana kömək edəcəyini söylədi. Lakin Bakıda baş verən hadisələr buna imkan vermədi (Vəliməmmədov, 2019:46).
5-6 mart 1992-ci ildə Azərbaycan Ali Sovetinin sessiyası keçirildi. Ali Sovetin binası AXCP və AMİP-in çoxsaylı tərəfdarları tərəfindən mühasirəyə alındı. Nümayişçilər prezident Ayaz Mütəllibov istefa edənə qədər millət vəkillərini və prezidenti Ali Sovetin binasından buraxmayacaqlarını elan etdilər. İclasın ilk dəqiqələrindən AXCP millət vəkilləri təşəbbüsü ələ aldılar. Onların istəyi ilə Xocalı sakinlərinin öldürüldüyü yerdə Çingiz Mustafayev tərəfindən lentə alınan kadrlar nümayiş olundu. Müxalifət partiyalarının üzvləri çıxışında Mütəllibova qarşı böhtanlar atmağa başladı.
İsgəndər Həmidov prezidenti yəhudi lobbisinə işləməkdə, Etibar Məmmədov isə onu Xocalını ermənilərə satmaqda günahlandırdı. Şadman Hüseynov Mütəllibovu Moskvaya işləməkdə, Tofiq Qasımov isə rus imperializminə xidmət etməkdə günahlandırdı.
Parlamentdə sabahadək fasilə elan edilsə də parlament binasını mühasirəyə alan insanlar millət vəkillərinin binadan çıxmasına imkan vermədilər. Buna görə millət vəkilləri və prezident parlamentdə gecələməli oldu. Qarşıdurma 6 mart 1992-ci il tarixində də davam etdi. 6 mart 1992-ci il axşam saatlarında müxalifətin davamlı təzyiqlərindən sonra Mütəllibov istefa verməyə məcbur oldu. Bakıda bu hadisələr baş verərkən Rusiya ordusu Əsgəran və Xocalı əməliyyatını həyata keçirirdi. 3-4 mart 1992-ci il tarixində böyük bir rus qoşun karvanı Ağdama gəldi. (Ağdama gələn rus ordusunun kadrlarını buradan izləyə bilərsiniz). Ağdam komendantı Camal Əhmədovun dediyinə görə, hərbi karvan 125 ədəd texnikadan ibarət idi. Rus ordusu Ağdamın Şelli kəndi ərazisində durdu və hərbi əməliyyatlar başlandı.
6 mart 1992-ci il tarixində, saat 12 radələrində Əsgərana hücum başladı. Məqsəd Əsgəran və Xocalını, eləcə də Ağgədik və Daşbaşının əhəmiyyətli yüksəkliklərini ələ keçirmək idi. Hücum zamanı erməni dəstələrinin müdafiəsi xətti qırıldı və qoşunlar Əsgərana daxil oldu. Ancaq axşam saat 6 radələrində Mütəllibovun istefası xəbəri gəldikdən sonra Rusiya ordusu cəbhədən çəkildi. AXC Ağdam şöbəsi üzvlərindən biri, Təhmasib Novruzov hadisəni belə xatırlayır: “6 mart 1992-ci il axşamı Bakıya zəng vurdum. Oqtay Qasımov, Pənah Hüseynov, İsa Qəmbər, İsgəndər Həmidovla danışıqlar apararaq Mütəllibovun istefa tələbini əməliyyat bitənə qədər geri götürməsini istədim. Ancaq onları inandıra bilmədim. Artıq gecə saatlarında ermənilər Əsgəran üzərində tam nəzarəti bərpa etdilər.”
Beləliklə, daxili çəkişmələr səbəbi ilə Azərbaycan Qarabağ müharibəsindəki vəziyyəti kökündən öz xeyrinə dəyişdirmək və Əsgəranla Xocalı üzərində nəzarəti ələ keçirmək fürsətini itirdi. (Vəliməmmədov, 2019:47).
İstifadə edilən ədəbiyyat
Cornell, Svante (2000) Small Nations and Great Powers_ A Study of Ethnopolitical Conflict in the Caucasus.
De Vaal, Tomas (2008), Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında.
Human Rights Watch/Helsinki (formerly Helsinki Watch) Report (1992) Bloodshed in the Caucasus.
Human Rights Watch (1994) Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh.
Melkonian, Markar (2005) My Brother’s Road: An American’s Fateful Journey to Armenia.
Ахундова, Эльмира (1993) Ходжалы. Хроника геноцида.
Тер-Тадевосян, Аркадий (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.
Велимамедов,Мамед (2019), Очерки по Карабахской войне.
Qeydlər
[1] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf ,s.4
[2]Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf
[3] http://anl.az/xocali/x_qazet/Azerbaycan.-2009.-22fevral.-S.3..pdf
[4] http://www.anl.az/down/meqale/kredo/2019/fevral/636171(meqale).pdf
[5] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf,s.3.
[6] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf,s.5.
[7] European Courts of Human Rights, Case of Fatullayev v. Azerbaijan, Application no. 40984/07, Strasbourg, 22 April, 2010
https://dejure.az/ru/node/1370
[8] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf,s.8.
[9] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf,s.7.
[10]Татьяна Чаладзе: «За резню в Ходжалы российский комбат получил полтора миллиона долларов»
[11] Доклад Правозащитного Центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооруженными формированиями https://memohrc.org/sites/all/themes/memo/templates/pdf.php?pdf=/sites/default/files/402_source_0.pdf,s.9.
[12] Response to Armenian Government Letter on the town of Khojaly, Nagorno-Karabakh, https://www.hrw.org/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh