Azərbaycan ilə Ermənistan arasında yolların və kommunikasiyaların açılması, əslində, reallıqdan çox PR aksiyasıdır və burada detallara diqqət etmək lazımdır.
Nikol Paşinyan deyir ki, bu razılaşma, bizim Rusiya ilə yolumuzu açacaq. Erməni mallarını Rusiyaya çatdıracaq bu yol Naxçıvandan, təxminən 200 km, daha sonra Meqri dəhlizi ilə, daha sonra isə Bakı şəhəri daxil olmaqla, bir neçə yüz kilometr Azərbaycan ərazisindən keçməli olacaq. Yəni yol tamamilə Azərbaycanın nəzarətində olacaq, bu isə o deməkdir ki, təhlükəsizliyə heç bir zəmanət yoxdur. Azərbaycanın bu razılaşmadan qazandıqları ilə, bizim əldə etdiklərimizi müqayisə etmək səhvdir, çünki Azərbaycan malları 9 noyabrdakı razılaşma ilə təsbit edilmiş və Rusiya FSB-sinin bölmələri tərəfindən nəzarət olunacaq 48 kilometrlik Meqri dəhlizi üzərindən keçəcəkdir.
Deməli, onların Ermənistan ərazisindən keçməsi üçün təhlükəsizlik zəmanəti olacaq, ancaq bizim onların ərazisindən keçməyimiz üçün təhlükəsizlik zəmanəti yoxdur. Təhlükəsizlik zəmanətinin olmaması yalnız insanlar üçün risklər daşımır, həmçinin daşınan məhsullar da onların ərazisində qarət oluna, zədələnə bilər, hələ mən, tez xarab olan qidanın bu yol üzərindən daşınmasının mənasızlığından danışmıram.
Yəni, iqtisadi mənada belə bir yol bizə heç bir fayda gətirməyəcək. Soyuducu avtomobillərdən istifadə olunsa belə məhsulların təyinat nöqtəsinə salamat çatacağına zəmanət yoxdur. Bunu 1980-ci illərin sonunda, maşınlar saxlanılanda, elektrik enerjisi kəsiləndə və bütün mallar çürüyəndə gördük.
Bundan əlavə, Ermənistanın özünün heç bir dəmiryolu qatarı yoxdur, hətta bircə dənə vaqonu da yoxdur. Bütün dəmir yolları 2008-ci ildə ruslara verildi. Burada sual yaranır – Cənubi Qafqaz Dəmir Yolu şirkəti hər hansı sərmayə üçün hazırdırmı? Təcrübə göstərir ki, yox. Bu şirkət 2008-ci ildən bəri Ermənistan Dəmir Yollarının güzəştli idarəçiliyi ilə məşğuldur və İrəvan-Gümrü xəttində, hələ 60-cı illərdən qalmış, hətta Rusiya standartları ilə də qadağan edilmiş qatarlar istifadə olunur. Onları yüngülvari boyayıb istifadə edirlər. Bundan əlavə, bizim mallar və avtomobillər Azərbaycan ərazisində korlanarsa, zərəri kim kompensasiya edəcək?
Beləliklə, sözügedən kommunikasiyaların açılması layihəsinin məqsədi nədir?
Məqsəd böyükdür. Bu layihə ilə Azərbaycan Naxçıvanla birbaşa əlaqə təmin edəcək. Hazırda onların rabitəsi baha başa gələn hava yolu ilə həyata keçirilir. Yeni yol isə onların rahatlığını təmin edəcək.
Hazırda Naxçıvan boşalır, bu layihə isə Naxçıvana həyat gətirəcək, bu isə bizim üçün təhlükəlidir. Zəngəzur və Artsax (ermənilərin Qarabağa qoyduqları ad – red.) çiçəklənən Naxçıvanın fonunda viran görünəcək. Bundan əlavə, Culfadan İğdıra, oradan da qərbə doğru dəmir xətti çəkiləcək və Qarsla birləşəcək, yəni bu yol Ermənistanı görməyəcək. Onlar müvəqqəti olaraq Qars-Gümrü yolundan istifadə edə bilərdilər, amma bunun mümkün olduğunu düşünmürəm.
Bundan əlavə, heç kim Meqri ərazisindən keçəcək dəmir yolunun 48 kilometrlik hissəsini kimin maliyyələşdirəcəyi ilə maraqlanmır. De yure bura, Ermənistan ərazisidir və ona faktiki olaraq biz yox, ruslar nəzarət edir. Bu xərcləri də bizə yükləyəcəklər. Nrnavandan Horadizə qədər 100 km dəmir yolu relslərini əlimizdən aldılar. Azərbaycan onları yenidən döşəyəcək, amma xərcin bizim boynumuza qoyulmayacağına kim zəmanət verə bilər? Onlar deyir ki, 100 km-in bərpasına 345 milyon dollar lazımdır, halbuki mütəxəssislər 1 km-ə 200-250 min dolların kifayət etdiyini bildirir. Yəni 20-30 milyon dollar bəs eləməlidir. Niyə qiyməti 10 dəfə çoxaldıb bizim ayağımıza yazırlar?
Deməli, bütün bunlar, danışıqlardakı fiaskomuzu gizlətmək üçün hökumətin bizə danışdığı nağıllardır.
Türkiyə ilə sərhədin açılmasından da danışırlar. Türkiyə ilə sərhədimiz bağlı olsa da, bu ölkə ilə əlaqələrimiz həmişə olub, Türkiyənin Ermənistana ixracatı isə illik 300 milyon dollar təşkil edib. Biz yalnız 3 milyonluq ixracat etmişik. İndiyə qədər yollar bağlı idisə, Türkiyədən idxal necə həyata keçirilirdi? Deməli, söhbət yolun açıq ya da bağlı olmasından getmir. Bizə isə yolların açılacağı təqdirdə ixracata başlayacağımız haqda nağıllar danışılır. Biz heç bir şey ixrac etməyəcəyik, bu haqda danışmazdan əvvəl ölkəni qaydaya salmaq lazımdır. Türkiyə, Ümumdünya Ticarət Təşkilatına üzv olarkən bir sıra mallar üçün öhdəlik götürüb, biz isə bu şərtləri qəbul etməmişik. Yəni, biz Türkiyədən gələn mallara yalnız 10% rüsum qoya biləcəyimiz təqdirdə, onlar bizim mallara 300%-ə qədər rüsüm qoya bilərlər. Beləliklə, nəzəri olaraq Türkiyəyə ixrac edəcəyimiz və onların rüsüm qoyacağı mallarımız orada satılmayacaq.
Sərhədin bağlı olmasının müsbət yaxud mənfi cəhətlərinə gəlincə isə, əminəm ki, indiki vəziyyətdə sərhədin qapalı qalması bizə sərf edir, çünki fermerlərimizi iflasdan qoruyur. Qərbi Ermənistanda, iqlim şəraiti daha az xərclə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün əlverişlidir. Bundan əlavə, Türkiyə kapitalının Ermənistana nüfuz etməsinə icazə verirsənsə, deməli, onlara burada əmlak almaq hüququ da verirsən, bu halda isə tezliklə Ermənistandan bir şey qalmayacaq.
Sünik sakinləri əsasən İran yük maşınlarının tranzitindən dolanırlar. Dəmir yolunun açılması isə bu axını azaldacaq və Zəngəzur, nəqliyyat marşrutlarından kənarda qalacaq. Bu isə miqrasiyaya səbəb ola bilər. Sünikdə bir çox insan onsuz da torpaqlarından məhrum edilib, adamlar işsiz qalıb. Azərbaycanlılar da sərhəd zonasında avtomobillərə atəş açmağa başlasalar, panika yaranacaq və yük maşınlarının hərəkəti dayanacaq.
Ara Papyan, “Modus vivendi” (Ermənistan) mərkəzinin rəhbəri
Lragir.am