2020-ci il dünya üçün yeni virus yoluxması ilə başladı. 31 dekabr yeni il gecəsi və Dünya azərbaycanlılarının həmrəylik günü Ümumdünya Səhiyyə Təşkilatı Çinin 11 milyon əhalisi olan kiçik əyalət şəhəri olan Wuhanda bir neçə atipik pnevmoniya halının qeydə alındığı barədə bildiriş aldı. Beynəlxalq nomenklaturada 2019-nCoV olaraq qeyd olunan Wuhan koronavirusu bir ay ərizində Çində və bütün dünyada epidemiya həyəcanı yaratdı. Bu günədək rəsmi yoluxma hallarının sayı 6057 nəfər olaraq təsdiqlənib. Amma ümumilikdə 9239 nəfərin yoluxduğu ehtimal olunur. Ən pisi isə bu rəqəmlərin sürətlə artmasıdır. Hələ 2 gün əvvəl rəsmi təsdiqlənmiş yoluxma hallarının sayı 4576 idi. Bu günə kimi ölənlərin sayı isə 132 nəfərdir.
Kimdir müqəssir?
Koronaviruslar insan və heyvanları yoluxduran və adətən yüngül gedişli respirator simptomlarla müşayət olunan xəstəlik törədiciləridir. Kürə formasında olan virusun üzəri glükoprotein çıxıntıları ilə örtülüdür ki, bu da onu taca bənzədir. Koronavirus adı da buradan gəlir. Şəkildə 2019-nCoV`un mikroskop altında şəklini görürsünüz.
İlk təhlükəli koronavirus epidemiyası 2002-ci ildə yenə də Çində başlamış SARS (Severe Acute Respiratory Syndrome), yəni ağır kəskin respirator sindrom oldu. SARS o zaman ümumilikdə 8437 adama yoluxdu və onlardan 813-nün ölümünə səbəb oldu. Beləliklə SARS tipli koronavirusun letallıq faizi 6-15% civarında qiymətləndirilir.
İkinci həyəcan siqnalı 2012-ci ildə Səudiyyə Ərəbistanından gəldi. Burada dəvədən insana keçmək yoluyla yayılmış MERS (Middle East Respiratory Syndrome), yəni yaxın şərq respirator sindromu bu günədək 2494 insanı yoluxdurdu və 858 nəfərin ölümünə səbəb oldu. MERS daha az kontagioz olduğu üçün yoluxma intensivliyi zəifdir, amma ölümcüllüyü daha yüksəkdir – 27-40%.
2019-nCoV`un daha əvvəlki qardaşlarından əsas fərqi yüksək yoluxuculuq qabiliyyətidir. Əgər MERS`ə 2012-ci ildən bu yana cəmi 2494 insan yoluxmuşdusa, 2019-nCoV`a yalnız bir ay ərizində 6057 nəfər yoluxub.
Amma yaxşı xəbər ondan ibarətdir ki, görünür son virusun ölümcüllük faizi aşağıdır. Hər halda bu günədək olan statistika göstərir ki, bu rəqəm 3%-dən azdır. Amma bu vəziyyət dəyişə də bilər. Bu xəstəliyin sonrakı gedişindən asılıdır. Hal hazırda 60 nəfərin tam sağaldığı barədə məlumat təsdiqini tapıb.
Ölənlər əsasən uşaqlar və yaşlılardır ki, bu da həmin qism insanların immun sisteminin zəifliyi ilə əlaqədardır.
Panikaya əsas varmı?
Hələ ki, buna səbəb yoxdur, amma virusun asan ötürülməsi, onun qısa müddətdə böyük ərazilərdə yayılması perspektivini açır. Daha bir problem ondadır ki, bu tip respirator infeksiya zamanı xəstəliyin simptomsuz dövrü xeyli uzun olub 6-12 gün təşkil edir. Bu zaman heç bir əlamət olmadığından məsələn hava limanlarında quraşdırılmış termosensorlar heç nə qeydə almır. Nəticədə virus bu müddət ərizində rahat səyahət edə bilir.
Xəstəlik necə baş verir?
Ümumiyyətlə viruslar yoluxmuş insanın hüceyrələrini öz məqsədləri üçün istifadə edirlər. Onlardan bəziləri bu zaman hüceyrəyə az ziyan vurur, bəziləri isə onu məhv edir. Koronavirus hüceyrəni məhv edən virus növüdür. Ona görə də bu törədiciyə yoluxmuş insanın ağciyər hüceyrələri (alveollar) sürətlə məhv olur ki, bu da özünü kəskin ağciyər iltihabı – pnevmoniya kimi göstərir.
Müalicəsi varmı?
2019-nCoV`a qarşı spesifik müalicə vasitəsi hələ ki, mövcud deyil. Bütün dünya mikrobioloqları, immunoloqları və virusoloqları hal-hazırda bu problem üzərində işləyirlər. Təcrübə göstərir ki, geniş spektrli antibiotiklər və steroid iltihab əleyhinə vasitələr müsbət effekt verir. Virusəleyhinə dərmanlardan Ribavirinin daha effektiv olduğu barədə məlumatlar gəzir. Amma Ribovirin çox toksik maddədir. Hamiləlik zamanı istifadəsi dölün ölümü ilə nəticələnə bilər. Bundan başqa bu dərman qanyaranma prossesinə də mənfi təsir edir.
Bəs vaksin?
Vaksin hələ ki, mövcud deyil. Ən optimistik proqnozlara görə ilk vaksinin insanlar üzərində tətbiqi 3 aydan sonra mümkün ola bilər. Normalda isə bu 2-3 ilin məsələsidir. İmmun preparatlar uzun təcrübə dövrü keçməlidir.
Virusun yayılmasının qarşısı necə alınır?
Xəstəliyin baş qaldırdığı və ən çox yayıldığı Çin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusən də ÜST`lə sıx əməkdaşlıq edir. Wuhan şəhərində karantin rejimi elan edilib və əhalinin hərəkət etməsinə nəzarət edilir. Xəstələr izolyasiya edilir. Virusun yüksək yoluxuculuq qabiliyyətinə sahib olması həm də o deməkdir ki, epidemioloji baxımdan yoluxmuş insanların dərhal stasionara yatırılması üçün kifayət qədər xəstəxana çarpayı yeri olmalıdır. Buna görə də Çin höküməti şəhərdə 24 saat gücləndirilmiş rejimdə ümumi sahəsi 25000 kvadrat metrlik 1000 çarpayılıq xəstəxana tikir. Xəstəxananın fevralın 3-də istifadəyə veriləcəyi bildirilib. Tikintini canlı buradan izləmək mümkündür.
Bəs biz indi nə edək?
Əvvəl də qeyd etdiyim kimi hələ ki, panikaya əsas yoxdu. Əgər yaşadığınız ölkədə yoluxma halları qeydə alınmayıbsa və siz Çinə səfər etmirsinizsə, ümumiyyətlə xüsusi profilaktikaya ehtiyac yoxdur. Yoluxma hallarının 98%-i Çində qeydə alınıb. Ümumi profilaktika tədbirləri isə insanların çox toplaşdıqları yerlərdən mümkün qədər uzaq durmaq, gündəlik gigiena qaydalarına riayət etməkdir.
Və sonda
Viruslar o qədər primitiv orqanizmlərdir ki, onları təkhüceyrəli adlandırmaq da çətindir. Bu həm də o deməkdir ki, viruslar çox tez mutasiya edib yeni formalara çevrilə bilir. Çin koronavirusu həqiqətən də təhlükəli epidemiya və hətta pandemiyaya səbəb ola bilər. Amma son illərin təcrübəsi göstərir ki, biz belə epidemiyaları lokallaşdırmaqda xeyli uğur əldə etmişik. Tibblə bərabər informasiya və kommunikasiya vasitələrinin yüksək inkişafı bu istiqamətdə məlumatların ötürülməsini asanlaşdırıb.
Wiley nəşriyyatı bu virus barədə bütün mənbələrə girişi hamı üçün pulsuz edib. Tanış olmaq istəyən bu linkdən yararlana bilər.
Dünya üzrə yoluxma və ölüm hallarını göstərən interaktiv xəritə isə buradadır.
P.S. Çində koronavirus epidemiyasına sevinən müsəlmanlara isə demək istərdim ki, bu virus sizin qapınızı döyəndə dininizin sizə kömək olacağı ehtimalı çox azdır. Belə bir ehtimal var, amma çox azdır.