Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
“Poçt qutusu” hekayəsini yəqin ki, hamınız oxumusunuz.
Aradan 100 il keçib, amma hələ də o hekayənin qəhrəmanı Novruzəli Azərbaycanda yaşayır.
İçimizdədi, yanımızda, bir addım uzağımızdadı.
Yaxşı vəzifədə işləyir, yaxşı maaş alır. Beynəlxalq məsələlər həll edir, taleyüklü işlər tapşırılır ona.
Qalstuku da var, isti kabineti də. Dost-tanış arasında hörməti də…
Amma bütün bunlar onu Novruzəlilikdən xilas etmir. Ola bilmir, çünki ruhundadı, genindədi…
…AÇ-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.
Eddi İsrafilovun yerinə Elvin Camalovun adı siyahıya salınıb.
Bura qədər hər şey normal görünür. Hər komandanın heyətində dəyişiklik ola bilər. Amma…
İsrafilovun millidən niyə uzaq düşməsi özü maraqlı məsələdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bununla bağlı açıqlaması maraqlıdır:
“Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete” klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib”.
Açıqlamadakı cümlənin əcaibliyi bir tərəfə. Bu qədər uzun, budaq cümlə qurmaq yerinə iki-üç hissəyə bölüb, normal izah etmək də olardı. Nəysə, deyək ki, rəsmi açıqlamadı, bir az “cafcaflı” olmasını istəyiblər.
Mənim diqqətimi çəkən əsas məqam texniki problem məsələsidir. Müraciət məktubu texniki problem səbəbindən yubanıb, oyunçunun milliyə qoşulması da ləngiyib.
Görəsən bizim AFFA-da bu işlə məşğul olanlar, sözügedən departamentin işçiləri məktubu necə yollayıblar ki, bu qədər ləngiyib?
Bəlkə göyərçinlə? Olar da hava şəraiti səbəbindən yubanmalar mümkündür. Göyərçinlə məktublaşmaq ən qədim ünisiyyət vasitələrindən biri olsa da, görünür bizimkilər bu nostalgiyadan əl çəkə bilmirlər.
Ya da ola bilsin məktubu poçtla yola salıblar. Üstəlik qutuya atmaq üçün Novruzəlini yollayıblar. Bayaq yuxarıda bəhs etdiyim, isti kabineti, qalstuku olan Novruzəlini.
O binəva da nə bilsin axı poçt nədi, məktub nədi? Eləcə oturub qutunun yanında gözləyib, gözləyib, gözləyib, axırda da işlər belə gətirib ki, İsrafilov milliyə gecikəsi olub.
Elə bilirsiniz ola bilməz? Nə yalan deyim, mən inanıram belə bir ehtimala.
Siz elə bilirsiniz ki, AFFA-dakı hansısa departamentlərdə işləyənlərin hamısı müasir texnologiyanı, kompüteri bilir?
Araşdırsaq, görərik ki, ordakıların bəzilərinin ümumiyyətlə email haqqında məlumatları yoxdur. Fax nədir, necə yollanır, onu da bilmirlər.
Yuxarıda AFFA-nın açıqlamasında bəhs etdiyi prosedur qaydası əslində necədir? İzah edim. Əgər hansısa klubun oyunçusu yığma komandaya dəvət olunursa, bununla bağlı kluba müvafiq email göndərilir. Klub da müəyyən vaxt ərzində buna cavab verir ki, oyunçunu yollaya bilirik, ya yox? Bu qədər sadə.
Amma görünür bizim Novruzəlinin email yollamaqdan, ona cavab almaqdan həqiqətən başı çıxmır.
Başı çıxsa, hər şey cəhənnəm, belə gülünc açıqlama ilə özünü məsxərə obyekti etməzdi.