Qonşuluğumuzda 72 yaşlı bir qadın tək yaşayır. Nə zaman onunla qarşılaşsam, ya odun yardığını, ya da hansısa fiziki işlə məşğul olduğunu görürəm. Kömək təklif etdikdə isə, əsəbi şəkildə “səncə, mən özümü idarə edə bilməyəcək qədər qocayam?!” deyir. Bu qadını gördükcə istər-istəməz nəinki qocalıb əldən düşdükdə, eləcə də orta yaş dövrlərindən etibarən övladlarının qayğısını, onlarla birlikdə yaşamasını tələb edən orta-statistik azərbaycanlı valideynlər yadıma düşür.
Demək olar ki, bütün sosial şəbəkələrdə tez-tez valideynlərinin doğum günləri ilə bağlı paylaşımlar edən insanlarla qarşılaşırıq. Bu tip paylaşımların məğzi, adətən, cəfakeş, dərd çəkən, “yeməyib yedirdən, geyməyib geyindirdən” kimi ifadələrdən ibarət olur. Həyatda sadəcə bir dəfə yaşadığımızı nəzərə alsaq, nə valideynlərin “bütün həyatım boyu sənin üçün çalışmışam” deyib qarşılığında səni mənəvi həbs etmələrini, nə də səmimi şəkildə bütün həyatlarını övladlarına həsr etmələrini anlaya bilmirəm.
Digər tərəfdən, bizim cəmiyyətdə valideynlər üçün ən ali vəzifə övladını böyütməkdir. Əsas odur, böyüsün, mənəvi olaraq necə tərbiyə edildiyinin heç bir fərqi yoxdur, vacib olan fiziki olaraq böyüməsidir. Buna görə də valideynlər məsuliyyətli vətəndaş və mütərəqqi insan yetişdirməkdən başqa hər şey yetişdirirlər – gələcək həyat yoldaşı, ağıllı qız, evinə və anasının sözünə bağlı olan oğlan. O tip insalar üçün dünyaya gətirdikləri övladlar gələcəyə investisiyadır. Xüsusilə oğlan uşaqları. Əsas keyfiyyət yox, kəmiyyətdir.
Valideynlərimiz nə qədər qürrələnsə də, heç birimizin valideyni Mariya Şarapovanın valideyni deyil. Onlar hələ Şarapova uşaq olarkən onun tennisə marağının olduğunu görüb, hər şeylərini satıb kiçik Mariya üçün fəda etmişlər. Biz isə abituriyentlik dövründən etibarən istəmədiyin sahəyə yönəldilməyə, istəmədiyin ixtisası seçməyə məcbur edilməyə, bir mərhələdən sonra bu seçimlərin səni xoşbəxt etmədiyinin fərqinə varmağa, hər kəsi və hər şeyi qarşına alıb öz istədiyin yerlərə yönəlsən belə yenə də nəyinsə yarımçıq qaldığını hiss etməyə məhkumuq. Bu hissələri mən daxil Azərbaycanda bir çox gənc yaşayır.
Bütün bu anlaşmazlıqlara baxmayaraq Azərbaycanda hələ də gənclərin böyük əksəriyyəti valideynləri ilə yaşayır. Burda gənclərin maliyyə azadlığının olmaması bir yana, tək ev kirayələmək istəyən insanların qarşılaşdığı problemlər də ayrı dərddir. Evlərini kirayə verən şəxslərin əsas tələblərindən biri də çox vaxt potensial kirayinişinin tək xanım və ya subay kişi olmaması olur. Azərbaycanda tək və ailəylə yaşayan gənclərlə bağlı əlimizdə statistika olmasa da, az-çox hamı məsələdən xəbərdardır.
Bu məsələylə bağlı digər ölkələrdəki vəziyyətə baxdıqda görürük ki, hal-hazırda dünyada tendensiya əvvəlki illərlə müqayisədə fərqli yöndə inkişaf etməyə başlayıb. Son 10 ilin statistikasına baxsaq bu təmayülün gənclərin valideynləri ilə yaşamağa daha çox üstünlük verməsinə doğru dəyişdiyini görərik. Lakin burada qərb və şərq məişəti arasındakı müxtəlifliyi də nəzərə almaq lazımdır. Qərbdə gənclər valideynləri ilə iqtisadi səbəblər ucbatından bərabər yaşasalar da, bu bir çox şərq ölkələrində ənənəyə uyğun baş verir. Təhsil səviyyəsindən asılı olmayaraq gənclər evlənənə qədər valideynlərlə yaşamağa davam edirlər.[1]
Avropa Birliyinə daxil olan ölkələrdə 2010-cu ildən bəri 18-34 yaşı aralığındakı şəxslər arasında valideynləriylə birgə yaşayanların sayı hər il artmaqdadır. Əgər 2010-cu ildə bu qrupdan olan gənclərin sadəcə 47.5 faizi ailəsiylə birgə yaşayırdısa, 2018-ci ildə bu göstərici 48.2 faizə bərabər olub[2]. 2018-ci il statistikasına əsasən, Avropa birliyi ölkələrində ailəsi ilə yaşayan qadın və kişilər üzrə ən yüksək göstərici Xorvatiyada qeydə alınıb – kişilər üzrə 82.8%, qadınlar üzrə isə 66,9%.
İngiltərədə 90-ların ortalarında gənclərin 10%i ev almaq üçün depozit qoyurdu. Təbii ki, o zaman ev qiymətləri indikindən qat-qat aşağı idi. İndi isə gənclər 25000 funtsterlinqlik depozit qoymaq üçün ev axtarırlar. Çünki minimum depozit 45000 funtsterlinqdən başlayır. Buna görə də onlar valideynlərinin yanına sığınırlar. Ancaq bir məqam da var ki, valideynin evə ekstra xərci çıxır. Araşdırmaçılar bu xərcləri azaltmaq üçün valideynlə yaşayan gənclərə hər ay otaq pulu olaraq 100 funtsterlinq ödənilməsini təklif edir.[3]
Qeyd etdiyimiz kimi, qərb ölkələrində gənclərin ayrı yaşamaq istədikləri halda valideynləriylə birgə yaşamasına təsir edən əsas amil maliyyə azadlığı ilə bağlıdır. Xüsusilə böyük şəhərlərdə yaşayış xərclərinin çox olması bu vəziyyətə təsir edir. Kiçik şəhərlərdə və əyalətlərdə isə evlərin daha böyük və hər kəsə yetəcək qədər məkanın olması gənclərin ayrı evə köçməsini zəruri etmir. Bu məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, bəzi hallarda böyük şəhərlərdə ayrı evdə yaşayan insanlar zərurət olmadığı halda qeydiyyat ünvanını dəyişmir, bu vəziyyət mövzuyla bağlı aparılan statistikaya da təsir edir. Digər bir məqam isə, evlilik yaşının yüksəlməsidir ki, insanlar daha gec yaşlarda evləndiyi üçün daha uzun müddət valideynləri ilə yaşayırlar. Belə ki, əgər 1950-ci illərdə Hollandiyada evlilik yaşı qadınlar üçün 26.9, kişilər üçün 30 idisə, 2018-ci ildə bu göstəricilər müvafiq olaraq 35.2 və 38.2-yə yüksəlib.
Mövzuyla bağlı ABŞ-da aparılan araşdırmada da maraqlı nəticələr ortaya çıxıb. Belə ki, 1940 və 2014-cü illərdə ailəsiylə birgə yaşayan qadınların nisbəti demək olar ki, eynidir. Ancaq səbəb hissəsində dəyişikliklər var. Əgər 20-ci əsrdə qadınların ailəsi ilə birgə yaşamasında əsas amil mühit idisə, hal-hazırda iqtisadi səbəblər daha çox təsir gücünə malikdir. Araşdırmada Avropa Birliyi ölkələri kimi, ABŞ-da da son illər ailəsilylə birgə yaşayan gənclərin sayının artmağa başladığı qeyd edilir. Bu artım ən çox 20-34 yaş arası gənclərdə müşahidə edilir, səbəb isə kolleci və ya universiteti bitirən tələbələrin valideyn evinə geri qayıtması, uzun illər onlarla yaşaması və ayrı evə köçmək üçün büdcələrinin yetərli olmamasıdır. Başqa bir evə köçdükdə isə daha çox insanla yaşamağa və iqtisadi səbəblərə görə evi bölüşməyə məcbur qalırlar.[4]
Təhsili bitirdikdən sonra gənclərin valideynin evinə geri qayıtması “bumeranq effekti” adlanır. Fərqli araşdırmalar göstərir ki, azad olaraq yaşamağa başlayan gənclər daha yaxşı iş imkanları əldə edir, daha sağlam münasibətlər qururlar. Bu da onların daha az depressiv olmasına gətirib çıxarır. Çünki valideynlərdən ayrı yaşamaq onları daha çox pul qazanmağa vadar edir, daim ən yaxşısı üçün çalışırlar. Bu sahədə araşdırma aparan psixoloq Jennifer Caputo deyir ki, bir müddət ayrı yaşadıqdan sonra valideyn evinə qayıtmaq gənclər üçün psixoloji çöküntüyə səbəb ola bilər. O, gənclərin təhsilini bitirdikdən sonra ayrı yaşamalarının tərəfdarıdır. Bu həm də valideyn psixologiyası üçün vacibdir. Təhsilini bitirdikdən sonra evə qayıdan övladlar valideyn üçün də stress, məyusluq və depressiya mənbəyidir. [5]
[1] https://www.verywellfamily.com/how-to-help-your-young-adult-move-out-4134739
[2] http://appsso.eurostat.ec.europa.eu/nui/submitViewTableAction.do
[3] https://www.theguardian.com/uk-news/2019/nov/15/record-numbers-of-young-adults-in-uk-living-with-parents
[4] https://www.pewsocialtrends.org/2016/05/24/for-first-time-in-modern-era-living-with-parents-edges-out-other-living-arrangements-for-18-to-34-year-olds/
[5]https://www.demogr.mpg.de/en/news_events_6123/news_press_releases_4630/news/_boomeranging_back_to_a_parents_home_negatively_affects_young_adults_mental_health_5956