Oxucuların izni ilə Mehdi Hüseynin Yazıçılar İttifaqının iclasındakı ölümü ilə bağlı silsilə yazılarımıza (1 və 2) fasilə vermək və həmin ölüm faktında az rol oynamayan bir məsələyə ayrıca toxunmaq istərdim. Bu o qədər ağrılı, eyni zamanda biabırçı məsələdir ki, onun üzərində həqiqətən də xüsusi dayanmağa ehtiyac var.
Söhbət həmin hadisənin yaşandığı dönəmdə Yazıçılar İttifaqı daxilində hökm sürən daha bir rüsvayçı reallıqdan – yerlibazlıqdan, bölgəçilikdən gedir.
İttifaq daxilində bu “xəstəliyin” kökü daha əvvələ gedib çıxırdı: qurum üzvləri müxtəlif vaxtlarda şərti olaraq “şirvanlılar”a, “qarabağlılar”a, “qazaxlılar”a bölünmüşdü. Yeri gəlmişkən, Sabir Əhmədli “Yazılmayan yazı”da bu məqama belə toxunub: “Respublikada dəstəbazlıq, yerliçilik baş alıb gedirdi. “Bakılı qədeşlər” bir ayrı xətt üstə idilər. Onlar daha artıq respublikada ictimai-siyasi üstünlüyü saxlayıb başçılıq mövqelərini güdürdülər və “rayonlıları, çuşkaları” susdurmaq iddiasındaydılar. Yazıçılar İttifaqına onlar elə də girişə bilmirdilər. Burada baş mövqelər qarabağlıların və qazaxlıların idi. Bunlar da bir-birilə vuruşurdular”.
Süleyman Rəhimovla Səməd Vurğunun ittifaqa növbəli sədrlikləri (birinci 1939-1940 və 1941-44-cü illərdə, ikinci isə 1944-45 və 1945-48-ci illərdə həmin postu tutmuşdular) dönəmində ilk toxumları səpilən “qazaxlı-qarabağlı” qarşıdurması 1950-ci illərin ikinci yarısından daha da alovlandı. Rəhimovla Vurğun yaxın dost olsalar da (ən azından müxtəlif xatirələrdə belə deyilir), ittifaq daxilində gah birincinin qazaxlılara laqeyd münasibəti, gah da ikincinin daha çox öz yerlilərini himayə etməsi barədə söz-söhbətlər dolaşırdı. Nəticədə 1954-1958-ci illərdə Rəhimov üçüncü dəfə ittifaq sədri olduqdan sonra əslən Qazax və Qarabağ bölgəsindən olan yazıçılar arasında qruplaşma dərinləşdi, Mehdi Hüseynin 1958-ci ildə sədrliyə gətirilməsindən sonra isə kulminasiya nöqtəsinə çatdı.
Ürəkağrıdıcı və utancvericidir, lakin reallıqdır!
İttifaq daxilindəki yerliçilik, regionçuluq xəstəliyinin nə qədər rəzil xarakter aldığını görmək, anlamaq üçün yazıçı Cəlal Bərgüşadın yazdıqlarına müraciət edək: “Yazıçılar iki cəbhəyə bölünmüşdülər. Qazax mahalı tərəfə Mehdi Hüseyn, Kürdüstan (? – E.A.) mahalı tərəfə isə Süleyman Rəhimov başçılıq edirdi. O vaxt şair Qasım Qasımzadə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru idi. Qasım Süleyman Rəhimovun böyük nüfuzundan istifadə edib Mehdi Hüseyn barədə “Ədəbiyyat və incəsənət” qəzetində tənqidi məqalələr dərc edirdi. Vəziyyət getdikcə pisləşir, kəskin şəkil alırdı. Belə qeyri-normal, əsəbi və mürəkkəb şəraitdə ittifaqı idarə etmək olduqca çətin idi”.
Elə M.Hüseyn də fürsət düşdükcə S.Rəhimovun yaradıcılığı ilə bağlı sərt tənqidlərdən geri qalmırdı.
“Qazaxlılar bizi məğlub etsələr gərək başımıza papaq qoymayaq” – Cəlal Bərgüşadın yazdığına görə, bunu ona Süleyman Rəhimov deyibmiş…
Bu arada yəqin oxuculara maraqlı gələcək: əslən bakılı olan Süleyman Rüstəmin Süleyman Rəhimovu müdafiə etməsinin sirri nə imiş?
Bunu da Cəlal Bərgüşadın xatirələrindən öyrənirik. Belə ki, “rəhimovçu” Bərgüşad onunla eyni rayondan – Qubadlıdan idi.
C.Bərgüşadın yazdığına görə, Süleyman Rüstəmi öz tərəflərinə çəkməyi ondan S.Rəhimov xahiş edir. Belə ki, Cəlal müəllim S.Rüstəmin qaynı (bacısının əri) idi…
C.Bərgüşaddan sitat: “Süleyman Rüstəmi bizim dəstəyə qoşulmağa mən “məcbur” etmişdim. Süleyman Rəhimov mənə demişdi ki, əgər “Dəmirçi oğlu” (atası dəmirçi olduğundan Süleyman Rüstəmi çox vaxt belə çağırırdılar – E.A.) Mərkəzi Komitənin bürosunda bizi müdafiə etsə, bil ki, qazaxlıların alığını aşıracağıq”.
Bir ədəbiyyat təşkilatındakı dünyagörüşə, mühitə, ab-havaya baxın! Nə qədər üfunətli, nə qədər iyrənc, nə qədər idbardır, deyilmi?
Yeri gəlmişkən, maraqlıdır ki, C.Bərgüşad xatirələrində həm M.Hüseyndən “prinsipial”, “həmişə ədəbiyyatımızın keşiyində möhkəm dayanan” şəxs adlandırır, “ağa qara, qaraya ağ demək onun təbiətinə yad idi” deyə bəhs edir, həm də “Qazax-Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa qəbul etmək” cəhdində günahlandırır, bunu da “seçki zamanı səsvermədə üstünlük qazanmaq” istəyilə əsaslandırırdı.
Halbuki tarixi faktlar M.Hüseynin buna ehtiyacı olmadığını göstərir. Əvvəla, o, müxtəlif bölgələrdən olan nüfuzlu şair və yazıçılar tərəfindən dəstəklənirdi, ən əsası isə ittifaq sədrinin kimliyi onsuz da hansısa seçkidən çox siyasi qərarla müəyyənləşirdi.
İkincisi, M.Hüseyn Azərbaycan SSR-in o vaxtkı rəhbəri Vəli Axundovla yaxın, ailəvi dostluğa malik idi. Bu da ona istədiyi müddətcə sədr postunda qalmağa imkan verirdi. Daha da önəmlisi: ittifaq sədri olduqdan cəmi bir il sonra (1959-cu il) təşkilat daxilindəki intriqa və ixtilaflara dözə bilməyərək az qala hər il vəzifəsindən azad edilməklə bağlı Azərbaycan KP MK-ya müraciət ünvanlayan M.Hüseyn hansı məntiqlə həm də “seçkidə üstünlük qazanmaq üçün” “Qazax-Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa doldurmalı” idi?
Ümumilikdə isə Yazıçılar İttifaqında ilk gündən regionçuluğun, yerliçiliyin at oynatması acı gerçəklikdi və bu həqiqəti heç nə dəyişə bilməz. Elə indi də orada fərqli mənzərə yoxdur (məsələn, 2014-cü ildə qurumun İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlı birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verməsi ilə bağlı müraciətində “Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə etmişəm” yazırdı…).
Yazıçılar İttifaqındakı şərti “şirvanlı – qazaxlı” intriqasının kökü isə 1930-cu illərin sonlarına dayanır. Həmin dövrdə (Bakıdan olan) Süleyman Rüstəmlə (Qazaxdan olan) Səməd Vurğun ətrafında qruplaşmalardan açıq şəklildə danışılırdı.
İş hətta Moskvayadak gedib çıxmış və 1937-ci il iyunun 8-də “Pravda” qəzetində satirik məqalələr və felyetonlar müəllifi olan Qriqoriy Rıklin imzası ilə xüsusi məqalə dərc edilmişdi. Məqalədən sitat: “Yazıçılar ittifaqının idarə heyətində bir-biri ilə çəkişən iki qruplaşma vardır. Bunlardan birinin başında ordenli şair Səməd Vurğun durur. Bu, Azərbaycan sovet ədəbiyyatı üçün çox işlər görmüş talantlı bir adamdır. Lakin Vurğun Bakı olimpində birinciliyini əldən verməkdən qorxur. Bəzən düşmənin tərifləməsini sərt yoldaşlıq tənqidindən üstün tutur.
İkinci qruplaşmanın başında şair Süleyman Rüstəm durur. Bu adam kultur adamıdır. Lakin son zamanda yaradıcılığında geri qalmışdır: az yazır və dayaz yazır. Hər cür çəkişmə onun çox vaxtını alır.
Bu iki qrup öz aralarında didişirlər. Bu didişmə, yaramaz, prinsipsiz, zərərli didişmədir. Vurğun Rüstəmlə vuruşur, üçüncüsü isə gülür.
Bu üçüncü adam, bu və ya digər qruplaşmaya yaxınlaşan düşməndir. Düşmən həm şirin yaltaqlıq və həm də acı qeybət vasitələrini işə salaraq aranı qızışdırır.
Bütün bu çəkişmələrdə Əsəd Axundovun rolu haqqında bir neçə söz söyləmək lazımdır. Əsəd Axundov Azərbaycan dövlət nəşriyyatının müdiridir.
Xüsusən Axundovun vaxtilə müsavatçılarla yaxın münasibətdə olduğu nəzərə alındıqda onun nəşriyyatdakı fəaliyyəti daha şübhəli görünür. Axundov hər cür kontrrevolusion sarsaqlamaları çap edir. O, yazıçılar arasında qrupbazlıq mübarizəsini qızışdırır. Bunun üçün onun xüsusi üsulu vardır: birini camaat qarşısında Azərbaycanın Puşkini, digərini Lermontov, üçüncüsünü Turgenev adlandırır.
Bütün bu yüksək adlar bu gün ona görə verilir ki, sabah Puşkin Lermontovla və bunların hər ikisi təzəcə meydana çıxarılmış Turgenevlə dalaşdırılsın…”
Şərh artıqdır.
Sadəcə onu deyək ki, bu məqalədən bir neçə gün sonra – 14 iyun 1937-ci ildə “Kommunist” qəzeti “Azərbaycan Sovet yazıçılarının yığıncağı” barədə material dərc etmişdi. Həmin materialda açıqca yazılmışdı: “Səməd Vurğunla Süleyman Rüstəm arasında olan prinsipsiz qrup mübarizəsi yığıncaqda xüsusilə tənqid və ifşa olunmuşdur”.
Deyilənlərə görə, S.Rəhimovun Yazıçılar İttifaqına sədrlik etdiyi dönəmlərdə “qazaxlı – şirvanlı” davası xüsusilə körüklənirdi. İddialar belədir ki, “qarabağlı” sədr arxa planda qalır, “qazaxlıların” ittifaqdakı mövqelərini sarsıtmaq üçün “şirvanlılar”dan yararlanmağa üstünlük verirdi. Lakin yazıçının oğlu Aqil Rəhimov vaxtilə mətbuata müsahibəsində belə iddiaları yalanlayıb.
Sonda sadə bir həqiqəti təkrarlamaqda fayda var: yarandığı vaxtdan bu yana donosbazlıq, yerlibaz, qrupbazlıq, tayfabazlıq… kimi hər cür çirkli “bazlığın” yuvası olmuş, sözdə “ədəbiyyat ocağı”, əməldə isə intriqa yuvası kimi fəaliyyət göstərmiş bir təşkilatın günümüzdə hələ də öz mövcudluğunu, üstəlik, dövlət büdcəsi və himayəsi ilə qoruyub saxlaması heç bir məntiqlə izah edilə bilməz. Bu “ölü can”la vidalaşmağın zamanı çoxdan yetişib, lakin hələ də siyasi konyuktura səbəbi ilə onun “dəfn”i yubanır.
İtirən isə təkcə ədəbiyyat deyil, bütövlükdə cəmiyyətdir.
Çünki həmin “ölü can” öz vucudunda yuxarıda sadaladığımız zərərli “bazlıqlar”ı, xəstəlikləri yaşatmağa davam edərək hələ də ətrafa üfunət saçmaqdadır…