Tural Həsənov. 1992-ci ildə Bakıda anadan olub. 2013-cü ildə Milli Aviasiya Akademiyasını bitirib. Fransada beynəlxalq biznes hüququ üzrə magistr dərəcəsinə yiyələndikdən sonra ikinci magistr təhsilini Avropa hüququ üzrə qitənin ən elitar akademik mərkəzlərindən sayılan “College of Europe”da alıb. Bir müddət Avropa Parlamentində hüquq üzrə təcrübə keçən Tural, hal-hazırda Fransanın Tuluza universitetinin doktorantıdır. O eyni zamanda dünyanın nəhəng təyyarə istehsalçılarından biri sayılan “Airbus” şirkətində hüquq departamentində çalışır.
– Tural, sizin evli olduğunuzu öyrənəndə, doğrusu çox təəccübləndim. Çox gəncsiniz, Avropada karyera qurursunuz, təhsiliniz davam edir. Bütün bunlar haqda ətraflı danışacağıq, amma bu erkən evlilik məsələsi mənə maraqlı gəldi. Tipik nümunə deyil çünki. Bu gün gənclər, xüsusən də Avropada gec evlənirlər, gəncliklərini doya-doya yaşamaq istəyirlər…
– Haqlısınız, mən də tipiklərdən biri olacaqdım, əgər on doqquz yaşımda, ABŞ-da gələcək həyat yoldaşımla tanış olmasaydım. Aviasiya Akademiyasının ikinci kursunda oxuyanda ABŞ-a, Work and Travel proqramı ilə işləyib ingiliscəmi təkmilləşdirməyə yollandım. Hər şey orda baş verdi. Tanış olduq və bir neçə il münasibətdə olduqdan, bir-birimizi daha yaxşı tanıdıqdan sonra evlənməyə qərar verdik. Necə deyərlər sən saydığını say…
Xanımım Kosovalıdır və bildiyiniz kimi, Azərbaycan Kosovanı dövlət kimi tanımır. O da məcbur olub Serbiya vətəndaşlığına keçdi ki, Azərbaycana gələ bilsin və evlənə bilək. Bütün bu işlər də nə az, nə çox altı il çəkdi. Yenicə evlənmişik, indi birlikdə Fransada yaşayırıq.
– Sizinki əməlli başlı geopolitik bir izdivac olub ki. Bizdə belə bir stereotip var, bəlkə də eşitmisiniz – uğurlu azərbaycanlılar həmişə yad qız alırlar, yerli qızları özlərinə yaraşdırmırlar. Qarışıq evliliklərə hələ də qısqanc münasibət var. Bizim qadınları necə qiymətləndirirsiniz?
– Əsla belə bir stereotipin qurbanı deyiləm. Dediyim kimi, hər şey bir anda baş verdi və elə bir vəziyyət yarandı ki, qəlbə söz keçirmək mümkünsüz oldu. Yoxsa mənim, Azərbaycan qadınlarına qarşı, belə deyək, Seymur Baycanvari tənqidi baxışım yoxdur. Seymur bəyi çox istəyirəm, amma bu məsələdə onunla əsla razılaşmıram. Nə qədər dünyaya açılsaq da, biz, öz cəmiyyətimizin məhsuluyuq, bundan heç yerə qaçmaq olmaz, heç lazım da deyil. Azərbaycan qadınını da qınaya bilmərəm ki, sən niyə fransız, ingilis, ispan qadını kimi deyilsən, onlar kimi düşünmürsən, ya da evlilikdən əvvəl cinsi əlaqəyə niyə pis baxırsan. Hər bir cəmiyyətdə dəyərlər, tərbiyə, informasiyaya çıxış və s. kimi komponentlər birləşir və bir qadın/kişi kimliyi meydana çıxır. Onu da deyim ki, mənim Azərbaycanda olduqca müasir, təhsilli, cəsur, geniş üfüqlü xanım dostlarım var və mən, onlarla fəxr edirəm.
Mənim hekayəm bir az fərqlidir, çox erkən yaşda evdən ayrıldım və dünyanın çox böyük olduğunu, Azərbaycandan ibarət olmadığını fərq etdim. Məncə, bu bəsit həqiqəti bizdə başa düşməkdə çətinlik çəkənlər çoxdur. Dünyanı Azərbaycanın qlobusu kimi təsəvvür edirlər.
– Hazırda Fransada yaşayırsınız. Bu gənc yaşda bitkin bir şəxsiyyətsiniz – ailəniz, işiniz, təhsiliniz. Avropadakı azərbaycanlılar deyəndə, beyninizdə canlanan ümumiləşdirilmiş obrazdan razısınızmı?
– Sosial şəbəkədə, konkret facebook-da, təxminən “Avropalı Azərbaycanlılar” adlı əsas iki qrup var. Mən onları şərti olaraq yaxşı və pis qruplar adlandırıram. Təəssüflər olsun, bəzi soydaşların orada yazdıqlarını, düşüncələrini oxuyanda, vəziyyətin nə qədər acınacaqlı olduğunu dərk edirsən. Demək olar ki, hamısının verdiyi sual «Avropaya necə gəlmək olar?» sualıdır. Bu, əsla normal hal deyil. Soruşanda ki, «Təhsiliniz nədir, nə bacarırsınız?”, məlum olur çoxunun təhsili, peşəsi, iş təcrübəsi belə yoxdur. Yəni öz vətənində gündəlik qrafiki çayxana, dominodan ibarət olan adam, birdən-birə… özünü Avropada tapır! Necə olur ki, daxili bir ziddiyyət yaşamırlar, bunu anlaya bilmirəm. Zənn edirlər ki, Avropada yel əsib, qoz tökülüb.
Əlbəttə, bunun tərsi də var. Avropada təhsil almış, işləyən tanışlarım da az deyil. Təbii ki, siyasi mühacir adı ilə gələnlərin əksəriyyəti təhsilsiz və kültürsüz adamlardır. Ən azı şəxsi təcrübəmə əsasən bunu deyə bilərəm. Dil öyrənmək, inteqrasiya olunmaq istəyi, karyera qurmaq həvəsləri, şövqləri yoxdur. Bura gələndə, özləri ilə bərabər kimliklərini, əxlaqlarını da gətirdiklərini, burada Azərbaycanı təmsil etdiklərini anlamırlar. Həm də bu adamların boş vaxtı çox olduğundan, Avropada istəmədiyimiz mənzərələrlə, məsələn adına “söyüş müxalifəti” deyilən əcaibliklə qarşılaşırıq.
Əslində, Azərbaycanı təmsil etmək kimi bir öhdəlik, missiya yoxdur. Mən bu pafosun əleyhinəyəm. Zatən, Azərbaycanı layiqincə təmsil edənlər arasında, bu pafosa müraciət edəni görmədim. Sən bir fərd kimi bitkin, əxlaqlı, dürüstsənsə, sən artıq Azərbaycanı çox yaxşı təmsil edirsən.
– Azərbaycanlıların sosial şəbəkədəki aktivliyinə dair nə deyə bilərsiniz? Ümumən mənzərə, səviyyə sizi qane edirmi?
– Sosial şəbəkənin Azərbaycan seqmentində nəzərə çarpan deyingənlik və nifrət dilidir. Başda elə bunu demək istərdim. Bunun sosial, siyasi, mədəni səbəbləri mənə məlumdur. Fərdi azadlığa məhdudiyyət, ölkədə bəzən rast gəlinən sosial ədalətsizlik, ailədaxili problemlər, şəxsi həyatdakı uğursuzluqlar – bunlar ekspressiyaya səbəb olur. Azərbaycanlılar öz daxili problemləri ilə baş etməyin yollarını bilmirlər. Onları narahat edən bir problemləri varsa, əsasən publik məkanlarda nifrət qusmağa meylli olurlar. Ətrafa neqativlik saçır, yaxşı təşəbbüsləri təhqir edir, hər şeydə öz “kimlik”lərinə təhdid görürlər. Ümumiyyətlə deyingənlik çox pis xasiyyətdir, insanı yeyib-bitirir, məhv edir, başqalarına da başağrısı gətirir.
Əlbəttə, bunları sadalarkən, bir yandan onu da başa düşürəm ki, heç kimin sözlərimdən nəticə çıxarmağını gözləməməliyəm. Ümumiyyətlə, kiməsə “həyat” barədə məsləhət verməyin tərəfdarı deyiləm. Sadəcə, istəyirəm bəzi doğru bildiklərimi müsahibə vasitəsilə fiksasiya edim, bəlkə kiməsə faydalı oldu. Aqressiyanı yaradan səbəblərin başında başqalarının işinə, həyatına, seçimlərinə qarışmaq vərdişi dayanır. Başqasının həqiqətinə, dəyərinə rəy bildirmək olar, amma öyrətmək, basqı etmək yox. Təəssüflər olsun, bunlar sosial mediada bu gün geniş vüsət alıb. Bu sosial bəla, facebook və digər kanallar vasitəsilə cəmiyyətə çıxış imkanı tapıb. Hamı danışır, hamının fikri var və hamı öz qiymətli fikirlərini ifadə etməyə can atır. Əsasən də mentaliteti qorumaq vəzifəsini üstünə götürən adamlar nəzərə çarpırlar. Çox istərdim onlar bilsinlər ki, belə bir vəzifələri yoxdur. Onları aldadıblar. Bunu başa düşsünlər və rahatlaşsınlar, ingilislər demiş “relaks” olsunlar. Başda dediyim kimi, Azərbaycan dünyanın mərkəzi deyil. Elə düşünməsinlər ki, dünyada bir bakirə dövlət var, o da Azərbaycandır və hamı ona təcavüz etmək istəyir. Özünümüdafiə instinkti yaxşı, faydalı şeydir, amma onun dəqiqəbaşı və lazımsız yerə işə düşməsi, gərəksiz səs-küy yaradır.
– Çox maraqlı və zəngin təhsil keçmişiniz var. Dediniz ki, azərbaycanlılar arasında oxumaq, savadlanmaq istəyənlər də az deyil. Avropaya, ya da hər hansı başqa qitəyə, ölkəyə yollanmaq istəyən gənclərə, öz təcrübənizdən yola çıxaraq, nələri məsləhət görərdiniz? Onları necə həvəsləndirmək olar?
– Əlbəttə, ilk öncə xarici dil öyrənməyə girişsinlər. Mən ingiliscəni 11-ci sinifdə, müəllim yanına gedərək öyrənmişəm. Daha doğrusu, müəllimdən baza biliklərini, qrammatikanı almışam. Lakin dili bilmək, bu dildə danışmaq, qrammatika ilə məhdudlaşmır. Ona görə də, Bakıda pulsuz danışıq klubları (conversation clubs) tapdım, ora gedib-gəlməyə başladım. Hər gün ingiliscə radio proqramlara qulaq asır, dilin musiqisini duymağa çalışırdım. Ən azı, günümün bir saat yarımını ingilis dilini öyrənməyə ayırmışdım. Bakıda xaricilərlə qarşılaşdığım zaman, fürsəti əldən vermir, onlarla dialoqa girirdim.
Amerika da mənim üçün əvəzolunmaz təcrübə, çox böyük məktəb oldu. Əvvəla ingiliscə danışıq bacarığım çox inkişaf etdi, ikincisi yeni kültür, insanlar tanıdım. Bayaq da qeyd etdiyim kimi, gələcək həyat yoldaşımla da elə ABŞ-da tanış oldum. Bakıya qayıdandan sonra London School of Azerbaijan adlanan məktəbdə, ingilis dili müəllimi işləmək təklifini aldım. Doğrusu mən ora gələcəkdə IELS testindən keçmək üçün dil səviyyəmi öyrənmək məqsədilə getmişdim, lakin ingiliscə bilik səviyyəmi görəndə, məktəbin rəhbərliyi orda dərs deməyimi istədi. Universiteti bitirənə qədər orda dərs dedim. Sonra da, məlum bir illik əsgərlik müddəti…
Əsgərlikdən sonra da, ingilis dilində magistratura təhsili üçün Fransanı seçdim. Deməyim odur ki, Youtube, internet əlimizin altındadır. Dil öyrənmək, karyera qurmaq üçün əslində heç kimin köməyinə ehtiyacımız yoxdur. Bütün bunlar həvəs və disiplin məsələsidir. Əgər bunlar yoxdursa, sizə müəllim də, kurs da, lap elə xaricdə yaşamaq da kömək etməyəcək.
– Fransada yəqin ki, fransızcanı öyrənmək zərurəti də yarandı, elə deyilmi? Təhsil ingiliscə olsa da, fransızların öz dillərinə qarşı necə həssas olduqlarını bilirik. Bir növ, buna məcbur idiniz…
– Tamamilə doğrudur. Gəlib burda təhsilə başlayanda, başa düşdüm ki, mütləq fransızcanı öyrənməliyəm. Çünki iş tapmaq, inteqrasiya olmaq fransızcasız mümkün deyil. Ona görə fransızca öyrədən ingiliscə kitablar aldım və dörd-beş ay ərzində, hər gün uzağı bir saat olmaqla, bu dilə zaman ayırdım. Dili öyrənənlərə məsləhətim – hər gün cəmi bir saat buna vaxt ayırın, amma mütləq hər gün! Uğurun rəhni davamlılıq, ardıcıllıqdır. Uğurdan danışmışkən, bunu da əlavə edim: daimi idmanla məşğul olmağı yadırğamayın. Axı sağlam olmayan səhhət ilə nikbin həyat tərzinə sahib olmaq, uğurlu fərd olmaq çox çətindir.
İki il hüquq üzrə magistratura təhsilimi bitirdikdən sonra Avropa Kollecində ikincı magistraturanı oxumağa, Polşaya yollandım. Avropa Birliyinin kurasiyasında olan bu ali məktəb, AB üçün kadrlar yetişdirən təhsil ocağıdır. Yəni bu kolleci bitirənlər, əsasən Avropa Birliyinin strukturlarında karyera qururlar. Mən isə magistraturanı bitirib Azərbaycana qayıtdım və altı ay bir hüquq firmasında işlədim, ondan sonra da Brüsselə gələrək, Avropa Parlamentinin Daxili Bazar və İstehlakçıların Müdafiəsi (Committee on Internal Market and Consumer Protection) Komitəsində yarım il təcrübə keçdim.
Brüsseldə fəaliyyətimi tamamladıqdan sonra evlilik məsələləri üçün Bakıya qayıtdım və 2018-ci ilin sonlarına doğru, Airbus şirkətinin Tuluzadakı baş ofisində, vakant bir yerin olduğunu görüb, ora iş üçün müraciət etdim və qəbul olundum. Hazırda Airbus-ın Hüquq Departamentində, Əqli Mülkiyyət Hüququ Şöbəsində təcrübə keçirəm və eyni zamanda, Tuluzada doktorantura təhsili alıram. Bu təhsilim də rəqəmsal texnologiyaların biznesdə tətbiqindən yaranan hüquqi problemlərin məhz əqli mülkiyyət və istehlakçıların müdafiəsi hüququ aspektindən həll olunması ilə bağlıdır.
– Əqli mülkiyyət deyirsiniz, əgər düz başa düşdümsə, siz Airbus-da, təyyarələrdə tətbiq olunan bütün texnoloji yeniliklərdən xəbərdar olmalısınız. Nəinki xəbərdar olmalısınız, hətta bu yeniliklərin patenləşdirilməsi, qorunmasında iştirak edirsiniz?
– Tamamilə doğrudur. Bütün texnoloji proyektlərdən, yeniliklərdən, onlardan yaranan hüquqi problemlərdən xəbərdaram və komandamızla birlikdə onları həll etməyə çalışırıq.
– Yəqin ki, tərifi mümkün olmayan hissdir. Yoxsa sizin üçün təyyarələr artıq adiləşib?
– Əlbəttə ki, birdən-birə aviasiya sahəsindəki bütün texnoloji yeniliklərdən xəbərdar olmaq, mindiyimiz o təyyarələrin necə işlədiyini bilmək insanı heyran edir. Təbii olaraq da işimdən çox razıyam. Komandamız da multikulturaldır, gözəl bir iş mühitimiz var, həm də işim olduqca maraqlı və həyəcanlıdır. Aviasiya sahəsindəki texnoloji yeniliklərə vaqif olmaq, sistemin xırdalıqlarına qədər varmaq, doğrudan da tərifsiz bir hissdir.
– Həyatınızın işini tapdığınızı və həmişəlik Airbus-da qalacağınızı demək olar?
– Qəribə səslənsə də, yox. Belə bir fikrim yoxdur – Airbus mənim üçün sadəcə bir mərhələ, tramplindir. Burada böyümək, təcrübə qazanmaq imkanım var, hazırda bunu dəyərləndirirəm. 26 yaşındayam, hər şey hələ qabaqdadır. Doktorluğumu müdafiə etdikdən sonra, başqa şeylər haqda düşünməyə başlayacam. Təxminən beş-altı il sonra harada işləməyi planlamağım barədə indi heçnə deməsəm məncə daha yaxşı olar. Mən onun tərəfdarıyam ki, biz azərbaycanlılar fərd olaraq əvvəl hər hansı sahədə uğur qazanaq, məhz sonra bununla bağlı dəyərli təcrübəmizi, məsləhətlərimizi başqaları ilə bölüşək.
– Azərbaycanamı qayıdacaqsınız?
– Uzaq, ya da bəlkə yaxın perspektivdə əlbəttə. İndi heç nə deyə bilmərəm. Fədakarlıq mənim üçün boş bir söz deyil, buna qadir olduğumu düşünürəm. Hələ ki, bacardığım qədər inkişaf etmək istəyirəm, düzdür, inkişafın da həddi yoxdur. Sadəcə əmin olmalıyam ki, Azərbaycana qayıtsam, gün ərzində sərf etdiyim enerji, bir azərbaycanlının həyat səviyyəsini yaxşılaşdıracaq və dövlətin gücünü artıracaq. O zaman buradakı karyera həyatımın üstündən xətt çəkib qayıtmaq da olar. Bu əminlik olmalıdır mütləq. Söhbət maddiyyatdan getmir. Şübhə yox ki, bütün hallarda yüksək məvacibli bir işim olacaq, bu, necə deyərlər labüddür. Amma cəmiyyətə, dövlətə fayda olmayacaqsa və ruhdan düşəcəmsə, o zaman qayıtmağın mənası nədir? Yoxsa ki, əlbəttə gec-tez qərar qılacağımız yer Azərbaycandır. Pafosumu gəncliyimə bağışlayın.
– Burda bağışlanası bir şey görmürəm. Mənə maraqlıdır, bu şüur sizdə necə formalaşıb? Hər kəs çıxıb getmək, başını götürüb qaçmaq istərkən, siz belə qeyri-populyar sözlər danışırsınız. Mən sizin yaşda və bu ciddiyyətdə, sanbalda çox az azərbaycanlı tanıyıram.
– Sizi başa düşürəm. Məni formalaşdıran, ilk öncə ailəmdir. Yaxşı mənada milliyyətçi valideynlərim var, onların tərbiyəsini almışam. Daha sonra da oxuduqlarım, gördüklərim, analizlərimdir. Bizim ədəbiyyatımız da mənə təsir edib. Sizin, Seymur Baycanın romanları, Qan Turalının «Mustafa»-sı. Oradakı fədakar müəllim obrazını, bəzən öz üzərimdə sınayıram.
– Biz öyrəşmişik ki, bizə və yazdıqlarımıza Azərbaycanda, yumşaq desək, həqarət var. Ciddiyə alınmırıq. Antimilliyik həm də, paradoks da bundadır. İndi siz demək istəyirsiniz ki, bizim fəaliyyətimiz, yazdıqlarımız sizin kimi gənc bir intellektualın beynəlxalq karyerasını qoyub, Azərbaycana qayıtmaq və ölkəyə fayda gətirmək arzusuna təsir edib? Yox, bunları eşitmək xoşdur, amma razılaşın ki, təəccübümdə haqsız deyiləm.
– Məncə siz gərəksiz yerə dramatikləşdirirsiniz. Sizin fəaliyyətinizdən, yazdıqlarınızdan fayda götürənlər sakitcə götürürlər və sizin bunlardan xəbəriniz olmur. Razılaşmamağa qalsa, dediyim kimi, Seymur bəydə də, sizdə də razılaşmadığım nələrsə var, amma bu, sizə qarşı hörmətsizlik etmək üçün heç kimə əsas vermir. Sizə nifrət edənlər, ingiliscə desək “hater”lər, virtualda aktiv olduqları üçün, onların səsini eşidirsiniz. Lap olsunlar yüz nəfər, amma həqarət etməyənlər, sevənlər, qiymətləndirənlər qat-qat çoxdur. Mən təəccüblənirəm ki, siz ətrafına neqativlik və bir topa mühakimədən başqa heç nə təklif edə bilməyən belə adamları ciddiyə alırsınız.
– Bəs ədəbiyyata, yazmağa meyliniz hardan yaranıb? Hobbidir, yoxsa ədəbiyyat sizin üçün daha böyük nəsə ifadə edir? Bir hekayənizi oxudum və etiraf edim ki, texnikanız məni yaxşı mənada təəccübləndirdi. Dolu iş qrafikinizlə yaradıcılığı necə uzlaşdırırsınız?
– Qarşıma yazıçı olmaq kimi bir məqsəd qoymamışam. İnanmıram ki, yazıçılar “mən yazıçı olacam” deyib yazmağa başlayırlar. Hər halda, bir də onda ayılırlar ki, yazırlar, yazıçıdırlar. Mən heç əmin də deyiləm ki, ömrümün axrınacan səhər doqquz, axşam altı qrafiki ilə işləyəcəm. Yazmağı heç vaxt planlaşdırmıram. Düzdür, yazmaq istədiyim mövzu barədə bir müddət beynimdə götür-qoy edirəm, amma təb gələndə birdən oturub yazıram.
Yaradıcılığa meylə gəldikdə isə… Atam rejissor, anam jurnalistdir. Kitabların əhatəsində, incəsənət söhbətlərini dinləyə-dinləyə böyümüşəm. Yəni, mühit özü çox yaradıcı olub. Teatrlarda, çəkiliş meydançalarında günlərim az keçməyib, kulisdə aktyorlar başıma az sığal çəkməyib. Epik əsərlərdən yumoreskalara qədər – çox zəngin spektrdə yaradıcılıq nümunələri ilə, erkən yaşlarda tanış olmuşam. Bunlar şüuruma, ruhuma hopub. Bir də onda ayılmışam ki, təhsil və karyerada yüksələ-yüksələ, bir yanım ədəbiyyata meyl edir. Bunlar hər zaman ahəng içərisində olublar. 2001-ci ildən, yəni uşaq çağlarımdan başlamışam gündəlik tutmağa, bunu da atamın təkidi ilə etmişəm. Hiss edirəm ki, yazanda başqa bir aləmə, hansısa paralelə keçirəm. Yazanda, oxuyanda içinə daldığım bu dünya, mənə hər şeyi unutdurur. Hərdən olur ki, yazmağa otururam və qalxanda xanım deyir ki, xəbərin var ki, beş saatdır yazırsan? Xülasə, yazmaq məni yüngülləşdirir, xoşbəxt edir. Ambisiyam yoxdur, amma kim bilir, bəlkə nə zamansa karyera dediyiniz bu fanilik gedəcək işinin dalıyca və məni yazıçı kimi tanıyacaqlar?
– Avropalılar Azərbaycan haqqında maraqlananda, onlara daha çox nələr haqda danışırsınız?
– Bayrağın açmasını deyirəm. Bayrağımızı yaradanlar, hər şeyi çox ağıllı, necə deyərlər dörd-dördlük düşünüblər. Sekulyarlığımız – ən böyük sərvətimizdir. Sekulyarlıq sadəcə din dövlət işlərinin ayrılması demək deyil. Sekulyarlıq böyük bir mədəniyyətdir, dözümlülük atmosferidir, sayğıdır, qarşılıqlı fayda götürməkdir, ölkəni hər kəs üçün yaşanan məkana çevirməkdir.
Məndə də hərdən kimlik böhranı olur və öz-özümə deyirəm ki, Qərbə inteqrasiya olmuş, açıq fikirli bir fərd kimi, nə üçün bəzi məsələlərdə tipik Qərbi avropalı ola bilmirəm? Deməli bağlı olduğum dəyərlər var və bunlar, boş söz deyil. Haradasa oxumuşdum ki, insan əslində nəyin onun üçün əsl dəyər olduğunu qürbətdə, həmin dəyərlər sistemindən fərqli məkanlarda, ölkələrdə yaşayarkən anlaya bilir. Əksinə, mənim bir azərbaycanlı kimi dəyərlərim, bir zənginlikdir. Avropanı rədd etmirəm, hörmət edirəm. Amma məndə olan, adını qoya bilmədiyim o cövhər hər nədirsə – türkçülükmü, islamçılıqmı, qafqazlılıqmı – bilmirəm, o imkan vermir ki, dəyərlər və ya həyat tərzi ilə bağlı bəzi məsələlərdə müəyyən sərhədləri aşa bilim. Lakin, bütün bunlarla yanaşı, qəti olaraq əminəm ki, gənc olmasına baxmayaraq dövlət olaraq, xalq olaraq idarəetmə, siyasi mədəniyyət, insan hüquq və azadlıqları ilə bağlı istiqamətimiz məhz Qərb sivilizasiyası olmalıdır.
Söhbətləşdi: Ələkbər Əliyev