Dayazlıq və pətuxluq korelyasiyası
Dünyanı dərk etməyə başladığımız andan bizi tərk etməyən müvəqqətilik hissi; hər şeyin qəfil, hələ başlamağa macal tapmamış bitəcəyi gözlənti-əndişəsi yol yoldaşımızdır. Heç nəyin daimi olmadığını anamızın südü ilə öyrənirik. Özümüzü deyirəm, azərbaycanlıları. Məhəmməd peyğəmbərin “Heç vaxt ölməyəcəkmiş kimi dünya və hər an öləcəkmiş kimi axirət üçün yaşamaq” formula-balansını tapa bilmiş ideal müsəlman heç olmadıq. Protestant əxlaqın diqtəsi olan məsuliyyət, saat mexanizmi kimi işləyən dəqiqlik də yatmadı milli paradiqmamızın bünövrəsinə. Nə Şərq, nə Qərb – arada qalıb qərq olduq.
Nə müvəqqətiliyi fanilik, nə də daimiliyi əbədiliklə səhv salıb, dayaz spekulyasiyalara dalmağa ehtiyac yoxdur. Bunlar sinonim deyil. Biri dünyəvi, digəri uhrəvi anlamdır – “beş günlük” dünya yenə də qalsın öz faniliyində, əlbəttə, heç nə əbədi də olmasın. Dünyadakı mövcudluğumuz üçün təyin olunan qısa ömür çərçivəsində müvəqqətilik ilə daimilik arasında seçim etmək isə öz əlimizdədir.
Biz, gələcəyin obrazı, strateji düşüncə, strateji vektorun izlənməsi, uzunmüddətli planlama kimi şeylər nədir bilmədən; “bizdən xalq, dövlət olası deyil” deyə-deyə; mənalar istehsal etmədən; bəsitlikdə və dayazlıqda üzə-üzə, bir qaşıq suda fırtınalar qopara-qopara; həyasızlıqla, qaraçılıqla, dişimiz-dırnağımızla gəlib çıxmışıq buralara. Yəqin ki, hadisələrin əlverişli axışı, bəxt, azərbaycanlıların bizə məlum olmayan naxışı hesabına. Fortuna zaman-zaman üz çevirsə də, əsasən yanımızda olub, gülümsəyib bizə.
İnsafən, uzunmüddətli planlama, strateji motivasiya kimi şeylər birbaşa diskomfortla bağlıdır deyə, strateji baxışdan məhrum olan tək biz deyilik bu dünyada. İnsanlar ümumiyyətlə uzunmüddətli kateqoriyalarla düşünməyi, davranmağı bacarmır, bunlar uşaqlıqdan aşılanan qabiliyyətlər deyil. Təpədən-dırnağa taktiki gedişlərdən ibarətik. Münasibətləri ən maraqlı yerində pozan, həyat tərzini monotonlaşdıran, hər şeyi çox tez köhnəldən, staqnasiyaya gətirib çıxaran dayazlıq, taktikaya vurğunluq, beyin tənbəlliyi xasdır bizə. Ona görə deyirəm “nə əcəb?”. Hansı yolgöstərən ulduz sayəsində darmadağın olmadı, hələ də ayaqdadır bu amanabənd konstruksiya?
Bir hökumət nümayəndəsi ilə qısa, amma həmişəlik yadımda qalan dialoqun cövhəridir bu. Dərin, strateji düşüncə, geniş baxış bucağı ilə lənətə gəlmiş üzdəniraq taktika arasındakı fərqin parlaq nümunəsidir:
“Başa düşmürəm, nə üçün hafizhacıyevlərə, ataabdullayevlərə bu qədər ehtiyac duyulsun, ictimai-siyasi ləçərliyə bu qədər investisiya qoyulsun? Nə çətindir ölkənin zəka sahiblərinə, qabında nəsə olanlara sərmayə qoymaq, onları yuxarı başa keçirmək, onlar üçün şərait yaratmaq, özlərini həbs etdikləri və zehin masturbasiyasından, lağlağıdan, meymunluqdan, məzmunsuz çərənləmədən tirtap düşdükləri sosial şəbəkənin rəqəmsal dəhlizlərindən çıxarıb həyata qaytarmaq, faydalı iş əmsallarını artırmaq?..”
Hökumət nümayəndəsinin şeytani təbəssümü və cavabı:
“Elə bildiniz-bilmədiniz danışırsınız. Sabah Əli Kərimli çıxıb efirə bizi yıxıb-sürüyəndə, onu kim dayandıracaq? Ölkənin zəka sahibləri, intellekt gigantları? Yox! Onun qabağına yenə də Hafiz Hacıyev, Ata Abdullayev kimi adamlar çıxacaq, qayıdıb deyəcək ki, “Əə pətux! Avropadakı pətuxlardan pul alıb ölkəmizi dağıtmaq istəyirsən…” Əli Kərimli də, ya efirdən durub getməlidir, ya da stəkanı götürüb Hafizin başına çırpmalıdır. Bizə hər iki variant sərf edir. Sənin intellektual dediyin adamlar bunu edə biləcəklər?..”
Mənasız, olmaması olmasından min dəfə xeyirli olan ölkənin, dövlətin bundan daha dəqiq tərifi?
Lülə-kabab Azərbaycan
Yenə də, insaf naminə, bəsitlik, dayazlıq ayrı-ayrı fərdlərin qüsuru olmaqdan ziyadə, bütöv bir cəmiyyətin, xalqın, hətta regionun taleyidir (nə yazıq ki, həm də neoliberal, etik-faşist dünyanın tendensiyası). Əli Kərimlinin əzbərçi, kiflənmiş ritorikasının daha məzmunlu, daha maraqlı, daha faydalı ritorika ilə əvəzlənərək sıradan çıxarılması əvəzinə, onun qarşısına hafizhacıyevlərin çıxarılması hansı zərurətdən, daha doğrusu imkansızlıqdan doğur?
İlon Mask Azərbaycandan çıxıb, SpaceX-i Biləcəridən Marsa ona görə uçurmayacaq; Covid-19 əleyhinə vaksin ona görə bizdə istehsal olunmayacaq; cəhənnəmə, heç olmasa – heç olmasa düzəməlli, beynəlxalq kinofestival bizim ölkədə ona görə keçirilməyəcək ki, bizdə bu işləri görmək üçün planlama üfüqü və “yaman şey” olan böyük ürək yoxdur. Tərəqqi, təhsil, texnologiyalar – bunlar üfüq, ürək olandan sonra özlüyündən yaranan ikinci dərəcəli şeylərdir. Müvəqqətilik elmə, alimə, sənətə, innovasiyalara fundamental yanaşmanı və bunların hamısının insan üçün olmasının vacibliyinin dərkini istisna edir.
Taleyi dayaz sularda üzmək olan azərbaycanlı apriori “başından böyük pox yeməməli” və başa düşməlidir ki, dövlət adlı nəhəng maşının bütün fokusu, zamanı gələndə Əli Kərimliyə “Əə pətux!” deməyə hazır kadrların olmasınadır. Tərəqqi də oradadır, xilas da, katarsis də. Çünki, böyük düşünmək qadağandır azərbaycanlıya. Böyük olmaq qadağandır. Bəlkə Əli Kərimlinin əzbərçi ritorikasını deaktualizasiya etməyin üsulları, yolları da var, amma azərbaycanlı onlara layiq deyil, çünki hazır deyil, çünki hazır olmağına maraq da yoxdur, çünki, əslinə qalsa, bu konstruksiyanı quranların özləri də hazır deyil buna. Bəsitlik, dayazlıq – təbəədən ali rəhbərliyə – hamısının ortaq taleyidir.
Faktların konstatasiyası yorucu, bezdiricidir. Hər kəsin, hər şeyi bildiyi bir dünyada yaşayanlar üçün maraqlı, təzə şeylər danışmaq lazımdır. Azərbaycanlı bilir ki, onun ölkəsinin şarmı, duzu yoxdur, yolunda getməyən nələrsə var, ölkə maraqsızdır, perspektivsizdir, sünidir, amma bu bilgi ona başağrısından, əsəbdən başqa bir şey gətirmir, bunları hər fürsətdə dilləndirənlərə olan acığı da bu səbəbdəndir. Azərbaycanlı bilmək istəyir ki, nə üçün belədir? Onun bunu bilməyə haqqı var.
Ona görə ki, Azərbaycan müvəqqətidir. Müvəqqətilik Azərbaycanın hər bir daşı, yarpağı, suyu, çörəyi, hökuməti, müxalifəti və vətəndaş cəmiyyətinin hüceyrəsində, molekulasındadır. Büsbütün müvəqqətilik, kompromissiz müvəqqətilik, amansız müvəqqətilik.
Azərbaycanlı banallıqlar eşitmək istəmir, ona yaxşı məlumdur ki, bütün dünyada suyu çıxmış trend mövzular – geylər, lezbilər, müxtəlif kvirlər, feministlər, libertarianlar, sollar, meetoo-lar – nə üçün Azərbaycanda və azərbaycanlıların ifasında iyrəncləşir, bunların provayderi olan personajlar nə üçün adamda qusma refleksi yaradır? Bunları bilmək azərbaycanlının haqqıdır.
Ona görə ki, obyektiv ümumbəşəri (qlobal) və həmçinin, obyektiv məhəlli (lokal) proses var. Qusma refleksi, iyrəncləşmə də ona görədir ki, Azərbaycan müvəqqətidir, onun ən ali dəyəri və rəmzi, bütün təşəbbüslərin, cəhdlərin və taktiki gedişlərin təcəssümü – lülə-kababdır. Təkcə odur əbədi olan, qalan hər şey müvəqqətidir. Lülə-kababın (yaxud nar şirəsi, İçəri şəhər, “чёрт побери!”, qutab, muğamın) maraqlı olmaq potensialı müvəqqətilik əngəlindən ötrü reallaşmır, reallaşmayacaq, bəsit postsovet ekzotika, infantilizmin təntənəsi kimi qalacaq. Heç bir brend, heç bir marka, heç bir ingiliscə, heç bir kostyum, qran-tualet, multikulturalizm, 350 ədəd rusca məktəb Azərbaycana şarm qatmayacaq, duz qatmayacaq, çünki ölkənin başının üstünü müvəqqətilik buludu alıb. Daşı-torpağı infantilizm fışqırır, dayazlıq qışqırır.
Hər şeyi ilə müvəqqətidir Azərbaycan. Onun daimi olmasını şərtləndirəcək böyük zəkaların yetişməsi, özlərini reallaşdırmasının qarşısında bəsitlik, cırlıq, məhəllilik kimi hündür bir sədd var. Bir daha insaf naminə, daimi olan yeganə şey Qərblə olan müqavilələr, saat mexanizmi kimi dəqiq işləyən öhdəliklərdir. Qalan heç bir sahədə Azərbaycan adlı dövlət dəqiq, dürüst işləmir – nə daxildə, öz vətəndaşlarına, nə də qeyri-Qərb partnyorlarına qarşı. Çünki onlar da müvəqqətidir. Pakistanı ilə, Türkiyəsi ilə, İranı ilə, Rusiyası ilə; dostları, düşmənləri, qardaşları, bacıları ilə həmrəng və həmdərddir Azərbaycan. Daimi olmaq üçün daxili dinamiklərdən, böyük olmaqdan ötrü ürəkdən məhrumdur.
Böyük düşünməyin nişanələri
Obyektiv proses var, bəsitlik və dayazlıq ümumdünya tendensiyasıdır dedik. Bu proses bizim iradəmizdən asılı olmadan gedir və gedəcək. “Başını aşağı sal, işini gör” yoxsa “təhlil et, hazır ol”? Cəmiyyətə hansı siqnalın örürüldüyü, cəmiyyətin nəyə təşviq edildiyi göz qabağındadır: “çox dərinə getmə”, “böyük söhbətlər sənlik deyil”, “böyük düşünmək başın üçün deyil”, “onu elə demə, belə de”, “ehtiyatlı ol”, “dayazlıqda çabala”, “yala”…
Uzunmüddətli həyat vizyonunun, gələcəyin aydın obrazının olmaması deqradasiyanı qaçılmaz edir. İstədiyin qədər bər-bəzək vur, qonaq çağır, kabab çək. Psixika rüşeymdə bəsitliyə köklənəndən, insan həyatda uzunmüddətli dəyişikliklər görmək, onları hədəfləmək qabiliyyətindən məhrum ediləndən, yüksək qaynaqların əlçatan olması əngəllənəndən, həyatın quruluşunu dəyişdirməyə qadir enerjinin qarşısı kəsiləndən sonra, istəyirsən götünlə göy dağa çıx – sən müvəqqətisən, Azərbaycan. Axı, insanı güclü, özündən əmin edən reallaşan hədəflər də deyil, hədəflərin, uzunmüddətli vizyonun ümumiyyətlə olması, insan ruhuna güc, enerji verməsidir. Arzuları bu qədər kiçik, hədəfləri bulanıq, üfüqləri bu qədər dar olan ölkənin insanı əlbəttə strateji motivasiyanı yuxusunda görəcək.
Bir yandan yazını yazır, bir yandan AzLogosdakı son başlıqlara nəzər salıram: “Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri”, “Gürcü ədəbiyyatında azərbaycanlılar”, “Şərqdən Qərbə. Söz və göz mədəniyyəti”, “Çağdaş kinematoqrafiyada əsas trendlər”, “Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız” və s. Baxıram və vaxtından erkən böyüməyin xeyir və ziyanı, bunun ümumiyyətlə mümkünlüyü, AzLogosun nə üçün sevildiyi, ona nə üçün nifrət edildiyi, belə bir resursun azərbaycanca olmasının absurdluğu, müvəqqətiliyə meydan oxumağın dözülməz yüngüllüyü haqda düşünürəm. Hə, bir də axı dərcindən bir həftə keçsə də, Azərbaycanda nəinki tərcümə olunmayan, hətta heç müzakirəsi getməyən, Konstantin Boqomolovun “Avropanın oğurlanması 2.0” məqaləsinin, sonda ümidi yenə də AzLogosa qalmış tərcüməsi haqda…
Nə üçün edirik bunları? Kimin üçün edirik? Dayaz sularda üzən bir ölkənin nəyinə lazımdır Rusiyanın intellektual çevrələrini lərzəyə gətirmiş Boqomolovun opusu? Yaxud, Ruanda soyqırımı haqda azərbaycanca ilk dəfə dərc edilən ən sanballı, ən dolğun, akademik məqalənin kimə, nə faydası var? Ya da Razloqovun çeynəyib-çeynəyib oxucunun ağzına qoyduğu çağdaş kinematoqrafiya trendləri haqda yazının? Kimə lazımdır bütün bunlar? Bunları nə üçün edirik?
Boqomolovun haqqında danışdığı mürəkkəb insan Azərbaycanda çoxdan yoxa çıxıb, izi-tozu da qalmayıb. Yüz faiz neoliberalizm məhsulu olan bəsit, səthi, mexaniki insan isə meydan sulayır. Rusiya gündəminə bomba kimi düşərək, anti-qərb diskursuna yeni və dözülməz çalar qatan “Avropanın oğurlanması 2.0”, sən demə Azərbaycanda, azərbaycanca lazım deyilmiş. Həm Qərbdən yemlənən, Qərbə iman etmiş biçarələrə lazım deyil (çünki məyusluq gətirir, zehni narahat suallarla məşğul edir), həm də hökumətə – onun dırnaqarası proqressiv, islahatçı qanadına. Axı, hökumətin bu gün siması, vitrini olmağa iddialı olan bu qanad da qərbpərəstdir. Özü də daha yüksək səviyyədə – Qərbin qapalı klublarında, alaqaranlıq dəhlizlərində “welcome” statusu ilə. Biçarə qərbpərəstlərimizin, proqram və arzu maksimumu qrant almaq və Avropaya səfər etmək olan yazıqların ağlına, xəyalına gəlməyəcək dərinlikdə Qərbə inteqrasiya etmiş, təpədən-dırnağa qədər Qərbin neo-liberal sprutunda yer alan, ruhu ilə Qərbə məxsus olan hökumətlə davası, ixtilafı, mübahisəsi necə də ironikdir, ilahi…
Bəsit, dayaz, mexaniki, müvəqqəti, qərəz MÜRƏKKƏB OLMAYAN insanın AzLogosun hədəflərini, ülküsünü anlamaq şansı varmı? “Hökumətə işləyirlər”, “avrasiyaçılığı yayırlar” – unikal olmağa, mürəkkəb olmağa, dayazlıqdan qaçmağa iddialı adamların taleyi olan stiqmalar. Arzu edirsinizsə, daşımalı olduğumuz xaçımız, el üçün ağlamaqdan kor olan gözümüz, qaranlığa/divara qarşı hayqırtımız…
Ümidimiz filosoflarımızadır – yarıb göstərsinlər bizə bu kiflənmişliyin anatomiyasını, ruhumuza dinclik gətirsinlər. Amma onlar da Axundovla əlləşir, Sabirlə dava eləyir deyə, heç özlərini narahat edən şeyin adını qoya, təyinatını tapa bilmirlər. Qərbdə narahat olanların, Qərbdən narazı olanların bu narahatlığı, bu narazılığı ifadə etməyə nəfəsləri çatmır. Heyhat!
Neoliberal Qərbin marionetkalarının mənasız saçyoldusu
Yersiz, ifrat təvazökarlıq təkəbbür əlamətidir. Bu da Məhəmməd peyğəmbərin kəlamıdır. Biz də o kişiyə qulaq asaq, yersiz təvazökarlıq, artistlik etmədən sözümüzün canına gələk – AzLogos, bugünə qədər Azərbaycanın başına gəlmiş ən gözəl hadisədir.
Heydər Camal və tələbəsi Maksim Şevçenko dəfələrlə: “Postsovet məkanında bütün rejimlər, Putin Rusiyası daxil olmaqla, dərindən dərinə Qərbə inteqrasiya olunublar, neoliberal mafioz sprutun içində yer alıblar” desələr də, əksəriyyətin zəkası üçün bu sözləri təhlil və həzm etmək mümkün görünmür. Təməl oyun qaydalarını qəbul edərək, onlardan bir addım da kənara çıxmayan postsovet rejimlərinin “müxtəlifliyi”, hər birinin özünəməxsusluğu, Qərblə fərqli dillərdə danışmaqları, birində prezidentin gitara çalmağı, obirində müxalifətçi tutmağı – mürəkkəb olmayan insanın qafasını qarışdırır, min bir yozuma səbəb olur. Hesab da elə bunadır – Qərbin institutları, saat mexanizmi kimi dəqiq işləyən şeytani sprut mürəkkəb olsalar bəsdir, insanların mürəkkəb olmasına ehtiyac yoxdur. Hədəf – bütün hüceyrələri ilə bəsit, dayaz insanın yaradılmasıdır. Hər şeyi anlamalı, bilməli, dərk etməli olmayan insanın. Rahat insanın. Üzüyola insanın. İtaətkar insanın. Sadiq insanın. Çox çərənləyən, çox sual verən, çox narazılıq edən, amma bütün sözləri, ifadələri, sualları məzmunsuz olan insanın.
Bir daha təkrardan ziyan gəlməz – obyektiv gedişat belədir. Azərbaycan da istisna deyil. Qlobal mənada liberalizmin radikal forması olan faşizm (Heydər Camala görə), sözügedən obyektiv gedişatı sürətləndirmək, bu gedişatı qaçılmaz tale kimi sırımaq, mexaniki insanı yaratmaq, çoxşaxəli şəxsiyyəti silmək, genlərlə oynamaq, birmənalı individuum modelini təsis etmək üçün sürətlə, var-gücü ilə çalışır. Bəsit insan mental olaraq öz bəsitliyinə hazır olmalı, bundan narahatlıq duymamalı, eşitdiyi səthi cavablara qane olmalıdır. Virus fürsət bilinərək elan olunan pandemiya isə, həmin sözügedən paradiqmanı birdəfəlik təsis etməyin repetisiyası kimi başa düşülməlidir.
Yoxsa, qudurmuşdu insan. Onun canlı ünsiyyət sıxlığı artıq obyektiv narahatlıq doğururdu. Emosiyaları, sevgisi, nifrəti ilə baş bəlasına çevrilmişdi. Yeddi milyard emosiya, yeddi milyard arzu, yeddi milyard mürəkkəb struktur – artıq dözülməz idi. Baydenin elan etdiyi restart, həm də yeni, bəsit insanın müjdəsidir. Boqomolovun mürəkkəb insanı isə, öz müxtəlifliyi, qeyri-sabitliyi ilə yeni sistemə yad olduğu üçün, imha edilməlidir.
Qayıdaq özümüzə. Azərbaycanın AzLogos üçün yetişməməsi faktı, “başından böyük qələt edənlərin”, yəni bizim yaşamaq və sözümüzü demək hüququmuzu istisna etməməlidir. Başımızdan böyük qələt etdiyimizə görə, gərək bağışlayasınız. Hökumətə, müxalifətə, vətəndaş cəmiyyətinə – əslində isə ət və dırnaq kimi bir olan, bir-birinin içində ərimiş, bir-birini yaşadan bu bozluğa və boşluğa yuxarıdan aşağı baxmaq, sizi bir-birinizdən ayırmamaq haqqımızla gərək barışasınız. AzLogos üçün siz hamınız neoliberal mafiyanın, etik-faşizmin imtiyazlı-imtiyazsız, kiçik-böyük, pis-yaxşı təsir agentlərisiniz. Aranızdakı danışıqlı döyüş bizdə uzaqbaşı təbəssüm doğura bilər. Bağışlayın ki, kvirlərin, liberalların, solçuların, feministlərin guya Qərblə qarşıdurmada olan hökumətlə davasına, Qərbi hökümətdən qorumasına(!) istehza edirik. Sizin bir-birinizlə ixtilafınız ideoloji əsaslı deyil, çünki ideolojinin özü yoxdur. Sizin bir-birinizə müxalifliyiniz mürəkkəb olmayan, müvəqqəti insan tipinə uyğun, neoliberal paradiqmanın tələb etdiyi standartlar və oyun qaydaları çərçivəsində aparılan davadır. Siz, uzaqbaşı “niyə bizimki də Merkel kimi marketə gedib bazarlıq eləmir”, “niyə Trüdo kimi rəngli corablar geyinmir”, “niyə Makron kimi geylərlə, lezbilərlə qucaqlaşmır, feministlərlə yalaşmır” dərdi ilə dərdlənə bilərsiniz. Bu, sizin ən yüksək dərinliyiniz (oksümoron deyil), müvəqqəti və dayaz taleyinizdir. Arzularınızı aşağı tutmalı, mümkün qədər bəsit olmalısınız. Qərbin “söyülməsi” isə hafizhacıyevlərə ona görə həvalə olunub ki, Qərb əleyhinə danışmağın ümumiyyətlə çuşkaların, səviyyəsizlərin aqibəti və peşəsi olduğu fikri beyinlərdə möhkəmlənsin, Qərbin səviyyəli və əsaslı tənqidi istisna edilsin. Uşaqlar, pullar, daşınmaz əmlak – hamısı oradadır axı.
Hökumətin, müxalifətin, dırnaqarsı ictimai sektorun AzLogosa qarşı nifrəti isə, əslində markerdir. Bir araya gələ bilmək, görüşmək, sözü bir yerə qoymaq şansı olmayan adamların, zahirən bir-birinə yad qrupların AzLogosa nifrətdə birləşmələri, yolumuzun doğru olduğunun başlıca göstəricisidir. Mövcud olduğu gündən “hökumətin layihəsi” böhtanı ilə üz-üzə qalan AzLogos sayəsində hökumət oturduğu yerdə kompliment qazanmışdır. Olsun, halal edirik. Yarısəhra rejimində fəaliyyət göstərməyə məhkum olan, nə zamansa institusionallaşması mümkün görünməyən, Qərblə də nəinki körpüləri yandırmış, heç əvvəldən körpüsü-filanı olmayan, ayrı-ayrı fərdlərin, qurumların dəstəyinə ümid edən, həqiqi dissident media olan AzLogosun gördüyü işin qavranılması, başa düşülməsi zaman, bəlkə də onillər alacaq.
AzLogosun bircə qəbahəti var – zamanı qabaqlaması. Onu da boynumuza alırıq.