Başlığın bu cür seçilməsi məqsədlidir, “çirkinlik” birbaşa mənasında işlədilib, müəllifin alleqorik burcutmalara müraciət etmək fikri yoxdur. Məhz, çirkinlik. Bu qənaətə gəlməyimə səbəb, Konstantin Boqomolovun “Avropanın oğurlanması. 2.0” məqaləsinə “Novaya Qazeta”da dərc edilmiş cavablar olmuşdur. Belə ki, Boqomolovun məqaləsi və şəxsiyyəti ətrafında gedən müzakirələri, qurulan anafema məhkəməsini (və quraşdırılan darağacını) müşahidə etmək, liberalların (yaxşı, olsun İkinci Qarabağ müharibəsi dövründə həqiqi simaları üzə çıxmış rusiyalı liberal-faşistlərin) Boqomolova yazdıqları biabırçı cavabları oxumaq, onların bir daha, bir daha xəbis daxili dünyalarını tanımaq baxımından olduqca vacibdir.
Əvvəlcə, məlumatsız oxuculara Boqomolovun məqaləsinin əsas tezislərini xatırlatmaq istərdim. Müəllif, qısaca, bu gün Avropada “etnik-nasizm”in “etik-nasizm”lə əvəz olunduğunu, mürəkkəb (qüsur və üstünlüklərə malik, çoxşaxəli) insanın sıradan çıxarıldığını, bir növ mexanik, ruhsuz insanın yaradılmağa çalışıldığını, qısnama və təqiblərin müasir liberal cəmiyyətin ayrılmaz parçasına çevrildiyini, etik-nasistlərin (oxu, liberalların) mənəvi üstünlük mövqeyindən çıxış edərək, onlar kimi düşünməyənlərin həyatını cəhənnəmə çevirdiyini qeyd edir və suallar qoyur.
Boqomolovun yazısını emosional adlandırmaq da olar, hərçənd, bu emosionallıq əsla konkret fərdlərə yönəlməmiş, sırf ümumi, qlobal vəziyyəti və onu yaradan düşüncə tərzini hədəfə almış emosionallıqdır. Bir daha! Bu məqama xüsusi diqqət etməyini oxucudan artıq dərəcədə təvəqqe edirəm, çünki aşağıda bu vurğunun səbəbi ona məlum olacaq:
Boqomolovun emosionallığı (əgər ümumiyyətlə esse janrı üçün emosionallıq “problem”dirsə) sırf situasiyaya, gedişata ünvanlı emosionallıqdır və essedə (öz dili ilə – manifestdə) heç kəsə sataşılmır, şəxsi keyfiyyətləri araşdırılmır, heç kəs təhqir olunmur, yataq otağına girilmir.
Burası, belə.
Polemikanı izləyənlər olubsa, Boqomolovun məqaləsindən sonra Rusiyada aranın qarışıb, məzhəbin itdiyini də bilir. Məqalənin dərcindən dərhal sonra “Novaya”nın redaksiyası məktub, məqalə, müraciət bombardımanına tutulmuşdur. Avropa ölkələrinin səfriliklərində narahatlığın kəllə-çarxa vurduğu da, sızan xəbərlər arasındadır. AzLogos olaraq biz, Boqomolovun essesi ilə yanaşı, ona gələn 10-a yaxın cavabdan ən adekvat olanı – İvan Vırıpayevin (fövqəladə, əlahiddə, biabırçı səviyyədə, xəcalətli dərəcədə zəif) cavab məqaləsini də tərcümə edib yayımlamışıq. Çünki, Vırıpayev Boqomolovun şəxsi keyfiyyətlərini, arvadını, toyunu, Putinə münasibətini araşdırma ehtiyacı duymadan (nə əcəbsə) ona cavab vermişdir.
Martınov, Yerofeyev kimi titanların, liberalizmin Rusiyada “şamtutan”larının (gündəmlə ayaqlaşmaq naminə seçilmiş termin) cavablarını isə nəinki tərcümə etmək, hətta oxumaq əzab olduğundan, onları AzLogos-a yaxın buraxmadıq.
Burada bir haşiyə yerinə düşər. Maraqlıdır ki, mənim lokal məna kəsb edən, sırf Azərbaycandakı vəziyyəti təhlil edən və Boqomolovun essesindən xeyli əvvəl dərc olunan “Mənəvi üstünlüyün gorbagor olması” adlı yazım, sanki Boqomolovun essesinin müjdəçisi olmuşdur. Bu paraleli ona görə aparıram ki, min təəssüf, Azərbaycan belə bir diskursa girəcək qədər böyüməyib, yetişməyib, ölkədəki infantilizm və ümumi səviyyə “Mənəvi üstünlüyün gorbagor olması”nı müzakirəyə çıxarmağa imkan vermir. Xeyr, yazı diqqətdən kənar qalmadı, yeddi minə yaxın oxundu, lakin, necə deyərlər, potensial opponentlər oxudu və “soxdu içinə”. Gözlənildiyi kimi.
Mənim yazımla Boqomolovun essesini doğmalaşdıran, birləşdirən fakta “Avropanın oğurlanması. 2.0” məqaləsinin AzLogos-dakı tərcüməsində linklə (keçidlə) də açıq-aşkar işarə olunub – Boqomolov da mənim kimi “mənəvi üstünlük diktatı”na toxunur, sadəcə bu problemə Qərb və onun rusiyalı uzantıları kontekstində, yəni daha geniş miqyasda işarə edir. Xoşbəxtlikdən (yaxud tərsinə) rusiyalı liberallar azərbaycandakı fikirdaşları qədər səviyyəsiz və qorxaq olmadıqlarına görə dərhal, sanki göstəriş almış kimi, komanda halında hücuma keçdilər və… biabır oldular. Səhv başa düşülməsin, bizimkilər də mənə hücum etməli idi demirəm, əgər rusiyalı liberal-faşistlər Boqomolova cavab verib, bunu əllərinə-üzlərinə bulaşdırıblarsa, mənimlə polemikaya girməyə cəsarət edəcək bizimkilərin nə vəziyyətə düşə biləcəklərini təsəvvür edin.
Yaxşı, bəs Yerofeyev, Martınov və Co.nun, liberalizmin Rusiyadakı titanlarının cavablarını bu qədər çirkin və dözülməz edən nədir? Burada təfərrüata çox varmayacam, maraqlanan olsa, “Novaya”nın saytında bütün yazıları oxuya bilər. Oxucunun diqqətini bir neçə rəzil məqama cəlb etmək istəyirəm.
Əvvəla, rusiyalı liberallar Boqomolovun işarə etdiyi və mənim yuxarıda iqtibas etdiyim problemləri cavablandırmaq yerinə (hərçənd, buna da cəhd ediblər), onun şəxsi həyatını, seçimlərini müzakirəyə çıxarmağı üstün tutdular. “Sən Putinə satılmısan” (bizdəki universal, hər dərdə dərman “hökumətə satılmısan” kontrasını yada salın) – onların ən “yumşaq” arqumenti idi. Liberallar Boqomolovun Kseniya Sobçakla yatması, onların toyu, ümumiyyətlə şəxsi həyatını təftiş etməkdən də çəkinmədilər. Yazıların, cavabların hər sətirindən nifrin, çirkab yağırdı, üfunət adamı vururdu, iydən baş çartlayırdı.
Bəs, liberallar niyə bu qədər əsəbidir, gözləri qaynayır, əlləri əsir, ağızlarının quduz suyu axır? Nə üçün?
Müasir liberallar ümumiyyətlə (şüurlu-şüursuz, məlumatlı-məlumatsız, psevdo-həqiqi, boş-dolu – fərqi yoxdur) belədir. Küncə sıxışanda, bir balaca arqument çətinliyi yaşayanda iyrəncləşirlər.
Boqomolov öz yazısında qeyd edir ki, bu gün etik-nasizmin hökm sürdüyü liberal dünyasında sosial şəbəkələr, “ictimai sektor”, “vətəndaş həmrəyliyi” jandarm rolunu oynayır, onlar hədəfə götürdükləri insanları təhqir edir, mobbinqə məruz qoyur, işlərindən atdırır, həyatlarını qaraldırlar. Və təsəvvür edin ki, yazının, necə deyərlər, mürəkkəbi qurumamış, sözün əsl mənasında düşük, səydəş, matişkə 500 ədəd liberal Boqomolova qarşı “Ok, boomer” adlı poster imzalayıb, onu redaksiyaya göndərir və tələb edirlər ki, poster imzaya açıq olsun. “Novaya Qazeta”nın ağzı nədir yox desin? Beləliklə, qosqoca nəşr özünü biabır edərək düşük, məzmunsuz, bircə “Ok, boomer” ifadəsinin yer aldığı posteri saytına qoyur və hamının imzasına açır(!)
Sən ciddi nəşrsən, yoxsa sosial şəbəkə yeniyetmələrinin qısnama məqsədilə açdığı feysbuk səhifəsi? Hələ mən, Konstantin Boqomolovun sırf formal olaraq, heç “boomer” kateqoriyasına aid olmadığını demirəm.
Sual yaranır, nə üçün liberalların, sənin onlara yönəltdiyin bütün diaqnozları tez-bazar təsdiqləməyə can atan, belə tələskən ürəyi var? Nə murdar, xəbis ürəkdir o elə? O ürək necə qazanılır? Liberal-faşistlər bunları haradan öyrənir? Kofe breykli, ay aqri viz yu-lu konfranslardamı? Necə olur ki, müəllif buradan “onların metodları qısnamadır, toplu halda hücumdur” yazır, oradan isə həmin sürü doğrudan da toplu halda dərhal hücuma keçir və müəllifi tez təsdiqləyir? Bu nə absurd işdir belə? Nə hövsələsizlikdir?
P.S. Bu yazı, beyinə qoşulma metodu ilə, tamamilə liberal-faşistlərin, etik-nasistlərin üslübu yamsılanaraq yazılmışdır və onlara güzgü tutmaq məqsədi daşıyır. Necədir?