“Mənəvi üstünlük” – tərifə ehtiyacı olmayan təbirdir. Bu kompleksin, daha dəqiq ifadə etsək psixi şikəstliyin, nevrozun fərdi və ictimai münasibətlərdə müxtəlif təzahürləri olur. Bizim mövzumuz konkret Azərbaycanın ictimai sferasında tüğyan edən “mənəvi üstünlük” terroru və onun icraçıları ilə qurbanları olacaq.
Şükürlər olsun, “mənəvi üstünlük” mərəzi məndən sonsuz işıq ili uzaqlığında olsa da, mənim də özümə görə kompleks və hobbilərim var, məsələn, müəllif, kitab adı çəkmək, əsərlərdən və filmlərdən sitatlar gətirmək kompleksi. Bu dəfə istisna olacaq – problemin məhz problem olduğunu, başqa bir şey olmadığını vurğulamaq baxımından istinad və sitat vacibdir. Bu, “mənəvi üstünlük” iddiasının fərdin hansısa şıltaqlığı, əyləncəsi, yaxud sıradan bir sosial fenomen yox, əslində psixikanın müdafiə mexanizmi kimi ortaya çıxan və latent naqislik kompleksindən xəbər verən dərin bir nevroz olduğunu bilmək, həmçinin yazının məramını anlamaq baxımından faydalı olacaqdır. Əslində, bir baxıma hobbimi də “ifşa” etmiş oldum – mənfi personajlarımın, yəni mənəvi üstünlükdən danışanların hər fürsətdə tifağını dağıtmaq. Filatelistika qədər maraqlıdır, həyəcanlıdır mənim üçün.
Beləliklə, bu haqda ilk dəfə avstriyalı psixoloq Alfred Adler danışıb və “mənəvi üstünlüyü” naqislik kompleksinin astar üzü adlandırıb. Eyni Adler hesab edirdi ki, bu kompleks, həmçinin, güclü sosial maraqsızlıq hissindən yaranan nevrotik simptomdur. “Mənəvi üstünlük” iddiasında olanlara qarşı tolerantlığın cinayət səviyyəsində bir qələt olduğunu anlamaq üçün dərin psixoloji biliklərə malik olmağa ehtiyac yoxdur. Bir cümlə ilə təhlükənin miqyasını göstərə bilərəm – aqressiv propaqanda və təlqinlər nəticəsində kiminsə mövqeyinin sənin mövqeyinə nisbətdə daha yüksək mənəvi, əxlaqi dəyər daşıdığına inanıb, qarşı tərəfin “mənəvi üstünlüyü” qarşısında əzilməyə başlayırsansa, özünə inamsızlığın yaranır, əksiklik kompleksinə düşür və ən əsası başqasının sənin üzərində dominantasını qəbul edirsən. Bundan böyük fərdi və ictimai təhlükə?!
Etiraf edim ki, “mənəvi üstünlük” tacirlərinin hətta mənim kimi güclü və iqnor sənətinin bütün incəliklərinə yiyələnmiş titana da təsirləri var. Mən, “mənəvi üstünlük” tacirləri qarşısında əzilənləri görəndə əzab çəkirəm, onların yerinə utanıram, ovqatım korlanır. Mücərrəd konstantalar qarşısında sınan, dolayısıyla “mənəvi üstünlük” nevrotiklərinin dominantasını qəbul edən saf, yaxşı insanlara dərin empatiya duyur, onların gözlərini həqiqətə aça bilməyəndə bunu şəxsi məğlubiyyətim hesab edirəm.
Mövzumuz bu olmasa da, bəzən “mənəvi üstünlük” terroru geopolitik miqyas da alır, buna da şahid olmuşam. Bir açıqsözlü tanışımın fb profilində, onun bir rus dostunun azərbaycanlıları aşağılamasına şahid olduqda, ona nə üçün dözdüyünü, cavab vermədiyini, blok etmədiyini soruşdum və belə bir cavab aldım “onun mənim üzərimdə mənəvi üstünlüyü” var. Lakin hər kəs bu tanışım qədər açıqsözlü deyil, həm də mövzumuz sözügedən nevrozun geopolitik təzahürləri (İran müctəhidləri, Türkiyəli abilər, Şimal metropoliyası, ermənilərin qədimliyi və s.) yox, bizim doğma Azərbaycandır. Qayıdaq ora.
Sən heç kimdən üstün deyilsən
Bilmirəm, yadellilərdən nəsə götürmək, özününküləşdirmək, başqalarının təcrübəsindən dərs almaq, nəticə çıxarmaq ümumiyyətlə mümkündür, ya yox, amma məndən olsaydı “mənəvi üstünlük” problemini yerli-dibli həll etmiş skandinavların təcrübəsini Azərbaycanda kurikuluma saldırardım.
Skandinaviyalı üçün birmənalı prinsip budur – bütün günü cüzamlı xəstələrə ovucundan su içirə, Afrikada acından ölən uşaqlara dərman və paltar göndərə, eroziyanın qarşısını almaq üçün bütün maaşınla iki yüz ağac alıb yamacda əkə bilərsən, amma bunların heç birini etməməyi bir yana, bunların heç birini etmədiyini gizlətməyən, həyatının mənasını nümayişkəranə yeyib-içməkdə, gəzməkdə, eyş-işrətdə görən, xeyriyyə məqsədilə bir qəpik də xərcləməyən qonşun qarşısında sənin HEÇ BİR “mənəvi üstünlüyün” yoxdur, ola da bilməz. “Mənəvi üstünlüyə” iddia kimi yozula biləcək istənilən hərəkətin və sözün sənin əleyhinə çevriləcək, cəmiyyətdən dəstək ala bilməyəcəksən.
Beyninizdə hansı sualların qaynamağa başladığını təxmin edirəm – “Axı, mən xeyir bir iş görəndə ürəyim partlayır, istəyirəm hamının gözünə soxum, bu haqda qışqırım! Bəs, öz davranışınla nümunə, ibrət olmaq necə?” Çox sadə. Sən könüllü olaraq xeyriyyəçiliyini etdin, hamı da gördü. Sonrası artıq sənin dərdin deyil. Sənə heç kim belə bir vəzifə, öhdəlik verməyib ki, başqalarının səni nümunə alıb-almadığını, sənin kimi xeyriyyəçilik edib-etmədiyini yoxlayasan, sorğulayasan, hesabat tələb edəsən, izləyəsən, güdəsən, təqib edəsən, terror edəsən, özünü meydanda şaqqalayıb “Amandır! Mən etdim, amma onlar etmir!” qışqırasan. Yox! Hesab edirsən ki, səni mənəvi cəhətdən üstün qılan bir əməlin yiyəsisən? Lap yaxşı. Deməli hamıdan artıq, hamıdan birinci və hamıdan əsaslı şəkildə “içinə soxmalı” və gedib öz işinlə məşğul olmalısan. Gerisi, sonrası sənə qalmayıb, sənin boynunun borcu deyil. Sənə heç kim bu xeyir əməlin sonrasında başqalarını terror etmək, lotuluq eləmək, yəni “mənəvi üstün” olmaq haqqı tanımayıb.
Azərbaycanlılar üçün bu cümlələrin necə bir beyin partlayışı olduğunu təsəvvür edirəm. Amma bu, skandinavların fəlsəfəsidir, bizə dəxli yoxdur. Sadəcə metodoloji bir nümunə göstərmək naminə yazdım bunları, mövzumuz tamam başqadır, xeyriyyə ilə əlaqəli deyil.
“Rejim”, “mübarizə” və “İlhama söz deyə bilənlər”
“Rejim” və “mübarizə” sözləri birlikdə, yaxud ayrılıqda sizdə qusma refleksini təhrik etmirsə, deməli, probleminiz var. Bəli, nə az, nə çox – probleminiz var. Çünki bugünün Azərbaycanında ən bariz terror – sosial şəbəkədə (sözün birbaşa mənasında) yaşayan (sözün birbaşa mənasında) bir ovuc (sözün birbaşa mənasında) azlığın (sözün birbaşa mənasında) həyata keçirdiyi terrordur (sözün birbaşa mənasında). Bu sosial şəbəkə köstəbəkləri özlərinin mənəvi üstünlüyünün formulasını “İlham Əliyevə söz deyə bilmək”, “rejimlə mübarizə aparmaq”da tapıblar və hiperaktiv formada təlqin edirlər.
Onların psixotipini, Adlerin təlimi işığında süzgəcdən keçirməyə davam edək. Kimdir bu “mübarizlər” və “İlhama söz deyə bilənlər”? Yığcam şəkildə onların hamısını (istisnasız olaraq) ictimai fayda əmsalları sıfırın altında olan qeyri-funksional, işsiz-gücsüz masturbator-parazitlər kimi təyin etməyimiz caiz, hətta müstəhəbdir.
Əllərində dəstəvuz etdikləri “rejim” və “mübarizə” ilə özlərini hansısa ali bir mərtəbənin varlığına, özlərinin isə bu mərtəbəyə yüksəldiklərinə inandıraraq, həqiqətən üstün, funksional, uğurlu və ən əsası güclü olanlara qarşı hücuma keçən nevrotiklər, aşağıdakı xarakterik xüsusiyyətlərə malikdirlər: hipertrofik düşmənlik, dözümsüzlük, lovğalıq, həsəd, şübhəçilik, nifrət. Özlərindən uğurlu və güclü hesab etdikləri funksional “rəqibləri” ilə illüzor mübarizələrində isterik manipulyasiyaları isə bir cümlənin müxtəlif variasiyaları ilə məhduddur: “Mən rejimlə mübarizə aparıram. Əl vurmayın mənə! Vurmayın mənə əl! Mənə əl vurmayın!”
Beləliklə, “mənəvi üstünlüyünə” inananların dərin aşağılıq kompleksi və çarəsizlik hissindən əziyyət çəkdiyini müəyyən etdik. “Mənəvi üstünlüyə” iddia, bu şikəstlərin yeganə hərəkətverici qüvvəsidir. “Mənəvi üstünlüyə” can atan nevrotiklərin real cəmiyyətdən uzaq olmasının, özlərini qapalı çevrələrində həbs etməsinin səbəbi, açıldıqları təqdirdə dramatik bəsitlik, səthilik, naqisliyin üzə çıxacağı, kralın çılpaqlığının əyan olacağı qorxusudur. “Mənəvi üstünlüyünə” inanan nevrotik özünə inamsızlıqdan qurtulmaq və uğursuzluğunun səbəbləri haqda düşünməməkdən ötrü dominantaya çevrilməyə, başqaları üzərində hökm etməyə çalışır. Bizim cəmiyyətdə buna nail olmağın ən qısa yolu “hökumətlə mübarizə aparmaq”dır. “Mənəvi üstünlük” nevrotiklərinin cəmiyyətlə, yaxud elə opponentlərlə əlaqə qurmaq üçün əllərində bundan savayı hansısa təsirli vasitə, eyni zamanda özünəinamları yoxdur. Onlar, bütün uğursuzluqlarının izahını özləri üçün belə tapıblar – uğursuzdurlar, çünki hökumətlə mübarizə aparırlar, dolayısı ilə bütün fürsətlərdən məhrumdurlar (tərsi olması ehtimalını nəzərə almadan). Bu da onlara “mənəvi üstünlük” haqqı tanıyır.
“Mənəvi üstünlük” hoqqabazlarını yuxarıda həm də parazit adlandırmağım sözgəlişi deyil. Sosial lazımlılıq və faydalılıq hissinin atrofiyasından əziyyət çəkən nevrotiklər, “mənəvi üstünlüyü” monetizasiya etməyə də meyllidirlər. “Mənəvi üstünlük” hər şeydən əlavə, həm də onları dolandırmalı, güzaranını da yaxşılaşdırmalıdır. Yəni, “mənəvi üstün” olmayanlar bundan dolayı xəcalət çəkməli və birbaşa, ya da dolaylı yollarla parazitləri “yemləməlidirlər”.
İfşa haqqı etika məngənəsində
Məşhur parazitlərdən birinin parazitliyini ifşa edərkən, arxa planda dayanan, təməldə yatan səbəblərin bir qisminə işarə etməyim, “qeyri-etik hərəkət” kimi yozulmuş, mənə irad tutulmuşdu. Bunun etika ilə uzaqdan-yaxından əlaqəsinin olmaması bir yana, parazitin özünün də opponentlərinin “arxa planını” qurdalamağa aludə olmasını xatırlatdığımda isə, “ona olar, sənə isə olmaz” kimi əcaib bir cavabla qarşılaşmışdım. Necə də maraqlı. Fikir verin, əslində burada onun naqisliyinə, sənin isə üstünlüyünə işarə edilir, səndən güzəştə getməyin istənilir, çünki sənin daha güclü, daha əxlaqlı, daha “mənəvi üstün” olmağına apellyasiya edilir. Klassik “o etdi, sən etmə” məsələsi.
Niyə etməyək? Etik olmayan nədir, axı? Arxa plana göz yummamaq? Necə deyərlər – xeyrola? Əgər səni sən edən, səni danışdıran, parazitliyini şərtləndirən şeyin nə olması göz qabağındadırsa, bu səbəbin opponent tərəfindən, sırf mücərrəd “etika” naminə dilə gətirilməyəcəyinə arxayın olmaq və meydan sulamağa davam etmək, əlahiddə bir lüks deyilmi parazit üçün? Sənin yeganə təkanvericilərin seksual problemlərin, yaxud iqtidarsızlığın, fobiyaların, funksional ola bilməməyindirsə, bunlar haqda susulacağına inanmaq, qarşı tərəfdən bunu gözləmək ən böyük əxlaqsızlıq deyilmi? Səni nə üçün qurşaqdan aşağı vurmaq olmaz, əgər sən özün qurşaqdan aşağı vurduğuna inanaraq hansısa hərəkət və sözlərə imza atırsansa?
Deməli, sənin üzdə olan, özü-özünü qışqıran həyat tərzin və əməllərinlə təsbit oluna bilən səbəblərini, gizli dünyanı, dərdlərini, problemlərini, əzablarını zikr etmək və səni, bəli, qurşaqdan aşağı vuraraq “ananı ağlatmaq” heç bir halda etika ilə əlaqələndirilə bilməz. Məsələn, sənin evində insest münasibəti varsa, seksual ehtiyaclarını anan təmin edirsə, sənin isə “rejimlə mübarizə aparan” imicin varsa, icazə ver səni ifşa edək. İcazə ver səni rəzil edək. İcazə ver səni məhv edək. Yoxsa, əcaib bir mənzərə ilə qarşılaşırıq. Necə ki, bütün dünya ermənilərin şıltaqlığına dözməli, nazlarını çəkməlidir, necə ki, ermənilərin dünyanın nəzərində xüsusi “matax” statusları var, bunların da zaman-zaman erməniliyi tutur – qurşaqdan aşağı zərbə alanda yazığı oynamağa başlayırlar. Kədərli mənzərədir.
Deməli, “mənəvi üstünlük” hoqqabazları ilə mübarizədə əjdahanı öldürüb əjdahaya çevrilmək riskindən qorxmaq lazım deyil. Daha doğrusu, burada belə bir risk mövcud deyil. Həmçinin, “mənəvi üstünlük” hoqqabazları ilə real, gərəkli, vacib olan siyasi müxalifəti də qarışdırmaq lazım deyil. Odur ki, mənəvi üstünlüyə iddialı olanlar, təhlükəli viruslar kimi məhv edilməlidir. Bu parazitləri məzmunsuz narazılıq göstərən, deyingən obıvatel ilə də səhv salmayın. Bu parazitlər məzmunsuz narazılığı peşələrinə çevirərək mənəvi üstünlük quranlardır və onlara qarşı amansız olmaq lazımdır.
Bunların dünyaları o qədər cılızdır ki, həyatdakı istənilən situasiya və taleyin min bir üzü, min bir təzahürü qarşısında xilaslarına yalnız bir cümlə yetişir – “sən hökumətə satılmısan”. Özünü tapa, təsdiq edə bilməyənlərin, uğursuzların, cılızların havası, suyudur bu cümlə. Boş yerə axtarmayın, onların arqumentasiya bazasında, lüğətlərində, doktrinalarında, paradiqmalarında, tezis və anti-tezislərində ikinci bir söz, cümlə, ifadə yoxdur. Hərlənib-fırlanıb hökumətə, İlhama gələcəklər. İlham onların fetişi, gizli arzusudur. “Hökumətə işləyirsən” kimi qısır, dar dünyada yaşamaqları əslində özlərinə də əzab verir və onları aqressiv edir. Bu aqressiyanı beşiyində boğmaq isə bizim borcumuzdur.
Azərbaycanlı gərək unutmasın ki, hökumət yoxdur, sən varsan – azərbaycanlı. Və sənin rolların var. Mövcud olan, üzdə olan bütün cəbhələr sünidir, quramadır. Bütün pislər və yaxşılar, düşərgələr və bölünmələr – hamısı uydurmadır. Funksional və qeyri-funksional var, başqa bir meyar yoxdur. Məsələn, qeyri-funksional sosial şəbəkə fenomeni Azərbaycana aid hansısa mənfi məlumatı tez-təcili ingiliscəyə tərcümə edərək tvitterdə ermənilərə servis edirsə, bunun adı həqiqətpərəstlik yox, şöhrətpərəstlikdir. Başqa sözlə – götverənlik.
Pazı pazla, yəni AzLogos-la çıxarmaq
Gəlin yekunlaşdıraq. Beləliklə, mənəvi üstünlüyə iddia etmək, ləyaqətli və vicdanlı olduğunu hər addımda, hər statusda, hər şərhdə gözə soxmaq və bunun hesabına görünmək, imic yaratmaq əslində elə öz ləyaqətinə və vicdanına inamsızlıq, qabiliyyətsizliyinlə bağlı özünə etdiyin latent etirafdır. Varlıqları yalnız sosial şəbəkələr sayəsində meydana çıxan, əmək qabiliyyəti və istedadı impotent olan uğursuzlar kateqoriyası, heç olmasa virtual-lokal məkanda nəsə çərənləməklə özlərinə təsəlli verirlər. Məsələnin faciəli tərəfi odur ki, bu adamları kimsə nümunə göstərib, haqlarında “mənəvi üstünlüyə malik, ləyaqətli adamdır” da demir. Özünün “mənəvi üstünlüyünü” gözə soxmaq bu adamların mənəvi ehtiyacıdır, hətta seksual təminat ehtiyacı, orqazma çatmaq istəyidir.
Onların təsəvvüründə ləyaqətli olmağın əsas kriteriyası illərdir dəyişmir: sən dövlət strukturlarında işləməməlisən, hakimiyyətlə əməkdaşlıq eləməməlisən, onu təhqir eləməlisən və s. Lakin “vətəndaş cəmiyyəti quruculuğu”, “sülh yaradıcılığı” ilə məşğul olmaq adı altında qrantlar alırsansa, bioloji var olmaq naminə rəqiblərini donoslarla zərərsizləşdirirsənsə, səfirliklərə düşüb məzmunsuz layihələrindən ötrü pul dilənirsənsə, statuslarında hakimiyyəti söyürsənsə olursan ləyaqətli. Çünki hakimiyyəti söyməsən, ölkəni mümkün qədər qara rəngdə göstərməsən, qaramata bürüməsən Qərb səni maliyyələşdirməyəcək. Beləliklə, universal, bəşəri dəyər olan ləyaqət, vicdan sözü Azərbaycandakı “ictimai sektorun” düşüncəsi ilə cılızlaşaraq əyalətçi səviyyəyə enir.
AzLogos isə onların terroruna ciddi zərbə vurdu. Təsadüfi deyil ki, onların qorxduğu və nifrət etdiyi yeganə ünvan AzLogos-dur. Onların mənəvi üstünlük oyunları AzLogos-da keçmir, bizimlə qarşılaşanda darmadağın olur. Bu mənada AzLogos mənəvi üstünlüyə iddialı olan ictimai sektor fiqurantlarının, aktivistlərinin ağzını cırdı, onları dəyərdən saldı. Mənəvi üstünlük iddiasında olaraq onu-bunu terror edən təxminən 150-200 nəfərlik sosial şəbəkə dəstəsini məhv etdi. Bunlar sizə zarafat görünməsin.
AzLogos qaragüruh neo-liberallara, sol-liberallara yerini göstərdi ki, sizin psixoloji terror mexanizminin bizə təsir etmək gücü yoxdur. Özünüzü istədiyiniz qədər gəmirin, bağırın, “AzLogos-u oxumayın”, “orada yazanların ləyaqəti yoxdur” kimi çürük, düşük, faşist fikirlərinizlə özünüzü didin – bizə isə bu ucuz şounuza, güczüslüyünüzə, mənəvi idbarlığınıza baxıb həzz almaq qalır.
Odur ki, bizdən “bəs, nə etməli?” məsləhətini soruşan oxucularımıza cavabımız çox sadə və konkretdir – onları ayıltmaq üçün təhqirdən, yəni Laroşfukonun ifadəsi ilə desək “şillə vuraraq” özünə gətirməkdən savayı vasitə yoxdur. Təhqir, yəni şillə burada şok terapiyasıdır. Bütün anlaşılmayan situasiyalarda “hökumət”, “İlham” deyə sayıqlayan adamlara qoxlatdırılan naşatır spirtidir. Bütün anlaşılmayan situasiyalarda “hökumət” və “İlham” deyənlərə aman verməyin, göz açdırmayın, nəfəs aldırmayın. Unutmayın – mənəvi üstünlüyünə inanmış adamın mahiyyətdə pedofildən heç bir fərqi yoxdur – eyni təhlükəlilik, eyni zərərlilik əmsalı, eyni xəstəlikdir. Onları sağaltmağın, ayıltmağın, özünə gətirməyin yolu, onların sehrli “rejim” və “İlham” sözləri ilə susdura biləcəkləri adamların yoxluğundan keçir. Narahat olmayın, siz bu hoqqabazları heç vaxt hökumətin iqtisadi, hərbi, sosial siyasətini və fəaliyyətini tənqid edən ağlı başında ekspertlərlə, siyasətçilərlə səhv salmayacaqsınız.
Sizin üçün belə bir qorxu, risk varsa, yazını başdan bir daha oxuyun.