Avropanın oğurlanması 2.0. Bir rejissorun manifesti
Qurulan portağal
İnsan gözəl, eyni zamanda təhlükəli bir məxluqdur. Atom enerjisi kimi həm yaradıcı, həm də dağıdıcı gücə malikdir.
Bu enerjiyə nəzarət etmək, dağıdıcı gücü məhdudlaşdırıb yaradıcı enerjini təşviq etmək – uca bir vəzifədir. Mürəkkəb insana əsaslanan, mürəkkəb sivilizasiya qurmaq vəzifəsi. Qərb dünyası müasir dövrə qədər məhz belə inkişaf etmişdir – insanın qaranlıq tərəflərini din, fəlsəfə, sənət və təhsil ilə məhdudlaşdıraraq, eyni zamanda həddindən artıq isinmiş qazanın qapağını aralayıb, qaranlığın sızmasına imkan verərək.
İyirminci əsrdə insan adlanan atom enerjisi nəzarətdən çıxdı. Nasizm insan Çernobılına çevrildi. İnsandakı bu ibtidai partlayış qarşısında Avropa böyük şok və qorxu keçirdi.
Nasizmdən azad olan Qərb, mürəkkəb insanı ləğv edərək, özünü “atom qəzası”ndan sığortalamağa qərar verdi.
Həmin mürəkkəb insanı Avropanın xristianlığı uzun illər boyunca formalaşdırmışdı. Dostoyevskinin təsvir etdiyi insan: həm yüksək, həm alçaq, həm mələk, həm şeytan, sevən və nifrət edən, inanan və şübhə edən, düşünən və fanatik insan. Avropa insanın içindəki heyvandan qorxdu; heyvanın da, mələyin də eyni insanın təbii və üzvi üzləri olduğunu anlamadı. Nasizmin nəticələrini əqli və mənəvi cəhətdən aşa bilməyən Avropa mürəkkəb insanı xədim etmək qərarına gəldi. Onun qaranlıq təbiətini xədim etmək, cinlərini isə sonsuza qədər həbs etmək.
Bir zamanlar Kubrik “Qurulan portağal” filmini çəkmişdi – narkotiklərin təsiri altında Londonda dəhşət saçan, dinc sakinləri vəhşicəsinə döyən və təcavüz edən gözüqanlı gənc oğlanlar haqqında film. Dəstənin lideri tutulanda, ona vaxtından əvvəl azad edilməsi üçün təcrübi terapiyadan keçməyi təklif edirlər: onun göz qapaqlarını saatlarla bağlanmağa qoymur, sevdiyi Bethovenin musiqisi fonunda ona şiddət səhnələri göstərirlər. Nəticədə, gənc təkcə cinayətkarlığın daşını atmır, həm də musiqidən ögümək istəyir, çılpaq qadına baxa bilməyəcək həddə gəlir, seksdən iyrənməyə başlayır. Ona zərbələr endirən adamın ayaqqabılarını yalamağa hazır olur.
Müasir Qərb – kimyəvi kastrasiya və lobotomiyaya məruz qalmış, belə bir cinayətkardır. Qərbli insanın üzündə donmuş xoşməramlı təbəssüm, saxta təbəssümdür. Bu, kültürün təbəssümü deyil. Bu, tənəzzülün təbəssümdür.
Yeni Etik Reyx
Qərb özünü fərdi azadlıqların reallaşmasına istiqamətlənmiş cəmiyyət elan edib. Əslində, bu gün Qərb fərdə qarşı mürəkkəb və ağır bir enerji ilə mübarizə aparır. Bu mübarizədə məhkəmə, təqib və təcridetmə funksiyaları aradan qaldırılmayıb, sadəcə dövlətdən cəmiyyətə həvalə olunub. Polis və təhlükəsizlik xidməti əməkdaşları tərəfindən təmsil olunan dövlət “humanistləşdirilib” “insaniləşdirilsə” də, dövlət fərqli fikirliliyə qarşı effektiv mübarizəsini, hücum dəstələri rolunu öz üzərinə götürmüş, şərti mütərəqqi cəmiyyətin köməyi ilə aparır.
Müasir Qərb dünyası “yeni etika” ideologiyası ilə Yeni etik reyx formalaşdırır. Keçmişdə nasional-sosializm idi, indi isə qarşımızda etik-sosializm, kvir-sosializmdir. Siemens, Boss və Volkswagen Google, Apple və Facebook-a çevrilib, “nasistlər” isə eyni dərəcədə aqressiv və dünyanın tamamilə yenidən şəkillənməsinə susamış kvir-aktivistlər, fem-fanatiklər və eko-psixopatların qarışığı ilə əvəz olunub. Ənənəvi totalitar rejimlər düşüncə azadlığını boğurdu. Yeni qeyri-ənənəvi totalitarizm isə daha da irəli gedərək, duyğuları idarə etmək istəyir. Bir fərdin duyğu azadlığının məhdudlaşdırılması – Yeni etik reyxin inqilabi konsepsiyasıdır.
Hisslər və düşüncələr hər zaman insanın özəl sferası olmuşdur. Əllərini dinc saxlamağa məcbur olsa da, insanın ürəyi və beyni azad idi. Bu, nifrətin sevginin bir başqa üzü olduğunu anlayan – çətin və təhlükəli olsa da, bunları insan şəxsiyyətinin zəruri və vacib komponenti kimi görən, insanı isə duyğuların və fikirlərin vəhdəti kimi dərk edən Avropa sivilizasiyasının yazılmamış sosial müqaviləsi idi.
Nasist cəmiyyətində insan başqalarına nifrət etsin deyə, it kimi məşqlərə məruz qalır, əhliləşdirilirdi.
Yeni etik reyxdə isə insan sərbəst nifrət etmək hüququndan məhrum edilərək, sevməyə öyrədilir.
Sən artıq “bəyənmirəm …”, “sevmirəm …”, “qorxuram …” deyə bilmirsən. Duyğularını yalnız ictimai rəy və sosial dəyərlərlə uzlaşdırmalısan.
Sosial dəyərlər isə, təkcə incidilmişlərin, bədbəxtlərin və ya sadəcə vicdansızların kağız parçasına yazılmış təvəqqeləri yox, eyni zamanda yeni Tanrı olan – Proqressiv Cəmiyyətdən – öz küskünlükləri, dramları, qorxuları və ya xəstəlikləri də əlavə olunaraq, onların yeni etik YUNESKO-nun siyahısına salınmasını, onlara sosial əhəmiyyətli status verilməsini, bunun üçün isə büdcə ayırmasını və ictimai həyatın bütün sahələrində xüsusi bir kvota yaradılmasını tələb edə biləcəkləri, yeni Ağlama divarı olub. İncikliyin elə də əhəmiyyətli olmadığını, xəstəliyin müalicə oluna biləcəyini və şəxsi dramın intim bir məsələ olduğunu söyləyən hər kəs isə, həmin ictimai rəy tərəfindən güclü repressiv maşına salınaraq qurban ediləcək.
Hamı bir nəfərə qarşı
Sosial media bu yeni repressiv maşın üçün ideal vasitə oldu. Onun şərti əməkdaşları – hamısı “hörmətli” və “şəbəkədə” aktiv vətəndaşlardır. Forma geyinmirlər, dubinkaları və şok dəyənəkləri yoxdur, ancaq qadjetləri, obıvatelsayağı iqtidar hərislikləri, zorakılığa gizli ehtirasları və sürü instinktləri var. Qanuni hüquqları yoxdur, ancaq mənəvi üstünlük hüquqları var (həmçinin bax “Mənəvi üstünlüyün gorbagor olması“, Ələkbər Əliyev – red.) ABŞ-da baş verən son hadisələrin işığında isə aydın oldu ki, bunlar yalnız təşkilatlanmış şəbəkə izdihamı deyil, – həmçinin İnternet nəhəngləri timsalında yeni Həqiqət Nazirliyi tərəfindən dəstəklənən səlahiyyət sahibləridir.
Şəbəkələr bu yeni təcavüzkarlara anonimlik, təmassızlıq və nəticədə cəzasızlıq qazandırdı. Virtual izdiham, virtual linç, virtual qısnama, virtual zorakılıq və sırada addımlamayan hər kəsin sosial təcrid olunması. Bu şəbəkə nəzarətçiləri və əlaltıları – insanın əbədi qorxusu olan hər kəsə qarşı tək qalmaq qorxusundan məharətlə istifadə edirlər.
Nasist quruluşda bir rəssam əsəri “degenerativ” olduğuna görə işini və həyatını itirə bilərdi. Gələcəyin “gözəl” Qərb dövlətində isə sənətçi səhv dəyərlər sistemini dəstəklədiyi üçün işini itirə bilər. Bununla belə, hədəf obyekti təkcə rəssam da deyil. Vəziyyət sürətlə inkişaf edir və bu gün bəzi Amerika universitetlərindəki təvazökar bir tədqiqatçı, yaxud dinc və kifayət qədər uğurlu bir tələbə, mövcud siyasi məsələlərdə, və ya sosial həyata dair mövzularda “səhv” fikir bildirdiyinə görə qurumdan xaric edilə bilər. Bu repressiya tədbirlərini dövlət deyil, cəmiyyət həyata keçirdiyinə görə, hərəkatın adı ictimai həmrəylikdir və “azad” və “mütərəqqi” insanların haqlı qəzəbi ilə təqdis olunub; onlar fərqli fikirdə olanlara diz çökdürə, bu pozada saxlaya bilir və yalnız onlar kiminsə işləyib-işləməyəcəyinə qərar vermək hüququna malikdirlər. Beləliklə, insan, bu yeni Oruellsayağı dövlətdə yaşamağın yeganə yolu kimi, özünü kastrasiyaya yönəldilir.
Seksual əks-inqilab
Yeni reyx ölümə müharibə elan etdi. İnsan təbiətinin dərkedilməyən ilahi bir planın tərkib hissəsi kimi – solmağa və ölümə qarşı müharibə. Əbədi gənclik axtarışları yeni Qərb cəmiyyətinin daxili ideefixinə çevrildi. Səbəb də aydındır: ölüm gözlənilməz və ilahidir. Elə nasional-sosialistlər, kommunistlər kimi, kvir-sosialistlər də öz üzərlərində ideyalarının gücündən başqa bir avtoritet tanımırlar. İdeya və rasio onların Tanrılarıdır. Yaxud özləri tanrıdır və insanı bir sirr kimi yox, təcrübə obyekti, ət kimi görürlər. Ölümə qarşı müharibə, varlığın sirrinə qarşı müharibədir. Əbədiliyə qarşı aparılan mənasız və axmaq müharibə.
Lakin ilahi bir vergi, mistik bir nəticə olan ölümə qarşı müharibənin olduğu yerdə, həyata qarşı müharibə də qaçılmazdır. Həyat da ölüm qədər gözlənilməz, eynilə dərkedilməzdir. Bu isə, onun idarəolunmaz və təhlükəli olduğu anlamına gəlir.
Avropa, yeni bir postnasist intibahına çevrilən seksual inqilabdan keçərək, insan varlığının ən həyati, emosional və idarəolunmaz hissəsi olan seksual enerji ilə total mübarizəyə girişdi.
Çünki seks – azadlıqdır. Seks – təhlükədir. Seks – insanda heyvani olandır. Və ən əsası, seks – Həyatın başlanğıcıdır.
Xristianlıq seksual akta müqəddəslik tanıdı. Ona ilahilik və gözəllik qatdı. Erotika incəsənət predmeti idi. Şəhvət – ilham təcəssümü idi. Seks – eşqin müqəddəs həzzi idi. Doğuluş – möcüzə idi.
Yeni reyx isə seksi istehsal, cinsi orqanları da alət hesab etdi. Keçmiş sosialistlərin vəsiyyətlərinə və yeni kvir-sosializmin təliminə uyğun olaraq, istehsal alətlərini ictimailəşdirdi, onları yenidən bölüşdürdü, istehsalın özünü optimallaşdırdı və cinsi əlaqəni qeyri-relevant hala gətirərək dövlət-ictimaiyyət nəzarəti altına aldı.
Parisdə yanan Notre Dame kilsəsi, müsəlmanların təzyiqi altında süqut edən xristian Avropanın əlaməti deyildi. Xaçda aşkar olmuş müqəddəs həyat və ölüm sirri ilə, Yeni reyxin müharibəsinin qəribə və mistik bir əlaməti idi.
Sərhədlər və yeni irqi nəzəriyyə
Cəmiyyətin transsərhəd təbiəti və qloballaşma yeni bir totalitar imperiyanın yaradılmasının tərkib hissəsidir. Köhnə günlərdə, hər hansı bir dissident öz cəmiyyətindən ayrılaraq, yeni bir cəmiyyətdə özünə yer tapmaq fürsətinə malik idi. Sərhədlər fərdin azadlığını sığortalayırdı: etik və dəyər sistemlərinin müxtəlifliyi bir insana özü üçün – ya onu qəbul edə bilən, yaxud sadəcə həyatını yaşamağa mane olmayan mühitdə – bir həyat və reallaşma imkanı tapmaq şansı verirdi.
Yeni etik imperiya cəmiyyətlərin genişlənməsini və eyniləşməsini hədəfləyir. Beləliklə də, narazı fərdin etik saflığın keşiyində dayananların əlindən heç yerdə gizlənə bilməyəcəyi yeni bir qlobal kənd yaradılır.
Etik saflıq irqi saflığı əvəz etmişdir. Və bu gün Qərbdə mikroskop altında araşdırılan burun şəkli və milli kimlik yox, uğur qazanmış hər bir fərdin etik keçmişidir: onilliklərin dərinliyində, balaca da olsa bir təcavüz, istismar, ya da heç olmasa yeni dəyərlər sisteminə uyğun olmayan bir ifadə axtarılır. Varsa, diz çökəcək və tövbə edəcəksən!
İtirdikləri Avropa
İnqilab Rusiyanı bir əsrə yaxın Qərbdən təcrid etdi. Bolşevizmdən azad olan Rusiya, keçən əsrin 90-cı illərində Avropaya tələsdi. Rusiya qəbul olunmağa çalışdı, öyrənməyə çalışdı, Avropa ölkəsi statusunu bərpa etməyi xəyal etdi. Avropa dəyərlərini bərpa etmək istədi. Müharibədən əvvəlki gözəl Avropanın dəyərlərini. Bütün müxtəlifliyi ilə mürəkkəb insandan qorxmayan Avropanı. Sevmək və nifrət etmək azadlığına hörmət edən Avropanı. Təbiətin insanı mürəkkəb, ziddiyyətli və dramatik bir məxluq kimi yaratdığını anlayan və özünü daha ali bir plana müdaxilə etmək hüququnda görməyən Avropanı. Bir insanın əsas dəyərinin cinsi əlaqədə olmasında deyil, necə düşünməsində və yaradıcılığında ifadə edilən fərdiliyinin olmasında görən Avropanı. Yaradıcılığın özü isə bədəndə əməliyyat, dəyişiklik etmək, yeni gender tərifləri icad etmək yox, rəsm əsərləri, musiqi, mətnlər yaratmaqdan ibarətdir.
Rusiya 90-cı illərdən bəri belə bir Avropa axtarırdı. Özü də elə olmaq arzusunda idi.
Bu gün mövcud olmadıqları halda, Rusiyanın özünə müttəfiqlər axtarması düzgündürmü?
Avropa – tərk edilmiş və talan edilmiş bir albalı bağıdır. Firslər mühacir dəstələrindən gizlənir, Ranevskilər sağlamlıq naminə kokain iyləyir, Petya Trofimov Avroqanunlar yazır, Anya özünün kvir-şəxsiyyət olduğunu dərk edib və qoca Bayden kimi sağ qalan Qayevlər xeyirxahlıq və ədalət haqqında növbətçi sözlər çərənliyərlər.
Müasir Rusiya əlbəttə ki, can atdığı Avropadan çox uzaqdır. Ancaq görünən odur ki, yeni Avropa panoptikumuna da girmək istəmir.
Bizim tərəqqiçi və qərbçilər israr edirlər ki, Rusiya nəzarətçilər və kölələr ölkəsidir. Bu, böyük ölçüdə doğrudur. Fəqət eyni zamanda o da həqiqətdir ki, azadlıq çatışmazlığı şəraitində uzun illər yaşamış, düşərgə qorxusu genetik yaddaşına hopmuş; həyatda qalmağın, xalqı hakimiyyətdən və hakimiyyəti xalqdan qorumağın yolu kimi yalnız satqınlıq, həmçinin susqunluq və zorakılıq görmüşlər üçün inqilab yox, ancaq səbir və terapiya lazımdır. Lanselotun dramı, nə Elzanı, nə də xilas etmək istədiklərini həqiqətən sevməməsindədir.
Şiddət ruhu və qorxu atmosferi məndə ikrah doğurur. Ancaq bu o demək deyil ki, nəzarətçilər və nökərlər ölkəsinin çarəsizlikdən və qorxudan yox, ürəkdən; cəhalətdən yox, maarifçilikdən satqınlıq edən, rəngli (ağlar daxil olmaqla) BLM Şvonderlərinin evlərə girib professorlardan diz çökməyi, evinin bir hissəsini bölüşməyi və aclıq çəkən Floyda kömək üçün pul verməyi tələb edənlərin ölkəsinə çevrilməsinə razı olacağam.
Rusiya bütün bunları 17-ci ildə keçib. Feminitivlər və dilin başqa cür təhqirləri, cinsi və ya mədəni kimlikdən azad olmaq cəhdləri, əxlaqın və tərbiyənin müzakirə edildiyi iclaslar, əməkçilərin, hətta valideynlərini satan uşaqların kütləvi tələbləri bizə tanışdır (məsələn, bu yaxınlarda ABŞ-da demokrat bir qız, valideynləri Trumpın etiraz aksiyalarında iştirak və Kapitoliyə basqın etdiklərinə görə, onları polisə satmışdı). Bunların hamısı olub, görmüşük. Qərb dünyasının, Vera Pavlovnanın şirin xəyallarına oxşar xəyallara daldığını görmək necə də təəccüblüdür. Müxalif insanlara qarşı küçələrdəki çevik polislərdən daha betər mənəvi terror həyata keçirən yeni rus kütləsinin parıldayan gözlərini və sadəlövh çıxışlarını müşahidə etmək necə də qəribədir.
Narazılar çoxdur və onlar heç də zır ortodokslar deyil – müasir, şən və azad; savadlı və uğurlu, yeniliklərə açıq, həyatı bütün müxtəlifliyi ilə sevən insanlardır. Bu qəribə və zülmətli zamanların keçəcəyini gizlincə xəyal edən ruslar, avropalılar, amerikalılar. Onlar səslərini çıxarmaqdan qorxurlar. Rusiyada şəbəkə qısnamasının hədəfinə çevrilməkdən qorxurlar. Mənəvi terrora məruz qalmaqdan, Qərbdə işlərini və maliyyələrini itirməkdən qorxurlar.
Onların hava-su kimi dəstəyə ehtiyacı var. Onlara hiss və düşüncələrini bir sözlə ifadə etmək, sözlərinin isə iradə və təşkilat tərəfindən dəstəkləndiyini görmək lazımdır. Bu o deməkdir ki, radikal pravoslavlıqdan uzaq, lakin mürəkkəb insana söykənən mürəkkəb dünyanın dəyərlərini qətiyyətlə və barışmaz bir şəkildə müdafiə edən aydın və yeni bir sağçı ideologiyanın yaranması labüddür.
Rus kütlə bizə deyir: Rusiya inkişafın quyruğundadır.
Xeyr.
Biz, hadisələrin təsadüfi axışı nəticəsində bizi multikultural və neytral genderli cinlərin qarşılayacağı Bosxun cəhənnəminə doğru uçan dəli bir qatarın quyruğundayıq.
Sadəcə bu vaqonu açıb buraxmalı, xaç vurmalı və öz yeni dünyamızı qurmağa başlamalıyıq. Köhnə, xeyirxah Avropamızı yenidən qurmalıyıq. Xəyal etdiyimiz Avropanı. Onların itirdiyi Avropanı. Sağlam insanın Avropasını.
Konstantin Boqomolov
Новая Газета