“Cancel Culture” və ya imtina mədəniyyəti, hazırda qərb dünyasında və onların təsiri ilə müxtəlif dövlətlərdə fəaliyyət göstərən qruplar tərəfindən tanınmış simalara qarşı sosial media və real həyatda tətbiq edilən senzuranın yeni versiyasıdır.
Əsasən sol liberal, feminist, gender aktivistləri, qısacası “SJW”lərdən ibarət olan “cancel culture” tərəfdarları, tanınmış simaların fikirlərində faşizm, rasizm, homofobiya, feminizm əleyhinə fikirlər və s. taparaq onlardan “imtina” edirlər. İmtina dedikdə, bu şəxslərə qarşı sosial mediada olan dəstəyin qarşısının alınması, xalqın gözündən salınması və mümkün olduğu təqdirdə iştirak etdikləri layihələrdən qovulması, məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
2000-ci illərin əvvəllərində qaradərililər, imtina mədəniyyəti vasitəsilə insanların diqqətini qaradərililərə qarşı diskriminasiyaya, rasizmə yönləndirirdilər və bu, uğurla nəticələnirdi. Sosial şəbəkələri öz dərdlərini bildirmək üçün platformaya çevirən qaradərililər, imtina mədəniyyətinin geniş yayılmasına səbəb oldular. Həmin dövrdə yalnız faktlar üzərindən məşhur şəxslərə və şirkətlərə qarşı sosial media istifadəçiləri tərəfindən başlanan bu hərəkat, getdikcə təhlükəli hal almağa başlayıb.
Daha sonra “proqressiv tayfanın” silahına çevrilmiş imtina mədəniyyəti, hazırda əldə ciddi fakt, dəlil olmadan belə kimisə qaralmaq, ləkələmək və həmin şəxsin həyatını qaraltmaq gücünə malikdir. Hazırda vəziyyət o yerə çatıb ki, alimlər araşdırmalarında, məşhurlar sosial media üzərindən paylaşdığı fikirlərdə, yazıçılar öz romanlarında, hətta sosial şəbəkə üzərindən paylaşdıqları zarafat xarakterli postlarda belə “proqressiv” ideyalara qarşı olan heç bir fikrin olmamasına diqqət etməyə məcbur olublar. Əks halda insanı intihar həddinə çatdıran hay-küyçü, qaraqışqırıqçı bir kütlənin hədəfinə çevrilmək ehtimalı çox böyükdür.
İmtina mədəniyyəti tərəfdarları artdıqca qurbanların sayı, cəzaların ağırlığı da artmağa başlayıb. İmtina edilmişlər siyahısında məşhur aktrisa Skarlet Yohanson da var. Transgender rolunu oynamağa razılıq verdiyinə görə LGTBQ aktivistləri, həmin rolun bir transgender tərəfindən oynanıla biləcəyi halda Skarletin bu rolu oynamağa razılıq verməsinə görə qınayıblar. Onların fikrincə bu, filmlərdə transgender aktyorların iştirak etməsinin qarşısını alır.
2018-ci Kenyu Vest Tvitterdə “Köləlik seçimdir” yazdığına görə rasizmdə günahlandırılaraq “cancelled” olunmuşdu. Nəticədə reperin albomlarının satışı nəzərə çarpacaq dərəcədə azalmışdı. İmtina mədəniyyəti həmçinin intihara da səbəb olmuşdur. Avqust Ames adlı porno aktrisa, cinsi xəstəliyə yoluxma şansının yüksək olmasını düşündüyünə görə homoseksuallarla əlaqədə olmuş aktyorlarla eyni porno filmdə çəkilmək istəmədiyini bildirmişdi. Gender aktivistləri tərəfindən homofobluqda günahlandırılan aktrisa, dəfələrlə fikrini əsaslandırdığı, hətta fikrinin yanlış anlaşıldığına görə üzr istədiyi halda qınaqlar bitməmiş və nəticədə aktrisa bezginliyin pik həddində son tvitini ataraq intihar etmişdir. İmtina mədəniyyətinin qurbanlarının sayı günü gündən artmağa davam edir. Qərbdə yüzlərlə musiqiçilər, alimlər, jurnalistlər, aktyorlar, siyasətçilər və s. bu senzuranın qurbanlarına çevrilməkdə davam edirlər.
Proses təbii ki, yalnız qərblə məhdudlaşmır. Qərbdə yaranan istənilən ideya kimi, bu da qərb təfəkkürünün təsiri altında olan qruplar tərəfindən qərbin “üçüncü dünya” adlandırdığı ölkələrə keçirilir. Nəticədə artıq ölkəmizdə də “cancel culture” fəaliyyətə və öz qurbanlarını seçməyə başlayıb. Ölkəmizdə imtina mədəniyyətinin ilk qurbanları yazıçı və siyasi aktivistlər olublar. Qızını döyməkdə günahlandırılan müxalif partiya sədrinin müavini qınaq müddətində partiyadan istefa verməyə məcbur olmuşdu. Həyat yoldaşını döyməkdə günahlandırılan siyasi aktivistin xaricdə olan bütün əlaqələri kəsilib, haqqında yazılmış donosların nəticəsində xaricdə oxumalı olduğu universitetdən imtina alıb və nüfuzu xeyli dərəcədə düşmüşdür.
Sözdə proqressiv ideya daşıyıcılarının hədəfi yaxın dövrdə naməlum bir qazi də olub. Haqqında heç bir şey bildirilməyən naməlum qazi, naməlum bir jurnalisti naməlum bir şəraitdə zorlamağa cəhd etmək istədiyi iddiasıyla tənqid və söyüş atəşinə tutulub. Lakin üstündən kifayət qədər müddət keçməsinə baxmayaraq hadisənin təfərrüatları hələ də məlum deyil. İmtina mədəniyyətinin neqativ tərəfi də məhz budur. Önəmli olan fakt deyil, məlum şəxslərin müəyyən bir şəxsi, şirkəti və s. hədəf alaraq onu təqsirləndirməsi və analitik düşüncə qabiliyyətindən yoxsul bir qrup şəxsin qınağına məruz qoyması, bu senzuranın əsas xüsusiyyətidir.
Nəhayət ötən il “Harper’s” jurnalında bu senzuradan bezmiş, aralarında yazıçıların, professorların, tənqidçilərin, jurnalistlərin və s. olduğu 150 intellektualın imzası ilə imtina mədəniyyətinə qarşı bir yazı yayımlanıb. Yazıda, imtina mədəniyyətinin azad fikrə, polemikaya, tolerantlığa mənfi təsir göstərdiyi, problemlərin müzakirələrlə müəyyən edilib həll edilməsi əvəzinə fikirlərin deyil, fikri səsləndirənlərin hədəf alındığı və bunun mənfi tendensiya yaratdığı bildirilir. Beləliklə, dünyaya azad fikir, demokratiya, tolerantlıq, plüralizm dərsi keçənlərin özlərinin bu cür senzuralar tətbiq edəcək səviyyəyə gəlmələri, diqqət və təhlil edilməli, nəticə çıxarılmalı olan hadisədir.