Koronavirus qlobalizasiyanın rahatlığını, firavanlığını keçmişə gömdü. Pandemiyadan sonra həyat necə olacaq?
SARS-CoV-2 koronavirus pandemiyası milyonlarla insanın adət etdiyi həyat tərzini darmadağın elədi. Cəmi bir-iki ayın içində gözlərimizin önündə əvvəlki onilliklərdə vacib sayılan şeylər dəyərsizləşdi: istehlak cəmiyyəti təhlükəsizlik cəmiyyətinə çevrildi. Səyahət etməyə alışmış insanlar öz ölkələrinin, şəhərlərinin, hətta mənzillərinin içində qapalı qalıblar. İdman yarışları, konsertlər və çox sevdiyimiz, adət etdiyimiz başqa əyləncələr ləğv olunub. Hamımızı ağır günlər gözləyir, ancaq hazırkı böhrandan sağ çıxanlar artıq tamamilə fərqli dünyaya düşəcəklər.
Lenta.ru aparıcı qərb mütəfəkkirlərinin, koronavirusun həyatımızı necə dəyişəcəyi ilə bağlı fikirlərini təqdim edir.
“Biz qalib gələcəyik. Yəqin ki, bu, gec yox, tez olacaq”, – Amerika prezidenti Donald Tramp Tvitterdə vətəndaşlarına ümid verib. Hərçənd bundan bir-iki gün əvvəlki canlı yayımda ABŞ lideri o qədər də arxayın görünmürdü: səsində adətkarda entuziazm yox idi, nitqini də hər şeyin çox pis olduğunu söyləməklə başlamışdı. Pis əhval-ruhiyyənin əsas təqsirkarı – koronavirusdur. Onun kimi rəqiblə mübarizə presedentsiz ağır və yorucu keçir, vurduğu zərər isə – həm milyonların həyatı, həm də iqtisadiyyat üçün fəlakətə bərabərdir.
Karantindən çıxandan sonra bəşəriyyətin həyatının necə olacağını heç kim dəqiq bilmir, lakin artıq dünyanın yeni mənzərəsinin cizgiləri görünməyə başlayır.
İNTERNETDƏN ÇIXMA, SƏHV ETMƏ
Əslində, mövcudiyyətin yeni şərtləri iki cini şüşədən buraxıb – onlayn təhsil və məsafəli iş. Yeni təcrübəni sınaqdan keçirənləri əvvəlki həyat tərzinə qaytarmaq son dərəcə çətin olacaq. Hə, aydındır ki, hələlik hər işi uzaqdan yerinə yetirmək mümkün deyil. Amma artıq çoxları başa düşüb ki, səhərlər bir saatdan çox özünü səliqəyə salmağa, təxminən, o qədər də yola sərf etmək effektiv işləmək üçün mütləq şərt deyil.
Səhiyyə sahəsi üzrə mütəxəssislər teletibbin inkişafını proqnozlaşdırırlar. Nə qədər paradoksal olsa da, həkimlərlə şəxsi görüşlər təhlükəli olub, tədricən, məsafəli görüşlər vərdişə çevrilməyə başlayıb. Eyni hal apteklərə və dərmanların evə çatdırılmasına da aiddir.
Massaçusets Texnoloji İnstitutunun vətəndaş mediasının tədqiqi mərkəzinin direktoru İtan Zukerman hesab edir ki, demokratik ölkələrdə qanunvericilər də onlayn formata keçə bilərlər – əvvəlcə pandemiya müddətində, sonra isə praqmatik yanaşmaya görə. Siyasətçilərin, öz dairələrində təmsil etdikləri seçicilərlə daha çox vaxt keçirmələri məsləhətdir: bu onların yerli problemləri daha yaxşı anlamalarına imkan verər.
Həmçinin fövqəladə vəziyyətdə elm kimi, hökumətin də nüfuzu artıb. Zukermanın fikrincə, qeyri-müəyyənlik vəziyyəti və naməlum təhlükə insanları yalnız rəsmi məlumatlara güvənməyə meylləndirir. Səhiyyə nazirliyinin brifinqləri, tövsiyələri gözlənilmədən həddindən artıq populyarlıq qazanıb.
Pandemiya elektron demokratiyaya, o cümlədən mobil cihazlarımızın köməyilə təhlükəsiz, şəffaf, iqtisadi baxımdan əlverişli səsverməyə keçidi yaxınlaşdırır. Artıq Amerikanın bəzi ştatlarında qarışıq model – mobil telefonla səsvermə və yekun nəticələr üçün kağız bülletenlərdən istifadə – meydana çıxıb. Hərçənd bəzi örnəklər – məsələn, Ayovada kokuslarda (ing.- caucus, siyasi partiya və ya siyasi hərəkat üzvlərinin iclası) səslərin elektron hesablanmasının iflasa uğraması, yaxud 2019-cu ildə Moskva şəhər dumasına seçkilər zamanı tətbiq olunan eksperiment – yeni mexanizmlərin köhnələrdən daha şəffaf və güvənli olacağını şübhə altına alır.
Seçki prosesinin axarını dəyişməyin başqa variantı da var – səsvermə müddətini bir ay uzatmaq; bu, çox sayda insanların bir yerdə toplaşmamasına yardım edər.
Yel universitetinin professoru Pol Fridman hesab edir ki, insanlar ailələri ilə daha çox vaxt keçirməyə, ya da məsələn, yeməyi az hallarda evdən kənarda yeməyə alışacaqlar. Son bir neçə il ərzində amerikalılar evdən kənarda hazırlanan yeməyə daha çox pul sərf edirdilər, nəinki ərzaq alıb evdə yemək hazırlamağa. Amma indi – restoranların, əsasən, bağlı olduğu, özünütəcridə riayətin zərurətə çevrildiyi zamanda əksəriyyət yenidən yemək hazırlamağı öyrənməyə məcbur qalacaq. Və bu praktika normaya, hətta yeni mədəniyyətə çevrilsə, ola bilsin ki, bir çoxları ümumi qidalanma müəssisələrinə qayıtmaq istəməyəcək, dostlar, doğmalarla birlikdə nahar və şam süfrəsi ənənələri dirçələcək.
Yemək çatdırılması xidmətləri daha da populyarlaşacaq, adi restoranlar isə gəlirlərinin əhəmiyyətli hissəsini itirəcək. Kiçik şəhərlərdə insanlar asudə vaxtlarını ticarət mərkəzlərində keçirməyə alışıblar. Ki, pandemiya zamanı bu, anlamını itirir. Artıq TM-lərin yerini yaxın kontakt və yoluxma şansının xeyli azaldığı açıq ictimai məkanlar – park kimi – tuta bilər.
TƏCİLİ YARDIM ÇAĞIRIN, O, BİR AZDAN XƏSTƏLƏNƏCƏK!
İsrailli professor Yuval Noy Hararinin (“Sapiens: Bəşəriyyətin qısa tarixi” bestsellerinin müəllifi) “Financial Times”da dərc olunmuş mülahizələrinə görə, yaxın gələcəkdə bütün bəşəriyyətin taleyini, məhz, pandemiya ilə mübarizənin həlli yolları müəyyənləşdirəcək. Harari bu böhranı bütün nəsillərə qarşı ən böyük meydanoxuma adlandırır. Onun sözlərinə görə, bəşəriyyətin qarşısında iki vacib seçim var. Birinci, totalitar nəzarətlə azadlıqlar arasında seçim; ikinci – milli təcrid və bütün dünya ilə həmrəylik arasında seçim.
Professorun fikrincə, koronavirus bir sıra ölkələri təcrübə siçovulları vəziyyətinə salıb. Demək olar ki, bütün hökumətlər pandemiyanın qarşısını almaqdan ötrü əhaliyə müəyyən tələblər irəli sürürlər. Onlara əməl edilməsinə müxtəlif yollarla nail olmaq mümkündür. Məsələn, hər şeyi görən dövlət, cəza vəd etməlidir. Hazırda müasir texnologiyalar insanların 24/7 izlənməsinə imkan verir. Tezliklə isə onlar, sözün hərfi mənasında, vətəndaşların dərilərinin altına soxulacaq: Çində tətbiqlər və telefon şəbəkələri insanın, yoluxmuş şəxslə təmasda olub-olmadığına nəzarət edirdi, üzün tanınması sistemi isə yüksək temperaturlu insanları müəyyənləşdirirdi – hərçənd bütün əhali maska taxandan sonra sistem səhv buraxmağa başlamışdı.
Yeri gəlmişkən, Moskvada DİN, müşahidə kameralarının köməyilə ev karantinini pozan 200 nəfəri müəyyənləşdirdiyi ilə bağlı hesabat verib. Artıq onlardan bəziləri cəzalandırılıb. İsrailin baş naziri Binyamin Netanyahu da koronavirusa yoluxanların axtarışı üçün terrorçuların izlənməsi üzrə rəqəmsal sistemdən istifadə olunması ilə bağlı təcili göstəriş verib.
Artıq hökumətlər təkcə axtarış tarixçəmizi yox, temperaturumuzu və təzyiqimizi də öyrənmək istəyir. Harari qeyd edir ki, bu ümumi məlumat toplanması çox dərinlərə aparıb çıxara bilər. Məcburi biometrik qolbaqlar epidemiyanın qarşısının asanlıqla alınmasına imkan yaratmaqla yanaşı özündə yeni təhlükələr də daşıyır. Dövlət (ya da düşmənlər) sizin, siyasətçilərin çıxışlarına, seriallara və reklamlara necə reaksiya verdiyinizi, şəxsən sizdə hansısa emosiyaları yaratmağın və sizi tam nəzarətdə saxlamağın yollarını müəyyənləşdirə bilər. Hətta bu epidemiya belə tədbirlərin alınmasına gətirib çıxartmasa, gec-tez başqa bir təhlükə yaranacaq və bu, yaxşı bəhanə olacaq.
Harari əmindir ki, konfidensiallıqla sağlamlıq arasındakı dilemma məsələsi saxtadır: bəşəriyyət hər ikisini tələb etməlidir. O hesab edir ki, belə yanaşma mümkündür və Cənubi Koreyada, Tayvanda, Sinqapurda sübut olundu. Sözügedən ölkələrdə bütün səylər kütləvi testlərə, könüllü hesabatlara və yaxşı bilgiləndirilmiş, şüurlu cəmiyyətə söykənmişdi. Harari inandırmağa çalışır ki, insanlar virusun təhlükəsini özləri başa düşüb gigiyena qaydalarına riayət etsələr, bu variant hər yerdə mümkündür.
NİFAQ VİRUSU
Bəşəriyyətin cavab verməli olduğu daha bir sual isə budur: Birləşmək lazımdır, yoxsa hər kəs özünə cavabdeh olsun? Hararinin fikrincə, hazırda qloballaşma sıradan çıxmağa başlayır: dünyada xaos hökm sürür, hökumətlər müstəqil hərəkət edir. Ümumdünya fəaliyyət planı olmayanda həmin hərəkətlər uşaqların, böyüklərin tərk etdiyi otaqdakı davranışlarına bənzəyir. Bu metaforada “böyüklər” bütün dünyanı təsir altına almaq səylərindən əl çəkmiş ABŞ-dır – onun yerini heç kim tutmasa, planetar miqyasda meydanoxumalara cavab vermək get-gedə daha çətin olacaq.
Tarixçi əmindir ki, pandemiya və ümumdünya böhranının öhdəsindən yalnız bir halda gəlmək mümkündür – bütün ölkələr əməkdaşlıq etməlidir. Burda söhbət ilk növbədə informasiya mübadiləsindən gedir: Milanda bir həkim səhər elə bir şey öyrənə bilər ki, axşam həmin şey Tehranda insanları xilas edər. Britaniya hökuməti, artıq oxşar problemlərlə üzləşmiş koreyalılarla danışıb doğru variantı seçər. Alimlərin, həkimlərin, jurnalistlərin səfərlərinə icazə verilməsi ilə bağlı razılaşmanı birdəfəlik qlobal səviyyədə möhkəmləndirmək lazımdır.
Hərçənd bu məqamda israilli tarixçi qlobalizasiyanın utopiya olduğuna, ona bəslənən bütün ümidlərin yoxa çıxdığına inanan bir qrup skeptiklə üz-üzə qalır. “Foreign Policy” jurnalında dərc olunan məqalədə bu nöqteyi-nəzərin tərəfdarları toplanıb. Məsələn, politoloq Stiven Uolt hesab edir ki, pandemiya dövlətlərin müstəqilliyini möhkəmləndirəcək və milliyyətçiliyi gücləndirəcək. Bütün dövlətlər – həm demokratik olanlar, həm də totalitarlar böhranın öhdəsindən gəlmək və əhalini qorumaqdan ötrü bir sıra fövqəladə tədbirlər görürlər. Təhlükə geri çəkiləndə onların böyük hissəsi böhran dövründə əldə etdikləri səlahiyyətlərdən imtina etmək istəməyəcək.
Politoloqun fikrincə, COVID-19 nüfuz mərkəzinin Qərbdən Şərqə yerdəşməyisini də sürətləndirəcək. Cənubi Koreya ilə Sinqapur yaxınlaşan təhlükəyə dünyada hər kəsdən daha yaxşı reaksiya verdi, Çin isə öz səhvlərini effektiv şəkildə düzəltdi və böhrandan qalib çıxdı. Bütün bunların fonunda Avropa ilə Amerikanın reaksiyası ləng və sistemsiz oldu. Ki, bu da qərb cəmiyyəti modelinə qarşı məyusluq yaradır.
O cümlədən Uolt ortaq düşmənin bəşəriyyəti birləşdirəcəyinə də inanmır və xatırladır ki, 1918-1919-cu illərdə baş vermiş “ispan” epidemiyası böyük dövlətlərin rəqabətinə son qoymamışdı.
“Bundan sonra biz hiperqlobalizasiyadan uzaqlaşma görəcəyik”, – Stiven Uolt deyir.
Beləcə, COVID-19 əvvəlki qədər açıq olmayan, çiçəklənməyən və daha qeyri-azad dünya yaradacaq.
Bloomberg də qlobal dünya ilə bağlı skeptik əhval-ruhiyyə sərgiləyir. Portalın müəllifləri diqqətləri dünyanın iki nəhəng iqtisadiyyatının – ABŞ-la Çinin davranışlarına yönəldir: onlar virusun meydana çıxmasına görə məsuliyyəti bir-birinin üstünə atmağa çalışır və vaksinin istehsalında, lazımi avadanlıqların mübadiləsində əməkdaşlıq etmək əvəzinə, dezinformasiya ittihamı ilə jurnalistləri sürgün edirlər. Deyəsən, bəşəriyyət başqa böhran vəziyyətlərində də eyni şəkildə davranacaq.
Beynəlxalq Əlaqələr üzrə şuranın prezidenti Riçard Haas bununla bağlı hesab edir ki, dünyada daha çox “failed states” – uğursuz dövlətlər meydana çıxacaq. Pandemiyanın nəticələri ilə təkbətək qalan bir çox ölkələr iqtisadiyyatın bərpası prosesində çətinliklər yaşayacaq və kollaps həddinə çatmış ölkələrə tez-tez rast gəlinəcək.
HAMIYA PUL!
Qloballaşma və gəlirlərin qeyri-bərabər bölünməsi üzrə mütəxəssis Branko Milanoviç hesab edir ki, qlobal iqtisadiyyatın iflası qaçınılmazdır, lakin bu iflasın nəticələri hökumətin, növbəti altı il ərzində vəziyyəti nəzarət altına alıb-almayacağından asılı olacaq. Əgər onlar buna nail olsalar, hətta bəzi prinsipləri yenidən gözdən keçirmək lazım gəlsə belə, çox güman ki, dünya qloballaşma yoluna qayıdacaq. Ancaq böhran daha uzun çəksə, qloballaşma həmişəlik keçmişə gömüləcək.
Böhran nə qədər uzun çəksə, insanların, kapital və əmtəənin sərbəst şəkildə yerdəyişməsi üçün əngəllər nə qədər uzun müddət qalsa, qloballaşmadan imtina bir o qədər normal görünməyə başlayacaq.
Qlobal dünyanın sona çatması istehsalatda və ev təsərrüfatının qurulmasında tektonik sürüşmələrə gətirib çıxara bilər. İqtisadçı Dambisa Moyo hesab edir ki, koronavirus pandemiyası korporasiyaları, qloballaşdırılmış istehsalat sisteminin faydalarını daşımalar zəncirinin milli səviyyədə güvənliliyi ilə müqayisəsinə təhrik edəcək. İkinci varianta keçid beynəlxalq əlaqələrdən asılılığı azaldacaq. Bu vətəndaşların iş və zəruri mallarla təmininə zəmanət verir, hərçənd çox güman ki, ikincilər bahalaşacaq. Beynəlxalq Əlaqələr üzrə Kraliyyət İnstitutunun direktoru Robin Niblett əlavə edir ki, koronavirus qloballaşma dəvəsinin belini sındıran saman çöpü olacaq.
Həmçinin amerikalı mütəxəssislər qeyd edirlər ki, karantin tədbirləri mütləq cəmiyyəti qeyri-bərabərlik haqqında düşünməyə vadar edəcək. Şəxsi evlərində yaşayan və məsafəli işləmək imkanına sahib yüksək maaşlı top-menecerlərin mövqeyi amerikalıların, onlar kimi maddi təhlükəsizlik yastığına sahib olmayan digər 80%-nin problemləri ilə kəskin ziddiyyət təşkil edir. Həmin 80% daima evdə qala bilməz – onların əhəmiyyətli hissəsi pandemiyanın qızğın çağında xidmət sferasında işləməyə davam edir. Onların övladlarının onlayn təhsili də sual altındadır, çünki hər kəsin yüksəksürətli interneti yoxdur. Bununla bağlı ən aktual diskussiyalardan biri – ümumi əsas gəlirin tətbiqidir. Yeri gəlmişkən, ABŞ hökuməti artıq böhranın nəticələrini yüngülləşdirməkdən ötrü bütün yetkin vətəndaşlara 1000, həddi-buluğa çatmamış amerikalılara isə 500 dollar ödəmək qərarına gəlib.
YENİ VƏTƏNPƏRVƏRLƏR
“Politico” jurnalı tanınmış futuroloqlar arasında koronavirusdan sonrakı dünya haqqında sorğu aparıb. Corctaun universitetinin professoru Debora Tannen hesab edir ki, pandemiya, bu ildən sağ çıxan hər kəsin yaddaşında mütləq iz buraxacaq. Pandemiya hələ uzun illər bizi əl sıxmaqdan, ya da üzümüzə toxunmaqdan çəkindirə bilər.
Cəmiyyət özünəməxsus obsessiv-kompulsiv pozuntu (OKP) qazanıb – artıq hər kəs fasiləsiz əllərini yuyur. Vaxtaşırı şəxsi görüşlər onlayn rejimə keçəcək, canlı ünsiyyət əvvəlki qədər zəruri hesab olunmayacaq: əvvəllər işləri onlayn aparmaqdan ötrü səbəb lazım idi, indi isə niyə şəxsən görüşmək istədiyimizi izah etməliyik. Dünyanın genişzolaqlı internetsiz yaşayan yoxsul guşələrində həyat daha da ağırlaşacaq, çünki onsuz da məhdud olan imkanlar daha da azalacaq. Onlayn ünsiyyətin inkişafı sosial əlaqələrin sayını artıracaq. İnsanlar arasında sosial məsafə qaçınılmaz şəkildə böyüyəcək, eyni zamanda təhlükəsizlik də artacaq.
Mark Lourens Şradın fikrincə, pandemiya vətənpərvərlik anlayışını kökündən redaktə edəcək. Ənənəvi militarizm ondan silinəcək, çünki müharibə virusun öhdəsindən gəlməyə heç bir şəkildə kömək edə bilməz. İndi paqonlu insanlar yox, həkimlər, tibb bacıları, əczaçılar, mağaza işçiləri, xırda biznes sahibləri əsas vətənpərvərlərə və müdafiəçilərə çevriliblər. Onların əksəriyyəti gözlənilməz yoluxma və ölüm riski ilə üzləşirlər, lakin bu riskə gedirlər, çünki başqa cür bacarmırlar.
Bir məsələdə mütəxəssislərin fikirləri üst-üstə düşür: karantin tədbirlərindən çıxan insanlar alışılmamış yeni dünyaya düşəcəklər.
***
Yeni virus artıq 13 mindən çox həyata son qoyub. Həm də bizə sarsılmaz təsir bağışlayan qlobal dünyanın sabitlik illüziyasını da dağıdıb. Cəmi bir neçə günün içində insanların, kapital və əmtəənin dünyada sərbəst yerdəyişməsi dayandı; prezidentlər hərbi vəziyyətdən danışırlar, sakinlər isə təşvişlə aylıq ərzaq ehtiyatı yığırlar.
Dünya nəfəsini içinə çəkib. Virus xəyali rifahı yarıyolda saxlayıb. Qarşısı alınması imkansız kimi görünən qloballaşma xəstəliyin yayılma təhlükəsi ucbatından öz-özünə dayanıb. İstehlak cəmiyyətinin bütün planları bu yarımhərbi dövrün yeni hədəfləri – öz ölkəni, şəhərini, ailəni qorumaq – ilə müqayisədə tamamilə dəyərsizləşib.
Pandemiya təsdiq etdi ki, hətta XXI əsrdə də ən vacib dəyər təhlükəsizlikdir – bəşəriyyət onun naminə sivilizasiyanın alışılmış nemətlərini düşünmədən qurban verməyə hazırdır.