ABŞ-la Çin arasında yaşanan ticarət müharibəsinin ardından dünya iqtisadiyyatını sarsıdan COVID-19 infeksiyası dünya miqyasında istehsalatın zəifləməsi, qlobal tədarük zəncirinin qırılması, investisiya qoyuluşlarının azalması, maliyyə sabitliyinin pozulması, istehlak bazarının daralması və işsizliyin artması kimi geniş miqyaslı sosial-iqtisadi çətinliklərin yaşanmasına və beynəlxalq ticarət və logistika sisteminin çökməsinə səbəb oldu. Hər bir ölkənin tətbiq etdiyi müxtəlif iqtisadi yanaşma və biznes strategiyalarına uyğun olaraq bəzi dövlətlər üçün pandemiya fürsətə, bəziləri üçün isə zillətə çevrildi. Yoluxmanın ortaya çıxdığı və 2020-ci ilin ilk aylarında iqtisadi durğunluq yaşamış Çin, pandemiyanı fürsətə çevirə bilmiş dövlətlərin başında gəlir.
Son bir ildə həyatımızın ayrılmaz hissəsi halına gəlmiş, yoluxmanın önlənməsində əsas vasitələrdən biri hesab olunan tibbi maska – yüksək tələbat və çatışmazlığından dolayı hətta “Mavi qızıl” da adlandırılırdı. Epidemiyadan öncə də dünyadakı maska istehsalının yarısını əlində saxlayan Çin hökuməti, pandemiyanın ilk aylarında tibbi maska və digər avadanlıqların təminatı ilə bağlı ciddi sıxıntılar yaşasa da, fevral ayının sonundan etibarən dünyadakı tibbi maska “uğrunda” gedən mübarizədə aparıcı rol oynamağa başlayıb və gündəlik istehsal həcmini 12 dəfəyədək artırıb. Ümumdünya Səhiyyə Təşkilatının mart ayında COVID-19-u qlobal pandemiya elan etməsi və bütün dünyanın qapanmasıyla paralel olaraq Çin, ölkə daxilində COVID-19 infeksiyasının yayılmasını nəzarət altına alaraq iqtisadi gücünü yenidən bərpa edib və bütün dünyanın tibbi maska və dezinfeksiya maddələrinə olan qlobal tələbatını ödəməyə başlayıb. İstehsal gücünü qısa müddətdə bərpa edən Çin iqtisadiyyatı, dövlət neft şirkəti “Sinopec”, elektron avadanlıqlar istehsalçısı “Foxconn”, avtomobil istehsalçıları “BYD” və “SAIC” kimi, sənayenin müxtəlif sahələrini əhatələyən nəhəng korporasiyaları kütləvi tibbi maska istehsalına cəlb etməklə yanvar ayı üçün gündəlik 20 milyon olan istehsal həcmini fevral ayında gündəlik 110 milyon ədədədək artırıb və bununla da dünyanın ən böyük tibbi maska istehsalçısı və eyni zamanda ixracatçısına çevrilib.
Əsasən, ABŞ və Yaponiya bazarları üçün tibbi maska hazırlayan “Zhejiang Jiaxing” fabriki yüksək tələbatı qarşılamaq üçün bir il ərzində istehsal etdiyi 200.000-lik maska sayını həftəlik 3.5 milyon ədədə qədər artırıb. Çinin avtomobil və elektromobil sənayesinin aparıcı şirkətlərindən biri olan “BYD” şirkəti də gündəlik 15 milyon ədəd maska istehsalı ilə dünyanın ən nəhəng tibbi maska istehsalçısına çevrilib. Yaponiyanın “SoftBank” qrupu üçün aylıq 300 milyon ədəd maska istehsal edən “BYD” şirkəti, həmçinin Kaliforniya ştatıyla 1 milyard $-lıq tibbi maska satışına dair razılığa gəlib. Maska ixracatı ilə yanaşı, dərman preparatı və tibbi avadanlıq ixracatı da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 31%-lik artış göstərib. İlk aylar ixrac edilən tibbi maskalarda görülən keyfiyyət problemləri, Çin hökumətinin tətbiq etdiyi sərt nəzarət qaydaları sayəsində aradan qaldırılıb.
2019-cu ildə cəmi 5 milyard ədəd tibbi maska istehsal etmiş Çin, 2020-ci ilin mart ayından dekabr ayınadək dəyəri 52 milyard $ olan 224 milyard ədəd tibbi maska ixrac edib ki, bu da Çinin 2020-ci il ərzindəki ixracatının 2%-ni təşkil edir. Başqa sözlə, Çin dünyadakı hər bir insana 40 ədəd maska satıb. ABŞ-da Biden hökumətinin başa keçməsi və koronavirus pandemiyası əleyhinə tədbirlərin artırılmasıyla Çindən idxal olunacaq tibbi maska, geyim və avadanlıqların miqdarının daha da artacağı gözlənilir.
Regional iqtisadi əməkdaşlıqlar sahəsində isə, 2020-ci ilin noyabr ayında Çinin təşəbbüsü ilə Sakit okean hövzəsində yerləşən 14 ölkə (ASEAN ölkələri + Yaponiya, Yeni Zellandiya, Avstraliya və C.Koreya) arasında imzalanan “Regional İqtisadi Tərəfdaşlıq Müqaviləsi” (The Regional Comprehensive Economic Partnership / RCEP), 2.2 milyard əhalini və 26.2 trilyon $-lıq Okeaniya, Şərqi və Cənub Şərqi Asiyanın nəhəng iqtisadiyyatlarını əhatə edir. Sözügedən razılaşma azad ticarətə dair dünyanın ən böyük regional iqtisadi inteqrasiya birliyi olaraq tarixə keçib. Əsas məqsədi Şərqi Asiya və Sakit okean hövzəsində yerləşən dövlətlər arasında effektiv və uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq əlaqələrini gücləndirmək, region ölkələri arasındakı tariflər və tənzimləyici baryerləri sadələşdirmək olan RCEP, pandemiyadan zərər çəkmiş ölkələrin iqtisadi inkişaflarını sürətləndirməklə yanaşı, bölgədə Çinin geopolitik üstünlüyünü daha da artıracaq.
Səkkiz illik müzakirələrin sonunda ərsəyə gələn RCEP, Çinin üzv olduğu ilk regional inteqrasiya təşkilatıdır və 2016-cı ilin fevral ayında ABŞ-ın başçılığı ilə əsası qoyulmuş “Trans-Pasifik Əməkdaşlıq Sazişi”nə (Trans-Pacific Partnership / TPP) alternativ olaraq görülür. Obama administrasiyası üçün böyük əhəmiyyət kəsb edən TPP, sonradan Trampın xarici siyasət kursunda tutduğu fərqli mövqe ucbatından reallaşmamışdı. Bölgədə yaranan bu boşluqdan yararlanan Çin hökuməti post-pandemiya dövründə iqtisadi gücünün və əlaqələrinin yenidən bərpası və qlobal ticarətdə mövqeyini gücləndirmək üçün önəmli addım atmış oldu.
Pandemiyanın verdiyi iqtisadi zərərlər dünya iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının da həcminə təsir edib. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) bu ilki hesabatına görə, dünya iqtisadiyyatına daxil olan birbaşa xarici investisiya miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42%, yəni 1.5 trilyon dollardan 859 milyard dollaradək kəskin azalma göstərib. Belə ki, Latın Amerikası və Karib ölkələrində azalma nisbəti 37%, Afrika ölkələrində 18%, Asiyanın inkişaf etməkdə olan ölkələrində isə 4% təşkil edir. Avropada da İsveç və İspaniya istisna olmaqla, bir çox ölkələrə xarici sərmayə daxil olmalarında kəskin azalmalar yaşanıb.
Dünyanın ən nəhəng iki iqtisadiyyatı olan ABŞ və ÇXR-ə gəldikdə isə, ABŞ iqtisadiyyatının 2019-cu ildə cəlb etdiyi birbaşa xarici sərmayə həcmi 251 milyard $ olduğu halda, 2020-ci ildə bu rəqəm 134 milyard $-a qədər geriləyib. Digər tərəfdən, 2019-cu ildə Çin iqtisadiyyatına daxil olan xarici sərmayənin həcmi 140 milyard $ olmasına rəğmən, bu rəqəm 2020-ci ildə artaraq 163 milyard dollara çatıb. Bununla da, Çin 2020-ci ildə bütün dünyada birbaşa xarici investisiyanın daxil olduğu ən böyük ölkə olub. Sərmayənin daha çox qoyulduğu sahələr informasiya-kommunikasiya texnologiyaları və əczaçılıqdır. Eyni zamanda, Çinin ümumi daxili məhsulu 2,3% artıb və o, böyük dövlətlər arasında iqtisadiyyatı 2020-ci ildə böyüməyə davam etmiş yeganə dövlətdir.
İş yerlərinin və təhsil ocaqlarının infeksiyanın yayılmasını önləmək məqsədi ilə onlayn rejimə keçmələri kompüter və bənzər bir çox elektron cihazlara yüksək tələbat yaradaraq adı çəkilən avadanlıqların istehsalı ilə məşğul olan ölkələrin bu yöndəki tədarüklərinin artmasına gətirib çıxarıb. Belə ki, informasiya texnologiyaları sahəsində global tədqiqat mərkəzlərindən “Gartner”in araşdırmasına görə, 2020-ci ildə komputer satışları dünya miqyasında 4.8% artaraq 275 milyona çatıb. IDC (International Data Corporation) analizlərinə əsasən, keçən il dünya miqyasında satılan komputer sayı 302,6 milyon ədəd olub ki, bu da əvvəlki ilə nisbətən 13%-lik artım deməkdir. Canalys analitik şirkətinə görə isə, 2020-ci ildə komputer tədarükünün illik həcmi 11% artaraq 297 milyon ədədə çatıb. Bu və yuxarıda göstərilən bütün rəqəmlər son 10 ildə müşahidə olunan ən yüksək göstəricilərdir. 2020-ci il yanvar ayının statistikasına əsasən, komputer satışlarında əvvəlki illərdə olduğu kimi ilk yerdə 24%-lik qlobal bazar payı ilə Çin mənşəli “Lenovo” şirkəti qərarlaşıb. Onun ardından ABŞ mənşəli komputer şirkətləri “HP” (22.4%), “Dell” (16.6% ) və “Apple” (7.6%) gəlir. Bir çox ölkələrdə genişmiqyaslı karantin və digər məhdudiyyət tədbirlərinin yenidən tətbiqiylə kompüter və elektron avadanlıqlarına artan tələbat nəticəsində Çinlə yanaşı ABŞ və Cənubi Koreya kimi ölkələrin də 2021-ci il ərzində bu yöndəki tədarük və ixracatını daha da artacağı proqnozlaşdırılır.
Pandemiyadan öncə də ABŞ – Çin ticarət müharibəsinin əsas mübarizə predmetlərindən biri də, heç şübhəsiz, müasir texnologiya – süni intellekt, robotlaşma və informasiya-kommunikasiya texnologiyaları idi. “Huawei” və “ZTE” kimi Çin mənşəli telekommunikasiya korporasiyalarının qlobal arenada sıxışdırılması və müxtəlif ölkələrlə imzalanmış sazişlərin ABŞ-ın siyasi təzyiqiylə pozulmasına rəğmən, hər iki şirkət ötən il Materik Çinində (Hong Kong və Makao xaric olmaqla adlanan ərazi vahidi) 5G stansiyalarını sürətlə quraşdırmağa davam edib.
Belə ki, ötən il ərzində bütün Çində rekord sayda – 600.000 ədəd 5G stansiyası quraşdırılıb ki, (2019-cu ildə yalnızca 100.000 ədədi quraşdıla bilinmişdi) bu da Çini bu sahədə dünya liderliyinə yüksəldir. 2020-ci ilin dekabr ayına olan statistikaya görə, “China Telecom”, “China Unicom” və “China Mobile” kimi şəbəkə operatorlarının ümumilikdə 200 milyona yaxın abunəçisi 5G istifadəsinə keçib. Hər üç operator ötən ildə adı çəkilən şəbəkinin inkişafı və əhatə dairəsinin genişlənməsi üçün 32.5 milyard $ vəsait sərf edib. Çinin artıq 300 şəhərində 5G şəbəkisini müştərilərinə təqdim edə bilən “China Unicom”, bu il ərzində bütün Çin ərazisini adı çəkilən şəbəkə ilə təmin edəcəyini bildirib.
“China Unicom 5G tikinti layihəsi”nin rəhbəri Miao Shouye ötən ilin dekabr ayında “2020 Rabitə Sənayesi və 15. Rabitə Texnologiyaları İllik Konfransı”dakı çıxışı zamanı Çinin artıq 5G sahəsində dünya birincisi olduğunu açıqlamışdı. Cari ildə 1 milyon ədəd yeni 5G baza stansiyası quraşdırmağı planlaşdıran Çin hökuməti, hal-hazırda sahib olduğu 700.000 ədədlik stansiya ilə (ABŞ-da mövcud 5G stansiya sayı 50.000 ədəddir) bütün dünyadakı 5G şəbəkəsinin 80%-ni əlində saxlayır. ABŞ-la müqayisədə daha sürətli 5G texnologiyasına malik Çin, Cənubi Koreya və İsveçrə ilə müqayisədə şəbəkə sürəti baxımından hələlik geri qalır. Bununla yanaşı, qlobal 5G bazarının 28.5%-lik hissəsinə sahib “Huawei”, beynəlxalq miqyasdakı əsas rəqibləri olan İsveç mənşəli “Ericsson” (26.5%), Finlandiyalı “Nokia” (22%) və Cənubi Koreyalı “Samsung” (8.5%) kimi telekommunikasiya şirkətlərini tədarük həcminə görə 2020-ci ildə qabaqlayıb.
Qeyd edək ki, yeni nəsil V internet texnologiyası olan 5G naqilsiz şəbəkəsinin kəsintisiz və yüksək internet sürəti təmin etməsi sayəsində bir çox sektorlarda proseslərin sürət və davamlılığı dəfələrlə artacaq. Misal olaraq, 2019-cu ilin yanvar ayında “Huawei” və “China Unicom”-un texnoloji dəstəyilə Çinin Fujian əyalətində 50 km-lik bir məsafədən robotik qollar və 5G texnologiyasının təmin etdiyi yüksək sürətli naqilsiz şəbəkə sayəsində cərrah, təcrübə heyvanı üzərində uzaqdan qaraciyər əməliyyatını həyata keçirmiş və bu, ilk uzaqdan 5G cərrahi əməliyyatı olaraq tibb tarixinə keçmişdi. Bütün bunlarla bərabər, Çin həm də 5G şəbəkəsini dəstəkləyən smartfon istehsalında da dünya lideridir. Belə ki, “Huawei”, “Xiaomi”, “ZTE”, “TCL” və “BBK” (“OPPO”, “VIVO”, “OnePlus”, “Realme” və “iQOO” smartfonlarının istehsalçısı) korporasiyaları 2019-cu ildən bəri 5G dəstəkli telefonların istehsalı ilə məşğuldur.
COVID-19 pandemiyasının formalaşdırdığı şərtlərdən müsbət mənada təsirlənən onlayn pərakəndə satış saytları arasında ABŞ mənşəli “Amazon” və “Walmart” kimi nəhənglərlə yanaşı, Çin mənşəli “Alibaba”, “JD.com”, “Meituan” və “Pinduoduo” kimi e-ticarət platformaları da gəlirlərini dəfələrlə artırıb. Ərzaq satışından tutmuş taksi sifarişinə qədər bir çox xidməti özündə birləşdirən “Meituan”, qısa müddət ərzində “Tencent” (914 milyard $) və “Alibaba”-dan (724 milyard $) sonra Çinin bazar dəyəri ən yüksək (304 milyard $) üçüncü internet şirkətinə çevrilib.
Karantin ərəfəsində Çinin daha çox kiçik şəhər və qəsəbələrində internet üzərindən hər növ qida məhsulunun satışını həyata keçirdən Şanxay mərkəzli “Pinduoduo” şirkəti də pandemiyanın yaratdığı fürsətlər sayəsində dörd dəfə böyüyərək 240 milyar $-lıq bazar dəyəri qazanıb və şirkətin rəhbəri Colin Huang Çinin ən zəngin 7-ci, dünyanın isə ən zəngin 57-ci şəxsinə çevrilib. Bundan başqa, hər il noyabr ayının 11-də “Subaylar günü” adı altında keçirilən ənənəvi böyük endirim kampaniyasında “Alibaba”, pandemiya olmasına rəğmən, 2020-ci ildə internet üzərindən 10 gün ərzində 75.1 milyard $, onun rəqibi “JD.com” isə 40.97 milyard $-lıq satış reallaşdırıb.
Pandemiyadan öncəki ildə də 862.6 milyard $-lıq onlayn satış həcmi ilə Çin, dünyanın ən böyük e-ticarət bazarına sahib ölkəydi (ABŞ-da 360 milyard $, Avropada isə 359.1 milyard $ idi). Bu rəqəm 2020-ci ildə 16.5% artaraq 1.5 trilyon dollara çatıb. Çinin Milli Statistika Bürosunun məlumatına əsasən, 2020-ci ilin ilk 11 ayında internet üzərindən həyata keçirilən pərakəndə satışın həcmi ölkə boyu ümumi satışların 30% -ni təşkil edib. Fiziki mağazaların yerini sürətlə almağa davam edən internet mağazaların gəlirlərinin 2021-ci il boyunca da artacağı gözlənilir.
Çinlilərin də dediyi kimi: “危機即轉機”- hər böhran bir fürsət, bir dönüş nöqtəsidir. Praqmatik yanaşma və adaptiv idarəçiliklə səbəb olduğu kritik vəziyyəti öz xeyrinə dəyişməyi bacaran Çin, pandemiya dövründə böyük dövlətlər arasında iqtisadi böyüməyi təmin edə bilən tək dövlət oldu. ABŞ hökumətinin əhali üçün ayırdığı iqtisadi dəstək paketləri qədər böyük həcmdə sosial yardım paketləri ayırmayan Çin hökuməti, bunun əvəzinə iqtisadiyyatının əsas dayağı sayılan sənaye istehsalatının və ixracatın stimullaşdırılmasına böyük dəstək verdi və nəticədə 2020-ci ilin ilk üç ayında daralan Çin iqtisadiyyatı, ikinci rübdə 3.2%-lik böyüməyə müvəffəq oldu. Bunlarla yanaşı, pandemiya dövründə zərər çəkmiş kiçik və orta sahibkarlığın iflasını önləmək və daxili istehlak bazarını dirçəltmək üçün bir sıra dəstək tədbirləri həyata keçirildi.
Qeyd edək ki, koronavirusun sürətlə yayılaraq nəzarətdən çıxdığı yanvar-fevral ayları ərzində Çinin sənaye istehsalatında 13.5% azalma müşahidə olunmuş və işsizlik 6.2%-ə qədər artmışdı. Lakin görülən əməli tədbirlər nəticəsində (bu tədbirlərin nələrdən ibarət olduğunu başqa bir yazıda daha ətraflı araşdıracağıq) normal həyata və gündəlik iş rejiminə hər kəsdən daha öncə qayıda bilən Çinin orta və işçi sinfi istehsalatla yanaşı, istehlak bazarının da çökməsinin qarşısını alaraq Çin iqtisadiyyatının 2020-ci il boyunca da böyüməsini təmin edə bilmişdi.
Vüsal Quliyev, Harvard Universiteti Davis Mərkəzinin Tədqiqatçısı və Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin (SISU) Siyasi Elmlər üzrə Doktorantıdır. Yaponiyanın Kyushu Universiteti Regional Siyasət və İdarəetmə Məsələləri Proqramı (CSPA) nəzdində və Türkiyənin Ankara Universiteti Asiya-Pasifik Araşdırmalar Mərkəzində (APAM) universitetlərarası tədqiqat proqramlarını bitirib. Azərbaycan, Türk, İngilis və Çin dillərində olmaqla, Avrasiya və Cənubi Qafqaz, o cümlədən, Çin və Şərqi Asiya regionunun ictimai-siyasi və sosial-iqtisadi məsələlərini təhlil edən analitik yazıların müəllifidir.