Deyəsən, dünyanın başı xarab olub: internetdə yeni texnologiyanın COVID-19-a səbəb olduğunu oxuyandan sonra, 5G qüllələrini yandıran kim; koronaviruslu pasientlər xəstəxanalarda öldüyü halda, virusun varlığını inkar edən kim; virusu xüsusi laboratoriyaların məkrli planı hesab edən kim… Uydurma xəbərlərin səviyyəsi o həddə çatdı ki, ÜST pandemiya ilə yanaşı infodemiya erasına qədəm qoyduğumuzu elan etməli oldu. National Geographic-dən Jillian Kramer, insanların nə üçün konspirasiya nəzəriyyələrinə inandığını və elm adamlarının bu barədə nə düşündüyünü izah edir.
Mütəxəssislərin fikrincə, əksər insanlar yalan məlumatı doğrudan ayırd edə bilirlər. Sadəcə olaraq, dezinformasiyalar təsadüfi, gözlənilməz hadisələrə dair bəsit açıqlamalar verməklə, insanlarda vəziyyətə nəzarət etdiklərinə, hər şeyi başa düşdüklərinə dair illüziya yaradır: Necə yəni, mən filan şeyi bilmirəm. Əlbəttə bilirəm.
Cambridge Universitetinin sosial psixoloqu Sander van der Linden hesab edir ki, dezinformasiyalar həyatımızda daim olub, var və olacaq. Lakin, bugünkü pandemiya, işsizlik, qeyri-stabil siyasi vəziyyət, kütləvi etirazlar dezinformasiyalar üçün münbit şərait yaradaq, onlara bir növ gəl-gəl deyir. Ağır, böhranlı günlərdə konspirasiya nəzəriyyələrinə müqavimət göstərmək xüsusilə çətin olur.
Əndişələr aydın cavablar tələb edir
Polşa Elmlər Akademiyasında konspirasiya nəzəriyyələrini araşdıran psixoloq Marta Markhlewska, narahatlıq keçirən insanların qətiyyətə ehtiyac duyduğunu, ona görə də sürətli, tez tapılan cavabları həvəslə qəbul etdiklərini söyləyir.
Aparılan son sorğuya görə, amerikalıların 50%-dən çoxu pandemiya səbəbindən artan stres altında yaşayır. “Bu faktı nəzərə alsaq, konspirasiya nəzəriyyələrinə artan maraqdan da təəccüblənməməliyik”, Kent Universitetinin sosial psixoloqu Karen Douglas deyir.
Douglasın araşdırması göstərir ki, münasibətlərdə özünə inamsızlıq duyan və həyatın çətinliklərini şişirtməyə meylli olan insanlar konspirasiya nəzəriyyələrinin təsirinə başqalarından daha asan və tez düşürlər.
Bu gün bir çox məşhur konspirasiya nəzəriyyəsi, demək olar ki, pandemiya ilə bağlıdır. 2020-ci ilin oktyabrında nəşr olunan bir araşdırmada, van der Linden və həmkarları, Amerika Birləşmiş Ştatları, İngiltərə, İrlandiya, İspaniya və Meksika sakinlərindən Covid-19 haqqında həqiqətlərlə yanaşı, məşhur mifləri də ehtiva edən iddiaların siyahısını qiymətləndirməyi xahiş ediblər. Respondentlər uydurma məlumatları asanlıqla tanıyıb seçsələr də, miflərə həvəslə inananlar da az deyildi. Məsələn, 22 ilə 37% arasında respondent (ölkədən asılı olaraq) koronavirusun Wuhandakı bir laboratoriyada yaradılması ilə razılaşırdı. Bununla belə, doğru olan məlumatları rədd edənlər də var idi – məsələn, bəzi respondentlər diabetin Covid-19 xəsətlərində ağırlaşma riskini artırdığını nə üçünsə qəbul etmək istəmirdilər.
Bundan başqa, dezinformasiyaya inanmağa meylli respondentlərin Covid-19 ilə bağlı profilaktik qaydalara əməl etmədikləri və peyvəndi şübhə altına aldıqları da aşkar edilmişdir. Bu, uydurma xəbərlərə inanmağa meylli olmağın, insanın davranışında da əks olunduğunu təsdiqləyir, Amsterdam Azad Universitetindən sosial psixoloq Jan-Willem van Proyen deyir.
Mütəxəssislər qeyd edir ki, insanlar dezinformasiya ilə nə qədər çox qarşılaşsalar, ona bir o qədər çox inanmağa başlayırlar. “İnsanlar bir şeyin çox təkrarlanmasını, çox eşidilməsini, həmin şeyin doğruluğu, səhihliyi kimi başa düşürlər” deyə, van der Linden əlavə edir.
Kollektiv narsisizm və düşmən axtarışları
Konspirasiya nəzəriyyələrinə aludə olmağa səbəb olan bir başqa amil də, kollektiv narsisizm və ya öz qrup dəyərlərinə bağlılıqdır.
Markhlewskanın araşdırması göstərir ki, kollektiv narsistlər xəyali düşmən axtarmağa meylli olur və nifrət etdikləri şəxs və dairələrin bütün bəlalara bais olduqlarına asanlıqla inanırlar.
Donald Trump və tərəfdarları, öz uğursuzluqlarının səbəbi olan xəyali düşməni, media timsalında tapmışdılar. “Şəxsən mən hesab edirəm ki, media bizim əsas problemimizdir” Trump 6 yanvarda Kapitoli hadisələrindən əvvəl demişdi. Beləliklə, iğtişaşlar zamanı Trump tərəfdarları çəkiliş qruplarının texnikasını sındırmış, kameraların kabellərini düyünləmiş və Kapitolinin qapılarına “Mediaya ölüm” şüarını yazmışdılar.
İnsanların xoşagəlməz həyat hadisələri qarşısında göstərdiyi reaksiyanı araşdıran Arizona Universitetinin psixoloqu Daniel Sullivan deyir ki, “insanlar bağlı olduqları mədəniyyətin təhlükə hesab etdiyi təzahürləri təcəssüm etdirənləri hədəfə alanda, vəziyyəti idarə etdiklərinə inanırlar.”
İnsan mənsub olduğu qrupun dəyərlərini instinktiv müdafiə edir. Minilliklər boyu insanlar icmalarda birləşib, bir-birləri ilə yarışıblar. Kaliforniya Universitetindən sosial psixoloq Peter Ditto deyir ki, “bu bizə yad adamlardan şübhələnməyi və öz icmamıza sadiq qalmağı öyrədib.” Onun 2019-cu ildə apardığı bir araşdırma, qərəzli yanaşmanın “insan düşüncəsinin təbii və demək olar ki, dəyişməz bir xüsusiyyəti” olduğunu aşkara çıxarıb.
“Qərəzlilik əslində klinik diaqnoz qədər cazibədardır” Ditto deyir. “İnsanın olduğu mühitdə nəyəsə fanatikcəsinə inananlar çoxluqdadırsa, onun da təsir altına düşməyi labüddür.”
Liderin arxasınca
Müəyyən qrup üzvlərinin nəyəsə inanıb-inanmaması, çox vaxt ictimai fiqurların təsirilə formalaşır.
Mayami Universitetindən Joseph Uscinski tərəfindən, 2000-dən çox amerikalı respondent arasında aparılan sorğu, insanların inanclarının siyasi liderlərin sözlərindən asılı olduğunu göstərdi. Markhlewska, “konspirasiya nəzəriyyələrinə inanan insanlar, öz qruplarını düşmənlərdən qorumağa qadir xilaskar intizarındadırlar” deyir.
Belə bir konspirasiya nəzəriyyəsi də var ki, Donald Trumpa qarşı satanist və pedofil təşkilatı olan QAnon mübarizə aparır (QAnon tərəfdarı olan Marjorie Taylor Green bu yaxınlarda ABŞ Nümayəndələr Palatasına üzv seçilib.)
Markhlewskaya deyir: “Əsrlər boyu hakimiyyətdə olanlar konspirasiya nəzəriyyələri və dezinformasiyalardan məharətlə istifadə edərək, ictimai rəyi yönləndiriblər”. – Ssenari həmişə eynidir: əvvəl düşmən təyin olunur, sonra ona müqavimət göstərilir. Bir qayda olaraq da, hər şey günahsız insanların faciəsi və fəlakəti ilə nəticələnir.
Həqiqət axtarışında
İnsanlar nəyəsə ürəkdən inanırsa, onları fikirlərindən daşındırmaq, demək olar ki, mümkün deyil. Syracuse Universitetindən politoloq Emily Thorson, bu psixoloji fenomeni inancın əks-sədası adlandırır: “Hansısa məlumatın yalan olduğunu bildiyimiz halda belə, obsesiv emosional reaksiya göstərərək, inadla həmin məlumatı müdafiə edirik.”
Mediada dezinformasiya haqda məlumat gedəndə, hətta onu təkzib məqsədi ilə olsa belə, insanların yaddaşına hopur və tez-tez təkrarlanması səbəbilə, həqiqət kimi qəbul olunmağa başlayır. Son araşdırmalardan biri göstərir ki, pandemiya ilə bağlı təkzibedici xəbərlərin tez-tez efirə buraxılması, türkəçarə müalicələrin inkar edilməsi, SARS-CoV-2-nin xüsusiyyətləri və mənşəyi ilə bağlı mövhumatların və konspirasiya nəzəriyyələrinin inkar edilməsi belə, əks effekt yaradır və qəribə hal baş verir – adamlar sırf bütün bunları tez-tez eşidirlər deyə, uydurma kimi yox, həqiqət kimi qəbul etməyə başlayırlar.
Lakin ekspertlər ümidlərini yenə də itirmir və insanlara dezinformasiyanın necə yarandığı və yayıldığı barədə məlumatları ötürməklə, vəziyyətin nəhayət yaxşılaşa biləcəyinə inanırlar.
Van der Linden son araşdırması ilə, insanları saxta xəbərlərin yayılma üsulları ilə bağlı məlumatlandırmaqla, onları dezinformasiyadan qorumağın mümkünlüyünü öyrənməyə çalışıb və məlum olub ki, kifayət qədər məlumatlanan respondentlər, saxta xəbərləri doğru xəbərlərdən daha yaxşı ayırd etməyə başlayırlar.
Dezinformasiya ilə mübarizənin başqa bir effektiv metodu isə, saxta xəbərlərin yayılma arealını daraltmaq, sayını azaltmaqdır. Beləliklə, şübhəli məzmunlu xəbərlərin sürətlə yayıldığı sosial şəbəkələr, saxta xəbərləri ehtiva edən postları silməyə başladılar. 2019-cu ildə aparılan bir araşdırma isə göstərib ki, insanlar tanınmış, nüfuzlu xəbər servislərinə, saxta xəbər saytlarından daha çox etibar edirlər. Mütəxəssislər də hesab edir ki, bundan sonra da sosial media etibarlı mənbələrə üstünlük verməli, fake-news kateqoriyasında olan resurslara yayılma imkanı tanımamalıdır.
Koronavirus pandemiyası ilə bağlı saxta xəbərlərin fərq və ayırd edilməsi məsələsinə gəldikdə isə, burada həkimlər və səhiyyə ilə bağlı səlahiyyətli şəxslərlə daimi, sıx ünsiyyət əhəmiyyətli rol oynayır. Sentyabr ayında nəşr olunan bir araşdırmada, Delaver Universitetinin sosial psixoloqu Valerie Earnshaw, pandemiya ilə bağlı konspirasiya nəzəriyyələrinə məruz qalan insanların, peyvəndə razılıq vermədiyini aşkar edib. Halbuki, həmin amerikalıların 90%-i, normalda həkimlərə etibar edir.
Stony Brookdakı New York Dövlət Universitetindən Joseph Vitriol isə inanır ki, “hamımız səhvə yol verə bilərik, heç birimiz səhvdən sığortalanmamışıq. Səhv etmək normaldır, çünki insanlar nəyisə bilməyəndə özlərini narahat hiss edirlər. Anlamadıqları şeylər haqqında isə fikir sahibi olmağı, öz təbii haqları hesab edirlər.”
İnsanlar bir həqiqəti çox yaxşı dərk etməlidirlər: dezinformasiyaya məruz qalmamaq üçün, gərək yeni və səhih məlumatları əldə etdikdə, onlar haqda xəbər tutduqda, əvvəlki qənaətindən imtina etməyin normal, doğru bir şey olduğuna inanasan və bundan qorxmayasan, çəkinməyəsən.
Jillian Kramer
National Geographic