AzLogos zaman-zaman ermənilərin, gürcülərin tarixindən, dinindən, ənənələrindən ona görə materiallar paylaşır ki, ana dilindən başqa dil bilməyənlər, ya da bilib araşdırmaq ehtiyacı duymayanların səhih məlumatlara çıxışı olsun. Səhih məlumat dedikdə mən, dünyanın etibarlı hesab olunan ensiklopediya və digər müstəqil, elmi nəşrləri, ilkin mənbələri nəzərdə tuturam.
Zori Balayanın mövcud olmayan “Воскрешение” kitabından, mövcud olmayan sitatlar gətirməyin nə propaqandaya, nə də informasiya müharibəsinə aidiyyatı yoxdur. Puşkinin “Tazit”indən “Ты трус, ты раб, ты армянин” sitatını ermənilərə qarşı istifadə etmək, başda Puşkin olmaqla bütün rus ədəbiyyatı bilicilərinə, puşkinsevərlərə təhqirdir. Siz indi guya belə Puşkin tanıyan, Puşkin oxuyan çıxmısınız? Qafqazlı qəhrəman öz oğlunu coğrafiyasının, xalqının, dininin klişelərinə uyğun formada məzəmmət edir. Bu, ermənilərlə ömür boyu çox yaxın olmuş Puşkinin ermənilərə qarşı münasibəti deyil.
Bəs, bunları nə üçün edirlər? Çünki belə eşidiblər, öyrəniblər. Üstündə «Azərbaycan həqiqətləri» yazılmış çemodanlardan Strasburqda, Parisdə, Londonda, Berlində, İstanbulda bayaq qeyd etdiklərimdən çox da fərqli, ciddi şeylər çıxmır, xəbəriniz olsun. Arqumentasiyadan aydın bilmək olur ki, adamın baqajı nədir, araşdırıb yoxsa qulaqdan dolmadır. Yaxşı, deyək ki, ciddi adamlar ermənilərlə polemikada bu cür (istinadsız) ştamplara müraciət etmirlər, amma bizim nə qədər ciddi adamımız var? Şübhəsizdir ki, əksəriyyət üçün həm daxildə, həm xaricdə(!) Zori Balayanın mövcud olmayan kitabından “pəncərəyə mismarlanan(!) türk körpəsi” səhnəsi əsas propaqanda “hekayə”sidir, hətta deyərdim bütün hekayələr içində ən korifey və xalq artisti olanıdır.
Xanımlar və cənablar, siz həm də istedadsızsınız.
Ermənilərlə dostluq-qardaşlıq platformalarınız da elə buna görə başdan fiasko idi. Əcaib erməniləri gətirib Bakıda yedirib-içirib göndərirdilər, onlar da qayıdandan sonra başlayırdı söyməyə, ifşa etməyə, xüsusi xidmət əməkdaşlarının adlarını sosial şəbəkələrdə yaymağa, xüsusi xidmətin iş prinsipləri haqqında (gördükləri, eşitdikləri qədər) məlumatlar paylaşmağa. Ciddisiniz? Bu, həm də istedadsızlıq deyilsə bəs, nədir?
Erməni məsələsinə aid bütün layihələriniz ona görə iflasdır ki, miflərin əsirisiniz. Ya da məzələnirsiniz. Biz isə məzələnmirik, miflərimiz də yoxdur. Ona görə səhih məlumatları paylaşırıq ki, maariflənəsiniz, hazırlıqlı olasınız. Xüsusilə xarici platformalarda ermənilərin tarixinə, dininə, etnogenezinə aid mövzularda bildiyiniz hər şeyi “səfərbər” etməyəsiniz, ən azından yadınıza düşsün ki, “bunu AzLogos-da da oxumuşdum, filan əsrdə yox filan əsrdə, filan iş vaqe olub”. Nəyi pisdir? Məlumatlı olmağın, quş buraxmamağın, biabır olmamağın nəyi pisdir? Məlumatlı olmamağı, quş buraxmağı, biabır olmağı yalnız müstəsna, olduqca gerizəkalı adam arzulaya bilər. İraq olsun.
Narahat olmayın, hansısa yazını çevirib sizə təqdim etməmişdən qabaq, biz onun elmiliyini, səhihliyini dəqiqləşdirir, hətta bəzən milli-mentalitetə və otaylı-butaylı həsrətə uyğunluğunu nəzərə alırıq. Dünyada necə qəbul olunur, necə bilinir – sizə bunu göstəririk. Bu yazıların hamısı fundamental biliklərin yığcam formasıdır.
Azərbaycanda bütün saytlar, mətbuat, yazarlar köhnə dillə danışır. AzLogos isə zamanını 20 il qabaqlayır. Bəxtimiz gətirib ki, ermənilər də eyni gündədir. Həmçinin (deməsəm ədalətsizlik olar), onların bu vəziyyətdən çıxması yaxın gələcəkdə mümkün görünmür. Nifrəti, qanı, faciələri müqayisə etməyi sevmirəm amma hər halda bu vəziyyətə gətirib çıxaran daha çox onların nifrəti, tarixi iddialarıdır nəinki bizim nifrətimiz, tarixi iddialarımız. Qalibiyyət hissləri mənə naqis, əminlikdən uzaq görünür.
Bu haqda bir dəfə yazmışdım: ermənilərin qaydaları əsasında, yad meydançada oynayırıq. Bu münaqişədə ən güclü, ən gerçək arqument kimi tarixə istinad edirik deyə. Biz özümüzə, ermənilərə, prosesi izləyənlərə, arbitrlərə sübut eləməyə çalışırıq ki, Qarabağ ermənilərə nə qədər məxsus deyilsə, bir o qədər Azərbaycana məxsusdur. Halbuki, bu əlaqəni qurmaq lazım deyil. Yanında “erməni Qarabağı”nın olub-olmamasından asılı olmayaraq biz, Azərbaycanın Qarabağından danışmalıyıq. Biz, “Qarabağ ancaq o halda Azərbaycanın ola bilər ki, tarixboyu heç vaxt ermənilərin olmamış olsun” əlaqə-asılılığını yaratmaqla, özümüzü tələyə salmışıq.
Qarabağın ermənilərə heç bir aidiyyatının olmadığını sübut etməyin bəlkə də ən uğursuz yolu, Qarabağ ərazisindəki bütün xristian mirasının albanlara məxsusluğunda, albanların isə biz olmağında israr etməyimiz oldu. Çoxmillətli ölkənin bütün vətəndaşlarını gah alban, gah türk adlandırdıq. Türkiyənin dəstəyini almaq üçün türk-islam sintezinin emissarlarına ölkənin qapılarını açdıq. Razıyam ki, bu sonuncu vurnuxmalara çox şərti “səhv” demək olar, bunlar dövrün zərurətləri idi. Amma biz zatən bütün axmaqlıqlarımıza zərurət donu geyindirmək üzrə peşəkarlaşmış millətik.
Ermənilərin bizdəki obrazı nədir? Hind melodramlarındakı haqsız olduğunu bilən mənfi qəhrəmanlar kimi, öz haqsızlığından, əclaflığından, dəyyusluğundan, hiyləgərliyindən, qəddarlığından, ədalətsizliyindən, riyakarlığından həzz alan, canavar dişləri ilə qəhqəhə atan Mister Braqanza. Biz, tanklarımızın üstündə Qarabağa girdiyimizi xəyal edərkən, yalanlarının ifşa olunduğunu anlayan ermənilərin, hər şeylərini ataraq dabanlarına tüpürüb qaçdıqlarını təsəvvür edirik. “Axı onlar yalançı olduqlarını, haqsız olduqlarını özləri də bilirlər. Onlar bilirlər ki, layihədirlər, plandırlar, masonların işidirlər, alətdirlər…”
Bu stereotiplərin, fantomların fəsadları nədir? Bunlar, Qarabağ tarixinin “erməni səhifələri”ni istisna etməyimizə səbəb olur. Biz, ermənilər üçün nəyinsə prinsipial ola biləcəyinə, onlar üçün dini, mənəvi əhəmiyyət kəsb edə biləcəyinə sadəcə inanmırıq. Biz inanmırıq ki, ermənilər Qarabağdakı kilsələri sevirlər, inanmırıq ki, o kilsələrlə özləri arasında bağ hiss edirlər. Uydurma yox, canlı bağ. Biz, ümumiyyətlə, belə bir şeyi təsəvvürümüzə də gətirmirik. Çünki ermənilərin əhval-ruhiyyəsini aydın təsəvvür edə bilmirik. Onların ruh halından xəbərsizəmsə, nəyə hazır olub-olmadıqlarını hardan biləcəyəm? Azərbaycanda bu gün ən azından yüzlərlə tələbə erməni dili və ədəbiyyatı, ermənişünaslıq üzrə ixtisaslaşmalı ikən, ölkədə bu sahədə heç bir ciddi iş aparılmır.
İnformasiya müharibəsi gedirsə, informasiya müharibəsi peşəkar qurulmalıdır. Nə üçün bizdəki informasiya müharibəsinin hədəfi azərbaycanlılar olmalıdır? Bizim adamları Zori Balayan və Silva Kaputikyanın olmayan kitablarında körpə türk uşaqlarının şişə keçirilib kabab edilməsinin təsvirlərinin olduğuna inandırmaq hansı zərurətdən doğur?
Daxili auditoriyaya ünvanlanmış antierməni propaqandasının keyfiyyətindən danışmazdan əvvəl, gərək daxilə hesablanmış antierməni propaqandasının ümumiyyətlə hansı zərurətdən yarandığını başa düşək. Bəlkə azərbaycanlıların erməniyə nifrət üçün əlavə materiala, səbəbə, dəlilə, propaqandaya ehtiyacı var? Yoxsa ermənilərə lazımından az nifrət edilir və dövlət zaman-zaman nifrətin dozasını qaldırmalıdır ki, çox nifrət edilsin? Ermənilərə çox ciddi, əsaslı, fundamental nifrət edilməlidir?
Bu, elə bir sferadır ki, burada keyfiyyət, yüksək səviyyə tələb olunur. Altıncı hissi ilə özündə bu səviyyənin, keyfiyyətin olmadığını duyanların bizə qarşı artistliyi başa düşüləndir, amma bunlar gec-tez deyilməli sözlər idi. AzLogos-un təklif etdiyi polemikanı, mövzuları qaldırmaq iqtidarında heç kim yoxdur Azərbaycanda. Bunu çoxdan başa düşmüşük. Az. domenində istənilən xəbər saytını, dərgini açın hamısında 95% eyni mövzular. Ona görə də individualizm yoxdur, mahiyyətdə hamısı eynidir. Adını da qoyublar vətənin-millətin maraqları, guya bu səbəbdən elə bil hamısını Güzdəkdə bir fabrikada istehsal edib buraxmısan çölə. Öz yeknəsaqlığına bundan daha biədəb bəhanə tapılmaz.