Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Azərbaycanda dinc əhalini qətlə yetirmiş “Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması ictimaiyyətimizin haqlı etirazına səbəb oldu, bununla bağlı bir çox məsələlər publik müzakirəyə çıxdı. Şərhçilər arasında bir neçə nəfərin sanki bizim gəncliyimizin zamanının leksikonundan gəlmiş anaxronistik “xristian həmrəyli” ifadəsi işlətməsi gözümə sataşdı. Öncədən deyim ki, şəxsən mən və mənim kimi 1988-də meydana çıxmış yüz minlərlə insan o vaxt buna səmimi inanırdıq. O zamandan 30 ildən çox keçib və əgər bu məsələ yenə də düşüncələrdə, ictimai fikirdə azca da olsa qalırsa, demək mövzunu işləməyə ehtiyac var.
Bu ifadənin kökünü axtarsaq, əlbəttə ki, erkən orta çağlara, Səlib yürüşlərinə gedib çıxacağıq. Papa II Urbanın Fransanın Klermon şəhərində 1095-ci ildə etdiyi məlum çağırışı ilə başlanan hərbi kampaniyaya, o zamankı Qərbi Avropanın bütün xristian dövlətlərindən əyanlar, cəngavərlər, rəiyyət və hətta bir dəfə uşaqlar belə qoşulur. Qeyd edək ki, həmin dövrdə nə Avropada, nə də İslam Şərqində millət yox – bu anlayış daha sonra, Frasız İnqilabından sonra yaranacaqdı – ümmət vardı və böyük insan kütlələri əsasən yalnız dini ideyalar ətrafında birləşirdi. Modern mənada dövlət və millət anlayışlarına hələ yüzillər qalırdı.
Yaxın Şərqə yönəlmiş Səlib yürüşləri kiçik fasilələrlə iki yüz ildən çox bir zamanı əhatə etdi. Yeri gəlmiş, Xaçlı yürüşlərinin heç də hamısı yalnız Yaxın Şərq, yəni müsəlmanlar üzərinə yönəlməmişdi, məsələn, 1198-1411 illər arası əsasən Skandinaviyanın xristianlaşdırılması üçün Şimal Xaç Yürüşləri adlı bir neçə böyük müharibə ilə nəticələnən, hərbi kampaniyalar baş tutub. Katolik kilsəsinin bu cinayətkar çağırışı nəticəsində törənmiş faciələrə görə Vatikan artıq çoxdan günahını etiraf edib və üzr istəyib.
Əslində mövzumuz bu deyil, bu işlər çoxdan tarixə qovuşub, amma stereotipləri hər zaman sındırmaq gərəkdir. Deyir, İmam üçün 100 dəfə ağlayanda, bir dəfə də Yezid üçün ağla. Yaxın Şərqə Səlib yürüşlərindən öncə, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında onların rəqibi olan, elə ibrahimi dinlərin şinelindən çıxmış islam dini yaranmışdı. İslam icması yarandığı, intişar tapdığı dövrdən ekspansiyaya başlamışdı. İlk öncə ətrafdakı bütpərəstlərə islam qəbul etdirilir, sonra isə Yaxın Şərqdə xristianların yaşadığı ərazilərə hücumlar baş verir. Daha sonra Siciliya adasından Pireneylərə kimi gedib çıxan bu ekspansiyanı Qərbi Avropada yalnız 732-ci ildə Puatye savaşında franklar qallar saxlaya bildilər. Lakin islam ekspansiyası bununla dayanmadı. I Səlib yürüşünə ilk çağırışdan az öncə Səlcuqlar və Bizans arasında 1071-ci ildə məşhur Malazgird döyüşü baş vermişdi. Nəticədə Kiçik Asiyanın fəthi və Bizansın mövqeyinin tamamilə sarsıdılması baş verir.
Yəni təsir əks-təsirə bərabərdir və insalar hər yerdə insandır, daha Eyzenşteynin məşhur “Aleksandr Nevski” filmindəki başında buynuzlu dəbilqələrlə atlara minib üstümüzə şığıyan cəngavər obrazı şərin nə qədər gözəl metaforası olsa da, bütün bunlar əslində qarşılıqlıdır.
Sonrakı dövrdə Avropadakı hazırkı modern dövlət tiplərinin yaranmasının iki əsas səbəbi Reformasiya və Böyük Fransız inqilabıdır. Yeni Dövrün bu iki böyük dalğası Avropada uzun əsrlərdən keçərək təşəkkül tapmış və dindən legitimasiya alan köhnə monarxiyaları faktiki məhv etmişdi. Bunların yerinə vətəndaş millətçiliyi və legitimliyi təsis edən, seçkilər keçirən yeni tip dövlətlər yaradır. Bu tip dövlətləri État-nation (millət-dövlət) kimi müəyyənləşdirmək olar, bunlar məsələn, Almaniya, Fransa, İtaliya və s. kimi dövlətlərdir. Buradakı dövlət mexanizmi vətəndaş millətçiliyinə əsasən keçirilən seçki ilə idarə olunur və bununla dövlətin davamlılığı təmin edilir. Bu zaman ümmət maraqları artıq milli maraqlarla əvəz olunur və dini mənsubiyyət tədricən arxa plana keçir.
Buna ən böyük misallardan biri kimi, XIX əsrdə baş vermiş və şərti olaraq ilk “Birinci Dünya Müharibəsi” adlandıra biləcəyimiz Krım müharibəsini (1853-1856) misal gətirə bilərik. O zaman çox güclü və asan qələbəyə köklənmiş Rus İmperiyasının Osmanlıya qarşı iddiaları səbəbindən başlanmış müharibəyə imperator I Nikolayın gözləmədiyi halda, müharibəyə həmin dövrün ən güclü və böyük (xristian) dövlətləri – Böyük Britaniya, Fransa, Avstriya və İsveç-Norveç uniyası qoşulur. Osmanlının tərəfindən cərgə ilə çıxış edən bu qədər dövlətə çox böyük müqavimət göstərildikdən sonra, nəhayət Sevastopol alınır və bu xəbəri eşidən imperator sağalmaz xəstəliyə tutulub vəfat edir. Rusiya Osmanlının ətrafında sıx birləşmiş “xristian qardaşlarının” müstəsna yardımı nəticəsində məğlub olur.
Əslində dərinə getsək rus cəmiyyətində indiyə kimi Qərbə nifrət dominantasının çox dərin köklərindən biri məhz həmin müharibə zamanı qoyulur. Rusiyaya o zaman müttəfiq olacaq demək olar ki, heç bir dövlət tapılmır, yeganə olaraq yunanlılar özlərini müdafiə üçün qoşulurlar, çünki Osmanlının qələbəsi onlara da təhlükə idi. Beləcə, artıq XIX əsrdə, haqqında danışdığımız “xristian həmrəyliyi” ümumiyyətlə mövcud deyildi, yalnız milli maraqlar vardı.
Yeri gəlmiş, rusların Osmanlı ilə 20 il sonra baş tutmuş revanşı (1877-78-ci illər müharibəsi) zamanı da “Ak paşa” ləqəbli general Skobelevin ordusunu San-Stefano (hazırkı Yeşilköy) ətrafında yalnız aparıcı Avropa dövlətlərinin hədələri saxladı, yoxsa Konstantinopolun işğalını kimsə durdura biməyəcəkdi. Sadəcə bu, Avropa dövlətlərinin milli maraqlarına uyğun deyildi və təbii ki, “xristian həmrəyliyi” heç kəsə əsla maraqlı deyildi.
Bunlar iki əsr öncənin tarixidir, olub-keçəndir, tamam, gələk hazırkı dövrümüzə. 30 ildən artıqdır ki, ölkəmizə qarşı baş vermiş təcavüz nəticəsində, həmin bu “xristian həmrəyliyi” sözü leksikonumuza qayıdıb. Bu da ona görə ki, Moskva Ermənistana birmənalı basqı etməmişdi, zatən bizim həmin dövrdə bunu metropoliyadan gözləməyimiz çox yanlış idi. Bunun əvəzinə özümüzü müdafiə üçün hərəkətə keçməli idik, lakin təəssüf ki, o zamanki rəhbər şəxslər başqa fikirdə idilər.
Məqalənin yazılma məqsədi o dövrün hadisələrinin təhlili olmadığı üçün, qısaca olaraq Azərbaycanın o zamankı tarixi çağırışlara heç bir sahədə – nə siyasi, nə də hərbi cəhətdən hazır olmadığımızı qeyd etməklə kifayətlənək. Moskva ilə Ermənistan arasında “xristian həmrəyliyi”-nin olduğu hər addımda vurğulamaq. Məhz o zamandan bu “xristian həmrəyliyi” ifadəsi istər siyasilərimizin, istər jurnalistlərimizin, istər də sadə camaatın dilinə oturdu, sübuta ehtiyacı olmayan aksioma kimi ömrümüzə daxil oldu. Hətta Qarabağ savaşında bizim tərəfdə vuruşan etnik rus vətəndaşlarımız, Ukraynadan gəlmiş hərbçilər və s. kimi misallar da, bu aksimanı təkzib etmədi və göründüyü kimi indiyə qədər leksikonda dolaşmaqdadır.
Çağdaş dünyada gedən proseslərə sadəcə bir göz atmaq kifayətdir ki, bunun cəfəngiyyat olduğunu anlayaq. Uzağa getməyə ehtiyac yoxdur, hazırda MDB məkanının ən böyük “xristian” (ikisi də əsasən ortodoks, yəni pravoslav məzhəbinə aid) dövlətləri – Rusiya və Ukrayna qatı düşmənə çevrilib, müharibə vəziyyətindədirlər. Rusiya “pravoslav qardaşının” ərazilərini işğal edib və onu təhdid altında saxlamaqdadır, Ukrayna dövlətinin ümumiyyətlə mövcudluğu Kreml tərəfindən istehza ilə qarşılanır.
Yeri gəlmiş həmin Rusiya cəmi 10 il öncə, “beşgünlük müharibə” zamanı başqa “pravoslav qardaşları”, Gürcüstan üzərinə gedib Tiflisin astanasında çox böyük basqılar sayəsində durduruldu. Müsəlman Ramzan Kadırovun quldur dəstələri Cənubi Osetiya ərazisindən gürcü ordusuna zərbələr vurduğu zaman, rus uçaqları Qorini bombardıman edib Tiflis üzərində uçuşmaqda idi. Yeri gəlmiş, həmin hadisələr zamanı müsəlman Erdoğan, gürcülərin “xristian qardaşlarından” Tiflisi bombalamamağı Kremldən xahiş etmişdi, çünki əks təqdirdə regional qüdrət sayılan Türkiyənin nüfuzuna zərbə dəyəcəkdi. Göründüyü kimi bunun da dinə heç bir aidiyyatı yoxdur. Qısası, gözümüz önündə baş verir bunlar, amma təbii ki, insan yalnız görmək istədiyini görür.
10 il əvvəl, bizim milli maraqları kifayət qədər təhdid edən bir hadisə baş verdi. Serbiyanın muxtar vilayəti olan Kosovo müstəqilliyini elan etdi və cəmi 3 gün ərzində demək olar ki, bütün dünya birliyi tərəfindən tanındı. Kosovonu tanımayanlar Rusiya və onun ətrafındakı bir neçə dövlət oldu, Azərbaycan da öz milli maraqları optikasından çıxış edərək tanımadı və doğru da etdi. Həmin dövrdə diqqətlə erməni mətbuatını, oradakı reaksiyaları izləyirdim. Artıq təqribən 20 ildir Dağlıq Qarabağda “müstəqillik” elan etmiş bu adamların necə dərin bir sarsıntı və məyusluq keçirdiklərinin şahidi oldum.
Əlbəttə, dünyada ikili standartlar var. Bu kosovalılar kimdir ki, belə qədim, müstəsna mədəniyyətə malik, öz alfaviti olan xalqın yanında? “Əcəba, bizi 20 ildir tanımayıb, üstəlik işğalçı damğası vurub, Kosovanı dərhal tanıyan dünyaya, nə deyək?!” – belə isterik idi, o günlərin erməni mediası. Bu presedent bir daha sübut etdi ki, dünya siyasətində dini faktor heç bir rol oynamır, din siyasətin əlində bir alətdir, instrumentaridir, amma sırf din özü heç bir əhəmiyyətə malik deyil.
Gələk Gürcüstana. Bu ölkəni azacıq tanıyan biri kimi tam məsuliyyətlə deyə bilərəm ki, orada ermənilərə heç bir xüsusi rəğbət yoxdur, əksinə gürcülərlə ermənilər arasında çox dərin və güclü bir rəqabət mövcuddur. Bu rəqabət qədim tarix, xüsusi alfavit, arxitektura və müstəsna mədəniyyət iddialarından qaynaqlanır. Gürcülər erməniləri, çox qədim zamanlardan onların müstəsnalıq iddialarının isti aşına su qatanlar kimi dəyərləndirirlər. Gürcü dilində erməni sözü “somexi” kim tələffüz edilir və özündə, xalq adından başqa, çox dərin mənfi konnatasiyaları daşıyır. Gürcü dilində hətta “Movida somexi – moytana sxva mexi” (Erməni gəldi və yeni bəla gətirdi) kimi bir atalar sözü də mövcuddur.
Bizimlə onlar arasında belə bir rəqabət ola bilməz, çünki kəsişən nöqtələrimiz yoxdur. Bizim adımız orada “tatrebi” (tatar) kimi keçir və bizi əsasən aqrar camaat kimi tanıyırlar. Biz onlar üçün təhlükə yaratmırıq və aqrar camaata yalnız yuxarıdan aşağı baxış var. Azərbaycanlılara münasibətləri, əsasən bizim enerji daşıyıcıları və iqtisadi göstəricilərimizlə bağlıdır. Kobud alleqoriya ilə ifadə etsək, bu münasibət təxmini Bakıda yaşayan rusdilli qaqulik ilə onun rayondan gəlmiş, sadəlöhv, amma cibi pulla dolu qohumunun münasibəti kimidir. Kimsə inciməsin, bütün istisna-müstəsnaları çıxmaqla bunları qeyd etməyə ehtiyac var, çünki reallığın gözünə nə zamansa baxmaq lazım gələcək.
Azərbaycan gərək xarici münasibətlərinə aydınlıq gətirsin, onlara yenidən göz atsın. Ölkəmiz artıq 30 ildir ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini hər yerdə bəyan edir, qonşumuz isə bu mövzuda heç bir zaman xüsusi bəyanat verməyib, yalnız Qarabağdakı separatçıları tanımamaqla kifayətlənib. Ermənilərlə üz-göz olmaq istəmirsə ağıllı qonşularımız, bəs onda bizə nə gəlib ki, xüsusi bəyanatlar verib osetinlərlə, abxazlarla üz-göz oluruq?! Onlar da adamdır, bəlkə humanitar münasibətlər quraq, onların bizə nə pisliyi keçib?
Artıq güzəştə getmək olmaz. Həmin əbləhin heykəlinin demontajına hökmən nail olmaq gərəkdir. Basqılardan çəkinmək lazım deyil. Ümumiyyətlə, hər iki dövlətin milli maraqları çərçivəsində bu məsələyə birdəfəlik aydınlıq gətirilməli və gürcülərdən aydın, səlis cavab eşidilməlidir.
Sonda bir daha qeyd edim ki, əlbəttə, başqa vacib faktorları (istisadiyyat, kültür və s.) saymasaq, “xristian” Gürcüstan bizim milli maraqlarımız və ümumiyyətlə müstəqilliyimiz üçün çox-çox vacib ölkədir. Gələcəkdə də onları ayaqda saxlamaq üçün lazım gələn yardımı, istənilən iqtidar göstərməlidir. Lakin, “rayondan gəlmiş pullu qohum” obrazından da təcili çıxmaq lazımdır. Çünki siyasətdə hərəkətlər, addımlar yalnız qarşılıqlı olanda adekvat münasibətlər sistemi yaranır.
“Xristian həmrəyliyi” dedi-qodusunu isə bir kənara qoymaq lazımdır. “Yoxdu belə söhbət”.