Həyatımda o qədər çoxsaylı, yadda qalan, sevinc dolu günlər var ki, onları xatırlamaq belə adama xoş duyğular yaşadır. Bu, demək olar hamıda belədir. Söhbət duyğulardan və xatirələrdən gedir. Emosiyalar bizim ən gözəl sərvətlərimizdəndir. Şəxsi fikrimdir, məncə emosiyalar pis və yaxşı kateqoriyasına bölünmür. İstər sevinc gətirsin, istər üzüntü – duyğular çox gözəldir.
Sanki duyğuları ölmüş, heç bir şey ifadə etməyən, robot kimi insanlar var. O qədər darıxdırıcı görsənirlər ki. Darıxdırıcı görünmələri qırağa qalsın, öz işləridir. Fikrim bu adamları qınamaq, məzəmmət etmək deyil, əsla. Təsir əks təsirə bərabərdir. Onlar sadəcə kədər ötürürlər. Belə bir yaxın tanışım var. Onu nələr xoşbəxt edir, kədərləndirir bilinmir. Həmin sualları özünə də vermişəm. Cavabı yoxdur. Hətta oxşar sualları soruşduqda, bir xeyli düşünür-düşünür və sonda ənənəvi cavab gəlir: “bilmirəm.”
Dəfələrlə təkrarlanan bu hal onu göstərir ki, adamın yaşamağa, həyatdan həzz almağa həvəsi yoxdur. Bir şey var ki, o kədərli və melanxolik də deyil. Sadəcə təbiəti belədir – emosiyasız. Belə tiplər detektiv və triller janrlı romanlarda manyak və ya killer rolu üçün ideal obraz sayılırlar. Bu nə iddia, nə də hər hansı ehtimal deyil. Ehtiyatla yenə bildirim ki, sözlərim qınağa fokuslanmayıb.
Rejissor Kurt Wimmerin ssenarisini də özü yazdığı, 2002-ci ildə ekranlaşdırılan “Equilibrium” fantastik filmi var. Anti-utopik filmdə hadisələr gələcəkdə baş verir, hansı ki, orda insanın hər hansı emosiya sərgiləməsi cinayət hesab edilir. “Prozium” adlı dərmanın qəbulu emosiyaları basdırmağa xidmət edir və eyni zamanda cəmiyyətdə insanlar, daha doğrusu onların emosiyaları üzərində nəzarət həyata keçirən agentlər, hökümət keşikçiləri mövcuddur. Aktyor Kristian Beylin canlandırdığı hökümət agenti Con Preston bir gün bu dərmanı qəbul etməyi unudur və ondan sonra hər şey dəyişməyə başlayır.
Filmə baxmaq istəyənlərin həvəsini qaçırmamaq üçün süjet barədə artıq nəsə yazmayacağam. Bircə onu deməliyəm ki, film insanı düşündürür. Düşünən biri isə filmə baxdıqdan sonra necə möhtəşəm resursa malik olduğunu anlayacaq. Bir çoxu etiraf edər ki, insan təbiətcə nankorluğa meyillidir. O, əlində olanların dəyərini obyektv qiymətləndirməyi bacarmır. Çox vaxt əlbəttə onların dəyərini həmin şeyləri itirdikdən sonra anlayır. Zehnimiz neqativ nəsnələri, hadisələri şişirtməyə daim hazırdır.
Beləiklə, filmə baxmadan belə, vəziyyəti təsəvvür etmək çətin deyil – sevmək, sevinmək, kədərlənmək və ya istənilən növ duyğu ilə tanış olmayan, onları dadmayan cəmiyyət və həmin toplum üzərində total nəzarət quran diktatura rejimi.
Duyğularsız insan, insan sayılmır. O, kölə və ya yumşaq desək robotdur. Düzdür, bu gün bəşəriyyət “Equilibrium”dakı kimi duyğular üzərində total nəzarət altında deyil, ancaq yenə də bu hal bizdə arxayınlıq yaratmamalıdır. Çünki qəddar idarəetmeyə həvəsli kəslər bu cür idarəetmənin icrasını reallaşdırmaq üçün çox şeylərindən keçərdilər. Əmin ola bilərsiniz ki, onlar öz destruktiv adminstrasiyaları ilə birgə, bu cür utopik arzuları tez-tez təsəvvür edirlər. Sadəcə hələ ki, bu cür məsələləri icra etmək mümkün deyil. “Hələ ki”ni ona görə yazıram ki, insanlar idarəçilər qarşısında nə qədər məzlumluq nümayiş etdirsələr, bu aktın gerçəkləşməsi utopiklikdən reallığa doğru təkamül edə bilər. Bunu düşünmək belə ağrılıdır.
Həyatın öz ağır yazılmamış “qanunlar”ı var. Vəhşi mühit tez-tez şüalarını bizim üzərimizə salır. Əgər hansısa amansız və harınlamış biri pulumuzu həyasızcasına əlimizdən alırsa və bu halda biz, buna susuruqsa, şübhə olmasın ki, həmin həyasız yenə də həmin şeyi təkrarlayacaq. Onun növəbəti gəlişi daha şərəfsiz, daha müstəsna amansızlığı ilə fərqlənəcək. İlkin olaraq o, sadəcə pulunuzu almışdısa, bu dəfə əyninizdəki paltarları çıxaracaq. Siz yenə ağzınıza su alıb dinməz qalacaq, o isə həzz alaraq sizi sümürməyə davam edəcək. Bu, sona qədər davam edəcək. Axırda isə lüt qalacaqsınız.
Bu hal ilk növbədə qorxudan qaynaqlanır. Ancaq orda həm də emosiya defisitliyi mövcuddur. Bəli, qorxu da bir emosiyadır, sadəcə bu emosiya eyni zamanda adekvat reaksiyanın qarşısını almaqla ortaya laqeydlik halı gətirir. Laqeydlik isə fəal passivlik nümunəsi olaraq, köləlik əlamətlərindən ən qabarığıdır.
Ona görə, heç də təsadüf deyil ki, əksər fantast yazıçılar öz bədii kitablarında gələcəklə bağlı narahatlıqlarını dilə gətirirlər. Həmin hekayə və romanlarda bəşəriyyətin “inkişaf” perspektivinin yüksəkliklərində emosiyalar və ümumi ünsiyyətlər üzərində despotik nəzarətin varlığı təsvir edilir. Elmi-texniki inkişaf və kütləvi avtomatlaşdırma insanla bağlı nəsnələri ikinci plana atmaqdadır. Həmin əsərlərdə artıq kabus meydan sulayır və bununla da yazıçılar dolayı və birbaşa yolla həyəcan təbili çalırlar.
Düzdür, biz insanlar özümüz də emosiyalarımızı basdırmağa meyilliyik. Sevib, sevgimiz daşa dəyəndə, acığa bir də sevməməyə qərar verərək könlümüzə gedən yolu suvaqla hörür və ya güvəndiyimiz adam hansısa formada gözləntilərimizi doğrultmayanda, etibar etmək, inanmaq ehtiyacımızı basıdırb, məhv edib içimizdə itirməyə çalışırıq. İnsanlar buna görə siqaret və alkoqol kimi zərərli vərdişlərə qurşanır. Duyğuları bu yolla basdırmaqla əslində yaranan təbii emosiyalara qarşı bir skafandr düzəldir və onun içində yaşamağa başlayır.
Əslində emosiyalar üzərində bu cür “qapalı stadion” inşa etməyimiz özümüzə zərər verir. Boğmaq, basdırmaq təbiətimizin ziddinə getməkdir. Təbiətə qarşı gedəndə isə, təbiət insanı cəzalandırır. Belə məqamda ən orqanik çıxış yolu emosional intellekti gücləndirməkdir.
Emosional intellekt – insanın özünün və başqalarının duyğularını tanıma və onları idarə edə bilmə bacarığıdır.
Bizim hər birimizdə emosional intellekt adlı qeyri-maddi nəsnə var. Bu nemət ilə biz davranışlarımızı tənzimləyə, çətin situasiyalarda mövqe göstərə və müsbət nəticəli qərarlar verə bilərik.
Emosional intellekt – insan davranışının fundamental elementidir və intellektdən fərqlidir. “IQ” (“ay-kyu”) ilə emosional intellekt arasında əlaqə yoxdur. Emosional intellekt (“ey-kyu”) isə daha çox əsəbləri və nəfsi idarəetməyə hesablanıb. Kimə daha çox maraqlıdırsa Google-a müraciət edə bilər. Orda EQ barədə xeyli məlumat var.
Yazını Sovet şairi, aktyor və musiqiçi Vladimir Visotskinin poetik notları ilə yekunlaşdırıram:
“Qoy, yuxuda və oyaq vaxtı ifa etsinlər,
Mən nəfəs alıram – demək ki, sevirəm,
Mən sevirəm – demək ki, yaşayıram…”