Erməni-fransız əsilli aktyor Serge Avedikian “Cannes” film festivalında ən yaxşı qısa film nominasiyasında 10 il əvvəl “Palme d’Or”u alan “Chienne d’historie” – “Hürən ada” animasiyasının rejissorudur. Bu animasiya 110 il əvvəl Osmanlıda baş vermiş bir qətliamdan bəhs edir.
2019-cu ildə (2018-ci il üçün) Nobel mükafatına layiq görülən feminist polyak yazıçı Olqa Tokarçuk ilə onu birləşdirən təkcə nüfuzlu mükafata layiq görülmələri deyil, həm də eyni mövzuya müraciət etmələridir (Yeri gəlmişkən, 2018-ci ildə qalmaqallar ucbatından ədəbiyyat üzrə nobel mükafatı heç kəsə təqdim edilmədi.)
Yazıçının nobel mükafatına layiq görülən “Bieguni” (Flights) kitabı hələ bizim dilə tərcümə edilməsə də, kitabı ingilis, rus, türk dillərində oxumaq mümkündür, ya da bilirsinizsə, polyakca. Tokarçuk kitabında müxtəlif hadisələri əks etdirib. Hadisələr təxəyyüllə birləşmiş əsl hadisələrdir (Kitabda haqqında danışılan hadisələr əslində təxəyyüllə qarışmış real hadisələrdir). Hadisələrin biri digəri ilə bağlı olmaqla yanaşı, yazıçı kitabda insan orqanizmindəki mitoxondriadan tutmuş Sankt Peterburqdakı “Kuntz kamera” muzeyinə qədər müxtəlif məsələlərdən bəhs edir.
Maraqlıdır ki, Tokarçuk öz əsərində Atatürkün “islahat”ına da toxunub. Təbii ki, Nobel mükafatı almış yazıçını mühakimə etmək mənə düşməz dedim, ona görə də tənbəllik etməyib tokarczuk.wydawnictwoliterackie.pl/ saytından onunla əlaqə yaradaraq kitabında Atatürkün də adı keçdiyi, yazarın bir cür yazıb, türk tarixində başqa cür göstərilən hadisənin mənbəyinin haradan gəldiyini soruşaraq beynimi yeyən kiçik qurdu öldürməyə çalışdım. Çünki kitabı oxuduqca və buna paralel olaraq bəhs edilən digər hadisələri də araşdırdıqca məlum olur ki, bunların hamısı olmuş, real hadisələrdir. Düzdür, müəllif hələ başı qarışıq olduğu üçün cavab yazmayıb, (halbuki bir-birimizdən qatarla sadəcə 4 saatlıq məsafədə yaşayırıq) mən də cavab alana qədər tarixin elə insan qətliamı kimi ciddi olan, çoxumuzun eşitmədiyi, mənbələrdə fərqli səbəblər göstərilən, Tokarçukun isə Atatürkün islahatı adlandırdığı “itlərin qətliamı” haqqında danışmaq istərdim. Əvvəlcə kitabda bu haqda yazılmış hissənin tərcüməsini təqdim edirəm:
Atatürkün islahatı
Bir gün, axşam bütün günü gəzib, baxıb, dinlədikdən sonra artıq yatağımda uzanarkən Aleksandra və onun hesabatlarını xatırladım. Birdən onun üçün darıxmağa başladım. Təsəvvür etdim ki, bəlkə yenə eyni şəhərdədir, çarpayısının yanında çantasıyla və gümüşü saçları ilə yatır. Ədalətli elçi, ədalətli Aleksandra… Əl çantamda onun ünvanını tapdım və ona burada öyrəndiyim bədbəxt hadisə barəsində yazdım.
Atatürk 1920-ci illərdə öz sərt islahatlarını həyata keçirərkən, İstanbul yarıvəhşi, sahibsiz itlərlə dolu bir şəhər idi. Onlardan hətta xüsusi bir cins törəmişdi – qısa saçlı, açıq rəngli xəz dərili, ağ və krem rəngli və ya bu iki rəngin qarışığı olan orta boylu itlər. Bu itlər sahillərdə, kafe və restoranların arasında, küçə və meydanlarda yaşayırdılar. Gecə şəhərə ova gedir, xırda dəstələrə ayrılır, zibil qutularını eşələyirdilər. Onlar öz əvvəlki ilkin təbii davranışlarına qayıdır, canavar və çaqqal kimi liderlər seçir, qruplar halında gəzirdilər.
Ancaq Atatürk üçün Türkiyənin mədəni bir ölkə olması çox vacib idi. Bir neçə gün ərzində xüsusi təyinatlılar minlərlə iti yaxaladı, onlar yaxınlıqdakı yaşayış olmayan adalara, floradan kasad ərazilərə aparıldı və orada sərbəst buraxıldılar. Təmiz su və yemək olmadan üç-dörd həftə adada qalan itlər axırda bir-birlərini yeməyə başladılar. İlk dövrlər İstanbul sakinləri, xüsusilə, Boğaza baxan eyvanları olan ev sahibləri və ya sahil həndəvərində yerləşən balıq restoranlarına gedən insanlar səs-küy eşidirdilər, daha sonra gələn iyi onları ciddi şəkildə narahat etməyə başladı.
Gecə boyunca tər tökənə qədər insanların nə qədər səhv etdiyi barədə ağlıma çoxlu düşüncələr gəldi. Məsələn, balaca bir it balası, üzərinə vanna qoyulduğu üçün donaraq ölmüşdü.
Bəs əslində digər mənbələrdə qeyd edilənlər nələrdir? Olqa Tokarçuk hadisəni Atatürkün islahatı adlandırıb onu günahlandırsa da, mənbələrdə verilənlərə görə, hadisəylə bağlı səbəblər çox fərqli göstərilmişdir. Bəzilərində səbəb kimi itlərin quduz olduğu, digərlərində isə məsələnin inkişaf edən sənaye və fransızlarla bağlı olduğu deyilir. Hekayədə hadisənin baş verdiyi dövr olaraq 1920-ci illər göstərilsə də, bütün mənbələrdə “qətliam” tarixi kimi 1910-cu il qeyd olunub (Bu zaman Atatürk Picardie “Manevr”lərində iştirak etmək üçün Fransaya göndərilir və hələ də Osmanlı imperiyası mövcud idi).
Danışılan hadisəylə bağlı alternativ versiyalarda qeyd edilir ki, sənaye inkişaf etdikcə fransızlara daha çox material lazım idi. Belə ki, kimya və ətir sənayesində irəlidə olan fransız firması İstanbulda yayılmış itlərdən xəbər tutur və hökumətə müraciət edir. Osmanlı həmin dövrdə maliyyə çətinlikləri yaşadığı üçün bu çox yaxşı bir sövdələşmə olacaqdı. 80 min itin qarşılığında külli miqdarda pul. Tərəflər bununla bağlı razılığa gəlirlər. İstanbulun yerli əhalisi isə bu sövdələşməyə etirazını bildirib, dövlətə kömək etməkdən imtina etsə də, buna qarşılıq olaraq dövlət küçədə yaşayan evsizlərə və kasıblara bir miqdar pul verərək onlardan kömək göstərmələrini xahiş edir.
Bu tədbirlər nəticəsində 80 min it qısa bir müddətdə küçələrdən yığıldı, onlar fransız gəmilərinə yüklənmək üçün əvvəlki Tophane limanına gətirilidilər. Bununla bağlı fransızlara məlumat verilsə də, onlar cavab vermədilər.
Türklər uzun müddət gözlədilər, artıq itləri Tophane limanında saxlamaq mümkün deyildi. Bir müddət sonra isə fransızların itləri almaq fikrindən daşındığı ortaya çıxdı. Nə edəcəyini bilməyən hökumət 80 min iti İstanbul yaxınlığında (yerləşən) Sivriadaya köçürür. İlk dövrlərdə İstanbulun yerli əhalisi itlərə yemək və su aparsa da, sonradan bunu etmək çətinləşir. Bir neçə həftə keçəndən sonra şirin su və yemək olmadan yaşayışları çətinləşən itlər bir-birilərini yeməyə başlayırlar. Gələn ulaşma səsləri insanları, xüsusilə, gecələr çox qorxudurdu və ölmüş itlərin qoxusu tez bir zamanda adaya, sahillərə yayıldığı üçün sahil kənarında evləri olan insanlar evlərini bağlayıb başqa yerlərə köçdülər.
Başqa bir mənbədə isə II Əbdülhəmid dövründə itlərin yaxşı qorunduğu qeyd edilir. Hətta quduzluq hadisələrinin qarşısını almaq üçün İstanbulda II Əbdülhəmidin köməyi ilə dünyada 3-cü “Pasteur” İnstitutu açılır. Ancaq 1908-ci ildə Əbdülhəmid hakimiyyətdən gedir və itlərə qulluq edəcək heçkəs qalmır. Hakimiyyətə gələn Birlik və Tərəqqi partiyası köhnə hökmdardan qalan hərşeyi məhv etməklə yanaşı, itlərə də qayğısız yanaşırlar.
Mövzuyla bağlı səslənən digər bir versiya isə belədir ki, Osmanlıda İngiltərə səfirliyində işləyən vəzifəli bir şəxsin İstanbulda itdən qaçarkən hündür divardan yıxılıb öldüyünə görə artıq itlərin yığışdırılmasına qərar verilir və Sultan II Mahmudun əmri ilə itlər Sivriadaya göndərilir.
Bütün bunların fonunda, qaragüruhçu insanlar tezliklə fəlakət olacağını deyirdilər. Deyilənə görə, nəyə inansan, başına o gələr. Xalqın inandığı qaragüruh 1912-ci ildə Sivriadada zəlzələ ilə “nəticələnir”. Eyni zamanda bu qətliam, insanların fikrinə görə, əvvəlcə Liviyanın İtalya tərəfindən işğalına, daha sonra isə Balkan müharibəsinə gətirib çıxarır. Bu fəlakətlərdən sonra ada “Sivriada” yerinə “Hayırsızada” adlandırılmağa başlanır.
Haçansa Hayırsızadaya yolunuz düşsə, burada həmin illərdə qətl edilmiş itlər üçün qoyulan abidəni ziyarət etməyi unutmayın.