Sosial şəbəkələrdə tez-tez istifadə edilən bir ifadə var: “Axı bunu ermənilər də oxuyur!” Bu ifadəni, bir qayda olaraq, ölkə ilə bağlı nəsə mənfi çalarlı bir xəbər, hadisə paylaşılanda oxumaq olur. Hər nə qədər bu ifadəni zarafata salsaq da, əslində, doğrudur. Doğrudan da, Ermənistanda bizim istər mətbuatımızda, istərsə də sosial şəbəkələrdə yazılanları oxuyanlar var.
Müsahibim, bu xəbərləri sistematik, institutlaşmış bir şəkildə oxuyan və erməni cəmiyyətinə çatdıran insandır. Azərbaycanla bağlı xəbərləri təhlil edən AzeriChild saytının rəhbəri, sosioloq Armine Adibekyan.
Erməni mövzusunun bizdə necə həssas olduğunu bildiyimdən, yaxşı anlayıram ki, bu müsahibə də, Armine xanımın fikirləri də birmənalı qarşılanmayacaq. Amma gözlənilən isterikanın bir qismini önləmək üçün, deyim ki, bu müsahibənin məqsədi erməni opponentlə “Qarabağ kimindir?” sualına cavab almaq, ya da müsahibimin fikirlərindəki bizi razı salmayacaq məqamlarda onunla mübahisəyə girişmək olmayıb. Burda tək məqsəd, bizim Ermənistandan baxanda necə göründüyümüz, ordakı insanların bizimlə bağlı fikirləri, Azərbaycanda baş verənlərin ora necə təsir etdiyini öyrənmək, cəmiyyətimizə, hökümətimizə, təhsilimizə, dilimizə Ermənistan güzgüsü tutmaqdır.
– Armine, sizin Azərbaycan mediası ilə bağlı paylaşımlarınızdan və bloq yazılarınızdan anladığım qədərilə, siz azərbaycan dilini yaxşı bilirsiniz. Əgər belədirsə, bu dili hansı şəraitdə öyrənmisiniz və o, sizə nə verib?
– Dili yaxşı bilmirəm, onun haqqında ən alt səviyyədə təsəvvürüm var – qrammatik qaydalar, hallandırmalar, şəxsə görə dəyişmələr, felin zamanları, kiçik söz ehtiyatı – bunlar söhbətin nədən getdiyini anlamaq üçün özümə yardım məqsədi daşıyır. Mürəkkəb mətnlərdə peşəkar tərcüməçilərin xidmətindən istifadə eləyirəm. Məncə, dili bilmək zərurəti bu və ya digər cəmiyyəti, ölkəni araşdırmaqla məğul olan mütəxəssislər üçün vacib şərtdir. Bu, azərbaycanlı həmkarları və opponentləri daha yaxşı anlamağa kömək edir. Mənə onların düşüncə tərzindəki nüanslar, niyə fikirlərini belə yox, başqa şəkildə ifadə etdikləri aydın olmağa başlayıb. Azərbaycan dilini öyrənmək məsələnin estetik tərəfi ilə bağlıdır – mən daha azərbaycan dilini təhrif olunmuş şəkildə oxumuram. O, mənim üçün artıq anlamsız səslər yığını deyil, mən bu səs axını içindən anlaşılan, tanış sözləri və cümlələri ayırmağı öyrənmişəm. Və təbii ki, bu bilgi, azərbaycan dilinin necə gözəl və musiqili olduğunu anlamağıma kömək edib. Ən əsası isə, bu bilgi – hətta bu cür primitiv səviyyədə olsa belə – bu dilin daşıyıcılarında qatı stereotiplər və damğalar layı örtülmüş simasız kütləni yox, insanları görməyimə yardım edir.
– Azərbaycan mətbuatını, bu ölkədə baş verənləri izləmək sizə nə vaxt və niyə maraqlı görünməyə başladı?
– Azərbaycanda baş verənlər məni yalnız bir etnos kimi ermənilərin və Ermənistan Respulikasının prizmasından maraqlandırır. “Bütün müharibələr sülhlə bitir” tezisinin tərəfdarı kimi məni iki prinsipial məsələ maraqlandırır: tərəflərin hər biri müharibədə özünü necə büruzə verir – qiymətləndirmək və proqnoz vermək üçün, tərəflər sülh şəraitində özlərini necə aparacaqlar və hər iki tərəf sülhü necə qurmaq istəyir. Birlikdə, yoxsa ayrı-ayrı. Əslində, mən Azərbaycan və onun cəmiyyətini, məhz, bu yanaşma çərçivəsində araşdırmağa başlamışam – sülh yarananda biz nə və kimlə üzləşəcəyik. Ümumiyyətlə, o sülh yaxın gələcəkdə olacaq, ya yox.
– AzeriChild.info saytının yaranma səbəbləri nə idi və bu sayt erməni cəmiyyətinə nə verir?
– Dövlət başçılarının çıxışlarından tutmuş mətbuata və ekspert qruplarına qədər ermənilərin Azərbaycan cəmiyyətində necə qəbul olunduğunun tədqiqi prosesində biz gördük ki, Azərbaycan həqiqətlərinin ətraf dünyadan gizlədilmiş son dərəcə böyük hissəsi- uşaqlar üçün olan elmi və bədii ədəbiyyatdır. Zarafat eləmirəm.
Məlum oldu ki, Azərbaycanda konfliktli düşüncə tərzi və ksenofobiyanın toxumları on illərlə əvvəldən atılır. Ksenofob ədəbiyyatla böyüyən bugünkü uşaqlar iyirmi ildən sonra Azərbaycanın xarici və daxili siyasətini formalaşdıracaqlar, qərarlar verəcəklər, sistemin işləməsini təmin edəcəklər və hipotetik olaraq, bu gün şirin vədlərlə “ən geniş avtonomiyaya” səslədikləri ermənilərin taleyini həll edəcəklər. Belə tərbiyənin gələcəkdə nə ermənilər, nə də millətlərarası sülh üçün yaxşı heç nə vəd eləmədiyini anlamaq çətin deyil.
Buna görə də qərara alındı ki, bizim övladlarımızın gələcəkdə üzləşə biləcəyi problemlərin və risklərin dərinliyini anlamaq və qiymətləndirməkdən ötrü bütün arxiv bir yerə toplansın və tərcümə edilsin.
– Siz öz statuslarınızda sülh tərəfdarı olduğunuzu yazırsınız. Sizə elə gəlmir ki, Azərbaycan tərəfin ksenofob çıxışlarından ibarət kolleksiya toplayıb onları erməni cəmiyyətinin ixtiyarına verməklə onların ədavət və uzaqlaşdırma hissini də alovlandırmaq ehtimalı var?
– Yəqin, siz də inkar etməzsiniz ki, sülh tərəfdarı olmaqla boynunu könüllü şəkildə baltanın altına qoymaq və bunu sülhə meyl adlandırmaq eyni şey deyil. Bəli, mən azərbaycanlı dostlarımla ünsiyyətdə olmaq imkanı qazanmaq, onlara qonaq getmək, həftə sonları bizə dəvət eləmək, azərbaycanlı həmkarlarımla birgə araşdırmalar aparmaq istəyirəm, ancaq bu zövqü almaq xatirinə öz körpəmin təhlükəsizliyini qurban verməyə hazır deyiləm.
Güman eləyirəm ki, erməni cəmiyyətinin, qarşısında kimin olduğunu, necə bir nəslin böyüdüyünü – yeri gəlmişkən, onlar artıq böyüyüb – və necə birgə gələcək qurmağın mümkün olduğunu bilmək haqqı var.
O ki qaldı “nifrət və uzaqlaşdırmanın alovlandırılmasına”, onda icazə verin, təəccübümü bildirim: uşaqları ksenofob əhvalatlar və dərsliklərlə tərbiyə eləmək- haqlı qərardır, amma bunu, həmin yönəldiyi cəmiyyətə çatdırmaq isə – nifrət və uzaqlaşdırmanın alovlandırılmasıdır?
Tolerant cəmiyyətdə gələcək, ümid eləyirəm ki, dostların və tanışların necə tərbiyə olunduğunu ilk növbədə Ermənistanda bilməlidilər.
Və yeri gəlmişkən, bunu təkcə erməni cəmiyyəti yox, vasitəçilər də bilməlidilər. Razılaşın ki, tərəflər danışıq prosesinə bilərəkdən yalan niyyətlərlə başlayanda – tolerantlıqdan danışıb, əslində isə ermənilərə nifrət eləyən bir nəsil yetişdirəndə bundan prosesin bütün iştirakçıları xəbər tutmalıdı. Hər halda, şəffaflıq məntiqi bunu diqtə edir.
Üstəlik kənardan necə göründüklərinə baxmaq azərbaycanlılar üçün də faydalıdır. Hərçənd düzünü desəm, Azərbaycan cəmiyyəti bu məsələyə qətiyyən reaksiya vermir. Və Azərbaycan tərəfin saytımıza verdiyi yeganə reaksiya “Ermənilərin növbəti alçaqlığıdır, bizi mənfi tərəfdən göstərmək üçün uşaq ədəbiyyatımızı tərcümə ediblər” kimi səslənir.
Yəni belə bir ədəbiyyatın və tərbiyə metodlarının mövcudluğu onları daha az narahat edir, nəinki ermənilərin hiyləgərliyi və bədniyyəti ucbatından dünyanın onlar haqqında pis nələrsə fikirləşəcəyi. Və bu kontekstdə Azərbaycanın vitse-prezidentinin tərbiyə və tədris prosesində ksenofobiyanın yolverilməz olduğu və onun bu işi öz nəzarətinə götürəcəyinə dair bəyanatı məndə böyük çaşqınlıq və maraq doğurdu.
Bir mütəxəssis olaraq mən bu addımı hiyləgərlik kimi qiymətləndirdim. Bizim də diqqətlə izlədiyimiz tədris proqramı məsələsində heç bir irəliləyişin olmaması mənim haqlı olduğumu sübut edir.
– Yeri gəlmişkən, erməni cəmiyyətində azərbaycanlılara münasibətlə bağlı nə fikirləşirsiniz və nələri müşahidə edirsiniz?
– İstənilən digər cəmiyyətlər kimi erməni cəmiyyəti də eynitərkibli deyil və azərbaycanlılara qarşı münasibət vəziyyətdən və təcrübədən asılı olaraq formalaşır. Şərti olaraq bu münasibətləri dörd kateqoriyaya bölmək olar: ekspert qruplar, azərbaycanlılarla müharibədən əvvəl müsbətyönlü ünsiyyət təcrübəsinə malik ermənilər (Azərbaycan və ya azərbaycanlılarla yaşayıb-yaşamadıqlarından, orda və ya onlarla birlikdə oxuyub-oxumadıqlarından asılı olmayaraq), müharibədən əvvəl mənfi ünsiyyət təcrübəsinə malik olanlar (talanların şahidləri və qurbanları, müharibənin iştirakçıları və ya qurbanları və s.) və bir də azərbaycanlıları heç vaxt canlı görməmiş və bütün azərbaycanlılara qarşı münasibətini virtual savaşların nəticələrinə əsasən formalaşdıranlar.
Hər kateqoriyanın, öz etnosunun təmsilçisi olaraq azərbaycanlıya qarşı öz yanaşması var. Erməni cəmiyyətində bütün emosiyalar spektri öz əksini tapıb – azərbaycanlılara qarşı açıq-aşkar simpatiyadan tutmuş aqressiv kin və nifrətə qədər. Bir də hardasa ortada – onları yalnız tədqiqat obyekti kimi görən ekspertlər dayanır. Kəmiyyət nisbətini göstərə bilmərəm, çünki xüsusi araşdırmalar aparılmayıb. Mən isə sosioloqam və konkret araşdırmaların nəticələrinə əsaslanmalıyam.
Ancaq erməni dövlətinin xoşbəxtliyindən, azərbaycanlının emosional qəbulu heç bir halda tədris və uşaq ədəbiyyatı vasitəsilə formalaşdırılmır. Mənim erməni dərslikləri ilə bağlı iddialarım çoxdu, ancaq təkcə onlarda azərbaycanlılara qarşı ksenofobiya və alçaldıcı epitetlər olmadığına görə başqa çatışmazlıqlara dözməyə hazıram.
– Cəmiyyətdə çoxluğun erməni sülhpərvərlərinə münasibəti necədir?
– Hansı sülhpərvərləri nəzərdə tutursunuz? Mənim dövrümdə onların bir neçə nəsli dəyişib. “Heydər dövrünün” sülhpərvərləri – həqiqətən vətəndaş dialoqunu bərpa eləməyə çalışırdılar, həqiqətən təmas nöqtələri, barışıq yolları axtarırdılar və qarşı tərəfdən anlayış görməsələr belə, ən azından, öz ölkələrində onlara hörmət edirdilər.
İlham Əliyev hakimiyyətə gələndən və siyasi kurs tamamilə dəyşəndən sonra sülhpərvərlər də, tezislər də, perspektivlər də dəyişdi. Və ildən-ilə o “sülhpərvərlərin” keyfiyyəti daha da aşağı düşməyə başladı, onlara münasibət də buna uyğun oldu.
Öz bloqunda ermənilərin ünvanına lənət yağdıran adamın Avropa Parlamentində “analoqu olmayan tolerantlıqdan və sülhpərvər təşəbbüslər”dən danışması eyni zamanda həm çaşqınlıq, həm də istehza doğurur. Ya da məşhur “sülh platformasını” təbliğ edən, “birgə yaşayış mümkündür və bundan ötrü bütün şərtlər mövcuddur” tezisində təkid edən mənbə, “ermənilərin əs mahiyyətini” göstərməyə xidmət etən hansısa ksenefob materialı çox asanlıqla dərc edir. Adam, az qala, demək istəyir ki, “dostlar, bir qərara gəlin: siz bütün mövcud şərtlərlə sülh yaradırsınız, yoxsa ermənilərin iç üzünü dünyaya açırsınız, ya lənət oxuyursunuz, ya da tolerant olursunuz”. İkisi birlikdə mümkün deyil.
“Biz tolerant və multikulturalıq, amma bunun ermənilərə dəxli yoxdu, çünki onlar faşist, separatçı və işğalçıdılar” düsturu effektiv deyil və Azərbaycanın xeyrinə deyil. Avropa bu tezisi nasist Almaniyası zamanından tanıyır. O Almaniya ki, özünün sivil olduğunu təkid edirdi, ancaq onun bu sivilliyi çox “obyektiv” səbəblərə görə yəhudilərə aid edilmirdi. Yeri gəlmişkən, bu tezis Rusiyada da bilinir, çoxmillətli SSRİ-də beşinci bəndin böyük əhəmiyyəti vardı, ona görə, bəzi vətəndaşların həyatı xeyli ağırlaşırdı.
– Erməni tərəfdən Azərbaycanda nə görünür? Məsələn, Siz – mütəmadi olaraq bizim mətbuatı oxuyan erməni insanı bizdə nə görürsünüz? Qarabağ müharibəsi, ya da erməni tərəflə münasibət kontekstində yox, ümumiyyətlə. Sizcə, gözə ilk növbədə nə dəyir – məmurların var-dövləti, diktatura, dindarlığın artması və s?
– Öz adımdan danışacam: mənə Azərbaycan mərhum Sovet İttifaqının yüzfaizlik davamçısı kimi görünür. Bura liderin varılığı (dövlətin mövcudluğu onun adı ilə bağlıdır), nitqlər, ictimai rəyin qurulmasında istifadə olunan şüarçılıq sistemi, iqtisadiyyatı yaradan enerjidaşıyıcılarının qiyməti ucuzlaşandan sonra kollapsa düşən resurs iqtisadiyyatı, cəmiyyəti daxildən donduran zahiri düşmən obrazının formalaşdırılması, hakimiyyətdə olanların misilsiz zənginliyi və özbaşınalığı ilə yanaşı duran total yoxsulluq və ədalətsizlik daxildir. Bütün bunlar Azərbaycandan beyin axınına, cəmiyyətin intellektual cəhətdən deqradasiyasına və bunun nəticəsi olaraq dindarlığın artmasına gətirib çıxarır. Çünki dindarlıq iki sütunun üzərində dayanır – çarəsizlik hissi və savadsızlıq.
Azərbaycan işlə əməl, bəyanatlarla gerçək vəziyyət arasındakı fundamental ziddiyyətlərin episentri kimi görünür. Həm ermənilərə və Qarabağ mövzusuna münasibətdə, həm də Azərbaycanın daxilindəki bütün sahələrlə bağlı – iqtisadiyyat, elm, sosium, xarici dünya ilə münasibət… Azərbaycan – imicin mahiyyətdən üstün tutulduğu bir ölkədir.
– Eynulla Fətullayev öz statuslarında da, saytlarda da sizdən çox yazır. Bu “sevginin” əsas səbəbi nədir? Və yeri gəlmişkən, siz onun “sülh və dostluq” layihəsinin mahiyyəti və motivləri barədə nə fikirləşirsiniz?
– Yaxşısı budu, bu barədə onun özündən soruşun. Tanımadığım insanların motivlərindən danışmağa çətinlik çəkirəm. “Sülh və dostluq” layihəsi isə Azərbaycan dövləti tərəfindən idarə olunan saxtakarlıq və fırıldaqçılıqdır. Nifrət edən, “ölməyə, ya da öldürməyə hazır olan” bir nəsil yetişdirən cəmiyyətlə dostluq və sülh mümkün deyil. Sülh və dostluğun ilk kərpici yalnız qarşılıqlı denasifikasiya prosesindən, hər iki tərəf özü üçün vacib olan, gənc nəsli uğrunda ölməyə və ya öldürməyə hazırladıqları nədənsə imtina etməyə hazır olandan sonra qoyulacaq.
Sülh və dostluğun ikinci kərpici hakimiyyətdə olan, əllərindəki hakimiyyətdən istifadə edərək insanların ürəyinə nifrət toxumları səpən adamlar – sifarişçilərdən tutmuş o kitabları, nağılları, məqalələri və publisistikanı yazan hər kəs cəzasını alanda qoyulacaq.
Üçüncü kərpic isə – Azərbaycan, həqiqətən, tolerant ölkəyə çevriləndə – yalnız milli, dini və seksual azlıqlarla bağlı yox, həm də özü kimi ola bilmədiyinə görə ölkəni tərk eləməyə məcbur qalan intellektual azlığa münasibətdə – qoyulacaq.
Azərbaycanlı uşaqlar bilməlidilər ki, ermənilər damarlarından qan yerinə zibil axan, məqsədləri bütün türkləri qırmaq olan qaniçənlər deyillər. Erməni uşaqları isə bilməlidilər, azərbaycanlılar nə qoyundular, nə də başqa xalqların mədəniyyətlərinə sahib çıxan avam köçəridilər.
Bilgi ilə birlikdə anlayış, onun ardınca da hörmət və sevgi gələcək. Hələlik isə, mən birgə yaşamağın imkansız olduğu növbəti azərbaycanlılar nəslinin necə tərbiyə olunduğunu izləmək məcburiyyətindəyəm.
“Bəs sizdə vəziyyət bundan yaxşıdırmı” sualını qabaqlayaraq cavab verirəm: Ermənistandakı təhsil və tərbiyə prosesini bizim qədər fundamental araşdırıb orda da analoji vəziyyətin hökm sürdüyünü sübut edən istənilən azərbaycanlı tədqiqatçıya minnətdar olaram.
Mən “erməni uşaqları ana südüylə…” söhbətini çox eşitmişəm, amma bunların hamısı sadəcə əsassız, mənbəsiz, müəllifsiz və konkret dəlil bazası göstərilməyən iddialardır. Yeddi il ərzində Azərbaycan tərəfdən təhqirlərdən, hədə-qorxulardan və ittihamlardan başqa heç bir ciddi araşdırma təqdim olunmayıb. Halbuki çoxdan bunun vaxtı çatıb.
– Elə bu günlərdə bizim hökümətlər xalqları sülhə hazırlamaq barəsində razılığa gəliblər. Bu barədə nə düşünürsünüz?
– Azərbaycanı və ordakı prosesləri izləyən bir ekspert kimi, bu öhdəlik mənə yanlış, qeyri-səmimi və reallaşması mümkünsüz görünür. Sülh vəd etmək, barışıq barədə razılığa gəlmək, bu razılığı həyata keçirməyə başlamaqdan min dəfə asandır. Burda razılıq əsas deyil. Bunun üçün populyar olmayacaq, bəzən lap sərt görünəcək, qərar verilməsi bəzən çox çətin görünən konkret addımlar atılmalıdır.
Məsələn, təhsil sistemini dəyişmək lazım gələcək, təhsildə istifadə edilən ədəbiyyatı, uşaq ədəbiyyatını, ritorikanı, layihələri dəyişmək lazım olacaq, ksenofobik ifadələrə görə məhkəmə prosesləri başlanmalı olacaq. Yəni, bir neçə onillik boyu Azərbaycanda uşaqları yetişdirən dərsliklər “yanlış” elan edilməli, yenidən özü də əks şeyləri içərərək, yazılmalıdır. (Mən Ermənistandakı dərslikləri elə də bəyənmirəm, amma ksenofobiya məsələsində bizdə vəziyyət daha yumşaqdır, kökündən dəyişib əks şeyləri yazmağa ehtiyac yoxdur). Buna illər gedəcək, nəsillər cəlb ediləcək. Xalqlar Əliyev və Paşinyanın əmri ilə bir səhər oyanıb, bir-birini sevə bilməzlər. Özü də məktəbdə ermənilərin satqın olduğunu, Azərbaycan torpaqlarına sonradan onlara soyqırım tutsun deyə, yerləşdirildiyini eşidə-eşidə.
Uzun sözün qısası, əhalini sülhə hazırlamaq söhbətinin xeyri, fikrimcə, ancaq kasıbların xeyrinə ola bilər. Çünki bu fikrin səsləndiyi gündən beş ay keçməsinə baxmayaraq, Azərbaycanda ermənifobik təbliğat zərrə qədər də azalmayıb.
Bu müddət ərzində öyrəndik ki, “İrəvan xanlığı barədə film çəkilib” o film “Cənubi Qafqazdakı tarixi həqiqəti dünya ictimaiyyətinə çatdıracaq və erməni yalanlarını ifşa edəcək”. O da məlum oldu ki, Azərbaycanda müxalifətə izdihamlı mitinq etməyə icazə verirlər ki, onlar… hakimiyyəti ermənilərə qarşı loyallıqda ittiham etsin.
İ. Əliyev özü isə müharibəyə hazırlaşmaqda davam edir: «İndi biz ordumuzu ən yeni silahla təchiz edirik. Niyə? Çünki biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır».
Bunlar kifayətdir ki, ermənilərin opponentlərinin sülhdən başqa hər şeyə hazır olduğunu anlayasan. Düşünürəm ki, Azərbaycan höküməti erməni tərəfin bu qarmağa düşüb, özünü ifşa edəcəyinə ümid edir.
– Erməni tərəfi ilə bağlı müşahidələriniz nədir? Ermənistanda cəmiyyət bu məsələni necə qarşıladı və erməni xalqı üçün qəbuledilən sülh şərtləri hansılardır?
– Bizdə senzura olmadığı üçün, reaksiyalar fərqlidir. Bütün versiyalar var – «gəlin, verək getsin, qurtaraq bu söhbəti », «bəs, əvəzində bizim xeyrimiz nə olacaq?», «bəs, bizə kim təminat verir ki…» və s.
Birinci kateqoriya azsaylıdır, marginaldır ya da marginallaşır. İkinci və üçünci fikirlərin sahibləri daha çoxdur, öz auditoriyaları və ardıcılları var. Hər necə olsa da, sülh məsələsi günün müzakirə obyektidir. Və bütün kateqoriyadan olanlar Azərbaycanın davranışını zərrəbinlə izləyir. Azərbaycanın istənilən ehtyatsız hərəkəti Ermənistandakı ictimai fikrə təsir edir.
O ki, qaldı qəbuledilən sülh şərtlərinə, rəsmi mövqeni Mnatskanyan dedi: “Artsax xalqının təhlükəsizliyi və iradəsi”. O ki qaldı cəmiyyətə – hər kateqoriyanın öz “qırmızı xətti” var. Kimsə Bakıya qədər getməyə hazırlaşır, kimlərsə real güzəştlərə getməyə razıdır ki, nəhayət, bu konflikt həllini tapsın. Bunların arasında bir yerdə də, rasional düşünə bilən kəsim var ki, onlar qarşılıqlı güzəştləri müzakirə etməyə hazırdırlar.
Söhbətləşdi: Günel Mövlud