1989-cu ilin 14 iyulu Azərbaycan tarixinin ən qanlı və qara səhifələrindən biridir. Yaddaşınızı zorlamağa çalışmayın; çətin ki, aranızda həmin günü, daha doğrusu, həmin gün baş verən faciəni xatırlayan tapılsın.
Səbəbi sadədir: 31 il öncə baş vermiş bu faciə çoxdan unudulub. Daha doğrusu, biz bütün diqqəti daha çox Qarabağda silahlı münaqişənin aktivləşdiyi tarixdən, 1990-cı illərin əvvəllərindən bu yana baş verən hadisələr üzərinə cəmləşdirdiyimizdən, 1987-ci ildən 1990-cı ilədək yaşananları unutmuşuq.
Halbuki həmin üç ildə kifayət qədər ağır, ağrılı olaylar baş verib. Ki, bunlardan biri də Kəlbəcərdə 8 uşağın faciəvi şəkildə ölümüdür.
Belə ki, Kəlbəcər rayon Daxili İşlər şöbəsinin (DİŞ) əməkdaşları 11 (bəzi qaynaqlarda 7) daşnak terrorçusunu həbs edirlər. Lakin keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyi dərhal işə qarışıb və terrorçular Moskvanın təzyiqilə geri qaytarılır.
Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin başçısı Arkadiy Volskinin əmri ilə rus hərbçiləri xüsusi vertolyotla terrorçuları gətirmək üçün Kəlbəcərə uçur. Lakin onlar nədənsə (!) vertolyotu əvvəlcədən nəzərdə tutulmuş yerə deyil, uşaqların futbol oynadıqları stadiona endirirlər.
Həmin vaxt bir dəstə uşaq stadionda futbol oynayırdılar. Vertolyotun gəlişini görüb oyunu dayandırır və böyük maraqla, eyni zamanda az sonra baş verəcək məşum hadisədən xəbərsiz şəkildə onun enişini izləyirlər.
Terrorçular vertolyota mindirilir. Bundan sonra vertolyot yenidən havalanmağa başlayır.
Faciə də elə həmin an yaşanır: pilot qəfildən vertalyotun istiqamətini dəyişir və uşaqlara doğru, özü də xeyli aşağıdan uçur.
Uşaqlar sevinclə atılıb-düşür, vertalyota əl eləyirlər. Fikirləşirlər ki, pilot onların vertalyotu daha yaxından görməsi üçün belə edir.
Lakin çox keçmədən dəhşətli mənzərə yaranır: guya “müvazinətini itirən” vertolyot yerə aşır və onun pəri uşaqları biçməyə başlayır…
Sonra isə sanki heç nə olmamış kimi təzədən havaya qalxır və oradan sürətlə uzaqlaşır.
Rus hərbçilərinin əliqanlı terrorçuları azad etdiyi yerdə səkkiz uşağın tanınmaz hala düşmüş cəsədi qalır.
Qətlə yetirilən uşaqların ən kiçiyi Valehov Anar Qardaşxan oğlu olub – o, 6 yaşında idi. Ən böyüyü Xəlilov Bəxtiyar Rəhim oğlunun isə 15 yaşı vardı:
Məmmədov Sahib Sultan oğlu (10 yaşında);
Salmanov Ramiz Tofiq oğlu (8 yaşında);
Valehov Anar Qardaşxan oğlu (6 yaşında);
İbişov Cahid Telman oğlu (10 yaşında);
Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında);
Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında);
Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında);
Orucov Azər Zakir oğlu (7 yaşında).
Daha bir dəhşətli məqam odur ki, bu qorxunc cinayət faktı ilə bağlı heç bir istintaq işi aparılmayıb. Beləcə, baiskar(lar) cəzasız qalıb. Hətta quruca üzrxahlığa belə ehtiyac duyulmayıb. Üstəlik, rus-sovet hərbçiləri aradan çıxardıqları əli qanlı daşnak quldurlarını Kəlbəcərdən Xankəndinə gətirib, burada isə onları azadlığa buraxıblar.
Bu məşum faciə ilə verilmək istənən mesaj nə idi? Böyük ehtimalla, niyyət azərbaycanlıların gözünü qırmaq, beləcə, onların yaxın tarixdə baş verəcəklərə etiraz ruhunu boğmaqdı. Hadisələrin sonrakı gedişatı göstərdi ki, hər şey lap başından bəri planlaşdırılmışdı və bu planın gerçəkləşməsi üçün ilk növbədə azərbaycanlıları qorxutmaq, taleyi ilə barışmağa məcbur etmək lazımdı…
8 uşağın dəhşətli ölümündən 31 il sonra Kəlbəcərdə bu dəfə fərqli hadisə yaşandı: mülki ermənilərin işğal olunmuş rayondan çıxarılması üçün onlara əvvəlcədən müəyyən edilmiş tarixdən (15 noyabr) əlavə 10 gün vaxt verildi.
Bizdə çoxları bunu qəzəblə qarşıladı. Bənzər situasiyada – Kəlbəcər işğal edilərkən azərbaycanlılara ermənilər tərəfindən cəmi 10 saat vaxt verildiyini xatırlatdı. Onların hissləri anlaşılandır. Lakin bir həqiqət də danılmazdır: keçmişin acıları, ağrıları unudulmamalı, intəhası, həmin acılarla, ağrılarla yaşamaq həyat tərzinə, həmin ağrıları, acıları kin və qisas duyğusu ilə gələcəyə daşımaq düşüncə normativinə çevrilməməlidir. Bu ağrılardan, acılardan ibrət götürmək, dərs almaq kifayətdir: bir daha təkrarlanmasınlar deyə!
Keçmişlə yaşamağın, nifrət notlarına köklənməyin bir xalqı hansı uçuruma yuvarladığını, yuvarlaya bildiyini ermənilərin timsalında aydın görürük.
Tarix – NƏTİCƏ ÇIXARMAQ üçündür.
Tarix – SƏBƏB YARATMAQ üçün deyil.
Yoxsa indiyədək olduğu kimi, bundan sonra da hamımızın, bütün bəşəriyyətin nəsibi qan və göz yaşı olmağa davam edəcəkdir.







