Yazıda, fransız sosioloq və filosof Jean Baudrillardın “arzulama prosesi”nə (nəyisə, kimisə) fəlsəfi yanaşmasını ələ alaraq, mövzuya yazar və kütlə, yaxud yazar və auditoriyası perspektivindən baxmağa çalışmışıq.
Mətndə işlədilən “subyekt” kəlməsi oxucuya görə, maskulin-kişi-insan-oxucu-tamaşaçı, “obyekt” kəlməsi isə feninen-qadın-şeytan-moda-KİV-reklam-yazıçı-təqdimatçı olaraq qəbul edilə bilər. Mətnin sonuna qədər subyekt və obyekt sözlərindən istifadə edilir.
Baudrillardın fəlsəfəyə gətirdiyi yeniliklərdən biri “arzulama prosesi”nə ənənəvi baxışı tərsinə çevirmək olub. Filosof, tarixən qəbul edilən subyektin obyekti arzulaması prosesinin yanlış olduğunu, əksinə, prosesin obyektdən subyektə doğru inkişaf etdiyini bildirmişdi.
Baudrillarddan əvvəl “arzulama prosesi”inin tarixdəki yeri hara idi və tarix bu rolu oynamağı kimə tapşırmışdı?
Antik yunanlarda “arzulama” subyektin-insanın iradəsinə görə qurulmuşdu və obyektin arzulama prosesinə kifayət qədər təsiri yox idi, obyektlə vasitə kimi davranılırdı. Bu dövr baxımından “arzulama”, subyektin monopoliyasında idi. Subyekti, istək və arzusunu onun zehni-ağlı idarə edirdi.
Bu yanaşma, modern dövrdə də öz qüvvəsini saxladı. Hətta iradə azadlığı subyektin rolunu bir az da qabartdı. Arzulama prosesinin subyekt ilə əlaqələndirilməsini ən güclü şəkildə erkən moden dövrün ən böyük nümayəndələrindən olan Descartes müdafiə eləyirdi. Descartes insanda bir şeyi etmək, yaxud etməmək, rədd, yaxud qəbul üçün iradənin olduğu fikrini qüvvətli şəkildə dəstəkləyirdi. Ona görə, tanrı tərəfindən insana verilmiş ucu-bucağı görünməyən güc, insanın iradə sahibi olaraq azad şəkildə seçmək səlahiyyətini ifadə etdirdi.
İnsanın iradəsini istək prosesi ilə əlaqələndirsək, klassik dövr mütəfəkkirləri kimi, Descartesin də bunun, insanın özündən qidalandığı, yəni doğuşdan gəldiyi qənaətində olduğunu görərik. Belə ki, obyektin subyektə təsirindən, yaxud obyektin “arzulama prosesi”nə təsirindən söhbət gedə bilməzdi. Çünki iradəsi olan subyekt, prosesin hakimi idi.
Sonrakı modern dövrdə insan təbiətinə və insan iradəsinə aid fikirlər bir qədər fərqliləşdi, ekzistensialistlər Descartestən fərqli olaraq insanın subyektiv seçim etmə iradəsinin təsirini vurğuladılar. Hətta insan bu cəhətinə görə özü və cəmiyyəti qarşısında məsuliyyət daşıyırdı, özünü yarada bilməli idi. Ekzistensialistlərin Descartesdən bir də onunla fərqlənirdilər ki, onlara görə, subyektin seçmək azadlığı içtimai şərtlərdən asılı idi. Ancaq onlar da insanın azad olduğuna və seçiminə təsir edəcək şərtləri öz iradəsi ilə dağıda biləcəyinə inanırdılar.
Fəqət bu yanaşma XX əsrin ikinci yarısından sonra tərəfdarlarını ciddi şəkildə itirməyə başladı.
Beləliklə, insanın iradə sahibi qismində seçim edən deyil, içində olduğu sosial mühitin şərtlərindən azad şəkildə seçim edə biləcəyinin ehtimalı haqqında düşünülməyə başlandı.
Antik yunanlardan üzü bəri gələn qavrayış, arzu, ağıl və iradədən ibarət “arzulama prosesi” Baudrillard tərəfindən subyektdən obyektə doğru reallaşan bir proses kimi qəbul edildi.
Baudrillarda görə, bu proses 1950-ci illərdən sonra, istehlak vasitələrini müəyyən edən moda, reklam, KİV–in kütlə üzərindəki təsirinin əvvəlki illərə nisbətən artması ilə başlamışdı. Belə ki, bu amillər, subyektin-kütlənin həm istehlak vərdişlərində, həm də istək prosesində ciddi dəyişikliklər yaratmışdı. Yəni şərait obyekti-təqdim edəni, simvollar vasitəsilə istehsal alətinə çevirərək subyektə təqdim elədi və bununla subyektin istəklərinin formalaşmasında ciddi rola sahib oldu.
Araşdıracağımız mövzu çərçivəsində, məsələn, oxucunun nə oxuyacağını populyar mətnlər yazan müəlliflərin müəyyən eləməyə başladığını nümunə göstərmək olar. Yaxud, obyekt-yazıçının subyekt-oxucuda oxuma arzusu oyatmaq üçün yazarın özünə də tam aydın olmayan terminlərdən – etnik kimlik, feminizm, islamofobiya kimi simvollardan istifadə etməklə yazdığı simulativ mətnləri nümunə göstərə bilərik. Məsələ obyektin, subyektin diqqətini süni simvollarla çəkməsidir. Baurillardın başdan çıxaran dişisi makiyaj və ya qüsurları gizlədən istənilən vasitə, dekolte və.s. simvolları ilə qarşı tərəfdə arzu-istək oyandıracağını bilir, bu yolla onu tora salacağından əmindir. Yazar-obyekt də qurduğu oyunda öz süni simvollarından bacarıqla istifadə edir. O, hansı mövzunun oxucuda necə reaksiya oyadacağını bilir, bilməlidir, postmodern dövrünün tələbi budur.
“Bir qadını kişini tovlaya bilməməkdə günahlandırmaqdan daha tutarlı arqument yoxdur.” Baudrillardın bu iddiasını, “bir yazar-obyektin oxucu-subyekti tora sala bilməməsi onun bacarıqsızlığıdır” kimi asossasiya edə bilərik. Simvolların göstərən yox, göstərilən olduğu zamanda həqiqət lazım deyil, simvollar nə qədər güclüdürsə, başdan çıxarmanın alınması ehtimalı o qədər çoxdur. Baudrillara görə, subyektin tora düşməsinin sirri hələ də məlum deyil. Çünki qumarı xatırladan bu tora subyekt mütləq düşəcək.
Beləliklə, subyekt obyekt tərəfindən başdan çıxarılır. Baudrilların ifadəsi ilə desək, subyekt obyektin qarşısında “illüziyaya çevrilir.” Müasir dünya, gerçəyin və gerçəkdən də betər olan varlığın (hiperrealist) mövcudluğuna əmin ola bilmədiyi üçün onun həqiqətə ehtiyacı yoxdur. Həqiqətin ortadan qalxmasının səbəbi, ondan daha təsirli simvolların meydana gəlməsiydi. Nümunə olaraq qeyd edək ki, bu gün heç bir həqiqi gözəllik, simvollarla bəzədilmiş gözəllik qədər diqqət çəkə bilmir. İstehlakçı toplum “acı həqiqətdənsə şirin yalan yaxşıdır” frazasını qəbul eləmir. Mövzunu simvollar vasitəsilə nə qədər çox yaymağa çalışsalar, subyektə təsir ovsunu bir o qədər azalır, hamının bildiyi “çeynənmiş mövzu” anlayışı yaranır.
Saf simvollar insanı real aləmdən alıb xəyallara daldıra bilmə potensialına sahib idi. Lakin bu gün yox. Bu gün hiperreal simvollar insan təxəyyülünün işləməsinə imkan vermir. Saf simvolların hiperreal simvollardan əvvəl “tora saldığı” insanların tarixə nostalgiya hissi ilə yanaşmalarının səbəbi budur. Hiperreal simvollarla böyüyən nəsil bu fərqi hiss edə bilmir.
İctimai şəraiti nəzərə alsaq, arzuları başqaları tərəfindən formalaşdırılan subyekt-oxucunun iradə və iqtidar sahibi olması, yaxud bunu istəməsi mümkündürmü?
Məsələ burasındadır ki, başdan çıxarılan subyekt-oxucu obyekt-yazarın təqdim etdiyi mətnin onun azruladığı şey olduğunu zənn edir, beləliklə, subyektin-oxucunun iqtidara ehtiyacı qalmır. Subyekt-oxucu, iradəyə sahib olacağı təqdirdə daşıyacağı yükdən və məsuliyyətdən azad olur. Yəni subyekt öz iradəsi ilə etdiyi seçimlərin gətirdiyi öhdəlikləri daşımır. Çünki iradə qərar verdiyi üçün bütün üstün cəhətləri ilə yanaşı, özü ilə məsuliyyət də gətirir.
Yazını yekunlaşdıraraq qeyd edək ki, istehlak toplumunun gətirdiyi obyekt-subyekt xarakterlərindəki yerdəyişmələr yazar-oxucu münasibətlərinə də təsirini göstərir. Oxucunun ən çox, ona məsuliyyət yükləməyən, düşünməyə ruhlandırmayan, alışdığı simvollarla xarakterizə olunan, asan emal edilən əyləncə xarakterli mətnlər və yazılar axtardığının ən sadə nümunəsini Google axtarışlarda görə bilirik. Yaxud saytlarda gedən, saf və hiperreal simvollarla işarələnmiş yazıların oxucuları arasındakı fərq də müasir oxucu-subyektinin passivləşdiyini, əksinə, yazar-obyektinin arzulama prosesini ələ keçirdiyini təsdiqləyir.