– Son günlər ölkə gündəmi, sosial media mövzü sarıdan bolluq yaşayır. Məlum hadisələrlə bağlı aparılan kampaniyaları, səs-küyü gördün. «İctimai qınaq» adeptləri deyəsən axı sektaya çevrilib, ölçü hissini itiriblər. Sən özünü bu «meynstrim»-in harasında görürsən? Bu liberal sektaya nə qədər yaxınsan?
– Mən öz twitter hesabımdan bu «meynstrim»-ə qoşuldum və Mehmana dəstəyimi ifadə elədim. Burda əlbəttə ki, söhbət Mehmanın şəxsindən getmir. Sektanın motivləri də mənə maraqlı deyil. Bu məsələdə xeyli insan səmimi şəkildə can yandırır, mövqeyini qoyur. Eləsi də var ki, hansısa korporativ marağı var, bəlkə qrant haqqında düşünür. Və ya müxalifət düşünür ki, ölkədə yeni hərəkat yaratmaq üçün əlverişli məqamdır, o dəqiqə Məhsulda mitinq təyin edir. Mənim motivim bunlar deyil. Mən «meynstrim»-ə ona görə qatıldım ki, son illərdə çox pis bir trend yaranır ölkədə, Əli İnsanovun keysi ilə başlayan və bu gün Mehmanla davam edən – cəza müddəti bitmiş siyasi məhbuslara yeni işlərin tikilməsi, içəridə saxlanılmaları praktikası. Bu, bütün hüquq sisteminin çökdürülməsi deməkdir. Bu isə, birbaşa milli təhlükəsizliyə təhdiddir. Hökumət özünü milli kimi mövqeləndirir, amma çox anti-milli iş görür – dövlətin dayaqlarını sarsıdır, ən vacib sütununu aşırdır. Hüquqla bu cür etinasız davranmaq olmaz.
İlham Əliyev yeni ilin ilk müşavirəsində də qeyd etdi ki, «büdcəmiz gərəksiz agentliklərin, qurumların yaradılması ilə şişirdilir». Yəni özü də bilir ki, bürokratik apparat şişirdilib. İndi gərəksiz qurumları bir-bir bağlayacaqlar. Təklif edirəm məhkəmələri də bağlasınlar. Ədalətin məbədi, yeganə istinad yeri olan institutlar funksiyalarını yerinə yetirmirlərsə, onları da bağlasınlar. Bu dekorasiyanı saxlamağa, xərc çəkməyə ehtiyac yoxdur. Bu gedişlə ölkənin gələcəyi qaranlıq görünür. İnsanların içəridə cəza müddətlərini artırmağın davamı yəqin ki, adamların içəridə öldürülməsi olacaq.
Mehman bu qorxunc tendensiyaya diqqət çəkdi. Bu hadisədə etirazın öncülü oldu. Deməli bu vəziyyətdə dəstəklənməlidir. İçəridəki insanın həyəcanını, qorxularını təsəvvür etmək çətin deyil mənim üçün. Bayırdakılar isə, qaş düzəldən yerdə göz çıxartdılar. Əsas məsələ qaldı bir kənarda, Mehmanı mifləşdirməyə, qəhrəmanlaşdırmağa, aclığa fokuslanmağa, onun əleyhinə ifadə verənin kollajlarını düzəltməyə başladılar. Bir də onu montajla qadın cildinə saldılar, sanki qadın olmaq aşağılıq bir haldır. Bu kimi xalq yaradıcılığı nümunələri, sən də bilirsən ki, məndən uzaqdır. Onların hamısını təəssüflə izlədim. Bununla biz, cəmiyyətin vəziyyətini, səviyyəsini gördük. Güzgü kimi özümüzə baxıb, əsəb keçirdik.
Dediyim kimi, burda hüquq qətlə yetirilir, adamlar isə Mehmanın məktubu düzdür, yalandır; içəridən niyə şəkil çəkib ötürdülər; yox, o hələ də acdır-toxdur kimi gərəksiz məsələləri müzakirəyə çıxardılar. Birincisi, Kürdəxanıda heç kimin başına silah dirəyib, yazı yazdıra bilməzlər. Elə bir praktika yoxdur. İkincisi də, sən belə şüvənlik salanda üstünlüyü verirsən hökumətin əlinə, yəni öz ayağına sıxırsan. Təmkinlə, bir nöqtəyə vuraraq, problemə diqqət cəlb etmək lazım idi.
Problem təfəkkür problemidir. Siyasi məhbusa dəstək verəcəm, bu haqda danışacam deyən adam, bir özünə sual verməzmi mən nə edirəm, nə üçün edirəm, bunu necə etməliyəm? Aydın strategiya olmayanda, axırı qara-qışqırıq, küyəgetmə olur. Dəqiq olan bir şey var – Mehmana tikilən ikinci iş qüvvədən düşməlidir. Bunun o yan-bu yanı yoxdur. Hökumətə təzyiqləmi, hökumətlə danışıqlara gedərəkmi – istənilən sivil müqavimət üsulu ilə, buna nail olmalıyıq. Mən inana bilmirəm ki, hökumət olmaq və xalqın, əhalinin bu dərəcədə süstlüyündən razı olmaq olar. Bu hüquqsuzluğa, qanunsuzluğa cəmiyyətdə etiraz edilmirsə, səs çıxaran bir azlıq belə yoxdursa, bunun adı faciədir. Axı biz hamımız bu gəminin içindəyik, su alsa hamımız batacağıq.
– Sekta ifadəsini boş yerə işlətmədim. Ölkədə və ölkə xaricində böyük bir qaragüruh ordusu yaranıb və faciəli miqyas alıb. Onlar mənəvi üstünlüyə iddialıdırlar və hesab edirlər ki, hər kəslə ultimativ dillə danışa, şantaj edə və insanlardan zorla münasibət öyrənə bilərlər. Nədənsə onlar hesab edirlər ki, müxalifətçilik belə olur. Azlogos partizan vərəqəsi deyil və özümüz üçün müəyyənləşdirdiyimiz problemlər, prioritetlər siyahısında «İlham Əliyev» adlı bir bənd ümumiyyətlə yoxdur. Yəni bu layihə, bu haqda deyil. Hesab eləmirik ki, Azərbaycanın bir nömrəli problemi hazırkı hökumətdir. Bizim üçün tabu mövzu yoxdur, amma nəyi yazıb-yazmayacağımıza da biz qərar veririk, sekta üzvləri yox. Xora qoşulmaq kimi niyyətimiz yoxdur. Heç kimin qarşısında öhdəliyimiz də yoxdur. Nə baş verir, bu nə tərbiyəsizlikdir?
– Müxalif düşərgənin ən böyük neqativi, düşüncəsizliyidir bu. Adamlara hücum etmək, özünü haqlı bilmək və zərrə qədər tərəddüd keçirməmək. Axı Rüstəm Behrudi, Seyran Səxavət, Anar bu problemlərə dair danışdırılacaq adamlar deyil. Onlara niyə diktofon uzadırlar, nə istəyirlər, bu artistlik nəyə lazımdır?
Sizin nəsil, 2000-lərin ilk yarısından başlayaraq bunları ifşa etdi, üzlərini açıb hamıya göstərdi. Seymur Baycan traktatlar yazdı. Sovet formatlı ziyalı kimdir, nomenklatura yazıçıları, sənətçiləri kimlərdir – hamısını yazdınız, danışdınız. Bundan sonra da, adamlar onlardan münasibət öyrənirsə, deməli sizin gördüyünüz işləri, yazdıqlarınızı, danışdıqlarınızı başa düşməyiblər. Adamlar hələ də o fikirdədirlər ki, Anar çıxıb İlham Əliyevi tənqid etsə, Azadlıq meydanı dolacaq və inqilab baş verəcək.
Qaldı ki, Ələkbər, Günel, Elmir, Seymur bu haqda niyə susdular, niyə danışmadılar, məncə bunun cavabı çox sadədir. Birincisi, bu adamları tanıyırsınızsa, bilirsiniz ki, iqtidar-müxalifət, satılmaq-alınmaq, sifarişlə yazmaq-sifarişlə susmaq kimi anlayışlar bunlara yapışmır, tamam başqa formatdan söhbət gedir burda. İkincisi də, mən yüz faiz əminəm ki, sizin haqqınızda ağzına gələni yazan adamlardan heç biri, sizə zəng edib münasibət öyrənməyib. Pis öyrəşiblər. Gözləyirlər ki, hər kəs mövzuya atdansın, danışsın. Halbuki elə bir məcburiyyət yoxdur. Hərənin öz tərzi, temperamenti, götür-qoyu var.
Azlogos-un missiyası, ideyası mənə aydındır. Lakin, istənilən maarifçi başlanğıc, sonda mütləq siyasi hərəkata çevrilmirmi? AYO, Alatoran, Alma qəzeti, Kultura.az – bunları cəm halında nəzərdə tuturam. Sonra AFU mərhələsi başladı. Maarifçilərin, sizin nəslin yetişdiriyi gənclər, yəni bizlər həbs olunduq və bununla da bir mərhələ qapandı. Bizim həbsimiz bu pleyadanın finalı idi. İndi, siz yenidən bir aradasınız, Azlogos-la meydana çıxmısınız. Bu da, yeni çağa uyğun bir maarifçi hərəkatdır. Hökumətin bu layihəyə münasibəti necə olacaq? Düşmənçilik gözləyirsinizmi?
– Heç bir düşmənçilik gözləmirik, çünki dediyim kimi – bizim hökumətlə, İlham Əliyevlə heç bir şəxsi-qərəzimiz, davamız yoxdur. Bizim missiyamız başqadır. Doğru bildiklərimizi deyəcəyik əlbəttə, amma bizim gündəmimizi YAP hökuməti işğal edə bilməz, bizi daha ciddi məsələlər düşündürür. Azərbaycanda elmin prestiji ayaqlar altındadır məsələn. Humanitar boşboğazlar ölkəni basıb. Hamı danışır, nəsə deyir, deyinir, ortada da bir şey yox. Hanı azərbaycanlı astrofiziklər, atom mühəndisləri, geoloqlar, sosioloqlar? Bapbalaca ölkədə nə qədər dahi, korifey olar? Bunları İlham Əliyev yetişdirib? Başlayanda, bir şeyi özümüz üçün dəqiqləşdirdik ki, siyasi aktivistlər, deyingən şüarçılar bizim auditoriyamız olmayacaqlar. Bu sayt, onlar üçün deyil.
İstəyirik ortaya fərqli, çağdaş bir konsepsiya qoyaq – Azərbaycanda və Azərbaycandan kənarda yaşayan ağıllı azərbaycanlıların ortaq bir platformasına çevrilək. Məqsəd – uğurlu azərbaycanlıları gənc nəsilə model kimi təqdim etməkdir. Hazırda, demək olar ki, test rejimindəyik. Həm kontent, həm dizayn baxımından daima təkmilləşəcəyik. Standartlarımıza, kriteriyalarımıza cavab verən mövzu və şəxslərə qapımız açıqdır. Azlogos-da dərc olunmaq prestij hesab olunacaq. Elmi-kütləvi və kültür mövzulu yazılara üstünlük veririk, akademik nəşr deyilik.
– Dediklərinlə, yəni konsepsiyanızla razıyam və sizə uğurlar arzulayıram. Dediyim kimi, yenə maarifçilik üçün bir aradasınız, kultura.az-2 versiyası da demək olar buna. Amma bu dəfə azərbaycan dilində…
– Maarifçilik sözü elə bil arxaikləşib artıq, hətta kimlərdəsə qıcıq yarada bilər. Gördüyümüz işin adını zaman qoyacaq, Erkin Qədirli demişkən – tələsən yerimiz yoxdur. Amma sən dedin ki, maarifçilik hərəkatından siyasi fəaliyyət doğdu. Özünü və dostlarını gələcəyin siyasətçiləri olaraq görürsənmi? Tutalım 10-15 il sonrası üçün.
– Biz məğlub olmuşuq, şəxsən mən özümü məğlub sayıram. Mən, həbsxanadan əfv ərizəsi yazıb çıxmışam. Ona görə də, özümü gələcəyin siyasətçisi, deputatı, məmuru kimi görə bilmərəm, belə bir iddiaya düşmərəm, bu niyyətim yoxdur. Amma bir vətəndaş kimi, məsələn həmin twitter-də münasibətimi, mövqeyimi ifadə edə bilərəm. Özümü siyasətə hazırlamıram, belə bir planım yoxdur.
– Arqumentlərindən görünür ki, bu dünyanın adamı deyilsən. Bu idealistliklə siyasətə gəlməsən yaxşıdır. Bəs 10-15 il sonrası üçün, siyasi mənzərəni necə görürsən? Potensial varmı ölkədə?
– Pessimist deyiləm. Azərbaycanda, dünyanın müxtəlif ölkələrində nə qədər oxumuş, peşəkar azərbaycanlılar var. Ölkənin gələcəyi baxımından rahatam, amma məni qorxudan ssenarilər də var. Türmədə «Şahənşah» kitabını təsadüfən tərcümə eləmədim, bir mesaj vermək istəyirdim. Hazırkı Azərbaycanla o vaxtıkı Pəhləvilər İranı arasında paralellər görürdüm deyə, tərcümə etməyə qərar verdim.
Demirəm biz hər şeydə oxşarıq İranla. Bizim fərqimiz məscidin, ruhani icmasının bir institut kimi bizdə mövcud olmamasıdır. Maarifçilər pleyadası, cümhuriyyət dövrü, sovet quruluşu – bunların hamısı, klerikalizmin belini qırdı. Yoxsa salamat qalmaq şansımız olmazdı və bugünki sekulyarlığımızı, respublika olmağımızı tariximizdəki bu etaplara borcluyuq. Bizi İrandan yaxşı mənada fərqləndirən üstünlüklərimizdir bunlar. Lakin bu gün, ölkədə aparılan siyasət, insanların ümumi səviyyəsi, ictimai-siyasi-mədəni sahələrdə tənəzzül bu minvalla davam eləsələr, bizdə də on-on beş il sonra cəhalət güclənə, fəlakət ssenariləri reallaşa bilər. Təhsil sahəsində ciddi islahatlar aparılmasa, kadrlar yetişdirilməsə, axırımız heç yaxşı olmayacaq.
Səviyyə demişkən, hökumətin çıxarmalı olduğu nəticələr var, amma mən şübhə edirəm ki, onlar bunu başa düşürlər. Sosial şəbəkələrdəki aqressiyanı nəzərdə tuturam. Hökumətin «söyüş müxalifəti» adlandırdığı Avropadakı dəstənin videolarının 100 minlərlə izlənməsini deyirəm. Adamların Mehman məsələsində də bu qədər aqressiv reaksiya göstərmələri, bu qəbildəndir. Hamısının da səbəbi – daxili aqressiya. Bu, böyük təhlükədir, bunu görmək lazımdır. Söyüş söyən adamın videosunu yüz minlər izləyirsə, deməli ortada çox ciddi problem var. Hər halda ağlı başında, özünə hörmət qoyan adam, oturub yarım saat, bir saat söyüşə-təhqirə qulaq asmaz. Bu motivasiya insanlarda hardandır? Hökumət bunu götür qoy etməlidir ki, sonumuz hara gedir.
– Doğrudan, əcaib bir vəziyyət yaranıb. Bilmirsən güləsən, ağlayasan. Bir yandan bunlar söyüşür, bir yandan da talış separatizmi Avropada qol-budaq açır. Ölkədə də bu haqda danışan yoxdur, hamı ağzına su alıb oturub. Demokratik fəaliyyət, insan haqları uğrunda mübarizə adı altında, Əlikram Hümbətovun qucağında nə qədər adam var burda. Sosial şəbəkələr, bəzi ölkələrin mətbuat orqanları Azərbaycanın mövcudluğunu sual altına alırlar. Açıq yazırlar ki, Azərbaycan tarixi bir səhvdir, geci-tezi var, dağılacaq. Elə də danışırlar ki, elə bil birisigün dağılacağına dair əllərində təkzibolunmaz faktlar var. Yəni bu qədər rahatdırlar. Youtube doludur bu məzmunda videolarla. Politoloqlar, ekspertlər, nə bilim sosioloqlar – gündə biri çıxır danışır ki, Azərbaycan dağılacaq, dağılmalıdır və onu dağıtmağın yollarını göstərirlər. Dərd orasındadır ki, hökumət nümayəndəsi çıxıb bunları desə, müxalif düşərgə məzələnəcək onunla, deyəcək bizim diqqətimizi yayındırır…
– Gəl belə danışaq. Meynstrim müxalif yanaşmanın əksinə, mən də hesab edirəm ki, İlham Əliyev hökumətini təkcə lokal mənada dəyərləndirmək olmaz, məsələyə həm də qlobal baxmaq lazımdır. İşin qlobal tərəfi isə odur ki, indi dünyada odioz, epatajçı liderlərin erasıdır. Bu gün onlar gündəm yaradırlar. Oliqarxiyanın “ dəmir dabanı” hər yerdədir. Bunların hamısı, neoliberal sistemdən doğan fəsadlardır. Biz də əlbəttə istisna deyilik, çünki neoliberal paradiqmanın içindəyik. ABŞ-da gedən proseslər, Trumpın prezidentliyi, Brexit, Macarıstan və Avstriyada millətçiliyin xortlamağı. Avropa Birliyinin gələcəyini də müzakirəyə çıxarıblar. Yəni problem qlobaldır. Dünyanı bu gün transmilli korporasiyalar, kapital idarə edir. Musiqini də onlar sifariş verirlər.
Gördün də, Fransa nəyəsə etiraz edən kimi, Azərbaycan sarı jiletləri göstərib deyir ki, bəs sən onları niyə tutub basırsan içəri? Yəni at izi, it izinə qarışıb, dünya çox narahatdır. Biz də istəyirik ki, Azərbaycanda sözün əsl mənasında sabitlik, inkişaf və birlik olsun. Amma sadaladığım daxili və xarici təhdidlər, menecmentdən irəli gələn yanlışlar buna imkan vermir.
– Fransa demişkən, hüquq əslində Avropada da deqradasiyaya uğrayıb. Bir hüquqsuzluq, qanunsuzluq dövrünə qədəm qoyuruq bəlkə də. Konseptualist Pavlenskinin hadisəsini diqqətlə izləyirdim neçə gündür. Bu, həmin Pavlenskidir ki, xayalarını Qızıl meydana mıxlamışdı, sonra FSB-nin binasının qapısını yandırmışdı. Tutub iş verdilər. Adam çıxıb Fransaya mühacirət etdi. Getdi orda da bir bankın pəncərələrini yandırdı. Bununla da Fransanın ədalət sistemi çökdü. Biabırçı, tamamilə konyunktur bir qərar çıxardılar – bəraət. Pavlenski olmasaydı, başqası olsaydı, neçə il iş verib basmışdılar türməyə. Bu ziddiyyətin içindən çıxa bilmədi Fransa, öz sisteminin qurbanı oldu. FSB-nin qapısını yandırıb iş alan Pavlenskiyə oturumu ona görə vermişdi ki, Rusiyada bu adam haqsız yerə həbs olunub. Deməli rəssam Rusiyada qapı-pəncərə yandıra, vandalizm edə bilər. İncəsənət naminə keçmək lazımdır. Eyni hadisə Fransada təkrarlananda isə, sistem xəta verir. Fransa məhkəməsi ona cəza versə, Rusiya ordan qəhqəhə ilə güləcək. Məcbur olub buraxdılar adamı, təsəvvür edirsən? Bu sistemin içüzünü açıb bizə göstərdiyinə görə, Pavlenskiyə təşəkkür düşür.
Belə bir sual verim. Bayaq dedin ki, Azərbaycanın gələcəyinə dair optimistsən. Azərbaycanın xoşbəxt gələcəyi bu hakimiyyətlə mümkündürmü? İlham Əliyev mütləq getməlidirmi?
– Akademik baxış, dünya siyasi tarixini azacıq vərəqləmək bizə imkan verir ki, bu tipli hökümətlərin islah olunmasının mümkünsüz kimi bir şey olduğunu qəbul edək. Yəni tarixi təcrübə bizə optimizm aşılamır. Digər tərəfdən, azərbaycanlıların müsbət xüsusiyyətləri, qanunpərəstliyi, kompromissə meylli olmaları imkan verir ki, hətta İlham Əliyev hökuməti ilə də, bu islahatlar reallaşsın. Ancaq bir şeyi mütləq qeyd edim ki, mənim üçün fərqi yoxdur görmək, yaşamaq istədiyim Azərbaycanı İlham Əliyev quracaq yoxsa hər hansı müxalifət lideri və ya başqa adam. Ancaq mövcud hakimiyyətin 25 ildə belə bir istəyinin, arzusunun, planının olmadığını görürəm və həm də buna görə də mövcud rejimə müxalifəm və onların getməyini istəyirəm.
Göyə üç peyk buraxan, Azərkosmos-un 2018-ci ildə 24 milyon dollar gəlir götürdüyü bir ölkədə, İlkin Rüstəmzadə ilə dava eləməzlər. Əsgər ölümlərinə son aksiyasını təşkil edib deyə, altı ildir içəridədir. Bu, çox absurddur, ağlasığmazdır. Bu tut-ha-tut, kimə gəldi stop qoymaq məsələsi yığışılmadan, heç bir islahatdan, düzəlməkdən danışmaq olmaz. Bizim hökumət hüquqsuzluğu aparıb qroteskə çıxarıb.
– Sözlərindən belə çıxır ki, sizlər hökumətin dediyi kimi, «yaxşı heç nəyi görməyən, ancaq pisləri qabardan» adamlar deyilsiniz…
– Yox, şəxsən mən deyiləm. Biz sadəcə, 2013-cü ildəki hərəkatımızla, Səfər Əbiyevin vəzifəsindən kənarlaşdırılmasına səbəb olmuş adamlarıq. Bir də İsmayıllı etirazlarının ardından işdən çıxarılmalar oldu. Təəsüflə qeyd etməliyəm ki, müxalifət bu 25 ildə bir JEK müdürünü belə, işdən çıxartdıra bilməyib. Amma təvazökarlıqdan uzaq olsa da biz bunu etmişik. Bəlkə də ona görə, İlkini hələ də içəridə saxlayırlar. Özlərinə yedirə bilmirlər ki, bizim aksiyamızdan sonra bu addımı atmalı oldular.
Əlbəttə ki, mən yaxşı olan hər şeyi görürəm və qiymətləndirirəm. Azərbaycana gedəndə, Bakıda adamın ürəyi açılır. Xeyli gözəl işlər görülüb və görülür. ASAN xidmət böyük nailiyyətdir. Oliqarxik rejimdən CEO tipli idarəyə keçir hökumət, bunu da təqdir edirəm. Bunlar, çox müsbət hadisələrdir. Kosmos da yaxşıdır, başqa innovativ təşəbbüslər də. İstəməyənin gözü çıxsın. Amma bütün bunlar, Qiyasla Bayramın ömürlərini türmədə çürütməyə haqq qazandırmır ki!
İlham Əliyevin yerində olsaydım, Qiyasla Bayramla birlikdə çıxardım AzTV-yə, orda onları danışdırardım ki, ay bala nə istəyirsən, niyə yazırsan heykəli? Dərdin nədir sənin? Amma yox, sənin polisin onun evindən bir milyonluq heroin çıxarır, məhkəmən də vicdansız cəza kəsirsə, burda üç peyk, ASAN, CEO tipli nazirlər neynəsin? Sən bir yandan sivil dünya ilə ayaqlaşırsan, geri qalmamağa çalışırsan, müasir incəsənətə, memarlığa, ümumən dünyəvi dəyərlərə bu qədər bağlı olduğunu deyirsən və bunların hamısını da mən təqdir edirəm, bəs 18-20 yaşlı uşaqlarla niyə prinsip aparırsan? Belə şeylər dövlətin şəninə yaraşmır axı.
– Emin Aslan kimi bir adama da götürüb STOP qoyublar. Gənclərin slenqi ilə desək, bunlar görəsən nə çəkirlər?..
– Hə də, İlqar Məmmədov prezident olmaq iddiasındadır, sən də onu tutursan. Bu işin siyasi motivini hardasa başa düşmək olar. Rəqib olmaz. Bəs türmədəki fağırın yatağına bıçaq atıb, işini artırmaq nə deməkdir axı? Mənim fikrimi soruşsaydılar deyərdim ki, milli barışığın yaranmasını, siyasi düşmənçiliyin aradan qaldırılmasını istəyirsinizsə, siyasi məhbusların hamısını azadlığa buraxın və deyin ki, buyurun, biz bu addımı atdıq. Gəlin mədəni adamlar kimi, dialoq quraq, danışaq, bir-birimizi eşidək. Bundan sonra da düşmənçiliyə davam eləsələr, söyüş söysələr, təhqir etsələr, onda siz deyəndir.
Azərbayacanın müstəqilliyi 30 ilə yaxınlaşır. Üç onillik az müddət deyil. Bugünün uzaqlığından baxanda görürsən ki, elə Heydər Əliyevin hakimiyyətə gəlişi labüd imiş. Tutaq ki, YAPçıların iddia etdiyi kimi, dövlətçiliyin qurulması, möhkəmləndirilməsi üçün, onun atdığı zəruri addımlar atılmalıydı, yoxsa ölkə dağılmışdı. Bunlar doxsanların əvvəli baş vermiş hadisələrdir. Bəs bu gün plan, proqram nədir? Hökumətsənsə, nə etmək istədiyini açıq şəkildə ortaya qoymalısan. Problem ondadır ki, iqtidar öz proqramını açıqlamır ki, bu ölkədə, xaricdə yaşayan azərbaycanlılar dövlətin kursunun nə olduğunu bilək. Dəqiq olaraq hara gedirik, hədəfimiz nədir, milli konsepsiyamız nədir? Yoxsa sir vermirəm, özüm bilərəm neynirəm, siz ağzınızı bağlayın, gedin qıraqda oynayın. Belə dövlət-vətəndaş münasibətləri olar?
Hökumətin bu təkəbbürü, saymazlığı adamın qanını qaraldır, ümidsizlik yaradır. Sən hökumətsən, yoxsa prav-neprav söhbətləri eləyən qədeş? Bir başa sal görək sən nə istəyirsən və bizi hara aparırsan? Demirik Rusiya ilə kəllə-kəlləyə gəlməlisən, bilirik ki, Avropa ilə assosiativ müqavilə imzalasan, Rusiya gəlib bir hissəmizi də şaqqalayıb aparacaq. Yəni, ehtimal var. Deməli, buna getməməliyik. Müqavilə imzalayıb Putini əsəbiləşdirmək əvəzinə, müqaviləni imzalamadan, Avropa standartlarını özümüz, öz iradəmizlə tətbiq edək. Yox, sən Sinqapur, Malaziya modeli gətirirsənsə, ölkədə qanunun diktaturasını quracaqsansa, lap yaxşı. İqtisadi azadlıqlar tam, siyasi azadlıqlar isə sıfır. Milli burjuaziya yaransın, orta sahibkarlıq inkişaf etsin. Onda heç olmasa bəyan elə, hansı iqtisadi məktəbə əsaslanırsan, biz də işimizi bilək. Bəlkə monarxiya qurmaq, parlamentar sistemə keçmək istəyirsən? O zaman bunu eşidək səndən. Lakin bunların heç biri edilmir, heç demirlər ki, nə etmək istəyirlər. Sabitlik, inkişaf, quruculuq, kosmos – yaxşı, çox sağ olun, bildik. Konsepsiya nədir, biz hara gedirik, siz bundan danışın.
Dünyada böhran yarandı, neft qiymətləri düşdü, İlham Əliyev dedi pambıq əkək. Start-up-lar üçün şərait yaratmaq, texnoloji parklar qurmaq, innovasiyalar tətbiq etmək lazımdır. Pambıq nədir? Ya da mütləq əkiləcəksə, bu qədər insan əməyinin istismarı nəyə lazım, neçənci əsrdə yaşayırıq? Hanı bunun texnikası, maşınları?
İqtidar, böyük layihələri, xırda ambisiyalarına qurban verir. Azərbaycanda xarici bankların filialları niyə yoxdur, bilirsən? Çünki özlərindən kənarda, nəzarətsiz maliyyə axınlarının olmasını istəmirlər. Birdən müxalifət orda hesab açar, xaricdən pul alar. Halbuki, bir maliyyəçi kimi deyə bilirəm ki, iqitisadiyyatın dirçəlməsinə bu filiallar necə kömək edərdilər, bazarda canlanma, rəqabət yaradardılar, bizim banklara da faydalı olardılar.
– Hal-hazırda nə iş görürsən, ümumiyyətlə Avropada nə gəzirsən? Azərbaycana qayıtmaq planın var?
– Azərbaycanı 2016-cı ilin sentyabrında tərk etmişəm. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində Maliyyə ixtisası üzrə ikinci magistr təhsilimi aldım. İl yarımdır Citibankın Macarıstandakı ofisində işləyirəm. Yaxın müddətdə Azərbaycana qayıtmaq perspektivim görünmür. Çünki orda işləmək imkanım yoxdur. Həm keçmiş siyasi məhbusam, həm də müxalif və vətəndaş mövqeyimi açıq ifadə edirəm. Hansı şirkət və ya bank özünə əlavə problem yaratmaq istəsinki. Ona görə də yəqin ki, hələ bir müddət buralardayam.
Söhbətləşdi: Ələkbər Əliyev