Bu gün təhsildən danışanda, bir qayda olaraq, həyata hazırlığı, müəyyən peşəkar biliklərin və vərdişlərin ötürülməsini nəzərdə tuturuq. Yəni, məsələn, abituriyent açıq qapılar gününə gələndə ən birinci bu sualı verir: “Sizin fakultəni bitirəndən sonra mən nə iş görəcəyəm?”
Bütün antik dövrün, yunanların və romalıların nöqteyi-nəzərindən, azad insana belə sual vermək yaraşmır. Bu sualı qul, ya da kustar sənətlərlə məşğul olan insanlar verə bilər. Peşə isə mütləq əllə nəsə eləmək, nəsə yaratmaq demək deyil. Peşə intellektual da ola bilər, ancaq o, məhz, praktik tətbiq sahəsinin məhdudluğu ilə fərqlənir, buna görə də, hər kəsə uyğun deyil.
Təbii ki, antik dövrlərdə də hər hansı peşəni öyrənən insanlar vardı və bunu təhsil adlandırmaq mümkündür. Bir qayda olaraq, bu, bilgilərin atadan oğula ötürülməsi və ya məktəb çərçivəsində tədris edilməsi yolu ilə baş verirdi – məsələn, təsviri sənət, ya da tibb məktəbləri vardı. Lakin Antik dövrdə təhsildən danışanda bunları nəzərdə tutmuruq.
Bizim nəzərdə tutduğumuz yunanların paydeyya (paideia) adlandırdığı şeydir. Paydeyya – ictimai sahədə öz şücaətini, areteni – (gözəl məziyyətlər) nümayiş etdirməyə hazırlaşan azad insan yetişdirməkdir. Burda söhbət yaxşı insan və yaxşı vətəndaş yetişdirməkdən gedir – başqa bir dövrdən danışsaydıq, belə insanı centlmen də adlandıra bilərdik: centlmen hansı işlə məşğul olacağına özü qərar verir. Bu, siyasi fəaliyyət də ola bilər, dövlət idarəsində iş də, hərbi xidmət də; İmperiyanın sonlarına yaxın bu siyahıya kilsə xidməti də daxil edilmişdi – ancaq hansı işi seçir-seçsin, yaxşı təhsil almış insan müəyyən texniki öhdəliklər gətirdiyi qərarlara məhkum deyildi. O, ən birinci insan, şüurlu məxluq kimi formalaşmalıydı, müdrik, cəsur, ədalətli olmalı, bu keyfiyyətləri öz əməllərində və sözlərində (bu işdə ona ritorika kömək edirdi) göstərməyi öyrənməliydi. Yalnız bu halda onu, sözün əsl mənasında, savadlı insan hesab mümkün idi.
Təbii ki, antik təhsil hər şeydən əvvəl sağlam elitanın yetişdirilməsini hədəfləyirdi və elitar təhsil idi. Zamanla şəxsiyyətin fəlsəfə məktəbləri, daha sonralar isə kilsə vasitəsilə formalaşdırılması qullar və qadınlar da daxil bütün insanlara tətbiq olunmuşdu.
Təbii ki, yuxarıda söhbət ideal variantdan gedir. Reallıq daha mürəkkəb və ziddiyyətli ola bilərdi. Amma hansı təhsil-tədris institutunu araşdırmağımızdan asılı olmayaraq, onların mövcudluğunu dəstəkləyən idealları kənara qoya bilmərik. Hətta bu gün də istənilən tədris proqramı – bizim yekunda əldə etmək istədiyimiz müəyyən ideallar toplusudur.
Beləliklə, antik dövrə aid ən vacib məfhumlardan biri – azad insan, vətəndaş yetişdirməyi ehtiva edən paydeyyadır.
Antik dövrün tarixi boyu mükəmməl vətəndaşın obrazı da, onun yaradılmasında istifadə olunan üsullar da dəyişib.
Qədim Yunanıstandan başlayaq. Qədim yunanlar uşaqlara nə vaxt nəyi öyrədirdilər?
Təxminən, yeddi yaşına qədər uşağa xüsusi bir şey öyrədilmirdi. O, qadının – ana, dayə, ya da süd anası – himayəsində böyüyürdü. Qadınlardan hansısa xüsusi maarifləndirici səylər, erkən inkişaf cəhdləri tələb olunmurdu. Onlardan tələb olunanlar – savadlı nitq – uşaq qara camaatın dilində danışmasın deyə – və ədəbli davranış idi. Zaman-zaman filosoflar tədrisə erkən yaşlarda başlamağı təklif etsələr də, ümumi mənzərə yuxarıdakı kimiydi.
Uşağın tədrisi yeddi yaşından başlayırdı. Klassik dövrə qədər təhsil-tədris prosesi aşağıdakılardan ibarət idi: oğlan (təbii ki, söhbət yalnız oğlan uşaqlarından gedir) kifaraçıdan musiqi dərsləri alır, bir də pedotrib (gimnastika) dərslərinə gedirdi. Klassik dövrdə bura qrammatika dəsrləri də əlavə olunur.
İdman, qrammatika və musiqi. Niyə məhz bu fənlər? Onların əsas məqsədi nə idi?
Aristotelə görə, tərbiyənin əsas hədəfi gözəl məziyyətlərlə uzlaşan fəaliyyətdir. Buna görə də bütün predmetlər bu və ya digər şəkildə həmin məziyyətlərin – cəsarət, təmkin, müdriklik və ədalətlilik – inkişafına yönəlir. Antik dövrdə insanın mənəvi ideala çatması üçün yaxşı mənşə zərurət hesab olunsa da, yetərli sayılmırdı. Odur ki, təhsilə böyük diqqət ayrılırdı. Bu gün bunu təsəvvür etmək çətindir, ancaq hətta təbiət, fəlsəfə kimi sahələrin öyrənilməsi də insanın tərbiyəsində, onda insani cəhətlərin inkişafında vacib rol oynayırdı.
Vətəndaşlıq və hərbi öhdəliklərin yerinə yetirilməsi üçün son dərəcə vacib olan gimnastika ilə savadın tətbiqi əhəmiyyəti aydındır. Amma maraqlıdır ki, qədimdə insanlar məhz bu predmetləri bir yerə toplamalarını tətbiqi məqsədlərlə izah etmirdilər, uşağın ruhunun qayğısına qalmaq üçün zərurət sayırdılar.
Platonun dialoqlarından birində məşhur sofist filosoflardan biri – Protaqor Sokratla müxtəlif fənlərin insanda hansı keyfiyyətləri, ya da məziyyətləri inkişaf etdirdiyindən danışır.
“Protaqor” adlanan bu dialoqda sofist deyir ki, valideynlər müəllimlərə savaddan, ya da kifara çalmaqdan daha çox əxlaqa diqqət ayırmalarını tapşırırlar. Hətta tətbiqi əhəmiyyəti dözümlülük, zirəklik və gücün inkişafı ilə bağlı olan idman da “doğru düşüncə” və “cəsarətin” formalaşmasına yardım etməlidir. Platon bu fikri “Dövlət” dialoqunda Sokratın dilindən təkrarlayır. Sözügedən dialoqda Sokrat deyir ki, fiziki hazırlığın musikanın xeyrinə azalması (Musika tərbiyəsi – yunanca musike – “ümumi təhsil, mədəniyyət” deməkdir; musike Qədim Yunanıstanda ədəbiyyat, musiqi tədrisi, natiqlik, siyasət, etika və s. fənlərin də daxil olduğu əqli, estetik, əxlaqi tərbiyə sistemidir) insanın süstləşməsinə, gücsüzləşməsinə aparıb-çıxarır. Yəni mənəvi hazırlıq, məziyyətlərin inkişafı hətta idmanda da əhəmiyyətli rol oynayır.
Muzaların himayəsində olan bütün sənət növləri musik sənətlər adlanırdı. Buna görə də musik tərbiyə deyəndə təkcə musiqi ilə məşğul olmaq yox, natiqlik qabiliyyəti, elmlər və fəlsəfə dərsləri də nəzərdə tutulur.
Yuxarıda sadalananların savada çox böyük dəxli var: uşaqlar hərfləri tanıyıb yazıları başa düşəndən sonra oxumağı öyrənir, yaxşı şairlərin əsərlərini əzbərləyir, bu zaman ilk növbədə örnək götürüləsi sözlərə və əməllərə diqqət yetirirdilər.
O ki qaldı musiqiyə… Antik dövr təhsil sisteminin tərkib hissəsi olan bu element o qədər qədimdir ki, məsələn, Aristotel, “Siyasət” kitabında bu barədə danışanda musiqinin fənlər siyahısına niyə salındığını izah etməyə çətinlik çəkir. O, belə mülahizə yürüdür: azad insanı quldan və əsnafdan fərqləndirən cəhəti hər şeydən əvvəl asudə vaxta – sxole (rusca “школа” sözü burdan götürülüb)- malik olmasıdır. Bu vaxtdan layiqli şəkildə istifadə edilməlidir, yəni həzlə mənəvi gözəllikləri uzlaşdırmağı bacarmaq lazımdır. Aristotelin sözlərinə görə, xoşbəxtlik bundan ibarətdir. Amma asudə vaxtı bu şəkildə dəyərləndirə bilmək üçün nələrsə öyrənməlisən, əks halda yetişkin insanın həzzi qaba və nalayiq olacaq. Oğlan uşaqlarının ciddi məşğul olduqları fənlər isə böyüyəndə onlar üçün əyləncə vasitəsinə çevriləcək. Təbii ki, Aristotel peşəkar musiqiçi olmağı yox, sadəcə musiqidən zövq almağı, onun haqqında fikir söyləməyi öyrənməyi nəzərdə tuturdu. Onun bu izahına bir şey əlavə etmək lazımdır: başlanğıcda musiqi və poeziya paralel öyrədilirdi. Dini şənliklərdə xorda, simposilərdə iştirak gənclərdən musiqi və poeziya ilə tanışlıq tələb edirdi. Beləcə bu predmetlər sosiallaşmanın ən mühüm vasitəsinə çevrilmişdi.
Qeyd etmək lazımdır ki, musiqi ilə hesab arasında əlaqə qurmuş və harmonika elminin əsasını qoymuş pifaqorçulardan başlayaraq musiqinin insan ruhuna, mənəviyyatına təsiri daha diqqətlə araşadırılır. Məsələn, neoplatonçu Yamvlix musiqi vasitəsilə ilə tərbiyənin, ruhi pozuntuların müalicəsinin pifaqor metodlarını təsvir edir. E.ə. IV əsrdə yaşamış, musiqi haqqında dövrümüzə qədər gəlib çatmış traktanın müəllifi Aristoksen bildirir ki, “pifaqorçular vücudun təmizlənməsi üçün təbabətdən, ruhun təmizlənməsi üçün musiqidən istifadə edirdilər”. Bütün bu pifaqorsayağı göstərişlər Platonun və qismən də Aristotelin əsərlərində inkişaf etdirilmişdi. Onların işlərində müxtəlif musiqi ladlarının, fərqli melodiyaların ruha təsiri ilə bağlı geniş mühakimələrlə rastlaşırıq.
Maraqlıdır ki, sonralar xristian yazıçılar da həmin metodlardan yararlanmışdılar. Məsələn, Əhdi-ətiqdə deyilir ki, David hökmdar Saulu (islamda Talut) quslidə çalmaqla sağaldır. IV əsr kilsəsinin dini xadimi Böyük Vasili bunu Pifaqorun həyatında baş vermiş bir epizodla müqayisə edir – Pifaqor fleytaçıya melodiyanı dəyişməyi əmr edir və əyyaş avaralardan ibarət dəstəni dağıdır. Yəni nümunə əhdi-ətiqdən götürülüb, amma antik dövrün tərbiyə nəzəriyyələri və təcrübəsi ruhunda interpretasiya olunub.
Bəs bu məşğələlər uşaqlar üçün necə keçirdi? Adətən olduğu kimi, yenə də Afina nümunəsinə baxaq, çünki bu barədə daha çox məlumatımız var.
Bir qayda olaraq, müəllimlərin seçimi, məktəbdə keçirilən vaxt valideynlər tərəfindən müəyyənləşdirilirdi. Bu mərhələdə uşaq əvvəlcə oxuyub-yazmağı öyrənir, sonra dərhal şairlərlə tanış olur, onların əsərlərini əzbərləyir, dekamasiya edir və mümkün olan bütün üsullarla araşdırırdı – müxtəlif anlaşılmaz sözləri, şairlərlə bağlı mifologiyanı və s.öyrənirdi.
Bu mərhələdə hələlik bina anlamında bir məktəbin mövcudluğundan danışmaq qeyri-mümkündür. Əgər oğlan uşaqlarının kifara dərsinə getməyindən bəhs olunursa, bu, o deməkdir ki, onlar kifaraçının evinə yollanırlar. Uşaqları ora pedaqoq aparır. Antik dövrdə pedaqoq dərs verən, öyrədən yox, uşağı məktəbə aparan, onun nailiyyətlərini nəzarətdə saxlayan şəxs idi. Daha sonra uşaqlar gimnastika ilə məşğul olmaq üçün gimnasiyaya gedirdilər.
Əslində, gimnasiya başlanğıcda məşqlər üçün yer idi. Yunanlar idmanla çılpaq halda – gymnós – məşğul olurdular. Gymnasium — belə məşqlər üçün nəzərdə tutulmuş məkandır. Yuxarıda sadalanan elementlərin hamısı birləşərək bu gün bizim məktəb adlandırığımız, tədris proqramına daxil olan bütün məşğələlərin keçirildiyi yeri yaradıb – çox güman ki, bu, ellinizm dövründə, hər şeyin gimnasiyada toplandığı zamanda baş verib. Təkcə idman məktəbini yox, bütünlüklə məktəbi ehtiva edən “gimnaziya” anlayışı da burdan götürülüb.
Gimnasiyalara gimnasiarx rəhbərlik edirdi – o, ya zəngin vətəndaşlar arasından seçilir, ya da təyin olunurdu. Kitabələrdə yazılanlara inansaq, gimnasiyaların xərcləri – bəzən bütünlüklə, bəzən də qismən – həmin şəxsin üzərinə qoyulurdu.
Ellinizm dövründə formalaşan yeni təcrübəyə əsasən, ibtidai tərbiyədən sonra uşaq qrammatikaçı və ya filoloqun – ikisi də eyni şeydir – öhdəsinə verilirdilər. İkinci mərhələdə məşğələlər, təxminən, 11 yaşdan 14 yaşa qədər davam edirdi. Hərçənd bu qəti qayda deyildi, yaş dəyişə bilərdi. Bu mərhələdə klassik müəlliflər daha dərindən öyrənilirdi. Maraqlıdır ki, məhz məktəb üçün seçilən mətnlər, yəni daha çox öyrənilən mətnlər digərlərindən daha yaxşı qorunub – söhbət Homerin, faciə, komediya müəlliflərinin, lirik şairlərin, natiqlərin və s. mətnlərindən gedir. Necə ki bu gün, məsələn, “Yevgeni Onegin” bütün məktəblərdə tədris olunduğuna görə onun yoxa çıxdığını təsəvvür edə bilmiriksə, eləcə də eləcə də qədim müəlliflər bütün məktəblərin proqramlarına daxil edilmişdilər.
Ədəbiyyat məşğələləri müasir ədəbiyyat dərslərini xatırladırdı: bu dərslərdə hər hansı müəllifin mətni ucadan oxunurdu, sonra isə anlaşılmayan, mürəkkəb sözlər, tarixi kontekst və sair izah olunurdu, bir də təklif edilən süjetin əsasında müəyyən mülahizələr yürütmək lazım idi. Yəni ədəbiyyatın tədrisi də mənəvi tərbiyənin məqsədlərinə tabe idi. Əgər şair “əxlaqsız” bir şey, ya da gənclərə bilməməli olduğu nəsə deyibsə, qrammatikaçının mətni yüngülvari korrektə etməyə, ya da məktəb bilgiləri çərçivəsində faydalı olan, gözəl məziyyətləri dəstəkləyəcək şəkildə şərh etməyə ixtiyarı vardı.
Bəs sözügedən dövrlərdə Qədim Romada nə baş verirdi?
Ümumən, romalılar yunanların təhsil modelini mənimsəmişdilər, ancaq onu bir qədər dəyişmişdilər. Romalıların sistemində də ibtidai səviyyə üzrə qrammatika müəllimi – literator (yunan variantında grammatist) vardı; Literatoru hərdən magister ludi, yəni “oyun müəllimi” adlandırırdılar, çünki “oyun” (“ludus”) və məktəb sözləri latın dilində eyni sözlə ifadə olunur. Birincisi, romalılara musiqi ilə məşğul olmaq nə nəzəri, nə də praktiki baxımdan maraqlı deyildi. İkincisi, gimnastika da bir yarış idmanı kimi onları o qədər də cəlb etmirdi. Hesab olunurdu ki, gimnastika döyüşçü yox, yaraşıqlı gənclər yetişdirir. Buna görə də Horatsi və bəzi digər müəlliflərin yazdıqlarına görə, romalılar gimnastikanın yerinə açıq havada fiziki məşqlərə üstünlük verirdilər. Cavanlar qaçış, yumruq davası təlimləri keçir, üzgüçülüklə – yəni yaraşıq üçün yox, döyüş hazırlığı üçün lazım olan, fiziki dözümlülüyü artıra hər şeylə məşğul olurdular.
Ədəbiyyat fənninin tədrisində də yunan və roma sistemi arasında fərqlər vardı. Birincisi, yunan klassiklərinə roma klassikləri də əlavə edilmişdi: həmin dövrlərdə Vergili və Horatsi artıq sağlıqlarında klassikə çevrilmişdilər. Onlara qədər isə Liviy Andronikin latıncaya tərcüməsində “Odisseya” tədris olunurdu.
İkincisi, romalılar tarixçilərin əsərlərinin tədrisinə böyük diqqət ayırırdılar. O ki qaldı coğrafiya və astronomiya kimi fənlərə, bunlar məktəblərdə ayrıca öyrədilmir, məlumatlar ədəbi əsərlərdən götürülürdü. Məsələn, astronomiya Aratın “Fenomenlər” poeması əsasında öyrədilirdi.
Roma sisteminin daha bir özəlliyi də vardı: artıq erkən mərhələlərdə oğlanlar roma hüququ ilə tanış olur, yunan və roma klassikləri ilə yanaşı roma hüququnun ən qədim abidəsi olan 12 cədvəl Qanunlarını da öyrənirdilər. Məsələn, b.e.ə. III əsrin sonundan b.e. II əsrinə qədər Böyük Katon (Mark Porsiy Katon- qədim roma yazıçısı və siyasətçisi) öz oğlunun roma hüququ və roma tarixi sahələrində savad almasına şəxsən nəzarət edirdi. Ondan ötrü bu, son dərəcə vacib idi, hətta o, məxsusi olaraq oğlu üçün tarixi elə yazmışdı ki, uşaq onu öyrənə bilsin.
Müəllimin vəzifəsi ləyaqətli və cəsur vətəndaş yetişdirmək olsa da, antik dövrlərdə müəllimlik hörmətli peşə sayılmır, hətta kifayət qədər xor görülürdü.
Yunanıstanda müəllimlər azad, lakin o qədər də hörmət olunmayan insanlar idilər. Məsələn, Demosfen öz rəqibinin adını ləkələməkdən ötrü onun atasının məktəb müəllimi olduğunu xatırladır. Bu mənada II əsrdə yaşamış satirik Lukianın parodiyası da maraqlıdır. O yazır ki, yerli hökmdarlar və valilər yeraltı səltənətə düşəndə “ya şoraba satmağa məcbur qalırlar, ya da savad verməyə”. Ki, bu cümlə onların nə qədər dibə düşdüklərini ifadə etmək məqsədi güdür.
Yunanlar və romalılar üçün ibtiadi sinif müəllimi – hər şeydən əvvəl bir tikə çörək üçün işləyən əsnaf idi; o, aldığı məvacib üçün tez-tez yalvarmağa, şagirdlərin valideynləri ilə mübahisə eləməyə məcbur qalırdı, çünki onlar təhsil haqqını vaxtında ödəmərdilər. Ümumiyyətlə, müəllimlik azad insana yaraşan məşğuliyyət deyildi. Yeri gəlmişkən, kitabələrdə yazılanlara görə, müəllimlərin məvacibi çox aşağı olurdu. Bu hal Romaya da aiddir. Məsələn, tarixçi Svetoniy yazır ki, ilk romalı qrammatiklərin, demək olar ki, hamısı azad olunmuş qullar idilər. Məşhur filosof Senekanın atası Böyük Seneka deyirdi ki, “öyrənmək gözəl olsa da, öyrətmək ayıb işdir”. Eyni münasibəti Siseronda da, başqa müəlliflərdə də müşahidə etmək mümkündür: məsələn, Yuvenal öz satiralarından birində yazırdı ki, yunanlar qrammatikaçı, ritor, kəndirbaz, bərbər işləyirlər, acından ölməmək üçün istənilən peşəni öyrənməyə hazırdılar.
Romalılar yunan təhsil modelini, xüsusən də, ədəbiyyat kanonlarını mənimsəmişdilər. Çünki Yunanıstana mədəniyyətin mərkəzi, yunan dilinə isə savadlılığın dili kimi yanaşırdılar. Buna baxmayraq, Romada yunan dilini, adətən, qullar tədris edirdilər.
Roma təhsilində ikidilliliyə üstünlük verilirdi. Çar Rusiyasında zadəgan ailələri üçün fransız dili nə idisə, Respublika dövründə romalılar üçün yunan dili eyni rolu oynayırdı. Lap erkən yaşlardan uşağa yunan dilini öyrədən bir qul təhkim edilirdi və uşaqlar artıq yeniyetmə yaşdan yunanca danışa bilirdilər. Daha sonra isə yunan dilində deklomasiya etməyi və ritorikanı öyrənirdilər. Məsələn, Siseron məktəbdə yunan dilində deklomasiya edirdi. Əlbəttə ki, bu, müəyyən sosial filtr idi- evdə müəllim tutmaq imkanın yoxdursa, təhsilin daha yüksək pillələrinə qalxmaq şansın da olmurdu, çünki növbəti mərhələlərdə yunan dilini bilmək tələb edilirdi.
Antik dövrlərdə təhsil kifayət qədər geniş yayılmışdı, amma hər kəsə aid deyildi, məsələn, qadınlar hansısa savad alırdılarmı?
Klassik Yunanıstanda qızlar üçün məktəb yox idi. Düzdür, bu, o demək deyil ki, qızlar, ümumiyyətlə, heç nə öyrənmirdilər. Ancaq onların təhsili evdə olurdu və qeyri-rəsmi xarakter daşıyırdı. Bu mənada, yalnız Sparta istisna təşkil edirdi. Orda oğlanlarla yanaşı qızlar da fiziki hazırlıq keçirdilər. Çox güman ki, “Dövlət” əsərində Platona ilham verən də bu nümunə idi. Sözügedən əsərdə filosof yazırdı ki, kişilər də, qadınlar da gimnastika ilə məşğul olmalıdılar. Lakin qadınlar bu hazırlıqları düşünüldüyü kimi feministlik anlamında keçmirdilər. Ona görə keçirdilər ki, bu, gələcək analar üçün faydalı idi, sağlamlığı möhkəmləndirirdi. Qızlar üçün məktəblər ellinizm dövründə peyda olmağa başlayır, ancaq hər yerdə yox: yalnız bəzi kitabələrdə Perqama və Teos şəhərlərində qız məktəblərinin mövcudluğu barədə məlumat var. Çox güman ki, Romada qarışıq təhsil verən ibtidai məktəblər olub, çünki Marsial öz epiqramlarından birində dərsə çox erkən başlayan və oğlanlara, qızlara qışqıra-qışqıra bütün qonşuları yuxudan oyadan müəllimdən bəhs edir. Amma qız və oğlan uşaqlarının birlikdə təhsil alması praktikasının ümumi qəbul olunmuş qayda olub-olmadığını bilmirik.
O ki qaldı qadınların savadlılığına, burda qəti bir şey söyləmək mümkün deyil. Yalnız qadınların savad səviyyəsinin, ümumən, kişilərdən daha az olduğunu və qadın savadlılığının səviyyəsinin onların sosial statusları ilə birbaşa paralelləşdiyini deyə bilirik. Ki, bunun da səbəbi aydındır: zəngin ailədən olan qızların kitabxanadan istifadə etmək imkanı vardı. Siseronun qızı Tulliya kifayət qədər savadlıydı və elə bir ata ilə bu, təəccüblü deyil.
Antik dövrlərdə hətta kişilər üçün də ümumi təhsil ideyası mövcud deyildi. Demək olar ki, bütün təhsil ödənişli idi. Odur ki, yalnız kifayət qədər zəngin insanların təhsil almaq imkanı vardı.
Spartanı nəzərə almasaq, Yunanıstanda da, Romada da dövlət təhsili xeyli məhdud idi. Spartada dövlət, yəni polis 7 yaşdan 29 yaşa qədər oğlanların tərbiyəsini öz üzərinə götürürdü. Ancaq dediyimiz kimi, bu, istisnadır. Platonun eyniadlı dialoqunda Protaqor deyir ki, varlı uşaqları hamıdan tez oxumağa başlayıb, hamıdan gec bitirirlər.
Polis təkcə hərbi hazırlıqla bağlı xərcləri öz üzərinə götürürdü. Bundan ötrü Afinada efebiya institutları – yəni, 18 yaşdan başlayıb iki ilə qədər davam edən (sonralar bir ilə qədər ixtisar olundu) hərbi hazırlıq məktəbləri fəaliyyət göstərirdi. Efeblər və onların müəllimləri xərcliklərini şəhər büdcəsindən alırdılar. Bu müəssisələr kifayət qədər bahalıydı, ona görə də, Afina siyasi müstəqilliyini itirən kimi institut ləğv olundu. Efebiyada, ənənəvi olaraq, atletika məşğələləri keçirilirdi, eyni zamanda silahdan, katapultadan istifadə, oxatma və s. öyrədilirdi.
Ellinizim dövründə efebiya institutu Yunanıstanın bir çox şəhərlərinə yayılır, lakin məşhurlaşdıqca hərbi xüsusiyyəti azalır. Məsələn, b.e.ə. II əsrin sonlarında Afina efebiyasına artıq əcnəbilər də qəbul olunurdular. Bu, o deməkdir ki, institut öz milli-müdafiə anlamını itirir və elita yetişdirmək üçün məktəbə, əsil-nəcabətli ailələrin uşaqlarını ellinləşdirmək vasitəsinə çevrilirdi. Bu, özünü bir də onda büruzə verirdi ki, idman və gimnastika hərbi hazırlıqdan önə keçməyə başlamışdı – yəni tələbələr silahla davranmağa çox vaxt ayırmır, əvəzində məşq edirlər.
Ellin dövründə isə efebiyalar sadəcə polisi qorumağa qadir olan hərbçilər hazırlamaqdan vaz keçmədi, daha bir keyfiyyət dəyişikliyi baş verdi: gənclərə ilkin fəlsəfə və ritorika tədris olunmağa başlandı. Efeblər (efebiyanın tələbələri) yuxarıda sadalanan fənlərdən əlavə fəlsəfə və ritorika mühazirələrini dinləyə bilərdilər. Bundan ötrü gimnasiarx mütəxəssislər dəvət edirdi – bəli, onlar dəvət olunan professorlar idilər. Məsələn, Platon akademiyasının nümayəndəsi, b.e.ə. II əsrdə yaşamış Karnead belə gimnasiyalardan birində mühazirələr oxuyub. Bu mənada afinalı efeblərin vəziyyəti daha yaxşı idi, çünki fəlsəfə məktəbləri onların şəhərində yerləşirdi və onlar filosofların məşğələlərinə rahat gedə bilirdilər.
Bütün bunlar – kifaraçı, pedotrib və qrammatikaçı ilə məşğələləri, gimnasiyada keçilən dərslərini, efeblərin təlimlərini şərti olaraq, orta məktəblə müqayisə edə bilərik. Amma zamanla aydın oldu ki, bəzi hallarda – məsələn, siyasi karyera üçün – bunlar kifayət deyil. Beləliklə də, bu gün bizim ali təhsil adlandırdığımız şeyin təməli qoyuldu.
Siyasət meydanına atılmaqdan ötrü musiqi və qrammatika dərslərindən əlavə nələrəsə ehtiyac olduğu barədə fikirlər, təxminən, b.e.ə. V əsrdə cücərməyə başlayır. Həmin dövrə qədər sadəcə doğru ailədə doğulmaq kifayət idi. Bu, sənin müəyyən bir məqamda siyasi karyeraya hazır olacağına zəmanət verirdi. Amma sonralar aydın olur ki, bu, hələ hamısı deyil, başqa şeylər də öyrənmək lazımdır. Bu fikri Platonun “Birinci Alkiviad” dialoqunda da görə bilərik: Sokrat siyasətdə parlaq karyera qurmaq istəyən ambisiyalı gənc Alkiviadla söhbət edir və ondan nələr öyrəndiyini soruşur. Həmsöhbəti cavabında “Musiqi və bədən tərbiyəsi ilə məşğul olmuşam” deyir. “Sən elə fikirləşirsən ki, artıq siyasətlə məşğul ola bilərsən? Kimsə sənə ədalətin nə olduğunu, şəhərə nələrin fayda verəcəyini öyrədib?”
Uzun sözün qısası, Sokrat göstərir ki, Alkiviad siyasətlə məşğul olmağa qətiyyən hazır deyil.
Bu tələbatı ilk dəfə b.e.ə. sofistlər ödəməyə çalışırlar. Əgər o zamana qədər təhsil resept xarakteri daşıyırdısa – şairləri öyrənmək, hər şeydən əvvəl poeziyanı yaxşı bilmək tələb olunurdu, poeziya təhsilin təməli sayılırdı – sofistlər onun yerinə beyin gimnastikasına bənzər bir şey təklif edirlər.
“Sofist” və ya “müdrik” sözünün özü hər şeydən əvvəl peşəkar müəllimi nəzərdə tutur. Klassik dövrdə sofistin antonimi idiotes idi. İdiotes — həm də “sıravi insan”, “fərd”, bəzi hallarda “profan” – yəni mütəxəssis olmayan deməkdir.
Sophistes isə müəyyən sahədə səriştəli olduğunu birbaşa bəyan edən insandır. O öz bilgilərini ötürməyin qarşılığında haqq almağı məqbul hesab edir. Beləliklə, Avropa tarixində ilk dəfə peşəkar müəllimlər peyda olur; o vaxta qədər Yunanıstanda belə şey yox idi.
Onları fəaliyyətlərinə görə mühakimə edirdilər, çünki hesab olunur ki, gənc insana özündən böyük biri – atası, ya da hansısa yaxın qohumu, daha təcrübəli tərbiyəçi dərs verməlidir və təbii ki, bu, ödənişli olmamalıdır: sadəcə daha müdrik, daha təcrübəli adamla ünsiyyətdə olan gənc daha yaxşı insan olur. Sofistlər isə fərqli düşünürdülər: mən nəsə öyrədə bilərəm, bir halda ki, bu işdən başım çıxır, qarşılığında pul götürməyi məqbul hesab edirəm. Başqa sözlərlə, biz hamımız – müasir müəllimlər sofistlərin xələfləriyik, çünki biz də tədris xidmətlərimizə görə pul alırıq. Sofistləri təhsil-tədris prosesinə gətirdikləri yeniliklərə görə çoxlu tənqid edirdilər: Aristofan “Buludlar” əsərində bu yeni sofistik paydeyyanı ələ salırdı. Amma onlar xidmətləri qarşılığında ödəniş almasaydılar, sofistlər və sofist hərəkatı bu qədər geniş yayılmazdı. Həqiqətən, onlara həvəslə pul ödəyir və onların xidmətlərindən həvəslə istifadə edirdilər.
Aristofanın “Buludlar”ı təhsil problemlərindən danışan komediyadır. Müəllif bu əsərində nümunəvi sofist rolunda çıxış edən Sokratı ələ salır: filosof mülkədar Fidippidin oğluna dərs verir, borclarını qaytarmamaq üçün həddindən artıq əllamə nitqlər söyləyir. Aristofan bu üsulla qədim paydeyya ilə – uşaqların kifaraçı və petodribdən dərs aldığı təhsil sistemi – daha çox ritorikaya əhəmiyyət verən sofistlərin yeni yanaşmasını qarşı-qarşı qoyur. Hərçənd, onlar təkcə ritorika ilə kifayətlənmirdilər.
Əslində sofistlər ritorikanı da, loqikanı da, hətta həndəsə və fizikanı da – bir sözlə, ioniya elmlərinin o vaxta qədər əldə etdiyi hər şeyi – öz tədris proqramlarına daxil etmişdilər.
İlk mərhələdə biz daha çox səyyar müəllimlər görürük: sofistlər şəhərdən-şəhərə keçir, arzu edən, daha doğrusu, ödəmək imkanı olan hər kəs üçün mühazirələr oxuyurdular. “Kratil” dialoqunda Sokrat Prodikin bir mühazirəsini bir drahmaya oxuduğunu, mühazirələr kursunu isə 50 drahmaya verdiyini xatırladır. Ancaq bütün hallarda alacağın biliyin həcmi ödədiyin pulun miqdarından asılı olurdu. Sonralar səyyar professor modeli ilə yanaşı şəhərlərdə daimi məktəblər də yaranmağa başlayır. İlk belə məktəblərdən biri İsokratın məktəbi idi. O, IV əsrdə Afinada yaranmışdı və Platon akademiyası ilə paralel fəaliyyət göstərirdi. Məktəblər öz aralarında daima toqquşur, yaxşı ailədən çıxmış gəncin necə təhsil almalı olduğu ilə bağlı mübahisə edirdilər.
İsokrat məşhur afinalı ritorik idi, onun məktəbindən çoxlu tanınmış xadimlər çıxmışdı. O, sofistlərdən dərs alsa da, özünü sofist hesab etmirdi və onlardan uzaq dayanmağa çalışırdı (İsokratın “Sofistlərə qarşı” adlı mətni günümüzə qədər qorunub). Buna baxmayaraq, o öz təhsil modellərində, məhz, sofist prinsiplərinə riayət edirdi. Təqribən, eyni dövrdə, yəni b.e.ə. 380-ci ilə yaxın Afinada, Akademiya adlanan məkanda filosof Platon və onun şagirdləri fəlsəfə, riyaziyyat, təbiətşünaslıq, astronomiya və digər elmlərlə məşğul olurdular. İsokratla Platon arasında fəlsəfə, yoxsa ritorikanın daha vacib olduğu barədə mübahisə başlamışdı. Gəlin, tərəflərin əsas arqumanetlərinə diqqət yetirək.
Platon sofistləri daima ələ salır, deyirdi ki, onlar o qədər inandırıcıdılar ki, atın üstünlüklərindən danışıb qarşılarındakını eşşək almağa inandıra bilərlər: çünki heç vaxt at görməyiblər və atı eşşək hesab edirlər, eşşəyin üstünlüklərindən danışırlar və nə danışdıqlarından xəbərləri yoxdur. Amma eşşək atın işlərini görə bilməz, məsələn, hərbi yürüşdə at ola bilməz. Ona görə də eşşəyin ardınca gedən insanlar öz hədəflərinə çatmayacaqlar. Platonun fikrincə, sofistlərin konkret istiqamətləri, həqiqətən, mütəxəssis olduqları bir sahə yoxdur. Filosof, sırf danışıq sənətində mütəxəssis olmaq məsələsini də mübahisələndirirərək bildirirdi ki, insan tibdən də danışa bilər, həndəsədən də, ancaq danışan adamın bunların hansından başı çıxır? Məlum olur ki, heç birindən.
Platona görə, sadəcə ritorika ilə yaxşı siyasətçi yetişdirmək mümkün deyil, siyasətçi ritorik bacarıqlar, çıxış etmək qabiliyyəti, bir sözlə, sofistlərin fəxr elədikləri şeylərdən ibarət deyil. Ritorikadan fərqli olaraq, fəlsəfə müəyyən ruhi vəziyyət, ruhun həqiqətən dəyəri olan şeylərə meyllənməsidir. Fəlsəfə məhz bu meyli, bu dönüşü gerçəkləşdirməlidir. Yəni ritorikadan fərqli olaraq, fəlsəfə deyir ki, biz insana hansısa biliklər vermirik, onun ruhunu lazımi istiqamətə yönləndiririk və bunu dörd riyazi fənnin – hesab, həndəsə, musiqi və nəzəri astronomiya – köməyilə edirik. Eyni zamanda dialektikada daima məşqlər də doğru şeylər haqqında doğru fikir yürütməyi öyrədir.
Beləliklə, Platon hesab edirdi ki, təkcə ritorika kifayət deyil, haqqında danışdığın şeylərin mahiyyətini də bilmək, o barədə fikir deməyi bacarmaq lazımdır.
Platonun bu fikrinə İsokrat nə cavab verirdi?
Baş verənləri kənardan izləyən İsokrat hesab edirdi ki, filosoflar sadəcə gənclərin beynini cəfəngiyyatla doldururlar. O, etiraf edirdi ki, gənc yaşlarda bir az riyaziyyatla, astronomiya ilə məşğul olmaq olar, ancaq yetişkin insanın bu predmetləri ciddi şəkildə öyrənməsinə qətiyyən ehtiyac yoxdur, bu, gərəksizdir və praktik deyil. Ritorikanı öyrənmək isə praktikdir.
İsokratın nöqteyi-nəzərindən, birinci, ritorika praktik baxımdan faydalıdır, çünki yetişkin insan öz şücaətini məhkəmədə çıxış edərək, ya da siyasi nitqlərlə büruzə verə bilər. Bundan əlavə, ritorikanın insan yetişdirmək məsələsində qeyri-tətbiqi əhəmiyyəti də var. İnsan ritorikanın köməyilə düşünməyi, fikir söyləməyi öyrənir; biz özümüzlə necə danışıb, mühakimələr yürüdürüksə, publikayla da eyni şəkildə mühakimələr yürüdürük. Yəni ritorika ağlın, şücaətin məşqidir. Biz ritorika məktəbində istənilən mətni oxumuruq, keçmişin dahi müəllimlərindən dərs alırıq; biz qədim şairlərdən nümunə götürürük, onlar kimi danışmağı öyrənirik və bu, yaxşı klassik ədəbiyyatla tanış olan gəncin mənəviyyatını formalaşdırır.
Platonla İsokrat arasındakı mübahisənin mahiyyətini qısa şəkildə belə ifadə etmək olar: vətəndaş, ya da siyasi xadim üçün doğru fikirlər söyləmək qabiliyyəti kifayətdirmi, yoxsa şeylərin mahiyyətinə varmağı öyrənmək daha vacibdir?
Bu mübahisə fəlsəfə ilə ritorikanın qarşıdurmasının başlanğıcını qoymuş və bütün Antik dövr boyunca fərqli intensivlikdə davam edərək antik təhsilin təməl daşına çevrilmişdi.
Ritorika ilə fəlsəfənin münasibəti həmin vaxt siyasi həyatda aktiv iştirak edən tərəfdən asılı olaraq dəyişirdi. Məsələn, Platondan fərqli olaraq, ellin filosoflarını dövlət xadimi yetişdirmək məsələsi o qədər də narahat eləmirdi. Epikür öz məktəbində tələbələrə ən vacib şeyin gözdən uzaq, fərd kimi yaşamaq olduğunu öyrədir və deyirdi ki, siyasətdən ona bircə şey lazımdır: sakit, fəlsəfi xoşbəxt həyatına müdaxilə etməsin. Ellin məktəbləri öz divarlarının içinə qapanır və heç bir siyasi nüfuza iddia etmirdilər.
Respublikanın son illərində və İmperiya dövründə fəlsəfə, tədricən, klassik Yunanıstanda sahib olduğu siyasi statusu özünə qaytarır. Siseron artıq deyirdi ki, ideal variant ritorika və fəlsəfənin birləşməsidir, filosofların sadəcə özlərinə maraqlı olan çərənçiliklə məşğul olması doğru deyil. O, hesab edirdi ki, filosofun eyni zamanda həm ən yaxşı natiq olub həm də siyasi həyatda fəal iştirak etdiyi qədim modelə qayıtmaq lazımdır.
Nəticədə Roma imperiyasında fəlsəfənin nüfuzu artdı, lakin o, karyera qurmaq üçün vacib olan təhsilin bir hissəsinə çevrilmədi. Fəlsəfə öyrənmək üçün Afina, ya da fəlsəfə məktəblərinin olduğu başqa böyük şəhərlərə köçmək və təhsil haqqı ödəmək lazım idi – buna isə hər kəsin imkanı çatmırdı. Karyera qurmaq üçünsə hüququ, ritorikanı və sürətli yazmağı öyrənmək kifayət edirdi. Əvəzində fəlsəfə məktəbləri həyatını elmə sərf etmək istəyən hər kəs üçün zərurətə çevrilmişdi.
Çox vaxt təbiət-riyaziyyat elmləri üzrə hazırlıq keçmək istəyən insan, onları məhz fəlsəfə kursları çərçivəsində mənimsəməliydi. Sözügedən elmlər üzrə hazırlıq prosesini fəlsəfə məktəbləri öz üzərinə götürdüyünə görə həmin məktəblərin nəzdində “propaideia” – yəni “ilkin təhsil” anlayışı meydana çıxır. Yəni biz hansısa fəlsəfi ehkamlara, fəlsəfənin zirvəsinə bir anda çatmırıq, əvvəlcə uzun müddət başqa elmlərlə məşq edirik.
Bu fikir II əsrdə yaşamış platonçuların əksəriyyətində müşahidə olunur, ancaq mən “Qızıl eşşək” əsərinin müəllifi Apuleydən nümunə gətirəcəyəm. Apuley Platon təliminin ardıcılı və “Platon və onun təlimi” mətninin müəllifidir. Apuley üçün Platon ilahi fiqur idi, buna görə də, o, filosof üçün zəruri olan təhsildən, elm kurslarından danışanda guya şəxsən Platonun öyrəndiyi elmləri sadalayırdı. Təbii ki, Platonun Apuley tərəfindən yazılan bioqrafiyasında tarixi həqiqətəuyğunluq çox azdır, amma bu əsər bur platonçunun nöqteyi-nəzərindən II əsrdə gələcək filosofun hansı elmləri öyrənməli olduğuna dair maraqlı sübutdur: bunlar həndəsə, astrologiya, təsviri sənət və poeziyadır. Qısası, Apuleyin təsəvvüründə mükəmməl filosof – hərtərəfli inkişaf etmiş insandır. Digər müəlliflərdə – II əsrin platonçuları, neoplatonçuları – əsasən, riyazi elmlərin – hesab, həndəsə, nəzəri musiqi və nəzəri astronomiya – propedevtik əhəmiyyət daşıdığını görə bilərik.
“Azad sənətlər” – yəni tamhüquqlu təhsilin tərkibinə daxil olan fənlər toplusu ideyası Antik dövrlərdən orta əsrlər universitetlərinə də keçmişdi. Öz növbəsində onlar da müasir təhsil ocaqlarının əcdadları oldular. Beləcə, təhsilin insanı müxtəlif ixtisaslara hazırlayan predmetlər sistemi olması ilə bağlı antik ideya günümüzə qədər gəlib çatdı.
Təhsillə bağlı antik təsəvvürlərin və yanaşmaların təsiri sadəcə humanitar sahədə yox – ki, məhz həmin dövrlərdə formalaşmışdı, həm də riyaziyyat və digət təbiət və dəqiq elmlərin tədrisi sahəsində də kifayət qədər böyükdür. Çünki platonçuların ağlına gəlmişdi ki, riyaziyyatı təkcə pul saymaq, ya da öz torpaq sahəni düzgün ölçmək, yaxud hansısa əməli tapşırıqların həlli üçün öyrənmək lazım deyil. Həm də ona görə öyrənmək lazımdır ki, riyaziyyat ağlın yaxşı işləməsi üçün yaxşı məşq rolunu oynayır. Buna görə də fiziklər liriklərlə mübahisə edəndə anlamadılar ki, əslində fiziklər də, liriklər də ilk dəfə Antik dövrlərdə təsbit edilmiş bir sıra təməl yanaşmaları bölüşürlər.
Olqa Əliyeva
Arzamas