Sədərək döyüşləri: Diplomatik və hərbi qələbə
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə AXC ilə arasında münasibətlər 1992-ci ilin yaz aylarında gərginləşməyə başlamışdı. Bu səbəbdən Heydər Əliyev Naxçıvanda özünə qarşı ola biləcək AXC üzvlərini neytrallaşdırmağa başladı. İlk olaraq 1992-ci ilin əvvəlində Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini tanıyan, Baş nazir Becan Fərzəliyev vəzifəsindən kənarlaşdırıldı. Bununla bağlı Heydər Əliyev daha sonra verdiyi açıqlamada ŞKTR-in tanınmasını Fərzəliyevin özbaşınalığı kimi xarakterizə etmişdi : “ Becan Fərzəliyev Baş nazir olarkən özbaşına qərar verərək ŞKTR-in müstəqilliyini tanımışdır. Dünya informasiya kanalları ilə yayılan bu xəbərdən sonra bizə çoxlu sorğular göndərilib. Biz məcbur olub dedik ki, Naxçıvan Kipri tanımayıb. Ən başlıca məsələ budur ki, biz müstəqil ölkə deyilik, Azərbaycanın parçasıyıq. Bizim elə bir səlahiyyətimiz yoxdur”. (“Naxçıvan” qəzeti, 10.11.1992:3).
Becan Fərzəliyevin vəzifəsindən çıxarılmasında Şimali Kiprin tanınması və “Saqqız əməliyyatı”[1] hadisəsinin böyük rolu oldu. Heydər Əliyevin təklifi ilə mayın əvvəlində Baş nazir vəzifəsinə Şəmsəddin Xanbabayev təyin olundu.[2] Bu təyinatdan bir müddət sonra Ermənistan hərbi qüvvələrinin Naxçıvana hücumu başlandı. Naxçıvandakı Azərbaycan Ordusuna məxsus bölmələrin silah baxımından ciddi problemləri var idi. Sadəcə avtomat və pulemyotlarla silahlanmış Naxçıvan özünümüdafiə qüvvələri mayın 18-də 4 “PDM”, 2 “BTR” və 1 tank ilə həyata keçirilmiş erməni hücumunu dayandıra bilmədi. 6 saatlıq döyüşdən sonra ermənilər Sədərək istiqamətində strateji əhəmiyyətli Mil təpəsini və ətrafındakı 2 yüksəkliyi ələ keçirdilər. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev “Reuters” agentliyinə verdiyi müsahibədə vəziyyətin gərgin olduğunu bildirmişdi: “ Erməni tanklarının atəşə tutması nəticəsində azı 6 nəfər həlak olub, 54 nəfər yaralanıb.[3] Vəziyyət hazırda çox mürəkkəbdir. Ermənilər üç təpəni ələ keçiriblər və hələ də Sədərək şəhərinə hücumu davam edirlər.” Əməliyyat həyata keçirilən yer Naxçıvanla Türkiyəni birləşdirən Yuxarı Qarasu koridoruna çox yaxın idi. Bu hücumun məqsədi Naxçıvanın Türkiyə ilə əlaqəsinin kəsilməsi, eləcə də buradakı körpünün tikintisinə mane olmaq idi. Naxçıvan MR-in xarici işlər naziri Rza İbadov “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyədən real yardımlar istədi: “ Sədərəkdə atışmalar davam edir. Dinc əhalinin əksəriyyəti burdan köçürülüb. Xəstəxanalarda dərman çatışmır[4]. Ermənilərin əsas məqsədi Naxçıvanı tutmaqdır. Dünya ictimaiyyəti buna biganə qalmamalıdır. Söhbət real işğaldan gedir. Ermənilər diplomatik təzyiqə məhəl qoymurlar. Onlara başa düşdükləri dildə cavab vermək lazımdır. Türkiyədən ermənilərə qarşı vuruşmaq üçün müasir silahlar istəyirik.” (“Xalq”qəzeti, 20. 05.1992:1).
Bu döyüşlər Ermənistana çox güclü siyasi təzyiqlə nəticələndi. Ən sərt açıqlama Türkiyədən gəldi. Baş nazirin müavini Ərdal İnönü Naxçıvanda olan sərhədin zorla dəyişdirilməsini qəbul etməyəcəklərini, bu hücumun nəticələrinin Ermənistan üçün ağır olacağını qeyd etdi. İnönü mayın 19-da Ermənistanın xarici işlər naziri Raffi Hovhannisyana zəng edərək Ermənistanın Naxçıvana hücumunu dayandırması ilə bağlı xəbərdarlıq etdi. Müalicə üçün Hyustonda olan Türkiyə prezidenti Turqut Özal isə daha sərt idi: “Vəziyyət gərginləşsə Naxçıvana qoşun göndərəcəyik. Biz bunu tərəddüd etmədən edəcəyik. Əks təqdirdə Dağlıq Qarabağda baş verən hadisələr orda da təkrarlana bilər.” Bu açıqlamadan sonra Baş nazir Süleyman Dəmirəl Levon Ter-Petrosyana zəng edərək hücumun davam edəcəyi təqdirdə Türkiyənin münaqişə ilə bağlı bitərəf siyasətini dəyişdirəcəyini açıq şəkildə bildirdi (“Xalq”qəzeti, 20.05.1992:1).
İran rəsmiləri də Ermənistanın Sədərək hücumuna açıq şəkildə qarşı çıxdı. İran dövlət radiosu yüksək rütbəli diplomatik məmura istinadla bildirirdi: “ Ermənilərin Naxçıvana və bu ərazidəki digər mühüm obyektlərə hücumları Azərbaycana qarşı açıq-aşkar təcavüzdür və İran bu respublikaların sərhədləri daxilində heç bir dəyişikliyi qəbul etməyəcək.”
İranın xarici işlər naziri Əli Əkbər Vilayəti mayın 22-də Heydər Əliyevə zəng edərək İranın Naxçıvana hər cür yardım edəcəyi barədə təminat verdi (“Xalq”qəzeti, 26.05. 1992:3). Avropa İttifaqı rəsmiləri də Naxçıvana hücumu qətiyyətlə pislədi: “Biz bu aqressiv hərəkətləri pisləyirik və bu cür hücumun qətiyyən qəbuledilməz olduğunu birmənalı şəkildə bildirməyi zəruri hesab edirik”. Azərbaycan-Ermənistan münaqişəsində ilk dəfə olaraq ABŞ rəsmiləri Ermənistanı açıq aqressiyada günahlandırdı. ABŞ Dövlət Departamentinin sözçüsü Marqaret Tatuaylerin açıqlaması isə konkret idi: “ABŞ hökuməti Naxçıvanın statusunda zorakılığa əsaslanan heç bir birtərəfli dəyişikliyi qəbul etməyəcək”. Sədərəkdəki döyüşlər davam edərkən ABŞ Prezidenti Corc Buş və Dövlət katibi Ceyms Beyker Levon Ter-Petrosyanla əlaqə saxlayaraq Naxçıvanda aparılan əməliyyatları dayandırmağa çalışdılar. Adı çəkilməyən yüksək rütbəli amerikalı diplomatından biri mayın 22-də “The New York Times” qəzetinə verdiyi müsahibədə qeyd edirdi: “Ermənilər ölkədəki seçkilərə başımızın qarışdığı ərəfədə Bosniya serbləri kimi hər yerdə münaqişə ocaqları yaratmağa çalışırlar.”
Sədərək döyüşlərində Ermənistanın tərəfini tutan təkcə Rusiya oldu. Türkiyənin Ermənistana hərbi müdaxilə təhdidinə MDB Silahlı Qüvvələrinin komandanı, marşal Yevgeniy Şapoşnikov qarşı çıxdı: “Ermənistan və Azərbaycan arasındakı münaqişəyə kənardan istənilən müdaxilə daha geniş müharibəyə səbəb ola bilər. Rusiya, Türkiyə, ABŞ daxil olmaqla bütün ölkələr belə bəyanatlardan çəkinməlidir. Hər hansı hərbi müdaxilə olarsa, bu, üçüncü dünya müharibəsi ilə nəticələnə bilər və buna yol vermək olmaz.” Rusiya hökuməti Ermənistanı müdafiə etmək üçün regiona MDB Silahlı Qüvvələrindən ibarət hərbi kontingent göndərməyi planlaşdırmışdı. Lakin MDB-yə daxil olan ölkələr buna razı olmadı və Ermənistanı aqressivlikdə günahlandırdılar. Hətta Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ermənistana hərbi və siyasi embarqo tətbiq edilməsini təklif etmişdi. Bundan başqa, Heydər Əliyev dünyanın aparıcı xəbər agentliklərini Naxçıvana dəvət edərək Ermənistana qarşı informasiya müharibəsi apardı (“Aydınlıq”qəzeti, 03.06.1992:2). Sədərək döyüşləri ilə bağlı “Vaşinqton Post”, Ze Nyu-York Tayms”, “Röyters” agentliklərində silsilə xəbərlər yayımlandı. Almaniyanın “ARD” telekanalı isə bu döyüşlərlə bağlı sənədli film çəkdi. Beləliklə, faktiki diplomatik və informasiya izolyasiyasında qalan ermənilər Sədərək planını həyata keçirə bilmədi. Döyüşlərin əsas aktiv mərhələsi mayın 18-dən 22-ə qədər davam etdi. Mayın 21-də Naxçıvan MR səhiyyə naziri Fərhad Cəfərquliyevin ermənilərin hücum zamanı kimyəvi silah istifadə etməsi[5] haqqında iddiası Ermənistana diplomatik təzyiqi daha da artırdı (“Xalq”qəzeti, 22.05.1992:3). Dünyanın 57 dövləti həmin dövrdə Ermənistanı təcavüzkar adlandırdı (“Aydınlıq”qəzeti, 03.06.1992:2).
Sədərək döyüşləri Azərbaycanın daxili siyasətində böyük dəyişikliklər yaratdı. Döyüşlərdə Naxçıvan Xalq Cəbhəsinin üzvləri aktiv formada iştirak etdi və onların bir qismi Heydər Əliyevin tərəfinə keçmişdi. Naxçıvan Xalq Cəbhəsinin üzvlərinin əksəriyyəti mayın 19-da faktiki olaraq hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsini Sədərək döyüşləri zamanı Naxçıvana yardım etməməkdə ittiham etdi. Bunu “ANS” telekanalına verdiyi müsahibədə Dövlət Müdafiə Komitəsinin qərargah rəisi Səhlab Məmmədov açıq şəkildə bildirmişdi. Naxçıvan Ali Məclisi sədri Heydər Əliyev türk jurnalist Deniz Armana verdiyi müsahibədə Azərbaycan televiziyasını yalan danışmaqda, Naxçıvana heç bir yardım etməməkdə ittiham etdi: “Azərbaycan Naxçıvana əhəmiyyət vermir. Mən hər gün Türkiyənin Baş naziri ilə telefonla danışıram. Ancaq Azərbaycanın prezidentləri ilə 9 aydır ki, əlaqə saxlaya bilmirəm.” Daxili problemlər və silah çatışmazlığına baxmayaraq Naxçıvan özünümüdafiə qüvvələri hücuma keçərək itirilən mövqeləri geri ala bildi. Ümumilikdə döyüşlərdə 50-yə yaxın naxçıvanlı həlak oldu. Mayın 24-də Ermənistan müdafiə naziri Vazgen Sarkisyan Heydər Əliyevə müraciət edərək sülhə çağırdı (Hacıyev,2015:325). Həmin gün başlanan danışıqlar mayın 28-də tərəflərin atəşkəs sazişi imzalaması ilə nəticələndi. Sədərəkdəki qələbə Heydər Əliyevin Naxçıvanda, eləcə də Azərbaycanda populyarlığını daha da artırdı (Çernyavskiy, 2002:63).
Elçibəyin hakimiyyətə gəlməsi və hərbi uğurlar
Naxçıvan MR-in 1992-ci ilin may ayından etibarən Azərbaycan Xalq Cəbhəsi ilə gərginləşən münasibətlərində əsas amillərdən biri də prezident seçkiləri idi. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev 1991-ci ildə olduğu kimi, bu dəfəki prezident seçkilərinin də keçirilməsinin əleyhinə idi : “Müharibə vəziyyətində olan Azərbaycanda, xüsusən də onun ərazisinin müəyyən hissəsinin ermənilərin əlinə keçdiyi bir şəraitdə əsl demokratik seçkilər keçirilə bilməz. Hazırda Bakıda hakimiyyət yoxdur. Əsl hərc-mərclik hökm sürür. Şuşanın itirilməsi Azərbaycanda siyasi böhranı daha da ağırlaşdıracaq.”(“Xalq”qəzeti,13.05.1992:2). Heydər Əliyevin Sədərək döyüşləri zamanı türk jurnalist Deniz Armana verdiyi müsahibədə seçkilərin əleyhinə olduğunu bir daha bildirdi. Buna baxmayaraq Naxçıvan MR seçkiləri boykot etmədi. Heydər Əliyev “Aydınlıq” qəzetinə verdiyi müsahibədə qeyd edir : “Yarım milyondan çox adamın yurdsuz-yuvasız yaşadığı ölkədə prezident seçkisi keçirmək mənəviyyata zidd haldır. Bizim Ali Məclisin qəbul etdiyi qərarda göstərilir ki, yaranmış şəraitdə ədalətli, demokratik seçkilərin keçirilməsi mümkün deyil. Ancaq biz öz qərarımızda da göstərmişik ki, Azərbaycan Respublikası Ali Sovetinin 25 mart tarixli qərarı əsasında Naxçıvanda seçkilər keçirilsin. Çünki biz bir dəfə, 1991-ci il sentyabrın 4-də Ayaz Mütəllibovun prezident seçilməsinin əleyhinə çıxmışıq. İndi də qoşulmasaq, başqa cür mənalandırmağa başlayacaqlar. Hazırki vəziyyətdə seçkilər ədalətli olmayacaq, seçkilərin nəticəsi mütləq saxtalaşdırılacaq.” (“Aydınlıq”qəzeti, 03.06.1992:3).
Bu seçkilərdə də Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndində edilən düzəlişə görə (65 yaşından yuxarı şəxslərin prezident ola bilməyəcəyi haqqında) Heydər Əliyev namizədliyini irəli sürə bilmədi. Bununla bağlı bir qrup Heydər Əliyev tərəfdarı Milli Məclis binasının qarşısında aksiyalar keçirsə də AXC geri addım atmadı. Elçibəy əsas rəqibini bununla neytrallaşdırdı. Bundan başqa, müxalifətdən olan əsas rəqibi Etibar Məmmədovun seçkilərdə iştirakdan imtinası Elçibəyin rahat qələbə qazanması demək idi. Lakin bu dövrdə Elçibəyin nəzərə almadığı güclü rəqibi ortaya çıxdı. Azərbaycan Demokratik Ziyalılar İttifaqının sədri Nizami Süleymanov utopik vədləri ilə cəmiyyətdə xeyli populyarlıq qazandı. Nizami Süleymanov prezident seçiləcəyi təqdirdə evlənən gənclərə içərisində mebeli olan pulsuz mənzil verəcəyini bildirmişdi. Bundan başqa, O, çörəyin və ərzağın qiymətini aşağı salacağını, 3 ay ərzində isə Qarabağ problemini həll edəcəyini vəd edirdi. Nizami Süleymanovun Heydər Əliyevə münasibəti müsbət idi və prezident olacağı təqdirdə onu ən yaxın məsləhətçisi təyin edəcəyini qeyd edirdi. (“Xalq”qəzeti, 05.06.1992:2).
İyunun 7-də baş tutan seçki prosesi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası əməkdaşları tərəfindən izlənildi və iyunun 26-da hazırlanan yekun hesabatda qeyri-demokratik adlandırıldı. Komissiya üzvləri Bakıda və Mərdəkanda seçkiləri müşahidə edərkən çoxlu sayda seçki pozuntularını (qohumlarının yerinə səs vermə, qeydiyyatda olmayanların seçkidə iştirakı və s.) qeydə aldı. Maraqlıdır ki, xarici müşahidəçilər hesabatda bir neçə məntəqədə Heydər Əliyevin adı yazılmış bülletenləri gördüklərini bildirmişdi. Bir həftə sonra Mərkəzi Seçki Komissiyasının məlumatında əhalinin 59,4 faizi AXC namizədi Əbülfəz Elçibəyə, 33 faizi isə Nizami Süleymanova səs verdiyi qeyd edildi (“Xalq”qəzeti, 16.06.1992:2). Naxçıvan MR-də seçki prosesində 76 faiz seçici iştirak etdi və nəticələrə əsasən onların yarısı Əbülfəz Elçibəyə səs vermişdi (“Xalq”qəzeti,09.06.1992:2). Süleymanov nəticələr açıqlandıqdan sonra prosesin saxtalaşdırıldığını bildirsə də sonda məğlubiyyəti qəbul etdi. Prezidentin andiçmə mərasimindən 1 gün əvvəl, iyunun 16-da Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev və onun müavinləri Asif Kələntərli, Qafar Məmmədov, Rəşid Həsənov və Anar Səfərov Əbülfəz Elçibəyi prezident seçilməsi münasibəti ilə təbrik etdilər (“Azadlıq”qəzeti, 17.06.1992:1).
Hakimiyyətə gəldikdən 1 ay sonra AXC hökumətində daxili parçalanma baş verdi. Belə ki, Milli Məclisin sədri İsa Qəmbərov Nəsib Nəsibzadə ilə birlikdə Müsavat partiyasını bərpa edərək iqtidarı faktiki olaraq bölmüşdü. İsa Qəmbər iyulun 16-da keçirilən AXC-nin 3-cü ildönümünə həsr edilmiş yığıncaqda partiya daxilində parçalanmanın təbii proses olduğunu bildirdi (“Səs”qəzeti, 23.07.1992:1). Partiya bərpa olunduqdan dərhal sonra Tofiq Qasımov, İxtiyar Şirinov, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Aydın Balayev, Vurğun Əyyub və digər ictimai xadimlər Müsavata üzv oldular. Müsavat yarandığı ilkin dövrlərdə koalisiyada olduğu radikal millətçi AXC-dən fərqli liberal milliyətçiliyə malik idi. “Səs” qəzetinin əməkdaşına verdiyi müsahibədə İsa Qəmbər daim AXC üzvü qalacağını bildirsə də müsavatçıların hakim partiyadan fərqli fikirləri olduğu ortaya çıxdı. Belə ki, Müsavatın bərpa mərkəzinin katibi Nəsib Nəsibzadə Şimali və Cənubi Azərbaycanın birləşməsi haqqında verilən suala praqmatik cavab verdi: “İran və Azərbaycan arasındakı sərhədləri pozmamaqla, cənubdakı azərbaycanlı həmvətənlərimizin hüquqlarının qorunmasını real hesab edirik.” (“Səs”qəzeti, 09.07.1992:3). Bu açıqlama İrana qarşı açıq ərazi iddiaları edən Elçibəyin fikirləri ilə üst-üstə düşmürdü. Bununla belə, hakimiyyətin ilk dönəmlərində bu koalisiya xarici və daxili siyasətdə vahid formada hərəkət etdi. Bu isə yay aylarında Azərbaycanın Qarabağda hərbi uğurlarına öz təsirini göstərdi.
Elçibəyin hakimiyyətə gəlməsi ilə ölkədə qısa müddətli hərbi və siyasi stabillik başladı. 1992-ci il mayın 15-də SSRİ Ordusunun silahlarının bölüşdürülməsi ilə bağlı sazişdən sonra Zaqafqaziya Hərbi Dairəsinin tərkibində olan hərbi texnika və silahların Azərbaycan, Gürcüstan və Ermənistana verilməsinə başlanmışdı. Azərbaycan bu silah və sursatların böyük hissəsini özündə cəmləşdirdi. Belə ki, bölgüyə görə Azərbaycana SSRİ 4-cü Ordusunun arsenalından 230 tank, 360-a yaxın zirehli transportyor, 200-ə yaxın artilleriya qurğusu, döyüş helikopteri və təyyarələri verilmişdi (Çernyavskiy, 2002:100-101). Bu amil Azərbaycan Ordusuna iyun ayında güclü zərbə qruplaşması yaratmağa imkan verdi. Çarpaz zərbələrdən sonra Azərbaycan bölmələri iyulun 4-də Ağdərəni ələ keçirə bildi. Hücumu davam etdirən Azərbaycan Ordusu faktiki olaraq DQMV-nin 48 faizinə nəzarəti bərpa edə bildi. Əməliyyatın sürətli həyata keçirilməsində 104-cü hava-desant diviziyasının 328-ci paraşüt alayının komandiri Vladimir Şamanovun böyük rolu vardı. (Krivopalov, 2011:328). Əməliyyatlar zamanı bu dəfə ermənilər Rusiyaya bu ölkənin hərbi birləşmələrinin Azərbaycan tərəfində vuruşması ilə informasiya versə də qarşı tərəf bunu qəbul etmədi. Rus hərbçilərinin əməliyyata qatılması müdafiə naziri Rəhim Qazıyev və 2-ci Ordu korpusunun komandiri, polkovnik Surət Hüseynovun şəxsi nüfuzu sayəsində mümkün oldu. Lakin hərbi uğurlar qısa müddət davam etdi. Xankəndinin 12 km-ə qədər gələn ordu geri oturduldu və erməni əks-hücumu ilə Ağdərə rayonunun mərkəzinə geri çəkilməyə başladı.
Naxçıvanın tam blokadası və qonşu dövlətlərlə diplomatik münasibətlər
Ermənistan rəsmi olaraq Naxçıvan MR-ə blokada tətbiq etməyəcəyi barədə öhdəlik götürsə də bu ifadələr sadəcə sözdə qaldı. 1992-ci ilin yaz aylarından etibarən region qismən blokadaya alındı. AXC-nin Ermənistan və Dağlıq Qarabağa tam blokada həyata keçirməsindən[6] sonra iyulun 13-də Ermənistandan Naxçıvana gedən bütün kommunikasiya xətləri kəsildi. Bu amil həm Naxçıvanda, həm də Ermənistanda ciddi humanitar böhran yaratdı. Mayın 28-də Türkiyə ilə sərhəddə körpünün açılması əraziyə qonşu ölkə vasitəsilə humanitar yardım həyata keçirilməsi ilə nəticələnsə də bu əhali üçün kifayət etmirdi. Bundan başqa, Türkiyənin bu regionunda humanitar konvoylara hücumların həyata keçirilməsi yardımın Naxçıvana çatdırılmasında problem yaradırdı. Naxçıvan MR-in Azərbaycandakı nümayəndəsi Həsən Zeynalov “Helsinki Watch”-a verdiyi müsahibədə bildirirdi : “Naxçıvanın 300 min sakini tələb olunan yanacağın və dərmanın cəmi on beş faizini alır. Əhalinin yetmiş faizə yaxınının məşğul olduğu kənd təsərrüfatı sektoru zərər içindədi. Otuz fabrikdən yalnız on ikisi işləyir, əhalinin otuz faizi işsiz qalıb. Elektrik xətləri Türkiyədən gəlir, lakin Türkiyədəki kürd PKK üsyançıları bəzən ötürücü qüllələri partladaraq təchizatı dayandırır.”
Blokada şəraitində olan Naxçıvanda olan yeganə beynəlxalq humanitar təşkilat Adventist İnkişaf və Yardım Agentliyi (ADRA) idi. Bu təşkilat 20 min ailəyə ayda 20 kiloqram ərzaq paketi paylayırdı. Humanitar yardım Türkiyənin Mersin şəhərindən Ümid körpüsü vasitəsilə Naxçıvana çatdırılırdı. Ərzaq bağlamaları ABŞ-nin maliyyəsi ilə həyata keçirilirdi.[7] Naxçıvanda olan ADRA rəsmisinin “Helsinki Watch”-a verdiyi müsahibədə regionda vəziyyətin çox pis olduğunu bildirmişdi : “Kənd təsərrüfatı məhv olub , insanlar toxumları yeyirlər. Suvarma da çöküb, nasoslar üçün ehtiyat hissələri yoxdu. Regionda demək olar ki, ağac qalmayıb.” ABŞ-ın Naxçıvana yardım koordinatoru Harri Kleyn də blokadaya alınmış Naxçıvandakı iqtisadi vəziyyətin Ermənistanla müqayisədə çox daha pis olduğunu demişdi. Bu səbəbdən Heydər Əliyev Ermənistanla bağlanmış dəmir yolunun açılması ilə bağlı bir sıra danışıqlar apardı. Naxçıvan MR rəhbərliyi Azərbaycandan da həmin dəmir yolunun açılması üçün Ermənistana siyasi formada təzyiq edilməsini tələb edirdi. Bununla bağlı Milli Məclis iyulun 15-də “Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət haqqında” qanunu qəbul etdi. 10 gün sonra Naxçıvan MR Ali Rəyasət Heyəti bu qanunun Milli Məclisdə lazımi səviyyədə hazırlanmadığını, Naxçıvandakı problemlərin dərindən təhlil edilmədiyi və ən əsası, vəziyyətdən çıxış yolu göstərmədiyini bildirən bəyanat yayımladı (“Səs”qəzeti, 07.08.1992:2).
İyulun sonuna yaxın Naxçıvan MR ilə Azərbaycan hökuməti arasında gərginlik artdı. AXC rəhbərliyi Naxçıvan blokadasının aradan qaldırılmasında maraqlı deyildi və bundan Heydər Əliyevə qarşı istifadə etməyə çalışırdı. Naxçıvan MR-in Bakıdakı nümayəndəsi Həsən Zeynalov “Səs” qəzetinə verdiyi müsahibədə qeyd edirdi: “Min bir zülmlə 60 maşın hazırlayıb İran yolu ilə Astaradan Naxçıvana göndərirdik. Son anda Bakıdan kim nə göstəriş veribsə, hamısını geri qaytarıblar. Dövlət katibi Pənah Hüseynov mənə zəng edib deyir ki, Naxçıvana göndərilən maşın karvanının sürücüləri yanımdadır, narazılıqlarını bildirirlər. Görəsən bunda mənmi günahkaram? Dedim, ay qardaş, mən rəsmi adam 10 gündür sənin qəbuluna düşə bilmirəm, sürücülər nə tez istəklərinə çatıblar ?” (“Səs”qəzeti, 30.07.1992:1).
Azərbaycan dəmiryolu idarəsinin rəisi Elbrus Abdullayev isə yolun açılmama səbəbini sədərəklilərin onu boğa bilməsi ehtimalı ilə bağlayırdı. Maraqlıdır ki, həmin dövrdə blokadanın qalma tərəfdarı Naxçıvan Xalq Cəbhəsi idi. Bu qurumun sədri Arif Rəhimov konkret idi: “Biz it yeyəcəyik, pişik yeyəcəyik, gərmə yandıracağıq, amma bu dəmiryolunun açılmasına izn verməyəcəyik.” (“Səs”qəzeti, 30.07.1992:1). Lakin bu fikirlər Naxçıvan əhalisinin düşüncəsi ilə ziddiyət təşkil edirdi. Əhali istənilən formada blokadadan çıxşı dəstəkləyirdi. Blokadanı dəf eləmək üçün həmin dövrdə AXC rəhbərliyinin daha ambisiyalı planı var idi. Bunun üçün Zəngəzurun ələ keçirilməsi haqqında plan hazırlamışdı. Plana görə, Zəngilan və Ordubad istiqamətindən hücuma keçəcək qüvvələr Azərbaycanla Naxçıvan arasında dəhliz açmalı idi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan 1992-ci ilin iyul ayında verdiyi açıqlamada deyirdi: “Son zamanlar Azərbaycanın siyasi dairələri Ermənistanın cənub və Ermənistanla İran arasında ümumi sərhədi ləğv etmək üçün əvvəlcədən planlaşdırdıqları hücumu həyata keçirməyə başlayıblar. Azərbaycan Silahlı Qüvvələrinin ən azı on motoatıcı bölməsi Naxçıvanın Meğri rayonu ilə həmsərhəd olan Ordubad rayonu və Azərbaycanın Zəngilan bölgəsində cəmləşib. Onlar Ermənistana zərbə vurmağa hazırdırlar.”
Bu plan ağır vəziyyətdə olan Naxçıvanda ikinci cəbhəni aça bilərdi. Bu səbəbdən Naxçıvan istiqamətindən hücum Heydər Əliyev tərəfindən rədd edildi. Heydər Əliyev daha sonra bunu belə xatırlayıb: “1992-ci ilin avqustunda İbrahim İbrahimli Naxçıvana gəldi və mənimlə söhbətində dedi ki, Naxçıvandan Ermənistana qarşı ikinci cəbhə açmaq lazımdır, çünki sentyabr-oktyabr aylarında Qarabağın azad edilməsi üçün böyük əməliyyatlar planlaşdırılır. Ermənistan öz qüvvələrinin bir hissəsini Qarabağdan Naxçıvana çıxarmağa məcbur edilməlidir. Mən ona cavab verdim ki, Qarabağı azad etmək istəyirsənsə, azad et, amma Naxçıvanı bu məsələyə qatma.” Heydər Əliyev blokadanın yaratdığı ağır iqtisadi vəziyyətin və problemlərin özünə qarşı çevriləcəyini başa düşürdü. Bu vəziyyətdən çıxış yolu üçün Naxçıvan lideri Türkiyə və İranla münasibətləri daha da gücləndirdi. Türkiyədən alınan 100 milyon dollar kredit vasitəsi ilə blokadanın ağır təsir etdiyi iqtisadi baxımdan daha vacib strukturların zərərləri aradan qaldırıldı (Zenkoviç, 2007: 436). (Maraqlıdır ki, eyni dövrdə Əbülfəz Elçibəy Türkiyədən 200 milyon dollar kredit ala bilməmişdi). Ümid körpüsünün təntənəli açılışından sonra bura Naxçıvan MR ilə Türkiyə arasında sərhəd keçid məntəqəsinə çevrildi. Blokadanın ağırlaşdığı bir dövrdə, iyulun 9-da buradan Naxçıvana 63 Mvt gücündə elektrik enerjisinin nəqlinə başlanıldı. Heydər Əliyevin 1992-ci ilin iyun ayında İzmirə həyata keçirdiyi rəsmi səfərdən sonra Naxçıvan MR hökuməti ilə Türkiyə arasında 10 milyon dollarlıq ərzaq yardımı ilə bağlı razılıq əldə edildi. Həmin ilin sentyabr ayında Türkiyə Naxçıvana 600 ton makaron, 200 ton zeytun yağı, 100 ton kərə yağı, 282 ton quş əti, 117 ton düyü göndərdi (Hacıyev, 2015:338). Amerikalı jurnalist Tomas Qoltz həmin anları belə xatırlayır : “Mən qida dolu yüklərin qarşılanma mərasimində iştirak etmişdim. Naxçıvanın baş naziri gözləri yaşlı formada ərzaqın çatdırılmasında göstərdikləri fədakarlığa görə hər bir yük maşını sürücüsünü öpmüşdü.” (Goltz, 2015:73)
Heydər Əliyevin İranla olan münasibətləri isə Türkiyədən daha yaxın idi. İranın 1991-ci ildən Naxçıvan MR ərazisində “Hilal Əhmər” xeyriyyə cəmiyyəti və “İmam Xomeyni” fondu fəaliyyət göstərirdi. Heydər Əliyevin Naxçıvan MR sədri seçilməsindən sonra bura gələn ilk rəsmi qonaqlar Mərənd fərmandarı Rza İbadini və Şərqi Azərbaycan ostandarı Əkbər Pəhrizkari olmuşdu. 1992-ci ildən etibarən İranın “Bonyade Mostezəfan və Canbazane Enqelabi İslami” şirkəti sənaye və kənd təsərrüfatı sahələrində, “Azərlab” şirkəti isə dərman ləvazimatları baxımından Naxçıvana yardım etməyə başladı. İranın müxtəlif şirkətləri Naxçıvana səfər edərkən özləri ilə ət və ət məhsulları, eləcə də generatorlar gətirirdi (Hacıyev, 2015:338) İranın Azərbaycandakı səfiri Əli Əsgər Nəhəvəndian “İstiqlal” qəzetinə verdiyi müsahibədə Naxçıvana həyata keçirilən yardımlar barədə bunları qeyd edir: “ 1992-ci ilin əvvəlindən biz Azərbaycana məişətdə işlənilən qaz veririk. Hər gün verilən qazın xərci 250 min dollardır. İllik bu təxminən 80 milyon dollar deməkdir. Biz Azərbaycan üçün beynəlxalq telefon qovşağı tikdik, qiyməti təxminən 7 milyon dollardır. Bundan başqa, ölkədə şəkər çuğunduru və üzüm emalı zavodlarımız var. Biz Azərbaycan üçün etdiklərimizi reklam etmək fikrində deyilik. Qardaşlar arasında buna ehtiyac yoxdur.” (“İstiqlal”qəzeti, 29.09.1992:4).
Heydər Əliyevin İranla yaxın münasibəti AXC hökumətinin ürəyincə deyildi. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy açıq şəkildə İrana qarşı ərazi iddiaları etməsi bu ölkənin Azərbaycanla olan münasibətlərinə mənfi təsir etmişdi. Bununla bağlı iyunun 17-də “Nezavisimaya qazeta” müxbirləri ilə söhbət zamanı rus jurnalistlər Elçibəyi daha praqmatik siyasət aparmağa çağırsalar da prezident buna razı olmamışdı:
– İran rəhbərliyinə qarşı işlətdiyiniz ifadələr bəzi müşahidəçilərdə narahatlıq yaradıb. Onlar deyirlər ki, Azərbaycan balaca Ermənistana qarşı güc-bəla ilə mübarizə aparır, bir yandan da İranla münasibəti pisləşdirə bilər.
– Bilirsinizmi, mən yalan danışmağa öyrəşməmişəm. Mən tarixi uzun müddət öyrənmiş bir alim kimi söyləyirəm. XX əsrdə İrandakı rejim İran azərbaycanlıları üçün məktəblərin açılmasına icazə vermir. Mən bunu açıq deməsəm, o zaman Cənubi Azərbaycanda yaşayan 20 milyon azərbaycanlı qarşısında vicdan əzabı çəkmiş olaram. (“İki sahil ”qəzeti, 25.06.1992:1).
Buna baxmayaraq, bu dövrdə Naxçıvan MR-in İranla münasibətləri yüksələn xətlə inkişaf edirdi. İranın xarici işlər naziri Əli Əkbər Vilayətinin dəvəti ilə 1992-ci ilin avqustun 22-də Tehrana səfər edən Heydər Əliyev burada bu ölkənin nümayəndələri ilə danışıqlardan sonra dövlətlərarası protokol imzaladı. Protokolda deyilirdi:
- 1992-ci ilin oktyabr ayından etibarən İrandan Naxçıvana 200 milyon kilovatt enerji verilməsi nəzərdə tutulur.[8]
- Naxçıvanın təbii qazla təminatı üçün İran hökuməti Xoy-Culfa təbii qaz kəmərinin xərclərini öz üzərinə götürür. Qaz kəməri tikilənə qədər İran Naxçıvana ayda 100 ton maye qaz göndərəcək.
- İran İslam Respublikası Naxçıvan MR-in xahişini nəzərə alaraq, yüklərin Naxçıvandan Culfa-Xudafərin yolu ilə Bakıya daşınmasına izn vermişdir.[9]
- İran İslam Respublikası Ordubad – Mincivan dəmir yolu xəttinin çəkilməsi ilə Naxçıvan MR-in xahişini nəzərə alaraq bu məsələ ilə bağlı komissiya yaradacaq və texniki baxışdan sonra qarşı tərəfə layihə ilə bağlı cavab veriləcək.
- Qərbi Azərbaycan ostanına daxil olan Poldəşt məntəqəsi ilə Naxçıvanın Şahtaxtı kəndini birləşdirəcək Araz çayı üzərindəki körpü layihəsi ilin sonuna kimi yekunlaşdırılacaq.
- Naxçıvan MR əhalisinin ərzaq və yanacaq ehtiyacını ödəmək məqsədi ilə 9 ay ərzində Culfa sərhəd məntəqəsindən muxtar respublikaya 90 min ton kömür, 50 min ton mazut, 30 min ton dizel, 15 min ton avtobenzin, 25 min ton un, 15 min ton kartof, 5 min ton şəkər tozu, 5 min ton soğan, 1,5 min ton makaron, 1,8 min ton bitki yağı göndəriləcək.
- İranın “Bonyade Mostezəfan və Canbazane Enqelabi İslami” şirkəti Babəkdə illik 20 milyon ədəd istehsal gücü olan kərpic zavodu, Culfada “Nüşabə” qazlı su zavodu və Şərurda meyvə şirəsi zavodu tikəcək. Bu şirkət eləcə də Naxçıvanda məscid tikməyi öz öhdəsinə götürür. (“Səs”qəzeti, 17.09.1992:1).
Bu görüşlər zamanı Əliyevin Elçibəy hakimiyyətinə tamamilə zidd siyasət apardığı onun istifadə etdiyi ifadədən görmək mümkündü: “Heç bir şeytan İranla bizim əlaqələrimizə zərər verə bilməz.” Heydər Əliyevin İranla Azərbaycan rəhbərliyi ilə məsləhətləşmədən bir sıra enerji layihələrini imzalaması Elçibəy hakimiyyətini qıcıqlandırdı. Azərbaycan hökuməti Naxçıvan MR-ə Naxçıvan Xalq Cəbhəsi və “Demokratik Azərbaycan” bloku vasitəsi ilə təsir etməyə çalışdı. Bu təzyiq nəticəsində avqustda keçirilən Naxçıvan Ali Məclisinin sessiyası boykot edildi. Lakin bu boykot qərarı əks effekt verdi və əhali tərəfindən pis qarşılandı. Bu səbəbdən Naxçıvan Xalq Cəbhəsi sentyabrın 20-də keçirilən sessiyaya qatılma qərarı aldı. Bu sessiyada Naxçıvan Xalq Cəbhəsinin üzvü, Culfadan olan deputat Əşrəf Talıbov Naxçıvanda Milli Şura yaradılmasını təklif etdi (“İstiqlal”qəzeti, 29.09.1992:3). Lakin bu təklif qəbul edilmədi, Naxçıvan deputatlarının bir hissəsi Azərbaycan Ali Sovetinin Milli Şurasını qeyri-konstitutsion orqan kimi dəyərləndirdilər. Bu sessiyada AXC üzvlərinin bir hissəsi Bakının təlqin etdiyi siyasi konyukturadan çıxdılar və tamamilə Heydər Əliyevi müdafiə etməyə başladılar. Bu səbəbdən AXC-nin Naxçıvan MR-dəki 18 deputatı partiya sıralarından xaric edildi (“Naxçıvan”qəzeti, 20.10.1992:4).
Əhalini və parlamenti öz tərəfinə çəkən Heydər Əliyev sentyabr ayında “Səs” qəzetinə verdiyi müsahibədə AXC iqtidarını koalisiya qurmağa çağırdı: “ Hakimiyyətə gəlmək hələ hər şey demək deyil. Qədim Yunanıstanda zülmə, əsarətə tab gətirməyən qullar dəfələrlə üsyan edib hakimiyyətə gəliblər. Lakin həmin qullar başqa cür idarəetmə qabiliyyətinə malik olmadıqları üçün sonra özləri quldarlara çevriliblər. Uzun illər təcrübəmdən deyirəm ki, dövlətçilik düşünüldüyü qədər asan iş deyil. Burada dialektik inkişaf qanunauyğunluğunu da ciddi nəzərə almaq lazımdır. Respublikada hazırki hakimiyyət strukturlarına AXC-nin təkbaşına yiyələnməsi anlaşılan deyil. Siyasəti, xalqı, iqtisadiyyatı sabit rels üzərində aparan dövlət inkişaf mexanizmi olmalıdır. Bunu hazırda görmürük.” (“Səs”qəzeti, 10.09.1992:1).
Heydər Əliyevin bu təklifi aralarında Ziya Bünyadov, Fərəməz Maqsudov , Ömər Eldarov, İqrar Əliyev, Kərim Kərimov, Xəlil Rza Ulutürkün olduğu 20-dən çox ictimai və elmi xadim tərəfindən bəyənildi (“Səs”qəzeti, 16.10.1992:1). Lakin Elçibəyin fikri fərqli idi. 1992-ci ilin avqust ayına qədər Naxçıvanda qurulan Dövlət Müdafiə Komitəsi, dolayısı ilə ordu Heydər Əliyevə tabe idi. Heydər Əliyevlə Rusiya MN və 75-ci diviziyanın komandanlığı ilə aparılan danışıqlardan sonra diviziyaya məxsus bütün hərbi əmlakın Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 25 iyul tarixli iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsi ləğv edildi və onun əsasında Azərbaycan MN tərkibində müvafiq struktur yaradıldı. İyulun 22-dən avqustuna 15-dək hərbi sursatın köçürülmə prosesi davam etdi və Naxçıvanda Azərbaycan MN-in 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı[10] (“Azadlıq”qəzeti, 06.08.1992:2). Naxçıvanda orduya nəzarəti ələ keçirən AXC hökuməti Heydər Əliyevə tabe olan güc strukturlarını da öz təsirində saxlamaq istəyirdi. Bu isə tərəflər arasında açıq qarşıdurmaya – Naxçıvanda hakimiyyət çevrilişinə cəhdlə nəticələndi.
Qeydlər
[1] İrandan Ermənistanda gedən qatarda tapılan saqqızın Fərzəliyev tərəfindən müsadirə edilməsi iddiası.
[2] Naxçıvan Ali Məclisinin aprelin 30-dan sentyabra kimi sessiya keçirməyib. Bu səbəbdən 1992-ci il sentyabrın 16-a qədərki dövrdə Xanbabayev Baş nazir vəzifəsini Naxçıvan MR Ali Məclisinin qərarı olmadan icra edib (“Səs” qəzeti, 24.09.1992:1).
[3] Həlak olan hərbçilər Məmmədov Surəddin Oruc oğlu, Məmmədov Muxtar İsa oğlu, Səfərov Müşfiq Qasım oğlu, Tağıyev Rüstəm Rəşid oğlu, Cəfərov Şakir Səttar oğlu və Əliyev Kamran Yaqub oğlu idi. Onların hər biri idman bölüyünün ( “Sportrota” olaraq tanınır) əsgərləri olub.
[4] Həkim çatışmamazlığına görə Türkiyə hökuməti Naxçıvana 9 həkim göndərdi (“Vışka” qəzeti, 02.06.1992:1).
[5] 1992-ci ilin iyul ayında BMT-nin apardığı araşdırmada kimyəvi silahın istifadə edilməsi ilə bağlı iddianın doğru olmadığı ortaya çıxdı.
[6] Bu blokadaya görə ABŞ Konqresi Azərbaycana yardımı qadağan edən “907-ci düzəliş”i qəbul etdi. Lakin Bill Klintonla Heydər Əliyevin apardığı danışıqlardan sonra Robert Finn vasitəsilə Naxçıvan MR ABŞ-dən humanitar yardım ala bildi (Goltz, 2015:287)
[7] Heydər Əliyev iyunun 17-də Naxçıvana səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Riçard Maylsa bu yardıma görə təşəkkür etdi (“Aydınlıq”qəzeti, 19.06.1992:7).
[8] 1992-ci ilin dekabrın 2-də İran Culfasından Naxçıvan MR-ə 40 Mvt, dekabrın 13-də isə 10 Mvt gücündə enerjinin ötürülməsinə başlanıldı (“Vışka”qəzeti, 05.12.1992:2, “Vışka”qəzeti, 15.12.1992:1).
[9] 1992-ci il dekabrın 16-da Naxçıvan-Horadiz yolu açıldı. İlk sərnişinlərdən biri də Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov idi (“Vışka”qəzeti, 18.12.1992:2)
[10] Keçmiş Sovet bölmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarıldığı ilk region Naxçıvan MR oldu. (Hacıyev,2015:332)
İstifadə edilən ədəbiyyat
ALİYEV, Ş. Y. TÜRKİYE-NAHCİVAN İLİŞKİLERİNDE ULAŞIM SEKTÖRÜNÜN ROLÜ. Belgü, (4), 7-15.
https://dergipark.org.tr/en/download/article-file/646716
Goltz, T. (2015). Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic. Routledge.
Hacıyev, İ. & Həbibbəyli, İ & Səfərli , F. & Qədirzadə, Q. & Baxşəliyev, B. (2015). Naxçıvan tarixi. 3 cilddə, III cild. Əcəmi.
Helsinki, H. W. R. (1994). Azerbaijan, Seven Years of Conflict in Nagorno-Karabakh.
https://www.hrw.org/reports/AZER%20Conflict%20in%20N-K%20Dec94_0.pdf
Ramezanzadeh, A. (1996). Iran’s role as mediator in the Nagorno-Karabakh crisis. Contested borders in the Caucasus, 318.
https://www.vub.be/sites/vub/files/nieuws/users/bcoppiet/135ramezanzadeh.pdf
Turhan, T. (2011). KUZEY KIBRIS TÜRK CUMHURİYETİ-AZERBAYCAN. Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi, 60(1), 175-196.
https://dergipark.org.tr/en/download/article-file/624661
Зенькович, Н. А. (2007). Гейдар Алиев. Зигзаги судьбы.
Кривопалов, Олег (2011) Записки советского офицера: на рубеже эпох: ИМА-пресс
Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.
Qəzetlər
“Associated Press” (Assoşieyted Press) agentliyi, 1992.
“Aydınlıq” qəzeti,1992
“Ayna” qəzeti,1992
“Azadlıq” qəzeti,1992
“Xalq” qəzeti,1992
“İki sahil” qəzeti, 1990
“İstiqlal” qəzeti,1992
“Naxçıvan” qəzeti,1992
“Reuters” (Röyters) agentliyi, 1992.
“Səs” qəzeti, 1992
“Vışka” qəzeti,1992
“The Washington Post” (Ze Vaşinqton Post) qəzeti, 1992