16 iyun 1992-ci ildə Goranboy bölgəsi azad edildikdən sonra Azərbaycan qoşunları Ağdərə ərazisində hücum əməliyyatına başladılar. Plana görə düşmənə əsas zərbə Goranboy, Tərtər, Ağdam və Kəlbəcər istiqamətindən endirilməli idi. Əməliyyatın məqsədi Qarabağ silsiləsinin qərb və mərkəzi hissələrini ələ keçirmək, Kəlbəcər-Ağdərə-Tərtər yolunu nəzarət altına almaq və strateji baxımdan əhəmiyyətli Ulubab yüksəkliyini ələ keçirmək üçün şərait yaratmaqdan ibarət idi. Ağdərə əməliyyatına aşağıdakı bölmələr qatıldı.
Tərtər – Goranboy (əsas) istiqamət: 703-cü briqadanın mühəndis-istehkam batalyonu (komandir Nəcməddin Sadıqov),
“Milli Qurtuluş” batalyonu (komandir Şahin Tağıyev),
123-cü Motoatıcı alay (komandir Mehman Şirinov),
778-ci Xüsusi Təyinatlı batalyon (komandir Viktor Mudrak),
235-ci batalyon (komandir Rəsul Süleymanov),
224-cü batalyon (komandir Camal Əliyev),
OMON (komandir Rövşən Cavadov),
Bərdə özünümüdafiə batalyonu (komandir Elçin Əliyev),
Bərdə özünümüdafiə batalyonu “Meşə” (komandir Ələmşah Məmmədov),
1-ci Mingəçevir batalyonu (komandir Alı Yəhyayev)
2-ci Mingəçevir batalyonu (komandir Şaiq Mustafayev)
1-ci Goranboy batalyonu (komandir Məhəmməd Həsənov),
2-ci Goranboy batalyonu (komandir Rasim Əkbərov ),
Xanlar özünümüdafiə batalyonu (komandir Saleh İlyasov) ;
Kəlbəcər istiqamətindən: Polkovnik Zadir Rzayevin rəhbərliyi altında 701-ci motoatıcı briqada,
Ağdam istiqamətindən: Polkovnik Elxan Orucovun komandiri olduğu 708-ci tank briqadası. (Vəliməmmədov, 2019:86).
Ermənistan ordusu isə 3 istiqamətdə ümumilikdə 1136 nəfərdən ibarət dəstələrdən ibarət idi. Bunlardan 383 nəfər Kəlbəcər, 371 nəfər Tərtər, 382 nəfər isə Xocavənd istiqamətində mövqe tutmuşdu. Erməni ordusunda 6 tank, 4 piyada döyüş maşını, 1 zirehli transportyor mövcud idi. Bundan başqa ermənilər sadəcə 5 nəfərdən ibarət təcrübəli tank heyətinə sahib olmuşdular. Tank əleyhinə silahlardan 4 ədəd “Faqot”, artilleriya vasitələrindən isə 3 ədəd D-30 haubitsa və 2 ədəd KS-19 zenit topu mövcud idi. Azərbaycan ordusunun çarpaz zərbələrinə məruz qalan erməni qoşunları müqavimət göstərə bilmədi və geri çəkilməyə başladı.
Elə ilk günlərdə Ermənistan ordusunun Ağdərənin müdafiəsindən məsul Vaqif Qalstyan və Ermənistan Müdafiə Nazirliyinin Xüsusi Alay komandiri Vladimir Karapetyan öldürüldü. (Tadevosyan, 2007:573). Goranboy istiqamətindən irəliləyən Azərbaycan qoşunları 18 iyun 1992-ci ildə Tərtər çayına çatdı. 16-18 iyun 1992-ci ildə Azərbaycan qoşunları Ağdərənin Madagiz və Tonaşen kəndlərinə daxil oldu. Hücum zamanı Mehman Ələkbərovun rəhbərliyi altında 123-cü alayın 4-cü motoatıcı batalyonunun döyüşçüləri Həsənqaya kəndini azad etdilər. Eyni zamanda Xosrov Əhmədovun rəhbərliyi ilə 123-cü alayın 1-ci motoatıcı batalyonu və Nazim Bayramovun rəhbəri olduğu 123-cü alayın tank batalyonu , 1-ci Goranboy batalyonunun 1-ci bölüyü ilə birlikdə 1-ci və 2-ci Bərdə batalyonuna qoşularaq Karmiravan və Cerabert kəndi uğrunda döyüşlərə başladı. Xüsusilə Karmiravan uğrunda ağır döyüşlər oldu. Kənd bir neçə dəfə əldən ələ keçdi və sonda 26 iyun 1992-ci ildə Karmiravan kəndi Azərbaycan qoşunları tərəfindən tam olaraq ələ keçirildi.
Karmiravan kəndi azad edildikdən sonra Azərbaycan ordusunun yuxarıda adı çəkilən bölmələri Cerabert (indiki Çiləbürt) kəndi istiqamətində hücuma başladı. Bir neçə gün davam edən döyüşlərdən sonra Cerabert kəndi də azad edildi. Beləliklə, 1992-ci il iyun ayının sonlarında Azərbaycan qoşunları Tərtər kanalının sağ tərəfinə tamamilə nəzarəti ələ keçirdi. 28-29 iyun tarixlərində Həsənqaya yaxınlığında Mehman Ələkbərovun komandiri olduğu 123-cü motoatıcı alayın xüsusi briqadası “Arabo” batalyonunu mühasirəyə aldı. 76 nəfərdən ibarət olan qrupa Artyuşa Arutyunyan və Alik Petrosyan rəhbərlik edirdi. 28 iyun 1992-ci ildə Vaqif Həmidovun rəhbərliyi altında Gəncə batalyonunun kəşfiyyat qrupu Həsənqaya istiqamətində erməni dəstəsinin mövcud olması məlumatını aldı. Vaqif Həmidov bu barədə batalyon komandiri Mehman Ələkbərova radio vasitəsilə xəbər verdi. Mehman Ələkbərov bu dəstəni mühasirəyə almaq və məhv etmək üçün bir əməliyyat keçirilməsinə qərar verdi. 28-29 iyun 1992-ci il tarixində Mehman Ələkbərovun komandiri olduğu qüvvələr düşməni mühasirəyə almaq əməliyyatını tamamladı. 1992-ci il iyun 29-su mühasirəyə alınan düşmən qüvvələrini məhv etmək üçün bir əməliyyat başladı. Amansız döyüş zamanı bu erməni dəstəsinin tamamı məhv edildi (Vəliməmmədov, 2019:87).
Ertəsi gün Tərtər kanalından keçən Azərbaycan qoşunları Levonarx kəndini tutdu. Eyni gün Kəlbəcər istiqamətindən Azərbaycan qoşunlarının hücumu başladı. İyulun əvvəllərinə qədər Çapar və İmarət-Qərvənd kəndləri azad edildi. Erməni qoşunları Aterk kəndinə qədər geri çəkilməyə məcbur oldu. Levonarx, Həsənqaya və Cerabert kəndlərindəki məğlubiyyətdən və Azərbaycan qoşunlarını Tərtər kanalında saxlaya bilmədiklərinə görə Ermənistan qoşunları Ağdərə şəhərinə çəkilməyə başladı. Növbəti bir neçə gündə Azərbaycan qoşunları Akop Kamari, Mingrelsk (indiki Meqrelalay), Mağavuz (indiki Çardaqlı), Canyataq və Gülyataq kəndlərini azad etdi. Bu əməliyyatlar zamanı erməni ordusu ciddi itkilər verdi. 21 iyun tarixində “Qurtuluş” batalyonunun komandiri Leonid Azgaldyan, 3 iyulda isə “Sasna Tsrer” dəstəsinin komandiri Samvel Gevorkyan öldürüldü. 4 İyul 1992-ci ildə Ağdərədə ümumilikdə 42 nəfərlik 3 kiçik dəstə qalmışdı. (Tadevosyan, 2007:574).
Bu səbəbdən erməni ordusu mülki əhali ilə birlikdə iyulun 3-dən 4-nə keçən gecə Ağdərə şəhərini tərk edərək Metsşen-Muxrat-Kasapet kəndləri istiqamətində geri çəkildi. 4 İyul 1992-ci il səhər tezdən Azərbaycan ordusunun dəstələri – OMON, “Qurtuluş” batalyonu, 123-cü alayın tank batalyonu Ağdərə şəhərinə daxil oldu. Növbəti günlərdə Tərtər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Nerkin Oratağ (Aşağı Oratağ), Ağabəyyalı, Dəmirli, Metsşen, Muxrat, Kasapet, Mehmana, eləcə də Qlobus və Kasapet yüksəkliklərini ələ keçirdi. Bu zaman Kəlbəcər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Aterk (indiki Həsənriz), Zəylik, Umudlu kəndlərini, daha sonra Tərtər çayını keçərək Vaquas (indiki Qozlu) kəndini azad etdi. 9 iyul 1992-ci ildə 123-cü alayın qərargah rəisi mayor Nazim Bayramovun ümumi komandanlığı altında Azərbaycan Ordusunun 123-cü tank batalyonu və 1-ci briqadası Drmbona (indiki Heyvalı) kəndinə gəlib çatdı. Azərbaycan ordusunun uğurlu və sürətli hücumu 9 iyul 1992-ci ildə prezident Əbülfəz Elçibəyin birtərəfli qaydada 30 günlük atəşkəs elan etməsi ilə dayandırıldı. Bu atəşkəs ATƏM nümayəndəsi Mario Rafaellinin vasitəçiliyi ilə 29 iyun – 7 iyul 1992-ci il tarixdə Romada keçirilmiş Dağlıq Qarabağ danışıqlarının üçüncü raundu ilə əlaqəli idi.
Yay hücumları Azərbaycan hökumətinə ciddi təzyiqlərin edilməsi ilə nəticələndi. Mario Rafaelli Azərbaycan ordusunun sürətli hücumundan narahat idi və buna, ATƏM-in fəaliyyətdə olan sədri Yozef Moravçikə yazdığı məktubda belə diqqət yönəldirdi: “Minsk qrupu danışıqları necə davam etdirə bilər ki, bu danışıqların predmeti (Dağlıq Qarabağ) tədricən ortadan qalxır. Hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ yenidən ölkələrdən birinin (burda Azərbaycan nəzərdə tutulur) nəzarətinə keçərsə danışıqların mövzusu nə qalacaq?” (Areşev, 2009: 95). Bundan başqa ATƏM Azərbaycan hökumətinə Dağlıq Qarabağı tərəf olaraq tanıtdırmaq istəyirdi. Azərbaycan bu danışıqlarda rəsmi olaraq bundan imtina etdi. Ancaq ATƏM-in və vasitəçilərin təzyiqi altında dünya ictimaiyyətinə dinc niyyətlərini və danışıqlara sadiqliyini nümayiş etdirmək istəyən prezident Elçibəy 7 iyul 1992-ci ildə təktərəfli atəşkəs elan etdi. Atəşkəs əmri ilə bağlı Azərbaycan ordusuna gec məlumat gəldiyi üçün 9 iyul 1992-ci ildə Azərbaycan ordusu Heyvalı kəndi uğrunda döyüşə girdi. Lakin döyüş əməliyyatlarının dayandırılması əmri gəldikdən sonra ordu Ağdərəyə geri çəkildi.
Ermənistanda siyasi böhran
Cəbhədəki məğlubiyyətlər Ermənistanda siyasi vəziyyəti tamamilə dəyişdirdi. Məğlubiyyət sonrası müxalifətin mövqeyi gücləndi və daşnaklar prezident Petrosyana qarşı sağçı alyans (Daşink) bloku yaratdı. 21 iyun tarixində Ermənistan tərəfindən “DQR”in tanınması və hökumətin istefası tələbi ilə bağlı şüarlar səsləndirildi. İlk koalisiya mitinqi isə 30 iyun tarixində baş tutdu. İqtidar isə cəbhədə uğursuzluğu birbaşa daşnakların üzərinə ataraq onları Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə müdaxilə etməklə günahlandırdı. 22-24 iyun tarixlərində Dağlıq Qarabağdakı vəziyyətin təhlil edildiyi Ermənistan parlamentinin xüsusi çağırılmış fövqəladə iclasında prezident Levon Ter-Petrosyan cəbhədəki məğlubiyyətin səbəblərini belə izah edirdi:
– Daşnaksütyun partiyasının Ermənistandakı vəziyyəti gərginləşdirmə kursu;
– Daşnaksütyunun siyasəti nəticəsində Ermənistan rəhbərliyi ilə “DQR” arasındakı əməkdaşlığın zəifləməsi. (Vəliməmmədov, 2019:88).
İyunun 29-da Ermənistan televiziyasında xüsusi çıxışında Levon Ter-Petrosyan Daşnaksütyun partiyasına qarşı növbəti ittihamlar irəli sürdü. Elə həmin gün Daşnaksütyunun rəhbəri Qrayr Maruxyanın 48 saat içində ölkəni tərk etməsi barədə sərəncam verildi. Bu daxili siyasi mübarizə nəticəsində Petrosyan Daşnaksütyunun həm Ermənistandakı, həm də Dağlıq Qarabağdakı mövqelərini xeyli zəiflətməyi bacardı. Daşnaksütyun ilə Ermənistan hökuməti arasındakı fikir ayrılığından biri də Türkiyə-Ermənistan münasibətləri məsələsi idi. Daşnakların fikrincə Türkiyə hələ də pantürkizm siyasətini davam etdirdiyi üçün Ermənistanın təbii düşmənidir. Prezident Levon Ter-Petrosyan isə pantürkizmi Osmanlının Birinci Dünya Müharibəsi dövründəki iqtidarının ideologiyası kimi görür, indiki Türkiyənin isə milli siyasət yürüdən və pantürkizmlə əlaqəsi olmayan bir dövlət ideologiyasına sahib olduğuna inanırdı. (Mkrtçyan, 2014:192-198).
Ermənistan ordusunun əks hücumu
Prezident Əbülfəz Elçibəyin 30 günlük atəşkəs elan etməsi Ermənistan qoşunları tərəfindən toparlanmaq və hücuma hazırlaşmaq məqsədi ilə istifadə edildi. 1992-ci ilin iyun – iyul aylarında Ermənistanda yerləşən keçmiş SSRİ ordusuna məxsus (15-ci Kirovokan, 164-cü Yerevan motoatıcı diviziyaları və onlara aid 2 top alayı) 250 tank, 350 ədəd zirehli texnika, 350 ədəd artilleriya və minaatan vasitələri Ermənistan Silahlı Qüvvələrinin ixtiyarına verildi. Bundan başqa Ermənistana qeyri-qanuni yolla da böyük həcmdə silah-sursat göndərildi. 2 aprel 1997-ci ildə Rusiya Dövlət Dumasının qapalı iclasında çıxış edən general Lev Roxlin 1992-1996-cı illərdə Ermənistana dəyəri 1 milyard dollardan çox olan qanunsuz silah tədarükünün edildiyini açıqlamışdı (Mamedov,2003:102). Ermənistan rəsmi olaraq Qarabağdakı münaqişənin tərəfi olmasa da bu hərbi texnikanın böyük hissəsi Dağlıq Qarabağa göndərildi. 10-11 iyul 1992-ci il tarixlərində Azərbaycana aid kəşfiyyat qrupu 102 ədəd hərbi texnikanın Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağa göndərildiyini qeydə aldı.
Ağdərə ərazisində hücum qrupu yaradan erməni qoşunları 15 iyul 1992-ci ildə hücuma başladı. Gözlənilməzlik amilindən istifadə edən ermənilər hücumun ilk günlərində Qozlu, Kasapet və Mehmana kəndlərini ələ keçirməyə müvəffəq oldular. 19 iyul 1992-ci ildə erməni qoşunları Həsənriz, Muxrat və Dəmirli , 21 iyul 1992-ci ildə Zəylik, Zərdaxaç, Umudlu və İmarət-Qərvənd kəndləri ələ keçirdi. 26 iyul 1992-ci ildə erməni qoşunları Ağdərə üzərinə hücuma başladılar. Bəxtiyar Əliyevin komandanlığı altında olan 123-cü alayın 1-ci motoatıcı batalyonuna aid 17 döyüşçüdən ibarət taqımla böyük sayda hücuma keçən erməni qoşunları arasında 706.6 yüksəkliyi uğrunda şiddətli döyüşlər başladı. Ümumi olaraq müdafiəyə Xosrov Əhmədov rəhbərlik edirdi. 17 döyüşçüdən ibarət qrup aviasiya dəstəyi ilə 4 gün ərzində düşmənin Ağdərə ərazisindən keçməsinə imkan vermədi. Erməni ordusu Aşağı Oratağ kəndini ələ keçirsə də strateji əhəmiyyətə malik olan 706.6 yüksəkliyi ələ keçirib Ağdərə tərəfə keçə bilmədi. 27 iyulda erməni qoşunları Mağavuz və Metsşen, 28 iyulda isə Akop Kamari və Mingrelsk kəndlərini geri aldılar. 30 iyulda Azərbaycan qoşunları nəhayət əks-hücuma başladı və erməni qoşunlarını Ağdərədən geri çəkilməyə məcbur etdi. 30-31 iyul döyüşləri zamanı Aşağı Oratağ və Akop Kamari kəndləri azad edildi. Azərbaycan qoşunlarının güclü müqaviməti ilə qarşılaşan və ağır itkilərə məruz qalan erməni qoşunları hücumu dayandırmalı oldular. Avqustun 1-dən etibarən Ağdərə ərazisində aktiv döyüş əməliyyatları dayandırıldı. (Vəliməmmədov, 2019:89).
Azərbaycan ordusunun hücumu
8 avqust 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə cəbhədəki qoşunların komandanlığında təşkilati dəyişikliklər edildi. Qazax-Gədəbəy xətti istiqamətində general-mayor Dadaş Rzayevin rəhbərliyi ilə 1-ci Ordu Korpusu yaradıldı. Dağlıq Qarabağ istiqamətində isə bu ərazidə yerləşən bütün hərbi hissələrin və silahlı birləşmələrin tabe olduğu 2-ci Ordu Korpusu quruldu. Bu korpusun komandiri Surət Hüseynov idi. Bu dövrdə Hüseynov həm prezidentin Dağlıq Qarabağ və ətraf bölgələr üzrə səlahiyyətli nümayəndəsi, həm Baş nazirin müavini, həm də 2-ci korpusun komandiri idi. 2-ci korpus yaradıldıqdan sonra “Hərbi Birliyin” tərkibində olan bütün dəstələr 2-ci korpusa daxil oldu və beləliklə “Hərbi Birlik” ləğv edildi (Tyukov,1993:14).
Erməni qoşunlarını müdafiə döyüşlərində ağır itkiyə məruz qoyan Azərbaycan komandanlığı yaradılan sərfəli vəziyyətdən istifadə etmək qərarına gəldi və Ağdərə bölgəsində yeni bir hücum hazırladı. Plan yenidən Kəlbəcər (komandiri polkovnik Zadir Rzayev) və Tərtər istiqamətindəki erməni ordusuna (komandir polkovnik Nəcməddin Sadıqov) çarpaz zərbə endirməkdən ibarət idi.
13 avqust 1992-ci ildə güclü artilleriya zərbələrindən sonra Azərbaycan qoşunları hücuma keçdi. Hücumda Kəlbəcər istiqamətində 701-ci briqada və Saleh İlyasovun komandanı olduğu Xanlar batalyonu, Tərtər istiqamətində isə 703-cü motoatıcı briqada, 123-cü motoatıcı alay, OMON, Daxili İşlər Nazirliyinin bölmələri iştirak edirdi. Hücumun ilk günlərində onlar erməni qoşunlarının müdafiə xəttini qıraraq İmarət-Qərvənd, Həsənriz, Umudlu, Zəylik, Zərdaxaç, Metsşen, Muxrat, Mingrelsk, Mağavuz, Canyataq və Gülyataq kəndlərini yenidən ələ keçirməyi bacardılar. 20 avqust 1992-ci ildə Kəlbəcər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Tərtər çayını keçərək Vaquas kəndinə girdi, lakin Arutunaqomer (indiki Qızılqaya, Kəlbəcər) kəndində güclü düşmən müdafiəsi ilə rastlaşdı. Bir neçə güclü hücuma baxmayaraq bu kənddə müqaviməti qırmaq mümkün olmadı.
Tərtər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Kasapet kəndini götürərək Sərsəng su anbarına çatdılar. Kasapet uğrunda döyüşlərdə Lənkəran batalyonu, Goranboy batalyonu və Qurtuluş batalyonu xüsusi ilə fərqləndi. Avqust ayının sonunda Mehmana və Drmbon kəndləri uğrunda şiddətli döyüşlər başladı. 26 Avqust 1992-ci ildə bir neçə gün davam edən şiddətli döyüşlərdən OMON qüvvələri Mehmana kəndini ələ keçirə bildilər. Mehmana uğrunda döyüşlərdə Bakı şəhəri polis idarəsinin rəisi, polkovnik-leytenant Eldar Muradov ağır yaralandı. 28 Avqust 1992-ci ildə qərargah rəisi mayor Nazim Bayramovun komandanlığı altında 123-cü motoatıcı alayın 1-ci batalyonuna aid kəşfiyyat bölüyü Vaquas (Qozlu) kəndinə köçürüldü. Burdakı bölmələrə tez bir zamanda Arutunaqomer (Qızılqaya), Yuxarı Oratağ, Koçoqot (indiki Yayıcı) kəndlərini ələ keçirərək Böyük və Kiçik Poqosaqomer (indiki Dəvədaşı) kəndlərinə nəzarət etmək tapşırığı verilmişdi. Bu kəndlərin ələ keçirilməsi Ağdərə-Kəlbəcər yolunun açılması ilə nəticələnəcəkdi.
123-cü alayın qərargah rəisi mayor Nazim Bayramov Arutunaqomerin tutulması üçün yeni bir əməliyyat hazırladı. 1 sentyabrın səhər tezdən 1-ci batalyon və 123-cü alayın kəşfiyyat dəstəsi kəndləri mühasirəyə aldı. Burada olan erməni qoşunu ilə 13 saat davam edən döyüş başladı. Artilleriya dəstəyi ilə hücuma keçən 1-ci batalyon 4 nəfər azərbaycanlı əsgərin yaralandığı döyüşdə strateji baxımdan əhəmiyyətli kəndi ələ keçirdi. Azərbaycan ordusu qənimət kimi bir T-72 tankı, 11 “Strela” zenit raket kompleksi, 6 ədəd “İqla” zenit raket kompleksi, 2 ədəd 12,7 mm-lik pulemyot, silahla dolu “Ural” maşını ələ keçirdi. Ertəsi gün səhər saatlarında 123-cü motoatıcı alayın 1-ci batalyonu Yuxarı Oratağ kəndinə hücuma başladı. Bu döyüşdə 1-ci batalyonun komandiri Xosrov Əhmədov həlak oldu. Onun yerinə 1-ci batalyonun komandiri kimi Dostəli Hacıyev təyin edildi. Günün ikinci yarısında 123-cü alayın bölmələri Yuxarı Oratağ kəndini tutmaq əməliyyatını tamamladı və Koçoqata hücum hazırlıqlarına başladı. 3 sentyabr səhər tezdən 123-cü alayın bölmələri Koçoqot kəndini və hakim yüksəklikləri ələ keçirdilər. 4 sentyabr 1992-ci ildə əmrin icrasını başa vuran 123-cü alay Böyük və Kiçik Poqosomer yaşayış məntəqələrini və Ağdərə-Kəlbəcər yolunu tam olaraq nəzarətə götürdü. 5 sentyabrda demək olar ki, bir həftə davam edən döyüşlərdən sonra Azərbaycan qoşunları Drmbon kəndinə daxil oldu. 6 sentyabr 1992-ci ildə 703-cü briqada, OMON və Daxili qoşun bölmələri ilə birlikdə Çıldıran kəndi uğrunda bir aya yaxın davam edən döyüşlərə başladı. Kəlbəcər və Tərtər istiqamətlərindən gələn zərbələrdən sonra erməni qoşunları Ağdərənin cənubuna , Xaçınçaya doğru geri çəkilmək məcburiyyətində qaldılar. Beləliklə, 12 iyun – 5 sentyabr 1992-ci il tarixlərində 86 gün davam edən uğurlu bir hücum nəticəsində Azərbaycan qoşunları keçmiş Mardakert rayonunun böyük hissəsini, Martuni və Əsgəran rayonunun isə bir hissəsini tamamilə azad etdi. (Vəliməmmədov, 2019: 90-91).
Ağdərə əməliyyatında Rusiya amili
Ağdərə əməliyyatının uğurlu olmasında əsas amil Sovet ordusunun Azərbaycanda qalan bölmələrində nəzərdə tutulandan çox hərbi texnikanın Azərbaycana verilməsində idi. Belə ki, Müdafiə naziri Rəhim Qazıyevlə Rusiyanın Müdafiə naziri Pavel Qraçovun şəxsi dostluğu böyük sayda hərbi texnikanın Azərbaycan ordusunun ixtiyarına verilməsi ilə nəticələndi. Bundan başqa Qraçov Ağdərə əməliyyatında Azərbaycan ordusuna təlim baxımından da köməklik göstərəcəyinə söz verdi. Rus nazirin bir neçə gün Şəkidə Qazıyevin evində qalması və Qazıyevin Qraçovun anasının dəfnində iştirakı bu dostluğun nə qədər möhkəm olduğunu göstərir. (De Vaal, 2008:237).
Azərbaycan ordusunda hücumun ön sıralarında zirehli maşınlar və tanklar falanqası hərəkət edirdi, bəzi məlumatlara görə onların sayı 150 ədəd idi. Zirehli texnika Rusiya istehsalı idi, sürücü-mexaniklər də ruslar idi. Azərbaycan komandirləri Gəncədə yerləşən 4-cü ordunun 23-cü diviziyasının komandanlığı ilə sövdələşib, sürətlə Azərbaycandakı sovet hərbi əmlakına yiyələnmişdilər. Bundan başqa Azərbaycan ordusuna havada 104-cü hava-desant diviziyasının 328-ci paraşüt alayının komandiri mayor Vladimir Şamanov köməklik göstərirdi (Krivopalov, 2011:328). Beləcə Azərbaycan ordusu 1992-ci il yay hücumlarında Xankəndi şəhərinin 12 km-liyinə qədər yaxınlaşdı.
Azərbaycan ordusunun Ağdərə əməliyyatı zamanı erməni tərəfinin vəziyyətini Robert Koçaryan belə xatırlayır: “Çaxnaşma hökm sürürdü. Azərbaycan qoşunları Qarabağın 48 faizinə nəzarət edirdi,qaçqınların sayı artırdı, az qala şoka düşən və heç bir qərar qəbul etmək iqtidarında olmayan Qarabağın Ali Soveti prezidiumu dayanmadan iclasları keçirilirdi. Onda mən iki-üç təklif irəli sürdüm və şərt qoydum ki, əgər onlar bu təklifləri qəbul etsələr mən sonrakı bütün işlərə görə məsuliyyəti öz üzərimə götürəcəyəm. Planımız belə idi: hərbi vəziyyət tətbiq etmək, dövlət müdafiəsi komitəsi yaratmaq… Mənim planım otuz-qırx dəqiqə ərzində qəbul edildi. “ (De Vaal, 2008:228). Arsen Melik-Şaxnazarov isə Azərbaycan ordusunun bu əməliyyatlarda keçmiş DQMV-nin 45 faizinə nəzarət etdiyini bildirir (Şaxnazarov, 2009:621).
Erməni ordusunun Azərbaycan ordusuna qarşı müdafiə xətti qurmağına mane olan bir digər amil isə paytaxt Xankəndiyə kütləvi şəkildə köçən qaçqın dalğası idi. Onları dayandırmaq və Xankəndinin müdafiəsini təşkil etmək üçün bir yol yox idi. Bu şərtlər altında Dağlıq Qarabağ erməniləri son çarə olaraq rus hərbçilərinin köməyinə müraciət etdi. Rusiya ordusuna məxsus Mi-24 döyüş helikopterləri dərhal havaya qalxdı və Xankəndinin 12 km-liyinə qədər çatmış Azərbaycan ordusunu dayandırdı. Maraqlıdır ki, ermənilər tərəfdə vuruşan rusların helikopterləri elə azərbaycanlılar tərəfdə vuruşan rusların idarə etdiyi tank batalyonunu bombalamışdı (Zhiroxov, 2012:262).
1992-ci il yay əməliyyatlarında rus hərbçilər hər iki tərəfdə vuruşurdu. Erməni ordusunun Sırxavənd kəndində mühasirəyə aldığı və öldürdüyü 70 nəfər əsgərin böyük əksəriyyəti ruslardan ibarət idi. Azərbaycan ordusu isə 1992-ci ilin sentyabr ayında Ağdərə istiqamətində 6 rus əsgərini əsir götürmüşdü. Bu əsgərlər üçün Yeltsin şəxsən Elçibəyə müraciət etmiş və onların edam edilməməsini xahiş etmişdi. Bu əsgərlər daha sonra əsir düşmüş 6 azərbaycanlı əsgərlə dəyişdirildi. (O’Ballance,1997:72).
Nəticə
1992-ci ildə yayda aparılan əməliyyatlar uğurlu olsa da bu uğur sonadək davam etdirilə bilmədi. Sentyabr ayında Azərbaycan ordusunun hücumlarını kəsən ermənilər artıq oktyabrda müharibədə təşəbbüsü ələ keçirdilər. Yay əməliyyatlarının uğurlu olmasında, yuxarıda qeyd olunduğu kimi, Rusiya ordusunun Azərbaycana köməyinin böyük rolu var idi. Bu köməklik Rusiya meylliliyi ilə bilinən Rəhim Qazıyev və Surət Hüseynovun sayəsində həyata keçirildi. Rəhim Qazıyev 17 mart 1992-ci ildə prezident səlahiyyətini icra edən Yaqub Məmmədov tərəfindən Müdafiə naziri təyin olunmuşdu. Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra Qazıyevin vəzifəsinə toxunmadı.
Surət Hüseynov isə Qarabağ müharibəsi ərəfəsində könüllü batalyon yaratmış və regionda şəxsi nüfuzu sayəsində hərbi dəstələri özünə tabe etməyi bacarmışdı. Hüseynovun Gəncədə yerləşən 4-cü Sovet ordusu komandirləri ilə yaxşı münasibət qurması 1992-ci il yay hücumlarında rusların ona köməklik etməsinə şərait yaratdı. Ağdərə əməliyyatının əsas yükü Hüseynovun yaratdığı 123-cü motoatıcı alayın üzərinə düşmüşdü. Bu uğurlar nəticəsində Surət Hüseynov “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.
Rusiya isə münaqişədə hər iki tərəfə yardım etdi. Rusiya Müdafiə naziri Qraçovun həm Qazıyevlə, həm də Ermənistan Müdafiə naziri Vazgen Sarkisyanla yaxşı münasibətləri var idi. Bu səbəblə regionda təktərəfli mövqe tutmaq istəmirdi. Rusiya hər iki tərəfi öz məqsədləri naminə istifadə etməyə çalışırdı. Lakin 1992-ci ilin sonlarında hərbi uğursuzluqların başlamasında AXCP hökuməti başlıca günahkarlar kimi Qazıyev və Hüseynovu göstərdi. Azərbaycan hökumətinin getdikcə daha çox anti-Rusiya mövqeyi ortaya qoyması nəticəsində Rusiya Ermənistana daha çox kömək etməyə başladı. Surət Hüseynovun və Rəhim Qazıyevin vəzifədən kənarlaşdırılması ilə də, 1993-cü ilin Gəncə qiyamına aparacaq hadisələr başladı. Ermənistan isə bu siyasi qarışıqlıqdan məharətlə istifadə etdi.
İstifadə olunan ədəbiyyat
Мамед Велимамедов, (2019), Очерки по Карабахской войне
Михаил Жирохов (2012), Семена распада. войны и конфликты на территории бывшего СССР.
Tomas de Vaal, (2008), Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında.
Тер-Тадевосян, Аркадий (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.
Арешев, Андрей (2009 )”Майендорфская декларация 2 ноября 2008 года и ситуация вокруг Нагорного Карабаха: сборник статей”/Карабахский конфликт: исторические и политико-правовые аспекты
Мкртчян, Тагуи (2014) Армянская диаспора США и Армения в 1990-е гг. Вестник Тамбовского Университета № 7(135).)
Мамедов, Эйруз (2003), Двадцать лет спустя
Тюков, Никита (1993), 15 независимых республик: высшие должностные лица
Кривопалов, Олег (2011), Записки советского офицера: на рубеже эпох
Мелик-Шахназаров, Арсен (2009), Нагорный Карабах: факты против лжи
O’Ballance, Edgar (1997), Wars in the Caucasus, 1990–1995