İranla Qərb arasında dialoqun qurulmasında əhəmiyyətli rol oynayan Məhəmməd Hatəminin mədəniyyət naziri, özəlliklə də, prezident olduğu dönəmlərdə yerli kinematoqrafçılar daha çox yaradıcı azadlıq əldə etdi. Bunun sayəsində İran kinosu Qərbin nüfuzlu festivallarında uğur qazandı, ölkəni müsbət yöndən tanıtdı. Hatəminin kino sahəsinə tətbiq etdiyi güzəştlər, uyğun şərtlərin yaradılması siyasi vəziyyətdən narazı, etirazçı gənclərin bir qismini kinoya yönəltdi. Başqa sözlə, onların passionar enerjisi yaradıcı və keyfiyyətli məhsula çevrildi.
Azərbaycan iqtidarı da müəyyən sahələrdə Hatəminin yoluyla gedə bilərdi. Ki, heç olmasa, ölkənin ümumi vizyonunda indiki qədər kəskin kontrastlar yaranmasın. Yanlış media siyasəti nəticəsində müstəqil mətbuat sıxışdırıldı və TV-lərdə problemlərinin müzakirəsini, ictimai-siyasi mühitin gerçək ştrixlərini görməyən sıravi tamaşaçı üçün bu boşluğu Yeni media jurnalistikasının təklif etdiyi kontentlər doldurdu. Halbuki, müəyyən sərhədlər daxilində (məsələn, ANS-in 20 il əvvəlki vəziyyətini saxlamaqla, İTV-də bugünkünə nisbətən daha yumşaldılmış siyasət yeritməklə və s.) peşəkar, savadlı televiziyaçılar yetişdirilə, keyfiyyətli məhsullar istehsal oluna bilərdi. Əlbəttə ki, bu gün Yeni media jurnalistikasının təklif etdiyi kontentlər içərisində faydalısı da var. Amma öz həqiqətlərini lazımi yerdə lazımi məkanda görməyən xeyli tamaşaçının məcburən istehlak etdiyi ziyanlı məhsullar da.
Azlogos-da yazılarını maraqla oxuduğum müəlliflərdən biri Mirzənin “İnformasiya müharibəsinin qurbanları” məqaləsində bir neçə “siyasi bloger” haqda şərh diqqətimi çəkdi. İlk dəfə eşitdiyim, izləyicisi çox olan bu isimləri və daha bir neçə “siyasi blogeri” izlədim.
Təqdimatlarında “siyasi bloger” olduğunu xüsusi vurğulayan, Almaniyada yaşayan Orxan Ağayev “Hüseyn TV” adlandırılan kanalda yayımlara çıxır. Hədəfində siyasətçilər, müğənnilər olanda izləyici sayı adətən 200-300 min arası dəyişir. Müəllifin “siyasi blogerliyi” yalnız o amillə şərtlənir ki, siyasi hakimiyyət söyülür, müğənnilər, aktrisalar təhqir olunaraq siyasi rejimə xidmətdə suçlanılır.
Baxdığım bir videoda onun hədəfi aktrisa Məleykə Əsədovaydı. Ağayev aktrisanın yatağına soxulur, hakimiyyətə xidmətini nə vaxtsa telekanallardan birində Şuşanın işğal günündə oxuyub oynaması və s. ilə əlaqələndirir. Şuşanın işğalı günündə şou veriliş yayımlamaq dəvət olunan qonaqdan çox, kanalın etik və savad probleminə söykənir.
İkincisi, Məleykə Əsədova istedadsız aktrisa olsa da, ölkə üçün Ağayevdən daha yararlıdır. Ən azı Azdramadakı intriqalara, dedi-qoduya qoşulmur, ədəb-ərkanla məşqinə gəlir, roluna hazırlaşır, xeyriyyəçiliklə məşğul olur. Hətta illərlədir ki, yaxşı aktrisa olmaq üçün ciddi-cəhdlə çalışır, səmimiyyətlə oynamağa, sevgisini tamaşaçıya ötürməyə çalışır. Düzdür, çox hallarda onun səmimiyyəti niyəsə saxtalıq kimi görünür. Amma bütün hallarda əməksevər aktrisa olduğuna görə hörmətə layiqdir.
“Kəşf etdiyim” başqa bir bloger Manaf Cəlilzadədir, deyəsən, İsveçrədə yaşayır, monoloqları “Diktator” adlı TV –də yayımlanır. Onun da mövzusu tanınmış siyasi-ictimai, incəsənət nümayəndələrinin söyülməsi olanda izləmə sayı artır. Videolardan birində o, çıxışına mobil telefonundan səsləndirdiyi hind-arabesk musiqisi tərzlərində “Ana, ağlama, qara bağlama” adlı mahnı ilə başlayır. Mahnının müşayiəti ilə iyulda həlak olan zabit və əsgərlərimizin fotosu təsvir olunur, bu müddətdə isə Cəlilzadə romantik-poetik dilxor görkəm alır. Danışdıqca səs tonu gah qəzəblə yüksəlir, gah da enir: “Sosial şəbəklərə baxıram. Sanki iki-üç həftə əvvəl Azərbaycanda müharibə deyilən şey olmayıb. Sanki iki-üç həftə əvvəl şəhidlər verməmişik, general verməmişik, kapitan verməmişik, mayor, gizir verməmişik”.
Cəlilzadənin artistik qabiliyyəti çox aşağıdır, müharibə mövzusunda duyğularla manipulyasiya cəhdi dərhal duyulur. Stanislavski onu dinləsəydi, heç şübhəsiz ki, “İnanmıram” deyərdi.
Fransada yaşayan Məhəmməd Mirzəli “Made in Azerbaijan” kanalında çıxış edir. Onun da izləyici sayının çoxluğu videolarının məğzindəki epatajdan, məmurları hədəf götürməsindən asılıdır. Mirşahin Ağayevə həsr etdiyi video “Azərbaycanın ən məşhur əxlaqsızı” adlanır. Mirzəlinin leksikonunda söz ehtiyatı azdır. Vurğulanan əsas kəlmələr “fahişə və əxlaqsız”dır. Mirşahinə həsr olunan videobloqa 1 milyondan çox adam baxıb. Amma bəyənmə sayının azlığından güman etmək olar ki, tamaşaçılar orijinal məzmun, maraqlı qəhrəman gözləyirmişlər, sadəcə, başlığın tələsinə düşüblər.
“Paz TV”-də çıxış edən, İsveçrədə yaşayan Süleyman Süleymanlı 18+ leksikonu ilə danışır. İzləyici sayı və məzmun baxımından burda da eyni tendensiya hakimdir. Videolardan birində şou-biznes nümayəndəsi Afaq Aslanın mitinqdə iştirak edən qadınları təhqir edib-etməməsi ilə bağlı məsələni dəqiqləşdirir. Süleymanlının sayəsində aydınlaşdı ki, Afaq Aslan “siyasi bloger”dən savadlı, məntiqli və mədənidir. Və özünü şou biznes üzvü kimi Afaq Aslan yox, o aparır.
Almaniyada yaşayan və yetərincə izləyicisi olan Qabil Məmmədov şəxsini zabit kimi təqdim edir, bəzən hərbi qiyafədə çıxır. 1988-ci illərin Meydan pafosunda danışan Qabil Məmmədovun üslubuna poetik-lirik tərz xasdır. O, siyasətlə patriotik poeziyanı, didaktik atalar məsəllərini sintez edir. Əli İnsanovun bəyanatını şövqlə çatdırdığı videoda maraqlı bir detal vardı. Əli İnsanovu bəlağətlə öyən müəllifin səsi qəfil yavaşıyaraq, ikimənalı şəkil alır: “Siz onun keçmişini gözəl bilirsiz, ona görə bu barədə danışmıram”. Əli Kərimliyə “gəncliyin babası” təyinatını yükləyən Məmmədovun artistizmi nisbətən inandırıcıdır.
Bir qayda olaraq, siyasi bloqlar fərdlərə öz fikrlərini ifadə imkanı verir. Xüsusən, senzuranın aktual olduğu ölkələrdə bu, geniş yayılıb. Siyasi videobloqlarda vacib siyasi hadisələr təhlil və tənqid olunur, əhəmiyyətli informasiya verilir. Haqqında danışdığım adamların isə siyasi blogerliklə əlaqəsi yoxdur. Bu, siyasi söyüş blogerliyidir. Tənqid və nitq mədəniyyətindən uzaq, intellektdən kasad, söz bazası kasıb olan bu “siyasi bloqları” pornobloqlar adlandırmaq doğrudur.
…1996-cı ildə Romada qəribə başlıqlı kitab yayımlanır: “Adamyeyən gənclik. Ekstremal dəhşətin antologiyası”. Antologiyada on gənc yazıçının hekayəsi yer alır. Onlar yeni növ qorxu ədəbiyyatı ərsəyə gətirir, onu emosional gərilməylə – kəskin qətllər və işgəncələrlə yükləyirlər. Yeni nəsil yazıçıları əsərlərini şəxsi təcrübələrinə, mütaliə, intellekt baqajına əsaslanaraq yox, ancaq televizor vasitəsilə dərk edilən, həyatla heç bir bağı olmayan, şüuru manipulyasiya edən illüzioner dünya qururlar. Kulturoloqlar bu tendensiyanı izah edən “mədəni mutasiya” anlayışını önə çəkirlər. Bizdə mədəni mutasiya bir tərəfdən şou vasitəsilə primitiv, düşük idilliya təqdim edən telekanallarda baş verir, digər tərəfdən isə heç bir konsepti olmayan pornobloqlarda…