Azərbaycanlıların Avropa və ABŞ-da keçirdikləri aksiyalar və onlara olan hücumlar mətbuatda kifayət qədər işıqlandırılır. Azərbaycan diasporasının formalaşması və aksiyalar keçirməsi maraqlı gəlişmədir. Sonra bu aksiyalara erməni diasporası tərəfindən ciddi hücumlar başladı. Sözügedən hücumlar psixoloji təzyiq, əks nümayişlər, piketlər, aksiyalardan ibarət deyildi. Onlar sivil şəkildə etiraz edən insanlara, sözün əsl mənasında, ibtidai instinktlərlə qaldırılmış yumruqlar, söyüşlər, təpiklərlə hücum edirdilər. Burada hədəf təkcə aksiya edənlər yox, həm də jurnalistlər idi. Erməni diasporası belə hücumlarla nəyə nail olmaq istəyirdi?
Onların növbəti hədəfi 1992-ci ildə Xocalı ilə “gözlərinin odunu aldıqları” (Serj Sarkisyan da bunu etiraf edirdi) azərbaycanlıları bu dəfə armatur, taxta və digər soyuq silahlarla vəhşicəsinə döyüb gözlərini qorxutmaq, formalaşmaqda olan Azərbaycan diasporasını beşikdəcə boğmaq, həmçinin sivil aksiyaları qəbilələrarası döyüşlərə çevirməkdir.
Amma zaman və şərait artıq fərqlidir. Artıq biz informasiyanın işıq sürətilə yayıldığı, qarşı tərəfin əməllərini sosial şəbəkələr vasitəsilə dünya mətbuatına çıxarmağa imkan verən resursların mövcud olduğu bir eradayıq.
Bu aksiyalar ona görə əhəmiyyətlidir ki, azərbaycanlılar artıq Avropadakı varlıqlarını, fərqli sahələrdə fəaliyyət göstərdiklərini, müxtəlif universitetlərdə təhsil aldıqlarını, qarşı tərəfdən fərqli olaraq terror təşkilatı yaradıb səfir öldürmədiklərini, aeroportlarda terror aktları təşkil etmədiklərini (bax: ASALA), homogen demoqrafiyaya sahib olan, neo-faşist məfkurə ilə idarə olunan bir dövlətin aqressiyasına sivil əsaslarla etiraz etdiklərini isbatlayırdılar. Bu proseslərdə iştirak edən azərbaycanlılar mesajlarını həm Azərbaycana, həm də dünaya ötürürdülər, onlara yalnız karyerası üçün çalışan azərbaycanlı diplomatlar da lazım deyildi. İstənilən halda, bir ölkənin formalaşmış diasporasının olması çox vacibdir.
Amma Avropada yaşayan azərbaycanlılar arasında “psixoloji problemlər”i olan bio-kütlə mənsubları da vardı. Bəs onlar bu prosesdə necə iştirak etdilər?
Bu şəxslər, həqiqətən, psixozdan əziyyət çəkirlər. Buna sübut olaraq Qabil Məmmədovun bir çıxışına baxmaq kifayətdir. Q.Məmmədov çox əcaib canlı yayımlar açıb gah Nikol Paşinyanı söydü, gah orduya dəstək mitinqinə çıxan şəxsləri “İstefa!” şüarları səsləndirməyə çağırdı, gah İrəvanı tutdu, gah Azərbaycan ordusunun verdiyi itkilərdən danışdı, gah da Ermənistan ordusunun məhv olduğunu bildirdi.
Əslində, Qabil Məmmədov yaxşı təcrübədir, onun videolarını “Necə təbliğat aparmaq olmaz?” başlığı ilə paylaşaraq azərbaycanlıları maarifləndirmək də mümkündür. Hərçənd “Azerilerin yasaklanmış reklamı” başlığı da uyğun gəlir.
Ondan başqa, bir də Fransada döyülmüş jurnalistə “Mirşahinin civisi”, “Hələ mən də döyərəm” deyən Məhəmməd Mirzəli adlı biri də var, adətən, videoları “Youtube”da trend olur. Bu şəxs siyasi aktivist, ya da bloger deyil, sadəcə tənhalıqdan əziyyət çəkən şizofrendir. Açığı, “Real tv”-nin də, Mirşahin Ağayevin də ritorikasını bəyənmirəm. M. Ağayevin ritorikası köhnəlib, kitabxanada üstünü toz basmış sovet kitablarından gələn qoxunu xatırladır, özünü “update” edə bilmir, zamanla ayaqlaşa bilmir, həmçinin bio-kütlə ilə münaqişə içindədir (günahkar özüdür). Lakin sırf işlədiyi kanala görə, bir qadının şiddətə məruz qalmasına sevinmək, haqq qazandırmaq yumşaq desək, kütbeyinlikdir, qaragüruha yaraşan davranışdır.
Mən bu şəxslərin sistemlə olan problemlərini də heç vaxt səmimi qəbul etməmişəm. Adətən, belə geridəqalmış adamların sistemlə problemləri dərin ideoloji məsələlərə yox, adi məişət söhbətlərinə söykənir. Məsələn, rüşvət üstündə işdən çıxarıldıqları anda potensial “Fuck The System Boy” (yaxud bəy) olurlar.
***
Tovuz döyüşləri başlayanda mülahizə irəli sürmüşdüm ki, Miatsum çirkabına batmış adamlarla üz-üzəyik, onlar sülhü, özünümüdafiəni məqsəd seçməyiblər, mümkün qədər çox ərazi ələ keçirməyi, mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla bacardıqları qədər çox azərbaycanlı öldürməyi hədəfləyirlər. Bakıda yaşayan bəzi dil polisləri, ya da mənimlə şəxsi ədavəti olduğu üçün öz dostlarının vicdanına appelyasiya şikayəti verən şəxslər bu mövqeyimin faşizm olduğunu deyirdilər. Kiçik bir subkulturadırlar, özləri üçün danışırlar, cəmiyyətdən də, dünyadan da qopublar. Mən çox yaxşı bilirəm ki, ermənilərin Avropa və Amerikadakı hücumları ictimai sektorda çoxlarını dərin hüznə, kədərə boğdu, lakin ümummilli riyakarlığa davam etmək lazımdır, “orada olanlar da İlhamın oyunudur”.
Son hadisələr isə bir daha sübut edir ki, Ermənistandan min kilometr uzaqda yaşayan millətçi ermənilər belə nifrət qusurlar, potensial ASALA üzvləridilər və lotu ritorikası ilə danışırlar.
Elmir Mirzəyev çox düzgün vurğulayıb:
“Orada sülh tərəfdarı olan bir cərəyan, yazıçı, xadim (tanınmış və rəğbət görən, Seymur Baycan, Əli Əkbər, Günel Mövlud kimi) belə yoxdur, monoetnik və 3-cü reyxdən daha qəddar bir dövlətlə üz-üzəyik.”
Eyni əməl azərbaycanlılar tərəfindən törədilsəydi, yüzlərlə status yazacaq adamlar (təbii ki, mən də bu barədə yazardım, tənqid edərdim, çünki bizi haqsız duruma salır) bu gün erməni millətçilərinə, Miatsuma simpatiya bəslədikləri üçün susurlar. Təbii ki, başıpozuq, bütün ciddiyətini itirmiş şəxslərə ehtiyac yoxdur.
Hazırda Avropada baş verənlər Azərbaycana sərf edir, dünyaya qarşı tərəfin barbarlığını, ibtidailiyini isbatlayır. Bu hadisələrə qədər qarşı tərəf balaban sədaları altında ağlaşma səhnələri qurur, daima özlərini Qarabağ münaqişəsində, digər tarixi hadisələrdə əzilən tərəf kimi qələmə verirdi.
İyvermiş klişe söhbətlər bitir, tabular da dağılır. Onları dağıtmaq bizim borcumuzdur. Bakuninin də dediyi kimi, dağıtmaq ehtirası həm də yaradıcı ehtirasdır.