“Əgər xalq məni belə görmək istəyirsə, millətin vəkili olmaqdan imtina etmərəm. Bu normal bir şeydir. Mən də Azərbaycan vətəndaşıyam. Millət vəkili olsam, xalqın yanında və tərəfində olacağam”.
Bu sözləri stilist Samiraldo özü haqqında yayılan şaiyələrə reaksiya verərkən söyləyib. 25 ildir Parlamenti zəbt edən deputatlar isə xalqın yanında, tərəfində olmaq nədir hələ də bilmirlər. Daha doğrusu bilmək istəmirlər. Bu onlara sərf etmir. Samiraldo isə çox yaxşı başa düşür ki, millət vəkili həqiqətən də millət üçün vəkil olmalı, xalqın tərəfini saxlamalıdır.
Bir çoxları Samiraldonu qeyri-standart geyiminə və davranışına görə təhqir edir, lağa qoyur. Aşağılamanın kökündə stilistin cinsi orientasiyası durur. Halbuki, özü qeyri-ənənəvi orientasiyanın daşıyıcısı olmadığını bildirmişdi. Azərbaycanlılar üçün bunun fərqi yoxdur. Kimsə bir az fərqli üslubda gözə dəyirsə, demək ki, o, «kişi deyil, geydir!»
Azadlığın boğulduğu yerlərdə belə yanaşma adi hal sayılır. Açığı Samiraldonun hansı orientasiyada olduğunu bilmirəm və bu mənə heç maraqlı da deyil. Bəlkə də, öz dediyi kimi hetroseksualdır, bunun da önəmi yoxdur. Yenə deyirəm, cəmiyyətdə plürazim və azadlıq/məsuliyyət ənənələri olmadığı üçün, kütlədən fərqli olanlara dözümlü yanaşa bilmirlər. Qabarıq rəngli geyim, saç düzümü, bir sözlə fərqli stil aqressiv kütlədə homoseksuallıq asossiasiyası yaradır.
“İLGA-Europe” 2016-cı ildə Avropa və ona çox yaxın arealda yerləşən ölkələr arasında homofobiyanın yüksək olduğu məkanların adını sadalamışdı. Həmin ildə Azərbaycan “ən homofobik” ölkə olaraq bu biabırçı zirvənin başında yer tutmuşdu. Növbəti yerləri Rusiya və Ermənistan bölüşürdülər.
Bu il (2019-cu il) isə “Rainbow Europe”-nın statistikasında ölkəmiz yenə birinciliyi ilə “seçilir”. Bu dəfə bizdən sonra Türkiyə, ardınca da Ermənistan gəlir.
Bu böyük bir utanc yeridir. Dəhşətdir. Seymur Baycan demişkən, bizdə “dəhşətdir” sözünü yeri gəldi-gəlmədi çox işlədirlər, ona görə pafosa yer verməmək üçün “dəhşət” sözü kimi mübaliğə yüklü ifadələrdən az istifadə edirəm… Bu isə həqiqətən dəhşətdir.
O da var ki, çoxsaylı şərəfsizliklərin və vicdansızlıqların törədildiyi ölkədə “dəhşət” sözü öz effektini itirir.
Məzlumların ahının ərşə qalxdığı və qara buludların əskik olmadığı məmləkətdə yaşayan bu homofoblar ölkədəki haqsızlıqlar qarşısında susur, acıqlarını zəif hesab etdiklərindən çıxırlar. Çünki özləri də təhqir olunur, əzilirlər. Onlar aşağılandıqlarını çox yaxşı bilirlər. Hər gün travma alır və şərin zəhərli piroqundan dişləməli olurlar. Başlarına ələnən “qızıl yağış”a etiraz etmələri üçün cəsarətləri və mənəvi dəyərləri yoxdur. Həmin idbar yağışın üfunətli qoxusu onlardan getmir. Kəsif iy hər yerdədir. Bu iylənmişlər təravətli və təmiz adamların varlığına dözümlü ola bilmirlər. Ona görə də başqalarını ləkələməyə meyllidilər.
Əslində bu adamların homoseksual şəxslərə qarşı belə stiqma və yüksək aqressiya sərgiləmələrinin kökündə yatan dərin psixoloji məqamlar var. Bir misal çəkim: mən, balqabaq yeməyi heç xoşlamıram və təbii şəkildə başqalarının balqabaq yeməyi məni qətiyyən narahat etmir. Bu məni o vaxt narahat edə bilərdi ki, mən balqabaq yemək istəyim, ancaq onu heç cür yeyə bilməyim
Bunu psixologiya deyir – bir adam ki, nəyisə çox etmək istəyir, ancaq heç cür edə bilmirsə, bu həmin kəsdə möhkəm acıq yaradır. Bu kimi şeylər əsasən uşaqlıqdan müxtəlif qadağa və steorotiplərin formalaşması ilə yaranır, ancaq onlar itmir və şüuraltında yığılıb, qəlibləşir.
İndi bu homofoblar öz həmcinsləri ilə nə vaxtsa, necəsə intim yaxınlıq etmək istəyib, edə bilmədikləri üçün homoseksual şəxslərə belə acıqlı davranırlar. Təbii ki, bunu onlara bildirsən, qəti şəkildə təkzib edəcək, hətta əsəbiləşəcəklər. Halbuki, həmin kəslərin şüuraltını bir az qurdalasan, yüngül psixoanaliz nəticəsində bunun fakt olduğu üzə çıxacaq.
Bu adamlar sosial şəbəkələrdə LGBT-yə aid yerli səhifələrin hamısına abunə olublar və hər paylaşımın altında öz nifrət nitqlərini sərgiləyirlər. Axı nə vacibdir?! Bir şeydən xoşun gəlmirsə həmin səhifələri nə üçün izləməlisən ki?! Sonra da oradakı paylaşımlara həqarət dolu şərhlər yazasan. Demək ki, bu həqarət onların öz şəxslərinə aiddir. Adamlar üzləşə, dada bilmədiyi şeyləri bunu aşkar edənlərdə görüb, onlar kimi ola bilmədikləri üçün acıqlanıb qeyri-adekvat hücuma keçirlər.
Ən çox istifadə olunan “arqument” isə Qurani-Kərimdəki əl-Əraf surəsində yer alan Lut qövmü ilə bağlıdır (80-84-cü ayələrdə Lut peyğəmbərin qövmünün qadınları buraxıb şəhvətlə kişilərə yaxınlaşması, bununla da hədlərini aşması göstərilir. Belə olduqda, Allahın onların üstünə daş yağdıraraq yaşadıqları şəhəri alt-üst etməsi qeyd olunur).
Guya özlərini müsəlman sayan bu kəslər Quranın ehkamlarına çox ciddi şəkildə riayət edirlər də. Qurani-Kərimin ilk əmri olan “Oxu!”-ya niyə yer ayırıb oxuyub-öyrənmirsiniz o zaman?! “Haqsızlıq qarşısında susan dilsiz şeytandır” deyildiyi halda, bu qədər haqsızlıq gördüyünüz yerdə niyə susursunuz?!
“Hər zaman ədalətli olun. Allah ədalətli olanları sevir.” – necə olur ki, “ədalət” bu ölkədə ancaq kişi adı olaraq qalır və sizlər, guya Quranı əsas tutan adamlar, ədalətli olmağı unudur və ədalətsiz mühitdə yaşadığınız halda, ədalət tələbi etmirsiniz?!
Demək ki, bu səmimi müsəlmanlıq deyil. Onsuz da səmimi olsaydınız başınıza bu qədər xoşagəlməz hallar gətirməzdilər.
Başqa məsələ də var. Onu da qeyd edim. Mən marginallaşmağı, özünü izolə kimi şeyləri dəstəkləmirəm. Cəmiyyət inkluziv olanda inkişafa daha çox meyilli olur. Odur ki, LGBT fərdlərinin özlərini cəmiyyətdən ayrı, fərqli və fərdi aparmasını çox dəstəkləmirəm. Onlar yadplanetli və ya mutant varlıqlar deyil axı. Həmçinin kiminsə intim həyatını ictimai şəkildə nümayiş etdirməsi etik hallardan sayılmır. İntim akt cinsi orientasiyadan asılı olmayaraq elə adı kimi intim olmalıdır.
Azərbaycan kimi mədəniyyətin aşağı, despotizmin, homofobiyanın yüksək olduğu yerlərdə, elə LGBT fərdlərinin keçirdiyi kütləvi parad və aksiyalar problemlərə diqqət çəkmək baxımından effektivdir, davam etdirilməlidir.