2002 və 2014-cü illərdə bəşəriyyət koronavirusun iki təhlükəli növünün varlığından xəbər tutdu: bunlar ağır kəskin respirator sindromu yaradan SARS-CoV və yaxınşərq respirator sindromunun törədicisi MERS-CoV idi. Hər iki virus insanlara fərqli ölkələrdə yoluxsa da, pandemiyaya səbəb olmamışdı. Lakin 2019-cu ildə meydana çıxan və atipik pnevmoniya yaradan Vuhan koronavirusu SARS-CoV-2, bütün planetə yayılmağı və bir il içində milyondan çox insanın ölümünə səbəb olmağı bacardı. Lenta.ru, 2020-ci illərin sonlarına doğru alimlərin yeni infeksiya haqqında nələri öyrəndiklərini araşdırıb.
GİZLİ TƏHLÜKƏ
Hərçənd SARS-CoV-2-nin Avropada hələ 2019-cu ilin payızında yayılmağa başladığı barədə məlumatlar mövcud olsa da, ilk infeksiya halları rəsmi olaraq 2019-cu ilin dekabrında qeydə alınmışdı. İnfeksiyanın yayılmasını Huanandakı dəniz məhsullarının topdansatış bazarı ilə əlaqələndirirdilər. Pasientlərdə yüksək hərarət, öskürək və sinə ağrıları ilə müşayiət olunan ağciyər iltihabının əlamətləri müşahidə edilirdi. Ağır hallarda xəstələrdə təngnəfəslik, yüngül hallarda isə infiltratlar (toxumalarda qan və limfa qarışıqlı hüceyrə elementlərinin toplanması) təsbit edilirdi.
Retrospektiv araşdırmaların nəticələri ilk xəstələrin dekabrın 8-də peyda olduqlarını göstərirdi. Dekabrın 31-də Çinin rəsmi dairələri naməlum mənşəli virus pnevmoniyasının yayıldığını etiraf etdilər və bu barədə ÜST-ə məlumat verdilər.
Alimlər, naməlum xəstəliyin törədicisini ağır pnevmoniyalı xəstələrin ağciyərlərindən götürülən mayedən ayırdılar (bu prosedur bronxoalveolyar lavaj adlanır). Çinli alimlər virusun RNT-genomunun nukleotid ardıcıllığını təsbit etdilər və onun betakoronaviruslara aid olduğunu, əvvəllər heç vaxt rast gəlinmədiyini müəyyənləşdirdilər.
2020-ci il yanvarın 10-da tədqiqatçılar patogenin ilk tam genomunu dərc etdilər. Tezliklə məlum oldu ki, virus insandan insana keçməyə qadirdir, çünki heç vaxt Vuhandakı dəniz məhsulları bazarında olmayan insanların yoluxduqları barədə məlumatlar daxil olmağa başlamışdı. Əgər əvvəllər koronavirus sadəcə heyvandan insana keçirdisə, təxminən, yanvar ayında o, yoluxanların ailə üzvlərini, onların yatdıqları xəstəxanalardakı pasientləri yoluxdurmağı öyrəndi. Sonuncu baryer də aşıldı və epidemiya başladı.
Koronavirus bir ay içində Çinin 34 əyalətinin hamısına yayıldı. Yanvarın sonunda artıq hər gün minlərlə yoluxma halı aşkarlanırdı.
Yanvarın 30-da ÜST, beynəlxalq səhiyyə sahəsində koronavirusun yayılması ilə əlaqədar fövqəladə hal elan etdi. Fevralın 11-də yeni virusa SARS-Cov-2, onun törətdiyi xəstəliyə isə COVİD-19 adı qoyuldu. Düz bir aydan sonra ÜST rəsmi şəkildə qlobal pandemiyanın başladığını bildirdi. Qeyd etmək lazımdır ki, əslində, SARS-Cov-2-nin, həqiqətən, Vuhandakı dəniz məhsulları bazarından yayılmağa başlayıb-başlamadığı məlum deyil. Çünki bəzi yoluxma hallarının epidemioloji baxımdan bazarla əlaqəsi yoxdur, hətta 2019-cu ilin sonlarında pnevmoniya keçirmiş avropalılardan götürülən örnəklərdə koronavirus olduğu ilə bağlı məlumatlar da peyda olur. Bu, onu göstərir ki, SARS-Cov-2 İtaliya, Fransa da daxil olmaqla Avropada rəsmi hesabatlarda göstərildiyindən daha erkən yayılmış ola bilər.
Hərçənd hələlik xətalı müsbət nəticələri istisna etmək olmaz, ona görə də, heyvanlardan, insanlardan və ya ətraf mühitdən götürülmüş daha çox örnəklər üzərində retrospektiv araşdırmaları davam etdirmək zəruridir.
UÇAN İLLƏT
Alimlərin müəyyənləşdirdiyinə görə, SARS-CoV-2-nin RNT genomu 79% SARS-CoV-la, 50% MERS-CoV-la identikdir. O, nalabənzər yarasalarda tapılmış koronaviruslarla, həmçinin bu yaxınlarda panqolinlərdə tapılmış koronaviruslarla eyni qrupa daxildir. Eyni zamanda o, Sarbecovirus zülal-«şip» (S-zülal) yarımnövünə aid qohum viruslardan fərqlənir. Bu zülal S1 və S2 adlı iki subvahidə malikdir, onların calağında isə dörd amin turşusundan ibarət PRRA yerləşir. PRRA sayəsində proteaz və furinom fermentlərinin köməyilə S1 və S2 arasında parçalanma baş verir. S1-in hüceyrə reseptoruna «yapışması», S2-nin isə virusa yoluxmuş hüceyrənin içinə girə bilməsi üçün belə parçalanma vacibdir.
Çin yarasalarındakı RmYN02 koronavirusu istisna olunmaqla, Sarbecovirus yarımnövünə aid olan digər viruslarda PRRA müşahidə olunmayıb. Bu sübut edir ki, S1 və S2 arasındakı sahə təbii yolla qazanılıb, bəzi konspiroloji nəzəriyyələrin irəli sürdüyü kimi, virusa süni yolla yerləşdirilməyib. Buna qədər səhvən elə hesab olunurdu ki, PRRA-ya təkcə SARS-CoV-2-də rast gəlinir. Alimlər güman edirlər ki, sözügedən sahə, S1-in ACE2 hüceyrə reseptoru ilə bağlanmasını asanlaşdıraraq yeni koronavirusun yüksək yoluxuculuğunu təmin edir, lakin bunu hələ sübut etmək lazımdır.
Filogenetik tədqiqatlara əsasən (filogenetika – yer üzündəki həm müasir, həm də nəslikəsilmiş müxtəlif həyat formaları arasındakı təkamül əlaqəsini araşdıran bioloji sistematika sahəsi), SARS-CoV-2 ilə qohum viruslar arasındakı fərqlər 20 illik təkamülə uyğun gəlir. Bu, o deməkdir ki, yarasalardakı koronaviruslar SARS-CoV-2-nin birbaşa əcdadları kimi deyil, sələfləri kimi nəzərdən keçirilə bilər.
Həmçinin malay panqolinlərində də 2017-2019-cu illər ərzində Cənub-Şərqi Asiyadan Çinin cənubuna gətirilmiş çox sayda viruslar aşkar edilib. Bu virusların vuhan koronavirusu ilə bənzərliyi 92,4%-dir. Maraqlıdır ki, virusa yoluxmuş panqolinlərdə də xəstəliyin kliniki əlamətləri müşahidə olunur. Odur ki, onlar təbii rezervuar ola bilməzlər və çox güman ki, virusları başqa sahiblərdən alıblar. Amma hələlik məhz panqolinlərin aralıq sahib olduqlarını isbatlayan inandırıcı dəlillər yoxdur.
İMMUN ZƏRBƏSİ
Koronavirus insan orqanizminə daxil olanda yoluxdurma üçün insanın öz zülallarından istifadə etmir. Artıq yuxarıda deyildiyi kimi, proteaz adlanan həmin zülallar S-zülalı parçalayır və virusun hüceyrələrə daxil olmasına imkan verir. Məsələn, TMPRSS-2 və ya membran-əlaqəli serin proteaz bir çox toxumalarda və adətən, ACE2 ilə birlikdə istehsal olunur. Hər iki zülala burun boşluğunda və ağciyərlərdə rast gəlinir.
Xəstələrdə simptomlar yüngüldən ağır nəfəs çatışmazlığına qədər dəyişir. Virus, epitelial hüceyrələri yoluxdurur, aşağı nəfəs orqanlarına keçərək alveolları zədələyir.
SARS-CoV-2-nin sürətlə çoxalması immuniteti sürətlə cavab verməyə təhrik edir. İfrat sintez və sitokin ifrazı ucbatından sitokin fırtınası yaranır. Ki, öz növbəsində o da kəskin respirator distress-sindromu və nəfəs çatışmazlığı meydana çıxarır. Hazırda immun sisteminin son dərəcə güclü reaksiyası COVİD-19 ucbatından baş verən ölümlərin əsas səbəbi hesab olunur. Üstəlik yaşlı pasientlər (60 yaşdan yuxarı) distress-sindromdan daha çox əziyyət çəkirlər və nəfəs çatışmazlığından ölürlər. Lakin hərdən xəstələr ürək, böyrəklər, qaraciyər də daxil olmaqla başqa orqanların iflas nəticəsində də həyatlarını itirirlər.
Çox vaxt xəstələrdə sətəlcəm, yorğunluq və quru öskürək kimi simptomlar yaranır. Az hallarda bəlğəm, başağrısı, qanlı bəlğəm, diareya, anoreksiya, boğaz ağrısı, titrəmə, ürək bulanması və qusma meydana çıxır. Həmçinin tez-tez dad və qoxubilmənin itməsi kimi nevroloji simptomların olduğu barədə də məlumat verilir. Virusun inkubasiya mərhələsi 1-14 gün olsa da, tez-tez beş günə yaxın davam edir. Ağciyərlərin iltihabı isə xəstəliyin başlamasından səkkiz gün sonra start götürür. Bir qayda olaraq, sağalma iki həftədən sonra mümkün olur. Sağalma prosesində yüngül halların payı 80%, ağır halların payı isə 5%-dir. İntensiv terapiya bölməsinə daxil olan insanların orta hesabla 2,3%-i xəstəlik başlayandan sonra 16 gün ərzində ölürlər.
Hesab olunur ki, insanlar xəstəliyin ilk həftəsində – virus ağırlığı yuxarı nəfəs yollarında ən yüksək həddə çatdığı dövrdə daha yoluxdurucu olurlar. Digər tərəfdən, yoluxdurucuların, əsasən, simptomsuz daşıyıcılar, ya da zəif simptomlular olduğu barədə də məlumatlar var. Belə ki, bəzən yoluxmaq üçün hətta pasientin asqırmağı, ya da öskürməyi də vacib deyil – virusun mikroskopik damcı-maye şəklində ötürülməsi söhbət zamanı da baş verə bilər. O cümlədən virusun göz səthi ilə ötürülməsi, həmçinin fekaliyalarda mövcudluğu halı da qeydə alınıb. SARS-Cov-2 səthlərdə uzun müddət sağ qalmağa qadirdir. Ki, bu da yoluxma riskinin müddətini artırır.
Artıq şübhə yoxdur ki, SARS-CoV-2 qoxu sinirləri vasitəsilə beynə keçməyə qadirdir, yəni patogen neyrotropizmə malikdir.
Əvvəllər hesab olunurdu ki, COVİD-19 zamanı nevroloji pozuntular immun sistemindəki pozuntularla bağlıdır. Bu hipotezin yaranmasına onurğa-beyin mayesində virusun hissəciklərinə rast gəlinməməsi səbəb olmuşdu. Lakin daha sonra müəyyənləşdirildi ki, koronavirus hematoensefalik baryeri aşmağa, hətta beynin nəfəs mərkəzlərini zədələməyə qadirdir. Bu da nəfəs çatışmazlığını yaranma səbəbini qismən izah edir.
DƏRMANIN GÜCSÜZLÜYÜ
Vaksinləri nəzərə almasaq, potensial koronavirus əleyhinə preparatları bir neçə qrupa bölmək mümkündür. Birincilər, patogenin hüceyrəyə daxil olmasına mane olur, ikincilər – replikasiya inqibitorları – virusun çoxalmasını əngəlləyir, üçüncülər isə immun sistemini stimulə edir. Amma çox sayda müxtəlif potensial preparatların mövcudluğuna baxmayaraq, onların heç biri SARS-CoV-2-ə qarşı, həqiqətən, effektiv vasitə deyil.
Məsələn, Yaponiyada pankreatitin müalicəsi üçün təsdiqlənmiş kamostat-mezilat birinci qrupa aiddir. O, model siçanların orqanizmində TMPRSS2 proteazını əngəlləyə və heyvanları infeksiyanın ölümcül nəticəsindən qoruya bilir. Malyariya və autoimmun xəstəliklər əleyhinə istifadə olunan xloroxin və hidroksixloroxin, virusun hüceyrənin reseptoruna yapşmasına mane olur, ancaq onların effektivliyi barədə kifayət qədər klinik məlumat yoxdur. Əksinə, xloroxin və hidroksixloroxin qəbul edən insanlarda ürək dayanması riskinin daha yüksək olduğu barədə məlumatlar var. Məhz belə arzuolunmaz yan təsirlərinə görə, FDA (U.S Food and Drugs Administration) COVİD-19-un müalicəsində bu preparatların təcili tətbiqi ilə bağlı verdiyi icazəni geri götürməli olub.
Replikasiya inqibitorlarına remdesivir, favilavir, lopinavir və ritonavir kimi preparatlar daxildir. Araşdırmalar göstərir ki, Ebolanın müalicəsi üçün hazırlanmış remdisivir pasientin sağalmasını bir-iki günlük sürətləndirə bilir, amma ölüm riskini azaltmır. Həkimlər remdisiviri hələ də xəstələrə təyin etsələr də, mütəxəssislər bildiriblər ki, dərmanın xəstəxanaya yatırılmış pasientlərin müalicəsində effektiv olduğuna dair sübutlar yoxdur və onun bundan sonra da istifadəsini tövsiyə etmirlər.
Favilavirin kliniki araşdırmaları göstərib ki, preparat ağciyərlərin zədələnmə dərəcəsini azaldır. Lakin bu sınaqlar az sayda pasientlər üzərində aparılıb və daha genişmiqyaslı təcrübələrə ehtiyac var.
O ki qaldı lopinavir və ritonavirə, 2020-ci ilin mart ayında 1596 pasientin iştirakı ilə aparılan araşdırmalarda bu preparatların əhəmiyyətli müsbət təsirləri müşahidə olunmayıb.
Kortikosteroid deksametazon immunmodulyatorlara aiddir və iltihab əleyhinə, həmçinin immundepressiv təsirə malikdir. O, COVİD-19 diaqnozu ilə xəstəxanaya gətirilən və ağciyərlərin invaziv süni ventilyasiyası edilmiş xəstələrin, təxminən, üçdə birində, oksigen verilmiş xəstələrin isə beşdə birində ölüm riskini azaldır. Lakin respirator dəstək almayan pasientlərə heç bir faydası olmayıb.
Totsilizumab və sarilumab anti-cisimləri sitokin fırtınasını zəiflətməyə qadirdir və COVİD-19-un ağır forması ilə mübarizə aparmağa yardım edir.
„İn vitro“ təcrübələr (canlı orqanizmdən kənarda, kolbada aparılan təcrübələr) göstərib ki, SARS-CoV-2 I tip interferonlara qarşı həssasdır. I tip interferonlar həm SARS, həm də COVİD-19-un müalicəsi üçün ümidverici namizəd sayılır.
MUTANTLAR ƏLEYHİNƏ VAKSİNLƏR
Bütün dünyada mütəxəssislər, pandemiyanın yalnız 2021-ci ilin sonlarına doğru bitəcəyi və bunun vaksinasiya sayəsində mümkün olacağı fikri ilə razılaşırlar. Amma SARS-CoV-2-nin özü və mutant formaları peyvənd olunmamış insanlar arasında hələ uzun müddət dolaşa bilər. Belələri isə potensial olaraq çox ola bilər.
Cəmiyyətin vaksinasiyaya laqeyd münasibətinin səbəbi internet vasitəsilə yayılan populyar, amma cəfəng konspiroloji nəzəriyyələrdir. Bunda peyvəndləşdirmə əleyhinə hərəkat, həmçinin vaksinlərə siyasətin aləti baxan və skeptik yanaşma sərgiləyənlər ciddi rol oynayır.
Eyni zamanda elmi araşdırmaların nəticələri göstərir ki, fərqli istehsalçılar tərəfindən hazırlanan vaksinlərin COVİD-19-un ağır halının profilaktikasındakı effektivliyi 80-100%-dir, onların ağır yan təsirləri barədə məlumatlar çox azdır və onların onların vaksinlərlə əlaqəsini isbatlamaq lazımdır. Virusun mutant formaları haqqında məlumatlar peyda olmasına baxmayaraq, hələlik onların vaksinin effektivliyinə təsir etdiyini göstərən dəlillər yoxdur. Vaksinlərin əksəriyyəti S-zülalın konservativ (yəni nadir hallarda dəyişən) hissəsinə hədəflənib. Odur ki, hətta ən xırda dəyişikliklər belə, sözügedən epitopun orqanizmin immun sistemi tərəfindən tanınmasına mane ola bilməz.
Hazırda alimlər yeni koronavirus və onun törətdiyi xəstəlik barədə pandemiyanın başlanğıcında olduğundan daha çox şey bilirlər, hərçənd doldurulmalı olan boşluqlar hələ də var. Məsələn, hələ də aydın deyil ki, koronavirus immun sistemi ilə necə qarşılıqlı əlaqə qurur və orqanizm üçün məhvedici olan sitokin fırtınalarından necə qaçmaq olar. Həmçinin COVİD-19-un əvvəl-axır soyuqdəymə kimi yüngül xəstəliyə çevrilib-çevrilməyəcəyi, ya da ona tamamilə qalib gəlib-gəlməyəcəyimiz də naməlumdur.
Çox güman ki, gələcəkdə bəşəriyyəti başqa pandemiyalar da gözləyir. Üstəlik onlar koronavirusla heç bir əlaqəsi olmaya bilər.
İnsanlar, onlar üçün potensial patogen olan virus və bakteriyaların təbii rezervuarları rolunu oynayan vəhşi heyvanların məskənlərini məhv edirlər. Meşələrin aktiv şəkildə qırılması, bataqlıq ərazilərin mənimsənilməsi ucbatından yeni infeksiyaların geniş miqyasda yayılması ilə keçmişdə olduğundan daha tez-tez üzləşə bilərik.
Aleksandr Yenikeyev