“Gürcüstanın şərəfindən başqa hər şey satışdadır.” Bu şüar, Saakaşvilinin inqilabdan sonra hökümətdə Qərbin və azad bazar iqtisadiyyatının tərəfində olan birini görmək istədiyi üçün vəzifəyə gətirdiyi və Gürcüstandakı liberalizasiya reformlarının arxasındakı bəlkə də başlıca şəxs olan Kaxa Bendukidzeyə aiddir.
Bazar iqtisadiyyatı, özəlləşdirmə və qeyri-tənzimləmə tərəfdarı olan iş adamı Bendukidze, ölkədə görüləcək işlər üçün Saakaşvilinin uyğun gördüyü namizəd idi. European Stability Initiative tərəfindən “Gürcüstanın Libertarian İnqilabı” adı altında hazırlanan hesabatda, onun fanatik libertarian olduğu qeyd olunur və kapitalist mütəfəkkir Ayn Randın “Atlas Shrugged” romanındakı baş obraz John Galt ilə arasında oxşarlıq olduğu bildirilir: “John Galt kimi o da kapitalist cənnət yaratmaq arzusunu tez-tez dilə gətirir.” Həmin illərdə The Economist jurnalı onun haqqında “dünyanın ən kapitalist siyasətçisi kimi tanınmaq istəyən “Fərqli Növ Oliqarx”” kimi bəhs edirdi. 2014-cü ildə vəfat edəndə isə The New York Times qəzeti, “post-Sovet bazar dəyişikliyinə təkan verən şəxs”in öldüyünü yazırdı.
Kaxa Bendukidze Qorbaçovun liberalizasiyası dövründə varlanan milyarderlərdən biri idi. Həmçinin, həmin dövrlərdə Rusiya siyasətində də aktiv olmağa çalışırdı. Bəzi səbəblərdən Gürcüstana qayıtmaq qərarı alanda, onun məqsədi bu ideyaları da özü ilə birlikdə Gürcüstana gətirmək və ölkə boyunca tətbiq etmək idi. Bu arzusunu dövlət səviyyəsində həyata keçirmək üçün şərait az əvvəl qeyd etdiyim kimi Saakaşvili vasitəsilə yaranır. Saakaşvili onu ilk olaraq qısa müddətə İqtisadiyyat naziri edir, daha sonra isə 2008-ci ilə qədər işləyəcəyi Reformların Koordinasiyası üzrə nazir vəzifəsində kabinetinə qəbul edir. Beləcə, Bendukidzenin liberal reformlar xəyalının öz ölkəsində reallaşması üçün fürsəti yaranır.
Vəzifədə olduğu dövrdə Bendukidzenin əsas olaraq fokuslandığı 3 istiqamət var idi: dövlətin həcminin (lazımsız bürokratiyanın) azaldılması, dövlətin əlində olan şirkətlərin müstəqil müəssisələr kimi özəlləşdirilməsi, faydasız qaydaların və tənzimləmələrin ləğvi.
Bendukidze əvvəl dövlət işlərini sistematik şəkildə nəzərdən keçirir və bürokratların fəaliyyətini müşahidə etmək üçün dövlət idarələrini şəxsən araşdır. Gəldiyi qənaət bu olur ki, faydalılıq əmsalı aşağı olan maaşlı dövlət işçisi sayısı çoxdur. Ona görə böyük həcmli kadr ixtisarına getdi: məsələn, dövlət işçisi sayısı sırasıyla Kənd Təsərrüfatı Nazirliyində 4374-dən 600-ə, Tiflis meriyasında 2500-dən 800-ə, Ətraf Mühitin Mühafizəsi Nazirliyində 5000-dən 1700-ə salındı. Həmçinin, Qiymətləndirmə Şöbəsini (hansı ki, qiymət nəzarətləri artıq on ildən çox idi ləğv olunmuşdi), Qiymət Təftiş İdarəsini və Monopoliya Əleyhinə Xidməti ləğv etdi və böyük həcmli 3 bürokratik idarəni 6 nəfər heyətli Azad Ticarət və Rəqabət üzrə Agentlik ilə əvəzlədi. Nazirliklər də bu ixtisarlardan öz payını alır və onların sayısı 18-dən 13-ə düşür. Təkcə Dövlət Təhlükəsizliyi Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birləşməsi 50 mindən çox dövlət işçisinin ixtisarı ilə nəticələnir. Dövlət Yol Polisi Xidmətinin ləğvi isə 30 min yol polisinin işsiz qalması ilə nəticələnir.
Dövlət həcminin lazımsız bürokratiyanın ixtisarı vasitəsilə azaldılmasını nəzərdə tutan Üç ayaqlı transformasiya planının növbəti mərhələsi özəlləşdirmə və qeyri-tənzimləmələr idi. Vəfatından sonra, The New York Times onun xüsusilə bu iki istiqamətdəki fəaliyyəti ilə məşhurlaşdığını yazırdı. Açığı, fanatik libertarian olan birinin özəlləşdirmə tərəfdarı olmasında qeyri-ai bir şey də yoxdur.
Onun özəlləşdirmə fəaliyyətini nəzərdən keçirməzdən əvvəl, bu sahədə necə uğur qazandığını qeyd etmək şərtdir. Bendukidze vəzifəyə gələnə qədər Gürcüstanda müəyyən səviyyədə özəlləşdirmə fəaliyyəti yürüdülürdü. Problem, özəlləşdirmə fəaliyyətinin korrupsiyalaşmış və məhdud olması idi. Bendukidze isə oyunu qaydasına görə oynamağı təkid edirdi. Batumidəki İnturist Oteli, korrupsiyalaşmamış özəlləşdirmənin necə ola biləcəyinə dair bariz işlərdən sayılır. Otel üçün ilk təklif 80 min ABŞ dolları olmuşdu və bu təklifi şərik-kapitalist (crony-capitalist) olmaq niyyəti güdən, siyasi əlaqələrə malik yerli iş adamı vermişdi. Lakin Bendukidze siyasi təzyiqlərə baxmayaraq, təklifi qəbul etmədi və oteli açıq auksionda satmaq qərarına gəldi. Nəticə etibarilə, sözügedən otel 3 milyon dollara rus iş adamına satıldı. Bu özəlləşdirmə nümunəsi, onun fəaliyyətindəki başqa bir mətləbdən də xəbər verir: “Ən çox pulu verən alacaq, pulun haradan gəldiyi isə vacib deyil.” Həm də özəlləşdirmə yalnız Gürcüstan vətəndaşları üçün nəzərdə tutulmamışdı. Məhz bu məqam Bendukidzeyə qarşı müxalif cəbhənin yaranmasını şərtləndirmişdi. Müxaliflər onu ölkəni Rusiyaya satmaqda ittiham edirdi. Lakin ESI hesabatında da tamamilə doğru qeyd olunduğu kimi, bu özəlləşdirmə planı Gürcüstanın Avropa Birliyinə inteqrasiyasına töhfə verdi (inteqrasiya olmasa belə, pulun haradan gəlməsindən aslı olmayaraq özəlləşdirmələrin nəticədə o bölgəyə verdiyi iqtisadi faydanın müzakirəsinə girmirəm). Əgər maraqlıdırsa, hazırda özəlləşdirmə məqsədilə nələrin satışda olduğunu online rejimdə http://www.privatization.ge saytından izləyə bilərsiniz.
Bendukidzeni narahat edən bir digər məsələ isə rəqabətin ədalətsiz qanunlarla öldürülməsi nəticəsində bazara dəyən ziyan idi. Qısasacası, məsələ əmək bazarı və bazarda Sovet dövründən qalan tənzimləmələr idi. Bendukidze bu sahənin də azad və rəqabətli hala gətirilməsini özünə prioritet seçmişdi. Sözügedən bazarda mövcud olan tənzimləmələr həmkarlar ittifaqlarına öz üzvləri üçün məcburi iş qarantiyası təmin etmək kimi haqsız imtiyazlar tanımasına şərait yaradırdı. Nəhayət 2006-cı ildə bu qanunlar və tənzimləmələr toplusu ləğv edildi. Daha sonra Gürcüstan sadə və liberallaşdırılmış yeni əmək məcəlləsini qəbul edərək əmək bazarının üzünə azad rəqabət və müqavilə azadlığının qapılarını açdı.
Bendukidze, vəzifəyə gələndə ən böyük istəyi Saakaşvili ilə birlikdə Gürcüstan iqtisadiyyatını hətta ABŞ-dakından da azad iqtisadiyyata çevirmək idi. Heritage Foundation tərəfindən hökumət büdcəsi, vergi dərəcələri, mülkiyyət haqları və sairə meyarlar nəzərə alınaraq hazırlanan iqtisadi azadlıqlar indeksinin 2019-cu ilə olan hesabatına görə, Gürcüstan 12-ci yerə malik ABŞ-dan sadəcə bir neçə pillə geridə – 16-cı yerdə qərarlaşır. Habelə, onun vəzifə müddəti ərzində Gürcüstan 9.3% iqtisadı artım yaşadı. Gürcüstanın indiyə qədər ən azad iqtisadiyyata sahib ölkələrdən biri olması Bendukidzenin mirasının hələ də yaşadığının sübutudur.
Bendukidze isə, ölkəsi üçün etdiklərinə görə “Gürcüstanı yenidən yaradan şəxs” kimi xatirələrdə yaşayır.